Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Human Rights Watch” “ənənə”sinə sadiqdir

“Human Rights Watch” “ənənə”sinə sadiqdir

19.01.2022 [09:53]

 Təşkilat yenə də Azərbaycana qarşı...

Nardar  BAYRAMLI

“Human Rights Watch” təşkilatı 2021-ci il üzrə hesabatında Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirib. Təşkilatın hesabatlarında ölkəmizlə bağlı qeyri-obyektiv məlumatlar təqdim etmək “ənənə” halını alıb. Bu baxımdan, ötən illə bağlı hesabat da istisna deyil. Bəs “Human Rights Watch”un Azərbaycana qarşı qərəzinin əsasında nə dayanır?

Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Ramin Məmmədov bildirib ki, “Human Rights Watch” erməni lobbisinin təsiri altındadır. Bu səbəbdən də təşkilat bütün hesabatlarında Azərbaycanı hədəfə alır. Onun sözlərinə görə, daim obyektivlikdən, insan haqlarının qorunmasının zəruriliyindən danışan hesabat müəlliflərinin Azərbaycanı mənfi fonda qələmə verməyə cəhd göstərmələri “Human Rights Watch” təşkilatının tez-tez dünyada bəyan etdiyi ədalətlilik prinsipinin əsl “mahiyyətini” ortaya qoyur: “Təşkilatın 2021-ci il üzrə hesabatında iddia edilir ki, İkinci Qarabağ müharibəsi zamanı Ermənistanda 71, Azərbaycanda isə 54 məktəb dağıdılıb. Bununla da aydın olur ki, dünyanın 102 ölkəsində insan haqlarının durumunu təsvir edən hesabat müəllifləri İkinci Qarabağ müharibəsinin Ermənistan deyil, Azərbaycan ərazisində aparıldığını, işğaldan azad edilən ərazilərdə bir zamanlar Ermənistan tərəfindən məskunlaşma siyasəti yürüdüldüyünü görməzlikdən gəliblər. Azərbaycan beynəlxalq hüquq çərçivəsində hərbi əməliyyatlar keçirərək işğalçı qüvvələri öz ərazilərindən çıxarıb. Belə olan halda, guya Ermənistanda məktəblərin dağıdılması barədə deyilənlər uydurmadan başqa bir şey deyil”.

 Millət vəkili qeyd edib ki, hər bir təşkilat hesabat tərtib edərkən istinad etdiyi mənbələrdə ədalətli balansı gözləməli, hüququn və qanunun aliliyi prinsipinə hörmətlə yanaşmalıdır: “Lakin beynəlxalq qeyri-hökumət təşkilatı olan “Human Rights Watch” tərtib etdiyi hesabatlarda bu prinsipləri nəinki gözləmir, hətta müəyyən siyasi məqsədlərə xidmət edən qarayaxma kampaniyası həyata keçirir. Hesabatın təhlili onu göstərir ki, “Human Rights Watch” hər zaman olduğu kimi, bu dəfə də Azərbaycana münasibətdə ikili standartlara yol verir, insan hüquqlarının müdafiəsi sahəsində Azərbaycanı neqativ, Ermənistanı isə pozitiv siyahıda göstərməyə çalışır. Məlumdur ki, İkinci Qarabağ müharibəsində Ermənistanın cinayətləri nəticəsində 10-dan çoxu uşaq olmaqla, 100-ə yaxın dinc mülki şəxs qətlə yetirilib, 450-dən çox insan yaralanıb, 12 min mülki infrastruktur obyekti, o cümlədən 3410-dan çox ev, 120 çoxmənzilli yaşayış binası və çoxlu sayda məktəb, xəstəxana, uşaq bağçası da olmaqla 512 mülki infrastruktur, habelə tarixi, dini və mədəni abidələrimiz dağıdılıb və ya onlara ciddi ziyan vurulub. Hesabatda bu məqamların əks olunmaması təşkilatın erməni maraqlarına xidmət etdiyini bir daha təsdiqləyir”.

R.Məmmədov xatırladıb ki, hələ 44 günlük müharibə zamanı Azərbaycan rəsmi olaraq bu təşkilatın nümayəndələrini Ermənistanın cinayətləri ilə tanış olmaq üçün ölkəmizə dəvət etmişdi:  “Bu dəvət əsasında sonradan “Human Rights Watch”un ekspertləri Azərbaycana gəliblər, 44 günlük müharibənin gedişatı, Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquqa zidd hərəkətləri barədə araşdırma aparıblar. Araşdırmanın nəticəsi olaraq “Ermənistanın Azərbaycana qarşı qanunsuz raket zərbələri” adlı məruzə hazırlanıb. “Human Rights Watch” təşkilatının həmin məruzəsində qeyd edilib ki, “2020-ci ilin sentyabr-noyabr aylarında baş vermiş müharibə zamanı Ermənistan hərbi qüvvələri qeyri-qanuni olaraq kasetli silahlardan istifadə ediblər. Hərbçilər və mülki əhali arasında fərq qoymadan hər kəsi öldürüblər. Noyabr ayında hadisə yerlərini araşdırmış təşkilatın ekspertləri Ermənistan silahlı qüvvələrinin ballistik raket və iri kalibrli artilleriya silahlarından istifadə etdiyini göstərən 11 insidenti sənədləşdiriblər. Lakin “Human Rights Watch” həmin faktları bu günlərdə yayımladığı ümumi illik hesabatına daxil etməyib. Bütün bunlar onu göstərir ki, hesabatda Azərbaycanın əleyhinə verilmiş “arqumentlər” saxta və sifarişlidir. Bir sözlə, özünü insan hüquqlarının, ədalətin “carçısı” kimi qələmə verməyə çalışan “Human Rights Watch” təşkilatının qərəzli hesabatının Azərbaycanla bağlı hissəsi ölkəmizi məqsədli şəkildə hədəf seçib”.

Politoloq Nəzakət Məmmədova isə bildirib ki, beynəlxalq qeyri-hökumət təşkilatları müəyyən güc mərkəzlərinin maraqlarının, onların siyasətinin ifadəçisidir: “Bu təşkilatların müstəqil siyasət yeritmək səlahiyyətləri yoxdur. Mövcud beynəlxalq hüquqa saymazyana münasibət, dünya siyasətində ikili standartlar və bu şəraitdən ermənilərin yararlanması da bu cür hesabatlara təsir edir. Hazırda dünyadakı real vəziyyətin yaratdığı “əlverişli” şərait ermənilərin məkrli xisləti ilə uyğunluq təşkil edir. Ermənilər daim istənilən şəraitə uyğunlaşmağa, yaranmış vəziyyətdən öz mənafeləri naminə istifadə etməyə çalışıblar və bu prinsip indi də dəyişməz olaraq qalır. Gəncə və Bərdənin raket atəşinə tutulmasına dünya səssiz qaldığı halda, Ermənistanda olmayan müharibə və dağılmayan məktəblərin hesabata daxil edilməsi buna sübutdur”.

Onun sözlərinə görə,  hesabatda Birinci Qarabağ müharibəsi zamanı əsir və girov düşən  4 minə yaxın azərbaycanlı barədə heç nə deyilmir: “Bu, çox acınacaqlıdır və bir daha təsdiq edir ki, onilliklər boyu işğalçı Ermənistanla hərbi təcavüzə məruz qalmış Azərbaycan arasında fərq qoyulmadığı kimi, qalib Azərbaycan ilə məğlub Ermənistan arasında da heç bir fərq qoyulmur. Beynəlxalq təşkilatlar öz siyasətini davam etdirir. Lakin bizim üçün bunun artıq elə bir əhəmiyyəti yoxdur. Çünki Azərbaycan onların göstəriş və təlimatı ilə yox, öz siyasəti ilə məsələləri özü həll edir”.

Paylaş:
Baxılıb: 272 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

28 May 10:15

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31