Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan və Gürcüstanın dost ölkələrlə birlikdə reallaşdırdıqları layihələr regionun siyasi, iqtisadi, nəqliyyat, energetika xəritəsini dəyişib

Azərbaycan və Gürcüstanın dost ölkələrlə birlikdə reallaşdırdıqları layihələr regionun siyasi, iqtisadi, nəqliyyat, energetika xəritəsini dəyişib

08.05.2021 [09:00]

Prezident İlham Əliyev: Xalqlarımız arasında münasibətlər uzun tarixə əsaslanır, əsrlər boyu davam edən yaxşı qonşuluq və dostluq tarixinə əsaslanır
Azərbaycanın milli maraqlar üzərində qurulan çoxvektorlu xarici siyasətində qonşularla qarşılıqlı maraqların təmin edilməsi, bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmət prinsipləri əsasında yaxşı münasibətlərin qurulması xətti əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib. Bu strateji kursa uyğun olaraq, ölkəmiz özünün geniş imkanlarını təqdim etməklə regional əməkdaşlığın dərinləşməsinə sanballı töhfələr verir. Hazırda bütün parametrlər baxımından Cənubi Qafqazın lider dövləti olan Azərbaycan regionda sabitliyin, iqtisadi inkişafın, təhlükəsizliyin təmin olunmasının əsas qarantı qismində çıxış edir. Öz növbəsində, respublikamızın regional inteqrasiyanın dərinləşməsinə verdiyi töhfələr qonşu dövlətlər tərəfindən yüksək dəyərləndirilir. Əlamətdar haldır ki, bu gün Azərbaycan işğalçı Ermənistan istisna olmaqla bütün qonşu dövlətlərlə yüksəksəviyyəli münasibətlərə malikdir.
Hazırda Azərbaycan və Gürcüstan arasında qardaşlıq münasibətləri mövcuddur
Azərbaycanın strateji tərəfdaşlıq münasibətləri qurduğu qonşu dövlətlərdən biri də Gürcüstan Respublikasıdır. Müstəqillik dövründə uğurla inkişaf edən iki ölkə arasındakı münasibətlərin dinamikası kifayət qədər yüksəkdir. İki ölkə xalqlarının tarixdən gələn mehriban qonşuluq ənənələrini davam etdirən Azərbaycan və Gürcüstan arasında hazırda, sözün əsl mənasında, qardaşlıq münasibətləri mövcuddur. Dövlətlərimiz arasında siyasi münasibətlər öz intensivliyi ilə diqqət çəkir. Son 17 ildə Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə qardaş ölkədə səfərdə olub və ikitərəfli münasibətlərin aktual məsələlərinə dair müzakirələr aparıb. Gürcüstanın hazırkı Prezidenti xanım Salome Zurabişvili region dövlətləri arasında ilk xarici səfərini Azərbaycana etdi. Dost ölkənin yeni Baş naziri İrakli Qaribaşvilinin isə cari il mayın 5-də respublikamıza səfəri baş tutub. Bu, onun qardaş ölkənin Baş naziri vəzifəsində region dövlətlərinə etdiyi ilk səfərdir. Bütün bunlar bir tərəfdən Azərbaycanın nüfuzunun artmasına, digər tərəfdən isə Gürcüstanın güclü dövlət olan Azərbaycanla əməkdaşlıq əlaqələrinin artmasına böyük önəm verildiyini əyani şəkildə təsdiqləyir. Prezident İlham Əliyev Gürcüstanın Baş nazirini qəbul edərkən iki ölkə arasındakı münasibətlərin yüksək səviyyəsindən məmnunluğunu diqqətə çatdırıb. “Xalqlarımız arasında münasibətlər uzun tarixə əsaslanır, əsrlər boyu davam edən yaxşı qonşuluq və dostluq tarixinə əsaslanır. Hesab edirəm ki, bu, böyük dinamikanı nümayiş etdirən və faktiki olaraq bir çox sahələri əhatə edən cari münasibətlərimizin inkişafı üçün çox yaxşı zəmindir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Tale elə gətirib ki, oxşar tarixə malik olan Azərbaycan və Gürcüstan öz müstəqilliklərinin ilk vaxtlarından da eyni problemlə üzləşiblər. Belə ki, hər iki ölkənin suverenliyi və ərazi bütövlüyü pozulub. Azərbaycan ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində işğalçı Ermənistanı kapitulyasiyaya məruz qoyaraq öz torpaqlarını işğaldan azad etdi və ərazi bütövlüyünə nail oldu. Qeyd etmək yerinə düşər ki, dost Gürcüstan müharibə dövründə ədalətli mövqe sərgiləyərək öz ərazisindən işğalçı Ermənistana hərbi təyinatlı yüklərin daşınmasına imkan vermədi.
Azərbaycanla Gürcüstan arasında siyasi dialoqun intensivliyinə uyğun olaraq iki ölkə müxtəlif sahələrdə əməkdaşlığı inamla davam etdirir. Qeyd edək ki, Azərbaycanda gürcülər, Gürcüstanda isə azərbaycanlılar tam əmin-amanlıq şəraitində yaşayırlar. Bu amil də iki ölkənin yaxınlaşmasında mühüm rol oynayır.
İki qardaş ölkənin yüksəksəviyyəli münasibətlərindən bəhs edərkən iqtisadi sahədə əməkdaşlığın getdikcə daha da dərinləşməsinin önəmini ayrıca qeyd etmək lazımdır. Azərbaycan şirkətləri dost ölkədəki əlverişli investisiya mühitindən bəhrələnərək tikinti, turizm, infrastruktur quruculuğu və digər sahələrə məmnuniyyətlə böyük həcmlərdə sərmayələr yönəldirlər. Bu gün qardaş ölkənin xarici ticarət dövriyyəsində Azərbaycanın payı kifayət qədər yüksəkdir. Ölkəmiz Gürcüstanın xarici ticarət dövriyyəsində Türkiyə və Rusiyadan sonra üçüncü yerdə gəlir.
Hazırda Azərbaycanın beynəlxalq səviyyəli şirkəti olan SOCAR respublikamızı qardaş ölkədə yüksək səviyyədə təmsil edir. SOCAR Gürcüstan iqtisadiyyatına sərmayələr yatırmağa 2006-cı ildən başlayıb. İndiyədək Azərbaycan şirkəti dost ölkədə müxtəlif layihələrin reallaşdırılmasına 1,5 milyard dollardan çox investisiya yönəldib və minlərlə yeni iş yeri yaradıb. Hazırda SOCAR Gürcüstana təbii qaz, neft və neft məhsullarının əsas tədarükçüsüdür. Gürcüstandakı Kulevi Neft Terminalı Azərbaycan şirkətinə məxsusdur. Buradan Azərbaycanın neft və neft məhsullarının dünya bazarlarına daşınması həyata keçirilir. Bundan başqa, SOCAR-ın törəmə müəssisələri qonşu ölkədə qazpaylayıcı və yanacaqdoldurma məntəqələri şəbəkələrinin genişləndirilməsi ilə məşğuldur. Onu da qeyd edək ki, SOCAR Gürcüstanda kommersiya fəaliyyəti ilə yanaşı, bir sıra sosialyönümlü layihələri də uğurla həyata keçirir. Bu layihələrin bir qismi qonşu ölkədə yaşayan soydaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılmasına və onların Gürcüstan cəmiyyətinə daha sıx inteqrasiya olunmasına yönəldilib. Prezident İlham Əliyev gələcəkdə Gürcüstan iqtisadiyyatına investisiya yönəldən Azərbaycan şirkətlərinin sayının daha da artacağına əminliyini bildirib. Bu xüsusda fikirlərini diqqətə çatdıran dövlətimizin başçısı “Mən indicə bəzi məlumatlara baxdım və gördüm ki, Azərbaycan Gürcüstan iqtisadiyyatında ən böyük investorlardan biri olmağa davam edir. Bu da, həmçinin çox müsbət və əlverişli investisiya mühitinin yaradılmasında sizin hökumətinizin həyata keçirdiyi islahatların yaxşı göstəricisidir. Bilirəm ki, daha da çox Azərbaycan şirkəti sizin ölkənizdə çalışmaq istəyir və əminəm ki, bu, baş verəcək”, - deyə vurğulayıb.
Azərbaycan və Gürcüstan Avrasiya üçün mühüm əhəmiyyət daşıyan enerji və nəqliyyat layihələrinin icrasına öz töhfələrini verirlər
Yuxarıda bəhs olunan qəbulda iki ölkənin nəqliyyat və enerji sektorlarında əməkdaşlığının əhəmiyyəti ayrıca vurğulanıb. Son illərdə Azərbaycanın, Türkiyənin və Gürcüstanın iştirakı ilə səmərəli regional əməkdaşlıq platforması yaranıb. Üç ölkənin birgə fəaliyyəti sayəsində regionun inkişafına güclü təkan verən Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum enerji kəmərləri, həmçinin nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verilib. Cənub Qaz Dəhlizinin reallaşdırılmasında da üç ölkənin qarşılıqlı səyləri mühüm rol oynayır. Cənub Qaz Dəhlizi layihəsinin resurs mənbəyi rolunda Azərbaycanın zəngin “Şahdəniz” qaz yatağı çıxış edir. Ehtiyatları 1 trilyon kubmetrdən çox qiymətləndirilən “Şahdəniz” dünyanın ən böyük qaz yataqlarından biridir. Təxminən 40 milyard dollar investisiya qoyuluşu hesabına başa gələn Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP ötən ilin dekabr ayında istifadəyə verildi. Hazırda Azərbaycan qazı Gürcüstan və Türkiyədən keçən yeni dəhliz vasitəsilə Aropa ölkələrinə tədarük olunur. Beləliklə, deyə bilərik ki, Azərbaycanın, Türkiyənin və Gürcüstanın iştirakı ilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında keyfiyyətcə yeni mərhələ başlayıb.
İki dost ölkə nəqliyyat daşımaları baxımından olduqca əlverişli coğrafi mövqedə yerləşir. Hər iki dövlət bu üstünlüklərindən istifadə edərək Avropanı Asiya ilə birləşdirən əlverişli infrastruktur yaradılmasında maraqlıdır. Azərbaycan qədim İpək Yolunun bərpasına, Şərq-Qərb dəhlizinin funksionallığının artmasına böyük töhfələr verir. Ölkəmizin yönəltdiyi böyükhəcmli investisiyalar hesabına inşa olunan Bakı-Tbilisi-Qars dəmir yolu da iqtisadi baxımdan çox önəmli layihədir. Avropa ilə Asiya arasında ən qısa bağlantı olan Bakı-Tbilisi-Qars dəmir yoluna beynəlxalq səviyyədə maraq getdikcə artır. Son illərdə regional əməkdaşlıq sayəsində araya-ərsəyə gələn eneri və nəqliyyat layihələrinin önəmindən bəhs edən Prezident İlham Əliyev deyib: “Bizim enerji və nəqliyyat layihələri kimi birgə layihələrin icrası üzrə yaxşı tariximiz var. Bu layihələr regionun siyasi, iqtisadi, nəqliyyat və energetika xəritəsini dəyişmişdir. Ölkələrimiz arasında güclü tərəfdaşlıq olmasaydı, bu layihələrin icrası mümkün olmazdı. Ötən ilin sonuncu günü Cənub Qaz Dəhlizi layihəsinin icrasının sonuncu günü idi. Bu layihə təkcə Cənubi Qafqaz regionunda yox, daha geniş Avrasiya regionunda ümumi inkişaf, sabitlik, proqnozlaşdırma, əməkdaşlıq üçün mühüm əhəmiyyət kəsb edir. Bir daha qeyd edirəm, bizim əməkdaşlığımız olmasaydı bu, mümkün olmazdı. Buna görə, bu vacib layihənin icrasına davamlı dəstək göstərdiyinə görə Gürcüstan hökumətinə dərindən minnətdaram”.
Ötən il 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı şanlı qələbə sayəsində formalaşan yeni reallıqlar respublikamızın bütün region dövlətləri kimi Gürcüstanla da əlaqələrinin dərinləşməsi üçün yeni imkanlar yaradıb. Gürcüstan yeni reallıqlar fonunda Azərbaycanın irəli sürdüyü təşəbbüsləri müsbət qarşılayır. Dost ölkə region dövlətləri arasında daha sıx əməkdaşlıq əlaqələrinin qurulmasında, o cümlədən də yeni nəqliyyat dəhlizinin yaradılmasında maraqlı olduğunu bildirib.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 487 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31