Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan dili-milli varlığımızdır

Azərbaycan dili-milli varlığımızdır

31.07.2026 [14:52]

“İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan ana dilini hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”.

Ümummilli Lider  Heydər Əliyev

Dil insanın mənəvi aləminin əks-sədasıdır. Ulu Tanrının insana bəxş etdiyi ən ecazkar və qüdrətli nemətdir. Dil hər bir millətin, xalqın varlığı deməkdir. Dünyada yüzlərlə dil mövcuddur. Doğma ana lisanımız olan Azərbaycan dili isə bizim üçün bu dillərin sırasında ən möhtəşəmidir. Əlbəttə, hər bir dilin özəlliyi və özünəməxsus gözəlliyi var. Bunu kimsə inkar edə bilməz. Amma bir vətəndaş olaraq bizim üçün Azərbaycan dilinin əvəzi yoxdur. Bu dilin cazibəsini heç bir dildə tapmaq olmaz. Ona görə ki, Azərbaycan dili-anamızın, Azərbaycanımızın dilidir. Onun qədər müqəddəs, əziz, qəlbimizə, ruhumuza munis olan nə var görəsən? Bu dildə anamızı, atamızı çağırmışıq, yurdumuzu bu dildə adlandırmışıq. Gözümüzü dünyaya açandan ana laylası ilə ruhumuza hopan,  qanımızı coşduran ana dilimizin kəlimələri ilə yaddaşımıza bir tarix yazılıb. Günlərlə, aylarla tamam olan illərimizin xatirələri bu dildə, ana dili ilə kəlimələrə çevrilib, dastanlar yaradıb.

Hər kəsə məlumdur ki, dil və xalq ayrılmazdır. Elə buna görə də xalqın tarixi taleyini eynilə onun dili də yaşayır. Məlumdur ki, milli dəyərlərini heç zaman unutmayan xalqımız dilimizin məhv olmasına, yad dillərin təsirinə düşməsinə yol verməmiş, onu qoruyub saxlamış, saflığını, şirinliyini bu günədək yaşatmışdır. Baxmayaraq ki, zaman-zaman yadellərin işğalına məruz qalmış  böyük məhrumiyyətlərlə üzləşmişdir.

         Lakin xalqımız müstəqillik əldə etdikdən sonra dilimiz də rəsmi dövlət dili statusu alaraq, beynəlxalq münasibətlər sisteminə, dünya diplomatiyasına yol tapdı. Bu sevinci, xoşbəxtliyi xalqımıza ümummilli liderimiz Heydər Əliyev yaşatdı. Hələ 1969-cu ildə ulu öndərimizin Azərbaycana rəhbər seçilməsindən sonra ana dilimizə münasibət də kökündən dəyişmiş, dil siyasətinə mühüm əhəmiyyət verilmişdi. Bu siyasətin nəticəsidir ki, 1970-ci ildən Azərbaycan dilinin elmi şəkildə öyrənilməsinin əsası qoyulmuş və Azərbaycan dilinin problemlərilə bağlı çoxsaylı elmi-nəzəri əsərlər yazılmışdır. 1974-cü ildə məhz Ulu Öndərin təşəbbüsü ilə ali məktəblər üçün yazılmış dördcildlik “Müasir Azərbaycan dili” dərsliyinin respublikanın dövlət mükafatına layiq görülməsi də dilimizin inkişafına önəmli təsir göstərmişdir. Bu inkişaf sayəsində dilimiz zənginləşmişdir. 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasında dilimizin dövlət dili kimi təsbit edilməsi də ulu öndərin imperiya dövründə atdığı cəsarətli addımlardan biri idi. Dilimizə olan böyük qayğı 1993-cü ildən sonra da onun inkişaf səviyyəsini, zənginləşməsini təmin etdi. Çünki ulu öndər Heydər Əliyevin xalqın təkidilə hakimiyyətə qayıtması ana dilimizin nüfuzunun artmasına, qorunmasına, inkişaf etdirilməsinə, respublikanın bütün idarə və təşkilatlarında dövlət dili kimi tətbiq edilməsinə səbəb oldu. Uzaqgörən siyasətçi 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsilə qəbul edilmiş Konstitusiyamızda Azərbaycan dilini dövlət dili kimi təsbit edilmişdir. Ulu öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyul və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2003-cü il 2 yanvar tarixli Fərmanları dilimizin və dilçiliyimizin inkişafında yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Həmçinin ümummilli liderin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən, hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur.

         Ulu öndərin siyasi kursunu uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyev də dilimizin daha geniş təbliğinə hərtərəfli imkanlar yaradaraq onun müasir dövrün tələblərinə uyğun inkişafına stimul yaradıb. Bunun nəticəsidir ki, bu gün inkişaf etmiş bir çox dünya dövlətlərində Azərbaycan dilində məktəblər açılıb, dərsliklər, metodiki və bədii ədəbiyyatlar bu dildə nəşr olunur. Deməli, dilimizin beynəlxalq aləmdə tanınması, mötəbər kürsülərdən eşidilməsi ona olan dövlət qayğısının göstəricisidir.

         Ölkə Prezidentinin “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamlarına əsasən, latın qrafikalı Azərbaycan əlifbası ilə dərsliklər, elmi əsərlər, lüğətlər və bədii ədəbiyyatlar çap olunaraq ölkə kitabxanalarına paylanıb.

Hər bir azərbaycanlı öz ana dilini qorumalı, onun mənəvi-siyasi nüfuzunu təkcə yaşadığı məkanda deyil, hər yerdə və həmişə yüksəltməyə çalışmalıdır. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Millətin milliliyini saxlayan onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz. Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi və inkişaf etməsi də bizim nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir”.

         Milli dəyərlərin qorunması, zənginləşdirilməsi, inkişaf etdirilməsi, cəmiyyətdə tutduğu mövqeyindən, peşəsindən, ixtisasından, vəzifəsindən asılı olmayaraq, hər kəsin vətəndaşlıq borcudur.    Hər bir azərbaycanlı öz ana dilini qorumalı, onun mənəvi-siyasi nüfuzunu təkcə yaşadığı məkanda deyil, hər yerdə və həmişə yüksəltməyə çalışmalıdır.

Xalqın hər bir nümayəndəsi öz dilinin təmizliyi uğrunda mübarizə aparmağa, dili yad ünsürlərdən qorumağa borcludur. Hər birimiz ana dilimizə xüsusi ehtiramla yanaşmalı, onu yaşatmalıyıq. Dilimiz varsa, biz də varıq.

Turanə Baxşəliyeva

Şahbuz Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru, YAP fəalı

Paylaş:
Baxılıb: 97 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31