Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan - Mərkəzi Asiya: Tarixdən qaynaqlanan, bu günün reallıqları ilə şərtlənən sarsılmaz dostluq

Azərbaycan - Mərkəzi Asiya: Tarixdən qaynaqlanan, bu günün reallıqları ilə şərtlənən sarsılmaz dostluq

31.07.2026 [10:39]

Son vaxtlarda Azərbaycanın çoxvektorlu xarici siyasət kursunda Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin intensivləşməsi xüsusi diqqət çəkir. Əlamətdar haldır ki, bu əlaqələrin genişlənməsinə respublikamızda və Xəzərin digər sahillərindəki ölkələrdə həm dövlətlər və liderlər tərəfindən güclü siyasi iradə göstərilir, həm də buna cəmiyyətlər səviyyəsində böyük istək var.

Beləliklə, qarşılıqlı münasibətlərin əhatə dairəsi sürətlə genişlənir. Müqayisə üçün bildirək ki, əvvəllər ölkəmizlə bu region dövlətləri arasında münasibətlər ikitərəfli formatlarda və ayrı-ayrı beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etdirilirdi. 2025-ci ilin noyabr ayında isə Azərbaycan  Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə quruma tamhüquqlu üzv qəbul edilib. Bundan başqa, respublikamızın Amerika Birləşmiş Ştatları ilə Mərkəzi Asiya dövlətlərini birləşdirən C5+1 formatında yer alması perspektivləri də kifayət qədər böyükdür. Artıq bu platformanın Azərbaycan vasitəsilə C6+1 formatında genişləndirilməsi ilə bağlı müzakirələr intensivləşib.

Bütün bunlar isə ona dəlalət edir ki, Azərbaycan və Mərkəzi Asiya dövlətlərini yalnız coğrafiya birləşdirmir. Burada həmçinin bütün Avrasiya üçün müstəsna önəm daşıyan bir sıra mühüm faktorlar da mühüm önəm daşıyır. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda sualları cavablandırarkən bildirib ki,  Mərkəzi Asiya Azərbaycanla vahid bir iqtisadi və siyasi məkanda birləşir.

Əlaqələrin xüsusi mahiyyəti

Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər xüsusi xarakter daşıyır. Bu ölkələri çoxəsrlik ortaq tarix, mənəvi və mədəni irs, qardaşlıq, dostluq, həmrəylik birləşdirir. Bu əlaqələr əsrlər boyunca  qorunub saxlanıb, zənginləşdirilib və hazırda da davam etdirilir.  Dövlət başçıları arasında yaranan səmimi münasibətlər, çoxsaylı mədəni tədbirlər, intensivləşən qarşılıqlı səfərlər bunun əyani təsdiqidir. Prezident İlham Əliyev 2025-ci il 16 noyabr tarixində baş tutan Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə söylədiyi nitqində maraqlı statistika təqdim edərək bildirib: “Son illər yüksəksəviyyəli qarşılıqlı səfərlər müntəzəm xarakter alıb. Son üç ildə mən Mərkəzi Asiya ölkələrində 14 dəfə səfərdə olmuşam. Bu müddət ərzində həmkarlarım ölkəmizə 23 dəfə səfər ediblər”.

Bu statistika özlüyündə Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında siyasi əlaqələrin nə qədər yüksək səviyyədə olmasının göstəricisidir. Dövlət başçıları arasında yaranan xoş münasibətlər Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında müttəfiqlik və strateji tərəfdaşlıq, o cümlədən birgə investisiya fondlarının yaradılması haqqında müqavilə və bəyannamələr imzalanması ilə daha da  genişlənir. Həmçinin  mütəmadi olaraq  mədəniyyət günləri, sərgilər, konsertlər keçirilir ki, bu da xalqlarımızı və cəmiyyətlərimizi bir-birinə daha da yaxınlaşdırır.

Mərkəzi Asiya dövlətləri Azərbaycanın üzləşdiyi Qarabağ münaqişəsinin lap əvvəlindən ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə dəstək veriblər. Postmüharibə dövründə də isə onlar işğaldan azad olunmuş ərazilərimizin bərpasına öz qardaşlıq dəstəklərini göstərirlər. Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib ki, Qarabağın bərpasında bizə birinci yardım edən məhz Özbəkistan Prezidenti olmuşdur. Füzuli şəhərində Mirzə Uluqbəy adına gözəl, böyük məktəb inşa edilmişdir və Şavkat Miromonoviçlə birlikdə biz o məktəbin açılışını qeyd etmişik. Yəni ondan sonra digər qardaş dövlətlər də bizə hədiyyələr etmişlər - Qazaxıstan, Qırğızıstan, Türkmənistan. Amma birinci yardım məhz Özbəkistandan gəlib. Eyni zamanda Qarabağda dost ölkələrin iştirakı ilə birlikdə ayrı-ayrı sənaye layihələri icra edilir.

5+1 formatında iqtisadi əlaqələrin genişlənməsi perspektivləri

5+1 formatı və yaxud Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurası  artıq Azərbaycan da daxil olmaqla üzv dövlətlərin gələcək koordinasiyalı fəaliyyətləri üçün müstəsna önəm daşıyan bir platformadır.  Bu gün Mərkəzi Asiya dinamik inkişaf və səmərəli əməkdaşlıq məkanıdır, burada davamlı artım və rifah üçün yeni imkanlar açılır. Region sürətlə qlobal iqtisadiyyata inteqrasiya olunur: investisiya cəlbediciliyi artır, üçüncü ölkə bazarlarına ixrac imkanları və tranzit potensialı genişlənir. Region ölkələri arasında illik qarşılıqlı ticarət 10 milyard dolları ötüb. Müəyyənləşdirilən prioritetlər bir sıra mühüm istiqamətləri əhatə edir. O cümlədən ortamüddətli dövrdə qarşılıqlı ticarət həcmini və ümumi xarici ticarət dövriyyəsini 1,5-2 dəfə artıracaq ticarət, iqtisadi və investisiya əməkdaşlığının keyfiyyətcə yeni səviyyəsinə çatdırmaq hədəflənib. Həmçinin inzibati maneələrin aradan qaldırılması, vergi və gömrük prosedurlarının sadələşdirilməsi, azad iqtisadi və sənaye zonalarından birgə istifadə məsələləri gündəmdədir.  2035-ci ilə qədər Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hərtərəfli Regional Proqramın hazırlanması və qəbul edilməsi ticarət həcmlərinin əhəmiyyətli dərəcədə artması üçün əlverişli şərait yaradacaq. Eləcə də təhlükəsizliyin və sabitliyin təmin edilməsi, terrorizm və ekstremizm təhdidlərinə, sərhədyanı cinayətkarlığa qarşı mübarizə üçün sistemli tədbirlər görülür.

Bir sözlə, Mərkəzi Asiya + formatında qarşılıqlı fəaliyyətin güclənməsi perspektivi böyükdür. Azərbaycanın bu formata qoşulması ilə regionun qlobal birlikdə səsinin daha da əhəmiyyətli olacağına böyük əminlik var. “Azərbaycan artıq tamhüquqlu üzv kimi bu Məşvərət Şurasına qoşuldu. Mən fəxri qonaq qismində iki dəfə Zirvə görüşlərinə dəvət edilmişdim, son dəfə isə artıq Azərbaycan-Mərkəzi Asiya vahid bir Məşvərət Şurası yaradılmışdır. Bu, bizi çox qürurlandırır, çox sevindirir. Bu, deyə bilərəm ki, nadir bir hadisədir. Çünki biz coğrafi nöqteyi-nəzərdən, təbii ki, Cənubi Qafqazda yerləşirik. Amma mədəni, tarixi, etnik əlaqələr o qədər güclüdür və siyasi əlaqələr o qədər çoxşaxəlidir ki, dost Mərkəzi Asiya ölkələri bizi qəbul etməyə qərar verdilər. Bu gün bu, geosiyasi və geoiqtisadi əlaqələrə də müsbət təsir göstərəcək”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Azərbaycanın Mərkəzi Asiya + formatına qoşulması yalnız siyasi nöqteyi-nəzərdən önəm daşımır. Bunun eyni zamanda, bağlantılar, nəqliyyat, logistika layihələrinin icrası istiqamətində  də çox böyük əhəmiyyəti var. Orta Dəhliz Azərbaycanla Mərkəzi Asiya dövlətlərini birləşdirən mühüm nəqliyyat marşrutudur. Bu marşrut dost dövlətlərə həm öz məhsullarını, həm də tranzit yüklərini Azərbaycan üzərindən Avropa bazarlarına çıxarmağa imkan yaradır.

Gələcəkdə isə Azərbaycanın qətiyyətli səyləri sayəsində Orta Dəhlizin yeni qolu yaradılacaq. Söhbət Zəngəzur dəhlizindən (TRIPP marşrutundan) gedir. Ötən il avqustun 8-də Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə Vaşinqtonda baş tutan görüşdə yeni marşrutun yaradılması ilə bağlı prinsipial razılıq əldə olunub və hazırda zəruri infrastrukturun yaradılması ilə bağlı müvafiq prosedurlar həyata keçirilir. Güclü və məsuliyyətli dövlət olan Azərbaycan yeni nəqliyyat bağlantısının ölkəmizin ərazisindən keçən hissəsində avtomobil yolunun  və dəmiryolu xəttinin inşasını intensiv şəkildə davam etdirir. Hazırda layihələrin icrası  son mərhələdədir. Öz növbəsində Mərkəzi Asiya dövlətləri də yeni marşrutun yaradılmasına güclü dəstək göstərirlər.

İndiyədək Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında güclü enerji əməkdaşlığı qurulub. Artıq bərpaolunan enerji seqmenti ilə qarşılıqlı enerji əməkdaşlığının yeni bir səhifəsi açılmaqdadır. Həm Azərbaycan, həm də Mərkəzi Asiya dövlətləri bərpaolunan mənbələrdən alınan enerjinin birlikdə xarici bazarlara çıxarılmasına, bu məqsədlə zəruri infrastrukturun qurulmasına güclü siyasi iradə ortaya qoyurlar.

Tarixinin ən yüksək səviyyəsində olan Azərbaycan-Qırğızıstan münasibətləri

Azərbaycanla Mərkəzi Asiya regionunun vahid siyasi və iqtisadi məkan kimi formalaşmasında ikitərəfli əlaqələrin də böyük rolu var. Bu kontekstdə Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin hazırda tarixinin ən yüksək səviyyəsində olması məmnunluq doğurur. Əvvəllər əsasən ortaq mədəni və tarixi köklərə, ümumi türk kimliyinə əsaslanan bu münasibətlər son illərdə aydın strukturlaşdırılmış, praqmatik və dinamik inkişaf edən strateji tərəfdaşlığa çevrilib. Bu gün Bakı ilə Bişkek yalnız ən yüksək səviyyədə sabit siyasi dialoqu qorumaqla kifayətlənmir, həm də dərin iqtisadi inteqrasiya üçün institusional əsaslar yaradırlar.

Oxşar talelərdən keçən ölkələrimiz arasında diplomatik münasibətlər rəsmi olaraq 1993-cü il yanvarın 19-da qurulub. İkitərəfli əlaqələrin bünövrəsi isə 1995-ci ilin avqustunda Ümummilli Lider Heydər Əliyevin Türkdilli Dövlət Başçılarının III Zirvə Görüşü və “Manas” eposunun 1000 illik yubileyi çərçivəsində Qırğızıstana ilk səfəri ilə qoyulub. Diplomatik münasibətlərin inkişafı 2007-ci ildə Azərbaycanın Bişkekdə, 2008-ci ildə isə Qırğızıstanın Bakıda səfirliklərinin fəaliyyətə başlaması ilə yeni mərhələyə qədəm qoyub. Ötən dövrdə hər iki dövlət qarşılıqlı əlaqələrin möhkəmlənməsinə güclü siyasi iradə göstərib. Prezidentlər İlham Əliyev və Sadır Japarov arasında qarşılıqlı inama əsaslanan şəxsi münasibətlər ikitərəfli əlaqələrə güclü dinamika qazandırıb. Təsadüfi deyil ki, son 5 ildə qarşılıqlı olaraq 13 yüksəksəviyyəli səfər gerçəkləşdirilib. Prezident İlham Əliyev 2022-ci il oktyabrın 11-12-də Qırğızıstana ilk dövlət səfəri həyata keçirib. Prezident Sadır Japarov isə 2022-ci ilin aprelində ölkəmizə rəsmi, 2024-cü ilin aprelində isə dövlət səfərləri edib.

İki ölkə arasında indiyədək 105 sənəd imzalanıb. Bunlardan ən mühümü Azərbaycanla Qırğızıstan arasında strateji tərəfdaşlığın əsasını qoyan “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə”dir. Baza mexanizmi kimi yaradılan Dövlətlərarası Şuranın 1-ci iclası 2022-ci ildə Bişkekdə, 2-ci iclası isə 2024-cü ildə Bakıda keçirilib.

Heç şübhəsiz ki, Prezident İlham Əliyevin dost Qırğızıstana növbəti dövlət səfəri ikitərəfli münasibətlərdə keyfiyyətcə yeni mərhələ açacaq. Bunu səfərin gündəliyindən də görmək mümkündür. Səfər çərçivəsində “Müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanması da gözlənilir. Bu sənədlə Azərbaycanla Qırğızıstan arasında strateji tərəfdaşlıq münasibətləri ən yüksək səviyyəyə - müttəfiqlik səviyyəsinə yüksələcək.

İki ölkə arasında iqtisadi tərəfdaşlığın artan dinamikası

Son illərdə Azərbaycan ilə Qırğızıstan arasında iqtisadi və nəqliyyat-logistika sahələrində əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyaraq nəzərəçarpacaq dərəcədə genişlənib. İkitərəfli ticarətin həcminin 2025-ci ildə 77,17 milyon dollara çatması, eləcə də Azərbaycanda 100-ə yaxın Qırğızıstan şirkətinin fəaliyyət göstərməsi iqtisadi tərəfdaşlığın artan dinamikasını əks etdirir.

İqtisadi əlaqələrin tənzimlənməsində və yeni imkanların dəyərləndirilməsində Birgə Hökumətlərarası Komissiya mühüm rol oynayır. Komissiyanın 2025-ci ilin dekabrında Bakıda keçirilən 6-cı iclası iqtisadi prioritetlərin müəyyənləşdirilməsinə növbəti töhfəsini verib.

Biznes təşəbbüslərinin dəstəklənməsi və birgə investisiya layihələrinin həyata keçirilməsində əsas mexanizm kimi Azərbaycan-Qırğız İnkişaf Fondu çıxış edir. Sahibkarların artan tələbatını qarşılamaq üçün nizamnamə kapitalı 100 milyon dollara çatdırılan fond tərəfindən artıq ümumi dəyəri 52,7 milyon dollar olan strateji layihələr maliyyələşdirilib və hazırda daha 10-a yaxın müraciətə baxılır.

İqtisadi inteqrasiyanı tamamlayan nəqliyyat-logistika sektoru da sürətlə inkişaf edir. Tərəflər “Şərq-Qərb” Beynəlxalq Nəqliyyat Dəhlizi, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) və “Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Avropa” multimodal marşrutu üzrə yükdaşımaları fəal şəkildə həyata keçirirlər.

Nəqliyyat əlaqələrinin mühüm tərkib hissəsi olan hava nəqliyyatı sahəsində də intensivlik təmin edilib. AZAL tərəfindən Bakı-Bişkek marşrutu üzrə həftədə 4 müntəzəm, Bakı-İssık-Kul xətti üzrə isə mövsümi reyslərin yerinə yetirilməsi işgüzar və turizm əlaqələrinin daha da canlanmasına xidmət edir.

Qırğızıstanın Qarabağın bərpasına verdiyi dəstək

Tərəflərin qarşılıqlı maliyyə resursları hesabına həyata keçirdiyi layihələr xalqların mənəvi birliyini möhkəmləndirir. Bişkekdə Azərbaycanın dəstəyi ilə Dostluq parkı, Nizami Gəncəvi adına 103 saylı məktəb və Heydər Əliyev adına Məktəb-Gimnaziya Kompleksi istifadəyə verilib.

Qırğızıstan isə öz növbəsində Qarabağın bərpasında yaxından iştirak edir. Qırğız hökumətinin maliyyə dəstəyi ilə Ağdamın Xıdırlı kəndində 528 şagird yerlik Ayköl Manas adına tam orta məktəb tikilib. 2025-ci ilin iyulunda hər iki ölkənin liderlərinin iştirakı ilə kəndin birinci mərhələsinin və məktəbin rəsmi açılışı olub. 2025-2026-cı tədris ilində məktəb ilk 12 məzununu yola salıb.

Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bu təşəbbüsü yüksək qiymətləndirərək bildirib: “Sadır Nurqojoyeviçin təşəbbüsü ilə bu regionun hazırda ən böyük yaşayış məntəqəsi olan Xıdırlı kəndində gözəl məktəb tikilib. Bu gün biz ona baxış keçirdik və rəsmi şəkildə açdıq. Məktəbə Ayköl Manasın adı verilib. Bildiyiniz kimi, “Manas” qırğız xalqının dastanıdır, qırğızların ruhunu təcəssüm etdirir. Əminəm ki, bu məktəbin və bu kəndin gələcək inkişafı üzrə hər şey bizim qırğız qardaşlarımızla bağlı olacaq”.

Prezident Sadır Japarov da bu addımın strateji və mənəvi əhəmiyyətini vurğulayaraq qeyd edib: “Bu tarixi hadisə mənəvi əlaqələrimizi daha da möhkəmləndirəcək. Bizim ümumi dəyərlərimiz var və onları gələcək nəsillərə ötürməyə borcluyuq. Bişkekdəki Heydər Əliyev adına məktəb və Xıdırlı kəndindəki Manas adına bu məktəb xalqlarımızın dostluğunun rəmzidir”.

Onu da qeyd edək ki, Qırğızıstan tərəfi azad olunmuş ərazilərdəki yaylaqlar üçün Azərbaycana 225 baş yak hədiyyə edib. Eyni zamanda, Bakı və Bişkek, eləcə də Quba və Kant şəhərləri qardaşlaşıblar ki, bu da sarsılmaz dostluğun daha bir rəmzidir.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 120 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31