Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirilib

"Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirilib

31.07.2026 [16:43]

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində iyulun 31-də Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatında 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dili ilə bağlı fikirlərini əks etdirən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatı sədrinin müavini Şamo Qasımov iştirakçıları 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə təbrik edərək bildirib ki, Azərbaycan dili xalqımızın milli-mənəvi kimliyini, tarixi yaddaşını və dövlətçilik ənənələrini yaşadan ən mühüm milli sərvətlərdən biridir. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev ana dilimizin yad təsirlərdən qorunması, saflığının təmin edilməsi, inkişaf etdirilməsi və dövlət dili statusunun möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətlər göstərib.

Şamo Qasımov vurğulayıb ki, Ulu Öndərin rəhbərliyi ilə 1969-cu ildən etibarən həyata keçirilən məqsədyönlü dil siyasəti nəticəsində Azərbaycan dilinin ictimai-siyasi nüfuzu yüksəlib, onun dövlət idarəçiliyində, elm, təhsil və mədəniyyət sahələrində tətbiq imkanları genişlənib. O, Ümummilli Liderin "Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm" fikrini xatırladaraq bildirib ki, həmin dövrdə Azərbaycan dilinin inkişafı istiqamətində həyata keçirilən ardıcıl tədbirlər milli özünüdərkin möhkəmlənməsinə mühüm töhfə verib.

Çıxışında 2001-ci il avqustun 9-da imzalanmış Fərmanla 1 Avqust tarixinin Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edilməsinin tarixi əhəmiyyətindən bəhs edən Şamo Qasımov bildirib ki, bu qərar Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu milli dil siyasətinin məntiqi davamıdır. O qeyd edib ki, "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərman və "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanun Azərbaycan dilinin hüquqi əsaslarının daha da möhkəmləndirilməsinə, dilçilik elminin inkişafına və ana dilimizin ümumxalq dili kimi zənginləşməsinə mühüm töhfələr verib.

Şamo Qasımov vurğulayıb ki, bu siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar, xüsusilə Azərbaycan dilində latın qrafikalı kütləvi nəşrlərin həyata keçirilməsi, milli-mənəvi irsin qorunması və Azərbaycan dilinin müasir informasiya məkanında mövqeyinin gücləndirilməsi istiqamətində görülən işlər dövlətin ana dilinə göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsidir.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri, professor Sevinc Əliyeva çıxışında bildirib ki, dil hər bir xalqın milli kimliyini və mənəvi varlığını müəyyən edən əsas amillərdəndir. O qeyd edib ki, Azərbaycan dilinin dövlət dili kimi tətbiqinin təkmilləşdirilməsi, dünya azərbaycanlılarının ünsiyyət vasitəsi kimi mövqeyinin gücləndirilməsi və beynəlxalq nüfuzunun artırılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Professor vurğulayıb ki, Ulu Öndər ana dilimizin qorunması, zənginləşdirilməsi və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm dövlət sənədləri qəbul edib. Həmin siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sevinc Əliyeva bildirib ki, Azərbaycan dilinin saflığının qorunması, düzgün tətbiqi və geniş təbliği dil və din mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın mənəvi və ictimai məsuliyyətidir.
Laçın Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin məsləhətçisi Minə Əliyeva çıxışında qeyd edib ki, dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunun möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb. O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci ildə dövlət dili məsələsi geniş müzakirə olunaraq Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsində Azərbaycan dili dövlət dili kimi təsbit edilib. Bu qərar milli dövlətçilik tariximizin ən mühüm nailiyyətlərindən biri olmaqla yanaşı, ana dilimizin inkişafı üçün möhkəm hüquqi zəmin yaradıb.
YAP Laçın rayon təşkilatının 51 saylı ərazi partiya təşkilatının sədri, Laçın rayonu Mehman Səfərov adına Qozlu kənd tam orta ümumtəhsil məktəbinin direktoru, AMEA Folklor İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytac Abbasova çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O qeyd edib ki, Azərbaycan dilinin qloballaşma şəraitində inkişafına dair dövlət proqramlarının qəbul edilməsi, latın qrafikalı nəşrlərin genişləndirilməsi, Milli Ensiklopediyasının hazırlanması, dünya ədəbiyyatı nümunələrinin ana dilimizə tərcümə olunaraq nəşri və ana dilimizin elektron məkanda istifadəsinin genişləndirilməsi bu siyasətin uğurlu nəticələrindəndir.
Laçın rayonu Habil Həsənov adına Mişni kənd tam orta ümumtəhsil məktəbinin direktoru Qurban Həsənov bildirib ki, ana dili xalqın milli varlığının və mənəvi bütövlüyünün əsas göstəricisidir. O vurğulayıb ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ana dilində elm, təhsil, mədəniyyət və mətbuatın inkişafına xüsusi diqqət göstərilib, dövlət dilinin ictimai nüfuzu əhəmiyyətli dərəcədə yüksəldilib.

Laçın rayonu Elçin Məhərrəmov adına Hacılar kənd tam orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Nicat Sadıqov çıxışında qeyd edib ki, ana dilinin saflığının qorunması, onun zənginliyinin gələcək nəsillərə çatdırılması hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Xarici dilləri öyrənmək müasir dünyanın tələbidir, lakin Ulu Öndər Heydər Əliyevin “Bunların hamısından yaxşı öz Azərbaycan dilimizi öyrənin” kəlamını xatırladan Nicat Sadıqov gənc nəslin ana dilimizə yüksək həssaslıqla yanaşmasının vacibliyini bildirib.

Sonra Laçın şəhəri 2 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləri tərəfindən hazırlanmış Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.

Paylaş:
Baxılıb: 61 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31