Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 91-ci ildönümü tamam olur

Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 91-ci ildönümü tamam olur

15.09.2009 [14:44]

Bu hadisə Azərbaycan tarixində, Türkiyə-Azərbaycan münasibətlərinin möhkəmlənməsində çox mühüm rola malikdir
Bu gün Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 91-ci ildönümü tamam olur. 1918-ci ilin bu günündə general Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun yardımı ilə böyük siyasi, iqtisadi, mənəvi əhəmiyyətə malik olan Bakının Azərbaycana qaytarılması yeni yaradılmış o vaxtkı milli hökumətin taleyində mühüm rol oynadı. ümumiyyətlə isə bu hadisənin Azərbaycan tarixində, Türkiyə-Azərbaycan münasibətlərinin möhkəmlənməsində rolunu nəzərə alaraq və Bakının işğaldan azad olunması üçün aparılan birgə mübarizənin əhəmiyyətini oxucularımıza daha ətraflı çatdırmaq məqsədilə ölkəmizin ictimai-siyasi xadimlərinin münasibətini öyrəndik.
İlk olaraq, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərova müraciət etdik. Millət vəkili vurğuladı ki, milli dövlətçiliyimizin tarixində sentyabrın 15-də Bakı şəhərinin Qafqaz İslam Ordusu tərəfindən azad edilməsi çox mühüm hadisədir. Qafqaz İslam Ordusu Osmanlı hərb idarəsinin çox zəngin türk dünyasını birləşdirmək missiyasını həyata keçirmək məqsədilə yaradılmışdı. Bu orduya azərbaycanlılardan xeyli könüllülər qoşulmuşdu. Bu ordu qələbələrlə dolu böyük bir tarixi yol keçib. Onun sözlərinə görə, Azərbaycanın qərb vilayətlərindən başlayaraq, şərqinə qədər milli istiqlalımız üçün və ümumiyyətlə, türk müsəlmanının o zamankı ağır, mürəkkəb vəziyyətdən xilası üçün bu tarixi hadisə çox böyük rol oynayıb. Ən mühüm hadisə Bakı şəhərinin bolşevik-daşnak qüvvələrindən azad olunması idi: “Bu, Qafqaz İslam Ordusunun həm milli, həm də hərbi-strateji missiyanı yerinə yetirməsi  ilə bağlıdır. Osmanlı dövləti Azərbaycanlı-müsəlman qardaşlarına kömək etmək, onların dövlətçilik maraqlarını təmin etmək üçün çox böyük işlər görüb. Əlbəttə, biz fəxr edirik ki, Osmanlı Türkiyəsi belə bir böyük iş görüb və Azərbaycanın müstəqilliyi üçün əlindən gələn təmənnasız qardaşlıq köməyini əsirgəməyib. Bəzən tarixçilərimiz Bakı şəhərinin erməni-daşnak qüvvələrindən xilas olunmasını yalnız Qafqaz İslam Ordusunun, yalnız Osmanlı türklərinin gücü, maraqları ilə bağlayırlar. Təbii ki, bu əsasdır. Lakin bununla yanaşı, Bakının azad olunmasında həm yerli bakılılar, həm də Qafqaz İslam Ordusunun tərkibinə qatılmış digər azərbaycanlılar iştirak ediblər. Yəni, bu müştərək görülən işdir. Amma təbii ki, komandanlıq, strategiya, düşünən əsas mərkəz Osmanlı ordusunun zabitlərindən ibarət idi və texnika da Osmanlı ordusunun texnikası idi. çünki o zaman Azərbaycanda o cür hərbi hissə yox idi. Görülən işlər bundan sonra da davam etdirildi və Azərbaycanın müstəqil dövlətinin qurulmasında, möhkəmlənməsində Qafqaz İslam Ordusu, xüsusən də onun rəhbəri Nuru Paşa müstəsna rol oynadı. Eyni zamanda, bir müddət Bakıda qalan ordu təkcə siyasi, ideoloji inkişaf üçün əsas vermədi, həm də Azərbaycan mədəniyyətinin, Azərbaycan insanının şərəfinin qorunması üçün, ümumiyyətlə, Azərbaycanda vətəndaşlıq institutunun yaranması üçün, Azərbaycanın müstəqil bir dövlət olaraq dünyada tanınması üçün çox böyük işlər gördü və Azərbaycanın tarixində böyük bir hadisənin yaradıcısı kimi qaldı. Bununla yanaşı, azərbaycanlılar da Türkiyədə milli azadlıq hərəkatında iştirak ediblər, istiqlal müharibəsində onların da iştirakı var və bu gün də Türkiyənin müxtəlif yerlərində Azərbaycandan getmiş istiqlal mücahidlərinin məzarları var. Qafqaz İslam Ordusunda döyüşmüş türklərin Azərbaycanın bir çox yerlərində, xüsusən də, Bakıda məzarları var. çəmbərəkənd qəbiristanlığında çoxlu sayda türk zabitləri, əsgərləri yatırlar və bu bizim şərəfli tariximizdir. Qafqaz İslam Ordusunun Azərbaycanda döyüşərək həlak olmuş zabitlərinin qəbirləri Azərbaycanda demək olar ki, övliya məzarları kimi qorunur. Bu, bir tərəfdən Azərbaycan xalqının qədirbilənliyinin ifadəsidir, başqa bir tərəfdən isə türk zabitlərinin nə qədər şərəfli vuruşduqlarına, müqəddəs iş gördüklərinə nə qədər inandıqlarını göstərən bir faktdır. çünki hər əsgərin, hər zabitin məzarı övliya məzarı kimi qorunmur və millətin yaddaşında qalmır. Sovet hakimiyyəti qurulduqdan sonrakı illərdə bu məzarların unutdurulmasına çalışılsa da, yerli camaatımız onları müxtəlif yollarla qoruyub saxlayıblar və bu gün də həmin şəhidlər bizim torpağımızın bağrında müqəddəs insanlar kimi yatırlar”.
Nizami Cəfərovun sözlərinə görə, artıq xeyli vaxtır ki, Azərbaycan cəmiyyətində və əlaqədar qurumlarda Nuru Paşanın və ümumiyyətlə, Qafqaz İslam Ordusunun xatirəsini ədəbiləşdirmək üçün bir abidə kompleksi qoyulması barədə müzakirələr gedir. Bu barədə qərarlar daha çox “Qurd qapısı” adlı yer üzərində dayanır. çünki Qafqaz İslam Ordusunun Bakını azad etmək üçün əsas hücumu “Qurd qapısı” istiqamətindən olub və sonra da əsas döyüşlər çəmbərəkənd ətrafında gedib: “Son illər Qafqaz İslam Ordusunun tarixi Azərbaycanda çox ciddi araşdırılıb, hətta Türkiyədə olduğundan daha yaxşı araşdırılıb. Bu da bizim borcumuzdur. Biz bu tarixi daha dərindən öyrənməliyik, necə ki, hal-hazırda kifayət qədər yüksək səviyyədə öyrənilir, çoxlu konfranslar keçirilir və hər il sentyabrın 15-i əlamətdar gün kimi qeyd olunur və bizim müstəqilliyimizə yardım etmiş türk əsgərləri, zabitləri minnətdarlıqla yad edilir. Bu tarix bir də ona görə tez-tez xatırlanmalıdır ki, biz qardaşlıq, dostluq ənənəsini itirməyək. Bu gün bir Ermənistan problemi var və bu problem ətrafında Azərbaycanla Türkiyənin möhkəm əməkdaşlığı var. Bəzən bu əməkdaşlıq ətrafında müəyyən mübahisələr də ortaya çıxır. Belə anlarda bu tarixi məqamlar xatırlamaqda bir fayda var. Bizim əcdadlarımız hansı münasibətlərdə olublarsa və strateji müttəfiqliyi nə cür başa düşüblərsə, biz də o cür başa düşməliyik. Hər iki tərəfdən təkcə sözdə deyil, birbaşa işimizdə canımızla və qanımızla iştirak etməliyik”.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Millət vəkili Aydın Mirzəzadə isə ilk olaraq diqqəti başqa məqama çəkdi. Onun sözlərinə görə, 1918-ci ildə Azərbaycan müstəqillik əldə etsə də, onun bütün ərazisinə nəzarət etmək üçün fəaliyyəti kifayət qədər uğurlu hesab oluna bilməzdi. Hakimiyyət orqanları yeni-yeni formalaşmağa başlayırdı. İdarəetmə orqanları üçün kadrlar yetişdirilirdi. Bununla yanaşı, millət vəkili vurğuladı ki, Azərbaycan beynəlxalq aləmdə öz maraqlarına nail olmalı idi. Bu baxımdan Azərbaycan milli hökumətinin apardığı fəaliyyət təqdirəlayiq idi: “Lakin etiraf edək ki, istədiyimiz nəticələrin əldə olunmasına qadir deyildik. Şübhəsiz ki, 1918-ci il 15 sentyabr hadisəsi, yəni, Qafqaz İslam Ordusunun Bakı şəhərini işğaldan azad etməsi, azərbaycanlaşma prosesi olmasaydı da, Azərbaycanın ərazisi milli hökumət tərəfindən tam nəzarətə götürüləcəkdi. Təbii ki, bunun üçün müəyyən zaman tələb olunurdu. Qeyd olunan hadisə mövcud prosesləri sürətləndirdi. Bu yaşanılan tarix Azərbaycan dövlətinin beynəlxalq aləmdə, dünyada tanınmasına səbəb oldu. Onu da deyim ki, o dövrdən etibarən Azərbaycanın yeni tarix səhifəsi açıldı. Həmin illərə qədər Azərbaycanla Türkiyə arasında müəyyən bir münaqişə olurdusa, bu hal artıq sıx əməkdaşlığa çevrildi. Bu fəaliyyət sonralar Azərbaycan-Türkiyə birliyinə çevrildi. Azərbaycanda sovet hökuməti qurulduqdan, imperiya öz sütunlarını ölkəmizdə yaratdıqdan sonra Azərbaycan ziyalılarını pantürkist olmaqda ittiham edirdilər. Bu da, ondan irəli gəlirdi ki, Azərbaycanla Türkiyə əhalisinin birliyi həmin illərdə artıq baş tutmuşdu. Bu adi bir tarixi hadisə deyil, tarixin çevriliş nöqtəsi idi. Azərbaycanla türk xalqlarının birliyə başladığı bir nöqtə idi. Təbii ki, bununla bağlı Azərbaycan ictimaiyyətinə vaxtaşırı olaraq məlumat vermək əsas məsələlərdən biridir. 1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra isə bu, müttəfiqliklə nəticələndi”.
Tarix elmləri doktoru, professor Musa Qasımlı isə qeyd etdi ki, XX əsrin Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri 1918-ci il sentyabrın 15-də Bakının Qafqaz İslam Ordusu tərəfindən azad edilməsidir. Bakının azad edilməsinə gətirən yol xeyli mürəkkəb və ziddiyyətli olub. 1918-ci il mayın 28-də Milli Şura istiqlaliyyət elan etsə də, Azərbaycanın tarixi paytaxtı milli hökumətin əlində deyildi. Bu səbəbdən milli hökumət müvəqqəti olaraq Gəncəyə köçmüşdü: “Bundan sonra, Gəncədə Nuru Paşanın komandanlığında Qafqaz İslam Ordusu yaradıldı. Ordunun belə adlandırılmasının əsas səbəbi, o zaman müsəlman deyərkən əsasən azərbaycanlılar nəzərdə tutulurdu. Ordunun əsas qüvvəsini Osmanlı zabitləri təşkil etsə də, onun daxilində I Dünya Müharibəsi illərində yaradılmış müsəlman könüllülərindən ibarət diviziya da iştirak edirdi. Qafqaz İslam Ordusunun əsas vəzifəsi Bakını azad etmək idi. Ordu Bakıya doğru irəliləyərkən S.Şaumyanın başında durduğu Xalq Komissarları Soveti iflasa uğradı. Qafqaz İslam Ordusunun Azərbaycana gəlişinin və Bakıya hücumunun hüquqi-siyasi və mənəvi əsasları var idi. Belə ki, 1918-ci il iyunun 4-də Batumidə imzalanmış müqavilədə göstərilirdi ki, əgər Azərbaycan hökuməti yardım üçün müraciət edərdisə, Osmanlı dövləti kömək etməli idi və bu yardımı etdi. Gəlişin hüquqi-siyasi əsasları məhz bununla bağlı idi. Eyni zamanda, Osmanlı dövləti dünya türklərinin və müsəlmanlarının mənəvi mərkəzi idi. Dünya türkləri və müsəlmanları, o cümlədən, Cənubi Qafqaz müsəlmanları Osmanlıya nicat yeri kimi baxırdılar. üstəlik, Osmanlı imperatorluğu türklərə və müsəlmanlara qarşı soyqırımların törədilməsinə biganə qala bilməzdi. Beləliklə, Qafqaz İslam Ordusu Bakını azad etdi. Ordunun gəlişindən sonra şəhərdə qayda-qanun yaradıldı, insanların mal və can təhlükəsizliyi qorundu, dinindən, irqindən, cinsindən asılı olmayaraq, hamıya eyni münasibət bəslənildi. Azərbaycan hökuməti isə müvəqqəti paytaxtı olan Gəncədən tarixi, siyasi, mədəni və fikir mərkəzi olan Bakıya köçdü. Bakının azad edilməsi böyük bir tarixi hadisə idi. Bu, şəhərin qurtuluşu demək idi”.
Daha sonra Qafqaz İslam Ordusunun Bakını qurtarmasının Azərbaycan-Türkiyə qardaşlığının nümunələrindən biri olduğunu diqqətə çatdıran M.Qasımlının sözlərinə görə, bundan əvvəl, azərbaycanlılar müstəqil olaraq Osmanlı ərazilərinə keçib çanaqqalada türk qardaşları ilə çiyin-çiyinə vuruşmuşdular. Bununla bağlı çox dəqiq arxiv materialları var və artıq neçə illərdir ki, elmi səviyyəyə gətirilib. Osmanlı dövləti müharibədə məğlub olduqdan sonra Bakıya sahib olan müttəfiqlər Nuru Paşanın təhvil verilməsini tərkidlə tələb etsələr də, Rəşid bəy Seyidbəyli hökumətin ağır vəziyyətdə olmasına baxmayaraq, heç bir türk generalını müttəfiqlərə vermədi. M.Qasımlı həmçinin, dedi ki, 1920-ci ilin aprelində Azərbaycanın müstəqilliyinə son qoyuldu. Buna baxmayaraq, azərbaycanlılar türk xalqının istiqlal savasında yaxından iştirak etdilər və cümhuriyyətin qurulmasında müstəsna rol oynadılar. Azərbaycan SSRİ-nin tərkibində olduğu zamanlarda belə qəddar repressiyalara baxmayaraq, xalqımız türk əsgərlərinin məzarlarını qorudu. Bu gün çox yaxşı haldır ki, Bakıda Qafqaz İslam Ordusu əsgərlərinə abidə qoyulub. Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı hər iki tərəfdən qətiyyətlə qorunur. Bizim münasibətləri hökumətlər müəyyənləşdirmir. Etnik-mədəni birliyə əsaslanan bu münasibətlərin dərin kökləri var.
Hülya MƏMMƏDLİ

Paylaş:
Baxılıb: 1076 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30