Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ulu öndərimiz Azərbaycanın həm də yeni tarixini yazıb

Ulu öndərimiz Azərbaycanın həm də yeni tarixini yazıb

26.08.2009 [01:24]

çingiz Abdullayev: Böyük şəxsiyyətləri tarix yetirir deyirlər. Heydər Əliyev isə sübut etdi ki, böyük şəxsiyyətlər tarixi yarada da bilərlər
Xalq yazıçısı çingiz Abdullayev bir qədər tərəddüd edir. Danışmaq, söhbət açmaq onun xarakterinə ziddir. özü demiş, yazıçının peşəsi yazmaqdır. Ona görə də, söhbətə uzaqdan başlayıram. Ən əvvəl ad günü ərəfəsində aldığı “Şöhrət” ordeninə görə onu təbrik edirəm. Uşaq səmimiyyəti ilə gülümsünür:
- Həmin gün 11 ölkədən teleqram aldım. Bolqarlar, qırğızlar məni təbrik edir, ölkələrinin ən yüksək ordenləri ilə təltif olunduğumu bildirirdilər. Hətta Rusiya kommunistləri “Lenin” ordeni almağım münasibəti ilə mənə təbrik ünvanlamışdılar. Ancaq təbii ki, məni ən çox sevindirən öz ölkəmin ordeninə layiq görülməyim oldu. Mən öz millətimlə, öz köküm və mentalitetimlə böyük fəxr duyuram. Və bu ənənəni Ulu öndər Heydər Əliyev öz təkrarsız həyatı və fəaliyyəti ilə millətimizə diktə edib. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra yad bir ölkənin mədəniyyətindən, dilindən, mənəviyyatından bəhrələnmişik. Hətta dinimiz qadağan olunmasa da, daim təqib edilib, nəzarətdə saxlanılıb. Başqa respublikalarda olduğu kimi, Azərbaycanda da assimilyasiya prosesini güclü şəkildə inkişaf etdirməyə çalışıblar. ölkə əhalisi iki hissəyə - rusdilli və azərbaycandillilərə bölünüb. Şəhərli, kəndli bölgüsü aparılıb. Və bütün bunlara Heydər Əliyev ilk dəfə hakimiyyətə gələndən sonra son qoyulub. Ulu öndər respublikanın hər yerində tarix-diyarşünaslıq və xatirə muzeylərinin yaradılmasına göstəriş verib. Mədəniyyət işçilərinə, yazıçılara xüsusi diqqət göstərməyə başlayıb. Sovet Sosialist Respublikaları İttifaqının Siyasi Bürosuna üzv seçiləndən sonra da Heydər Əliyev öz əqidəsindən, məsləkindən geri çəkilmədi. Əksinə, öz fəaliyyəti və varlığı ilə sübut edib ki, kiçik milləti də böyük millətlərlə bir sıraya çıxarmaq, onun adını dünyanın hər yerində tanıtmaq olar. Sizə bir misal gətirim. Eduard Şevardnadzenin Heydər Əliyevlə bir yerdə çalışdıqları - yəni, hər ikisinin Siyasi Büronun üzvü olduqları zaman gürcülərin hansısa milli məsələləri müzakirə olunurmuş. Gürcü ziyalıları Şevardnadzeyə müraciət edirlər ki, sən axı gürcüsən, niyə bizim tərəfimizdən çıxış etmirsən. Şevardnadze belə cavab verir ki, mən gürcüyəm, ancaq rus hökumətinə qulluq edirəm. Belə bir hadisə bizim millətçilikdə təqsirləndiyimiz Mikoyanın da başına gəlib və o da eyni cavabı verib. çünki sistem belə qurulmuşdu, başqa cür mümkün deyildi. Hətta bir zamanlar keçmiş SSRİ-nin rəhbəri İosif Stalin belə hər yerdə özünü rus kimi təqdim edib. Onun rəhbərliyi dövründə Moskvada gürcü mədəniyyəti günləri keçirilib. Gürcü yazıçılarından biri soruşub ki, İosif Vissarionoviç, mədəniyyət günlərimiz haqqında bir gürcü kimi nə deyə bilərsiniz? Stalin qayıdıb ki, mən rusam. Bu, tarixi bir faktdır.
Yəni, oranın ab-havası, yeridilən siyasət, aparılan təbliğat elə qurulmuşdu ki, o mərtəbəyə çatan hər bir vəzifə sahibinin bir amalı olurdu-Rusiya hökumətinə qulluq etmək. Ona görə də, Heydər Əliyev Moskvaya gedəndə azərbaycandakılar belə düşünməyə başladılar ki, hər şey bitdi. Amma Heydər Əliyev bu uçurumu aradan qaldırdı, bütün fəaliyyəti boyu Azərbaycan və azərbaycançılıq ideyasını təbliğ etdi. Həm də öz millətinə bu ideyanın daşıyıcısı olmağı aşıladı. Onu öyrətdi ki, insan yalnız öz millətinə güvənər, arxalanar, öz milləti ilə fəxr edər.
Söhbət axarına düşür və məqsədimi bildirirəm. Müsahibə Ulu öndərin hakimiyyətə gəlməsinin 40 illiyi münasibəti ilə hazırlandığından çingiz müəllim Heydər Əliyevlə bağlı xatirələrini danışmalıdır. çingiz müəllim Ulu öndərlə bağlı xatirələrinə və söhbətlərinə ona görə toxunmaq istəmir ki, zaman gələcək qatı açılmamış bu xatirələr, toxunulmamış bu söhbətlər onun Heydər Əliyevlə bağlı kitabının materialına çevriləcək.
Prezident və yazıçı...
- Bu gün hər kəs Heydər Əliyevlə bağlı xatirələrini danışarkən böyük sevinclə vurğulayır ki, bu dahi insanla yaxın dost olub. Qələm adamlarından, mətbuat işçilərindən bu haqda böyük məqalələr yazanlar da var. Jurnalist, Milli Məclisin üzvü Elmira Axundovanın “Şəxsiyyət və zaman” kitabı bu baxımdan çox diqqətə layiqdir. Amma bir məsələ var: Ulu öndər Heydər Əliyev hər bir kəsin, hər bir azərbaycanlının dostu idi. Bu insanda o qədər səmimiyyət, o qədər inam vardı ki, hətta küçədə Ona yaxınlaşan kiçik uşaqla da dərhal ünsiyyət qurur, münasibət yaradırdı. Mən inanıram ki, bu gün bir çox azərbaycanlının evində onun Ulu öndərlə bir yerdə çəkilmiş fotoşəkli var. Müxtəlif gəzinti vaxtları, bayramlarda Bakının küçələrinə çıxarkən, rayonlara səfərləri zamanı onlarla adam ölkənin rəhbəri ilə görüşmək, Onunla şəkil çəkdirmək, Ona dərdini demək istəyirdi və işlərinin nə qədər çox olmasına baxmayaraq, Ulu öndər bu görüşlərdən heç vaxt imtina etmirdi. Bu mənada Heydər Əliyev hər kəsin dostu idi.
O ki qaldı bizim görüşlərimizə, sıx-sıx da olmasa, bir neçə dəfə görüşmüşdük. Yazıçılar Birliyinin müxtəlif tədbirlərində Onun çıxışlarını dinləmişdim. Təbii ki, bütün bu görüşlər rəsmi xarakter daşıyırdı. Bir gün isə..
Maqsud İbrahimbəyovun yubileyi qeyd olunurdu. Heydər Əliyev də adəti üzrə orada iştirak edirdi. Ona görə adəti üzrə deyirəm ki, Ulu öndər yazıçı və şairlərə, ümumiyyətlə, sənət adamlarına həddindən artıq diqqətlə yanaşır, onların bütün problemləri ilə maraqlanır və toplantılarında iştirak etməyə çalışırdı. Rəsmi hissə bitəndən sonra biz banket zalına toplaşdıq. Hiss etdim ki, yazıçılar Heydər Əliyevlə bağlı nəyisə müzakirə edirlər. Sonra öyrəndim ki, Heydər Əliyev də banketdə iştirak edəcək. İndiyə qədər isə O heç kimin banketində iştirak etməmişdi. Məclis başladı, məclisi mən aparırdım. Danışmağa başladım, bir neçə tost dedim. Heç kim mənə bir söz deməyib, tutulub qalmışam, bilmirəm ki, Heydər Əliyevə söz versəm necə qarşılayar. Düşündüm ki, Heydər Əliyev bizim qonağımızdır və mən Ona söz verməklə heç bir etik normanı pozmuram. Heydər Əliyevə yaxınlaşdım ki, “Siz danışacaqsınız”? Gülə-gülə “sən imkan verirsən ki”, dedi. Məclisdən gülüşmə qopdu. Və səmimi bir ab-hava yarandı.
Ondan sonra ikinci görüşümüz Yusif Səmədoğlunun yubileyində oldu. Kitablarımı oxuduğunu özü söyləmişdi. Və söhbətlərimiz əsasən siyasətdən və mənim yaradıcılığımdan olurdu. “Qanın üç rəngi” romanım çapdan çıxanda Ulu öndər Heydər Əliyevə də göndərmişdim. Kitab Şevardnadzenin Bakıya gəlişinə və xarici kəşfiyyatın prezidentlərin görüşü zamanı hazırladıqları sui-qəsd planına həsr edilmişdi. İçərisinə yazmışdım ki, “Vətən qarşısındakı xidmətlərinizə görə Sizə minnətdarlığımı bildirirəm”. Yazıya görə mənə irad tutanlar da oldu. Amma mənə elə gəlir ki, bu gün Ulu öndər, dahi şəxsiyyət və dünya şöhrətli siyasətçi Heydər Əliyevə hər bir azərbaycanlı minnətdardır. Heydər Əliyev kitabı oxuyan kimi mənə zəng vurdu. Xeyli söhbət etdik və kitabla bağlı söhbətimiz təkcə telefon zəngi ilə bitmədi. Mən kitabı yazarkən çox qəribə məqamların şahidi oldum. Hardakı sui-qəsdçilər dəqiq hesablamalar aparıb pusqu qurmuşdular, orada elə bil ki, gözəgörünməz bir əl Heydər Əliyevi qorumuş, Onu təhlükələrdən uzaqlaşdırmışdı. Məsələn, Prezidentin təyyarəsinin raketlə vurulması planı ona görə baş tutmamışdı ki, küləyin istiqamətinə görə təyyarə də öz uçuş istiqamətini dəyişmişdi. Həmin təyyarədə Prezidentlə yanaşı, bizim qocaman şairimiz Fikrət Qoca da vardı. Və onu deyim ki, Heydər Əliyevin həyatında belə məqamları öyrəndikcə, məndə Ulu öndərlə bağlı mistik bir təsəvvür formalaşmağa başlayırdı.
Atalar və oğullar
- Heydər Əliyev çox dahi şəxsiyyət idi və bunu Onun fəaliyyətinə az-çox bələd olan hər kəs bilir, bütün dünya etiraf edir. O hakimiyyətə ikinci dəfə gəlişi ilə nəinki Azərbaycanı məhv olmaqdan xilas etdi, eyni zamanda, ölkəmizin ən yeni tarixini yazdı. Erməni işğalçılarının hücumları, rayonlarımızın bir-birinin ardınca işğalı, daxili hərc-mərclik, siyasi çəkişmələr və milli münaqişə. Xatırlatmaq istəməsəm də ölkənin içərisində qondarma bir respublikanın yaradılması artıq Azərbaycanın şəksiz məhv olması demək idi. Biz ziyalılar əsəbləşirdik, müzakirələrimiz zamanı niyə silaha sarılmaq əmri verilmir deyə təəccüblənirdik. Sonra hadisələrin inkişaf tempi enməyə başladı, atəşkəs elan olundu, qondarma respublika su üzərindəki qovuq kimi partlayıb yoxa çıxdı, ölkənin sakit həyatı bərpa edildi, beynəlxalq layihələrə imza atıldı. Mən bir yazar kimi hələ da araşdırıram, düşünürəm, müxtəlif versiyaları öyrənirəm və hələ də başa düşə bilmirəm ki, Heydər Əliyev bütün bu müvəffəqiyyətlərə silaha əl atmadan, qan tökmədən necə nail oldu? ümumiyyətlə, Ulu öndərin özünəməxsus keyfiyyətləri vardı. Yenə misal çəkəcəm: bir verilişdə Şevardnadzedən soruşdular ki, siz heç siyasi fəaliyyətiniz zamanı səhvə yol vermisinizmi? Cavab belə oldu ki, “çox səhvə yol vermişəm, kaş tarixin təkərini geri fırlatmaq mümkün olaydı və mən öz səhvlərimi düzəldib vicdan əzabından qurtaraydım”. Heydər Əliyevə həmin sualla müraciət edəndə dedi ki, “mən hələ verdiyim qərarların birində də yanılmamışam, nə etmişəmsə düz etmişəm və indi də hər sözümün üstündə dururam”. Azərbaycanın ən yeni tarixini məhz belə bir şəxsiyyət, belə bir siyasətçi yaza bilərdi. çünki Azərbaycanın ötən əsrdə üzləşdiyi vəziyyət ən kiçik bir səhvin nəticəsində böyük fəlakətə gətirib çıxaracaqdı.
Heydər Əliyev tarixin ənənəsini də pozdu. Böyük şəxsiyyətləri tarix yetirir deyirlər. Heydər Əliyev isə sübut etdi ki, böyük şəxsiyyətlər tarixi yarada da bilərlər.
Tarixdə daha bir ənənə-atalar və oğullar ənənəsi var. Bu bir həqiqətdir ki, tarixən oğullar ataların qurduqlarını dağıdıblar, məhvə sürükləyiblər. Tarixdə atasının davamçısı olan oğul obrazı yoxdur. İvan Qroznını, Henri Navarskini, Teymurləngi, onlarla başqa fatehləri xatırlayaq. Bütün qurduqları xələfləri tərəfindən dağıdılıb, məhv edilib. Tarixdə atasının davamçısı, siyasi varisi olmağı bacaran çox nadir insanlardan biri Azərbaycanın dövlət başçısı, cənab İlham Əliyevdir ki, atasının ideyalarını şərəflə həyata keçirir. Və nəinki həyata keçirir, daha da inkişaf etdirir. Bu inkişaf və sabitlik qonşu ölkələrlə müqayisə də daha qabarıq nəzərə çarpır.
- Maraqlı söhbətə görə, təşəkkür edirik.
KƏBUTƏR

Paylaş:
Baxılıb: 984 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30