Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / AZƏRBAYCAN: MULTİKULTURALİZM VƏ TOLERANTLIĞIN UNİKAL MƏKANI

AZƏRBAYCAN: MULTİKULTURALİZM VƏ TOLERANTLIĞIN UNİKAL MƏKANI

29.04.2016 [10:00]

Bəşəriyyət tarix boyu qarşısına ali məqsədlər və hədəflər qoymuşdur. Qlobal məqsəd çoxmədəniyyətli cəmiyyət, çoxmədəniyyətli məkan yaratmaqdır. Mədəni eyniyyət axtarışları və onun qorunub saxlanılması cəhdləri inkişafın xüsusi mədəni strategiyaları fonunda əvvəllər formalaşmış konsepsiyalara yenidən baxmaq zərurəti yaradır və nəticə etibarilə ölkələrin milli həyatının bir çox aspektləri ümumdünya kontekstində nəzərdən keçirilir.
Multikultural cəmiyyətin formalaşması və inkişafı tarixi təkamülün xüsusiyyətləri ilə, sosial amillər kompleksi ilə şərtlənir. Bu prosesdə cəmiyyətdəki demokratiya səviyyəsi mühüm rol oynayır.
Multikulturalizm sosiumun etnomədəni fraqmentasiya fenomenidir, ideoloji və siyasi sferada liberal mədəni müxtəliflik prinsipinə dayaqlanmaqla irqi ayrı-seçkiliyin aradan qaldırılmasına, müxtəlif etnik azlıqların milli çoxluqla bərabərliyinin bərqərar olmasına yönəlmişdir. 1960-cı illərin sonunda termin kimi Kanadada dövriyyəyə daxil olan “multikulturalizm” ilk dövrlərdə yalnız instrumental funksiya daşımışdır. 1971-ci ildə rəsmi termin kimi dövlətin bütün mədəni və dil qruplarından olan vətəndaşların müraciətlərinə daha həssas yanaşmasını hədəfləyən yeni hökumət proqramını ifadə etmişdir. Bir müddət sonra isə Avstraliya hökuməti multikulturalist siyasətə üstünlük verməklə immiqrantların perspektivsiz assimilyasiyasına və “rənglilər”ə qarşı irqi ayrı-seçkilik siyasətinə son qoydu.
Bu iki ölkədə məsələyə yanaşmada fərq onda idi ki, Kanada etnik icmaların qorunub saxlanılmasına və inkişafına səy göstərirdi, Avstraliya isə fərdlərin mədəni mənsubiyyət seçimində və cəmiyyətə inteqrasiyasında azadlığı təmin edirdi. İsveç də analoji yol seçərək miqrantlara və ölkədəki etnik azlıqlara münasibətdə multikulturalist siyasətə üstünlük verdi. Hər üç dövlət multikultural demokratik yanaşma sərgiləyərək irqi ayrı-seçkiliyə qarşı mübarizə aparır, etnik azlıqların yaratdığı qeyri-hökumət təşkilatlarını dəstəkləyir, miqrantların və azlıqda qalan xalqların öz dilində məktəblər açır, tolerantlığı təşviq edirdi.
ABŞ-da vəziyyət fərqli idi. Bu ölkə anqlo-saksonlar və miqrantlar üçün “əridici qazan” rolunu oynasa da, bütün hallarda üstünlük anqlo-saksonlara verilirdi. 1970-ci illərin əvvəlindən başlayaraq ABŞ-da multikulturalizm hökumətin təşəbbüsü kimi deyil, kütləvi müzakirələrin istiqaməti olaraq təşəkkül tapdı. Burada irqi ayrı-seçkiliklə mübarizəyə və dövlətin “qaradərili”ləri dəstəkləməsinə hamıdan əvvəl etnik dirçəliş şüarını irəli sürən və mədəni müxtəlifliyin kütləvi tanınmasını tələb edən miqrant azlıqlar qalxdılar.
“Əridici qazan” siyasətinin multikulturalizm ideologiyası ilə əvəzlənməsində “Vətəndaş hüquqlarına dair Qanun”un və “İmmiqrasiya haqqında Qanun”un qəbulu mühüm rol oynadı. Bu qanunların qəbulundan sonra ölkədə anqlo-saksonların mövqeyi xeyli zəiflədi, immiqrasiya sürətləndi, milliyyətindən, irqindən və dinindən asılı olmayaraq, vətəndaşların hüquq bərabərliyi təmin olundu. Lakin diferensiallaşmış inkorporasiyadan tam xilas olmaq müşkül məsələ idi. Belə ki, əcnəbilərin qəbulu və inteqrasiyası prosesi bəzi hallarda onların etnik və dini əlamətlər üzrə bölgüsünü, etnik təmayüllü maarifləndirici proqramların dəstəklənməsini nəzərdə tuturdu.
Qərb ölkələrinin əksəriyyətində multikulturalizm məfhumunun dərk olunma və yanaşma ssenariləri oxşardır. Hökumət siyasəti kimi multikulturalizm haqqında ümumiləşdirilmiş təsəvvürə görə multikulturalizm iki təhlükədən - diferensiallaşmış inkorporasiyadan (sosial istisnalıqdan) və məcburi assimilyasiyadan qaçmağa imkan verən kompromis strategiyadır. Bu termin bir çox parametrlərinə görə fərqli sosial şəraitləri, təmsilçilik strategiyalarını, hakimiyyət texnologiyalarını əhatə edir.
Dünyanın müxtəlif regionlarında multikultural mənzərə bir-birindən xeyli fərqlidir. XX əsrin sonlarında sosializm düşərgəsinin dağılması, SSRİ-nin süqutu Şərqi Avropada və postsovet məkanında müəyyən ziddiyyətləri və qarşıdurmanı gücləndirdi. Böyük güclərin təzyiqi altında sovet avtarkiya dövlətinin çökməsi, P.Senarklinin təbirincə desək, “Şərq və Qərb arasında barışığın perspektivi barədə utopiyanı gerçəkliyə çevirmədi”. Əksinə, müxtəlif regionlarda böhranlar, münaqişələr, hökmranlıq və zorakılıq münasibətləri daha kəskin şəkildə təzahür etdi.
SSRİ-nin siyasi subyekt kimi dünya xəritəsindən silinməsindən sonra Qərbin və Avrasiya məkanının yaxınlaşması ənənəçi sivilizasiya ilə texnogen sivilizasiyanın toqquşmasına səbəb oldu. Çünki bu sivilizasiyalar müxtəlif vektorlu mahiyyət daşıyırdı. Texnogen sivilizasiya suveren şəxsiyyətin rifahı naminə inkişaf və tərəqqini, ənənəçi sivilizasiya fərdiliyin boğulmasını, fərdin ənənəvi sosial-siyasi təsisat və münasibətlərə məcburi inkorporasiyasını ali məqsəd kimi qarşıya qoymuşdu.
1969-cu ildə Azərbaycanın rəhbəri seçilən Heydər Əliyevin bir lider kimi məqsədi və məramı təkcə ölkəni inkişaf etdirmək deyildi. O, gələcəyi öncədən görür, Kremlin sezə bilməyəcəyi tərzdə yeni inkişaf modeli yaradırdı. Aşkar müxalifətçilik təzahürü təhlükəli olduğundan, reallaşdırılan proqramların məqsəd və mahiyyəti rejimin siyasi-ideoloji tələbləri nəzərə alınmaqla məharətlə pərdələnirdi.
Ulu öndər Heydər Əliyev haqlı olaraq qeyd edirdi ki, 1991-1993-cü illərin tarixi təcrübəsi göstərdi ki, postsovet məkanında müstəqilliyini bəyan etmiş ölkələrdə dövləti kortəbii, situativ şəkildə idarə etməyə, ictimai şüuru zorakılıqla ideologiyasızlaşdırmağa can atmaq olduqca təhlükəlidir. Cəmiyyətdə ideya olmadıqda, dövlətin və millətin siyasi-iqtisadi və mənəvi inkişafının əsaslarını təşkil edən ideoloji oriyentirlər olmadıqda boşluq yaranır, dövlətçiliyin formalaşması prosesi real təhlükə ilə üzləşir. Odur ki, keçmiş və gələcək haqqında dərindən düşünmək, ölkənin və xalqın mənafeyini nəzərə almaqla yeni strategiya işləyib hazırlamaq lazımdır.
Məşhur rus yazıçısı, ictimai-siyasi xadimi Aleksandr Soljenitsın da yeni cəmiyyət quruculuğuna böyük məsuliyyətlə yanaşmağı tövsiyə edirdi: “İndi belə bir özünütəlqin var ki, bizə heç bir xüsusi yol düşünmək lazım deyil, Qərbdə necə edilirsə, onu tezliklə, eləcə də götürmək lazımdır. Lakin Qərbdə hər ölkənin öz ənənəsi vardır”.
Demokratik dövlət kimi Azərbaycan hüquqi və demokratik əsasları möhkəmləndirmək istiqamətində uğurla irəliləyir. Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğuna nail olmaq siyasi hakimiyyətin əsas məqsədidir. Kütləvi informasiya vasitələrinin, qeyri-hökumət təşkilatlarının, birlik və assosiasiyaların sərbəst fəaliyyət göstərməsi, bütün etnik qrup və azlıqların inkişafının təşviq olunması, söz, iradə, fikir, dini etiqad azadlığının konstitusiyada təsbit olunması müasir Azərbaycanın reallığıdır. Tolerantlıq və dözümlülük vətəndaş cəmiyyətində siyasi dialoqun ən mühüm elementinə çevrilmişdir.
Ümummilli lider xüsusi vurğulayırdı ki, müasir dünya bir-biri ilə qarşılıqlı surətdə bağlı, qarşılıqlı asılı olan dövlətlərdən, cəmiyyətlərdən və fərdlərdən ibarət sürətlə inkişaf edən məkandır. İndustrial epoxadan postindustrial epoxaya keçid multikultural dəyərlərin ön plana çıxarılmasını şərtləndirir.
Əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycan bütün parametrlər, həyat tərzi və mədəniyyət baxımından həmişə Avropanın tərkib hissəsi olmuşdur. Avropa İttifaqının məsuliyyət zonasının genişlənməsi prosesə cəlb olunmuş dövlətlərin fəallığının artırılmasını tələb edir. Azərbaycan iki böyük Avropa qurumunun - Avropa Şurasının və ATƏT-in üzvüdür, hərbi-siyasi müstəvidə Avroatlantik məkanda təhlükəsizliyin qarantı sayılan NATO ilə əməkdaşlığı getdikcə genişləndirir. Odur ki, ölkə həyatının bütün sahələrində Avropa dəyərlərinin komponentləri qabarıq təzahür edir.
Azərbaycan polietnik dövlətdir. Bu səbəbdən də ölkəmizdə fərqli baxışların, adət-ənənələrin olması, bütün etnik qruplara tolerant münasibət bəslənməsi təbiidir. Burada titul millətlə yanaşı, avtoxton milli azlıqlar - udinlər, ingiloylar, talışlar, ləzgilər, qırızlar, xınalıqlılar, buduqlar, tatlar, həmçinin başqa xalqlara mənsub insanlar - ruslar, ukraynalılar, yəhudilər, kürdlər, yunanlar, almanlar, tatarlar və qeyriləri vahid ailə kimi dostluq və mehribanlıq şəraitində yaşayırlar. Bütün etnik qrupların icmaları sərbəst fəaliyyət göstərir, öz dilini və mədəniyyətini inkişaf etdirir.
Dağ yəhudilərinin yaşadığı Qırmızı qəsəbə, molokan kəndi İvanovka, udin kəndi Nic, məşhur Xınalıq kəndi milli azlıqların yığcam yaşadığı məskənlərin yalnız bir qismidir. Ümumtəhsil məktəblərinin ibtidai siniflərində etnik qrupların, milli azlıqların doğma dilləri tədris olunur, bu dillərdə dərs vəsaitləri, həmçinin müxtəlif kitablar, qəzet və jurnallar nəşr edilir, milli teatrlar, özfəaliyyət kollektivləri fəaliyyət göstərirlər. Əsrlərin dərinliklərindən başlayaraq formalaşmış mədəni simbioz hər zaman diqqət mərkəzində olmuş, titul millət tərəfindən dəstəklənmiş, daim qayğı ilə əhatə olunmuşdur.
Ulu öndər Heydər Əliyev ölkədə multikultural dəyərlərin qarantı olduğunu müstəqil Azərbaycanın Prezidenti kimi and içərkən 1993-cü il oktyabrın 10-da bəyan etmişdi: “Azərbaycan çoxmillətli respublikadır. Bu, respublikanın səciyyəvi cəhətidir. Bunun böyük tarixi var və bu tarixlə, respublikanın bu ictimai-siyasi mənzərəsi ilə biz fəxr edirik. Respublikamızda bütün vətəndaşlar dini və milli mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqa malikdirlər və bundan sonra da bütün vətəndaşların bərabər hüquqla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında iştirak etməsi üçün imkanlar yaradılacaqdır”.
Bu gün Azərbaycanın bütün dünyada tolerant ölkə, multikulturalizm mərkəzi kimi tanınması respublikanın daxili və xarici siyasətinin məntiqi nəticəsi, azərbaycanlıların zəngin mentalitetinin, milli dəyərlərinin bəşəri xarakter daşımasının etirafıdır. Heydər Əliyev təlimində milli konsepsiya burada yaşayan, öz taleyini bu torpağa bağlayan, müxtəlif dinlərə etiqad edən insanlar arasında sədd çəkmir, əksinə, onları birləşdirir, sülh, əmin-amanlıq, rifah müstəvisində cəmləşdirir: “Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası da - bütünlükdə hamısı azərbaycanlıdır. “Azərbaycanlı” sözü bizi həmişə birləşdirib”.
Çoxmillətli, çoxkonfessiyalı Azərbaycanda kilsələrin, sinaqoqların, məscidlərin, digər dini məbədlərin, mədəniyyətlərin yanaşı mövcudluğu, qarşılıqlı əməkdaşlığı və zənginləşməsi Azərbaycanın tolerant ölkə imicini qorumasının parlaq sübutudur. Azərbaycanda əsrlər boyu onlarca etnik qrup tərəfdaşlıq və qardaşlıq ruhu sərgiləyərək, sülh, əmin-amanlıq şəraitində öz inkişaf yolunu davam etdirmişdir.
Ötən dövr ərzində ölkəmizdə siyasi, iqtisadi, sosial islahatların həyata keçirilməsi, respublikanın beynəlxalq birliyə tamhüquqlu üzv qəbul olunması üçün hüquqi baza yaradılması dövlətçilik tariximizdə təqdirəlayiq uğurdur. 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiyanın 12-ci maddəsinin 1-ci və 2-ci bəndlərində, 29, 60, 63, 65, 67, 71 və 151-ci maddələrində insan hüquqları və azadlıqlarının konstitusion əsasları öz əksini tapmışdır. Sənədin 12-ci maddəsində insan və vətəndaş hüquqlarının, azadlıqlarının təmin olunması dövlətin ali məqsədi kimi təsbit olunmuşdur.
Demokratik dəyərlərə və insan hüquq və azadlıqlarına hər zaman sədaqət nümayiş etdirən Ulu öndər Heydər Əliyev hələ 1998-ci il fevralın 22-də “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman imzalamışdır. Bu Fərmanın davamı olaraq, Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq olunmuşdur. Demokratik hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşması, insan hüquqlarının səmərəli müdafiəsi istiqamətində reallaşdırılan çoxsaylı tədbirlər nəticəsində ölkədə tolerantlıq daha da güclənmiş, multikultural müstəvidə önəmli keyfiyyət dəyişikliyi baş vermişdir.
1994-cü ilin fevralında İstanbulda “Sülh və səbir” devizi altında keçirilmiş beynəlxalq dini konfransın bir qrup iştirakçısı ilə görüşən Ümummilli lider Heydər Əliyevin nitqi zamanın çağırışlarına siyasi elitanın adekvat cavabı kimi səslənmişdir: “İyirminci əsrin son mərhələsində dünyanın müxtəlif regionlarında sülh pozulmuş, insanlar arasında, ayrı-ayrı qruplar arasında toqquşmalar, vuruşmalar, müharibə gedir və bunların hamısı insanların rahat yaşamasına mane olur. Əsrimizin sonunda dünyada gedən ictimai-siyasi prosesləri təbii hesab edərək, heç vəchlə razılaşmaq olmaz ki, bu proseslər müharibə yolu ilə, toqquşmalar yolu ilə, qan tökmək yolu ilə getsin. Yer üzərində yaşayan insanlara Allahın ən böyük tövsiyəsi ondan ibarətdir ki, onlar bir-biri ilə xoş məramda, sülh şəraitində, bir-birinə qarşılıqlı ehtiram şəraitində yaşasınlar”.
Xalqımızın tolerantlıq kimi mental dəyərlərindən sui-istifadə edən Ermənistanın təcavüzkar siyasəti, torpaqlarımızın işğalı şəraitində Ümummilli lider Heydər Əliyevin bu çağırışı, heç şübhəsiz ki, vətənpərvərlik tərbiyəsinin sosial-fəlsəfi təməlinin möhkəmləndirilməsinə xidmət edir, fərdlərin və cəmiyyətin ictimai şüurunda ciddi pozitiv dəyişikliyə təkan verir.
Ulu öndər 2000-ci il dekabrın 29-da yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində ölkə qarşısında duran strateji xətti belə müəyyən etmişdir: “Bəşəriyyətin qədəm qoyduğu müasir inkişaf mərhələsində öz layiqli yerimizi tapmaq üçün gərək biz zamanın tələbləri ilə uyğunlaşa bilək, qarşımızda duran bir çox ciddi problemləri həll etməyə qadir olaq, ümdə vəzifələrimizə uyğun müxtəlif proqramları həyata keçirməyə nail ola bilək”.
Azərbaycanda yaşayan bütün xalqlar öz gələcək taleyini Ümummilli liderin alternativsiz inkişaf strategiyasına bağlamışdır və gələcək arzularının gerçəkləşməsini məhz bu siyasi xəttin davamında görür.
Avropa Şurasının “Əsas azadlıqların və hüquqların qorunmasına dair Konvensiya”sı, BMT-nin “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt”ı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Helsinki Müşavirəsinin Yekun Aktı”, Avropa Şurasının “Milli azlıqların müdafiəsi üzrə Çərçivə Konvensiyası” Heydər Əliyevin milli və multikulturalizm siyasətinin təməlində duran mühüm sənədlərdir. Bu sənədlərin müddəalarını daim diqqət mərkəzində saxlayan Ümummilli lider deyirdi: “Azərbaycan çoxmillətli respublikadır, çoxmillətli ölkədir. Burada əsrlər boyu bir çox millətlər birgə yaşayıblar, yaşayırlar və bundan sonra da yaşayacaqlar. Bütün millətlərə mənsub olan Azərbaycan vətəndaşlarının hamısı respublikamız üçün doğmadır və Azərbaycan da onlar üçün doğma Vətəndir”.
Bu gün Azərbaycanda milli azlıqların nümayəndələri dövlət strukturlarının bütün pillələrində geniş təmsil olunmuşlar. Parlamentdə bir çox etnik qruplar və xalqların nümayəndələri, o cümlədən rusların, talışların, ləzgilərin, tatların və digərlərinin təmsilçiləri də yer almışlar.
Artıq neçə illərdir ki, ölkəmiz Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülmüş “Bakı prosesi” çərçivəsində Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edir. “Bakı prosesi” dövlət başçısının dünya xalqları və mədəniyyətləri arasında qarşılıqlı hörmət və anlayışı əməkdaşlıq və dialoqu təşviq edən platforma və layihələri birləşdirməyə xoşməramlı çağırışıdır. Müasir dünyada irqi, mədəni, milli və dini qarşıdurmanın gücləndiyi, ekstremist düşüncə tərzinin sürətlə yayıldığı bir zamanda bu forumların keçirilməsi Azərbaycanın multikultural resurslarının, tarixən formalaşmış birgəyaşayış ənənələrimizin beynəlxalq model kimi təqdim olunmasına və ölkəmizin tolerantlıq, dözümlülük kimi üstün dəyərlərinin təbliğinə yönəlik interkultural fəaliyyətidir.
Təqdirəlayiq haldır ki, 2008-ci ilin dekabrında Bakıda keçirilən Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfransına 10 İslam dövləti də dəvət olunmuş və beləliklə, yeni bir format yaranmışdır.
2009-cu ildə Bakıda keçirilən İslam ölkələrinin mədəniyyət nazirlərinin VI konfransına isə Azərbaycanın təşəbbüsü ilə 10-dan artıq Avropa ölkəsi də qatılmış, konfransın ilk günü “Mədəniyyətlərarası dialoq” mövzusunda “dəyirmi masa” təşkil olunmuş, birgə kommünike qəbul edilmişdir.
2010-cu ilin sentyabrında BMT Baş Məclisinin 65-ci sessiyasında Prezident İlham Əliyev Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə dair ölkəmizin təşəbbüsünü bəyan etdi: “Azərbaycan bütün dövrlərdə müxtəlif dinlər, etnik qruplar və fəlsəfələr arasında birgə yaşama və dözümlülük məkanı olmuşdur. Sivilizasiyalar İttifaqının Dostlar Qrupunun fəal üzvü kimi, Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqinə qarşılıqlı hörmət və anlaşma əsasında töhfə verir. Azərbaycan bu ilin yazında 32 dövlətin dini rəhbərlərinin Ümumdünya Sammitini təşkil etmiş, 2011-ci ilin aprelində Mədəniyyətlərarası Dialoq naminə Ümumdünya Forumunu keçirmək qərarına gəlmişdir.
Azərbaycan inkişaf edən və ən az inkişaf etmiş dövlətlərin, eləcə də təbii fəlakətlərdən əziyyət çəkən ölkələrin üzləşdiyi çətinliklərin aradan qaldırılması və zəruri ehtiyaclarının təmin edilməsinə xüsusi diqqət yetirəcək, hamı üçün davamlı inkişaf və qlobal çiçəklənmənin təşviqinə tam dəstəyini nümayiş etdirir...”
Qeyd edək ki, 2011-ci ilin aprelində Azərbaycan Prezidentinin himayəsi ilə Birinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu yüksək səviyyədə keçirildi. UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, İSESCO kimi nüfuzlu təşkilatlar forumun əsas tərəfdaşı idilər.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili barədə” 2011-ci il 27 may tarixli Fərmanına əsasən, forumun hər iki ildən bir keçirilməsi qərara alındı. Məqsəd ölkəmizin İslam dünyası ilə Qərb sivilizasiyası və digər mədəniyyətlərin daşıyıcısı olan xalqlar arasında dialoqun və etimadın möhkəmləndirilməsində mühüm rolu nəzərə alınmaqla, müxtəlif mədəniyyətlər arasında qlobal platforma təsis etmək, Azərbaycan xalqının tolerant mədəniyyətini, tarixi ənənələrini dünyaya tanıtmaq idi.
2015-ci ilin mayında “Müştərək təhlükəsizliyimiz üçün mədəniyyətləri paylaşaq” devizi altında keçirilmiş Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Müştərək təhlükəsizlik üçün mədəniyyətləri paylaşaq - yumşaq güc”, “Ekstremizmə qarşı mübarizədə dini plüralizm və dəyərlərin qorunması”, “Beynəlxalq təşkilatların mədəniyyətlərarası dialoqun qurulmasında rolu və əməkdaşlığı” mövzularında plenar-sessiyalar, mədəniyyət paytaxtlarının dialoqu tədbiri Azərbaycan dövlətinin təşəbbüsünün beynəlxalq status qazanmasının əyani sübutudur.
Azərbaycanın təcrübəsi göstərir ki, etnik azlıqların və “titul millət”in vəziyyətindəki fərqliliklərin təhlili milli və konfessional münasibətlərin obyektiv mənzərəsinin üzə çıxarılmasına, yaranmış problemlərin həllinin yeni modellərinin seçilməsinə imkan verir.
Bakıda Rus Pravoslav Baş Kafedral Kilsəsinin bərpası, “Müqəddəs Məryəm” katolik kilsəsinin yenidən qurulması, Roma-Katolik Kilsəsinin inşası, sinaqoqların bərpası və tikintisi, məscidlərin tikintisi və bərpası mədəniyyətlərarası və dinlərarası dialoqun təşkilinə müsbət təsir göstərdi. Bu sahədə görülən işlərə Almaniyanın Azərbaycandakı sabiq səfiri Klaus Qrevlix “Cənubi Qafqazda tolerantlığın formalaşmasında İslamın rolu” mövzusunda seminarda çıxış edərkən yüksək qiymət vermişdir: “Dövlət və din münasibətləri sahəsində Azərbaycan modeli başqa ölkələrə də ixrac edilə bilər. Dini tolerantlıq və dözümlülük sizin malik olduğunuz zənginlikdir”.
Dünyada sivilizasiyalararası dialoq sahəsində ciddi problemlərin yaşanması, bu fonda münaqişələrin artması, konkret olaraq Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasəti Azərbaycana böyük zərbə vurmuşdur. UNESCO-nun Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda çıxış edən Prezident İlham Əliyev yüksək tribunadan reallıqları bəyan etmişdir: “Müstəqillik illərinin lap əvvəlindən Azərbaycan erməni təcavüzünün qurbanına çevrilmişdir. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin Ermənistan tərəfindən işğalı bu günə kimi davam edir. Ermənistan tərəfindən yürüdülən etnik təmizləmə siyasəti nəticəsində 250 min azərbaycanlı Ermənistandan deportasiya olunmuş və etnik təmizləməyə məruz qalmışdır, 750 min nəfər isə ölkəmizdə məcburi köçkünə çevrilmişdir.
Biz humanitar fəlakətlə üzləşmişik... Azərbaycanın 600-dən çox tarixi və memarlıq abidəsi erməni silahlı qüvvələri tərəfindən məhv edilmişdir. Daxilində 40 min eksponat sərgilənən 22 muzey məhv edilmişdir. O cümlədən bizim tarixi irsimizə aid olan qiymətli nümunələr muzeylərdən oğurlanaraq sonradan müxtəlif hərraclarda satılmışdır. Erməni işğalçıları tərəfindən 10 məscid yerlə-yeksan olunmuşdur. Buna baxmayaraq, siz bu gün Bakının mərkəzində Azərbaycan hökuməti tərəfindən bərpa olunmuş erməni kilsəsini görə bilərsiniz. Bu, multikulturalizmə olan yanaşmada bir fərqdir, dini tolerantlığa olan yanaşmada bir fərqdir”.
2015-ci ilin sentyabrında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda konfrans keçirilmiş və “Parisin ürəyində Azərbaycan musiqisi” adlı konsert təşkil olunmuşdur.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva konfransdakı çıxışında ölkəmizin sivilizasiyalararası dialoqa verdiyi töhfələrdən ətraflı bəhs etmişdir: “Dərin multikulturalizm köklərinə malik olan ölkə kimi Azərbaycan qlobal arenada bu dəyərlərin təşviqi üçün vacib rolunu oynamağa hazırdır. Ölkəmiz müxtəlif dini, mədəni və tarixi abidələrin qorunub saxlanılmasına da öz töhfəsini verir. 2012-ci ildə Parisdə dünyanın ən böyük muzeyi olan Luvr muzeyində İslam mədəniyyəti bölməsi açılmışdır. Azərbaycan bu bölmənin yaradılmasına öz töhfəsini vermişdir. Bu, əslində, bizim bütün İslam mədəniyyətinə verdiyimiz töhfədir.
Heydər Əliyev Fondunun dəstəyi ilə Romada müqəddəs katakombalar bərpa edilir. Vatikan tarixində ilk dəfədir ki, müsəlman ölkəsində fəaliyyət göstərən təşkilat Romada müqəddəs xristian abidələrinin bərpasına kömək edir. Paytaxt Bakıda yaşayan yəhudi uşaqlar üçün Fondun dəstəyi ilə “Xabad-Or-Avner” təhsil mərkəzi inşa edilib. Həmçinin Fond Azərbaycanda yerləşən katolik, pravoslav kilsələrin, sinaqoqların təmirinə öz töhfəsini verir.
Heydər Əliyev Fondu Fransada bir neçə iri layihə həyata keçirib. 2005-ci ildə Fond Strasburq Kafedral Kilsəsinin bərpasına maliyyə yardımı göstərib. Fond Fransanın müxtəlif regionlarında qədim kilsələrin bərpasında iştirak edir. Aşağı Normandiya regionunda 20-yə yaxın katolik kilsəsinin bərpasına Fond öz dəstəyini göstərib. Bütün bunlar sülh, dözümlülük, humanizm dəyərlərinin təbliği və təşviqinə, xalqlararası və dinlərarası əlaqələrin möhkəmlənməsinə xidmət edir”.
Multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanılması Azərbaycanda dövlət siyasətinin prioritetlərindən biridir. Elə bu səbəbdən də son illər multikulturalizm, sivilizasiyalararası və mədəniyyətlərarası dialoq mövzularına həsr olunmuş bir çox beynəlxalq tədbir məhz Bakıda keçirilir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev 2015-ci il iyulun 24-də “Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı şəhərində keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması haqqında” Sərəncam imzalamışdır. Forumla əlaqədar olaraq dövlətimizin başçısı 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etmişdir. Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması çoxmədəniyyətlilik, tolerantlıq və birgəyaşayışın ölkəmizdəki unikal modelinin təşviqinə Azərbaycan dövlətinin nə qədər böyük önəm verməsinin parlaq sübutudur. Şərqin qapısı sayılan Azərbaycan bu gün sürətlə planetin mədəni həyatının mərkəzinə çevrilir.
Həsən HƏSƏNOV
“Xalq qəzeti”nin baş redaktoru

Paylaş:
Baxılıb: 649 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31