Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Cənub qaz dəhlizi” milli təhlükəsizlik faktoru kimi

“Cənub qaz dəhlizi” milli təhlükəsizlik faktoru kimi

15.03.2016 [10:07]

Artıq enerji təhlükəsizliyi məsələsinin dünya siyasəti üçün ciddi aktuallıq kəsb etdiyini hamı etiraf edir. Son zamanlar qlobal siyasətdə müşahidə edilən qeyri-müəyyən proseslər fonunda həmin problem xüsusi məzmun çalarları almaqdadır. O cümlədən dövlətlər milli təhlükəsizliyin təmini üçün narahatlıq keçirirlər. Bu bağlılıqda “Cənub qaz dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı mütəxəssislərin böyük marağına səbəb oldu. Tədbirin Azərbaycanın paytaxtında təşkil edilməsi ayrıca iqtisadi-siyasi və geosiyasi məna daşıyırdı. Bununla Qərb təhlükəsizlik sisteminin formalaşmasında Azərbaycanın ciddi strateji rol oynadığı təsdiqlənmiş oldu. Bu barədə Avropa İttifaqının nümayəndələri tədbirdə rəy bildiriblər. Orada ölkə başçısı İlham Əliyev söylədiyi nitqində strateji əhəmiyyətli fikirlər ifadə edib.
Brüsselin siyasətində dəyişiklik: Avropa səhvini anlayır
Enerji təhlükəsizliyi məsələsi bütövlükdə dünya üçün çox aktual faktora çevrilib. Geosiyasi ziddiyyətlərin daha da kəskinləşməsi həmin problemə yeni məzmun çalarları verib. Mütəxəssislərin fikrinə görə, hazırda qlobal miqyasda təhlükəsizliyin təmini üçün enerji amili aparıcı rol oynayır. Avropa üçün isə bunun ayrıca əhəmiyyəti vardır. Bir tərəfdən Avropa İttifaqı daxilində böhranın artması, digər tərəfdən isə enerji faktorunun geosiyasi proseslərin birbaşa məzmununa təsir etməsi Qərb üçün ikiqat çətinliklər yaradıb. Bu kimi səbəblərə görə, fevralın 29-da Bakıda “Cənub qaz dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısına Avropa ölkələri böyük maraq göstərdi.
Bunu Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerini toplantıdakı çıxışında lakonik şəkildə belə ifadə edib: “Həm Maroş Şevçoviç (Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti nəzərdə tutulur - Newtimes.az), həm də mən bu layihənin Avropa İttifaqının enerji təhlükəsizliyi strategiyasının zəruri elementi olduğunu və energetika diplomatiyasının bizim xarici işlər və təhlükəsizlik siyasətimizin əsas hissəsini təşkil etdiyini bildirmək üçün buradayıq” (bax: Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı keçirilib / AZƏRTAC, 29 fevral 2016).
Brüsselin bu layihəyə böyük maraq göstərməsi təsadüfi deyil. Bunun müxtəlif səbəbləri haqqında KİV-də kifayət qədər informasiyalar gedib. Azərbaycan Prezidenti həmin toplantıda söylədiyi nitqində “Cənub qaz dəhlizi”nin iqtisadi və geosiyasi əhəmiyyətini geniş təhlil edib. Ölkə başçısı onu “Avropanın genişmiqyaslı infrastruktur və enerji layihəsi” adlandırıb (bax: əvvəlki mənbəyə). Bu fikirdə faktiki olaraq “Cənub qaz dəhlizi”nin enerji təhlükəsizliyinin təminində oynayacağı rol əks etdirilib.
Məsələ yalnız Avropa ölkələrinin enerji ilə təmin olunması ilə bağlı deyil. Layihəyə daha geniş kontekstdə qiymət vermək daha doğru olardı. Prezident İlham Əliyev çıxışında deyib: “Cənub qaz dəhlizi” layihəsi enerji təhlükəsizliyi layihəsidir. Bu gün enerji təhlükəsizliyi haqqında danışanda, biz anlayırıq ki, o, ölkələrin milli təhlükəsizliyinin bir hissəsidir” (bax: əvvəlki mənbəyə).
Deməli, söhbət bütövlükdə Qərbin milli təhlükəsizliyinin təmin olunmasından gedir. Etiraf edilməlidir ki, məsələyə bu cür yanaşma qlobal təhlükəsizlik sisteminin formalaşdırılması üçün ciddi əhəmiyyətə malikdir. Həmin bağlılıqda diqqəti iki məqama yönəltmək istərdik. Birincisi, Azərbaycan 1994-cü ildən bu yana Avropanın milli təhlükəsizliyi məsələsində təsirli rol oynamağa başlayıb. Bunun əsasını Ulu öndər Heydər Əliyev “Əsrin müqaviləsi” ilə qoyub. Bakı-Tbilisi-Ceyhan boru xəttinin istifadəyə verilməsi həmin istiqamətdə böyük addım idi.
“Əsrin müqaviləsi” və “Cənub qaz dəhlizi”: milli təhlükəsizliyin iki mərhələsi
Prezident İlham Əliyev söylədiyi nitqində reallıqda bu prosesin davamlı olduğunu xüsusi qeyd edib. O deyib: “Xatirimdədir, Azərbaycan hələ 1994-cü ildə “Azəri-Çıraq-Günəşli” kimi böyük neft yatağının işlənilməsi ilə bağlı dünyanın əsas neft şirkətləri ilə müqavilə imzalayanda hesab edirdik ki, bu layihənin həyata keçirilməsi, Qara və Aralıq dənizlərinə neft boru kəmərinin çəkilməsi ilə biz öz işimizi başa çatdıracağıq.
Lakin indi - həmin tarixi gündən 22 il keçəndən sonra görürük ki, proses yenə də davam edir. Nailiyyətlərimiz çoxdur. Hətta deyərdim ki, enerji sektorunda Azərbaycan hökuməti bütün vədlərini yerinə yetirdi və planlaşdırdıqlarının hamısına nail oldu. Lakin bu proses yenə də davam edir. Çünki bir layihənin arxasınca digər layihə yaranır” (bax: əvvəlki mənbəyə).
Bu cümlələrdə strateji əhəmiyyətli bir tezis ifadə edilib. Yəni 1994-cü ildə Azərbaycanla imzalanan müqavilələr geosiyasi mənzərə üçün nə dərəcədə əhəmiyyətli idisə, “Cənub qaz dəhlizi” də indi o dərəcədə əhəmiyyətlidir. 22 il bundan əvvəl Qərbin geosiyasi təhlükəsizliyində Azərbaycan ciddi rol oynadı və bu gün də Cənubi Qafqazda məhz Azərbaycan həmin rolu oynamaqdadır.
Buradan məntiqi olaraq belə nəticə çıxır ki, sovetlər dağılandan sonra Qərbin postsovet məkanında ən etibarlı və səmimi tərəfdaşı Azərbaycan olub! Bunun kökündə hər şeydən öncə, Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti dayanır. İndiki mərhələdə də Prezident İlham Əliyevin siyasi iradəsi, strateji düşüncə tərzi və reallığı düzgün qiymətləndirmə qabiliyyəti həmin məsələdə həlledici rol oynayır. Burada niyə məhz Azərbaycan rəhbərliyinin fəaliyyətinin vurğulanması səbəbini izah etməyə çalışacağıq. Artıq bu, yuxarıda qeyd etdiyimiz ikinci məqamın məzmununu təşkil edir.
Belə ki, son 22 ildə Avropa İttifaqı və ABŞ Azərbaycana qarşı daha çox ikili standartlar siyasəti yeridib. Bunun əlamətləri həyata keçirilən islahatların qiymətləndirilməsində və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün atılan addımlarda özünü göstərib. Hər iki istiqamətdə Vaşinqton və Brüssel müxtəlif bəhanələrlə ədalətli mövqe tutmayıblar. Hələ də işğalçıya zəbt etdiyi Azərbaycan ərazisindən çəkilməsi üçün lazımi təzyiq göstərilməyib.
Bunlara baxmayaraq, Azərbaycan Qərbə münasibətdə səmimiyyətini və səmərəli mövqeyini qoruyub saxlayıb. Yəni indi münasibətlərdə müşahidə edilən yeni dinamikanın əsas təminatçısı Qərb deyil, Azərbaycandır! Belə bir etibarlı tərəfdaşın haqlı tələblərini nəzərə almaq, onun təbii maraqlarının təmin edilməsinə yardımçı olmaq, sadəcə, Vaşinqton və Brüsselin borcudur. Proseslər bunun Qərbdə nə dərəcədə dərk edildiyini göstərəcək.
İndi onu vurğulayaq ki, Prezident İlham Əliyev rəsmi Bakının bundan sonra da Qərblə əlaqələrə ciddi əhəmiyyət verəcəyini tədbirdəki nitqində bir daha aydın ifadə edib. Dövlət başçısının söylədikləri böyük qürur hissi doğurur. Ölkə rəhbəri ifadə edib: “...Biz enerji əməkdaşlığını siyasi formatdan ayırmalıyıq. Yalnız bu halda biz uğur qazana bilərik. Fikrimcə, bu şəkildə qurduğumuz əməkdaşlıq bunu nümayiş etdirir. Biz “Cənub qaz dəhlizi” layihəsinin həyata keçirilməsinə sadiqik... Eyni zamanda, biz layihə üzvləri arasında olduqca möhkəm əməkdaşlıq quracağıq və bu işbirliyi iqtisadiyyatın digər sektorlarına aid olan sahələrdə də nailiyyətlərə imkan açacaq.
Bu layihə həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər baxımından vacibdir. Enerji təhlükəsizliyi əməkdaşlığımızın mühüm elementidir” (bax: əvvəlki mənbəyə).
Bu fikirlərdə real və sabit surətdə ardıcıl siyasətin mühüm bir aspekti öz ifadəsini tapıb. Əhəmiyyətlidir ki, Avropa İttifaqı da son zamanlar bunu dərk edir və müəyyən addımlar atmaqdadır. Xanım Federika Moqerini tədbirdəki çıxışında həmin kontekstdə fikir söyləyib. Avropa İttifaqı rəsmisi keçən ilin iyul ayında təşkilatın xarici işlər nazirlərinin görüşündə aparılan müzakirələrin bir fraqmenti haqqında danışıb. Onun sözlərinə görə, “...biz burada energetika diplomatiyası üzrə tədbirlər planı üzərində razılığa gəldik. Razılaşdıq ki, Avropa İttifaqının xarici siyasətində bizim enerji mənbələrimizin daha da şaxələndirilməsi üçün əhəmiyyət kəsb edən tərəfdaşlarımıza və təşəbbüslərimizə xüsusi prioritet verilsin” (bax: əvvəlki mənbəyə).
Bizcə, doğru qərardır. Qalır onun reallaşdırılmasında səmimilik nümayiş etdirmək. Ümid edirik ki, Avropa İttifaqı keçdiyi təcrübəni bir daha təhlil edib, “əhəmiyyət kəsb edən tərəfdaşlar”ına həqiqi mənada “xüsusi prioritet verəcək”. Brüsselin, əslində, başqa yolu yoxdur, çünki indi söhbət bütövlükdə Avropa İttifaqının mövcudluğundan gedir.
Bütün bunlar Azərbaycan Prezidentinin tədbirdə nə dərəcədə dərin, strateji məzmunlu, obyektiv və ədalətli mövqe tutduğunu bir daha təsdiqləyir. Bir sıra dairələrin rəsmi Bakının geosiyasi mövqeyini dəyişməkdə olduğu haqqında yaydıqları şayiələr sabun köpüyü kimi dağılmış olur. Ölkə rəhbəri bir daha sübut etdi ki, müstəqil siyasət yeridir və bu kursda əsas meyar dövlətin və millətin maraqlarıdır. Yol çətin və uzun olsa da, düzgün seçilib. Azərbaycan bir müstəqil dövlət olaraq öz Prezidentinin ağıllı və uzaqgörən siyasəti sayəsində inamla irəliləyir.
Newtimes.az

Paylaş:
Baxılıb: 674 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31