1 millət, 3 dövlət fəlsəfəsi
17.03.2022 [10:33]
Müşfiqə BAYRAMLI
Şimali Kipr Türk Respublikasının ölkəmizdəki təmsilçiliyinin rəhbəri Mustafa Kamal Bəyazbayram “Yeni Azərbaycan” qəzetinə müsahibəsində maraqlı məqamlara toxunub:
- Mustafa bəy, Azərbaycan-Şimali Kipr münasibətlərini hazırda necə dəyərləndirə bilərik? Qardaşlıq əlaqələrimizin daha da inkişafı üçün hansı addımlar atılmalıdır?
- Əvvəla, bizə bu fürsəti yaratdığınız üçün qəzetinizin rəhbərliyinə və heyətinə təşəkkürümü bildirirəm. Səsimizin Azərbaycan oxucularına çatdırılması baxımından önəmli bir rol oynayacağına inanıram. Xatırladım ki, Şimali Kiprin Azərbaycan təmsilçiliyi 1997-ci ildən fəaliyyət göstərir. Təmsilçiliyin yaradılmasında məqsəd Kiprin türk xalqı ilə qardaş Azərbaycan xalqının əlaqələrini daha da gücləndirməkdir. Sevinc hissi ilə deyə bilərik ki, Azərbaycanla bir sıra sahələrdə əlaqələrimiz formalaşıb və daim inkişaf edir. Bunların başında da təhsil və turizm sektorları durur. Bildiyiniz kimi, Şimali Kiprdə yüzlərlə azərbaycanlı təhsil alır. Biz onlara təqaüd imkanları yaratdıq. Bununla yanaşı, müxtəlif zamanlarda Azərbaycanın rəsmi və qeyri-rəsmi nümayəndələrinin Şimali Kiprə səfərlərini təşkil etdik. Bir çox sahələrdə, eləcə də təhsil, mədəniyyət və idman sahələrində qarşılıqlı əlaqələr yaratdıq. Turizm əlaqələrini inkişaf etdirdik. Eyni zamanda, bizim iş adamlarımız tərəfindən burada otellər və restoranlar açıldı. Düşünürəm ki, bütün bunlar kifayət etmir. Təklif edərdim ki, həm iqtisadi, həm mədəniyyət baxımından əlaqələrimizi daha da dərinləşdirək və 1 millət 3 dövlət fəlsəfəsini həyata keçirək.
- Qardaşlıq əlaqələrimizin daha da inkişafı üçün medianın rolunu necə qiymətləndirirsiniz?
- Çox gözəl sualdır. Nümayəndəlik olaraq Azərbaycan mətbuatında çalışan əməkdaşlarla mütəmadi əlaqələrimiz var. Şimali Kipr ilə bağlı gündəlik xəbərləri mətbuat işçiləri sayəsində Azərbaycan oxucularına çatdırırıq. Əlaqələrimiz sırasında “Yeni Azərbaycan” qəzetinin də olması bizi çox sevindirir. Nə xoş ki, Azərbaycan bizimlə bağlı kifayət qədər məlumatlıdır. Amma eyni nəticə Şimali Kiprdə tam istədiyimiz səviyyədə deyil. Ona görə də düşünürəm ki, burada nümayəndəliyimiz tərəfindən yaradılan sistem Şimali Kiprdə də icra edilməlidir. Bunun üçün medianın dəstəyi və Şimali Kiprdə yaşayan azərbaycanlıların birgə əməkdaşlığı vacibdir. Necə ki, Azərbaycanda bizimlə bağlı informasiyalar dərc olunursa, Şimali Kiprdə də Azərbaycan ilə bağlı gündəlik xəbərlər verilməlidir. Bu barədə işlərimizi davam etdiririk.
- Şimali Kipri heç vaxt görməyən və bilməyənlər üçün onu necə təsvir edərdiniz?
- Şimali Kipr xalqı təhsilli və müasir bir türk xalqıdır. Burada gender bərabərliyi yüksək səviyyədədir. Həm siyasi, həm də sosial sahələrdə qadınla kişi eyni hüquqa malikdir. Fəxrlə deyə bilərəm ki, təhsilin göstəricisi 100 faizdir. Onlardan 80 faizi isə ali təhsillidir. Ölkəmin özünəməxsus gözəllikləri, mətbəxi və bənzərsiz havası var. Burada ilin 360 günü hava günəşlidir. Onun duru və tər-təmiz dənizi, füsunkar sahili, qızmar qumu, bənzərsiz təbiəti və betonlaşmayan mənzərəsi var. İki böyük sahilimiz yerli sakinlərin və turistlərin xidmətindədir. Orada binaların tikintisinə qətiyyən icazə verilmədiyi üçün ətrafı parklarla əhatələnib. Həm piknik etmək, həm də günəşlənmək imkanları yaradılıb. Bununla yanaşı, əyləncə sektoru da çox inkişaf edib. Əsas gəlirimizə turizm və təhsil sahəsindən əldə etsək də, əsrin layihəsindən sonra kənd təsərrüfatı sahəsinin də əsas gəlirli sektorlardan birinə çevriləcəyinə əminəm. Şimali Kiprə təhsil mərkəzi də demək olar. Dünyanın dörd bir yanından bura təhsil almaq üçün gəlirlər. Yüz on minə yaxın tələbə təhsil alır ki, bu da əhalinin dörddəbirini təşkil edir. Olduqca böyük göstəricidir. Bir sözlə, sülhsevər və müasir ölkəyik. Bütün qonaqlara qapımız açıqdır. Xüsusilə də qardaş Azərbaycan xalqına...
- Daha öncə də Azərbaycanda çalışmısınız, amma bir ilə yaxındır ki, səfir kimi fəaliyyət göstərirsiniz. Bir il sizin üçün necə yadda qaldı?
- Azərbaycanla tanışlığım 1990-cı ilə təsadüf edir. Kiyev şəhərində ali təhsil alarkən oradakı azərbaycanlı tələbələrlə tanış oldum. Məni Azərbaycana dəvət etdilər. Bir həftə ərzində böyük diqqət və hörmət gördüm. Hər kəs evinə qonaq çağırıb, yeməklər hazırlayırdı. Universitetdən məzun olduqdan sonra Şimali Kiprdə Xarici İşlər Nazirliyində çalışmağa başladım. 2003-cü ildə ilk təyinatım Bakıya oldu. 4 il ərzində Türkiyə Respublikasının Səfirliyində II katib kimi fəaliyyətə başladım. O vaxtdan günümüzədək fərqli vəzifələrdə çalışdım. Ötən il avqustun 1-dən etibarən isə Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı Nümayəndəliyinə rəhbər təyin olundum. Pandemiya dövrünə təsadüf etdiyi üçün müəyyən çətinliklər yaransa da, öhdəsindən gələ bildiyimi düşünürəm. Qısa zamanda qarşılıqlı əlaqələrin inkişafı üçün canla-başla çalışdıq. Rəsmi səfərlər, beynəlxalq tədbirlər və görüşlərin təşkilini həyata keçirdik. Vurğulayım ki, Xocalı soyqırımının anım günü ilə bağlı Şimali Kiprdə tədbirimiz də baş tutdu. Beləliklə, hər sahədə əməkdaşlığın davamlı inkişafı üçün əlimizdən gələni etdik və edəcəyik. Xüsusilə də İkinci Qarabağ müharibəsi ərəfəsində Kipr türk xalqı olaraq hər zaman qardaş Azərbaycanımıza mənəvi dəstəyimizi göstərməyə çalışdıq. Azərbaycanın zəfərinə öz zəfərimiz kimi sevindik. Bütün türk dünyası olaraq bu zəfərlə qürur duyduq. Türk milləti nə qədər bir-birinə sıx bağlansa, onun qarşısında heç kim dayana bilməz. Tezliklə işğaldan azad olunmuş torpaqlara getməyi planlaşdırıram.
- Xanımınız azərbaycanlıdır. Azərbaycana ikinci Vətənim deyə müraciət edirsiniz. Azərbaycanla bağlı hansı məqamlar Sizə daha doğmadır?
- Azərbaycanda çalışdığım müddətdə həyat yoldaşımla tanış oldum. Ailə qurdum. Həyat yoldaşım və qızlarım Azərbaycan vətəndaşıdırlar. Azərbaycan mənim ikinci Vətənim sayılır. Ona görə də əlavə birillik fəaliyyət tələbimə əsasən məhz Azərbaycana göndərildim. Azərbaycanın zəngin mətbəxi, sənət əsərləri, şair və yazıçılarına çox yaxşı bələdəm.
- Novruz bayramı ərəfəsindəyik. Azərbaycan ilə Şimali Kipr arasında hansı bənzər adətlər var?
- Kiprdə Novruz bayramı ənənəvi “Mart 9”-u kimi qeyd edilir. Belə ki, martın doqquzuncu gününə bir həftə qalmış evlər və evin ətrafı təmizlənir və süpürülür. Bir-birindən dadlı milli yeməklər, şirniyyatlar və börəklər hazırlanır. Hər kəs bir nəfər kimi bu bayramı qeyd etmək üçün martın 9-da pikniklərə axın edir. Musiqinin müşayiəti ilə baş tutan tədbirlərimizdə bir-birindən fərqli yarışlar keçirilir. İşim və həyat yoldaşımın sayəsində Novruz bayramı adətlərinə yaxından bələdəm. Azərbaycandakı Novruz bayramı çoşqusu bütün ölkədə hiss olunur. Bizim evdə də Novruz bayramının bütün adətlərinə riayət edilir. Xonça qurulur, səməni cücərdilir, ən ləzzətli şirniyyatlar hazırlanır. Mənim ən sevdiyim qoğal və şəkərburadır.
- Milli mətbəximizə yaxından bələd olduğunuzu dediniz. Hansı yeməklərimizi bəyənirsiniz?
- Həyat yoldaşım və qayınanam tez-tez Azərbaycan yeməklərini bişirir. Sizin Şah plovunuzu çox bəyənirəm. İlk dəfə tərkibindəki meyvə quruları mənə çox maraqlı gəlmişdi. Bununla yanaşı, lülə kababınız da çox ləzzətlidir. Bizim də ölkəmizə xas dillər əzbəri olan Mücendra plovumuz, şəftəli kababımız və sini qatmerimiz var. Sini qatmeri incə lavaş kimi açılır. Onun içinə bal qoyulur və ətrafı dördkünc formada bükülərək sacda bişirilir. Bişdikcə balı əriyir və ətrafına yayılır. Onu çayla birlikdə yeyirik. Sizin çay mədəniyyətinizi və çay süfrəsi adətinizi də çox bəyənirəm. Ən dəyərli qonaqların qarşısına pürrəngi çay dəmlənib qoyulur. Yanında isə olmazsa, olmaz limondur. Həyatımda ilk dəfə limonlu çayı sizin ölkədə içmişəm və çox bəyənmişəm. Əslində limonlu çayın çox dərin mənaları var. Çay tünddürsə, rəngini açır, çayın toksinini özünə çəkir və xüsusi ətir verir. Kiprdə isə adətən biz qonaqlarımıza kofe dəmləyib ikram edirik.
- Hansı musiqilərimizi dinləməkdən zövq alırsınız?
- Muğamlarınızı dinləməyi çox sevirəm. Mən deyərdim ki, muğam Azərbaycanın operasıdır. Klassik musiqilərinizin isə vurğunuyam. Üzeyir Hacıbəyovun “Arazbarı” bəstəsi bir şedevrdir. Hətta telefonuma həmin əsəri yükləmişəm. Dəfələrlə dinləyirəm. Qara Qarayevin “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri, eləcə də caz ustası Əzizə Mustafazadənin əsərlərini dinləməkdən zövq alıram. Xatırladım ki, Ukraynada təhsil aldığım üçün rus dilini çox gözəl anlayıram və sovet dövrünün kültürünə yaxından bələdəm. Müslüm Maqomayevin “More-more” mahnısını ilk dəfə dinləyəndə çox bəyənmişdim və Azərbaycanın zəngin mədəniyyəti ilə qürur duymuşdum. O zamanlar azərbaycanlı tələbələrlə “Küçələrə su səpmişəm” mahnısını oxuyub feyziyab olduğumuzu xatırlayıram. Danışdıqca o xatirələr gözümdə canlanır.
- Azərbaycan sənət əsərlərindən hansıları izləmək imkanınız olub?
- Türk xalqları arasında Azərbaycan mədəniyyətinin önəmli bir yeri var. Sizin zəngin sənət əsərləriniz və operalarınız var. İmkan tapdıqca ailəmlə birgə izləməyə gedirik. Bir çox opera və baletlərinizə tamaşa etmişəm. “Leyli və Məcnun” operasını çox bəyənmişəm. Bununla yanaşı, Gənc Tamaşaçılar Teatrında və Filarmoniyada olmuşam. Filarmoniyada Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konsertlərini izləmişəm. Azərbaycanda sənətə, mədəniyyətə diqqət və maraq çox böyükdür. Xüsusilə də zəngin ədəbiyyatınızı mütaliə etməyə çalışıram. Nizami Gəncəvinin poemalarını tanıyıram. Ötən il “Nizami Gəncəvi ili” çərçivəsində bir sıra tədbirlərdə olmuşam.
- Səmimi söhbətə görə sizə təşəkkür edirik.
- Mən təşəkkür edirəm.
Xəbər lenti
Hamısına bax
Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
