Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Parlament seçkiləri ilində bütövlükdə ictimai-siyasi vəziyyət pozitiv məqamları ilə seçilir

Parlament seçkiləri ilində bütövlükdə ictimai-siyasi vəziyyət pozitiv məqamları ilə seçilir

26.03.2010 [16:10]

Əli Əhmədov: Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətə və Onun rəhbərlik etdiyi partiyaya Azərbaycan seçicisinin inamı arxalandığımız və güvəndiyimiz ən əsas resursdur
Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədovun www.yap.org.az saytına müsahibəsi:
- Əli müəllim, bu günlərdə Milli Məclisdə Nazirlər Kabinetinin 2009-cu il ərzindəki fəaliyyətinə dair hesabatı müzakirə olundu. İstərdik ki, ilk olaraq Azərbaycan hökumətinin bu hesabatına münasibətinizi bildirəsiniz...
- Azərbaycan hökumətinin 2009-cu ildəki fəaliyyətinə dair hesabatının Milli Məclisdə müzakirə olunaraq qəbul edilməsinin ciddi əsasları var. 2009-cu il dünya iqtisadi tarixinə ciddi beynəlxalq iqtisadi və maliyyə böhranı ili kimi daxil olub. Dünyanın ən güclü iqtisadiyyatına malik olan ölkələr bu böhranın ağır nəticələrini bu günə qədər üzərlərində hiss edirlər. Bir sıra ölkələr isə böhranın vurduğu ziyanı hələ də aradan qaldıra bilməyiblər. Bütün bunlara baxmayaraq, Azərbaycan iqtisadiyyatı 2009-cu ildə 9,3 faizlik inkişaf nümayiş etdirib.
Dünyada 2009-cu ildə ümumi böhran şəraitində müəyyən inkişaf nümayiş etdirən azsaylı ölkələrin adını çəkmək olar. Amma rəqəmlərdən göründüyü kimi, Azərbaycanın inkişafı əhəmiyyətli dərəcədədir. Hesab edirəm ki, bütün bunların hamısı Azərbaycan hökumətinin 2009-cu ildəki fəaliyyətinin kifayət qədər səmərəli olması haqqında iddianı irəli sürməyə ciddi əsaslar verir. Azərbaycanda Prezident İlham Əliyevin müəyyənləşdirdiyi iqtisadi strategiyanın uğurla həyata keçirilməsi bütün iqtisadi sahələrdə uğurların əldə edilməsi üçün əsaslar yaradıb. ölkəmizdə maliyyə-bank sisteminin səmərəli fəaliyyətini və Azərbaycan milli valyutasının böhran dövründə qiymətdən düşməməsini uğurlu fəaliyyətin nümunəsi kimi göstərmək olar. Bu, sadəcə, milli valyutanın dəyərinin saxlanmasında ifadə olunmur, eyni zamanda, Azərbaycanda böhran dövründə insanların həyat səviyyəsinin aşağı düşməməsində özünü göstərir. Ona görə də, bu amil böhran ilində Azərbaycan hökumətinin fəaliyyətinin səmərəliliyinin göstəricisi kimi qeyd oluna bilər.
Hesabat ilində başqa ölkələrdə mövcud olan işsizlik, iş yerlərinin bağlanması problemi də Azərbaycanda yaranmayıb. İqtisadiyyatımız dayanıqlılıq nümayiş etdirməklə, əslində, yüksək göstəricilərin əldə olunması üçün əsaslar yaratmış oldu.
Azərbaycan böhran ilində iqtisadi inkişaf nümayiş etdirən azsaylı ölkələrdən biridir. Hesab edirəm ki, bu məqam Azərbaycan hökumətinin 2009-cu ildəki fəaliyyətinin kifayət qədər səmərəli olduğunu şərtləndirən amillərdəndir. Bu, 2010-cu ildə daha yüksək inkişaf üçün əsaslar yaradır. ötən il enerjidaşıyıcılarının qiymətinin xeyli aşağı düşməsi də ölkəmizin inkişaf tempini azalda bilmədi. Bu da onu göstərir ki, neft-qaz sənayesini inkişaf etdirməklə yanaşı, qeyri-neft sektorunun inkişafı üçün ciddi baza yaradılıb. Bu gün ölkə iqtisadiyyatının çoxşaxəli inkişafı təmin edilir. Uğurla başa çatan 2009-cu il 2010-cu ilin uğurlarını təmin etmək üçün ciddi əsas rolunda çıxış edir.
- Amma müxalifətdən olan bəzi deputatlar hökumətin fəaliyyətini tənqid edirlər. Onlar guya bu dövrdə hökumətin səmərəli fəaliyyət göstərmədiyi iddiasını irəli sürürlər. Sizin bu iddialara münasibətiniz necədir?
- Azərbaycan müxalifətinin davranışları nə məntiqə, nə də siyasi uzaqgörənliyə sığır. Qeyd olunduğu kimi, Azərbaycan hökumətinin fəaliyyəti nəticəsində ölkənin iqtisadiyyatı 9,3 faiz artıb. Və bu, dünyada unikal nümunələrdən biri kimi, birmənalı şəkildə beynəlxalq qurumlar tərəfindən qəbul olunub. Bu uğur ölkə Prezidenti başda olmaqla, Azərbaycan hökumətinin fəaliyyətinin nəticəsidir. Əgər hökumətin fəaliyyəti müsbət nəticələrlə dəyərləndirilirsə və ortada inkişaf, özü də əhəmiyyətli dərəcədə inkişaf varsa, hökumətin fəaliyyətinə kimliyindən - siyasi düşüncəsindən və baxışlarından asılı olmayaraq, mənfi qiymət verilməsi haqqında təklifin irəli sürülməsi hesab edirəm ki, sırf qərəzli düşüncənin nümunəsidir. Müxalifətin əlində Azərbaycan hökumətinin fəaliyyətini neqativ şəkildə qiymətləndirmək üçün hər hansı ciddi sübut yoxdur. Belə olan halda, Azərbaycan müxalifətinin bəzi nümayəndələrinin, hökumətin fəaliyyətini mənfi qiymətləndirməklə bağlı Milli Məclisdə səsləndirdikləri təkliflər, sadəcə, onların - birincisi, hökumətin fəaliyyətinə qərəzli qiymət vermək niyyətini ortaya qoyur, ikincisi isə, bütövlükdə ölkəmizin inkişafının onların siyasi istəkləri ilə üst-üstə düşmədiyini göstərir. Hesab edirəm ki, normal cəmiyyətdə heç bir normal siyasi təşkilatlar, müxalifətdə olmasından asılı olmayaraq, ölkənin inkişafını özünün siyasi məqsədləri prizmasından dəyərləndirərək mənfi çalarlarla qiymətləndirmək fikrinə düşməz. Təəssüflər olsun ki, Azərbaycanın müxalifətində bu siyasi etika yetərli dərəcədə olmadığından çox səmərəli şəkildə fəaliyyət göstərən ölkə hökumətinin işinə obyektiv şəkildə qiymət verməkdə çətinliklər çəkirlər.
- Məlum olduğu kimi, bu il ölkədə parlament seçkiləri keçiriləcək. Siz, seçki ilində ölkədəki ictimai-siyasi vəziyyəti necə dəyərləndirirsiniz?
- Hesab edirəm ki, bütövlükdə ictimai-siyasi əhval ruhiyyəni ölkənin iqtisadiyyatı müəyyənləşdirir. İqtisadi vəziyyətlə əlaqədar hökumətin fəaliyyəti və hesabatı konteksində müəyyən məsələləri səsləndirdik. Doğrudan da, Azərbaycanın iqtisadiyyatı inkişaf edir, bu inkişaf ölkə əhalisinin rifahını təyin edir, ölkənin siması dəyişir, təkcə paytaxtın deyil, bütün bölgələrin siması yeniləşir, iş yerləri açılır, inflyasiya həddi kiçik bir rəqəmlə ifadə olunur və s. Bütün bunlar Azərbaycan insanının rifahının əhəmiyyətli dərəcədə yaxşılaşmasından və hökumətin insanların rifahının yaxşılaşdırılması istiqamətində səmərəli fəaliyyətindən xəbər verir. Əgər insanların rifahı yaxşılaşırsa, insanlar özləri həyat şəraitindən və həyat tərzindən razı olurlarsa, bu istər-istəməz onların bütövlükdə əhval-ruhiyyəsinə, o cümlədən, ictimai-siyasi əhval-ruhiyyəyə birbaşa təsir göstərir. Bu gün Azərbaycan insanının əhval-ruhiyyəsinin müsbət çalarlarda özünü əks etdirdiyini açıq şəkildə etiraf etmək mümkündür və bu gerçəkliyin kökündə də Azərbaycanın iqtisadi inkişafının dayandığını birmənalı şəkildə vurğulamalıyıq. Beləliklə də, parlament seçkiləri ilində bütövlükdə ictimai-siyasi vəziyyət pozitiv məqamları ilə seçilir. Digər tərəfdən, seçkilərin keçirilməsinə xeyli müddət qalmasına baxmayaraq, Azərbaycan cəmiyyətində yenə də müsbət əhval-ruhiyyəni özündə ehtiva edən bir seçki ab-havasının olduğunu qeyd etmək istəyirəm. İstər siyasi partiyalar arasında aparılan danışıqlarda, istərsə də cəmiyyətin ayrı-ayrı təbəqələrinin nümayəndələri arasında olan söhbətlər və müzakirələrdə seçki əhval-ruhiyyəsi və seçki tematikası özünü açıq şəkildə büruzə verir. Azərbaycan bir tərəfdən normal ab-havada seçkiləri qarşılayır, digər tərəfdən ölkədə seçki əhval-ruhiyyəsi və seçki atmosferi də mövcuddur. Bu da bütövlükdə Azərbaycan vətəndaşlarının qarşıdan gələn seçkilərə yüksək maraq nümayiş etdirdiyini təsdiq edir. Mən belə hesab edirəm ki, Azərbaycanda seçki ilinin ab-havasını şərtləndirən və nümayiş etdirən ictimai-siyasi sabitlik də mövcuddur. İctimai-siyasi sabitlik, eyni zamanda, ölkənin iqtisadi inkişafının vacib şərtlərindən biri kimi qəbul olunur. Bu amil Azərbaycanda siyasi proseslərə normal etibarlı bir fundament yaradır. Digər tərəfdən, bütün bunlar qarşıdan gələn parlament seçkiləri ərəfəsində ictimai-siyasi proseslərin və seçki proseslərinin demokratiya, sabitlik normaları əhval-ruhiyyəsi şəraitində keçməsi üçün əsaslar yaradır. Mən seçkiyə hələ çox qalmasına baxmayaraq, seçki ərəfəsində Azərbaycanda ictimai-siyasi əhval-ruhiyyəni və ab-havanı kifayət qədər müsbət notlarla səciyyələnən bir mənzərə hesab edirəm.
- Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə hazırlığı hansı səviyyədədir? Bu seçkilərdə partiyanın hədəfləri nədən ibarətdir?
- Yeni Azərbaycan Partiyası qarşıdan gələn seçkilərlə bağlı hazırlıq işlərinə başlayıb. ümumiyyətlə, hər hansı seçkilərə xeyli əvvəldən hazırlaşmaq bizim formalaşmış bir ənənəmizdir. Bu prosesdə partiyanın resursları bir daha nəzərdən keçirilir, seçki strategiyasının əsasları formalaşdırılır, ayrı-ayrı bölgələrdə bizim partiyamız üçün mövcud olan seçki situasiyası dəyərləndirilir və beləliklə də, biz öz proqramımızı müəyyənləşdiririk. Hal-hazırda ənənəmizə uyğun şəkildə seçkiyə hazırlıq proqramı çərçivəsində biz bu işlərimizi həyata keçiririk. Güman edirəm ki, ilk növbədə, Azərbaycanda mövcud olan ab-hava, ölkə Prezidentinin həyata keçirdiyi siyasətin insanlarımız tərəfindən birmənalı şəkildə dəstəklənməsi və yüksək qiymətləndirilməsi, Azərbaycanın inkişafı tarixində əldə edilən nailiyyətlər, ölkənin mövqelərinin həm regionda, həm də beynəlxalq aləmdə möhkəmlənməsi, dövlətimizin qarşısında geniş perspektivlərin aydın mənzərəsinin açılması, insanların bu perspektivlərə dərindən inamı, ölkə rəhbərinə olan hörmət və etimadın möhkəmliyi, bu amilin etibarlı dayaqlara söykənməsi YAP-ın qarşıdan gələn parlament seçkilərində istifadə edəcəyi ən əhəmiyyətli resurslardır. İnkişaf, tərəqqi, insanların həyatının yaxşılaşması və bütün bunların zəminində ölkə Prezidentinin həyata keçirdiyi siyasətə və Onun rəhbərlik etdiyi partiyaya Azərbaycan seçicisinin inamı bizim arxalandığımız və güvəndiyimiz ən əsas resursdur. Güman edirəm ki, bütövlükdə seçki kampaniyası üçün hər hansı bir partiyanın arxalana biləcəyi ən etibarlı və qüdrətli resurs elə bundan ibarətdir. Əsas vacib şərt seçici inamından, xalqın inamından ibarətdir və fikrimcə, bu resurslar YAP-da var.
Digər tərəfdən, YAP-ın başqa resursları da var ki, bunlar da təşkilatı resurslardır. Partiyamızın Azərbaycanın bütün bölgələrində şaxələnmiş, böyük təcrübəyə malik olan yerli təşkilatları var. YAP-ın insani resurslarını mən ayrıca qeyd etmək istəyirəm. Partiyamızın sıralarında 500 mindən artıq insan cəmləşib. Onlar ölkənin ən fəal seçiciləridir, YAP-ın seçki kampaniyasının həyata keçirilməsi üçün hər cür fədakarlığa hazır olan və bu vaxta qədər keçirilən bütün seçkilərdə bu fədakarlıq nümunələrini nümayiş etdirən insanlardır. Təbii ki, bu böyük insan resursu partiyamızın seçki kampaniyalarının uğurla həyata keçirilməsinə əhəmiyyətli töhfələrini verir. Bu gün də həmin seçici qüvvəsi hazırdır. Bizim ideoloji, intellektual və digər resurslarımız da var. Bütün bunları bir mərkəzə cəmləşdirərək inamla deyə bilərəm ki, YAP olaraq noyabr ayında keçiriləcək parlament seçkilərində uğur qazanmağa bütün əsaslarımız və haqqımız var.
- Bəzi müxalifət partiyaları seçkilərdə xarici amilləri gündəmə gətirməyə çalışır və ölkənin kənarından dəstək qazanmağa cəhd göstərirlər. Sizcə, onların seçki prosesinə bu yanaşma tərzini necə dəyərləndirmək mümkündür?
- ümumiyyətlə, demokratik dəyərləri mənimsəmiş istənilən ölkədə siyasi ambisiyalarını ortaya qoymuş, siyasətlə məşğul olan istər qruplar, istərsə də şəxslər əgər ölkənin daxilindəki demokratik qüvvələrə, demokratik prosedurlara deyil, ölkədən kənardakı hansısa qüvvələrə istinad edirlərsə, böyük səhvə yol verirlər. Digər tərəfdən, çox ciddi nöqsan işlətmiş olurlar. Hər şeydən əvvəl ona görə ki, hər bir partiyanın taleyi onun fəaliyyət göstərdiyi ölkənin bilavasitə maraqları ilə əlaqədardır və həmin partiyanın nə dərəcədə uğur qazanması yalnız həmin maraqların ölkənin milli maraqları ilə hansı səviyyədə əlaqələndirilməsindən asılıdır. Milli maraqlara xidmət göstərməyi öz qarşısına məqsəd qoymayan və dar siyasi ambisiyalarının həyata keçirilməsinə çalışan partiyalar istər-istəməz qeyri-demokratik və qeyri-qanuni yollara əl atmış olurlar. Bu yollardan biri də ölkədən kənarda fəaliyyət göstərən və o ölkənin daxili işlərinə bu və ya digər şəkildə müdaxilə etmək fürsəti güdən qüvvələrlə əlaqə yaratmaqdan ibarətdir. çox təəssüflə qeyd etməliyəm ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra müxalifət partiyaları belə bir taktikanı seçiblər və bu seçimin heç də az olmayan bir tarixi var.
Həmin partiyalar xarici qüvvələrlə əlaqəyə girdiklərinə görə onların sifarişlərini yerinə yetirmək məcburiyyətində qalırlar. Və bizim dəfələrlə səsləndirdiyimiz bu qəbildən olan fikirləri müxalifətin içərisində olan bir sıra təmsilçilər də təsdiq etməyə başlayıblar. Azərbaycan ictimaiyyəti müxalifətin içərisindən gələn bu cür siqnallara ciddi reaksiya verməlidir və xarici qüvvələrin maraqlarına xidmət edən Azərbaycanın daxilində formalaşıb fəaliyyət göstərən siyasi partiyalara, onların təmsilçilərinə “yox” deməlidirlər. Hesab edirəm ki, belə yol seçmiş siyasi partiyalar özlərinin istəklərini həyata keçirmək üçün lazım olan imkanları əldən vermiş olurlar. Bu, onların seçimlərindəki səhvləridir və bu günə qədər də Azərbaycanda həmin partiyaların uğur qazana bilməmələri Azərbaycan cəmiyyətində onların fəaliyyətinə və seçdiyi yollara nə qədər həssas yanaşıldığını və düzgün qiymət verildiyini birmənalı şəkildə təsdiqləyir. Amma onların seçim səhvləri ilə yanaşı, həm də çox böyük günahları var. Bu da ondan ibarətdir ki, onlar ölkənin daxili işlərinə qarışmaq niyyətində olan xarici qüvvələrin və güclərin maraqlarına oynamaqla Azərbaycanın milli və dövlətçilik maraqlarının əksinə fəaliyyət göstərmiş olurlar. Təbii ki, bu, çox böyük günahdır. Zaman onların çox böyük suç sahibi və səhv yolda olduqlarını çılpaqlığı ilə sərgiləyəcəkdir. Bu, qaçılmazdır.
- Əli müəllim, son zamanlar Cənubi Qafqaz bölgəsində ciddi proseslər baş verməkdədir. Müəyyən beynəlxalq güclər öz maraqlarını təmin etmək üçün Türkiyə və Azərbaycana təzyiq göstərməkdədirlər. Bu prosesləri necə şərh edərdiniz?
- Bildiyiniz kimi, Azərbaycan güclənir, sürətlə inkişaf edir. Azərbaycanda mövcud olan sabitliyin dayaqları gündən-günə möhkəmlənir. Azərbaycan tamamilə başqa bir ölkə olaraq tanınmağa başlayır. Azərbaycanın regionda və dünya dövlətləri sırasında mövqeləri möhkəmlənir, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu gündən-günə artır və bu, birmənalı şəkildə etiraf edilir. Bütün bunların hamısı ölkəmizin daxili potensialının əhəmiyyətli dərəcədə artmasından xəbər verir. Təbiidir ki, ölkəmizin istər iqtisadi, istər hərbi, istərsə də mənəvi cəhətdən güclənməsi onun həyata keçirdiyi müstəqil siyasətin arqumentləşməsini də əhəmiyyətli dərəcədə gücləndirmiş olur. Azərbaycan heç kimdən asılı olmayan müstəqil siyasətini uğurla həyata keçirir və bütün bunların hamısı, bir tərəfdən Azərbaycanın möhkəmlənməsini və Azərbaycan insanının rifahının yaxşılaşmasını təmin edir. Digər tərəfdən isə, bu, ölkəmizin daxili işlərinə qarışmaq istəyində olan beynəlxalq gücləri narahat edir. çünki Azərbaycan gücləndikcə və həyata keçirdiyi xarici siyasətin müstəqillik parametrləri qətiləşdikcə, ölkəmizin daxili işlərinə qarışmaq imkanları məhdudlaşır. Bütün bunlara görə də, onların Azərbaycana olan təzyiqləri artır. Onu da qeyd etmək lazımdır ki, bu təzyiq cəhdləri bəzən çox iyrənc forma alır. Eyni sözləri mən Türkiyəyə olan münasibətdə də qeyd edə bilərəm. Türkiyənin nüfuzu artdıqca, ona təzyiq cəhdləri də çoxalır. Ona görə də, həm Azərbaycanın, həm də Türkiyənin regionda güclənməsi və gələcəkdə bu gücün daha da vüsət almaq imkanlarının açıq şəkildə ortaya qoyulması Türkiyə və Azərbaycana qarşı təzyiqlərin artmasını şərtləndirir. Qondarma “erməni soyqırımı” haqqında qərar Amerika və İsveç parlamentlərinin komitələri tərəfindən qəbul edilib. Ola bilsin, bu məsələ gələcəkdə başqa böyük dövlətlərdə də “öz təsdiqini” tapsın və parlamentlərin müzakirəsinə çıxarılsın. Bütün bunlar həmin təzyiqlərin bariz formasıdır. Uydurma bir ittihamla əlaqədar böyük bir ölkəyə təzyiq göstərməyin özü hesab edirəm ki, həmin o iyrənc vasitələrdən biridir. Digər bir tərəfdən, son zamanların hadisələri onu göstərdi ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün Türkiyə ilə Azərbaycanın həyata keçirdiyi siyasətdə bir uzlaşma var. Ermənistanı ağır vəziyyətdən çıxartmaq istəyən dövlətlərin təşəbbüsü ilə Türkiyə-Ermənistan sərhədlərinin açılması planına Türkiyənin qoyduğu məlum şərt həm Türkiyəyə, dolayısı ilə də Azərbaycana təzyiq etmək cəhdlərini bir qədər artırıb. Həm Amerikada, həm də İsveçdə qondarma “erməni soyqırımı” haqqında qərarların qəbul edilməsi Türkiyəyə təzyiq etmək və Ermənistanla Türkiyə arasında sərhədlərin açılmasına nail olmaqdan ibarət iyrənc siyasətdir. Amma Türkiyəyə təzyiq etmək, həm də Azərbaycana təzyiq vasitəsidir. Bu vasitə Türkiyənin Ermənistanla sərhədlərinin açılması üçün irəli sürülmüş şərtin-Azərbaycan torpaqlarının işğaldan azad edilməsi şərtinin qarşısını almaqdan ötrü atılmış bir addımdır. Hesab edirəm ki, həm Türkiyə, həm də Azərbaycan cəmiyyəti birlik və təpki nümayiş etdirərək, bu siyasətlərə sinə gərə biləcək. Həmişə olduğu kimi, Azərbaycan və Türkiyə xalqları öz birliyini nümayiş etdiriblər: Azərbaycan xalqı Türkiyəyə qarşı çevrilən təzyiqləri özünə qarşı çevrilmiş hesab edir və ABŞ Konqresinin alt komitəsinin qəbul etdiyi qərara göstərdiyi təpki və etiraz dalğası bunun bariz nümunəsidir. Eyni sözləri İsveçdə qəbul olunan qərarla əlaqədar Azərbaycan cəmiyyətinin buna olan münasibətinə şamil etmək mümkündür. Həm ölkə daxilində müxtəlif qurumlar və qeyri-hökumət təşkilatları, həm də ölkədən kənarda fəaliyyət göstərən diaspor təşkilatları məsələyə öz ciddi etirazlarını bildirdilər. Güman edirəm ki, bundan sonra da bu etirazlar açıq şəkildə davam edəcək.
- Amma bəzi dairələr İsveçdə qəbul olunmuş qərarla bağlı Azərbaycanın Türkiyəyə dəstək vermədiyini iddia edir. Sizcə, belə ittihamların ortaya atılması haradan qaynaqlanır?
- Əlbəttə, bu, yanlış dəyərləndirmədir. Azərbaycan cəmiyyəti, vətəndaşları bu məsələdə vahid bir mövqedə dayanıb və Türkiyə-Azərbaycan birliyi burada da özünü açıq şəkildə göstərir. Əgər İsveç parlamentində belə bir qərar qəbul olunursa, güman etmirəm ki, Türkiyənin siyasətinə və iqtisadiyyatına, ümumilikdə Türkiyənin bölgədə və dünyada nüfuzuna təsir edə bilsin. Bu qərar Türkiyənin mövqelərinə hər hansı bir formada təsir etmək imkanına malik deyil. Amma buna həssas, qıcıqlanmış formada reaksiya bildiriləndə, başqa bir ölkə də sanki bundan “ilhama gələrək” öz ölkələrində bu məsələni gündəmə gətirirlər və qərarlar qəbul edirlər. Bütün bunlara təmkinlə, səbrlə reaksiya bildirilsə, bu ölkənin Türkiyə və Azərbaycana dost olmayan münasibətinin ifadəsi kimi dəyərləndirilsə, bunun effekti başqa cür olar. Hesab edirəm ki, biz burada bütövlükdə səbrli və təmkinli bir taktikanın seçilməsinin üzərində düşünməliyik. Haqsızlıq, ədalətsizlik, təbiidir ki, uzun zaman mövcud ola bilməz və nə zamansa buna qarşı çıxılmalıdır. Amma istəyərdim ki, bir məsələ də mütləq şəkildə nəzərə alınsın. “Soyqırımla” bağlı məsələlər Qərbdə aktualdır. Sanki, bu uydurmadan istifadə edərək kimlərsə böyük sivilizasiyaların üz-üzə qoyulması və konfliktləşdirilməsi niyyətini güdürlər. Və məqsədə çatmaqdan ötrü bu iyrənc formadan istifadə edirlər. Amma dünya təkcə Avropadan, Amerikadan ibarət deyil. Dünyanın digər bölgələrində bu uydurma “soyqırımı” əfsanəsinə reaksiya verilməməsi onu göstərir ki, bu məsələdən istifadə edərək bəzi dairələr sivilizasiyalar arasında, xristian və müsəlman millətləri arasında qarşıdurma yaratmaq istəyirlər. Hesab edirəm ki, bütün bunların hamısı ciddi şəkildə araşdırılmalıdır. Amma indiki realllıq bundan ibarətdir ki, Türkiyə də, Azərbaycan da mövcud şəraitdə milli maraqlarımıza qarşı olan və xoşagəlməyən şəkildə ortaya qoyulan təpkilərə qarşı öz ədalətli mövqeyini və münasibətini sərgiləməlidir.
- Cənubi Qafqaz bölgəsinin ən böyük problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Son zamanlar münaqişənin həlli ilə bağlı danışıqlar prosesi intensivləşib, Minsk qrupunun həmsədrləri yenilənmiş Madrid prinsiplərini tərəflərə təqdim ediblər. Sizcə, yenilənmiş Madrid prinsipləri danışıqlar prosesini nə dərəcədə irəli apara bilər?
- Əvvəla, mən qeyd etmək istəyirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə sona çatdırılması işi ilə Azərbaycan Prezidenti İlham Əliyev və müvafiq dövlət qurumları məşğuldurlar. Son illərdə bu problemin beynəlxalq güclər tərəfindən və xüsusilə də vasitəçilər tərəfindən daha doğru və düzgün dərk edilməsi istiqamətində addım atılıbdır. Bunu etiraf etmək lazımdır. Minsk qrupu fəaliyyət göstərdiyi 18 il müddətində öz üzərinə götürdüyü missiyanın yerinə yetirilməsi istiqamətində ciddi addımlar ata bilməyib, bu missiyasını yerinə yetirə bilməyib. Amma bununla yanaşı, ədalət naminə qeyd etmək lazımdır ki, Azərbaycan diplomatiyasının və Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin səyləri nəticəsində münaqişənin detallarına və xarakterinə daha düzgün həll yollarının tapılması istiqamətində böyük bir addım atılıbdır. Hesab edirəm ki, yenilənmiş Madrid prinsipləri də bu yanaşmanın və bu reallıqların üzərində qərar tutubdur. Azərbaycan bu yenilənmiş prinsiplərə bir sıra detallar nəzərə alınmaqla, müsbət mövqeyini bildirib, Ermənistan isə səsləndirdiyi bir neçə bəyanatlarda Madrid prinsiplərinə daha kəskin tənqidi mövqedə dayandığını ifadə edib. Bunun özü də müəyyən mənada yenilənmiş Madrid prinsiplərinin Azərbaycanın maraqlarına daha çox uyğun gəlməsi haqqında fikir söyləməyə əsas yaradır. Eyni zamanda, bu danışıqların konfidensial şəraitdə aparıldığını, Madrid prinsiplərinin detallarının nədən ibarət olmasının hələ cəmiyyətə açıqlanmamasını nəzərə alaraq mən belə hesab edirəm ki, bizim hökumət nümayəndələrinin səsləndirdiyi fikirlərin Azərbaycanın maraqları çərçivəsində və maraqlarının qorunması məqsədinə uyğun olduğunu dəyərləndirmək lazımdır. ölkə Prezidenti tərəfindən dəfələrlə qeyd olunduğu kimi, Azərbaycan üçün münaqişənin nizama salınması anlayışı Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi şəklində dərk edilir. Münaqişənin başqa formada nizama salınması anlayışı Azərbaycan üçün mövcud deyil. Belə olan halda, Azərbaycan müxalifətinin bəzi nümayəndələrinin hökumət təmsilçilərinin yenilənmiş Madrid prinsipləri ilə əlaqədar səsləndirdiyi bir sıra pozitiv fikirlərin əleyhinə çıxmasının mahiyyətini dərk etməyə çətinlik çəkirəm. Azərbaycanın mövqeyi milli maraqların qorunmasından ibarətdir və bu, dəfələrlə bəyan edilibdir. Əgər bu, belədirsə və yenilənmiş Madrid prinsiplərinə bütövlükdə Azərbaycan tərəfindən pozitiv qiymət verilirsə, bundan çıxan nəticə ondan ibarətdir ki, bu prinsiplər Azərbaycanın maraqlarına əhəmiyyətli dərəcədə uyğun gəlir. Mən belə hesab edirəm ki, bu kontekstdə yenilənmiş Madrid prinsiplərinə münasibət formalaşdırıla bilər və Azərbaycan vətəndaşları əmin olmalıdırlar ki, Prezident İlham Əliyev həyata keçirdiyi xarici siyasətdə Azərbaycanın bütün maraqlarının qorunmasını əsas məqsəd olaraq irəliyə sürüb və bu məqsədə uyğun şəkildə də münaqişənin nizama salınması prosesi davam etdirilir.
- Ermənistan bir neçə il öncə münaqişənin Madrid prinsipləri əsasında həllinə israr etsə də, Azərbaycanın bu mövqeyindən sonra hazırda öz fikrində tərəddüd etməkdədir. Bu, Ermənistanın müstəqil siyasət yürüdə bilməməsi, xarici qüvvələrin diktəsi ilə fəaliyyət göstərməsinin açıq təzahürü deyilmi?
- Bu günə qədər Ermənistanın və Azərbaycanın münaqişənin nizama salınması ilə əlaqədar irəli sürülən təkliflərə münasibətlərindəki fərqlər, əslində, həmin təkliflərin mahiyyətini əks etdirən barometr rolunu oynayır. Əgər təkliflər Azərbaycan tərəfindən dəstəklənibsə, Ermənistan tərəfi bunun əleyhinə çıxıbsa, buradan belə bir məntiqi nəticə hasil olur ki, təkliflər daha çox Azərbaycanın maraqlarına uyğundur və ya əksinə. Beləliklə də, bu gün əgər yenilənmiş Madrid prinsiplərinə Azərbaycan özünün pozitiv münasibətini bildirir, Ermənistan buna daha çox tənqidi mövqedən yanaşırsa, bu yenə də həmin məqamın göstəricisi ola bilər. Məsələnin ikinci tərəfi odur ki, bütövlükdə Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri erməni şovinizminin, Ermənistanın aqressiv, təcavüzkar niyyətinin təzahürü olsa da, ondan heç bəlkə də az olmayan dərəcədə Qafqaz bölgəsində maraqlı olan beynəlxalq güclərin iştirakının və niyyətlərinin əksidir. Ona görə də, etiraf etmək lazımdır ki, Ermənistan münaqişədə bu günə qədər ayrı-ayrı dövlətlərin maraqlarının ifadəçisi və yaxud həmin maraqların həyata keçirilməsində vasitəçisidir. Bu gün də Ermənistan həmin mövqeyini açıq şəkildə ortaya qoyur. Münaqişənin nizama salınması ilə əlaqədar bu və digər təkliflər ortaya çıxanda Azərbaycan özünün mövqeyini dövlətçilik maraqlarından çıxış edərək ortaya qoyduğu halda, Ermənistan rəhbərliyi dövlətçilik maraqlarından çıxış etmək imkanlarına malik olmadığından daha çox xidmətində dayandığı güclərin tələblərinə uyğun olaraq “öz missiyasını” yerinə yetirməyə məcburdur. Ermənistanın iqtisadiyyatının əksər hissəsinin özünə yox, başqa bir dövlətə məxsus olduğu heç kimə sirr deyil. Ermənistanın həyata keçirdiyi xarici siyasət də başqalarının diktəsi ilə müəyyənləşir. Bütün bunlar Ermənistan rəhbərliyinin addımlarında sərbəst olmadığını sübuta yetirən bir dəlildir. Amma digər dəlillər də var ki, bu da Ermənistandan kənarda olan bəzi ölkələrdə ciddi təsir rıçaqlarına malik erməni diasporunun hadisələrə, proseslərə böyük maraqları baxımından təsir göstərmək istəkləridir. Bu təsir də əhəmiyyətli dərəcədə Ermənistanın siyasətində özünün əksini tapır. Beləliklə də, ən azından iki amil Ermənistanın münaqişənin ədalətli şəkildə həll olunması ilə əlaqədar ortaya çıxan təkliflərə münasibətini müəyyənləşdirməkdə həlledici rol oynayır.
Paylaş:
Baxılıb: 1094 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30