/ / Azərbaycanda ədalətli, şəffaf, azad seçkilərin keçirilməsi üçün bütün şərtlər və lazımi şərait təmin edilib
Azərbaycanda ədalətli, şəffaf, azad seçkilərin keçirilməsi üçün bütün şərtlər və lazımi şərait təmin edilib
15.09.2009 [14:46]
Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi, millət vəkili Əli Əhmədovun SİA-ya müsahibəsi:
- Əli müəllim, bələdiyyə seçkiləri ərəfəsində ölkəmizdəki ictimai-siyasi vəziyyəti necə qiymətləndirirsiniz?
- Təbii ki, istənilən seçki kampaniyasının çox vacib komponentlərindən biri də ölkədəki mövcud siyasi durumdur. Hesab edirəm ki, qarşıdan gələn bələdiyyə seçkiləri ərəfəsində Azərbaycanda seçki kampaniyasının uğurlu olmasını təmin edə biləcək ictimai-siyasi vəziyyət mövcuddur. Azərbaycan iqtisadiyyatı son bir neçə il ərzində sürətlə inkişaf edir. 2008-ci ilin avqust ayından etibarən bütün dünya ölkələrini maliyyə böhranı bürüməsinə baxmayaraq, məmnuniyyət hissi ilə qeyd etmək yerinə düşər ki, bu iqtisadi böhranın ən az təsir göstərdiyi ölkələrdən biri Azərbaycandır. Bütün ölkələrin iqtisadiyyatının böhran dövrünü yaşamasına baxmayaraq, Azərbaycan iqtisadiyyatı bu müddətdə inkişaf tempini nümayiş etdirib.
Azərbaycanın həm makroiqtisadi göstəricilərində, həm də bütövlükdə vətəndaşlarımızın, həyat və yaşayış şəraitində dünya iqtisadi böhranının əhəmiyyətli təsiri olmayıb. Seçki ərəfəsindəki ümumi ab-havanı müəyyənləşdirən əsas şərtlərdən biri budur. İkincisi, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi islahatlar, sahibkarlığın dəstəklənməsi, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, yeni iş yerlərinin yaradılması, infrastruktur layihələrinin həyata keçirilməsi və digər bir sıra vacib komponentlərin əhatə etdiyi uğurlu siyasət davam etməkdədir.
Azərbaycan həm regional, həm də beynəlxalq münasibətlər sistemində öz mövqeyini möhkəmləndirməkdə davam edir. Bütün bunların hamısı seçki ərəfəsində Azərbaycanın ictimai-siyasi durumunu müəyyənləşdirən iqtisadi-siyasi, beynəlxalq şərtlərdir. Bu şərtlər, bu amillər Azərbaycan vətəndaşlarının əhval-ruhiyyəsini müəyyənləşdirir. Bunu xüsusilə qeyd etmək yerinə düşər ki, Azərbaycan vətəndaşları həyata keçirilən siyasəti birmənalı şəkildə dəstəkləyir. Azərbaycan Prezidenti İlham Əliyevə olan etimad kifayət qədər yüksəkdir və təbii ki, bütün bunlar da ictimai ovqatın göstəriciləridir. Beləliklə, seçkinin keçirilməsi üçün ictimai ovqatın mənim səciyyələndirdiyim parametrlər baxımından imkan və şəraiti var.
Mən güman edirəm ki, Azərbaycan vətəndaşları qarşıdan gələn bələdiyyə seçkilərində Prezidentin həyata keçirdiyi uğurlu siyasətə möhkəm inamını və dəstəyini ifadə edəcək.
- Bələdiyyə seçkiləri ərəfəsində Yeni Azərbaycan Partiyası (YAP) öz namizədlərini müəyyənləşdiribmi və həmin namizədlərin seçilməsində daha çox hansı meyarlara üstünlük verilir?
- Təbii ki, hər bir seçkidə partiya öz namizədlərini müəyyənləşdirərkən bir çox vacib meyarlardan çıxış edir. Bu meyarlardan birincisi seçkinin uğurlu keçməsini təmin edə biləcək uğurlu, layiqli namizədin müəyyənləşdirilməsidir. Layiqli namizədi müəyyənləşdirmədən və irəli sürmədən seçkidə təbii ki, uğur qazanmaq mümkün deyil. Buna görə də, bizim namizədlərin müəyyənləşdirilməsi ilə əlaqədar çıxış edəcəyimiz başlıca meyar bundan ibarətdir.
Əlbəttə, digər meyarlar da mövcuddur. Bu meyarlar irəli sürəcəyimiz namizədlərin içərisində gənclərin çox olması ilə bağlıdır. Biz belə hesab edirik ki, bələdiyyə seçkiləri daha kütləvi seçkilər olduğundan və yerli xarakterli məsələlərin həllini nəzərdə tutduğundan gənclərin bu seçkilərə cəlb edilməsi böyük əhəmiyyət kəsb edir. Gənclər bu seçkilərdə iştirak etməklə və uğur qazanaraq bələdiyyələrin üzvü olmaqla Azərbaycanın ictimai-siyasi həyatında fəal surətdə iştirak etmək imkanı qazanırlar.
Bələdiyyələrə təxminən 20 minə yaxın üzv seçiləcək. Güman edirəm ki, bu ictimai-siyasi həyatda fəallıq göstərmək istəyən və həm də özlərini tanıtmaq, ifadə etmək niyyətində olan gənclərimizin qarşısında çox əhəmiyyətli bir şans deməkdir. İmkan yaranıb ki, gənclər öz potensialını bu seçkilərdə iştirak etməklə aşkar edə bilsinlər. Biz bunun tərəfdarıyıq ki, qarşıdan gələn seçkilərdə gənclərimiz geniş şəkildə təmsil olunsunlar.
Eyni zamanda, bələdiyyələrdə qadınların təmsilçiliyi az olduğundan seçkilərdə onların namizəd qismində irəli getməsinə də biz xüsusi diqqət vermək istəyirik. Araşdırmalar aparmışıq və bu araşdırmalar nəticəsində məlum olub ki, hazırda Azərbaycan bələdiyyələrinin tərkibində gənclər təxminən 5,4 faiz, qadınlar isə 4 faizdən aşağı təmsil olunurlar.
Hesab edirəm ki, hər iki göstərici nə Azərbaycan gəncliyinin, nə də Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında oynadığı rola və potensiala uyğun deyil. Həddən artıq böyük fərqlərin olduğunu düşünürəm və güman edirəm ki, biz qarşıdan gələn bələdiyyə seçkilərində gənclərimizin və qadınlarımızın seçki kampaniyasında yaxından iştirakını təşviq etməklə bu böyük fərqin aradan qaldırılmasına öz töhfəmizi verə bilərik.
- Bildiyimiz kimi, YAP seçki ərəfəsində öz konsepsiyasını hazırlayıb. Bu konsepsiyada nələr nəzərdə tutulub?
- Əlbəttə ki, hər bir seçki kampaniyasına hazırlaşarkən müəyyən bir proqram hazırlanır. Onsuz seçkini uğurla keçirmək mümkün deyil. YAP da hər bir seçki kampaniyasına, həmin seçki kampaniyasının mahiyyətinə və seçki kampaniyasının keçirildiyi şəraitin spesifikliyinə uyğun şəkildə konsepsiya hazırlayır.
Güman edirəm ki, 2009-cu ilin bələdiyyə seçkiləri də istisna olmayacaq və olmamalıdır. Biz konsepsiyanı demək olar ki, hazırlayıb başa çatdırmışıq. Bəzi müddəaların prinsiplərinin dəqiqləşdirilməsi mərhələsindəyik. Bu konsepsiyanın mahiyyəti qarşıdan gələn bələdiyyə seçkilərində YAP-ın hansı meyarlara istinad edərək namizədlərin, şüarlar və hədəflərin müəyyənləşdirməsindən ibarətdir. Konsepsiyada həmin hədəflərə çatmağın yollarının nədən ibarət olduğu aydınlaşdırılacaq və bütün bunların hamısının konkret proqramlaşdırılmış sənəd halına gətirilməsi mümkün olacaq. Biz bu barədə xeyli əvvəl araşdırmalar aparmışıq. Həmin araşdırmaların nəticələri məlum olub. Bir neçə nəticələr haqqında artıq mən sizə dedim. Onlardan ən başlıcası bələdiyyələrin tərkibində qadınlar və gənclərin azlıq təşkil etməsidir. Bu bizim konsepsiyanın əsas tərkib hissəsidir. Amma qarşımıza başqa bir hədəfi də qoymuşuq. Bu da ondan ibarətdir ki, bugünkü Azərbaycanın sürətlə həm yeniləşməsi, həm müasirləşməsi, həm də inkişafı mərhələsinin irəli sürdüyü tələblərə bələdiyyələrin cavab verə bilməsi üçün bələdiyyələrin özlərində də əhəmiyyətli dəyişikliklərin aparılmasına ehtiyac var.
Biz belə hesab edirik ki, bu istiqamətdə artıq konkret addımlar atılır. Bu addımlardan biri bu yaxınlarda bələdiyyələrin birləşdirilərək sayının azaldılması ilə bağlı Milli Məclis tərəfindən qəbul edilən qərardır. Hesab edirəm ki, bu əhəmiyyətli bir addımdır. Amma bələdiyyələrin təkmilləşdirilməsi və bu sahədə islahatların aparılması yalnız bu addımla yekunlaşa bilməz. Biz belə hesab edirik ki, bələdiyyələr indi öz qarşılarında duran məsələlərə daha məsuliyyətlə yanaşmalıdırlar.
Azərbaycan vətəndaşları bələdiyyələrdən daha böyük işlərin və layihələrin həyata keçirilməsini gözləyir. Bələdiyyələr artıq Azərbaycanda 10 ildir mövcuddur və onlar əhəmiyyətli təcrübə toplayıb, özlərini tanıdıblar. Demək, onlar daha məsuliyyətli vəzifələri yerinə yetirməyə özlərini hazır hesab etməlidirlər. Buna görə də, hesab edirik ki, bələdiyyələr öz fəaliyyətlərini indiki dövrün tempinə uyğunlaşdırmalıdır. Konsepsiyanın çox vacib istiqamətlərindən biri də məhz bundan ibarətdir. Bir yandan bələdiyyə üzvləri bu dövrün tələblərinə uyğun, azad şəkildə müəyyənləşdiriləcək, onlar bələdiyyə üzvlüyünə seçildikdən sonra bu məsuliyyətli vəzifələri yerinə yetirməyə hazır olacaqlar. Digər bir tərəfdən, bələdiyyələrin təkmilləşdirilməsi, bələdiyyələrin fəaliyyətində islahatların aparılması ilə əlaqədar bir neçə digər prinsipial mövqelər müəyyənləşdirərək biz bütövlükdə müasir şəraitdə Azərbaycan bələdiyyələrinin iş əmsalının əhəmiyyətli dərəcədə yüksəldilməsinə nail ola bilərik. Belə hesab edirik ki, builki seçkilərdə qarşıda duran əsas vəzifələrdən biri də bundan ibarətdir ki, bələdiyyələr yeniləşdirilsin, bələdiyyələrin işində yeniliklər öz əksini tapsın və bələdiyyələrin müasir tələblərə uyğun şəkildə fəaliyyət göstərməsi təmin edilsin.
- Əli müəllim, ötən bələdiyyə seçkilərində iştirak etmiş namizədlər, bələdiyyə üzvləri YAP-ın yeni siyahısında olacaqlarmı?
- Əlbəttə, bizim çox ciddi şəkildə təhlillərimiz aparılmaqdadır və təbii ki, bələdiyyə üzvü olaraq 5 il ərzində fəaliyyət göstərmiş, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmiş insanlar yenidən bələdiyyə üzvlüyünə namizəd olaraq irəli sürüləcək. Bu təbiidir. Amma mütləq şəkildə biz bir şeyi nəzərə almalıyıq ki, Azərbaycanda bələdiyyələrin sayı əhəmiyyətli dərəcədə azalıb. Bələdiyyələrin sayı 2700-dən təxminən 1700-ə endirilib və bununla əlaqədar olaraq bələdiyyə üzvlərinin sayı da azalacaq. Bu da əlbəttə, nəzərə alınmalı məqamlardan biridir.
Amma bütövlükdə bələdiyyə üzvü kimi səmərəli fəaliyyət göstərmiş, bələdiyyə üzvü olaraq vəzifələrini layiqincə yerinə yetirmiş bütün keçmiş bələdiyyə üzvlərinə növbəti bələdiyyə seçkiləri zamanı da birmənalı şəkildə etimad göstəriləcək. Təbii ki, YAP-ın böyük potensialı var. Bu potensial da bizim ən layiqli namizədləri irəli sürməyimizə imkan verəcək.
- Əli müəllim, müxalifət dekabrda keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkiləri öncəsi şəraitdən narazıdır. Bəs iqtidar partiyası olan YAP mövcud şəraiti necə qiymətləndirir?
- Biz bütövlükdə ölkədəki ictimai-siyasi durumla əlaqədar fikirlərimizi bildirdik. O ki qaldı seçkiyə qatılan partiyaların iştirak şəraiti ilə əlaqədar yanaşmalarına, mən düşünürəm ki, burada fərqli məqamlar obyektiv reallığa yox, daha çox reallığın subyektivcəsinə dəyərləndirilməsinə istinad edir. Azərbaycanda ədalətli, şəffaf, azad seçkilərin keçirilməsi üçün bütün şərtlər və lazımi şərait təmin edilib. Digər bir tərəfdən, hər bir partiyanın seçki kampaniyasında iştirak etməsi üçün hökumət və dövlət tərəfindən lazımı vəzifələr layiqincə yerinə yetirilir.
Azərbaycanda sadaladağım prinsiplərlə dəyərlər əsasında seçkilərin keçirilməsinə təminat verən seçki qanunvericiliyi mövcuddur. Seçki Məcəlləsi seçki kampaniyasına qoşulmaq istəyən, passiv seçki hüququndan faydalanmaq niyyətinə düşən hər bir vətəndaşın seçkiyə qatılmasına imkan yaradır. Bütün bunlar Azərbaycanın seçki mühitinin və seçkiqabağı vəziyyətinin reallıqlarıdır. Əgər hər hansı bir partiya bu gerçəklikləri öz dünyagörüşlərinə, partiya mənafelərinə uyğun şəkildə dəyərləndirərək qiymət verirsə, artıq bunun reallığa heç bir aidiyyətı yoxdur.
Güman edirəm ki, bu dəyərləndirmələrin arxasında həmin partiyaların daha çox bələdiyyə seçkilərində iştirakına əsas verə biləcək potensialın olmaması faktı dayanır. Söhbətimin əvvəlində qeyd etdim ki, bələdiyyə seçkiləri kütləviliyi ilə seçilən seçki kampaniyasıdır.
Bələdiyyə seçkilərində iştirak edən partiyalar minlərlə layiqli namizəd müəyyənləşdirib irəli sürməlidir. Əgər partiya seçkilərdə iştirak edəcəksə, partiya tərəfindən 20 minə yaxın namizəd irəli sürülməlidir. Bunlar partiyanın böyük potensilanın olmasından irəli gəlir.
Bundan savayı, seçki kampaniyasının uğurla həyata keçirilməsi üçün təşkilati və insani resurslar nəzərdə tutulur, tələb olunur. Bütün bunların hamısı olmalıdır ki, bu və ya digər siyasi partiya bələdiyyə seçkiləri kimi kütləviliyi ilə seçilən seçki kampaniyasında yaxından iştirak etsin. Açıq şəkildə demək lazımdır ki, bir sıra partiyaların bələdiyyə seçkilərində iştirak etmək üçün tələb olunan zəruri potensialı və imkanları yoxdur. Və çox təəssüf hissi ilə qeyd etmək lazımdır ki, həmin partiyalar bu gerçəkliklərini etiraf etmək əvəzinə, Azərbaycana böhtan atmaq yolunu tuturlar.
Hesab edirəm ki, bu yol bir yandan ədalətli yol deyil, ikinci bir tərəfdən həmin partiyalar özlərinin vəziyyətinin yaxşılaşmasına, yeniləşdirilməsinə və dəyişdirilməsinə xidmət etmir. Partiya özünün malik olduğu reallıqları gizlətməklə problemlərini həll edə bilməz və təbii ki, bu qeyri-mümkündür. Ona görə də, bəzi partiyalar məhz seçki kampaniyası ərəfəsində bu cür həqiqətə uyğun olmayan şayiələr yayır, özlərinə heç bir uğur gətirə bilməyəcək təbliğatla məşğul olurlar. Amma bütün bunlara əlavə olaraq demək istərdim ki, hər bir partiyanın başlıca missiyası ölkədə keçiriləcək seçki kampaniyalarında iştirak etmək olduğundan bələdiyyə seçkiləri bütün digər seçkilər kimi partiyanın öz potensialını və imkanını ifadə etmək üçün geniş meydandır. Bu şəraitdən onlar faydalanmağa çalışmalıdırlar və bələdiyyə seçkilərində iştirak etməlidirlər.
Seçkilərdə iştirak etmək niyyətində olan hər bir partiya təbii ki, qələbə çalmağı, uğur qazanmağı qarşısına məqsəd qoyur. Bundan əvvəl, gərək kampaniyada iştirak edəsən. Kampaniyada iştirak etmədən, seçki kampaniyasına qatılmadan, seçki kampaniyasının ağırlığını öz üzərinə götürməyə hazır olmadan hər hansı bir uğur qazanmaq mümkün deyil. Uğurdan əvvəl isə burada məsuliyyət gəlir, uğurdan əvvəl bu ağır yükü daşımağa hazır olmaq və çiynini bu ağır yükün altına vermək gəlir. Gərək bunu edəsən ki, sonra da bəhrəsini görəsən. Təəssüflər olsun ki, bizdə müxalifət partiyaları əziyyət çəkmədən, ağır yükün altına çiyinlərini vermədən uğur qazanmaq istəyirlər. Bu isə mümkün deyil. Dünyada belə bir təcrübə yoxdur, belə bir nümunə gətirmək mümkün deyil. Ona görə mən partiyaları dəvət edirəm ki, kimin potensialı var, hansı partiya özünə inanır və özünə hörmət edirsə, bu seçki kampaniyasında iştirak etsin.
Təbii ki, YAP olaraq biz də maraqlıyıq ki, seçki kampaniyası ciddi bir rəqabət şəraitində keçsin və biz öz gücümüzə inanırıq. Potensialımız özümüzə də, cəmiyyətə də məlumdur. İstərdik ki, bu potensialımızı ciddi rəqabət şəraitində ortaya qoyaq, nümayiş etdirək və inanıram ki, həmişə olduğu kimi, bu dəfə də, qalib gələcəyik.
- Bəs, seçki ərəfəsində müxalifət partiyalarının durumunu necə qiymətləndirirsiniz?
- Açıq etiraf etmək lazımdır ki, bütün seçki kampaniyalarında uğur qazana bilməyən partiyaların durumu yaxşı ola biməz. Bu birmənalı şəkildə belədir. Və bütövlükdə seçki prosesinin və seçkidən sonrakı prosesin ümumi məntiqi bundan ibarətdir ki, uğur qazanan, qalib gələn partiya özünün seçki ərəfəsində elan etdiyi proqramını artıq hakimiyyətə gələrək və yaxud bələdiyyələrə seçilərək reallaşdırır, həyata keçirir. Uğur qazana bilməyən partiyalar isə öz konsepsiyalarında və özlərinin konfiqurasiyasında dəyişiklik etməklə növbəti seçkilərə hazırlaşırlar. Bütün dünyada bu belədir və siyasət və seçki məntiqi də məhz buna istinad edir.
Təəssüf hissi ilə bildirmək istəyirəm ki, Azərbaycan müxalifəti bu məntiqdən özünü kənarda saxlayır. Bu illər ərzində bütün seçkilərdən sonra onlar bir neçə ay ərzində özlərini heç bir əsas olmadan qalib hesab edirlər və öz kabinetlərində oturaraq biri özünü prezident, digəri isə hər hansı bir vəzifə sahibi sayır. öz nöqsanlarını aradan qaldırmaq, seçki kampaniyasında ortaya çıxan zəif cəhətləri üzərində təhlillər aparmaq əvəzinə özlərini qalib kimi qələmə verirlər və təbii ki, belə məntiqlə, yanaşma ilə növbəti seçkiyə heç bir partiya hazırlaşa bilməz.
Digər bir tərəfdən, seçkidə lazım olan nailiyyəti və göstəricini əldə etməyən partiyalar mütləq hansı şəkildəsə yenidən qurulmalıdırlar. Bəlkə də, yeni partiyalar meydana gəlməlidir. çünki uğursuzların ikinci dəfə xalqın və seçicilərin uğur zirvəsinə qalxacaqlarına ümid yoxdur. Bu dünyanın heç bir yerində yoxdur. Dünyanın hər bir yerində seçkidən qələbə ilə çıxmayanlar bütövlükdə həm partiya siyasətlərində, həm partiyalarının siyasətçilərinin daxilində əhəmiyyətli dəyişikliklər aparırlar. Dünyanın hər bir yerində bu belədir. Azərbaycanda isə bunları uzun illər ərzində etməyiblər və beləliklə də, hər seçkidən-seçkiyə Azərbaycan müxalifəti öz ictimai dayaqlarını itirir və itirə-itirə də gedir. çünki yeniləşmirlər, dəyişmirlər. çünki 10-15 il uğursuzluğa düçar olan partiyalar eyni simalarını saxlayırlar. Və təbii ki, həmin simalar ictimai dəstəyini, siyasi dəstəyini, daha açıq şəkildə desək, hörmətini itirirlər. Azərbaycanın müxalifət partiyaları ardıcıl olaraq heç bir seçkidə uğur qazana bilməyərək bu həddə gəlib çatıblar. Və bugünkü dialoq ondan ibarətdir ki, Azərbaycan müxalifətinə ictimaiyyət arasında heç bir inam yoxdur. Ona görə ki, bunlar cəmiyyətə hər hansı bir ideya təqdim edə, hər hansı bir yeni sima ortaya çıxarda bilmirlər.
Beləliklə, Azərbaycan müxalifəti artıq illərdir ki, donmuş, inersiya vəziyyətində yaşamaqdadır. Cəmiyyət inersiya və durğunluğu sevmir. Cəmiyyət hərəkəti, yeniləşməni, dəyişikliyi sevir. Cəmiyyət özü dəyişir, yeni nəsillər meydana gəlir və bu yeni nəsillərin həyata öz baxışları, öz düşüncələri, dünya görüşləri var. Bütün bunlar hamısı da yeni hədəfləri müəyyənləşdirir. Əgər partiya, onun müəyyənləşdirdiyi siyasət, o cümlədən də, hökumət və onun həyata keçirdiyi siyasət bütün bunlara uyğunlaşmasa, yəni, hərəkətdə olmasa, dəyişiklik olmasa, insanlar tərəfindən dəstəklənə bilməz. İndi nə qədər həyata tamam başqa cür baxan yeni insanlar meydana gəlir. Tutaq ki, 10 il bundan qabaq bunlar 10 yaşında yeniyetmələr idilərsə, indi onlar 20 yaşında olublar. Axı, onlar həyatdadırlar, cəmiyyətin fəaliyyətdə olan vətəndaşlarıdırlar. Amma onlar artıq özlərindən 20 yaş yuxarı olan insanlar kimi bu həyata, gələcəyə baxmırlar.
Demək, siyasət də dəyişməlidir.
Digər bir tərəfdən, həmin insanlar özləri də bu prosesə cəlb olunmalıdırlar. Bütün bunların hamısı həyatın hərəkətdə olduğu, daima dəyişiklikdə olduğu üçündür. Müxalifət isə bu illər ərzində, heç bir dəyişikliyə məruz qalmayıb və ümumiyyətlə, dəyişiklik haqqında düşünməyiblər. Heç bir zaman həyata keçirdikləri, müəyyənləşdirdikləri xəttin indiki insanların baxışları və tələbatları ilə uyğun gəlmədiyi barəsində düşünüb onu dəyişmək haqqında bir addım atmayıblar. Təbii ki, bu qədər durğunlaşmış, ətalət halında olan siyasi təşkilatların ictimai dəstək güdməsi tamamilə əsassız olardı və bu da yoxdur. Biz hakimiyyətdə olan partiya olaraq, əlbəttə, təəssüfləndiyimizi bildirməyimiz bir az qəribə səslənər ki, rəqiblərimiz bu qədər zəifdirlər. Amma siz reallığın nədən ibarət olmasına mənim qiymət verməyimi soruşduğunuza görə, bax, bu müxalifət üçün acı olan gerçəklik haqqında öz fikirlərimi nəzərinizə çatdırdım.
- Bəzi müxalifət partiyalarının sədrləri Türkiyə-Ermənistan sərhədlərinin açılmasının vacibliyini söyləyirlər. Onların bu addımının milli maraqlarımızın əleyhinə atıldığını söyləmək olarmı? ümumiyyətlə sizin fikrinizcə, Türkiyə-Ermənistan sərhədlərinin açılması nə dərəcədə realdır?
- Müxalifətçilik milli maraqların əksinə getmək anlamında başa düşülməməlidir. Bu tamamilə başqa bir məntiqə və fəlsəfəyə gətirib çıxarır. O ki qaldı Türkiyə-Ermənistan sərhədlərin açılması məsələsinə, bu barədə Azərbaycan özünün rəsmi mövqeyini dəfələrlə açıq şəkildə ifadə edib. Azərbaycan yaşadığımız bölgədə sülhün, əmin-amanlığın, barışın və əməkdaşlığın olmasının tərəfdarıdır. Amma bir şərtlə ki, bu barış və əməkdaşlıq pozulmuş ədalət prinsiplərinin bərpa olunmasına istinad etsin. O zaman bu siyasət və konsepsiya real şəkildə həyata vəsiqəsini ala bilər.
Ermənistanla Türkiyə arasında sərhədlərin açılmasından qabaq Ermənistanın təcavüzkar siyasətinə son qoyulmalıdır. Ermənistan Azərbaycanın işğal altında saxladığı torpaqlarından öz silahlı qüvvələrini geri çəkməlidir. İllərlə böyük məhrumiyyətlərə düçar olan insanlar - Azərbaycan vətəndaşları öz ata-baba torpaqlarına qayıtmaq imkanı əldə etməlidirlər. Bütün bunlardan sonra Qafqazda barışın yaranması üçün real zəmin meydana çıxa bilər. Azərbaycanın mövqeyi bundan ibarətdir və biz inanırıq ki, Azərbaycana qardaş olan Türkiyə də Ermənistanla sərhədlərin açılmasına bu məntiq və konsepsiya ilə gedəcək.
Belə bir fikri söyləmək üçün mənə inam verən Türkiyənin rəsmi şəkildə Azərbaycanın maraqlarının əleyhinə heç bir addım atmayacağı və Azərbaycanın işğal altında olan torpaqları işğaldan azad edilməyəcəyinə qədər Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasının qeyri-mümkün olması ilə əlaqədar verdikləri bəyanatdır.
İqtidar və yaxud müxalifət partiyasının təmsilçisi olmasından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı bu mövqedə dayanmalıdır. Milli maraqlar, dövlət maraqları olan yerdə müxalifət, iqtidar söhbəti arxa plana keçməlidir.
- Mövcud Seçki Məcəlləsinin bələdiyyə seçkilərinin obyektiv keçirilməsi üçün hüquqi imkanları Sizi qane edirmi?
- Azərbaycanda ədalətli, şəffaf, düzgün seçkilərin keçirilməsi üçün çox etibarlı hüquqi baza mövcuddur. O cümlədən də, Azərbaycanın Seçki Məcəlləsi ədalətli, azad, şəffaf, düzgün seçkilərin keçirilməsi üçün hüquqi təminat yaradır. Seçki Məcəlləsi ilə Azərbaycanda həm prezident, həm parlament, həm də bələdiyyə seçkiləri keçirilir.
Hər 3 seçkilərdə yuxarıda qeyd etdiyim prinsip və dəyərlər qorunur və təmin edilir. Belə olan halda kimlərinsə Azərbaycanda Seçki Məcəlləsinin dəyişdirilməsi ilə əlaqədar səsləndirdiyi bəyanatları əsassız hesab edirəm. Dəfələrlə bununla əlaqədar öz mövqeyimizi bildirmişik. Seçki qanunvericiliyi bütün seçki prosesində iştirak edən partiyalar üçün eynidir. Heç bir partiya üçün fərqli Seçki Məcəlləsi yoxdur. Seçki Məcəlləsinin bütün müddəaları eyni dərəcədə seçkiyə qoşulmaq istəyən həm partiyalara, həm də insanlara şamil edilir. Fərqli normalar müəyyən edilməyib və mövcud deyil. Belə olan halda seçkiyə qoşulan bütün insanlar və partiyalar eyni normalarla işləyir və eyni hüquqi normalar əsasında fəaliyyət göstərirlər.
Yeni Azərbaycan Partiyası, digər partiyalar da həmin normalar əsasında fəaliyyət göstərir. Belə olan halda Seçki Məcəlləsini günahlandırmağı o qədər də əsaslı hesab etmirəm. Müxalifət partiyaları bayaq dediyim potensiallarının azlığını, Seçki Məcəlləsini tənqid etməklə konpensasiya etmək fikrinə düşürlər. Yəni, bu çatışmazlığı, nöqsanları seçki qanunvericiliyinin nöqsanları ilə ört-basdır etməyə çalışırlar.
Mən hesab edirəm ki, dəfələrlə istifadə etməyə çalışdıqları bu metod onlara uğur gətirmir. Təklif edərdim ki, onlar səmərəsiz metoddan heç olmasa indi əl çəkməyin vaxtının yetişdiyini dərk etsinlər.
- Əli müəllim, seçki taktikasında hansısa dəyişiklər nəzərdə tutulubmu?
- Təbii ki, seçki konsepsiyası həm hədəflərin müəyyənləşdirilməsi, həm də həmin hədəflərə hansı üsul və vasitələrlə çatmağın təyin edilməsini nəzərdə tutur. Yəni, seçki taktikasının konkretləşdirilməsini nəzərdə tutur. Hər bir seçkiyə özünəməxsus taktika ilə gedilməlidir. Prezident seçkilərinin öz spesifikliyi var, parlament seçkiləri başqa bir xüsusiyyətlərə sahibdir, bələdiyyə seçkilərinin isə özüməxsusluğu mövcuddur. Bütün bunların hamısı seçki konsepsiyasında nəzərə alınmalıdır və konkret taktikalar müəyyənləşdirilməlidir. Bələdiyyə seçkilərinin bütün ağırlığı yerlərə düşür, çünki bu, yerli özünüidarə orqanlarına üzvlərin seçilməsini nəzərdə tutur. Ona görə də, biz öz konsepsiyamızda nəzərdə tutmuşuq ki, seçki kampaniyasının bütün ağırlığını Yeni Azərbaycan Partiyasının yerli təşkilatlarının üzərinə qoyaq. çünki əks halda, biz yerlərdə keçiriləcək kampaniyada lazım olan uğurları qazana bilmərik. Bizim taktiki gedişlərimizdən biri də bu spesifikliyi nəzərə alaraq, ona uyğun şəkildə addımlar atılmasından ibarətdir.
Təbii ki, burada da yeni taktikalar olacaq və güman edirəm ki, yeni taktikalar da bizim uğur qazanmağımızı təmin edəcək. Bu bir yarışdı və yarışa gedərkən istifadə etmək niyyətində olduğun üsulları əvvəlcədən aşkar etsən, o qədər də düzgün olmaz.
- Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesində həmsədr dövlətlərin ortaya qoyduğu siyasi iradə və problemin həllinə yanaşma Sizi qane edirmi?
- Əgər bu vaxta qədər həmsədr dövlətlərdən tələb olunan iradə ortaya qoyulmuş olsaydı, onda münaqişə öz həllini çoxdan tapardı. Əgər bu günə qədər münaqişə öz həllini tapmayıbsa, onda münaqişənin nizama salınması məsuliyyətini üzərinə götürmüş vasitəçilərin vəzifələrinin öhdəsindən gəldiyi haqqında fikir söyləməyə adamın dili gəlməz. Bilirsiniz ki, Azərbaycan cəmiyyəti artıq bir neçə ildir ki, vasitəçilərin fəaliyyətini ciddi şəkildə tənqid edir. Düzdür, son zamanlar vasitəçilərin əhəmiyyətli və ciddi şəkildə fəallaşması müşahidə olunur. Mən ümid etmək istərdim ki, bu fəallaşma doğrudan da münaqişənin nizama salınması kimi çoxdan gözlədiyimiz məqsədə xidmət etsin. Amma bəzən insan onu da düşünməyə məcbur olur ki, bəlkə də bu fəallaşmanın arxasında duran həqiqi niyyət vasitəçilərin fəaliyyəti, Azərbaycan cəmiyyətinin narazılığının kritik həddə çatması ilə əlaqədardır. Bəlkə də, bunlar görüntü yaratmağa çalışırlar ki, görürsüz, vasitəçilər öz vəzifələrinin öhdəsindən vicdanla gəlməyə cəhdlər göstərirlər.
Mən çox sevinərdim ki, son düşüncəm düzgün olmasın. Amma 15 il ərzində vasitəçilərin öz missiyasını başa çatdıra bilməməsi istər-istəməz bu cür düşüncələrin meydana gəlməsinə səbəb olur. Hesab edirəm ki, hər bir münaqişənin həll olunmasında vasitəçilik missiyasını üzərinə götürən tərəflər bir neçə vacib meyarlara istinad etməlidirlər.
Meyardan biri və ən başlıcası ondan ibarətdir ki, vasitəçilər tamamilə qərəzsiz olmalıdır. Mən bilmirəm bu gün sözün həqiqi mənasında vasitəçilər tam qərəzsizdir fikrini söyləmək mümkündürmü?
Yox, əgər vasitəçilər tam qərəzsiz ola bilmirlərsə, onda mütləq şəkildə münaqişəyə cəlb olunmuş tərəflərin maraqlarını ifadə edən vasitəçilər bir balans şəklində təmsil olunmalıdırlar. Yəni, münaqişəyə cəlb olunmuş tərəflərin maraqlarının ifadə olunması balanslaşdırılmalıdır. Bir az açıq şəkildə ifadə etsəm, əgər münaqişədə iştirak edən bir tərəfin marağını vasitəçilərdən kimsə açıq şəkildə bu və ya digər formada müdafiə edə bilirsə, onda gərək digər münaqişəyə cəlb olunan tərəfin marağını da açıq şəkildə ifadə edən bir vasitəçi vasitəçilik missiyasının tərkibinə daxil olsun. Yəni, ya tamamilə qərəzsiz olmalıdırlar, yox əgər münaqişəyə cəlb olunan bir tərəfə qarşı tam qərəzsizlik təmin olunmursa, onda burada bir balans yaradılmalıdır ki, digər tərəfin də maraqlarını bu şəkildə ifadə edən bir vasitəçi həmin missiyasının tərkibinə daxil olsun. Ona görə də, istər-istəməz Azərbaycan cəmiyyətinin içərisində təkliflər səsləndirilir ki, Azərbaycanın maraqlarını ifadə edən tərəflər olsun. Kim olacaq? Türkiyəmi, başqasımı və s. Amma hər halda proses davam edir və son zamanlar vasitəçilərin fəaliyyətində ciddi bir canlanma ifadə olunmaqdadır. Bunun başqa səbəbləri ola bilər ki, bir neçəsi haqqında fikrimi dedim. Güman edirəm ki, digər səbəblər də ola bilər və hətta var.
Biz arzu edirik ki, münaqişə tezliklə başa çatsın. Azərbaycan Prezidenti İlham Əliyev də münaqişənin ədalətli şəkildə həll olunması, işğal altında olan torpaqların geri qaytarılması üçün mümkün olan hər bir şeyi edir. Azərbaycanın güclənməsi, qüdrətlənməsi, siyasi çəkisinin artması, hərbi qüdrətinin möhkəmlənməsi, əslində, münaqişənin ədalətli şəkildə həll olunması kimi bir məqsədə xidmət göstərir. Bu mənada deyirəm ki, Prezident İlham Əliyev münaqişənin nizama salınması üçün Azərbaycan hökuməti tərəfindən nə edilməsi mümkündürsə, onların hamısını edir. Bu da Azərbaycanın maraqlarına uyğun şəkildə münaqişənin nizama salınması şansını artırıb. Bunu da etiraf etmək lazımdır.
İndi münaqişənin ədalətli şəkildə həll olunması şansı əvvəlkindən əhəmiyyətli dərəcədə yüksəkdir. Bunu birmənalı şəkildə etiraf etmək lazımdır. Bu, Azərbaycan Prezidentinin həm daxili siyasətdə, həm də beynəlxalq və regional müstəvidə həyata keçirdiyi siyasətdə əldə olunan uğurların bilavasitə nəticəsidir. Münaqişənin ədalətli şəkildə həlli dedikdə Azərbaycanın pozulmuş hüquqlarının tam bərpasını nəzərdə tuturuq. Bütün bunların hamısı münaqişənin ədalətli şəkildə həllinə ümidləri artırır.
- Bununla yanaşı, həmsədrlərin dəyişdirilməsi Qarabağ münaqişəsinin yeni konteksdə həllinə təsir imkanlarını genişləndirə bilərmi?
- Burada bir neçə məqam nəzərə alınmalıdır. Birincisi, bu vasitəçilərin təyin etdiyi kadrların rotasiyası kimi də qiymətləndirilməli və bu mütləq şəkildə nəzərə alınmalıdır. Amma, eyni zamanda, rotasiya prosesində kimə üstünlük verilibsə, bunun özü də nəzərə alınmalıdır.
Yəni, bu, sadəcə, bir rotasiyadır və bu prosesə heç bir təsir göstərməyəcək məntiqini ortaya qoymaq əsaslıdır. Amma hesab edirəm ki, yalnız bununla kifayətlənmək də düzgün olmazdı. Ona görə də, rotasiya prosesində yeni təyin olunan kadrların kimliyi və onların hansı parametr və keyfiyyətlərə sahib olmaları danışıqlar prosesinin gedişinə təsir edə biləcək amillərdir. Bu da nəzərə alınsa, yaxşı olar. Amma bütövlükdə mən hesab edirəm ki, həmsədrlərin təmsilçilərinin dəyişdirilməsi bütövlükdə həmsədrlərin mövqeyinin dəyişməsi demək deyil.
Ola bilsin ki, mövqeyin dəyişməsi həmsədrlərin təmsilçilərində müəyyən bir yeniliyin yaranmasını şərtləndirsin. Amma əksini düşünmək düzgün olmazdı. Burada daha çox münaqişənin nizama salınması üçün vasitəçilik missiyasını həyata keçirmək məqsədilə cəlb olunmuş tərəflərin özlərinin yürütdüyü siyasət də var.
- Nə dərəcədə bu siyasətdə dəyişikliklər baş verir?
- Mən şəxsən belə düşünməyə meyilliyəm ki, indi beynəlxalq güclər Dağlıq Qarabağla bağlı olan münaqişənin nizama salınmasına əvvəlkindən daha çox maraq göstərirlər.
Münaqişə vaxtilə beynəlxalq güclərin Qafqaz bölgəsində mövqelərini gücləndirmək məqsədilə yaranmışdır. Yəni, beynəlxalq güclər burada öz mövqelərini və nüfuz dairələrini gücləndirmək üçün belə bir münaqişəni yaratdılar. Mənə belə gəlir ki, indi beynəlxalq güclərin öz mövqelərinin bu bölgədə möhkəmləndirilməsi üçün taktikalarında dəyişiklik baş verib. Bu dəyişiklikdə əsas məqsəd indi münaqişənin nizama salınmasına xidmət göstərməklə həmin beynəlxalq güclərin Qafqaz bölgəsində mövqelərinin möhkəmləndirilməsinə can atmalarından ibarətdir. Yəni, məqsəd eynidir, amma bu məqsədə çatmaq taktikasında dəyişiklik baş verib.
Mən belə hesab edirəm ki, əgər belə bir dəyişiklik baş veribsə, bundan Azərbaycan tərəfi kifayət qədər səmərəli şəkildə faydalanmağa çalışmalıdır. Vaxtilə beynəlxalq güclər münaqişə yaratmaqla burada mövqelərini möhkəmləndirmək məntiqinə gələndə erməni tərəfi bundan çox bacarıqla faydalandı. İndi Azərbaycan torpaqlarını həmin o güclərin köməyi, dəstəyilə və yaxud hər hansı bir formada azad edə bilər. İndi yaranmış vəziyyətdən Azərbaycanın ustalıqla faydalanmasının zamanı gəlib.
İnanıram ki, Azərbaycan diplomatiyası yaranmış şansı əldən verməyəcək. Haqq-ədalət, beynəlxalq qurumlar Azərbaycanın tərəfindədir. Azərbaycanın özünün daxili potensialı artır, möhkəmlənir, Azərbaycanın dünyada böyük hörməti olan və uğurlu siyasət yeridən Prezidenti var. Bu, bizim yaranmış şəraitdən yararlanmaq imkanlarımızın böyük olduğundan xəbər verir. Mən inanıram ki, biz bundan faydalana biləcəyik.
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 15:29

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27
