Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Ulu öndər Heydər Əliyev Bakıətrafı əraziləri boz çöllüklərdən gülüstana çevirdi

Ulu öndər Heydər Əliyev Bakıətrafı əraziləri boz çöllüklərdən gülüstana çevirdi

12.08.2009 [12:14]

Ədalət Əzizov: “Bakının inkişaf planı”nın reallaşacağı təqdirdə paytaxtımız dünyanın meqapolislərindən birinə çevriləcəkdi
 - Ədalət müəllim, Ulu öndər Heydər Əliyevlə ilk tanışlığınızı necə xatırlayırsınız?
-Ulu öndər Heydər Əliyevlə ilk tanışlığım 1982-ci ilin sonlarına təsadüf edir. Həmin vaxt ümummilli liderimiz SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Sovet İttifaqı Kommunist Partiyası (Sov.İKP) Mərkəzi Komitəsi (MK) Siyasi Bürosunun üzvü seçilmişdi. Qısa müddətə Bakıya gəlmişdi ki, buradakı işlərini tamamlasın, xalqla görüşüb vidalaşsın. İndiki kimi yadımdadır, noyabrın 18-i idi. Məni Onunla görüşmək üçün Azərbaycan KP MK-ya çağırdılar. İlk görüşümüz 5 dəqiqə davam etdi. Həyəcandan əllərim tərləmişdi.
Burada bir haşiyə çıxmaq istəyirəm. Ulu öndər Heydər Əliyev respublikamıza birinci dəfə rəhbərlik etdiyi dövrdə gələcək idarəetmə kadrların hazırlanmasına çox böyük diqqət yetirirdi. Həmin illərdə mindən artıq azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil alaraq vətənə qayıtmışdı. Ulu öndər onların təhsil almaları və işlə təmin olunması üçün hər bir şərait yaradırdı. Mən də “inaqorodnı” təhsil alan tələbələrdən biri idim. Amma bu bir qədər əvvəl olmuşdu.
Orta məktəbi 1962-ci ildə Masallı rayonunun Kalininovka kəndində əla qiymətlərlə bitirmişdim. Kəndimizdə əsasən ruslar yaşadığından mən də məcbur qalıb rus dilində təhsil almışdım. Atamın məsləhəti ilə respublikamızdan kənarda Stalinqrad (indiki Volqoqrad) şəhərindəki Şəhər Təsərrüfatı Mühəndisləri İnstitutunda təhsil almağa getdim. O vaxtlar bu tip ali məktəb keçmiş SSRİ-də cəmi üç şəhərdə- Moskva, Xarkov və Stalinqradda idi.
Ali məktəbi bitirib respublikamıza qayıdandan sonra əvvəlcə tikinti sahəsində müxtəlif vəzifələrdə çalışmışdım. Sonra Kommunal-Təsərrüfat Nazirliyində idarə müdiri, Dövlət Plan Komitəsində şöbə müdiri vəzifələrində çalışmışdım. Sən demə, Heydər Əliyevlə görüşə çağırılmağım yeni vəzifəyə təyin olunmağımla bağlı idi. O, Moskvaya getməzdən əvvəl Azərbaycan KP MK Aparatının üzvləri, respublikanı idarə edəcək kadrlarla bir-bir görüşüb söhbət etmiş, onlara öz tövsiyələrini vermişdi. Bu Şəxsin böyüklüyünə diqqət edin, masa arxasından ayağa qalxıb mənimlə görüşdü. Harada təhsil almağımla, hansı vəzifələrdə işlədiyimlə maraqlandı. Dedi ki, Səni buraya çağırmaqda məqsəd yeni təyinatla bağlıdır. İndi bunları danışarkən, eyni hissləri keçirirəm. O, 5 dəqiqəlik görüşümüzdə mənə idarəetmə ilə bağlı öz tövsiyələrini və tapşırıqlarını verdi. Dedi ki, səni məsul bir vəzifəyə- MK-nın Tikinti və şəhər təsərrüfatı şöbəsində bölmə müdiri vəzifəsinə təyin edirik. Böyük bir sahəyə rəhbərlik edəcəksən və çalış ki, bu etimadı doğruldasan.
Beləliklə, MK-da 3 il çalışdım. 1985-ci ildə məni Bakı şəhər İcraiyyə Komitəsinə sədr müavini təyin etdilər. Daha sonra sədrin birinci müavini oldum. İş elə gətirdi ki, 80-ci illərin sonunda nəinki respublikada, bütün keçmiş SSRİ-də vəziyyət gərginləşdi. Respublikanı səriştəsiz rəhbərlər idarə etməyə başladı. 1990-cı ildə qanlı 20 Yanvar hadisəsi baş verdi.
MK-nin birinci katibi Əbdülrəhman Vəzirov respublikadan qaçandan sonra Bakı şəhər İcraiyyə Komitəsinin sədri Niyazi Qaraqaşlı da könüllü olaraq öz vəzifəsini tərk etdi. Təsəvvür edin, Bakı şəhəri sahibsiz qalmışdı, bu yandan da paytaxtda komendant saatı təyin olunmuşdu. Şəhidlərimizi dəfn etmək lazım idi. Belə bir vəziyyətdə 8 ay müddətinə paytaxt merini də əvəz edəsi oldum.
- Sonradan, Ulu öndər Heydər Əliyev Moskvada işləyərkən, Onunla görüşləriniz oldumu?
- Təbii. Heydər Əliyev Moskvada işləyərkən, respublikadakı bütün işlərə nəzarət edirdi. Necə də etməyəydi. 1969-cu ildə Heydər Əliyev Azərbaycana rəhbər təyin olunanda respublikamızın hansı vəziyyətdə olduğu heç kimə sirr deyil. O kiçik aqrar bir respublika idi. Amma 1982-ci ilin sonunda Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışmaq üçün Moskvaya gedərkən Azərbaycan artıq inkişaf etmiş bir sənaye ölkəsinə çevrilmişdi. Respublikada ildə 14 milyon ton neft, 15 milyard m3 qaz çıxarılırdı, 2 milyon tondan artıq üzüm, 1 milyon tondan çox pambıq yığılırdı, taxılçılıq rekord həddə çatmışdı. Respublikamız meyvə-tərəvəz və bostan məhsulları ilə nəinki Moskva şəhərini, keçmiş SSRİ-nin əksər vilayətlərini təmin edirdi. Bakı əməlli-başlı tikinti meydançasına çevrilmişdi. Nəhəng yaşayış massivləri salınmış, zavod və fabriklər inşa olunmuşdu. Heydər Əliyev Moskvaya gedəndən sonra bu tikinti-quruculuq işləri daha da sürətlənməyə başladı.
1985-ci ildə Moskvada SSRİ Nazirlər Soveti və Sov.İKP MK-nın qərarı ilə “Bakı şəhərinin inkişaf planı” təsdiq olunmalı idi. Sənəd iki beşillik dövrü 1985-1990-cı illər və 1990-1995-ci illəri əhatə edirdi. Bəri başdan deyim ki, belə bir plan keçmiş SSRİ-nin 15 paytaxt şəhərindən yalnız üçünə qismət olmuşdu, onlardan biri də məhz Bakı idi. Buna səbəb isə təbii ki, Heydər Əliyev idi. O, sənədin qəbul olunması üçün var qüvvəsini sərf edirdi. Planı hazırlayan mütəxəssis qrupu, hansı ki, onların arasında mən də var idim, düz üç ay müddətinə Moskva şəhərinə ezam olunduq. Bu müddətdə 60-dan çox nazirlik, komitə və baş idarələrin qapısını döyür, görüşlər keçirirdik ki, planın ayrı-ayrı bəndləri cavabdeh qurumlar tərəfindən təsdiq olunsun.
Nümayəndə heyəti Azərbaycanın Moskvadakı Daimi nümayəndəliyinin binasında qalırdı. Bildiyiniz kimi, o illərdə Ulu öndər SSRİ-nin böyük bir nəqliyyat layihəsinə-Baykal-Amur magistral dəmiryolu xəttinin tikintisinə rəhbərlik edirdi. Amma bununla belə, Heydər Əliyev azacıq vaxt tapan kimi bizim işlərimizlə maraqlanır, tapşırıqlarını verirdi.
- Ədalət müəllim, həmin plana nələr daxil idi və nə üçün o reallaşmadı?
- çox təəssüf hissi ilə qeyd edim ki, Ulu öndərin gərgin səyi və zəhməti hesabına hazırlanan həmin planın biz bəhrəsini görə bilmədik. “Bakının inkişaf planı” 1985-ci ilin sonunda Moskvada SSRİ Nazirlər Soveti və Sov.İKP MK-da, 1986-ci ilin əvvəlində isə Azərbaycan SSR MK-da təsdiqləndi. Həmin planda nələr yox idi? Əgər plan reallaşsa idi, tam əminliklə deyə bilərəm ki, Bakı nəinki keçmiş SSRİ-nin, dünyanın ən nəhəng şəhərlərindən birinə-meqapolisə çevriləcəkdi. Sənəddə ayrı-ayrı illər üzrə, SSRİ-nin hansı nazirliyinin Bakıda hansı tikinti işlərini həyata keçirəcəyi, hansı fabrik və zavodların inşa ediləcəyi, yeni magistral yolların çəkilməsi, dəmiryollarının yenidən qurulması, neftayırma zavodlarının tikintisi və rekonstruksiyası, kənd təsərrüfatı məhsullarının emal müəssisələrinin tikintisi, yaşayış massivlərinin salınması, bu məqsədlə Azərbaycana hansı texnika və avadanlıqların göndəriləcəyi, həmin işlərin icrası üçün mərkəzdən nə qədər maliyyə yardımları ayrılacağı və s. kimi məsələlər öz əksini tapmışdı. Bu proses ilbəil icra olunmalı idi. İnandırım sizi ki, məhz Heydər Əliyev sayəsində bizim həmin planla bağlı bir dənə də olsun həll olunmamış problemimiz qalmadı.
Bizim həm də şansımız onda idi ki, əslən bakılı Nikolay Baybakov həmin illərdə SSRİ Dövlət Plan Komitəsinin sədri vəzifəsində çalışırdı. Moskvada keçirdiyimiz görüşlərdə digər respublikalardan olan həmkarlarımız bizə paxıllıq edirdilər. Deyirdilər ki, Azərbaycana nə var ki, istədiyi sənədi mərkəzdə qəbul etdirəcək. Arxalarında o boyda Sov.İKP MK Siyasi Büronun üzvü, nəhəng Heydər Əliyev dayanıb.
Təəssüf ki, biz həmin plandan cəmi bir il yararlana bildik. İnşaat işlərini aparmaq üçün Bakıya xeyli texnika göndərildi, maliyyə vəsaiti ayrıldı.
1987-ci ildə Heydər Əliyevin vəzifədən getməsi ilə əlaqədar həmin işlər dayandırıldı. Ardınca ermənilərin doğma Qarabağımıza olan iddiaları baş qaldırdı. Nə qədər ki, Ulu öndər Moskvada vəzifədə idi, ermənilər buna cürət edə bilmirdilər. Azacıq səslərini qaldıran kimi lazımi cavablarını alıb susurdular. SSRİ rəhbərliyi də Heydər Əliyevdən çəkinirdi. Amma Heydər Əliyevin vəzifədən getməsi onların imkanlarını genişləndirdi.
1988-ci ilin fevralından ermənilərin Azərbaycana qarşı qaldırdığı torpaq iddiaları, Dağlıq Qarabağ ətrafında baş verən hadisələr nəinki “Bakının inkişaf planı”nın icrasını dayandırdı, hətta onu unutdurdu belə. Ardınca Qarabağda erməni işğalçılarına qarşı başlanan müharibə, paytaxtda baş verən hadisələr, hakimiyyət uğrunda mübarizə ölkəni xaosa gətirib çıxardı. Respublika idarəolunmaz bir hala gətirildi. Fasiləsiz mitinqlər, hakimiyyət çevrilişləri, paytaxt təsərrüfatına görünməmiş zərər vurdu, ölkə iqtisadiyyatı tənəzzülə uğradı. Keçmiş sovet respublikaları ilə olan iqtisadi əlaqələr dağıldı. Hakimiyyətə gələn qüvvələr ölkəni idarə etməkdə səriştəsizlik nümayiş etdirdilər. Bu proses 1993-cü ilədək davam etdi.
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Ulu öndər Heydər Əliyev təkrar Azərbaycanda hakimiyyətə gələrkən ölkədəki vəziyyət 1969-cu ildən daha da bərbad idi. Qonşu dövlətlərlə olan iqtisadi-ticarət əlaqələri, demək olar ki, kəsilmişdi. ölkə vətəndaş müharibəsi astanasında idi. Naxçıvan blokada vəziyyətində qalmışdı.
Ulu öndərin dövlət idarəçiliyi sahəsindəki təcrübəsi burada da özünü göstərdi. Qeyd edim ki, Heydər Əliyev 1969-cu ildən sonrakı 4 il ərzində Azərbaycanı keçmiş SSRİ-nin geridə qalmış kiçik aqrar bir ölkəsindən ən qabaqcıl ölkəsinədək necə ucaltmışdısa, bu dəfə də belə oldu. O illərdə Azərbaycan Respublikası dalbadal 11 il keçmiş SSRİ-nin Keçici Qırmızı Bayrağını almışdı. Hətta bu ənənə Heydər Əliyev Moskvada çalışan illərdə də davam etmişdi. Həmin yüksək mükafat respublikaya əbəs yerə təqdim olunmurdu. Burada sənaye, məişət, kənd təsərrüfatı və digər sahələrdəki göstəricilər, respublikanın inkişaf tempi nəzərə alınırdı.
Hakimiyyətə ikinci dəfə gələn Ulu öndər yenə də addım-addım ölkə iqtisadiyyatını dirçəltməyə başladı. çünki çətin dövr idi. Bir tərəfdən ölkədaxili siyasi proseslər, dövlət çevrilişi cəhdləri, digər tərəfdən çökmüş iqtisadiyyat öz sözünü deyirdi. Qeyd etmək yerinə düşərdi ki, Heydər Əliyev hakimiyyətə qayıdanda ölkədə neft hasilatı 4 dəfə, qaz hasilatı 5 dəfə azalmışdı. Məhz Onun gərgin əməyi sayəsində ölkə iqtisadiyyatı dirçəlməyə başladı. Artıq iki ilin tamamında Azərbaycanda iqtisadi inkişaf göz qabağında idi. Dünyanın iri neft şirkətləri Azərbaycanın neft sənayesinə sərmayələr yatırmışdılar, “Əsrin müqaviləsi” imzalanmışdı, xarici sərmayələrin hesabına Bakıda müasir mehmanxanalar, istirahət mərkəzləri, sənaye obyektləri istifadəyə verilmişdi.
- Heydər Əliyevin ikinci dəfə ölkə rəhbərliyinə qayıdışından sonra, yenidən birlikdə çalışdınız?
- Heydər Əliyevin ikinci dəfə ölkəyə rəhbərliyi dövründə 1993-cü ildən 2001-ci ilədək Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışdım. ümummilli liderimiz böyük həvəslə ölkədə quruculuq işlərinə rəhbərlik edirdi. Tikilən hər yeni obyekt, yaradılan hər yeni müəssisə üçün sevinirdi. Bilirdi ki, bütün bu işlər xalqın rifahı naminə görülür. Elə bu səbəbdən də çalışırdı ki, həmin yeni istifadəyə verilən obyektlərin, müəssisələrin açılış mərasimində şəxsən iştirak etsin. İlk belə böyük obyektlərdən biri Bakı Beynəlxalq Hava Limanı idi. 1994-cü ildə istifadəyə verilən bu nəhəng obyekti bizim inşaatçılar almanlarla birgə tikmişdilər. Açılış mərasimində “Würtgen” şirkətinin prezidenti də iştirak edirdi. üzünü ümummilli liderimizə tutaraq dedi: “Cənab prezident Sizin ölkədə çox yüksək dərəcədə ixtisaslı kadrlar var. Siz onlarla fəxr edə bilərsiniz. Etiraf edim ki, bu tikinti zamanı biz də onlardan çox şey öyrəndik”.
Baxın, üstündən 15 il ötməsinə baxmayaraq, təyyarələrin uçuş-eniş zolağı bir dəfə də olsun təmir olunmayıb. Bu idi Heydər Əliyevin düzgün kadr siyasəti.
İnanıram ki, xalqımız Onun həm birinci, həm də ikinci dəfə ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycan üçün etdiklərini unutmayacaq. Bu işlər sadalanmaqla bitib tükənmir. Bunların sırasında paytaxtda yeni-yeni mikrorayonların salınması, (6, 7, 8 və 9-cu mikrorayonlar məhz Onun hakimiyyəti dövründə salındı), çöllərində və boz təpəliklərində qanqallar bitən Bakıda Yeni Günəşli, Əhmədli, Yeni Yasamal kimi yaşayış massivlərinin salınması, paytaxtın yaşıllıq zolağı ilə əhatə olunması, sakinlərin içməli suya olan tələbatını ödəmək məqsədi ilə Kür çayından Bakıya iki böyük su kəmərinin çəkilməsi, nəqliyyat probleminin həlli və sərnişinlərin rahatlığının təmin olunması məqsədi ilə paytaxtdakı metro stansiyalarının sayının 2 dəfədən çox artırılması, 5 mindən artıq işçinin çalışdığı Bakı məişət kondisionerləri, soyuducular, “Ulduz”, maşınqayırma və onlarla digər zavodların inşasını göstərmək olar. Heydər Əliyev yaşıllıq və parkların salınmasına da çox böyük önəm verirdi. Məhz Onun təşəbbüşü ilə paytaxtın bir sıra rayonlarında yaşıl zolaqlar salındı. Həmin yaşıllıqların qorunması üçün mütəmadi olaraq iməcliklər keçirilirdi. Bir sözlə, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqı qarşısında çox böyük və misilsiz xidmətləri olub. Sevindirici haldır ki, Ulu öndərin bu əməyi hədər getmədi. Bu gün Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövləti Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir.
Səlim LOÄžMANOÄžLU
Paylaş:
Baxılıb: 1306 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30