Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Azərbaycan dövlətçiliyinin Laçın mərhələsi başlayır...

Azərbaycan dövlətçiliyinin Laçın mərhələsi başlayır...

01.12.2021 [23:08]

Alqiş Musayev

Alqış HƏSƏNOĞLU

Mövzu və problemlər aktual olduğuna görə, ötən ilin bu günü “525-ci qəzet”də çap olunmuş yazımı “Yeni Azərbaycan”-ın oxucuları ilə bölüşmək istədim.

“525-ci qəzet”-in redaksiyasına və rəhbərliyinə həmin dövrdə mənə və yazıma diqqət yetirdikləri üçün minnətdarlığımı bildirirəm – Müəllifdən.

Xəyallarımız gerçəkləşir

Azərbaycan tarixində bir sıra ilklərə müəlliflik etmiş Prezident növbəti ilkə imza atdı. Ölkəmiz son 200 ildə ilk dəfə olaraq yeni tarixi mərhələyə - Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə daxil olur.

Biz qalib Dövlətik.

Biz qalib Orduyuq.

Biz Komandan xalqıq.

Hazırda Qələbəmizə fərqli səmtlərdən yanaşanlar var və olacaq. Siyasi ekspertlər, iqtisadçılar, hərbi mütəxəssislər, dostlarımız, düşmənlərimiz danışır, yazır, şərh verir.

Amma ən obyektiv (bütün dövrlərdə və bütün hadisələrə münasibətdə olduğu kimi) qiymət xalq təfəkküründən gəldi.

Xalqın səmimiyyəti və emosional üslubu istənilən intellektual və peşəkar mühakiməni üstələyir.

Bu gün bütün Azərbaycana ümumi bir təəssürat hakimdir.

Kimi danışdırırsan, kiminlə rastlaşırsan, “doğrudanmı torpaqlarımız azad olub?” deyir.

 Doğrudanmı “Şuşa qayıdıb?” deyə soruşur. Hələ də Şuşa qalasının fəthi, Qarabağın işğaldan azad edilməsi adamlara möcüzə kimi görünür, yuxu kimi gəlir.

Bu o deməkdir ki, Azərbaycanın Ali Baş Komandanı, Azərbaycan Əsgəri möcüzəni reallaşdırıb, yuxunu gerçəyə çevirib, namümkünü mümkün edə bilib.

Böyük Füzulinin mövcud mənzərəyə, ruh halımıza uyğun bir beyti var:

Bu vüsalə yuxu əhvali demək mümkün idi,

Əgər olsaydı yuxu dideyi-giryanimizə.

Füzuli müasirimiz olsaydı, hətta bu obrazın birbaşa Şuşaya aid edildiyini söyləmək belə yerinə düşərdi.

Çünki 30 ildir gecəsi-gündüzü olmayan, yuxusu Qarabağ çöllərində sərgərdan gəzən bir xalqın görmək istədiyi, fəqət görə bilmədiyi bir yuxu gerçəkləşibdir...

Bakının mərkəzində Birinci Qarabağ savaşı zamanı körpəsi erməni cəlladları tərəfindən qətlə yetirilmiş ananın faciəsini əks etdirən məşhur “Ana harayı” - Xocalı soyqırım abidəsi var.

Cansız körpəsini başı üzərinə qaldırıb imdad diləyən, haray çəkən köməksiz  ana heykəli həm də Birinci Qarabağ savaşındakı məğlub olmuş ananın - basılmış Ana Vətənin özüdür.

Həm də Ana Vətənin məğlub görkəmidir.

Məncə, İkinci Qarabağ savaşının ən parlaq obrazı şəhid övladının, şəhid ərinin, doğmasının tabutunu çiyinlərində daşıyan anadır, məğrur, məğlubedilməz Azərbaycan qadınıdır.

Bu, həm də İkinci Qarabağ savaşını zəfərlə yekunlaşdırmış Ana Vətənin möhtəşəm heykəlidir.

Vətən müharibəsindən sağ-salamat qayıtmış qalib əsgər oğlunu dizi üstə iməkləyərək qarşılayan ana da şəhid oğlunun tabutunu çiyninə götürən ana qədər məğrurdur, bəxtəvərdir, qalibdir.

Azərbaycan əsgəri zəfər çalıb evinə qalib kimi gəlirsə və Azərbaycan əsgəri Şəhid olaraq son mənzilə öz anasının çiynində və qalib kimi gedirsə, bu, əsl Qələbədir...

Bəziləri qələbəmizin natamam olduğunu deyir: 70 faiz, 90 faiz civarında dəyərləndirənlər var.

Qələbə elə bir anlamdır ki, faizlə ölçülməz.

Zəfərimizin masştabını müəyyən etmək üçün bir məqamın altını çızmaq istərdim.

Deyirik ki, Ermənistan müstəqil dövlət deyil.

Forpostdur. Özü də forpost anlayışını siyasi dövriyyəyə daxil edən, rəsmi üsluba, dövlət dilinə gətirən adi vətəndaş deyil, ölkənin birinci şəxsidir.

Forpostun məğlub olması daha çox onun havadarlarının məğlub olması deməkdir.

Qalib dövlətin vətəndaşı olmaq, özünü qalib Komandanın əsgəri kimi hiss etmək fərqli və müstəsna bir duyğudur.

Təbii ki, hər bir hadisənin öz yönü-yöngəsi, öz pafosu, öz ritorikası var. O cümlədən məğlubiyyətin.

Biz məğlubiyyətin də nə olduğunu yaxşı bilirik. Biz məğlubiyyətin hər cür üzünü görmüş bir xalqıq.

Onun hər acısını dadmışıq, min bir iztirabını yaşamışıq, əzablı yollarını keçmişik. Üryan ayaqlarımızın, yalın əllərimizin, zaman-zaman təhqir edilmiş heysiyyətimizin yaddaşında hansı müsibətlərin izi yoxdu ki..?

Erməni əsirliyindən qurtulmağı bacarmış Laçın rayon sakini Müşfiqin (“Əsir düşərgəsi”, Vüsalə Məmmədova) bir cümləsi xatirəmə güllə kimi sancılıb.

“Güllə dəymiş insan ətinin xüsusi qoxusu olur”.

Yəqin ki, “güllə dəymiş insan ətinin qoxusu” Müşfiqin həyatından və ciyərlərindən bütün ömrü boyu çəkilib getməyəcək.

Təkcə Müşfiqinmi? Təkcə müşfiqlərinmi?..

Bu gün adı Vətən qədər müqəddəsləşmiş Şuşadan hər evə, hər ocağa yayılan saf, təmiz hava da Azərbaycanımızın ciyərlərinə hopmuş o müdhiş qoxunu uzun müddət təmizləyə bilməyəcək.

Azərbaycanda elə bir bölgə yoxdur ki, erməni terrorundan əziyyət çəkməsin. Tariximizin elə bir kəsimi yoxdur ki, erməni xəyanətiylə müşayiət olunmasın.

Elə bir nəsil, elə bir şəcərə tapılmaz ki, namərd erməni gülləsinə tuş gəlməsin, sıravi vətəndaşdan tutmuş birinci şəxsin ailəsinə kimi.

Ötən əsrin əvvəllərində Heydər Əliyevin dayısı, 21 yaşlı Heydər erməni hücumlarından xilas olmaq üçün ailəsi ilə birlikdə Zəngəzur dağlarıyla Naxçıvana keçərkən yolda ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib.

Və bu hadisədən bir neçə il sonra - 1923-cü ildə İzzət xanım dünyadan nakam getmiş qardaşının adını oğluna verib.

Dahi Öndərimiz bu barədə heç vaxt danışmayıb, dayısının faciəsini xüsusi olaraq qabartmayıb.

Təkcə bu fakta münasib ətdə deyil, ümumiyyətlə, Heydər Əliyev həmişə şəxsinə yönələn ədalətsizlikləri, hücumları sükutla və təvazökarlıqla qarşılayırdı.

Bu gün biz eyni təvazönü Cənab Prezidentin davranışlarında müşahidə edirik.

İlham Əliyev 17 ildir ki, usanmadan, gileylənmədən, yorulmadan Azərbaycanın haqlı davasını sürdürür.

Özünə qarşı olan haqsızlıqların üzərindən isə təmkinlə, müdrikcəsinə ötüb keçir...

Tarix ayrı-ayrı mərhələlərdən ibarətdir. Hər mərhələ - bir pilləkən. Pilləkənləri bir-bir, özü də ehtiyatla, səliqə-sahmanla çıxmaq tələb edilir.

Gecikmədən və tələsmədən! Bu gün Rusiya sülhməramlılarının Qarabağa gəlişindən narahat olanlar kifayət qədərdir.

Sadə qəlblə narahat olanları başa düşmək o qədər də çətin deyil. Bu faktın Azərbaycan Ordusunun əldə etdiyi Böyük Zəfərin təhrifi üçün istifadəsi isə yolverilməzdir.

Bəli, biz qalib dövlətik!

Amma planetimizi və qonşularımızı dəyişmək səlahiyyətinə, hökmünə sahib deyilik.

Rusiya bizim böyük qardaşımız olmaya bilər. Amma Rusiya bizim böyük qonşumuz olaraq qalır.

Vladimir Putin mükəmməl dövlət ağlı olan rus vətənpərvəridir.

Azərbaycanın milli maraqlarını, dövlət mənafeyini hər şeydən üstün tutan İlham Əliyev kimi lideri var.

Rus və Azərbaycan xalqının mənafeyinə cavab verə biləcək anlaşma əldə etmək üçün resurslar kifayət qədərdir.

Yalnız belə bir - qarşılıqlı faydalı və səmimi əməkdaşlıq regionda uzunmüddətli sülhə təminat verə bilər.

Təbii ki, rus sülhməramlılarının məramına skeptik münasibətin tarixi əsasları söykənir.

Çünki Rusiya SSRİ-nin, SSRİ isə Çar Rusiyasının varisidir.

Bu günün, dünənin söhbəti deyil axı, çoxdandır ki, Çar soldatının, Sovet əsgərinin Azərbaycan ictimai fikrində işğalçı obrazı formalaşıbdır.

(Yeri gəlmişkən, 44 gün ərzində Azərbaycan Prezidentindən müsahibə götürmüş qərb media təmsilçiləri aqressiv, hikkəli, yırtıcı, prokuror ədalı davranışları ilə təmsil etdikləri qitəni heç də işğalçı Sovet əsgərindən fərqli və xeyirxah obrazda təqdim edə bilmədilər.)

Rus əsgəri deyəndə milli şüurumuzda Çar dövründən, bolşevik dönəmindən qalma neqativlər oyanır.

28 apreli, 20 Yanvarı, 366-cı alayın törətdiklərini və sair qanlı-qadalı aktları birdən-birə necə unutmaq olar.

Ümumiyyətlə, yadırğamaq mümkünmü?

Ancaq bütün hallarda Çar Rusiyası, bolşevik Rusiyası bizim keçmişimizdir, tariximizin bir hissəsidir.

Biz keçmişimizdən necə imtina edə bilərik?

İnsanın öz keçmişindən, öz bioqrafiyasından imtinası alınarmı?

Təbii ki, xeyr! Keçmişimiz, bioqrafiyamız bizi həmişə izləyəcək.

Ona görə də biz öz keçmişimizdən yalnız zaman-zaman uzaqlaşa bilərik.

Addım-addım, mərhələ-mərhələ çünki alternativ yoxdur.

və coğrafiyamız belə diktə edir...

Çox sevdiyimiz bir Azərbaycan mahnısı var: Şuşanın dağları.

Mahnının mətnini əzbər bilməyən azərbaycanlı tapılmaz desəm, yanılmaram:

“Şuşanın dağları başı dumanlı,

Qırmızı koftalı, yaşıl tumanlı,

Dərdindən ölməyə çoxdu gümanım...”

Hamı tərəfindən xalq mahnısı kimi tanınan və qəbul edilən bu bəstənin müəllifi Xan Şuşinskidir.

O da məlumdur ki, mahnı qrammofon valına yazılarkən mətndəki “duman”, “ölürəm” kimi sözlər Sovet senzurasının diqqətini çəkibmiş.

Xan Şuşinski duman sözünü izah etməyə çalışıb ki, dağ başında dumanın olması təbiidir, “ölürəm” sözü isə məcazi mənada işlədilib.

Ancaq müəllifin izahı mahnının mətnini sonadək xilas edə bilməyib.

Xan Şuşinskidən tələb ediblər ki, mətnin sözlərini dəyişsin, Sovet Şuşasının başı dumanlı ola bilməz. Nəticədə senzuranın dediyi kimi olub - mahnının ilk sətri “Şuşanın dağları deyil dumanlı” kimi verilib.

İndi demək, birmənalı rəy vermək çətindir, Xan Şuşinski “duman” deyəndə ürəyində hansı dumanı nəzərdə tutub, senzuranın sayıqlığı “xain xoflu olar” məsəlindən irəli gəlib, yoxsa yox?

Mübahisə açmağına dəyməz. Ancaq onu dəqiq və əminliklə demək olar ki, Şuşa dağlarının başına (və bütövlükdə Qarabağın və Azərbaycan adlı coğrafiyanın üzərinə) kor duman Azərbaycan tarixi İrəvan çuxurunda büdrəyəndə çökübdür.

Tariximizin son 100 ili qürurverici bir hadisəylə başlayır.

Şərqdə ilk dəfə, 1918-ci il mayın 28-i  Azərbaycan adlı məkanda Xalq Cümhuriyyəti elan olunur.

Bir gün sonra isə 1918-ci il mayın 29- da Azərbaycan Milli Şurası qədim türk oylağı İrəvan şəhərini ermənilərə güzəştə getmək haqqında qərar çıxarır.

Mövzunu şaxələndirmək fikrindən uzaq olsam da, bu yerdə bir məqamın üzərində dayanmağı vacib hesab edirəm.

Çox təəssüf ki, sonralar İrəvan mövzusu uzun müddətə unuduldu. Unutduruldu.

Hətta Cümhuriyyətin süqutundan sonra bir neçə onillik ömür sürmüş Məhəmməd Əmin Rəsulzadə və Mustafa Mərdan Topçubaşov da İrəvanın güzəştiylə bağlı susmağa üstünlük verdilər.

Nə danışdılar, nə də yazdılar.

Deyim ki, araşdırma aparsam da, mən nə Rəsulzadənin, nə Topçubaşovun bu mövzuyla hər hansı qeydinə rast gəlmədim.

Halbuki belə bir istinadgah olsaydı, nə gözəl olardı.

Bir neçə il əvvəl İlham Əliyevin özünün dediyi kimi, ilk dəfə olaraq dövlət, dövlət başçısı səviyyəsində İrəvanın taleyi ictimai fikrin diqqət mərkəzinə gətiriləndə Rəsulzadə və Topçubaşov etibarlı mənbə kimi istifadə edilə bilərdi.

Nə yazıq ki, İrəvan mövzusu təkcə ictimai-siyasi tariximizdə deyil, eyni zamanda, qurucu babalarımızın bioqrafiyasında heç nə ilə doldurula bilməyəcək bir boşluq olaraq qalır.

Məhəmməd Əmin Rəsulzadə İosif Stalinin “iki ildə siz nə əldə etdiniz?” sualına çox dəqiq qiymət vermişdi.

“Biz çox şey verə bilməsək də, azadlığın nə olduğunu xalqa azacıq da olsa dadızdıra bildik. Azərbaycan adlı coğrafiyaya ilk dəfə olaraq siyasi məzmun gətirdik”.

Ötən əsrin əvvəllərində Azərbaycan adlı coğrafiyaya gətirilən siyasi məzmunu dövlətçilik məzmunu ilə zənginləşdirmək imkanı olmadı.

Sadəcə, tarix və coğrafiya bu şansı bizdən əsirgədi.

Həmin ərəfədə geosiyasi fürsətin heç bir ümidverici əlaməti yox idi.

1920-ci il aprelin 28-də bolşevik işğalı cümhuriyyət ideyasını natamam və nakam bir proses olaraq tarixin küncünə sıxışdırdı.

Və Heydər Əliyevin dediyi kimi, “İyirminci ildən başlayaraq biz vaxt­aşırı Azərbaycan torpaqlarını hissə-hissə itiririk. SSRİ-nin tərkibinə daxil olan heç bir respublika belə bir fəlakətlə üzləşməyibdir. Heç bir müttəfiq respublika başqa müttəfiq respublika tərəfindən təcavüzə məruz qalmayıbdır”.

1920-ci ildən torpaqlarımız addım-addım, kənd-kənd, mahal-mahal Ermənistanın nəzarətinə keçir.

Azərbaycan əraziləri ermənilər tərəfindən (şübhəsiz ki, mərkəzin xeyir-duası ilə) hissə-hissə ilhaq olunur.

1920-ci il 10 avqustda Rusiya KP-nin Qafqaz bürosu Azərbaycan rəhbərliyinin razılığı ilə Şərur-Dərələyəz mahalının ermənilərə verilməsi barədə qərar çıxarır.

Və bu qərarla kifayətlənməyib Zəngəzur və Qarabağ mübahisəli ərazilər elan edilir. 1920-ci il noyabrın 30-da Azərbaycan KP MK-nın qərarı ilə Zəngəzur Ermənistana verilib.

Qarabağla bağlı məkrli planlarını təxirə salıblar. Yəqin ki, burada Nərimanovun nüfuzu, dirənişi kifayət qədər həlledici rol oynayıb. Həm də görünür, Mərkəz fikirləşib ki, aşırı səxavət ermənilərdə başgicəllənməsi yarada bilər.

Amma erməniləri şirnikləndirmək üçün əl yeri saxlayıblar. Elə bu məqsədlə 1923-cü ildə Qarabağa muxtariyyət statusu veriblər.

Beləcə, Azərbaycan torpaqlarının ilhaq edilməsi davam edib.

1929-cu il fevralın 18-də Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası Fəhlə, Kəndli, Qızıl Ordu, Matros Deputatları Sovetlərinin Mərkəzi Komitəsi Rəyasət Heyəti Nüvədi, Ernəzir, Tuğut kəndlərinin Azərbaycan SSR-in Cəbrayıl qəzasından Ermənistan SSR Meğri qəzasına aid edilməsi haqqında qərar verir.

6 min kv.km-dən artıq ərazisi olan Naxçıvan Muxtar ?espublikasının torpaqları Ermənistan tərəfindən zəbt edilərək (1924, 1928, 1929, may 1969-cu illərdə) 5.5 kv.km-ə qədər azalmışdır.

Beləcə, proses öz axarıyla gedir: erməni lobbisi Moskvanın dərziliyi ilə Azərbaycan torpaqlarından Ermənistana dövlət qiyafəsi ölçüb-biçir.

Özü də heç bir müqavimətə rast gəlmədən, 14 iyul 1969-cu ilə kimi...

Heydər Əliyevin Azərbaycan KP MK Birinci katibi seçilməsiylə Azərbaycan tarixində yeni bir mərhələ başlayır.

Tarix milli liderlərin bioqrafiyasından keçib gedərək milli status, milli məzmun kəsb edir.

Hansı liderin bioqrafiyasında boşluq var, tarix orada büdrəyir, səndələyir və yıxılır. İrəvanda, Zəngəzurda və sair yerlərdə büdrədiyi kimi.

Bu, daha geniş bir mövzunun predmeti olduğu üçün detallara varmaq, müzakirə açmaq istəməzdim.

Bir məqamı isə vurğulamaq zəruridir.

Heydər Əliyev yeganə dövlət xadimidir ki, Azərbaycan tarixi onun bioqrafiyasından şəstlə, vüqarla və açıq alınla addımlayıb keçir.

Heydər Əliyev özü bu barədə belə deyir:

 “Mən 14 il Azərbaycana rəhbərlik etmişəm, bir ovuc torpaq verməmişəm. Amma məndən əvvəlkilər və sonrakı dövrlərdə xeyli torpaq veriblər”.

Heydər Əliyevin bioqrafiyası milli mücadilə tariximizin həlledici mərhələsidir.

Əsrlər boyu erməni kilsəsi tərəfindən yönləndirilən Şərə qarşı Azərbaycan türkü yalnız 70-ci illərdən başlayaraq Heydər Əliyevin dərin zəkası və qüdrətli əli ilə iqtisadi, siyasi və sosial baxımdan, bir sözlə, bütün sahələr, bütün parametrlər üzrə böyük sürətlə təşkilatlanırdı.

Onun 1982-ci ildə Siyasi Büronun üzvü seçilməsini bədxah qonşularımız, kiçikdən böyüyə dərin bir kədərlə qarşıladılar.

Yaxşı xatırlayıram, həmin gün axşam kənddə hamı səbirsizliklə “Vremya” xəbərlər proqramından həmin xəbərin rəsmi təsdiqini gözləyirdi.

“Vremya”nın başlamasına bir neçə dəqiqə qalmış, noyabrın 21-də kəndimizin işıqları keçdi.

Problemin səbəbini öyrənmək üçün rayon mərkəzi ilə əlaqə saxlayan Nüvədi kənd telefon qovşağının işçisi Allahverdi dayıya işıq idarəsindən növbətçi erməni montyor hirslə cavab vermişdi.

- Gedin, işığı Heydər Əliyevdən istəyin...

Erməninin qəzəbi, nifrəti səbəbsiz deyildi.

1969-cu ildə Heydər Əliyev gerçəkdən Azərbaycan tarixinə, Azərbaycanın siyasi səhnəsinə bir işıq kimi gəldi.

Və bu işığın gurşad enerjisindən ilk dəfə xoflanan da elə ermənilər oldu.

Heydər Əliyevin Azərbaycan xalqı və tarixi üçün necə fövqəladə bir dəyər daşıdığını ermənilər hamıdan və hər kəsdən qabaq duymuşdular.

Mən oktyabrın 21-də, Heydər Əliyevin Siyasi Bürodan uzaqlaşdırılması xəbərini ermənilərin hansı sevinclə, şadyanalıqla qarşıladıqlarını görmüşəm.

Həmin günü ermənilər özlərinin milli bayramları kimi qeyd edirdilər.

Ermənilərin İrəvandan, Zəngəzurdan sonra üçüncü cəhdi - Qarabağ iddiası məhz Heydər Əliyevin istefasından dərhal sonra elan edildi.

Sovetlərin çöküşü ilə bir səhifə açılır...

Tarix yenidən təkrarlanırdı.

Demək olar ki, ümumi ab-hava eyniydi, 1918-ci ildəki kimi siyasi məzmun yenidən Azərbaycan adlı coğrafiyaya qayıtsa da, bu siyasi məzmunu idarəçilik ritmi ilə istiqamətləndirmək, prosesi dövlət quruculuğu relsləri üzərinə oturtmaq mümkün deyildi.

Çünki Ayaz Mütəllibov bu iş üçün yaramırdı.

Sonralar Azərbaycanın birinci prezidenti etiraf edəcəkdi ki, mən heç özümü qoruya bilmirdim, o zaman xalqı necə qoruya bilərdim.

AXC lideri Əbülfəz Elçibəyin dövlət idarəçiliyi haqqında təsəvvürləri ziddiyyətli və minimum həddində idi.

Təcrübəsiz prezident və onun ətrafındakı təcrübəsiz idarəetmə aparatı vəziyyəti daha acınacaqlı etmişdi.

1993-cü ilin fevralında Bakıya qardaşı Həsən Əliyevin yas mərasimində iştirak etmək üçün gələn Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev prezident Əbülfəz Elçibəylə söhbət edərkən idarəetmədə, dövlət siyasətində ciddi qüsurların olduğunu qeyd edir.

Əbülfəz Elçibəy isə “biz hakimiyyətə yenicə gəlmişik, hələ öyrənirik, təcrübə toplayırıq” deyib. Onda Heydər Əliyev Xalq Cəbhəsinin liderinə bütün dövrlər və bütün siyasətçilər üçün dərslik sayıla biləcək bir məsləhət verir: “Öyrənmək yaxşıdır. Təcrübə toplamaqda davam edin. Amma yadınızda birdəfəlik saxlayın. Xalq heç bir halda təcrübə materialı kimi istifadə oluna bilməz”.

Təəssüf ki, xalqımız 1991-1993-cü illər ərzində məhz elə təcrübə materialına çevrilmişdi. Kim necə bacarırdı sınaqdan keçirirdi.

Nəhayət, uğursuz təcrübələrə 1993-cü il iyunun 15-də Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə son qoyulur.

Müasir Azərbaycan Respublikası üç tarixi sütunun üzərində bərqərardır: 15 iyun 1993-cü il, 20 sentyabr 2004-cü il və 2003-cü ilin prezident seçkisi.

Heydər Əliyevin qurtuluşçuluq missiyası bir günlə, bir illə yekunlaşmadı, bir neçə ili əhatə etdi.

Və demək olar ki, missiya bu gün də davam edir.

Heydər Əliyev 1918-1920-ci illərdə nakam və yarımçıq qalmış bir prosesi uğurla tamamladı. O, 73 il sonra yenidən Azərbaycan adlı coğrafiyaya qayıtmış siyasi məzmunu dövlətçilik məzmunu ilə zənginləşdirib müstəqilliyimizin dönməzliyini təmin etdi.

Dahi Öndərimiz 2003-cü ildə Azərbaycan xalqına ünvanladığı siyasi vəsiyyətnamədə deyirdi:

“İlk növbədə, dövlətçiliyimizin əsasını təşkil edən ictimai-siyasi sabitliyə nail olmuş, milli birlik və qanunların aliliyinə söykənən vətəndaş cəmiyyətinin təməlini qoymuşuq.

İkincisi, hər bir dövlətin, onun yaşamasının qayəsini təşkil edən ölkə iqtisadiyyatını yenidən qurmuşuq, inkişaf yoluna çıxarmışıq.

Üçüncüsü, Azərbaycan xalqının istək və arzularının ifadəsi olan, özünün bütün müvafiq təsisatlarına malik güclü, demokratik dövlətimizi qura bilmişik, onun müstəqilliyinin dönməzliyini təmin etmişik”.

Bütün bunları etmək, nəfəs dərib növbəti mərhələyə adlamaq üçün reallıqları nəzərə almaq vacib idi.

Elə bu səbəbdən, Azərbaycan 1993-94-cü illərdə MDB-yə Kollektiv Müqavilə Təşkilatına üzv seçilir.

Və zaman qazanır ki, bəzi taleyüklü məsələləri həll edə bilsin.

Əsrin mübarizəsi - “Əsrin müqaviləsi” kimi tarixə daxil olan neft kontraktları imzalanır.

Heydər Əliyev bütün maneələrə rəğmən, əsrin mübarizəsindən ölkəsini qalib çıxarmağı bacarır.

Hakimiyyət vertikalı, idarəçilik subardinasiyası təmin olunur.

Və 5 il sonra Azərbaycan Kollektiv Müqavilə Təşkilatından çıxır.

Ərazi bütövlüyünün təmin edilməsi mövcud şərtlər daxilində həllini tapa bilmədiyindən növbəti mərhələyə qalır.

Heydər Əliyev adı keçən tarixi müraciətində deyib:

“Xaos və anarxiya dövründə Azərbaycanın pozulmuş ərazi bütövlüyünü, qaçqın və köçkünlərin öz yurd-yuvasına qaytarılması problemini hələ də həll edə bilməmişik”.

Və inam, qətiyyət və uzaqgörənliklə əlavə edib:

 “Mən əminəm ki, biz bu məsələni mütləq həll edəcəyik. Mənim hələ tamamlanmamış çox perspektivli planlarım var. Son vaxtlar səhhətimdə yaranan bəzi problemlər mənə imkan vermir ki, bütün bu başladığım, nəticələrini aydın gördüyüm işləri tamamlayım.

İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək!”

2003-cü ilin prezident seçkiləri tariximizdə müstəsna yer tutur.

Tariximizin 2003-cü il dönəminə kimi dövlətçilik məsuliyyətinin ictimai-sosial və hüquqi-siyasi varisliyi sona qədər dərk və təmin edilməyib.

Bu, danılmaz bir gerçəklikdir...

Oturuşmuş dövlətin yoxluğu, ənənənin zəifliyi və pərakəndəliyi, nəsillər arasındakı vəhdətin qırılması faciələrimiz üçün “münbit və əlverişli” şərait yaradıb: ta orta əsrlərdən tutmuş, yaxın keçmişimizin ərazi itkiləri, soyqırımlar, 20 Yanvar, Xocalı qətliamı daxil...

İyirminci əsrin sonunda - 1993-cü ildə Azərbaycan dövlətçiliyi və tarixi bir Dahinin ətəyindən yapışaraq ayağa qalxır, müvazinətini tarazlayır və addımlarını mətinləşdirir.

İyirmi birinci əsrin əvvəlində yeni uğurlu bir mərhələnin əsası qoyulur:

2003-cü ildə varislik xalqın dəstəyi və istəyi ilə və ən vacibi odur ki, ənənəyə güvənərək və söykənərək öz müsbət həllini tapır...

Ölkəmizin bugünkü uğurlarını təmin edən həlledici faktorlardan biri və birincisi məhz 2003-cü ilin prezident seçkisidir.

2003-cü ildə, son 100 ildə ilk dəfə olaraq, İlham Əliyevin timsalında siyasi hakimiyyətin varisliyi heç bir sosial böhranın, ərazi itkisinin müşayiəti olmadan həyata keçib, həll olunub.

Bu məqamı təkcə politoloqlar, ictimai düşüncəni formalaşdıran fikir adamları, dövlət rəsmiləri deyil, uşaqdan böyüyə hər bir azərbaycanlı unutmamalıdır.

Təsadüfi deyil ki, düşmən bu gün artıq oturuşmaqda olan dövlətçilik ənənəsini sıradan çıxarmağı, milli-siyasi dövlətçilik estafetinin gələcək nəsillərə ötürülməsini əngəlləməyi özünün ali məqsədi hesab edir.

Bu gün Azərbaycan xalqı İlham Əliyevə elə Heydər Əliyevə inandığı qədər inanır.

Ali Baş Komandan 2020-ci ilin 8 noyabrında yeni və möhtəşəm bir mərhələnin müjdəsini verdi:

“Əziz həmvətənlər, əziz bacılar və qardaşlar!

Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm.

İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır.

Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”

İlham Əliyev Heydər Əliyevin “nəticələrini aydın gördüyü, amma sona çatdıra bilmədiyi” işləri tamamlayır: Azərbaycanın pozulmuş ərazi bütövlüyü təmin olunur, qaçqın və köçkünlər öz yurd-yuvasına qaytarılır.

Yeni mərhələnin uğurları bir-birini əvəzləyir.

Noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonu itki, şəhid vermədən, qan tökülmədən azad edildi.

Laçın vaxtlarımız geri qayıdır.

Sözün bütün mənalarında Azərbaycan dövlətçiliyi özünün laçın dövrünü yaşayır. Üçrəngli bayrağıyla, Laçın Komandanıyla, laçın oğullarıyla birlikdə.

Tariximizin, taleyimizin laçın mərhələsi başlayıb.

Paylaş:
Baxılıb: 696 dəfə

Müəllifin digər məqalələri:

RUHUN ŞAD OLSUN, QONŞU: İLHAM ƏLİYEV BACARDI!

Həmin gün onun dediklərini,...

04.03.2024 [11:28]

HİMNİMİZİN 3-CÜ BƏNDİ...

İLHAM ƏLİYEV XALQIMIZ,...

04.03.2024 [11:19]

İlham Əliyevin sirri

İlham Əliyev Tarix...

04.03.2024 [11:15]

İlham Əliyevin ( və ölkəsinin) əsas resursu nədir?

Baş redaktor...

14.10.2022 [16:06]

Heydər Əliyev yolunun alternativi yoxdur!

Baş redaktor...

07.10.2022 [16:30]

Fərq etməz Cıdır düzü ya Rizə...

Ləyaqət əsas...

18.05.2022 [10:36]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30