Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İlham Əliyevin ( və ölkəsinin) əsas resursu nədir?

İlham Əliyevin ( və ölkəsinin) əsas resursu nədir?

14.10.2022 [16:06]

Alqiş Musayev

Baş redaktor yazır...

Alqış HƏSƏNOĞLU

Şərhsiz - izahsız mətləbə keçmək istərdim.

Mövcud şəraitdə İlham Əliyevin və ölkəsinin ən ciddi və ciddi olduğu qədər alternativsiz bir resursu var.

Prezidentin qeyri - adi siyasi fəhmi və dəmir məntiqi.

Çörçilin məşhur deyimi yada düşür.

“Avropada başa düşülmək üçün avropalıların dilində danışmaq lazımdır”.

İlham Əliyev avropalılarla (və Avropa ilə) öz dillərində danışmağı hamıdan yaxşı bacarır.

Bir neçə gün əvvəl Praqada toplanan Avropa siyasi birliyinin düz mərkəzində yer almış Azərbaycanın müstəqil, qalib və məğrur   duruşu dünyanın get - gəlindən az - çox baş çıxaran hər kəsin diqqətini çəkmişdi.

Post-müharibə dövrünün “qoca qitə”dən bütün dünyaya nümayiş olunan  “başı dik, alını açıq, üzü ağ” Azərbaycan və Azərbaycanlı obrazı!

Qatıldığı bütün beynəlxalq  tədbirlərdə olduğu kimi Praqada da İlham Əliyev tək ölkəsinin yox, bütövlükdə Cənubi Qafqazın lideri kimi görünürdü.

Və həmkarları da onunla bu statusun sahibi kimi davranırdılar.

Belə yerdə arayışa ehtiyac qalmır - görüntülər özü dəqiq və dolğun bir mənzərə yaradır .

Tarixin önünə çıxmış ölkəsinin və bölgəsinin lideri İlham Əliyev müzəffər görkəmi ilə müzakirələrə qatılır, görüşlər keçirir .

Və ...

Tarixdən kənarda qalmış Ermənistanın (ifadə Ermənistanın sabiq prezidenti Sarkisyana məxsusdur) Baş naziri Nikol Paşinyan məğlub  bir ölkənin cansız, nəfəssız kölgəsi kimi aralıqda gəzişir.

Bəzən belə vəziyyətdə - Paşinyanın əzik-üzük halını qlobal tədbirlərdə iştirak təcrübəsinin azlığıyla izah edirlər.

Ola bilər, hansısa məqamda  təcrübəsizlik özünü göstərə bilsin.

Amma təcrübəsizlik yeganə səbəb deyil.

Paşinyan hər dəfə Azərbaycan Prezidenti ilə üzləşəndə həyəcanlanıb darmadağın olur, özünü və məntiqini itirir.

Çünki İlham Əliyev haqlı tərəfdir.

Haqlı olduğu qədər də güclü tərəfdir...

Yəqin ki, futbol azarkeşləri unutmayıblar.

Cari ilin yanvar ayında "Marsel”i Tofiq Bəhramov adına respublika stadionunda qəbul edən “Qarabağ”ın hücumçusu oyunun 34 – cü dəqiqəsində əli ilə topu rəqib qapısından keçirmişdi.

Baş həkim dərhal  mərkəzi  göstərsə də, Qurban Qurbanovun qəti etirazından sonra qol ləğv edildi.

Həmin epizod Cənab Prezidentin nəzərindən yayınmayıbmış.

2022-ci ilin fevralında bir qrup idmançıyla görüş zamanı həmin söhbətə yenidən qayıtmışdı:

“Bizim məşhur məşqçimiz Qurban Qurbanov çox ləyaqətli hərəkət etmişdi.

Qol sayıla biləcək vəziyyətdə demişdi ki, yox, bu, bizə lazım deyil.

Bizə saxta nailiyyət lazım deyil, qazanılmamış uğur lazım deyil.

Nəyi qazanmışıqsa, öz əməyimizlə qazanmışıq.

O cümlədən, Qarabağ məsələsini də öz əməlimizlə, gücümüzlə, zəkamızla  həll etmişik.

Və idman yarışlarında da “feir pley” anlayışı unudulmamalıdır.

Azərbaycan idmançıları bu prinsiplərə həmişə əməl etməlidirlər.

Çünki bu, qələbədən də vacibdir.”

İlham Əliyev üçün bütün və hər cür qələbələrin fövqündə ləyaqət dayanır.

Azərbaycan Prezidentinin bu mövqeyi publikaya hesablanmış sıradan bir siyasi-diplomatik bəyanat deyil, qandan, əxlaqdan gələn bir xarakterin ifadəsidir.

Ləyaqət anlayışına İlham Əliyev həmişə xüsusi həssaslıq göstərib.

Müslüm Maqomayev xatirələrində yazır:

“Bir dəfə onunla bilyard oynayırdıq. Onda İlham Əliyev orta məktəbin son siniflərində oxuyurdu.

Mən bilərəkdən ona uduzdum.

O bunu hiss etdi və xoşuna gəlmədiyini də anlatdı.

Bir müddət sonra, növbəti görüşümüzə isə o, mənə bilyardda əməlli-başlı dərs keçdi.

O, öz üzərində işləyən məqsədyönlü bir liderdir.

O, hədəfə doğru inamla və inadla addımlayır”...

İlham Əliyev ona görə güclü və haqlı tərəfdir ki, onun yürütdüyü xətt, söykəndiyi strategiya ləyaqət üzərində köklənibdir...

Təbii ki, 2020-ci il noyabrın 10-da üçtərəfli razılaşmanı imzalamış liderlərin məsuliyyət dairəsi yalnız o sənədlə məhdudlaşmır.

Həm də hər bir dövlət başçısı öz vicdanı, ölkədaxili auditoriya, tarix və gələcək qarşısında hesabatlıdır.

İlham Əliyevin vicdanı təmizdir

O, Respublikasının ərazi bütövlyünün təmin olunmasına  - Qarabağın işğaldan azad olunmasına gecəli-gündüzlü bir ömür həsr etmiş Ali Oğul, Ali Əsgər, Ali Komandandır.

Bu il Şuşada keçirilmiş “Xarıbülbül” festivalının təəssüratlarını yazmışdım...

Mayın 12-si Cıdır düzündə yaşanan təntənənin dadı və xatirəsi bir başqaydı.

Həmin tarixdə - “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının keçirildiyi gün, Səməd Vurğunun diliylə desək, Şuşanın yağışı “xırda- xırda yağırdı”.

Təbiətlə, torpaqla, daşla, ağacla birlikdə bütün  tədbir iştirakçıları - əsgərlərdən tutmuş Ali Baş Komandana qədər hamı islanmışdı.

O anlarda 2 il əvvəl işğaldan azad edilmiş müqəddəs  şəhərin görkəmi hərbi-siyasi tariximizin yuyunub durulmuş və ən pak abidəsi kimi canlanırdı.

Şuşa göy üzündən üzərinə nur səpələnmiş Müzəffər heykəl kimi dayanmışdı.

İndi bunları təsvir etmək, danışmaq, dinləmək, pafosla yazmaq çox asandır.

İndi çox xoş olduğu qədər də çox rahatdır, Prezidentin əhatəsində, Cıdır düzündə incəsənət nümayəndələrinin konsert proqramını izləyib alqışlamaq, əl çalmaq, əhsən demək.

Nə var ki...

Münaqişənin həllinə, Qarabağın azadlığına bir ömür sərf etmiş Liderin Şuşada “Vətəndən pay olmayır” mahnısını dinləyərkən kövrəlməsi təbiidir.

Və indi çox adidir, Prezidentin duyğusal halını müşahidə etmək, ondan söz açmaq, reportajlar vermək.

Amma bu günə qədər İlham Əliyev hansı çətinliklərlə üzləşdi, dövlətini hansı regional geosiyasi tufanlardan adlada bildi?

Kimsənin xəbəri oldumu?

Biz onların yalnız çox cüzi hissəsini bilirik.

Mində birini bilmirik.

Və yəqin ki, heç vaxt bilməyəcəyik də.

Xalq diplomatiyasının işlək vaxtlarıydı. Azərbaycan ziyalılarının Şuşaya səfərləri təşkil olunurdu.

Xalq şairi Bəxtiyar Vahabzadəyə müraciət edilmişdi. Şuşaya getmək istərdinizmi? Bəxtiyar müəllim “yox” cavabını vermişdi. “Şuşanı işğal altında, o vəziyyətdə gedib görsəm, dözə bilmərəm”. Xalq şairi haqlıydı. Dözə bilməzdi.

Əlbəttə, tab gətirmək çox çətindir. İlham Əliyev isə hər şeyə rəğmən təmkinini pozmurdu.

Hətta uşaq qatili, əli, vicdanı qanlı sarkisyanlarla üz-üzə gələndə, bir masa ətrafında əyləşəndə belə heç nəyi büruzə vermədən təmkinlə dözürdü.

İçərisində isə hansı iztirabları, mənəvi təlatümləri yaşayırdı, bir Allah bilir.

Bütün bu illər ərzində fövqəladə alicənablıq, müstəsna bir təvazö İlham Əliyevi bir an belə tərk etməyib. Və tarix bu təvazöyə görə Onu ən ali mükafata layiq görüb.

50 yaşını qaçqınlarla bir yerdə qeyd edən İlham Əliyev  60 yaşını Şuşada ailəsi ilə, gənc Heydər Əliyevlə birlikdə Müzəffər Ali Baş Komandan kimi qarşıladı.

Tariximizdə hər dövlət adamına nəsib olmayan bir şərəfə nail oldu. Əlahəzrət zaman hər liderə belə şərəfi və məsuliyyəti nəsib etmir.

İndi çox asandır Zəfər yolunu tərənnüm etmək. İndi çox rahatdır Zəfər yolunun sərt döngələrində həyəcanlanıb sürücüyə  “bir az ehtiyatlı sür” deyə xəbərdarlıq etmək.

İndi “İlham Əliyev Zəfər yoluyla getdi və bizi Şuşaya qovuşdurdu” yazmağa nə var ki...

Hansı yolu? Axı o yol mövcud deyildi. İlham Əliyev o yolu getmədi, o yolu yaratdı.

Sözün bütün siyasi, diplomatik, coğrafi, regional, geosiyasi anlamında.

İlham Əliyevin tarixdəki yeri və mövqeyi ilə bağlı heç bir əndişəsi yoxdur.

Tarix və təbiət durduqca işğaldan azad edilmiş Şuşa İlham Əliyevin xatirəsi olaraq əbədi yaşayacaq.

İlham Əliyev daxili auditoriya ilə anlaşmaqda hər hansı bir qayğı yaşamaz.

Bu gün, bu dəqiqə o istənilən qərarı verib xalqın böyük əksəriyyətinin dəstəyini ala bilər.

Azərbaycan cəmiyyəti  ondan gələn istənilən çağırışa ayaqları ilə deyil, ürəyi ilə, ruhuyla yürüməyə hazırdır.

Bu yerdə xüsusi qeyd etmək lazımdır ki, xalqımızın mili yaddaşı, tarixi duyğusu heç vaxt indiki qədər canlı olmayıb.

Bu gün Azərbaycan xalqının pozitiv döyüşkən energetikası ayaq üstdədir.

Və bu da İlham Əliyevin müstəsna xidmətləri sırasına yazılmalıdır.

Bir məsələni təkrar-təkrar vurğulamaq gərək.

1918-ci ildə İrəvan ermənilərə güzəşt ediləndən sonra kimsə bu mövzuya qayıtmadı.

Çox təəssüf ki, sonralar İrəvan mövzusu uzun müddətə unuduldu. Unutduruldu.

Düz İlham Əliyevə qədər.

Hətta Cümhuriyyətin süqutundan sonra bir neçə onillik ömür sürmüş Məhəmməd Əmin Rəsulzadə və Əlimərdan bəy Topçubaşov da İrəvanın güzəşti ilə bağlı susmağa üstünlük verdilər.

Nə danışdılar, nə də yazdılar.

Deyim ki, araşdırma aparsam da, mən nə Rəsulzadənin, nə Topçubaşovun bu mövzuyla bağlı hər hansı qeydinə rast gəlmədim.

Halbuki belə bir istinadgah olsaydı, nə gözəl olardı.

Bir neçə il əvvəl İlham Əliyevin özünün dediyi kimi, ilk dəfə olaraq dövlət, dövlət başçısı səviyyəsində İrəvanın taleyi ictimai fikrin diqqət mərkəzinə gətiriləndə Rəsulzadə və Topçubaşov etibarlı mənbə kimi istifadə edilə bilərdi.

Nə yazıq ki, İrəvan mövzusu təkcə ictimai-siyasi tariximizdə deyil, eyni zamanda, qurucu babalarımızın bioqrafiyasında heç nə ilə doldurula bilməyəcək bir boşluq olaraq qalır.

Hətta populyar millətçi şüarlar səsləndirməyi sevən Əbülfəz Elçibəyin leksikonunda belə “İrəvan” sözünə rast gəlmək mümkün deyil.

Yalnız İlham Əliyevin ardıcıl sistemli fəaliyyəti nəticəsində İrəvan nisgili milli şüur faktoruna çevrilibdir.

İlham Əliyev  mövqeyindən Azərbaycanın gələcəyi aydın görünür...

Onun tərəfdarları, əleyhdarları, hətta ən qatı bədxahları da etiraf edirlər ki, İlham Əliyev böyük səbr sahibidir.

Böyük səbr siyasi dilə strateji təmkin kimi tərcümə olunur.

Münaqişə boyunca (12 may 1994 - cü ildən 27 sentyabr 2020- ci ilə qədər ) Azərbaycanın göstərdiyi böyük səbrin arxasında hərbi-strateji, hüquqi, siyasi incəlikləri zərgər dəqiqliyi ilə ölçüb-biçməyi bacaran böyük ağıl dayanırdı.

Doğrudur, böyük səbrin həmişə böyük və həvəskar auditoriyası olmur, strateji təmkinin mahiyyəti hamı tərəfindən bütün xırdalıqları ilə birlikdə sona qədər, ardıcıllıqla dərk edilmir.

Diplomatik müstəvidə, xəbər məkanlarında Azərbaycana qarşı qurulmuş istehkamların yaşı onilliklərin civarını aşır, əsrlərlə ölçülür.

Belə istehkamları yalnız yerli və beynəlxalq şəraitin verdiyi imkanlar hesabına zərərsizləşdirmək mümkün olur.

Bəlli bir qrafik üzrə, planlı şəkildə, taktik gedişlərlə Azərbaycan tarixində bir çox ilklərlə imza atmış Prezident İlham Əliyev bir neçə əsrdir ki, davam edən erməni həyasızlığına ilk dəfə “Dur” dedi.

Hazırda kənardan verilən təkliflər, göstərilən vətəndaş təşəbbüsləri cəlbedici, ilk baxışda haqlı təsir bağışlasa belə, unutmayaq ki, heç bir məsuliyyət yükü daşımır.

Bu gün Azərbaycan Respublikasının və xalqının məsuliyyəti İlham Əliyevin çiyinlərindədir.

Cənab Prezident eyni zamanda, Azərbaycanın bir dövlət olaraq daha güclü, daha böyük uğurlarla və daha az itkilərlə növbəti mərhələyə keçidinin təminatçısıdır.

Əlbəttə ki, dönə-dönə və əminliklə “Nəyi nə zaman və necə etməyi mən bilirəm” deyən Azərbaycan Prezidenti haqlıdır və bu haqqın əsasında Onun tarix qarşısında daşıdığı məsuliyyət və Azərbaycan xalqının Ona olan böyük inamı dayanır.

Bəli, İlham Əliyev seçdiyi hədəfin üzərinə qətiyyətlə və inamla addımlayır.

Özü də tələsmədən və gecikmədən…

Biz böyük Zəfəri müəllifi İlham Əliyev olan  böyük səbrin, böyük zəkanın, böyük zəhmətin hesabına qazanmışıq.

Ən çətin şərtlərlə üzləşəndə belə Azərbaycan çəki-düzənini itirmir.

Azərbaycan Prezidenti heç bir halda  siyasi tövrünü pozmur.

12-13 sentyabr sərhəd toqquşması zamanı yaşananlar dediklərimizin əyani təsdiqidir.

Həmin gərgin günlərdə Azərbaycan Prezidenti əvvəlcədən nəzərdə tutulmuş xarici səfərini reallaşdırmağa vaxt və imkan tapdı.

Çünki cəmiyyətdən əmin idi, Ordusuna güvənirdi, dövlət mexanizmi saat kimi işləyirdi.

İlham Əliyev ŞƏT-in tədbirində iştirak edəndə Paşinyan nəinki ölkəsini tərk etməyə, hətta gizləndiyi yeri tərk etməyə cəsarət etmirdi...

Çünki bizim “öz siyasətimiz” var.

Sentyabrın əvvəlində İtaliyaya səfəri çərçivəsində Çernobbio  şəhərində keçirilən beynəlxalq forumda moderatorun - Biz bütün Avropada enerji məsələlərini müzakirə edirik. İcazə verin, Sizə bir sual verim. Bir regional məsələ də var. Siz çıxış edərkən bu sualı vermək istədim. Rusiya ilə tarixi əlaqələrə malik bir regionda olmaq nə dərəcədə çətindir? Mən anlamağa çalışıram ki, Sizin ölkənizin siyasəti hansı yöndədir. Bilirsiniz ki, bu, çox çətindir,- sualına belə İlham Əliyev belə cavab  vermişdi:

“Bu, çətin görünə bilər. Lakin bu, bizim tariximizdir, bizim coğrafiyamızdır və biz bu coğrafiyada hər zaman yaşamışıq. Nə biz, nə də qonşularımız bu coğrafiyanı dəyişə bilməz. Düşünürəm ki, ölkəmizin uğuru siyasi inkişafda, müstəqilliyin gücləndirilməsindədir. Biz keçən il müstəqilliyimizin 30-cu ildönümünü qeyd etdik. Bu göstərir ki, qonşularla normal münasibətləri saxlamaq mümkündür. Eyni zamanda, bizim ölkəmizdən çox böyük olan qonşularla da münasibətləri saxlayaraq öz milli kimliyimizi, müstəqilliyimizi və müstəqil siyasi mövqeyimizi qorumaq da mümkündür. Qonşularımızla münasibətlərə gəldikdə isə deyə bilərəm ki, biz hər zaman əməkdaşlıq sahələrini tapmağa çalışırıq. Problemli sahələri və yaxud da fərqli mövqelərimiz olan məsələləri hər zaman ifadə etmişik. Biz heç bir zaman özümüzü nəhəng qonşularımızın siyasətinə uyğunlaşdırmamışıq. Bizim hər zaman öz siyasətimiz olub, hansı ki, beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri, həmçinin müdriklik üzərində formalaşıb. Buna görə də düşünürəm ki, biz uğur əldə etmişik. Azərbaycan artıq sabit siyasi mövqeyə malikdir, həmçinin iqtisadiyyatımız da sabitdir. Biz müstəqil olmaq üçün iqtisadi anlamda yatırımlar etmişik. Yoxsa biz özümüzü asılı hiss edərdik. Azərbaycan imperiyaların hissəsi olub, biz Sovet İttifaqının bir parçası olmuşuq. Artıq 30 ildir ki, bizim insanlarımız müstəqildir və biz əbədi olaraq müstəqil yaşamaq istəyirik. Bunun üçün biz güclü olmalıyıq. Bizim yaxşı dostlarımız və tərəfdaşlarımız olmalıdır.”

Öz siyasətimizin özəlliklərini İlham Əliyevin artıq  uğur düsturumuza çevrilmiş 4 qızıl qaydası müəyyən edir:

1.Vaxtı düzgün seçmək.

2.Avantüraya getməmək .

3.Ölkəni risk altına salmamaq.

4.Maksimum dərəcədə uğura nail olmaq.

44 günlük Vətən müharibəsindən söz açarkən Cənab Prezident  deyir: “Prezident seçiləndə mənim 41 yaşım var idi və təcrübəm də o qədər böyük deyildi və mən o vaxt beynəlxalq hüquqa inanırdım. İnanırdım ki, ədalət haradansa göydən düşüb bizim məsələmizi həll edəcək. Sonra başa düşdüm ki, ədaləti biz özümüz bərpa etməliyik. Danışıqların birinci mərhələsində, mənim iştirak etdiyim dövrdə belə ümidlərim var idi. Sonra isə gördüm ki, artıq bunun heç bir əhəmiyyəti yoxdur. Xüsusilə indiki Ermənistan hakimiyyəti bunu yenə də açıq-aşkar bəyan edəndə, faktiki olaraq, danışıqlara öz bəyanatları və yersiz addımları ilə son qoyanda, artıq tam aydın oldu ki, vaxt itirmək mümkün deyil. Bilirsiniz, bir şeyi də deməliyəm, hər şeyi vaxtında etmək lazımdır. İkinci Qarabağ müharibəsi də onu göstərdi. Bir il əvvəl bəlkə də tez idi, bir il sonra gec idi, hər şey vaxtında. Bu vaxtı müəyyən etmək, düzgün seçmək, avantüraya getməmək, ölkəni risk altına salmamaq və mümkün dərəcədə maksimum uğura nail olmaq, əlbəttə ki, böyük zəhmətin işidir”.

Bir cümləyə  bütöv bir strategiya sığışıb: vaxtı düzgün seçmək, avantüraya getməmək, ölkəni risk altına salmamaq və mümkün dərəcədə maksimum uğura nail olmaq...

Bu cümlədə İlham Əliyevin ümumi  liderlik, dövlətçilik  fəlsəfəsi ehtiva olunur.

Təkcə İlham Əliyevinmi?

Bu cümlə bütün Azərbaycanın zəfər modelidir.

44 günlük savaşın kodu, qələbə formatıdır.

Bu cür, bu miqyasda düşünmək və bu düşüncəni sərrast ifadə etmək üçün prezident olmaq, liderlik etmək yetərli deyil.

Bu düşüncə və cümlə müdrik bir dövlət adamının təfəkküründən süzülüb gəlir.

Bu, bir mütəfəkkir Liderin mükəmməl qənaətidir.

Biz qalib xalqıq!

Biz qalib dövlətik!

Qalib olmaq müstəsna bir duyğudur.

Qalib olmaq həm də fövqəladə məsuliyyət daşımaq deməkdir.

Məğlub kimi  yaşamağın tələbatı məhdud, təminatı çox sadədir.

Məğlubsansa, taleyinlə barışıb, əlini-ayağını yığışdırıb  geosiyasətin bir ucqarında günlərini yola verirsən.

Qalib kimi yaşamağın şərtləri çox  mürəkkəbdir.

Qalibsənsə, ətrafın, çevrən, qonşuların səninlə hesablaşıb, səninlə barışıb yaşamalıdır.

Qalibsənsə, sənin paytaxtında deyilən adi bir bayatı (Arazı ayırdılar, qan ilə doyurdular, mən səndən ayrılmazdım, zor ilə ayırdılar)  geosiyasi əks-səda doğurur.

Qalibsənsə, sənin əsgərin ayağını yerdən götürəndə regionun hərarəti qalxır

Son günlər isterik  qırmızı  açıqlamalar eşidirik.

Biz sərhədlərin dəyişilməsinə razı olmayacağıq.

Nə tökülüb, nə sınıb?

Söhbət hansı sərhədin, hansı dəyişilməsindən gedir? Absurddur -

bir müxalif xanımın “Azərbaycan iqtidarı bizi kosmosdan peyklərlə izləyir” iddiası kimi...

Regionda son bir neçə əsrin ən qəddar, ən amansız və ən məkrli geosiyasi dartışması gedir. Belə bir mühitdə  Qalib olmağın, qalib kimi yaşamanın bir yolu var:

Qələbəni fakta çevirməklə kifayətlənməmək.

Qələbə faktını hərəkətdə olan bir prosesə yönəltmək.

Azərbaycanın qələbəsi qarşısıalınmaz prosesə çevrilib.

Əlibəy Hüseyinzadə ötən əsrin əvvəllərində yazırdı: “Qərb Azərbaycanı olduğu kimi həzm etməlidir. Ancaq mədəsinə yox, düşüncəsinə”

Bu gün Qərbli tərəfdaşlarımızı (və digərlərini) neftimizlə, qazımızla deyil, sözümüzlə, məntiqimizlə başa sala bilən bir Liderimiz var.

Ona minnətdar olmalıyıq!

Paylaş:
Baxılıb: 1059 dəfə

Müəllifin digər məqalələri:

Heydər Əliyev yolunun alternativi yoxdur!

Baş redaktor...

07.10.2022 [16:30]

Fərq etməz Cıdır düzü ya Rizə...

Ləyaqət əsas...

18.05.2022 [10:36]

100 il sonra... 5 il əvvəl

Mehriban Əliyeva hansı siyasi...

22.02.2022 [21:45]

İlham Əliyevin bir cümləsi

Bir cümləyə sığan...

02.02.2022 [13:59]

Səbəbkar cənab Prezidentdir!

Tanıyıb bilən hər kəs məni İlham...

24.12.2021 [10:02]

Brüssel görüşü haqqında Soçi təəssüratları...

Sanki Paşinyanı bu...

21.12.2021 [09:50]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Moldova böhranı

02 Dekabr 10:50

Xarici siyasət

Pelosinin xələfi...

02 Dekabr 10:41

Siyasət

Siyasət

Siyasət

Prezident bu gün

Prezident bu gün

02 Dekabr 10:16

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31