Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Nəsillərə qalan miras

Nəsillərə qalan miras

08.08.2009 [15:48]

“Cavad xan” filminin yaradıcı heyəti “Yeni Azərbaycan”a danışdı
Bu il Azərbaycan kinosu 111-ci ilini qeyd etdi. Yubiley münasibətilə iyulun 31-də Heydər Əliyev Sarayında möhtəşəm tədbir keçirildi. Həmin gün Azərbaycan ictimaiyyətinin böyük səbirsizliklə gözlədiyi “Cavad xan” filminin premyerası da reallaşdı.
Qeyd edək ki, milli kinomuzun yeni inkişaf mərhələsi Prezident İlham Əliyevin “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli Sərəncamından sonra başladı. Dövlət qayğısının nəticəsi olaraq bu gün Azərbaycan kinosunun maddi-texniki bazası möhkəmləndirilir. Bu istiqamətdə atılan məqsədyönlü addımlar davamlılıq təşkil edir. Məhz bu tədbirlərin nəticəsidir ki, son zamanlar yüksək keyfiyyət, süjet xətti və rəngarəngliliyi ilə Azərbaycanın kino sənayesində özünəməxsus yer tutan filmlər ərsəyə gəlməkdədir. Yenicə təqdimatı keçirilən “Cavad xan” tarixi filmi də məhz bu qəbildəndir. Odur ki, bütün bu meyarları nəzərə alaraq Azərbaycan tarixi filmlər silsiləsində özünəməxsus yer tutacağına böyük ümidlər bəslənilən “Cavad xan” bədii filmini ərsəyə gətirən yaradıcı şəxslərin ekran əsəri haqqında təəssüratlarını dinləmək yerinə düşər.
İlk qonağımız uzun illər bundan öncə qələmə aldığı “ölüm zirvəsi” romanının motivləri əsasında ekranlaşdırılan filmin ssenari müəllifi, Xalq şairi, publisist Sabir Rüstəmxanlıdır. “Qələmə alarkən demək istədiyinizi ekran işində görə bildinizmi” sualını Sabir Rüstəmxanlı belə cavablandırdı: “ölüm zirvəsi” romanı təxminən 70 illik bir ömrü əhatə edir. Film isə romanın son fəsilləri əsasında çəkilib. Bilirsiniz, ssenari ilə hazır material arasında müəyyən fərqlər olur. Belə ki, söz mənimdir, göz isə rejissorun. çəkiliş prosesində bir sıra xırda texniki problemlər də oldu. Görmək istədiyim hər şey, təbii ki, filmdə yoxdur. Amma bu, Cavad xan haqqında kifayət qədər məlumatı olan birinin fikridir. Bütün bunları bir kənara qoyub, tamaşaçı kimi deyə bilərəm ki, şübhəsiz, film Azərbaycan kinosunun uğurlu əsərlərindən biridir. Güman edirəm ki, tarixi filmlər arasında layiqli yerini tutacaq”.
Daha sonra filmin yaradıcı heyətinə, aktyorların potensialına və bir müəllif olaraq irəli sürdüyü təkliflərə toxunan S.Rüstəmxanlı bildirdi ki, əvvəlcədən aktyor heyətində kifayət qədər yıpranmış simaların olmamasını rejissora şərt qoyub: “Filmdə yeni simaların olması şərt idi. O ki qaldı Nürəddin Mehdixanlıya, onu Akademik Milli Dram Teatrından yaxşı tanıyırıq. Təəssüf ki, Azərbaycan kinosu sanki neçə illərdir onu görmür. Nurəddin Cavad xan haqqında olan poemamı illər uzunu müxtəlif tamaşalarda, tədbirlərdə oxuyub. Odur ki, başqa cür də təsəvvur edə bilmirdim. Bu rolu Nurəddin oynamalı idi. Milli Dram Teatrında tondem bir cütlük var. Nürəddin Mehdixanlı ilə Ramiz Novruzu əksər tamaşalarda birgə görmüşəm. Sisyanov roluna da Ramiz münasib idi. Filmin ağırlığının məhz bu iki rolun üzərinə düşəcəyini əvvəlcədən bilirdim. Onların hadisələrə münasibəti, tarixi faktlardan məlumatlı olmaları filmin uğurlu alınmasına zəmin yaradırdı. Kino sənayesi sahəsində böyük uğurlar qazanan Amerika filmlərinin çəkilişində belə hansısa problemlər ortaya çıxır, odur ki, yaradıcı heyətin işini uğurlu hesab edirəm. Fikrimcə, 4-5 ildən sonra kino sahəsində gərəkli olan texniki imkanlar özümüzdə də mövcud olacaq. Bunun üçün xarici mütəxəssislərə müraciət etməyə ehtiyac qalmayacaq. “Cavad xan”da son dərəcə təcrübəli aktyorlar ilə təcrübəsiz, kino işinə təzə gələn gənclərin maraqlı bir vəhdəti yarandı. Bu vəhdət də filmin uğurlu alınmasına səbəb oldu. Bilirsiniz, xüsusən də bədii filmlərdə aktyordan oynamaq tələb olunmur. Zaman oyun istəmir. Necə var elə də olmaq lazımdır. Amma elə yer də var ki, mütləq oyunçuluq tələb olunur”.
Filmə ekran ömrü verən “Anamın kitabı”, “Qayalarda qalan səs”, “Yaz yuxusunun işığı”, “Kleopatra” film-tamaşalarının, 7 seriyalı “Abbas və Gülgəz”, “Koroğlu” kimi bir çox film-dastanların, həmçinin, çoxsaylı sənədli filmlərin, teatr tamaşalarının quruluşçu rejissoru olan Rövşən Almuradlı isə ərsəyə gətirdiyi iş haqqında bunları dedi: “Aktyor seçimi birbaşa rejissorun prioritetidir. Filmin uğurlu alınması üçün gözəl bir ansambl yaradılmalıdır. Bu ansambla filmin ideya yükünü, rejissorun tələblərini, filmin son məqama çatmasını maksimum gücü ilə daşıya biləcək insanlar daxil olmalıdır. Hər hansı bir yaxşı və qeyri-adi aktyor ola bilər, amma o, ansamblı tamamlamaya da bilər. Aktyor seçimi birbaşa olaraq rejissor tərəfindən aparılsa da müəyyən mənada rəssam və operatorlar ilə məsləhətləşmələr də olur. Biz isə filmə Azərbaycan teatrlarından 60-dan artıq aktyoru cəlb etmişdik. Tarixi film olduğunu nəzərə alaraq tanınmamış simaların olmasına çalışdıq. Konkret portret sifətlər də var ki, ona mütləq təkrar olunmayan simalar çəkilməlidir. Amma, paralel olaraq aktyorun bacarığı da nəzərə alınıb”.

Xalq artisti Nurəddin Mehdixanlının kifayət qədər tanınan və sevilən sima olmasının bu kriteriyaya nə dərəcədə cavab verməsini isə rejissor belə əsaslandırıb: “Bir aktyor müxtəlif tarixi şəxsiyyətləri oynaya bilər. Əsas istedadlı və duyumlu olmasıdır. Onun üçün də Cavad xan obrazına Nurəddin Mehdixanlını uyğun gördük. Həmçinin, portret oxşarlığına və xüsusi istedadına görə Sisyanov obrazına Ramiz Novruz seçildi. Bu obraza başqa millətdən də aktyor çəkmək olardı. Amma öz aktyorlarımız kifayət qədər istedadlıdırlar və hər bir rolun öhdəsindən böyük ustalıqla gələ bilərlər”. çəkiliş prosesindən, texniki problemlərdən də söhbət açan Rövşən Almuradlı kinonun bir nömrəli probleminin maliyyəsizlik olduğunu dedi: “Ernst İnqmar Berqmanın gözəl bir sözü var. “Filmi insan çəkir və insanlar üçün çəkir”. Ən gözəl texnika ilə, ən qeyri-adi imkanlar ilə o yükü və ruhu gətirən insan yoxdursa, o film yox sayılır. Tam səmimiyyətimlə deyə bilərəm ki, belə bir tarixi filmin ərsəyə gəlməsində ilk növbədə cənab Prezident İlham Əliyevə minnətdar olmalıyıq”.
Ekran əsərinin çəkilişlərinə ayrılan dövlət vəsaitinin 1 milyon 700 min manat təşkil etdiyini deyən Rövşən Almuradlı filmin gələcəkdə hər hansı bir nüfuzlu kino festivalda ölkəmizi təmsil edib-etməyəcəyinə də aydınlıq gətirib. Rövşən Almuradlının sözlərinə görə, bu, əsas şərt deyil: “Artıq dünya siyasi bir dumana bürünüb və bu, bütün sahələri əhatə edir. Yeni filmin hansısa bir nüfuzlu festivalda yer tutması mənim üçün əsas deyil. Mənim üçün yağı tapdağı altında qalan torpaqlarımız əsasdır. Təbii ki, beynəlxalq festivallara təqdimatı da nəzərdə tutulur. Amma yenə də, bu filmi birinci növbədə millətimin vətəndaşları üçün çəkmişəm”.
çoxsaylı televiziya tamaşalarında, həmçinin, teatr səhnəsində oynadığı rollarla tamaşaçıların ürəyində taxt quran Xalq artisti Nurəddin Mehdixanlı isə baş qəhrəmanı canlandırdığı “Cavad xan” filmi haqqında təəssüratlarını belə ifadə etdi: “Sevindirici haldır ki, filmin təqdimatı Azərbaycan milli kinosunun yaradılmasının 111 illiyinə təsadüf etdi. Uzun müddət idi ki, tamaşaçı Heydər Əliyev Sarayına film təqdimatı üçün yığışmırdı. Təbii ki, bu da millətin, xalqın öz tarixi ilə bağlı məsələlərə kifayət qədər ciddi önəm verməsindən irəli gəlirdi. Nə yaxşı ki, müstəqil Azərbaycan Respublikası quruldu. Və nə yaxşı ki, bu gün Azərbaycan xalqı və ziyalıları keçmişi ilə bağlı hadisələrə yenidən nəzər salır və onları film vasitəsilə yeni nəslə çatdırır. İşğaldan bəhs edən “Cavad xan” filmi bugünümüz üçün çox aktual mövzudur. Bu film indiki və gələcək nəsil üçün bir örnək olmalıdır. çünki, milləti uğrunda vuruşan hər bir kəs tarixdə qalır. Uzun illər ötsə belə, heç vaxt haqları itmir”.
Tarixi, vətənpərvər mövzularda çəkilən filmlərin vacibliyindən danışarkən N.Mehdixanlı iş adamlarımızın bu məsələlərə biganəliyindən də söhbət açdı: “Millətimizin kifayət qədər pul-para qazanan iş adamları var ki, dövlətimizin möhkəmlənməsinə, bu millətin özünü daha da dərindən tanımasına, bugünkü gəncliyin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasına xidmət edəcək layihələrə pul xərcləmək istəmirlər. Nə yaxşı ki, dövlətimizin başçısı millətinin tarixi və taleyi ilə bağlı olan mövzulara hər zaman böyük diqqət ayırır. Tam səmimiyyətimlə deyirəm ki, “Cavad xan” filmi cənab Prezidentimizin birbaşa Sərəncamı, diqqət və qayğısı sayəsində çəkildi. Bəzən bu sözləri deyəndə birmənalı qəbul etmirlər. Bəs, biz bu filmin çəkilişi üçün kimə təşəkkür etməliyik? Əvvəlcədən köməklik üçün müraciət etdiyimiz 23 iş adamı “Cavad xan” filminin çəkilişinə 300 manat pul göndərmişdi. Əslində, bu, bir təhqir idi. Amma hər şeyi də dövlət başçısının üzərinə yıxmaq düzgün deyil. Sağ olsun, “Cavad xan” filminin ərsəyə gəlməsi üçün hər cür şərait yaradılmasını təmin etdi. Bəzi “vətənpərvər” iş adamlarımız isə öz tarixi məsuliyyətlərini hiss etmirlər. Əgər onlar özlərini həqiqətən bu millətdən sayırlarsa, tarixdə qalmaq istəyirlərsə, Hacı Zeynalabdin Tağıyevdən nümunə götürməlidirlər. Adını çəkdiyim şəxs milləti üçün gördüyü xeyriyyə işlərinin hesabına bu gün xalqın tarixində yaşayır. Bu gün müstəqil Azərbaycan dövləti həmin insanların küçələrə adlarını verir, şərəflərinə heykəllər ucaldır. çəkiliş üçün iş adamlarından birinə bizə at verməsi üçün müraciət etmişdik. Dedi ki, qardaşım, nə millət məsələsi, pulunu ver, atı apar. Sonradan gənclər və idman naziri Azad Rəhimova müraciət etdik, bizi təmənnasız olaraq atla təmin etdi. üstəlik, atın rayonlara daşınması üçün xüsusi bir maşın da ayırdı. Bu, mənim iş adamımın dövlətinə, millətinə münasibəti, bu da dövlət rəsmisinin. Bu kimi reallıqları nə üçün söyləməməliyik? Azərbaycan daxili işlər naziri cənab Ramil Usubovun göstərişi ilə daxili qoşunlar dörd ay gecə-gündüz filmin çəkilməsində yağışda, soyuqda bizimlə bərabər oldular. Nə üçün bu insanlara təşəkkür etməyək ki? Axı filmin ərsəyə gəlməsində bizə dəstək olan bu insanlar idi. Təqdimatda səslənən gurultulu alqışlar tək bizim üçün deyildi. Filmin ərsəyə gəlməsində xidməti olan sıravi vətəndaşdan tutmuş hər kəsə şamil olunurdu. Bunları ona görə ürək yanğısı ilə deyirəm ki, biz həqiqətən də böyük millətik. Əgər bizim gəncliyimiz öz tarixini, keçmişini, əsl milli qəhrəmanlarını tanımasa onlar üçün gələcəkdə çox çətin olacaq”.
Filmin yaradıcı heyətinin fəaliyyətindən danışan Xalq artisti “Kino” prodüser mərkəzinin işindən razılıq etdi: “Ssenarisi bütün ruhu ilə millətini sevən bir Xalq şairi Sabir Rüstəmxanlınındırsa, quruluşçu rejissoru təpədən-dırnağa qədər millətinə, torpağına, dövlətinə sədaqətli Rövşən Almuradlıdırsa və gözəl aktyor heyəti vardırsa, deməli, film uğurlu alınmalı idi. Demirəm ideal iş görmüşük. Amma, bu, millətimizə borcumuz idi ki, hər kəs borcunu qətrə-qətrə ödəməyə çalışırdı”.
“Cavad xan” obrazının bəxş etdiyi mənəvi zənginlikdən söhbət açan N.Mehdixanlı bir daha dünyanın ən böyük millətinin övladlarından biri olduğunu hiss etdiyini ifadə etdi: “Millətimin qəhrəman oğulları olub. Torpağı üçün öz canı ilə bərabər övladlarının da canını qurban verməyi bacaran kişiləri olub və yəqin ki, onun hesabına 18 imperiya quran bir millətik. Akademik Opera və Balet Teatrında Sabir Rüstəmxanlının 50 illik yubileyi keçirilirdi. Mən də bu poemanı səsləndirmişdim. ümummilli liderimiz Heydər Əliyev də orada iştirak edirdi. O vaxt Ulu öndər Sabir Rüstəmxanlı ilə söhbət edəndə belə bir söz demişdi: “Bizim böyük tarixi faciələrimizlə bərabər böyük tarixi qəhrəmanlarımız da var. Biz o qəhrəmanları millətimizə tanıtmalıyıq”. Həmin Cavad xanın qəbrinin bərpası məhz Heydər Əliyevin zamanında oldu. Cavad xanın türbəsini də cənab İlham Əliyev tikdirdi. Bəli, Cavad xan bizə özgə deyil. Hər birimizin ulu babasıdır. Yəni o da torpağı uğrunda çalışıb-vuruşub. Bizim də gəncliyin payına 1988-ci ildən başlayan milli azadlıq hərəkatı düşmüşdü. Nəticə etibarı ilə Azərbaycan müstəqilliyinə qovuşdu. Cavad xan da deyirdi ki, bu, türk torpaqlarıdır. Türk torpağı olaraq da qalacaq. Biz də bu gün Cavad xanın arzularının yerinə yetdiyini göstərməkdən ötrü, Cavad xan kimi milli qəhrəmanlarımızın ruhunun ölməzliyini göstərməyə çalışırdıq. Mən Cavad xan rolunu oynamamışam. Sadəcə, Cavad xanın arzuları və yaşadıqları ilə mənim arzularım və yaşadıqlarım üst-üstə düşdüyündən mənə elə gəlir ki, ruhumuz bir-birini qəbul etdi və nəticədə ortaya belə bir iş çıxdı. özümü çox xoşbəxt hesab edirəm. Hansısa valideyn övladlarına villalar, maşınlar miras qoyarkən mənim övladlarıma qoyacağım miras onların hamısından dəyərli və qiymətlidir”.
TURANƏ
Paylaş:
Baxılıb: 1265 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30