Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / QƏDİM İRƏVANIN “QIZIL ŞƏFƏQ”İ

QƏDİM İRƏVANIN “QIZIL ŞƏFƏQ”İ

22.05.2025 [08:50]

Mikayıl Müşfiq, Məmməd Səid Ordubadi, Yusif bəy Vəzirov və Mehdi Hüseyn “Qızıl şəfəq” qəzeti redaksiyasında, İrəvan, 1935

“Qızıl şəfəq” qəzetinin meydana çıxması, üzləşdiyi problemlər, qazandığı uğurlar, müxbirlərin fəaliyyəti və onların qarşısında duran vəzifələr haqqında qəzetin 1930-cu il, 129-cu nömrəsində bir neçə material çap olunmuşdur. Bu baxımdan qəzetin 5 illik həmin yubiley nömrəsi xüsusi əhəmiyyət kəsb edir. Həmin nömrədə qəzetin məsul redaktoru Rza Vəlibəyovun “Qızıl şəfəq” qəzetinin 5 illik yubileyi münasibətilə yazdığı “5 il sosializm quruluşu” uğrunda” adlı məqaləsində qəzetin qazandığı uğurlardan söz açır və bu uğurları qoruyub saxlamaq, daha da möhkəmləndirmək üçün mətbu orqanın yaradıcı heyətinin müxbirlərinin, oxucularının köməyinə arxalandığını bildirirdi: “Qızıl şəfəq” qəzetinin 5 illik yubileyini keçirdikdə bu beş il ərzində gördüyü işlər danılmazdır. Ermənistanda türk dilində çıxan yalnız “Qızıl şəfəq” qəzeti olduğu üçün Ermənistanda türk zəhmətkeşləri arasında aparılacaq işlərin kütlə arasında yayılması sahəsində az iş görməmişdir. Yeni türk əlifbası sahəsində “Qızıl şəfəq”in ifa etdiyi rolu unutmaq olmaz. “Qızıl şəfəq” qəzeti müxbir kütləsinin sıralarını bir daha öz ətrafında birləşdirərək var qüvvələri ilə irəliləməkdədir”.

Qəzetin redaksiyasına 5 illik yubileyi münasibəti ilə Bakıda çıxan “Kommunist” (Azərbaycan dilində), “Gənc işçi”, “Kəndli” qəzeti, “Şərq qapısı” (Naxçıvan) və bir çox qəzetlər təbrik məktubu göndərmiş, yaradıcı kollektivə uğurlar arzulamışlar. Bakıda çıxan “Molla Nəsrəddin” satirik jurnalı da “Qızıl şəfəq” qəzetini beş illik yubileyi münasibəti ilə təbrik etmisdi. Təbrikdə deyilir: “Xalqımızın maarif və mədəniyyəti yolunda, ölkəmizdə kollektivləsmə və sosializm quruluşu cəbhəsində mümkün olduğu qədər çalışıb, 5 il mütəmadiyən mübarizə edib, 6-cı ilə qədəm qoymaqda olan rəfiqimiz “Qızıl şəfəq” qəzetəsinin 5 illik bayramını təbrik edərək, bundan sonra gedəcəyi yollarda daha böyük müvəffəqiyyətlərə nail olmasını arzu edirik”.

Qəzetin beş illik yubileyi münasibətilə buraxılan xüsusi nömrədə Rza Vəlibəyovun “10 ildə”, Murtuza Muradovun “Qəzetimizin kütləvi işləri və müxbirlər hərəkatı”, Əbülfət İbrahimin “10 illik tərəqqimizdən”, Cəfər Vəlibəyovun “Mən necə müxbir oldum”, Məhərrəm Məhərrəmovun “Qızıl şəfəq”ə salam” kimi məqalə, şeir, xatirə və təbriklərdə “Qızıl şəfəq” qəzetinin yaranması və beş ildə keçdiyi inkişaf yolu haqqında çox dəyərli məlumatlar vardır. “Qızıl şəfəq” qəzetinin beş illik yubileyinə həsr olunmuş nömrəsində bu mətbu orqanın yaranması və nəşrində fəal iştirak edən məsul redaktorlarının, müxbirləri və texniki heyətin fotoşəkillərinin verilməsi həmin illərdə qəzetin təşəkkülü və inkişaf yolu haqqında bütöv təsəvvür yaradır.

26 noyabr 1929-cu il 96-cı nömrəsindən 21 yanvar 1930-cu il 6-cı nömrəsinə kimi həftədə 2 dəfə 4 səhifə, 24 yanvar1930-cu il 7-ci nömrəsindən 1931-ci il 31 dekabr tarixinə kimi həftədə 3 dəfə 4 səhifədən ibarət çıxmışdır. Qəzetin həftədə 3 dəfə çıxması nəticəsində bir sıra mühüm sahələr haqqında məlumat ya gec dərc edilirdi, yaxud da işıqlandırılmırdı. Qəzet özünün 22 dekabr 1931-ci il sayında 1932-ci il yanvar ayının 1-dən gündəlik çıxacağı barədə məlumat vermişdi. Qəzet özünün gündəlik çıxacağı haqqında elan versə də, buna nail ola bilməmişdir. “Qızıl şəfəq” qəzeti 1 yanvar 1932-ci il tarixdən həftədə 4 dəfə işıq üzü görmüsdür. Qəzet hələ 1930-cu illərdən tirajının artaraq, 10 minə yüksəlməsini təmin etməyi qarşısına hədəf kimi qoysa da, 1934-cü ildə özünün 10 illik yubileyi və mininci nömrəsinin çapdan çıxmasını böyük təntənə ilə qeyd etdiyi bir vaxtda hələ də abunəçilərinin sayı 7 mini ötməmişdi. Bunun da ən başlıca səbəblərindən biri yerlərdə mətbuat yayımı şöbələrinə daha çox ermənilərin təyin edilməsi idi. Araşdırmalardan aydın olur ki, onlar qəzetin abunə haqlarını belə mənimsəyirmişlər. Hətta qəzet bu barədə kəskin münbasibətini bildirərək yazırdı: “Soyuz Peçatın məsul işçilərinin bəziləri belə simasızlıq və işdə məsuliyyətsizlikləri aradan qaldırmaq əvəzində onların özləri belə bu məsələni genişləndirirlər. Qəzetin vaxtında abunəçilərə çatmaması və tirajının artmaması işinə özləri səbəb olur. Türk mətbuatının yayılmasına fikir verilmir. Qəribyan öz aparatında olan bürokratları və süründürmə ilə vaxtlarını boş nağılla keçirən adamları öz aparatından təmizləməli və “Qızıl şəfəq” qəzetinin yayılmasına maneçilik törədən hər cür səbəbləri tezliklə aradan qaldırmalıdır”.

Qəzetin məsul redaktorlarının tez-tez dəyişdirilməsi də bu mətbu orqanın ahəngdar fəaliyyətinə öz təsirini göstərməyə bilməzdi. 1931-ci ilin sentyabr ayından 1932-ci ilin 17 avqust tarixinə kimi Əli Tağızadə qəzetin məsul redaktoru olmuşdur. 19 avqust 1932-ci il tarixdən 21 sentyabr 1932-ci il tarixinə kimi isə qəzetin məsul redaktoru əvəzi Mirzə Mirzəyev, 23 sentyabr 1932-ci il 121-ci nömrəsindən 23 dekabr 1932-ci il tarixli 155-ci nömrəsinə kimi isə qəzetin məsul redaktoru əvəzi Hüseyn Mamedov olmuşdur. “Qızıl şəfəq” qəzetinin tirajının artırılması və günün ən həlli vacib məsələsi kimi bu mətbu orqanın qarşısında dururdu. 1932-ci ildən qəzetin gündəlik nəşr edilməsi və tirajının 12-15 min nüsxəyə çatdırılması üçün bu mətbu orqanın əməkdaşları Hüseyn Mamedov Qəmərli, Əbülfət İbrahim Ağbaba, Əziz Nağıyev Allahverdi, Tahar Abbasov Üçmiədzin, Mirzə Mirzəyev, Fərman Əzimov, Yunis Ələkbərov Vedi, Mamo Əsədov İrəvan, Əbdüləzim Basarkeçər rayonlarına ezam edilmişdilər. Qəzetin bölgələr üzrə tirajının artım miqdarı aşağıdakı kimi müəyyənləşdirilmişdir: Qəmərli 1000, Ağbaba 200, Allahverdi 1500, Üçmiədzin 800, Vedi 2500, İrəvan 4000, Basarkeçər 2000. Qəzetin tirajının cəmi 10800-ə çatdırılması barədə verilən məlumatların gerçəkləşdirilməsi bu mətbu orqanın tirajı barədə təsəvvürümüzü bir qədər məhdudlaşdırdı. Araşdırmalardan aydın olur ki, erməni dilində çıxan “Xorhurtayın Hayastan” qəzetinin abunəçilərinin sayı 50 min, “Avanqard” qəzetinin abunəçilərinin sayı 25 min təşkil etdiyi halda, Azərbaycan dilində yeganə mərkəzi mətbuat orqanı olan “Qızıl şəfəq” qəzetinin abunəçilərinin sayı 1932-ci ildə çox çətinliklə 5 minə yüksəlmişdi. Qəzetin tirajının artmasına əngəl törədən ən başlıca səbəblərdən biri bu mətbu orqanın Amasiya, Qafan, Meğri, Dilican, Gümrü, Qarakilsə, Ordubad və digər ucqar bölgələrdən olan abunəçilərinə vaxtı-vaxtında çatdırılması üçün lazımi nəqliyyat vasitələrinin olmaması idisə, digər tərəfdən isə çox vaxt mətbuat yayımı şöbələri tərəfindən qəzetin abunə haqlarının mənimsənilməsi idi. Bu səbəbdən də bir tərəfdən qəzetin daha geniş coğrafiyada yayılmasını təmin etmək mümkün olmurdu, digər tərəfdən isə erməni şovinist dairələrinin müvafiq qurumları qərəzli şəkildə qəzetin fəaliyyətinə maneçilik törədirdilər. Halbuki qəzetin ahəngdar fəaliyyətini şərtləndirən ən başlıca cəhət onun müstəqil binaya malik olması və çapı üçün lazımi mətbəənin olması vacib şərtdir. Qəzetin redaksiyasının tez-tez ünvanlarının dəyişdirilməsi də onun ahəngdar faəliyyətini əngəlləyirdi. 1933-cü ildə, təkcə bir il ərzində qəzet 3 dəfə qəzet müxtəlif ünvanlara köçürülmüşdür. Əlbəttə ki, bu da qəzetin redaksiya heyətinin və onun məsul redaktoru Mustafa Hüseynovun haqlı etirazına səbəb olmuşdu.

1933-cü il 23 may tarixli 58-ci nömrəsindən yenə qəzetin məsul redaktoru Mustafa Hüseynov təyin edilmişdir. Apardığımız araşdırmalardan aydın olur ki, Mustafa Hüseynov müxtəlif vaxtlarda 5 dəfə qəzetin məsul redaktoru kimi dəyişdirilmişdir. 14 sentyabr 1934-cü il tarixdən - 204-cü nömrəsindən 20 oktyabr 1934-cü il tarixə - 233-cü nömrəsinə kimi qəzetin müvəqqəti redaktoru Həbib Məhəmmədzadə təyin olunmuşdur. Həmin illərdə bəzən qəzetin redaktoru qrafası yerində “Heyyəti-təhririyyə” yazılırdı.      

21 oktyabr 1934-cü il tarixdən qəzetin məsul redaktoru vəzifəsinə yenidən Mustafa Hüseynov təyin edilmişdir. Onun iradəsi və fədakarlğı sayəsində “Qızıl şəfəq” qəzeti 30 dekabr 1934-cü ildən - 286-cı nömrəsindən etibarən gündəlik kiçik formatda nəşr edilməyə başlamısdır.

1934-cü ildə qəzetin 1000-ci nömrəsinin çapdan çıxması və 10 illiyi münasibəti ilə qəzetin redaktoru Mustafa Hüseynov bu mətbu orqanın keçdiyi yol haqqında geniş məqalə ilə çıxış edərək yazırdı: “Qızıl şəfəq”in 10 il ərzində gördüyü işlər inkarolunmaz müvəffəqiyyətlərdir”. Həmin dövrdə qəzetin redaktoru Mustafa Hüseynov, məsul katibi isə şair, tərcüməçi Əbülfət İbrahim idi.

1934-cü il aprel ayının 25-də qəzetin 10 illik yubileyi münasibəti ilə İrəvanda Mədəniyyət evində təntənəli toplantı keçirilmişdir. Toplantının rəsmi hissəsi qurtardıqdan sonra bədii hissəsi İrəvanda fəaliyyət göstərən Şərq musiqi dəstəsinin və İrəvanda Azərbaycan teatrının aktyorlarının iştirakı ilə başa çatmışdır.

Cəlal Allahverdiyev,

filologiya üzrə fəlsəfə doktoru, dosent

Davamı növbəti sayımızda...

Paylaş:
Baxılıb: 351 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30