Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Adalar ölkəsi çətin seçim qarşısında...

Adalar ölkəsi çətin seçim qarşısında...

10.06.2026 [09:30]

Ağ Evdə administrasiya dəyişikliyindən sonra Prezident Donald Tramp Amerika Birləşmiş Ştatları (ABŞ) ilə dost sayılmayan ölkələr arasında münasibətləri yenidən tənzimləməyə başlayıb. Xüsusilə də “qara siyahı”ya daxil edilən ölkələrin rejimləri hədəfə alınıb. Bu sırada həmçinin şimali Karib dənizi, Meksika körfəzi və Atlantik okeanının kəsişdiyi coğrafiyada yerləşən Kubanın da adı var.

Venesuela və İrandan sonra Kuba...

ABŞ-ın yeni administrasiyası üçün adalar ölkəsi ( 4.195 adadan ibarət dövlət) Kuba məsələsi yeni deyil. D.Tramp ikinci prezidentlik dönəminə başladıqdan sonra Kuba ilə bağlı problemləri dəfələrlə dilə gətirib. D.Tramp 2026-cı il yanvarın sonunda Kubanın ABŞ-in milli təhlükəsizliyinə təhdidi ilə bağlı fövqəladə vəziyyət elan edib. Həmçinin Vaşinqton Kubaya münasibətdə də sanksiya siyasətindən istifadə edir. Son olaraq Tramp mayın 1-də  Kuba ilə bağlı əlavə məhdudiyyətləri nəzərdə tutan sənəd imzalayıb. Yeni qərara əsasən, ABŞ dövlət katibi və maliyyə naziri Kubanın iqtisadiyyatının bəzi sahələri ilə əlaqəsi olan həm Amerika vətəndaşlarına, həm də xarici şəxslərə qarşı əlavə sanksiyalar tətbiq edə biləcəklər. Sənəddə enerji, müdafiə sənayesi, faydalı qazıntıların hasilatı, metallurgiya və maliyyə xidmətləri sahələri xüsusi qeyd olunub.

D.Tramp bəhs olunan mövzuya növbəti dəfə bu günlərdə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən qayıdıb. Belə ki, Prezident Tramp Vaşinqtonun İranla münaqişənin nizamlanması başa çatdıqdan sonra Kubada mövcud dövlət quruluşunu dəyişdirmək niyyətində olduğunu açıq şəkildə bəyan edib. “Kuba ilə bağlı çox yaxşı planlarımız var. Düşünürəm ki, çox sərt, xoşagəlməz bir rejimdən qurtulmalı olacağıq”, - deyə Tramp vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl oxşar ssenari Venesuelada reallaşdırılıb. Belə ki, 3 yanvar 2026-cı il tarixində ABŞ qüvvələrinin Venesuelada keçirdiyi əməliyyat nəticəsində prezident Maduro və həyat yoldaşı saxlanılaraq ABŞ-a aparılıb. O, narkokartel idarə etmək, narkotik qaçaqmalçılığı və digər cinayətlərdə ittiham olunur, Maduronun özü isə  bütün ittihamları rədd edir. Hazırda Maduro Nyu-Yorkun Bruklin rayonundakı istintaq təcridxanasında saxlanılır. Maduronun həbsindən sonra dövlət başçısının vəzifələrini əvvəllər vitse-prezident postunu tutan Delsi Rodriges icra etməyə başladı. O, faydalı qazıntılar haqqında qanunları dəyişdirərək Venesuelanın neft sektorunu xarici investisiyalara açdı. ABŞ Prezidenti martın 7-də Floridada Latın Amerikası ölkələrinin liderləri ilə sammitdə bəyan etdi ki, Venesuela hökumətini rəsmi olaraq tanıdığından məmnundur. Həmin gün iki ölkə arasında saziş də imzalanıb: “Bu saziş ölkələrimizə Venesuela qızılının və başqa faydalı qazıntıların satışına kömək etmək məqsədilə əməkdaşlığa imkan verir. Onların böyük qızıl ehtiyatları var. Onların yaxşı torpaqları var”, - deyə ABŞ-ın dövlət baçısı vurğulayıb.

ABŞ administrasiyası hesab edir ki, Venesuela əməliyyatı ilə qanunsuz halların və cinayətlərin qarşısını alıb. Bununla da Venesuela ABŞ-in nüfuz dairəsinə keçdi. Başqa sözlə, bu Latın Amerikası ölkəsi Çin-Rusiya düşərgəsindən Qərb tərəfə yerdəyişmə etmiş oldu.

Əslində, güman edilirdi ki, Venesueladan sonra Trampın nəzərləri Kubaya yönələcək. Ancaq belə olmadı. Hər zaman qeyri-adi gedişlər edən D.Tramp  Kubadan əvvəl Yaxın Şərq gündəliyini önə çəkdi. Beləliklə də, fevralın 28-də ABŞ-İsrail-İran müharibəsi başladı. Ağ Ev İran əməliyyatını qısamüddətli müharibə kimi nəzərdə tutsa da, bu, alınmadı. Belə ki, İran havadan endirilən intensiv  zərbələr nəticəsində ali dini rəhbərin və digər qərarverici şəxslərin öldürülməsi də daxil olmaqla böyük itkilərə məruz qalsa da, təslim olmadı, müqaviməti gündən-günə artırdı, o cümlədən İsrailə uzaqmənzilli dağıdıcı raketlər atdı, ABŞ-ın qonşu ölkələrdəki bazalarını vurdu. Eyni zamanda, Tehranın Hörmüz boğazı ətrafında yaratdığı vəziyyət qlobal iqtisadiyyata ciddi təsir göstərir. Beləliklə də, müharibə uzandı və gərgin vəziyyət hələ də davam etməkdədir. İranla uzanan gərginlik fonunda Ağ Ev Kuba ilə ikinci cəbhə açmağa tələsmir və bu ölkəyə təzyiqlərini sanksiyalarla davam etdirir.

Kubada son onilliklərin ən ağır dövrü

Birbaşa açıq əməliyyatların gecikməsi heç də adalar ölkəsinin xoşbəxtliyi anlamına gəlmir. D.Trampın bəyanatları və getdikcə sərtləşdirilən sanksiyalar enerji resursları məhdud olan Kuba üçün təsirsiz ötüşmür. Ölkədə iİlin əvvəlindən  vəziyyət əhəmiyyətli dərəcədə pisləşib. ABŞ embarqonu sərtləşdirib, neft isə demək olar ki, ölkəyə daxil olmur. Bu səbəbdən də ictimai həyat kəskin şəkildə məhdudlaşdırılıb, enerji təchizatı isə qənaət rejiminə keçirilib. Avtobuslar, bərələr və qatarlar fasilələrlə işləyir. “Tagesschau” portalının yazdığına görə, məktəblər və universitetlər dərslərin müddətini azaldır və ya məcbur olaraq davamiyyəti tamamilə ləğv edir. Dövlət qulluqçularından da səfərlərinin sayının azaldılması gözlənilir və onlar həftədə dörd gün işləyirlər.

Dövlət televiziyasının efirində çıxış edən baş nazirin müavini Oskar Peres-Oliva bildirib ki, yanacaq ilk növbədə səhiyyə, elektrik enerjisinin istehsalı və ərzaq təminatı üçün istifadə olunacaq. “Bu, ilk növbədə su təchizatını da əhatə edir, həyati əhəmiyyətli xidmətlərin göstərilməsi davam edəcək”, - deyə Peres-Oliva qeyd edib.

Hökumət rəsmisinin sözlərinə görə, enerji və ərzaq böhranı ilə əlaqədar ciddi məhdudiyyətlər tətbiq olunur. Bu, qismən ABŞ embarqosu səbəbindən baş verir, eyni zamanda daxildəki çatışmazlıqlarla da bağlıdır.

Əvvəllər Kubanın enerji məhsullarının tədarükü əsasən Venesuela vasitəsilə həyata keçirilirdi. İndi bəlli səbəblərdən bu təchizat kanalı bağlanıb. Evlərdə qaz plitələri və qızdırıcılar fəaliyyətsizdir. Qaz çatışmazlığı səbəbindən Havananın bir çox sakinləri yenidən odun kömüründə yemək bişirməyə məcbur qalıblar.

Meksika da ənənəvi olaraq Kubaya neft ixrac edən ölkədir, lakin Donald Tramp blokadanı pozan ölkələrə qarşı əlavə rüsumlar tətbiq edəcəyi ilə hədələyib. Hətta Meksikanın sol-mərkəzçi prezidenti Klaudiya Şeynbaum da ehtiyatlı mövqe nümayiş etdirir.

Humanitar yardım neft qədər vacibdir, belə ki, kubalılar kəskin çatışmazlıqdan, o cümlədən ərzaq və dərman qıtlığından əziyyət çəkirlər. Bunun nəticəsi olaraq aclıq və xəstəliklər artır. Milli valyuta - Kuba pesosu faktiki olaraq dəyərini itirib. Vəziyyətin daha da ağırlaşacağı gözlənilir.

Yanacaq ehtiyatlarının tamamilə sıfırlanması ölkə daxilində işıqların uzunmüddətli sönməsinə gətirib çıxarıb. Bu kritik vəziyyət barədə ölkənin energetika və dağ-mədən sənayesi naziri Visente de la O Levi danışıb. Nazir etiraf edib ki, hazırda ölkədə nə mazut, nə də dizel yanacağı qalıb. Onun sözlərinə görə, dövlət hazırda yalnız yerli imkanlar hesabına - öz yataqlarından əldə edilən səmt qazı və daxili hasilat sayəsində ayaqda durmağa çalışır.

Ölkəyə yanacaq idxalı ötən ilin dekabrından dayanıb. Yalnız aprel ayında Rusiyadan yardım məqsədilə göndərilən 100 min tonluq neft partiyası vəziyyəti bir qədər yumşaltmağa kömək etsə də, bu ehtiyatlar da mayın əvvəlinə qədər artıq istifadə edilərək bitib.

Yaranmış mürəkkəb durumdan çıxış yolu kimi rəsmi Havana alternativ enerji mənbələrinə yönəlməyi planlaşdırır. Energetika naziri qeyd edib ki, hökumət artıq günəş enerjisindən istifadəni genişləndirmək, enerjini saxlamaq üçün yeni sistemlər qurmaq və yerli neft-qaz sənayesini inkişaf etdirmək strategiyasına üstünlük verir.

Ağır iqtisadi böhran fonunda ABŞ ilə başlayan danışıqlar

Yaranmış vəziyyətdə Kuba rəhbərliyinin seçim imkanları məhduddur. İraq, Liviya, Misir, Suriya, İran, Yəmən, Qəzza zolağı, Tunisdə son bir neçə ildə baş verən dəyişikliklər fonunda Kuba Prezidenti Miqel Dias-Kanel çıxış yolu barədə ciddi düşünməlidir. Perspektivlər belə ola bilər: Venesuelanın keçmiş prezidenti Nikolas Maduro kimi yataq otağında tutularaq Vaşinqtona aparılmaq; Meksikanın dövlət başçısı Klaudiya Şeynbaum kimi Ağ Evlə əməkdaşlıq etmək; İranın keçmiş ali rəhbəri Xamenei, İraqın keçmiş prezidenti Səddam Hüseyn və başqaları kimi müqavimət göstərmək, ölkəni dağıtmaq və sonda həyata “Əlvida” demək.

Onu da nəzərdən qaçırmaq olmaz ki, Kuba sadalanan ölkələrin hamısından bütün parametrlər baxımından zəifdir. Trampdan ard-arda gələn hədələr onu deməyə əsas verir ki, prezident Miqel Dias-Kanel üçün, bir növ, gerisayım başlayıb. “Kuba ağır iqtisadi böhran və Prezident Donald Trampın artan təzyiqi səbəbindən ABŞ hökuməti ilə danışıqlar aparır”. “Reuters”in məlumatına əsasən,  bu barədə Kuba Prezident Migel Dias-Kanel məlumat verib. “Kuba rəsmiləri bu yaxınlarda ABŞ hökumətinin nümayəndələri ilə danışıqlar aparıblar. Müzakirələr ölkələr arasında mövcud olan ikitərəfli fikir ayrılıqlarının həlli yollarını tapmaq məqsədi daşıyırdı. Danışıqlar hər iki dövlətin siyasi sistemlərinə hörmət, eləcə də hökumətlərin suverenliyi və öz müqəddəratını təyinetmə prinsipləri əsasında baş tutdu”, - deyə Kuba lideri bildirib.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 92 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

YAP xəbərləri

Analitik

YAP xəbərləri

Analitik

YAP xəbərləri

YAP xəbərləri

Gündəm

9 iyun, saat 15:00-da...

09 İyun 12:20  

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30