Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionların inkişafı, həm də turizmin inkişafı ilə bağlıdır

Regionların inkişafı, həm də turizmin inkişafı ilə bağlıdır

12.08.2015 [09:46]

Yaxud Dövlət proqramlarının həyata keçirilməsi nəticəsində Azərbaycanın regionlarında turizm sektoru intensiv olaraq inkişaf edir
Məlum olduğu kimi, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində sosial-iqtisadi inkişafın Azərbaycan modeli yaranıb. Bu modelin xarakterik cəhətlərindən biri isə qarşıya qoyulan məsələlərin proqramlar çərçivəsində mərhələlər üzrə həllinə nail olunması, ayrı-ayrı sahələrin inkişafının cari və uzunmüddətli proqramlarla təmin edilməsi siyasətidir. Bu istiqamətdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramları, habelə investisiya proqramları, məşğulluq, təhsil, səhiyyə, sosial təminat və s. sahəvi proqramlar insanların sosial rifah halının yüksəldilməsinə birbaşa ünvanlanmış çox mühüm fəaliyyət kimi qiymətləndirilməlidir.
Azərbaycanda turizmin inkişafına xüsusi önəm verilir
Onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Azərbaycan Respublikasının sosial siyasətində turizmin inkişafı xüsusi yer tutur. Belə ki, turizmin inkişafı Azərbaycanın dünyaya tanıdılması, xalqımızın milli-mədəni özünüdərki, təbii və mədəni resurslara düşünülmüş, sayğılı münasibəti, regionların inkişafı, yeni iş yerlərinin açılması və s. baxımından xüsusi əhəmiyyət kəsb edir. Yəni, turizmin inkişafı ilə əlaqədar ölkənin regionlarında sözügedən sahənin infrastrukturunun formalaşmasına şərait yaranır, həmçinin, yeni otellərin, əyləncə mərkəzləri və s. istifadəyə verilməsi, ilk növbədə, bölgələrdə yeni iş yerlərinin açılmasına, məşğulluq siyasətinin uğurlu həllinə zəmin yaradır.
Bu məqamda xatırlatmaq yerinə düşər ki, 2004-cü ildən etibarən ikisinin icrası uğurla başa çatan və artıq üçüncüsünün icrası davam etdirilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları bütövlükdə ölkəmizin qüdrətinin artmasına, o cümlədən, Azərbaycan əhalisinin sosial rifahına yönələn və konkret nəticələr verən proqramlar kimi tarixə düşüb. Məhz bu Dövlət proqramları çərçivəsində ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi siyasəti təmin edilib, qeyri-neft sektorunun inkişafı regionların ictimai-sosial həyat səviyyəsini yüksəldib, aqrar sahə, emal sahəsi, turizm və bu kimi istiqamətlərin formalaşmasına güclü təkan verib. Bu proqramın uğurlu icrası sahəsində artıq neçə ildir ki, Azərbaycan sosial-iqtisadi inkişaf səviyyəsinə görə “aşağı gəlirli ölkələr” sırasından “orta gəlirli ölkələr” sırasına keçib. Hədəf ondan ibarətdir ki, 2013-2023-cü illərdə Azərbaycan əhalisi yüksək gəlirli ölkəyə çevrilməlidir.
Dövlət proqramlarının həyata keçirilməsi nəticəsində, eyni zamanda, Azərbaycanda turizm sektoru intensiv olaraq inkişaf edir. Təsadüfi deyil ki, Dövlət proqramlarının icrası nəticəsində ölkədə açılan iş yerlərinin ümumi tərkibində turizm obyektlərinin də əhəmiyyətli rolu var. Bu sahə insanların məşğulluq sahələrinin genişlənməsinə, yoxsulluğun aşağı salınmasına, əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət edir. Bir sözlə, regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar icra edilən Dövlət proqramları çərçivəsində ümumilikdə turizm sahəsində böyük nailiyyətlər əldə edilib.
Ölkəmizin müxtəlif yerlərində dünya səviyyəli turizm mərkəzləri fəaliyyət göstərir
Yeri gəlmişkən, avqustun 8-də Şabran rayonunun ərazisində yerləşən “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin açılış mərasimindəki çıxışı zamanı bu məqama toxunan Prezident İlham Əliyev deyib ki, regionların inkişafı, qeyri-neft sektorunun, turizm sektorunun inkişafı bizim üçün prioritet sahədir: “İçməli su, elektrik enerjisinin təchizatı, kənd yolları, qazlaşdırma və digər infrastruktur layihələri ölkəmizdə uğurla icra edilir. Regionların inkişafı, o cümlədən, turizmin inkişafı ilə bağlıdır, xüsusilə nəzərə alsaq ki, bizim çox gözəl təbiətimiz var. Biz çox xoşbəxt insanlarıq ki, belə gözəl ölkədə yaşayırıq. Xəzər dənizi, dağlar, çaylar, bulaqlar, göllər, meşələr - bütün bunlar bizdə var. Belə olan halda, turizmin inkişafı bir neçə il bundan əvvəl prioritet istiqamət kimi müəyyən edilmişdir və hazırda ölkəmizin müxtəlif yerlərində dünya səviyyəli turizm mərkəzləri və kurortlar fəaliyyət göstərir”.
Beləliklə, ötən müddət ərzində həyata keçirilən siyasət və Dövlət proqramlarının uğurla icrası nəticəsində regionlarda çoxsaylı turizm mərkəzləri yaradılıb. Xüsusilə qeyd edilməlidir ki, üçüncü Dövlət proqramında turizmin inkişafı ayrıca olaraq nəzərdə tutulub ki, bu da turizm sahəsində görülən işlərin yaxın 5 ildə öz bəhrəsini verməsini təmin edəcək.
Bildirmək yerinə düşər ki, üçüncü Dövlət Proqramı çərçivəsində ölkədə turizm infrastrukturunun inkişaf etdirilməsi və turizm xidmətlərinin daha da genişləndirilməsi, regionlarda və Bakıda yeni beynəlxalq standartlara cavab verən mehmanxanaların, Şahdağ Qış-Yay Turizm Kompleksinin istifadəyə verilməsi və tarixi abidələrin bərpası kimi tədbirlərin davam etdirilməsi nəticəsində turizm sektorunda 2013-2016-cı illər ərzində orta hesabla 21,9 faiz artım gözlənilir. Digər tərəfdən, Dövlət proqramlarının həyata keçirilməsi nəticəsində Azərbaycanın bir sıra regionlarında, o cümlədən, Qaxda turizm sektoru intensiv olaraq inkişaf edir. Məlumat üçün bildirək ki, Qax nəinki Azərbaycanın, ümumilikdə regionun qədim yurd yerlərindən biridir. Qaxın adı və tarixi barədə ayrı-ayrı mənbələrdə müxtəlif məlumatlar verilir.
Bugünkü Qax rayonuna gəlincə, Azərbaycan Respublikasının şimal-qərbində yerləşən Qax inzibati rayon kimi 1930-cu ildə təşkil edilib. 1963-cü ildə ləğv edilərək ərazisi Zaqatala rayonuna verilib, 1964-cü ildə yenidən müstəqil rayon olub. Hazırda əhalisi 54,8 min nəfər olmaqla 59 yaşayış məntəqəsini (1 şəhər, 58 kənd) özündə birləşdirən rayonun ərazisi 1494 km2-dir. Şimal-şərqdən Dağıstan Respublikası, cənub-qərbdən Gürcüstan Respublikası, şimal-qərbdən Zaqatala və cənub-şərqdən Şəki inzibati rayonları ilə həmsərhəddir.
Zəngin fauna turizmin inkişafında özünəməxsus rol oynayır
Beləliklə, Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı ilə bağlı apardığı siyasət Qaxda da öz bəhrəsini verib və rayon hazırda regionun turizm mərkəzlərindən birinə çevrilib. Rayonun turizm məkanı kimi məşhurlaşmasından danışarkən Qaxın rəngarəng iqlimə malik olduğunu xüsusi vurğulamaq yerinə düşər. Belə ki, rayonun iqlimi cənub hissədə quru subtropik, mərkəzi hissədə mülayim isti, yarımrütubətli subtropik, yüksək dağlıqda soyuqdur. Orta temperatur yanvarda düzənlik ərazidə 2 dərəcədən yüksək, dağlıq ərazidə mənfi 10 dərəcəyə qədər, iyulda müvafiq olaraq 26 dərəcə və 50 dərəcədir. İllik yağıntı cənubda 300 mm, şimalda 1600 mm-ə qədərdir. Qaxda temperaturun dəyişmə həddi çox böyükdür, dağların zirvəsində mənfi 40 dərəcədən Acınohur gölunun yaxınlığında müsbət 40 dərəcəyə qədər temperatur müşahidə olunur. Belə bir iqlim şəraiti isə Qaxı həm yay, həm də qış turizmi üçün əlverişli məkana çevirib. Eyni zamanda, rayonun faunası çox zəngindir. Rayon ərazisində yaşayan heyvanlardan Azərbaycan Respublikası “Qırmızı Kitab”ına düşmüş vaşaq, çöl pişiyi, qarapaça, quşlardan iri qırğı, berqut, toğlugötürən, Qafqaz tetrası, kəklik, bəzgəgkimilər var. Bunlarla yanaşı rayonun dağlıq ərazisində ayı, canavar, çaqqal, tülkü, qamışlıq pişiyi kimi yırtıcı heyvanlar, maral, cüyür, Dağıstan dağkeçisi, çöl donuzu, cütdırnaqlı ov heyvanları və s. yayılıb. Bundan başqa, bir çox çaylar, uca dağlar, İlisu kəndində 25 metr hündürlüyə malik Ramramay şəlaləsi, Ləkit kəndində öz unikallığı ilə seçilən, 2006-cı ildən Nazirlər Kabineti tərəfindən təbiət abidəsi kimi qeydə alınan və mühafizə olunan şəlalə, İlisu kəndi ərazisində Beşbulaq, Səngərbulaq, Hamambulaq, Qaşqaçay kəndində Gövrüc bulaq, Ləkit-Kötüklü kəndində Qotur bulaq və s. bulaqlar, həmçinin, kurort resursları cəhətdən zənginliyi Qaxı turistlər üçün cəlbedici məkana çevirib.
Məlumat üçün bildirək ki, İlisu və Sarıbaş kəndləri yaxınlığındakı və Hamam çayı boyunca yer üzünə çıxan termal bulaqlar ta qədimdən xalq təbabətində yel xəstəliyinə qarşı istifadə olunur. Bol mineral su ehtiyatlarının varlığı rayonda iqlim-balneoloji kurort zonalarının salınması üçün geniş potensiala malikdir.
Yüksək standartlara uyğun turizm infrastrukturunun yaradılması istiqamətində məqsədyönlü iş aparılıb
Yuxarıda da qeyd etdiyimiz kimi, qeyri-neft sektorunun inkişafı siyasətinin uğurlu nəticələri özünü Qaxda da göstərir. Daha dəqiq desək, “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın qarşıya qoyduğu tələblərə uyğun olaraq Qaxda da yüksək standartlara uyğun turizm infrastrukturunun yaradılması istiqamətində məqsədyönlü iş aparılıb. Rayonda artıq 10-dan çox turizm obyekti fəaliyyət göstərir ki, buraya respublikamızdan və xarıcdən gələn turistlərin sayında artım müşahidə olunur. Belə ki, 2013-cü ildə rayona istirahət məqsədilə 20573 nəfər turist gəlmişdirsə, 2014-cü ildə bu göstərici 23630 nəfər, bunların da 395 nəfəri xarici vətəndaş olub. Turist sayındakı artımın 2015-ci ildə də davam edib. Bu isə ilk növbədə, rayonun ərazisində tarixi abidələrin çoxluğu, coğrafi mövqeyinin turizm üçün əlverişli olması ilə əlaqədardır. Rayonun tarixi və görməli yerlərinə gəzintilərin təşkili məqsədi ilə rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən 6 istiqamətdə marşrut müəyyənləşərək fəaliyyət göstərir.
Son dövrlər rayonda beşulduzlu “El Resort” hotel kompleksinin, habelə Qax şəhərində “İçəribazar” Turizm Mədəniyyət Mərkəzinin istifadəyə verilməsi turistlərin əsrarəngiz təbiəti və iqlimi ilə seçilən Qax rayonuna marağını daha da artırıb. Rayonda 2 mehmanxana, “Şəfa” istirahət və müalicə pansionatı, İlisu pansionatı, “Yaşıl park”, “Ulu”, “İmproteks”, “Ulu dağ” turizm və istirahət mərkəzləri və “Eden” Park hotel, “Səngər qala” istirahət mərkəzi, “El Resort” beşulduzlu hotel turistlərə xidmət işini həyata keçirir.
Tarixi məkanlar xarici turistlərin ölkəmizə marağını daha da artırır
Təbii ki, hazırda əcnəbi turistləri ən yaxşı şəraitə malik hotellərlə yanaşı, qədim tarixi məkanlar da maraqlandırır və Qax bu baxımdan da fərqlənir. Məsələn, Qaxa gələn xarici turistləri heyran edəcək məkanlardan biri də XVI əsrə aid “İçəribazar”dır.
“İçəribazar” XIX əsrin sonları, XX əsrin əvvəllərindən yaşayış yeri, mədəni əyləncələr yeri, xalq yaradıcılığının və milli bayramların keçirilməsi yeri kimi də öz funksiyasını davam etdirib. Bugünkü “İçəribazar” tarixi abidə kimi Azərbaycanın ən cəlbedici və maraqlı turizm mərkəzlərindən biri sayılır. “İçəribazar” keçmiş yüzilliklərin memarlığını yeni ideya və məzmunda duymaq, müasir reallığı hiss etmək mümkündür. Ümumiyyətlə, “İçəribazar” maddi-mədəniyyət abidəsinin yenidən qurulması tarixi irsimizin qorunması istiqamətində ölkəmizdə həyata keçirilən məqsədyönlü tədbirlərin bariz nümunəsidir. Qala kompleksində əsrlərdən bəri qorunub saxlanılan bir çox maddi-mədəniyyət abidələri müasir Qax şəhərinin bir hissəsi olmaqla yanaşı, eyni zamanda, onun tarixinə verilən dəyəri nümayiş etdirir. Bir neçə il əvvəl aparılan tikinti və yenidənqurma işlərindən sonra şəhərin bu qədim tarixi hissəsi tamamilə müasir və füsunkar görkəm alıb.
Yenidənqurma işləri zamanı ərazidə mükəmməl layihə əsasında açıq səma altında 300 yerlik səhnə, həmçinin tətbiqi sənət ustaları üçün emalatxanalar inşa olunub.
Prezident İlham Əliyev 2011-ci ilin noyabrında Qax rayonuna səfəri zamanı “İçəribazar” qala kompleksində aparılmış tikinti və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olarkən deyib: “Deyə bilərəm ki, müasir Azərbaycanda belə gözəl guşələrin yaradılması yəqin ki, Qaxdan başlayıb... Mən çox şadam ki, Qaxın tarixi simasını əks etdirən bu kiçik guşə artıq fəaliyyətə başlayır. Burada sənətkarlar öz sənətlərini təqdim edirlər, açıq səma altında gözəl səhnə yaradılıbdır. Bir sözlə, belə guşələr Azərbaycanda daha da çox olmalıdır”.
Yenidənqurma işlərindən sonra “İçəribazar” şəhər sakinlərinin, eləcə də, rayona gələn yerli və xarici turistlərin ən çox üz tutduqları istirahət məkanlarından birinə çevrilib. Sakinlərin, uşaq və gənclərin, qonaqların asudə vaxtlarının mənalı və səmərəli keçməsi üçün burada hər cür şərait yaradılıb. Yaz-yay aylarında hər həftənin şənbə və bazar günlərində buradakı açıq səma altında səhnədə konsertlər, diskotekalar, əyləncəli proqramlar təşkil olunur. Kompleksi ziyarət edən yerli və xarici turistlərə rayonun, həmçinin şəhərin bu qədim yaşayış məhəlləsinin tarixi, əhalinin yaşam tərzi, adət-ənənələri, məişəti, mətbəxi barədə müfəssəl məlumat verilir, qonaqlar buradakı obyektlərin xidmətlərindən yararlanırlar.
Yeri gəlmişkən, Qax rayon mədəniyyət və turizm şöbəsinin müdiri Nəzir Omarov AZƏRTAC-a müsahibəsində deyib ki, yay səhnəsində vaxtaşırı olaraq ümumrayon tədbirləri, bayram şənlikləri keçirilir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələdə hər il ənənəvi olaraq təşkil olunan Beynəlxalq Musiqi Festivalının səyyar konsertlərindən birinin Qax şəhərindəki “İçəribazar” Turizm Mədəniyyət Mərkəzinin səhnəsində keçirilməsi artıq adət halını alıb.
Mərkəzdə fəaliyyət göstərən sənətkarlıq emalatxanaları - tətbiqi sənət, ağacoyma, toxucu, xalçaçı, Şərq şirniyyatı və təndirxana otaqları ilin bütün fəsillərində yerli sakinlərin və turistlərin üzünə açıqdır. Burada fəaliyyət göstərən tətbiqi sənət nümunələrinin satış mərkəzində yerli sənətkarların hazırladıqları milli suvenirlər, rəngkarlıq və qrafika əsərləri, ağac üzərində oyma, daş üzərində təsvirlər, toxuculuq məmulatları, suvenir xalçalar nümayiş olunur. Məlumatlara görə, xarici turistlər daha çox Qax rayonunun məşhur tarixi abidələrinin, təbiət gözəlliklərinin əks olunduğu əsərlərə, buta ilə işlənmiş suvenir xalçalara maraq göstərir, bu işləri həvəslə alırlar.
Bir sözlə, Qax şəhərinin bu qədim tarixi məhəlləsi - “İçəribazar” Turizm Mədəniyyət Mərkəzi rayona gələn qonaqlar üçün əsl istirahət məkanına çevrilib. Turistlər “İçəribazar” kompleksi ilə tanış olarkən keçmiş yüzilliklərin memarlığını yeni ideya və məzmunda duymaq imkanı əldə edirlər. Yeni yaradılan belə istirahət məkanları Qax rayonunda da turizm sahəsinin inkişafı üçün geniş imkanlar açır.
Ümumiyyətlə, Qaxda dünya və ölkə əhəmiyyətli 60-dan çox abidə qeydə alınıb. Arxeoloji abidələr, kurqanlar burada məskunlaşmanın paleolit dövrünə gedib çıxdığından xəbər verir. Ləkitdə dairəvi alban məbədi (V əsr - Bizans memarlığı üslubunda tikilib), Qum kəndində bazilika (V əsr), Sırt qalası (VII əsr - həm müdafiə, həm də müşahidə qalası kimi tikildiyi ehtimal edilir), 7 kilsə (VI-VII əsrlər - 2 bazilika və 5 kiçik sövmədən ibarətdir), XVII əsr abidəsi olan və Kürmük çayı üzərində salınmış Ulu körpü, inşa tarixi XVII-XVIII əsrlərə aid edilən Sumuq qala, Cümə məscidi (XVIII əsr), Alaverdi kilsəsi ( XIX əsr) tarixə səyahət üçün ideal məkanlardır. Amma bu, hələ hamısı deyil. Elə təkcə məşhur İlisu kəndində 11 tarixi abidə qeydə alınıb. Deyilənə görə, dağlardakı yüksəkliklərdə elə möhtəşəm abidələr var ki, hətta isti yay aylarında belə oralara gedib çıxmaq müşkülə dönür. Hündürlüyü 10 metrə çatan Qacır qalası (IX əsr), Cinliqala (VII-IX əsrlər) buna nümunədir.
Bildirmək yerinə düşər ki, hazırda qədim abidələrlə yanaşı müasir memarlıq nümunələri də Qaxa gələn yerli və xarici qonaqların diqqətini cəlb edir. Qaxdakı Heydər Əliyev Mərkəzi isə belə memarlıq nümunələri içərisində xüsusilə fərqlənir. 2013-cü ilin avqustunda Prezident İlham Əliyevin də açılışında iştirak etdiyi Heydər Əliyev Mərkəzi milli memarlıq ənənələrini saxlamaqla ən müasir üslubda tikilib. Yerli inşaat materiallarının istifadə edildiyi tikinti işləri rayonun daxili imkanları hesabına həyata keçirilib.
Ölkəmizdə turizmin inkişafı üçün gözəl imkanlar var
Məlum olduğu kimi, istənilən məkanı turistlər üçün cəlbedici edən məqamlardan biri də orada təqdim edilən mətbəx nümunələridir və Qax bu baxımdan da fərqlənir. Yəni, bu gün öz mətbəxi ilə seçilən Qaxın sürhüllü, hingili, girs (ala girsi, ət girsi, çürümtək girsi) kimi ləziz təamları var. Qaxın bu 3 milli xörəyinin hamısı xəmir əsaslı olsa da, dadları tamam fərqlidir. Yeməyin yanındakı əlavələr çətin həzm olunmanın qarşısını alır. Turistlər əsasən Qaxın mərkəzində, Ağçay, Sarıbaş, İlisu kəndlərində daha dadlı, spesifik sürhüllü, hingili, girs yeyə bilərlər. Rayona bir dəfə gəlib bu təamları yeyən turist ikinci dəfə də gəlməyi arzu edəcək.
Qaxın zəngin mətbəx nümunələrinə malik olmasının nəticəsidir ki, Mədəniyyət və Turizm Nazirliyinin təsdiq etdiyi yeni “Xalq yaradıcılığı paytaxtları” Proqramına əsasən, Qax şəhəri 2015-ci il üçün “Azərbaycanın milli mətbəx paytaxtı” elan edilib. Yeri gəlmişkən, mayın 13-də bununla bağlı təqdimat mərasimi olub.
Səməd Vurğun adına Qax rayon Mədəniyyət evində keçirilən “Milli mətbəx paytaxtı”nın təqdimat mərasimində rayon rəhbərliyi, Mədəniyyət və Turizm Nazirliyinin məsul əməkdaşları, mədəniyyət işçiləri, turizm obyektlərinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbiri rayon mədəniyyət və turizm şöbəsinin müdiri Nəzir Omarov açaraq, Qax şəhərinin “Azərbaycanın milli mətbəx paytaxtı” elan edilməsinin rayonun mədəni həyatında çox əlamətdar hadisə olduğunu bildirib, “paytaxt ili” çərçivəsində həyata keçiriləcək tədbirlərin Qaxın milli kulinariyasının, həmçinin rayonun zəngin turizm potensialının yerli və xarici turistlərə daha yaxından tanıdılması baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev xalqımızın malik olduğu maddi və qeyri-maddi mədəni irsin qorunması və təbliği işinin mədəniyyət siyasətinin mühüm tərkib hissələrindən biri olduğunu qeyd edib. Vurğulanıb ki, Proqramın icrası bölgələrin adət-ənənələrinin, mədəniyyətinin, tarixinin, turizm imkanlarının tanıdılmasına, rayonların mədəni həyatının dirçəldilməsinə böyük təsir göstərib.
İyunun 22-də isə “Azərbaycanın Milli Mətbəx Paytaxtı” elan edilmiş Qaxda “paytaxt ili” çərçivəsində növbəti tədbir keçirilib. Rayon mədəniyyət və turizm şöbəsinin təşkilatçılığı ilə Qum kəndində təşkil olunan “Bəsləsən atlas olar tut yarpağından” adlı festivalda tutdan hazırlanmış məhsullar nümayiş etdirilib.
Festival iştirakçıları əvvəlcə tutun çırpma üsulu ilə yığılması prosesini izləyiblər. Sonra əyani şəkildə tutdan müxtəlif məhsulların hazırlanması qaydaları ilə tanış olublar. Müxtəlif kəndlərin təqdim etdikləri tutdan hazırlanmış geniş çeşiddə təamlar festival iştirakçılarının böyük marağına səbəb olub. Münsiflər heyətinin rəyinə əsasən, dadı və çeşidi ilə fərqlənən tut məhsullarının müəllifləri diplom və hədiyyələrlə mükafatlandırılıblar. Festival çərçivəsində, həmçinin yerli sənətkarların əl işlərindən ibarət sərgi də nümayiş olunub.
Beləlikə, yuxarıda sadalananlar da bir daha təsdiq edir ki, ölkəmizdə turizmin inkişafı üçün çox gözəl imkanlar var. Və Prezident İlham Əliyevin avqustun 8-də Azərbaycan Respublikasının Şabran rayonunun ərazisində yerləşən “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin açılış mərasimindəki çıxışı zamanı bəyan etdiyi kimi, biz bu imkanlardan maksimum dərəcədə istifadə etməliyik. Dövlət başçısı onu da deyib ki, hər bir ölkə, xüsusilə Azərbaycan kimi belə gözəl yerlərə, təbii sərvətlərə malik olan bir ölkə mütləq turizmi inkişaf etdirməlidir: “Çünki bu, daimi gəlir mənbəyidir. Təbii sərvətlər, neft, qaz - bunlar tükənən sərvətlərdir. Ancaq ölkəmizin dayanıqlı inkişafı üçün daim gəlir gətirən sahələr mütləq inkişaf etməlidir. Onların içərisində turizm xüsusi yer tutur. Biz bəzi ölkələrin gəlirlərinə fikir versək görərik ki, ən çox gəlir gətirən sahə turizmdir. Bəs turizmin inkişafı üçün nə lazımdır? İlk növbədə, gərək səni tanısınlar. Biz ölkəmizi tanıtdırırıq, dünya miqyasında, xarici ölkələrdə təqdimatlar, mədəniyyətimizlə, inkişafımızla bağlı tədbirlər keçiririk. Eyni zamanda, Azərbaycanda mötəbər beynəlxalq yarışlar, mədəni tədbirlər, festivallar, müsabiqələr təşkil olunur”.
Nadir AZƏRİ

 
Paylaş:
Baxılıb: 1274 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Ədəbiyyat

Analitik

Sosial

“Müqəddəs axşam”

31 Oktyabr 08:57  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30