Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / QƏRBİ AZƏRBAYCANDA İLK MİLLİ  MƏTBUAT ORQANI: “LƏK-LƏK”

QƏRBİ AZƏRBAYCANDA İLK MİLLİ  MƏTBUAT ORQANI: “LƏK-LƏK”

21.06.2025 [08:46]

Məmməd Səid Ordubadinin “Lək-lək”də satirik yazıları ilə yanaşı didaktik şeirləri də çap olunmuşdur ki, bu şeirlərdə də nəsihətçilik, ritorik mükalimə vardır. M.S.Ordubadinin və digər bu kimi tərəqqipərvər ziyalıların şeirlərinin və məqalələrinin “Lək-lək”in səhifələrində dərc olunması həm də jurnalın əsas qayəsinin azərbaycanlı əhalisi arasında maarifçilik ənənələrini gücləndirmək olduğunu sübut edir.

Ana dilinə böyük önəm verən jurnalda dilimizin saflığı, əlifbanın sadəliyi, cəhalətin yaratdığı ağır həyat tərzi haqqında da maraqlı yazılar verilmişdir. “Lək-lək” yeni əlifbanın zəruriliyi haqqında xüsusilə cəsarətli fikirlər söyləmişdir. Jurnalda dərc olunmuş materillarda dönə-dönə göstərilir ki, xalqın maariflənməsində çətinlik törədən əsas səbəblərdən biri də ərəb əlifbasıdır. Milli mədəniyyət və milli dil məsələsinə “Lək-lək”in obyektiv münasibəti dilimizin yad ünsürlərdən qorunması, saflığı, zənginləşməsi və inkişaf etdirilməsi jurnalda  çap olunmuş “Dil məsələsi”  və “Təzələşmək” adlı felyetonlardan aydın görünür. Jurnal həmin felyetonlarda Azərbaycan dilini yad təsirlərə uğratmaq istəyənlərə qarşı çıxırdı. Dolaşıq yazılara, ərəb-fars təsirinə, azərbaycanlıların çətin anladığı və mənimsədiyi ərəb əlifbasına qarşı sadə dil və yazını qoruyurdu. Ana dilinə xor baxan, onu korlayan ziyalılar, məmurlar ciddi tənqid atəşinə tutulurdu.  

5 may 1914-cü il tarixli 5-ci nömrəsində “Dul toyuq” imzası ilə verilmiş “Dil məsələsi” adlı yazının jurnalın 19 may 1914-cü il tarixli 7-ci nömrəsində dərc olunmuş davamındakı felyetonda maraqlı bir müsahibə vardır. Lakin kəndlinin söhbəti məmur üçün, məmurun söhbəti kəndli üçün anlaşılmazdır.

Jurnalda materiallar sadə və təmiz bir dillə yazılmaqla bərabər orada Azərbaycan dilinin saflığı uğrunda ardıcıl mübarizə aparılmışdır. “Lək-lək”də Ada, Abaska, dünən başım elə krujit olurdu ki, çesnti slova az qalırdım rastrelitsa olam. Lap oni mənə nadayela” deyə danışan, ana dilinə etinasızlıq edənlər tənqid olunursa, digər tərəfdən də “bəraderəm, ərzi salam izhari-sənayi-ehtiram və ifayi-pəyaniş, ərzi-bəndəgi və məhəbbəti-bəraderanədən sonra ifadeyi-mətləb və mərami-məğzi-kitabe və kəlame-həzər bahirünmur zati-züleh tişamınıza...” və s. bu kimi heç bir mənaya malik olmayan, cəfəngiyyatı yazan mollanümaların həcv və ifşasına rast gəlirik. “Lək-lək” jurnalı və onun yazarları heç də əcnəbi dillərin öyrənilməsinin əleyhinə deyildir. Onlar əcnəbi dilin təsirinə məruz qalıb, doğma ana dilinə etinasızlıq edənlərə, dili eybəcərləşdirənlərə zidd idilər. Göründüyü kimi, “Lək-lək” jurnalı Ana dili uğrunda mübarizə aparmaqla, ilk övbədə hər bir azərbaycanlını öz vətəndaşlıq haqqına qovuşdurmaq istəyirdi. “Lək-lək”in qazandığı ən böyük uğurlar ilk növbədə onun xalq dilinə yaxın, sadə, anlaşıqlı və səlis olması idi. “Lək-lək”də Azərbaycandakı mətbuat orqanları kimi xalqın maariflənməsinə, onun elminin daha da inkişafına səy göstərirdi.

“Lək-lək” jurnalı özündən əvvəlki satirik mətbuatın ənənələrini hər tərəfdən inkişaf etdirməyə çalışmışdır. “Molla Nəsrəddin”in əsasını qoyduğu gizli imzalarla yazmaq ənənəsi müxtəlif satirik jurnallarda olduğu kimi, “Lək-lək” tərəfindən də davam etdirilmişdir.

“Lək-lək” jurnalı əməkdaşları, onların yazılarının dil-üslub baxımından zəngin və çoxcəhətlidir. Bəzi müəlliflər “Lək-lək”də bir neçə gizli imzalarla çıxış etmişdi. Bu cür gizli imzalar sırasında jurnalın müdiri Cabbar Əsgərzadəni, jurnalla əməkdaşlıq edən Əli Məhzunu, Məmmədəli Nasiri, Məmməd Səid Ordubadini və b. göstərmək olar. Jurnalın ağırlığı məhz bu satiriklərin çiyninə düşürdü. “Lək-lək” cəmi 5 ay fəaliyyət göstərmiş və jurnalda 43-dən artıq gizli imzadan istifadə edilmişdir. Əlbəttə, bu qədər geniş və zəngin imzaların arxasında kimlərin durduğunun, onların şəxsiyyətinin müəyyənləşdirilməsi çox çətin olduğu kimi, həm də bu istiqamətdə fundamental araşdırmalar aparılmasını tələb edir.

“Lək-lək”də verilən materialların mühüm bir qismi nadanlıq, cəhalət, dindən sui-istifadə edən ruhanilərə qarşıdır və bu yazıların çoxu “Molla Nəsrəddin” jurnalında rast gəldiyimiz yazıların ruhunu xatırladır. Jurnalın səhifələrində Sabir satirasının təsiri altında yazılan çoxlu mənzum parçaya da təsadüf edirik. Buradakı “Təbrizdə söhbət”, “Sənə”, “Oğlum”, “Qəzəl” və sair mənzum parçalar öz forması və ruhu etibarı ilə “Molla Nəsrəddin”dəki yazılara yaxındır. Xüsusilə Əli Məhzun Rəhimova məxsus olan “Yazıq”, “Şeytan”, “Yetim cücə” imzalı şeirlər həm məzmun, həm də üslubu etibarı ilə dəyərli əsərlərdir. Jurnalın səhifələrində elə gizli imzalar vardır ki, bu gün də onların dəqiqləşdirilməsinə böyük ehtiyac vardır. Əli Məhzun Rəhimovun ədəbi fəaliyyətinin, o cümlədən satirik şeir yaradıcılığının mühüm bir qolu da “Lək-lək” jurnalı ilə bağlı olmuşdur. Jurnalın səhifələrində Əli Məhzun Rəhimovun “Yetim cücə” imzasıyla “Cünənbər noğulu”, “Çəkic”, “Kamal paşanın ruhuna ithaf” kimi maraqlı satirik şeirləri ilə rastlaşırıq. “Kamal paşanın ruhuna ithaf” şeiri o dövrdəki Türkiyə həyatının müəyyən bir səhifəsini canlandırır. Bu kimi şeirlər o zamankı mövcud dövrün müəyyən xüsusiyyətlərini özündə əks etdirir və həmin analoji nümunələrə digər satiriklərin əsərlərində də rast gəlinirdi. “Lək-lək”də “Şeytan”, “Yetim cücə” və digər gizli imzalarla çıxış edən Əli Məhzun Rəhimov jurnalda Mirzə Ələkbər Sabirin satira ənənələrini uğurla davam etdirirdi. O Sabirin satirik şeir formasından, taziyanə və epiqramlarından məharətlə istifadə etməyə çalışmışdır. Əli Məhzun jurnalda öz kiçik satirik taziyanələrini “Taqqıltı” başlığı ilə çap etdirirdi. Jurnalda “Taqqıltı” başlığı və “Şeytan” imzası ilə çap olunan dördlüklərin hamısı Əli Məhzuna məxsusdur. “Taqqıltı” başlığı altında verilmiş dördlüklər özlüyündə geniş bir mövzunu əks etdirməsə də, oxucuların diqqətini cəmiyyətdə mövcud olan ictimai qüsurlara yönəldir. Həmin poetik nümunələrə diqqətlə nəzər saldıqda o bədii qayəni konkret və yığcam ifadə edə bilmişdir. Məsələn, “Lək-lək”in 1914-cü il 2-ci nömrəsində Əli Məhzunun “Taqqıltı” başlığı ilə verilmiş şeiri bu baxımdan olduqca səciyyəvidir.

Qərq olmalı olsan da, dənizlərdə boğulsan,

Heç olmasa da mümkün əgər sahilə çıxmaq,

Namərd əlinə vermə əlin, tərki-həyat et,

Namərd əlini tutmadan əfzəldi boğulmaq.

Göründüyü kimi, bu şeirin əsas məzmunu məşhur atalar sözü olan “Keçmə namərd körpüsündən qoy aparsın sel səni” ifadəsindən alınmışdır. “Taqqıltı” adlı şeirdə şair namərd əlindən tutub xilas olmaqdansa, suda boğulmağı mərd üçün daha əfsəl saymışdır. Əli Məhzunun bir şair kimi sənətkarlıq bacarığı həm də ondadır ki, şeirdə namərdin real poetik təsvirini yarada bilmişdir.

“Lək-lək”in müəllifləri Cabbar Əsgərzadə və Əli Məhzun Mirzə Ələkbər Sabirə yalnız nəzirə və bənzətmələr yazmaqla, onun satira ənənələrini uğurla davam etdirməklə kifayətlənməyib, böyük xalq şairinin zəngin ədəbi irsini İrəvanda təbliğ etmiş, onun əsərlərinin çapına köməklik göstərmişlər. İstər “Lək-lək”də, istərsə də digər jurnallarda Cabbar Əsgərzadəyə və Əli Məhzuna məxsus olan şeirlərin mövzu dairəsi çox genişdir. Mövzularının rəngarəngliyinə görə də onları Mirzə Ələkbər Sabirin ləyaqətli xələfi saymaq olar.

“Lək-lək”də və başqa mətbuat orqanlarında dəfələrlə “İrəvan xəbərləri” başlığı adı altında burada keçirilən ədəbi-mədəni tədbirlər haqqında məlumatlar verilmişdir. Mirzə Ələkbər Sabirin yaradıcılığını səylə öyrənən “Lək-lək” müəllifləri ona bir sıra parodiyalar çap etmişlər. Sabirin məşhur “İki həpənd” və “Bir məclisdə 12 kişinin söhbəti” satiralarına yazılmış bənzətmələr bu cəhətdən səciyyəvidir.

Jurnalda xeyli şeirlər, felyetonlar çap olunmuşdur. “Lək-lək”in 5 may 1914-cü il tarixli 5-ci nömrəsində “Balaca felyeton” başlığı ilə verilmiş yazıda molla, hacı, artist, student, jurnalist və başqa tiplər öz xüsusiyyətlərindən söhbət açmışlar.Cabbar Əsgərzadə Sabir ruhunda şeirlər yazmış, “Lək-lək”dən başqa Bakıda nəşr edilən satirik jurnallarda da çap etdirmişdir. “Lək-lək”in 19 may 1914-cü il tarixli 7-ci sayında “Ədəbiyyat” başlığı ilə verilmiş şeir Sabirin “Molla Nəsrəddin” jurnalının 1908-ci il 41-ci nömrəsində “Əbunəsr Şeybani” imzası ilə verilmiş məşhur “Nə yazım” şeirini xatırladır.

Şairəm, fikrimdə var hər çür hekayələr yazım,

Bir həqiqətçün yalandan min rəvayətlər yazım.

Bu avam ünnas üçün ağı qaradan seçməyə,

Göz verim, alət tapım qıl körpülərdən keçməyə,

Varmasınlar turp əkilmiş yerdə buğda biçməyə,

Getməsin meyxanələrdə abi-heyvan içməyə,

Millətə meyxanələrdən min qəbahətlər yazım,

Min fəlakətlər, rəzalətlər, şəmaətlər yazım.

Bu sətirlər həm də “Lək-lək”in hansı məsələlərdən yazmaq istəyini, hansı yazılara toxunmağa cəhd etdiyini göstərir. “Lək-lək” İrəvanın o çağki, qaranlıq sosial həyatının və ictimai-mədəni mühitinin işıqlanmasında cəmiyyətin yeniliyə doğru inkişafında mühüm rol oynamışdır. 

Jurnalın 12 iyun 1914-cü il tarixli 10-cu nömrəsində Əli Məhzunun “Şeytan” imzası ilə verilmiş “Ana və qız” adlı satirik şeirində qadınların hüquqsuzluğu təsirli bir dillə təsvir olunmuşdur. Ana ilə qızın kədərli söhbəti dövrün xüsusiyyətlərini göstərən bir hekayətdir.

“Lək-lək” ədəbiyyat və sənət adamlarına sadə, təvazökar, öz işinə tələbkar olmağı dönə-dönə tövsiyə etmiş, aktyorlar, teatr həvəskarları haqqında tənqidi qeydlər çap etmişdir. Burada Cənubi Azərbaycan mövzusu da müəyyən qədər yer tutmuş, “Təbrizdən xəbərlər” başlığı altında yazılar verilmişdir. 

Cəlal Allahverdiyev,

filologiya üzrə fəlsəfə

doktoru, dosent

Davamı növbəti sayımızda...

Paylaş:
Baxılıb: 142 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Ədəbiyyat

Analitik

Sosial

“Müqəddəs axşam”

31 Oktyabr 08:57  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30