Milyon illik tənhalıq
17.01.2023 [11:01]
F.UĞURLU
Qabriel Qarsia Markesin “Gözlənilən bir qətlin tarixçəsi” povesti haqqında
Əvvəli ötən sayımızda...
***
Qəssab bıçağıyla silahlanmış Vikario qardaşları bacılarının üstündəki namus ləkəsini təmizləmək üçün Santyaqo Nasarı öldürəcəklərini uca səslə bəyan eləsələr də, kimsə onların qarşısını almır. Qardaşlar öz niyyətlərini məhz elə buna görə gizlətmirlər ki, biri onların əlindən vursun, kimsə hədəfinə könülsüz tuşlanmış bıçaqlara qalxan tutsun, işə polis-filan, divan-dərə qarışıb töhməti onların boynundan zorla götürsün. Di gəl, polis də məsələyə gərəyincə baş qoşmur, sərxoşluqdan ağlını itirmiş qardaşların bıçaqlarını əllərindən almaqla özünü vəzifə borcunu yerinə yetirmiş sayır.
Klassik Şərq şairləri sayaq məstanə, rindanə ömür sürən ərəb əsilli Santyaqo Nasar taleyin oyunundan xəbərsiz fani həyatın hər dəqiqəsindən-saniyəsindən zövq almaqdadır - qəsəbədə o vaxtacan misli görünməmiş toyda doyunca şənlənir, dəbdəbəli nikah mərasiminə xərclədiyi pulları ləzzətlə hesablayır. Ağlına da gəlmir ki, bu təmtəraqlı məclis ondan ötrü qurulub, sədası ərşə dirənən şadyanalıqdan tezliklə onun matəmi xortlayacaq. Yuxusuna belə girməz ki, haralardan gəldiyi bilinməyən, Anxelaya özünü bəyəndirmək, onunla evlənmək üçün ağlasığmaz xərclər çəkən Bayyardo San Roman qəsəbəyə əzrayılın elçisi, əcəl müjdəçisi kimi göndərilib.
Axı kimin ağlına gələrdi? Bir cavanın canını almaq üçün fələk neçə milyon, neçə milyard fənd işlədər, iz salar, əməl qurar axı? Vallah bundan Markes kimi dahi də baş çıxarmaz! Bu adamları həyata gözüyumulu gətirib gözüyumulu aparmaq, əcəliylə baş-başa bəsləmək, olumu ölümlə, sevinci dərdlə, toyu vayla boğaz-boğaza bağlamaq yəni bu qədərmi vacib idi?..
Belə güman olunur ki, Anxela Vikario Santyaqo Nasarın adını əsl günahkarı xilas eləmək üçün çəkir. Düşünür ki, kasıb qardaşlarının varlı-hallı Santyaqoya əl qaldırmağa cəsarəti çatmaz. Bununla da günahsız gəncə əcəl aşı bişirən fələyin qazanına bir çimdik duz atmış olur.
Hərçənd bu qənaət də gümandan uzağa yerimir, qətldən uzun illər sonra Anxelanı ziyarət eləyən müəllif yenə ondan inandırıcı cavab ala bilmir, bəxtsiz gəlin dediyinin üstündə durub yenə Santyaqonu nişan verir.
***
Amanat cisminin fələyin dəyirmanında gec-tez bir ovuc toza dönəcəyini ağlı başında olan hər kəs bilir, amma heç kim bu gerçəyə ürəkdən inanmır; inansa, insanın ürəyi həmin dəqiqədəcə dayanar. Kafkanın dediyi kimi, hər bir məhkum edamına qalmış müddəti azacıq da olsa uzatmağa çalışır.
Canına mübhəm bir kabusun yeli dəydiyini handan-hana duyan Santyaqo evlərinə gedən yolu uzatmaq üçün nişanlısıgilə dönür, fəqət orada da xoş üzlə qarşılanmır, bütün qəsəbəyə bəlli bir həqiqəti (ən azından Anxelanın filan səbəbdən ata evinə qaytarıldığını), boynuna qoyulan cinayəti heç kim onun üzünə oxumur, qayınatası onu ləngitməyə çalışsa da, nişanlısı qapını Santyaqonun üzünə çırpır. Qurban öz cəlladına vaxtında yetişməlidir!
Pablo-Pedro qardaşları meydan boyu onu evlərinə doğru qovanda doğmaca anası Santyaqonun artıq darvazadan içəri adladığını düşünüb qapını səhvən tək balasının üzünə bağlayır. Bununla da mübhəm qüdrətin qanlı əməliyyatı başa çatır.
Bəli, insan fələklə təkbətək zər atır, labüd ölümdən onu doğma anası belə qoruya bilməz! Bəşər oğlu taleyi, əcəliylə savaşda təkdir, köməksizdir, acizdir. Loru desək, bizim halvamız çoxdan çalınıb. Yazıçının bu əsərdə verdiyi başlıca mesaj, məncə, budur.
***
Markesin yaradıcılığından qırmızı xətt kimi keçən tənhalıq mövzusu burada bir başqa səpkidə, başqa fonda özünü göstərir.
“Gözlənilən bir qətlin tarixçəsi” povesti iki janrın - jurnalist araşdırmasıyla detektiv janrının qovuşağında qələmə alınıb. Müəllifin uzun illər peşəkar jurnalistikayla məşğul olması burada da karına gəlib. Qəhrəmanın öldürüldüyü elə ilk cümlədəncə bilinirsə də, bu sirli-sehirli əsəri həyəcansız oxumaq mümkün deyil.
Povest ilk dəfə 1981-ci ildə işıq üzü görüb. Dilimizə tərcüməsi, yaxşı xatırlayıram, bundan vur-tut bircə il sonra “Azərbaycan” jurnalında dərc olunmuşdu. Ona qədər Qabriel Qarsia Markes “Polkovnikə məktub yoxdur”, “Yüz ilin tənhalığı”, “Patriarxın payızı” kimi əsərləriylə dünyanın bir çox ölkəsində tanınırdı (Yeri gəlmişkən, sıradakı birinci əsər ötən əsrin 70-ci illərinin sonuna yaxın mərhum İshaq İbrahimovun tərcüməsində “Ulduz” jurnalında çapdan çıxmışdı). “Polkovnikə məktub yoxdur” - sosial roman, “Yüz ilin tənhalığı” - ailə romanı, “Patriarxın payızı” - siyasi roman, “Vəbalı çağda sevgi” - sevgi romanı, “General öz labirintində” - tarixi roman, nəhayət, “Gözlənilən bir qətlin tarixçəsi” - jurnalist araşdırması üstəgəl detektiv roman qəlibində yazılmış olsa da, bu əsərlərin hamısının ana xətti, leytmotivi, başlıca mövzusu tənhalıqdır - insanın fələk, qəzavü-qədər, tale-qismət, alın yazısı, həyat, ölüm, bir də başqaları qarşısında tənhalığı.
Uzun ömür yaşayan Markes həyatı boyu öz tənhalığını doldurmağa, öz sərhədini aşmağa çalışdı. Əlbəttə, bunun dahiyanə əsərlər yaratmaqdan, dünyada tanınmaqdan, milyon-milyon insanın qəlbinə girməkdən yaxşı yolu ola bilməzdi. Hərçənd şöhrət qazanmağın da özünə görə problemləri, dərdi-səri var. 1979-cu ildə Moskvada nəşr olunan ədəbi jurnallardan birinin redaksiyasında Latın Amerikası həyatının, mədəniyyətinin kamil bilicilərinə verdiyi çox geniş müsahibədə böyük yazıçı məşhurluğun mənfi cəhətlərinə də toxunmuşdu: “Axşamlar arvadım Mersedeslə oturub gözləyirik ki, dostlardan biri zəng vurub bizi görüşə çağıracaq. Ancaq heç kim çağırmır, hamı elə bilir həmin axşam bizi onlarla dəvət gözləyir”.
Ardınca da markesvari bir ustalıqla sözünə belə yekun vurmuşdu: “Şöhrətin gətirdiyi tənhalıq hakimiyyətin gətirdiyi tənhalığa çox bənzəyir...”
Xəbər lenti
Hamısına baxSosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19

