Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Baş nazir baş keşişə qarşı

Baş nazir baş keşişə qarşı

14.01.2026 [09:13]

Erməni Apostol Kilsəsinin “xilas planı” razılaşdırıldı

Son vaxtlaradək Ermənistan cəmiyyətinə kilsə mifi hakim kəsilmişdi. Ölkə xaricindəki və daxildəki bəzi qüvvələr də bundan sui-istifadə etməklə din xadimləri ilə çirkin işbirliyinə girərək kilsədən hakimiyyətə qarşı təzyiq aləti kimi istifadə edirdilər. Beləliklə də, Ermənistan hakimiyyəti öz siyasətini böyük dərəcədə kilsənin yazılmamış qanunlarını, xüsusilə də baş keşişdən gələn mesajları nəzərə almaqla həyata keçirirdi. Bunun əksini təsəvvür etmək isə iqtidar üçün acı sona gətirib çıxara bilərdi. Sirr deyil ki, 1999-cu ildən Apostol Kilsəsinə rəhbərlik edən katolikos II Qareginə (dünyəvi adı Ktriç Nersisyan) qarşı çıxmaq linç olmaqla üzləşmək deməkdir. Təbii ki, heç kəs də belə bir kədərli taleyi yaşamaq istəmirdi.

Kilsədən isə Ermənistan cəmiyyətinə və hakimiyyətinə heç bir halda xoş niyyətə əsaslanan ideyalar ötürülmürdü. Bu ideyalar bir qayda olaraq mənfur səciyyə daşıyır və ermənilərdə əsas etibarı ilə də Azərbaycana və Türkiyəyə qarşı nifrət aşılamağı hədəfləyirdi. Məhz bu mənfur ideyalarla “silahlanan” Ermənistan dövlət və cəmiyyət olaraq Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdürdü.

Artıq Ermənistanda kilsə və baş keşişlə bağlı vəziyyət dəyişməkdədir. Baş nazir Nikol Paşinyan müxalifətlə yanaşı, Apostol Kilsəsinin baş keşişinə qarşı, sözün əsl mənasında, savaş cəbhəsi açıb. Xatırlayaq ki, baş nazir ilə katalikos arasında “döyüş” Paşinyanın kilsə rəhbərinin qaranlıq keçmişi ilə bağlı indiyədək heç kəsin açıb-ağartmağa cürət etmədiyi faktları ictimailəşdirməklə başlamışdı. Təqdim olunan faktlardan aydın olur ki, II Qaregin kilsə andını pozub, onun hamıdan gizlətdiyi uşağı var. Beləliklə də, insanlarda katalikosun “müqəddəsliyinə” inam sarsıldı. Təsadüfi deyildir ki, II Qareginin xalqı hakimiyyətə qarşı inqilab çağırışı səmərəsiz oldu və cəmiyyət onun çağırışını dəstəkləmədi. Bu, kilsənin tarixində görünməmiş bir haldır və o anlama gəlir ki, N.Paşinyanın atdığı ox hədəfə dəyib.

Bunun ardınca N.Paşinyanın digər həmlələrə keçd etmək imkanı yarandı. Bir neçə fakta nəzər salaq. Ötən ilin son ongünlüyündə Ermənistan hökuməti Torpaq Məcəlləsinə Apostol Kilsəsini torpaq sahələrini təmannasız əldə etmək hüququndan məhrum edən düzəlişi təsdiqlədi. Ermənistan hökuməti həmçinin 2011-ci il yanvar ayından kilsəyə məxsus “Şoqakat” kanalının yayımını həyata keçirən “Mənəvi-mədəni ictimai televiziya şirkəti” QSC-ni ləğv edib . Qərara əsasən, Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin Dövlət Əmlakının İdarə Edilməsi Komitəsinin sədri qərar qüvvəyə mindikdən sonra 15 gün ərzində ləğvetmə komissiyası yaratmalı və şirkətin fəaliyyətinin dayandırılması ilə bağlı bütün prosedurların həyata keçirilməsini təmin etməlidir. Eyni zamanda, bir neçə keşişin həbsə alınması da hakimiyyətin kilsəyə qarşı planının tərkib hissəsi sayıla bilər. Son olaraq İrəvanın birinci instansiya məhkəməsi ötən ilin dekabr ayında Erməni Apostol Kilsəsinin Araqasotn yeparxiyasının rəhbəri, yepiskop Mkrtıç Proşyanın həbs müddətini daha iki ay uzadıb. Xatırladaq ki, ötən il oktyabrın 15-də biri Araqasotn yeparxiyasının rəhbəri yepiskop Mkrtıç Proşyan olmaqla ümumilikdə 13 din xadimi saxlanılıb. N.Paşinyan həmçinin kilsənin maliyyə şəffaflığının artırılmasının, o cümlədən əmlakdan istifadə məsələlərinin zəruriliyini dəfələrlə gündəmə gətirib.

Beləliklə, N.Paşinyan çox qısa müddətdə kilsə ətrafında həlqəni əhəmiyyətli dərəcədə daraltmağa nail olub. Onun son məqsədi isə kilsə qanununu pozan, erməniləri aldadan II Qaregini rüsvayçı şəkildə vəzifəsindən tamam uzaqlaşdırmağa nail olmaqdır. Deyə bilərik ki, Baş nazirin baş keşişə qarşı mübarizəsi yeni və həlledici mərhələyə keçid alıb. Bu mərhələdə N.Paşinyan özünəməxsus “uzaqgörənlik” nümayiş etdirməklə katalikosa qarşı mübarizəyə keşişləri də cəlb etməyə nail olub. Artıq 10 üsyankar yepiskop bu mübarizədə Baş nazirlə bir yerdədir.

Şübhəsiz ki, din xadimlərinin Baş nazirin çağırışlarına qoşulmaları onun baş keşişə qarşı apardığı mübarizənin səmərəliliyini daha da artıracaq. Bunun təsdiqi olaraq elə bugünlərdə nazirlə üsyankar yepiskoplar Apostol Kilsəsinin təkmilləşdirilməsi və yaxud yenilənməsi ilə bağlı  “yol xəritəsi” adlandırılan sənədi razılaşdırıblar. Belə ki, II Qareginin istefasını tələb edən din xadimləri Baş nazirin iqamətgahına gələrək sənədi bir-bir imzalayıblar. İdeya müəlifinin N.Paşinyanın özü olduğu sənəddə kilsənin hazırkı rəhbərinin vəzifədən kənarlaşdırılması, patriarxal taxt-tacın yerli nümayəndələrinin seçilməsi, kilsə nizamnaməsinin qəbul edilməsi, bütün ermənilərin yeni katolikosunun seçilməsi kimi məsələlər yer alır. Eyni zamanda, din xadimlərinin vicdanlı davranış qaydaları və onların həyata keçirilməsi üçün təminatlar, maliyyə şəffaflığının artırılması, kilsənin siyasətdən kənar olmasının zəruriliyi, kilsə fəaliyyətinin Ermənistanın vergi qanunvericiliyinə uyğunluğu da “yol xəritəsi” ilə razılaşdırılan tələblər sırasındadır. Həmçinin gələcəkdə kilsənin vahid əməkhaqqı sisteminə qoşulması və digər məqsədlər hədəflənir.

Əsas hədəf isə katolikosun tutduğu vəzifədən getməsidir. Nikol Paşinyan bildirib ki, Ktriç Nersisyan Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan kimi getməli olacaq. “Deyirlər ki, Ktriç Nersisyan getmək niyyətində deyil. Biz elə etməyi planlaşdırırıq ki, o, öz niyyətini dəyişsin. Heç kimin getmək niyyəti olmur. Serj Sarkisyanın da belə bir (2018-ci ilin yazında - red.) niyyəti yox idi, lakin o, getmək məcburiyyətində qaldı. Eyni məsələ Ktriç Nersisyana da aiddir”, - deyə Baş nazir vurğulayıb.

N.Paşinyan bu gün II Qareginin və kilsənin ali dairələrinin sektantlıq məntiqi ilə hərəkət etdiklərinə xüsusi diqqət çəkib. Onun sözlərinə görə, kilsəni parçalanmadan azad etmək və xalqa qaytarmaq zamanı çatıb. Nikol Paşinyanın fikrincə, yepiskoplar uzun müddət kobud səhvə yol veriblər, kilsəni onu parçalayanlarla tək buraxıblar. O, xalqı ayinlərdə iştirak etməyə, ruhaniləri kilsə islahatları gündəliyinə qoşulmağa və kilsələrdə ayinlər zamanı II Qareginin adını çəkməməyə çağıraraq deyib: “Bu, İsa Məsihin adı ilə, xalq tərəfindən, milli kilsə şurası vasitəsilə seçilmiş və öz çağırışı, həyat tərzi, dünyagörüşü və ruhunun məzmunu baxımından legitim katolikos olana qədər edilməlidir”.

Nikol Paşinyan həmçinin kilsənin arxasında gizlənib hakimiyyətə qarşı planlar quran müxalifət təmsilçilərinə də səslənib. “Bəziləri erməni kilsəsindən Ermənistana qarşı fəaliyyətlər üçün dayaq nöqtəsi kimi istifadə etməyə çalışırlar. Biz buna imkan verməyəcəyik”, - deyə Baş nazir vurğulayıb.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 67 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Sosial

Dondurulmuş meyvələr...

14 Yanvar 08:52  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31