Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Türkiyə ilə Ermənistan arasında imzalacaq protokol nə ilə nəticələnəcək?

Türkiyə ilə Ermənistan arasında imzalacaq protokol nə ilə nəticələnəcək?

10.10.2009 [09:43]

Və ya bu sənəd tərəflərə nə vəd edir?
Məlum olduğu kimi, oktyabrın 10-da Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərinin bərpa edilməsi və sərhədlərin açılması istiqamətində yekun protokolun imzalanması gözlənilir. Daha sonra isə imzalanacaq protokolun Türkiyə Böyük Millət Məclisində (TBMM) gizli səsverməyə çıxarılması planlaşdırılır. Prtokol TBMM tərəfindən ratifikasiya ediləcəyi təqdirdə hüquqi qüvvəyə minmiş olacaq. Amma bu, həm Türkiyə, həm də Ermənistan ictimaiyyəti və mətbuatında birmənalı qarşılanmır. Belə ki, yekun protokolun imzalanacağı tarix yaxınlaşdıqca istər Ermənistan daxilindəki əksər siyasi qüvvələr, istərsə də ölkə xaricində fəaliyyət göstərən erməni lobbisi öz etirazlarını daha da kəskinləşdirir. Daşnaksütyun da daxil olmaqla Sarkisyan hökumətinin siyasətini birmənalı şəkildə kəskin tənqid edən siyasi qüvvələrin iddiasına görə, Ermənistan hökuməti bu addımı atmaqla ölkənin milli maraqlarını hansısa amillərə qurban verir. Erməni lobbisi isə bu məsələdə Sərkisyan hökumətinin “cılız” mövqe tutduğunu və Türkiyə, eləcə də, Qərb diplomatiyası qarşısında ölkəsini uçuruma sürüklədiyini bildirir.
Türkiyə daxilindəki siyasi qüvvələr də bu məsələyə kəskin etiraz mövqeyi sərgiləyirlər. Ana müxalifət Cümhuriyyət Xalq Partiyası və Milliyətçi Hərəkat Partiyası hökumətin bu məsələ ətrafında tutduğu mövqeyin tamamilə yanlış olduğu qənaətindədirlər. Müxalif qüvvələr və Türkiyə ictimaiyyəti hesab edir ki, təcavüzkar Ermənistanla sərhədlərin açılması işğalçıya iqtisadi və mənəvi baxımdan dəstək verilməsi deməkdir. Amma Türkiyədəkindən fərqli olaraq erməni siyasi və ictimai qüvvələrinin mövqeyində açıq-aşkar taktiki gedişlər, saxtalıq cizgiləri də hiss olunur. çünki onlar da yaxşı anlayırlar ki, Türkiyə ilə sərhədlərin açılması, diplomatik münasibətlərin bərpa edilməsi özünün işğalçı mövqeyi nəticəsində blokadaya düşmüş Ermənistan üçün yeni-alternativ “oksigen mənbəyi”dir...
Bütün bu amillərin fonunda məsələyə münasibət bildirən politoloq Vəfa Quluzadənin fikrincə, əslində, sərhədlərin açılması, diplomatik münasibətlərin bərpa edilməsindən maksimum xeyir götürəcək tərəf Ermənistandır: “Amma ermənilər yenə də ənənəvi olaraq bu məsələ ətrafında ictimai fikiri yanıltmağa çalışırlar. Elə göstərməyə çalışırlar ki, guya bu məsələdə qazanacaq tərəf Türkiyədir”.
Türkiyə cəbhəsində cərəyan edən narazılıqlara toxunan politoloq hesab edir ki, Türkiyə müxalifətinin bu məsələyə etiraz etməsi səbəbsiz deyil: “Ermənistan işğalçılıq siyasətindən əl çəkməyib. Ermənistanın baş naziri açıq şəkildə bəyan edir ki, biz “soyqırımı” məsələsini Türkiyə ilə müzakirə etməyə hazırlaşmırıq. Biz “soyqırımı”nın nəticələrini müzakirə etməyə hazırlaşırıq”.
Türkiyə-Ermənistan sərhədlərinin açılması şəraitini yetişdirən başlıca faktor və aktorların üzərində dayanan V.Quluzadə bildirir ki, bu məsələ ətrafında Qərb Türkiyəyə güclü təzyiq göstərir. Politoloqun fikrincə, Qərbin Türkiyəyə xüsusilə də, iqtisadi baxımdan daha güclü təsir və təzyiq vasitələri mövcuddur: “Dünyanın aparıcı gücləri qlobal miqyasda hökmranlığı ələ almaq istiqamətində kəskin mübarizə aparırlar. Qərb də onlardan biridir. Qərb perspektivdə beynəlxalq səviyyədə mühüm təsir və tənzimetmə mexanizmlərini ələ almağa çalışır. Bunun üçünsə Qərb Rusiyanın nüfuz-təsir zonalarını özününküləşdirməyə çalışır. Bunun yollarından biri də Ermənistanı Moskvadan qoparıb almaqdır. Elə Türkiyə də Qərbin təsirləri qarşısında bu mövqedən çıxış edir”.
Sərhədlərin açılması istiqamətində atılan addımların Azərbaycan-Türkiyə münasibətlərinə edəcəyi təsirdən danışan politoloq “Türkiyə Ermənistanın Azərbaycana qarşı törətdiyi işğalçılıq faktını gözardı etməməlidir” - deyib.
Politoloq Elşad Mirbəşir isə qeyd edib ki, hələ aprelin 22-də bu barədə Türkiyə ilə Ermənistan arasında razılaşma məsələsi gündəmə gələndə Daşnaksütyun partiyası başda olmaqla əksər daxili siyasi qüvvələr bu məsələyə kəskin etiraz bildirmişdilər: “Ermənistan daxilindəki mövcud siyasi qüvvələr içərisində Daşnaksütyun partiyası xaricdə formalaşdırılmış erməni lobbisi ilə ən sıx əlaqəyə malik olan siyasi qüvvədir. Onları bu məsələ ətrafında birləşdirən başlıca amil qondarma “soyqırımı”dır. Həm daxildəki siyasi qüvvələr, həm də erməni lobbisi “soyqırımı” məsələsi ətrafında heç bir güzəştə gedilməməsinə tərəfdarıdırlar”.
Politoloqun fikrincə, erməni lobbisi və daxildəki siyasi qüvvələrin Ermənistan hökumətinə qarşı düzənlədikləri etiraz aksiyaları onların həqiqi mövqeyini ifadə edir: “Artıq bir neçə müddətdir ki, sərhədlərin açılması istiqamətində danışıqlar aparılır. Bu, nə erməni lobbisi, nə də Ermənistan daxilindəki siyasi qüvvələr üçün yeni bir proses deyil. Sadəcə olaraq, bu gün bəhs edilən məsələ ətrafında cərəyan edən hadisələr kuliminasiya nöqtəsinə çatmaqdadır. Elə buna görə də, kəskin etiraz aksiyaları müşahidə edilir”.
Prosesin Türkiyə daxilində də kəskin etiraza səbəb olduğunu bildirən E.Mirbəşir deyir ki, paraflanmış protokolların təsdiqini tapması məsələsi sual altındadır: “çünki Türkiyə daxilində kifayət qədər narazı olan real qüvvələr mövcuddur”.
Son zamanlar sıx-sıx səsləndirilən “sərhədlərin açılması prosesi baş tutacaqmı” sualına münasibət bildirən politoloqun fikrincə, məhz bu ərəfədə bir sıra əlaqəli kompleks proseslər cərəyan edir: “Prezident İlham Əliyevin Kişinyovda Sərkisyanla görüşü, ATƏT-in Minsk qrupu həmsədrlərinin bölgəyə səfəri də bu məsələ ətrafında nəzərdən keçirilməli proseslərdir. Digər tərəfdən, Türkiyə rəhbərliyi dəfələrlə qeyd edib ki, onlar üçün əsas prinsipial məsələ Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsidir. Bu olmazsa, sərhədlər açılmayacaq”.
E.Mirbəşir hesab edir ki, məhz bu mövqeyin fonunda sərhədlərin açılması o qədər də inandırıcı görünmür: “Bununla yanaşı, mətbuat və ictimaiyyətə bəlli olmayan kifayət qədər pərdəarxası məqamlar mövcuddur. Ola bilsin ki, Türkiyə rəhbərliyinin müəyyən ümidləri var ki, ilkin mərhələdə Azərbaycanın 5 rayonu azad ediləcək. Əlbəttə ki, bu, Ermənistanın nümayiş etdirəcəyi mövqeyin konstruktivlik səviyyəsindən asılı olacaq. Azərbaycan hər zaman münaqişənin beynəlxalq hüquq normalarına əsasən həll edilməsi tərəfdarı kimi çıxış edib. Ermənistan isə əksinə...”
Nurlan QƏLƏNDƏROV
Paylaş:
Baxılıb: 1218 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30