Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Şənbə üçün nəzm

Şənbə üçün nəzm

25.10.2025 [08:25]

Səhərdən axtarıb gəzirəm, amma

Heç yerdən ətrini ala bilmirəm,

Mən sənin sevgini hara qoymuşam?

Heç cürə yadıma sala bilmirəm.

Fikrim dağılıbdı axır zamanlar,

Sanki gözə gəlib yaddaşım, huşum.

Yəqin keçən həftə bilər yerini,

Ya da keçən aydan səni soruşum.

Unudub qoymuşam bəlkə sevgini

Otelin soyumuş pəncərəsində,

Fikir verməmişəm, yaddan çıxıbdı

Üzümə örtülən qapı səsində,

Gizli görüşlərin bəhanəsində.

Bəlkə yollar oldu məni çaşdıran?

Qatar oğurladı itən sevgimi,

Tələsik düşəndə kupedə qoydum

Oxunub qurtarmış bir kitab kimi?

Mən səni görəsən harda unutdum?

Yağışda itirdim, qarda unutdum?

Nəsə, həyatdı da. Mən bu yaşıma

Kimlərdən, nələrdən doyub gəlmişəm.

Təkcə səni deyil, mən özümü də

Sənli günlərimdə qoyub gəlmişəm.

Üşütmə

İntizar küləkləri

Üz gözümü yaladı.

Niyə bütün sevgilər

Əzabla qol qoladı?

Bu nə soyuqdur gəlib,

Nəfəsin də üşüyür.

Ürəyin qəfəsdədi

Qəfəsin də üşüyür.

Dönüb gün şüasına

Soyuğu azdırardım,

Üşüyən əllərini

Şeirlə qızdırardım.

Hava yaman tutulub,

Yenə yağar, deyiblər.

Əynivi qalın elə

Sabaha qar deyiblər.

***

Tökülür sənli saatlar o ömürdən,

bu ömürdən

Əyilib qaldıran olmur onu yerdən,

bunu yerdən,

Evimə dərd girir hər gün,

o başından, bu başından

Gözümə kölgə salırsan,

o maşından, bu maşından.

Səni sakitcə soruşdum

o yağışdan, bu yağışdan

Saçının ətrini aldım

o balışdan, bu balışdan

Süzülür sel kimi yaşlar

o gözündən, bu gözündən

Səni hicran öpür hər gün

o üzündən, bu üzündən

Bezmişəm sənsiz həyatın

o adından, bu adından

Zərrə-zərrə səni yığdım

o qadından, bu qadından

Tökülür sənli saatlar

o ömürdən, bu ömürdən

Əyilib qaldıran olmur

onu yerdən, bunu yerdən...

***

Apar məni uzaqlara bu axşam,

Unut məni sözün bitən yerində

Unut məni, ümidlərin işıq tək

Zəifləyib, ölüb, itən yerində...

Apar məni uzaqlara bu axşam,

Mənim sözüm-sənin səsin bir olsun...

Sözüm sənin səsində gizli qalsın,

Səsin üçün sözümdə bir yer olsun...

Apar məni uzaqlara bu axşam,

Görən olarsa, tez ərit gözündə,

İçin dolanda, ağlayanda hərdən

Gözün yaşıyla sellənim üzündə..

Apar məni uzaqlara bu axşam,

Göz işlədikcə hər tərəf söz olsun...

Xəyallarım burulmasın bir an da,

Həmişə nəm saçın kimi düz olsun...

Apar məni uzaqlara bu axşam,

Unut məni yağış yağan yerində,

Payız yelində titrəyən baxışlar

Şeir kimi mənə baxan yerində,

Unut məni şeir yatan yerində

Unut məni gunəş batan yerində...

***

Hərdən başını söykə

mənim çiynimə, ağla,

Göz yumma, geyindir

yagışı əynimə, ağla...

Sənsiz yaşanan isti-soyuq

ömrümə yas tut,

Sənlə yorulan dil,

çürüyən beynimə ağla...

Batmış ümidi sən açılan sübhə bağışla,

Dildən süzülən “bilmirəm”ə,

“neynim”ə ağla...

Bir qəhqəhə görcək

sıxılan qaşıma gül, gül,

Göz yaşı görərkən açılan eynimə ağla...

Buz bağlamasın isti baxışlar yenə,

Fəhmi,

Gördün soyuyur, qoy başını çiynimə,

ağla...

***

Əriyən qar kimi yollarda

axarsansa, gələrsən,

Bizə sarı bir ümid ilə

baxarsansa, gələrsən.

Mənim üçün nə darıxmaq?

Məni mən görməyirəm heç,

Öz əlindən özün hərdən

karıxarsansa, gələrsən.

Ehtiyac yoxdu mənimtək

yağışa yanmasan odda,

Özün öz qəlbini atəşdə

yaxarsansa, gələrsən.

Kimisə zorla tutub saxlamadım,

sən də özün bil,

Sıxılarsansa, gedərsən...

Darıxarsansa, gələrsən...

Ağıl insanı soyuq

çərçivədə eylədi məhbus,

Hərdən o çərçivədən

sən də çıxarsansa, gələrsən...

Fəhminin sözlərinin qiymətini

çox inci kimi sən,

Hamıdan gizlədib,

ovcunda sıxarsansa, gələrsən...

İlqar Fəhmi

Paylaş:
Baxılıb: 79 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31