Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bir dil, bir ruh, bir gələcək!

Bir dil, bir ruh, bir gələcək!

25.10.2025 [11:45]

Birinci Türkoloji Qurultayın sönməz işığı

Yüz il öncə başlayan fikirlər davam edir...

1926-cı ilin fevralında Bakıda keçirilən Birinci Türkoloji Qurultayda irəli sürülən bir çox ideyalar müasir şəraitdə uğurla gerçəkləşdirilir. Türk ölkələri arasında qardaşlıq ruhu ilə müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi və qarşılıqlı mədəni əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinə doğru qətiyyətlə atılan addımlar davamlı xarakter daşımaqdadır. Bir sözlə, türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində mühüm nailiyyətlər qazanılır. 2025-ci il oktyabrın 6-7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşünün Bəyannaməsində Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi çağırışının öz əksini tapması bunun daha bir təzahürüdür.

Bir neçə gün öncə isə - 22 oktyabr 2025-ci il tarixində Prezident İlham Əliyev Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi barədə Sərəncam imzalayıb. Ölkə başçısı Qəbələdə keçirilən Sammitdəki çıxışında bildirmişdi ki, ortaq tarix və etnik köklərimiz, dillərimiz bizi bir ailə kimi birləşdirir: “Burada 1926-cı ildə Bakıda təşkil edilmiş birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini vurğulamaq istərdim. Gələn il birinci Türkoloji Qurultayın keçirilməsinin 100 illik yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə təşkil olunmasını təklif edirəm. Əminəm ki, Zirvə Görüşümüz qəbul edəcəyimiz qərarlarla Türk Dövlətləri Təşkilatının mövqeyini daha da gücləndirəcək, xalqlarımızın rifahına və təhlükəsizliyinə əlavə töhfə verəcək”.

Filologiya elmləri doktoru, professor Nizami Cəfərov Birinci Türkoloji Qurultaydan sonra türk dünyasının keçdiyi 100 illik tarixi yol, məlum Sərəncamın türk dövlətləri arasında həmrəyliyin gücləndirilməsi istiqamətində əhəmiyyəti barədə “Yeni Azərbaycan”a açıqlama verib.

Professor qeyd edib ki, ölkə başçısının Birinci Türkoloji Qurultayın 100 illiyini türk dünyası miqyasında, ümumiyyətlə, dünya miqyasında böyük təntənə ilə keçirilməsi ilə bağlı verdiyi Sərəncam tarixi hadisədir: “Keçən əsrin 20-ci illərinin əvvəllərindən başlayaraq türk dünyasında ərəb əlifbasından latın əsaslı əlifbaya keçməsi barədə güclənən ideya ona gətirib çıxardı ki, türk xalqlarının ziyalıları bir yerə toplaşdılar. Onlar böyük bir həmrəylik nümayiş etdirərək, 1926-cı ildə Bakıda Birinci Türkoloji Qurultayda toplandılar və yeni əlifbanı qəbul etdilər. Bu proses elə də rahat getmədi, çünki, türk xalqlarının zəngin mədəniyyəti bu məsələyə baxışda müxtəlif mövqelər nümayiş etdirirdi. Məsələn, Qazaxıstandan, Tatarıstandan gələn görkəmli ziyalılar təkidlə tələb edirdilər ki, latın əlifbası qəbul olunmamalıdır və sadəcə ərəb əlifbasının islahatı ilə kifayətlənmək lazımdır. Ona görə də onlar bir neçə illik təcrübə əsasında özlərinin islah olunmuş əlifbalarını təqdim edirdilər. Məsələn, onların içərisində Qazaxıstandan Əhməd Baytursun oğlu, Tatarıstandan isə Qalimcan Şərəf adlı istedadlı dilçilər öz iddialarını irəli sürürdülər. Onlar latın əlifbasına qarşı mübarizədə kifayət qədər arqumentlər gətirirdilər. Çünki türk xalqları uzun əsrlər ərəb əlifbasından istifadə etmişdilər, fikirləşirdilər ki, o vaxta qədər olan ədəbiyyat oxunmayacaq və onlar türk xalqlarının mədəni irsi siyahısından texniki olaraq çıxacaqlar. Ancaq bu fikirlər təkzib olundu, ona görə ki, Azərbaycandan, Özbəkistandan, elə Tatarıstanın özündən də belə fikirlər səsləndi ki, islah olunmuş ərəb əlifbası heç də islah olunuş variant hesab edilə bilməz. Belə ki, islah olunmamış əlifbaya keçməklə ərəb əlifbasında olan mətnlər oxunmayacaq və problemlər yaranacaq. Lakin islah olunmuş əlifbanın da qüsurları çox idi. İslah olunmuş əlifbada isə bu prinsipi nəzərdə tutmuşdular - əlifba sağdan sola yazılsın. Əlbəttə ki, bu da müəyyən problemlər törədirdi, xüsusilə, rəqəmlər soldan sağa yazılırdı, yazılar isə sağdan sola. Bundan başqa, fizikada, kimyada, riyaziyyatda olan bir sıra işarələr, ifadələr də problemlər yaradırdı. Məsələn, maddənin quruluşu olan “H2O” Avropa ənənəsi ilə soldan sağa yazılırdı və texniki olaraq onu normal şəkildə təqdim etmək mümkün deyildi, bir sözlə, disharmoniya yaranırdı. Göründüyü kimi, bu cür müzakirələr aparılırdı, türk xalqlarının ziyalıları bir-biriləri ilə kəsin polemikalara girirdilər, amma yenə də bu, türk xalqlarına aid bir məsələ idi. Moskvadan böyük alimlər dəvət olunmuşdular, onlar da öz fikirlərini bildirirdilər. Rusiyalı alim Lev Vladimiroviç Şerba öz mülahizələrini söyləyəndə tez-tez deyirdi: “Ey türk xalqlarının ziyalıları, bu məsələlərin həll olunması sizə aiddir, siz problemi hansı prinsiplə həll edəcəksinizsə, gərək onları özünüz düşünəsiniz. Mən hansısa fikri sizə sadəcə bir rus alimi olaraq deyirəm”.

Hər bir halda rusiyalı alimlər məsuliyyəti türk xalqları ziyalılarının öz üzərinə qoyurdular. Bütün bunlar da istər-istəməz türk xalqlarını birləşdirirdi, belə fikirlər təlqin edirdi ki, onlar bu qurultayda çox ciddi işlə məşğuldurlar”.

N.Cəfərov qeyd edib ki, Birinci Türkoloji Qurultayın dərslərini bu gün də almalıyıq, sənədləri diqqətlə araşdırmalı, oxumalı, təhlil etməliyik: “Bilməliyik ki, 20-ci əsrin 20-ci illərində dədə-babalarımız türk xalqlarının tarixi barədə hansı fikirdə olublar, türk xalqlarının ədəbiyyatının təhlilini necə aparıblar, xüsusilə, tarixin hansı təsnifatlarını veriblər? Eyni zamanda, dilimizlə - həm əlifba, həm orfoqrafiya, həm də terminalogiya və ədəbi dillə bağlı hansı mövqedə olduqlarına nəzər yetirməliyik. Ziyalı dədə-babalarımızın ortaq ədəbi dil barəsində nə düşündükləri, onların bu ortaqlığı necə təsəvvür etdikləri, hansı dillərlə ünsiyyət saxlamağın mümkünlüyü barədə dediklərini də araşdırmalıyıq. Düzdür, sonralar həmin iddialar, maraqlar və təsəvvürlər sovet dövləti ruslaşdıqca, yəni çarizmin varisinə çevrildikcə aradan qaldırıldı, amma bütün bunlar dərslik olaraq qurultayın uzun müddət gizlədilmiş, üzə çıxarılmamış materiallarından öz əksini tapıb. Ona görə yenə də böyük məsuliyyətlə həmin məsələləri araşdırmalı, öyrənməli və tətbiq etməliyik.

Professor vurğulayıb ki, bütün türk dünyası olaraq latın əlifbasına keçirik, bu zaman qarşımıza ciddi problemlər çıxır: “Əvvəla, xalqların bəzilərinin, məsələn, qazaxların, qırğızların, tatarların, başqırdların yeni əlifbaya keçməsinə icazə vermirlər. Yəni, mövcud siyasi-ideoloji şərait imkan vermir ki, bu xalqlar lazımi rahatlıqla latın əlifbasına keçsinlər. İkincisi, latın əlifbasına keçən türk xalqları adətən eyni işarələri qəbul etsələr də, bəzən fərqli işarələri də qəbul edirlər. Əlbəttə ki, fərqli işarələrin qəbulu problem yaradır. Bunun üçün də əlifbanın uyğunlaşdırılması - unifikasiyası lazımdır. Yəni, elə olmalıdır ki, biz “ç”, “ş” hərfini necə yazırıqsa, özbəklər də elə yazsın. Özbəklər isə bu hərfləri ingilislər kimi “ch”, “sh” kimi yazılar. Bir sözlə, ortaq bir variant olmalıdır, “ç” və “ş” hərflərinin yazılmasının bizdə böyük təcrübəsi var, həmin təcrübəyə uyğunlaşmaq lazımdır. Qazaxlar deyirlər ki, onların dilində üç ədəd “u” səsi var. Amma müzakirələrin gedişində məlum olur ki, bütün türk dillərində olduğu kimi, əslində onlarda da cəmi bir ədəd “u” işarəsi var. Çünki, qazax dilində bir “ü” varsa, deməli, “u” işarəsi də bir ədəd olmalıdır. Bunu məntiq də belə tələb edir”.

Birinci Türkoloji Qurultayda olduğu kimi, bu gün də təxminən eyni məsələlər üzərində dayandığımızı deyən N.Cəfərov qeyd edib ki, həmin məsələlərdən biri terminalogiyadır: “Milli terminlərimizi yaratmalıyıq, yoxsa beynəlxalq terminlərdən istifadə etməliyik, türk xalqları bir-birilərinə termin verə bilərmi? Bu mövzular günümüzdə də ciddi mübahisələrə səbəb olur. Ortaq olaraq hansı türkçəni istifadə etməliyik? Süni bir türkçə yaratmalıyıqmı? Bütün bunlar müzakirə olunur. Həmin müzakirələr də türk xalqlarını birləşdirir.

Etiraf edək ki, “birlik-birlik” deməklə birlik olmur, təbii ki, bu çağırış yaxşı bir haldır. Bir zamanlar İsmayıl bəy Qaspıralı da “Dildə, fikirdə, işdə birlik” demişdi. Yenə də bu şüuarla yaşayırıq və onun təsiri altındayıq. Amma eyni zamanda bu birliyi təmin edən elementlər, ünsürlər, amillər olmalıdır, onlardan biri də Birinci Türkoloji Qurultayın bizə yadigar qoyduğu məsələlərdir. Bu məsələləri müzakirə edib axıra çatdırmalıyıq. Nəzərə alaq ki, aradan 100 il keçib və 100 il ərzində türk xalqlarının elmi, mədəniyyəti, intellekti inkişaf edib. Əgər o zamanlar xalqın üç-beş ziyalısı var idisə, bu gün xalqın böyük faizi ziyalılardan ibarətdir”.

Professorun fikrincə, türk xalqlarının tarixi onların bir-birindən ayrılması, bölünməsi, differensiyasiyası tarixidir: “Xalqlar o zaman yaşayır ki, onlar müəyyən etnik qruplara bölünürlır. Lakin siyasi və mədəni məzmunlu inteqrasiya prosesləri də mümkündür və bu proseslər gedir. Prezident İlham Əliyev Qəbələdə keçirilmiş sammitdə türk ailəsi barədə çox qiymətli fikirlər söyləmişdi. Bu fikirlər bütün türk dünyasına yayıldı. Eyni ailənin üzvlərinin - türk dünyası ailəsinin birliyi, inteqrasiyası qaçınılmazdır, bu, təbii ehtiyacımızdır. Cənab Prezident həm də demişdi ki, etnik birliyimiz, ortaq mənəvi-mədəni irsimiz də inteqrasiya üçün əsasdır. Ona dayanaraq bu inteqrasiyanı aparmaq lazımdır. Bu baxımdan hər birimiz əminik ki, Birinci Türkoloji Qurultayın 100 illik təntənələri keçirildikcə, bu, inteqrasiyamıza da dərin təsirlərini göstərəcək!”.

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 82 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31