Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Nobel sülh mükafatı: kimin haqqı çatır?

Nobel sülh mükafatı: kimin haqqı çatır?

24.10.2025 [09:58]

Bu nüfuzlu beynəlxalq mükafat Azərbaycan nefti, Daşkəsən dəmiri və Bakı fəhləsinin alın tərinin məhsuludur

Nobel mükafatları 1895-ci ildə Alfred Nobel adlı isveçli sənayeçinin vəsiyyətnaməsi əsasında təsis olunub. Nobelin ölümündən sonra onun böyük sərvətinin bir hissəsi xüsusi fonda yönləndirildi və bu fond hər il fizika, kimya, tibb, iqtisadiyyat, ədəbiyyat və sülh sahələrində ən mühüm xidmətlərə görə mükafatlar təqdim edir. Bəs Alfred Nobel bu sərvəti haradan almışdı?

1867-ci ildə dinamiti kəşf etməsi ona dünya miqyasında şöhrət və zənginlik qazandırdı. Dinamit əvvəlcə mədənçilik və inşaat sahəsində inqilabi texnologiya kimi təqdim olunsa da, çox keçmədi ki, müharibə sənayesinin də əsas komponentinə çevrildi. Yəni Nobel sülh mükafatının da mayası əslində savaş, silah, fəhlə qanı və neftdən tutulmuşdu. Burası da var ki, Nobel qardaşları öz sərvətlərinin mühüm bir hissəsini Azərbaycanda - Bakı neftindən və Daşkəsən dəmir filizindən qazanmışdılar.

1870-ci illərdə Robert və Lüdviq Nobel qardaşları Bakıda “Branobel” adlı neft şirkəti qururlar. Bu şirkət o dövrün ən böyük neft imperiyalarından birinə çevrilir və Nobel ailəsinin sərvətini qat-qat artırır. “Branobel” o dövrdəki neft ixracının təxminən 50 faizini həyata keçirirdi. Nobel qardaşları təkcə neftlə kifayətlənməyib, Azərbaycanın dağ-mədən sənayesində, o cümlədən Daşkəsən dəmir filizi yataqlarında da pay sahibi oldular. Bu da onların silah və texniki avadanlıq istehsalında istifadə edilən xammal mənbələrini birbaşa nəzarətə götürdüklərini göstərir.

Etik və tarixi paradoks

Burada mənəvi ziddiyyət ortaya çıxır:

* Bir tərəfdə müharibə sənayesinə, dinamitə, işğalçılıq layihələrinə xidmət edən sərvət;

* Digər tərəfdə “sülhə xidmət” adı ilə paylanan mükafatlar.

Bütün bu zənginlik kolonial xarakterli iqtisadi modellər üzərindən qurulmuşdu - yəni bir ölkənin (məsələn, Azərbaycanın) resursları və insan zəhməti üzərində başqa bir ölkənin (İsveçin, ümumən Avropanın) elmi, mədəni və siyasi nüfuzu qurulurdu. Tarix kitablarında və Nobel mükafatının rəsmi saytında bu həqiqətlər nadir hallarda vurğulanır, çünki məlum faktlar dünya elmi və siyasi rəmzlərinə kölgə salır. Amma fakt faktlığında qalır: Nobel mükafatı fondu Azərbaycan nefti, Daşkəsən dəmiri və Bakı fəhləsinin alın tərinin məhsuludur. Azərbaycan ictimaiyyəti bu məsələni daha çox gündəmə gətirməlidir. Çünki bu, təkcə keçmişə xas ədalətsiz bölgü deyil, həm də tarixi yaddaş məsələsidir. Nobel mükafatı ilə öyünənlər bəlkə də heç düşünmürlər ki, o sərvətin əldə olunmasında nələr yatır.

Bəzi adlar tarixə sülhün rəmzi kimi düşsə də...

Hər ilin oktyabrında hamının gözü Norveçin Oslo şəhərinə dikilir: görəsən, Nobel sülh mükafatı bu dəfə kimə veriləcək? Bu mükafat təkcə təltif deyil, həm də bir siqnal, dünya ictimaiyyətinə verilən siyasi və mənəvi mesajdır. Bununla belə Nobel sülh mükafatı ən çox müzakirə və tənqid olunan mükafatlardan biridir, çünki burada riyazi düstur yoxdur. Elmi ixtira, texnoloji yenilik, yaxud ədəbi əsər kimi ölçülə bilən nəsə yoxdur. Burada əsas sözü imic, obraz, təəssürat və zamanın ruhu deyir.

Özünü bu istiqamətdə təbliğ və təqdim edənə Nobel mükafatı verilmir. Bu, xüsusilə sülh mükafatı üçün keçərlidir. Kim özünü mükafat almaq üçün çox qabağa verirsə, onun şansı azalır. Bunun aşkar nümunələrindən biri ABŞ prezidenti Donald Tramp oldu. Tramp açıq şəkildə bəyan etdi ki, Nobel sülh mükafatına layiqdir. Özünü təbliğ etdirdi, komandasını Avropada lobbiçiliklə məşğul olmağa göndərdi, hətta komitəni qınadı. Amma nəticəsi olmadı. Trampın siyasəti çox vaxt təzyiq üzərində qurulduğundan onun obrazı Oslo komitəsinin ideallarına uyğun gəlmirdi. Bu komitə humanizm, yumşaq güc və dialoqa üstünlük verir. Son illərin nümunələrinə baxsaq, aydın olar ki, Nobel sülh komitəsi güclü, mübariz, amma təvazökar bir obraz axtarır. Elə Maria Karina Maçado kimi. O, Venesuelada müxalifət lideridir, avtoritar rejimə qarşı çıxır, qadındır, Qərb universitetlərində təhsil alıb, insan haqları uğrunda mübarizə aparır. Onun obrazı müasir Qərb dəyərlərinin təcəssümüdür. Üstəlik, o, mükafata iddialı görünmürdü, bu da öz təsirini göstərdi. Komitə bu dəfə onu qəhrəman seçdi.

Unudulmuş qəhrəmanlar

Niyə Mahatma Qandi Nobel sülh mükafatına layiq görülmədi? Bu sual Nobel komitəsinin verdiyi qərarların etikliyi, obyektivliyi və geosiyasi təsirlərə nə qədər açıq olub-olmaması ilə bağlı bir məsələdir. Hətta bu gün də Nobel sülh mükafatı haqqında danışılarkən Qandinin adının çəkilməməsi ümumbəşəri dəyərlərə sadiq bir şəxsiyyətin həyatına və mübarizəsinə laqeydlik kimi izah olunur. Mahatma Qandi Hindistanın müstəqillik mübarizəsinin lideri, zorakılığa qarşı dinc müqavimət ideyasının simvoludur. O, “ahimsa” (zərər verməmək) və “satyaqraha” (həqiqətin gücü) prinsipləri ilə təkcə Hindistanda yox, bütün dünyada ictimai-siyasi fəlsəfəyə yeni yön vermişdi. Onun mübarizəsi qan tökmədən imperiya idarəçiliyinə qarşı çıxmaqla formalaşmışdı. Bütün insanlıq üçün nümunə olan bir yol. Mahatma Qandi rəsmən 5 dəfə Nobel sülh mükafatına namizəd göstərilib: 1937, 1938, 1939, 1947 və sonuncu dəfə 1948-ci ildə, ölümündən az əvvəl. O dövrlərdə Qandinin mübarizəsi artıq beynəlxalq aləmdə tanınmışdı. Əgər Nobel sülh mükafatı doğrudan da “insanlıq naminə mübarizə” və “sülhün bərqərar olunması” üçün verilirdisə, Qandi bu kriteriyalara tam cavab verirdi. Bəs niyə almadı? Rəsmi səbəb: mükafat ölmüş şəxsə verilmir. Qandi 1948-ci ilin yanvarında hindistanlı ekstremist tərəfindən öldürüldü, Nobel komitəsi həmin il mükafatı heç kimə vermədi. Ancaq Nobel mükafatının nizamnaməsi ölmüş şəxslərə mükafat verilməsini qəti şəkildə qadağan etmir, qaydalarda yazılıb ki, əgər laureat elan olunduqdan sonra vəfat edərsə, mükafat yenə də ona düşür (posmortal qayda sonralar sərtləşdirildi). Yəni əgər komitə istəsəydi, 1948-ci ildə Qandiyə ölümündən sonra mükafat verə bilərdi. Bəs gerçək səbəb nə idi? Tarixçi və araşdırmaçılar bu qərarın arxasında bir neçə geopolitik və ideoloji səbəbin durduğu versiyasını irəli sürürlər: birincisi, Qandinin müstəmləkəçiliyə qarşı mübarizəsi Qərb üçün başağrısı idi. Qandi açıq şəkildə imperializmə qarşı çıxırdı. Nobel komitəsinin üzvləri də o dövrdə əsasən Avropa dövlətlərinin nümayəndələri idilər, bu dövlətlərsə öz müstəmləkələrini itirmək istəmirdi. Belə bir şəxsə mükafat vermək Qərbin imperiya ambisiyalarını zədələyə bilərdi. İkincisi, Qandinin II Dünya müharibəsinə münasibəti bimənalı deyildi, o, zorakılığa görə hər iki tərəfi - həm nasist Almaniyasını, həm də müttəfiqləri tənqid edirdi, hətta Hitlərə məktub yazaraq onu müharibədən çəkinməyə çağırmışdı. Bu isə Qərbdə birmənalı qarşılanmırdı. Üçüncüsü, daxili siyasi balanslar. Qandinin mövqeyi Hindistanın özündə də birmənalı deyildi. Onun müsəlmanlara tolerant münasibəti hind millətçiləri arasında narahatlıq yaradırdı. Qandini dövlətin zəifləməsinə səbəb olan biri kimi görənlər də vardı.

Nobel komitəsinin keçmiş direktoru Geir Lundestad sonradan öz memuarlarında belə yazırdı: “Əgər Nobel sülh mükafatına bir nəfər həqiqətən layiq idisə, o da Mahatma Qandi idi. Onun mükafat almaması komitənin ən böyük tarixi səhvi idi”. Bu etiraf Qandinin əhəmiyyətini gec də olsa təsdiqlədi, amma bu tanınma rəmzi səviyyədə qaldı. Qandinin Nobel almaması onun irsini kiçiltmədi, əksinə, bu qərarın özü bir qlobal təəssüf simvoluna çevrildi, çünki Qandinin həyat yolu, dinc müqavimət fəlsəfəsi bu gün də bir çox liderlər, hərəkatlar və fəallar üçün ilham mənbəyidir. Nelson Mandela, Martin Lüter Kinq, Dalay Lama və başqaları ondan nümunə götürmüşdülər. Qandi mükafat almadı, çünki siyasi və geosiyasi kontekst onu Nobel komitəsi üçün “riskli” fiqura çevirirdi. Nəticədə Mahatma Qandi bütün Nobel laureatlarından daha böyük azadlıq simvoluna çevrildi. Əslində, Qandinin özü də heç vaxt Nobelə iddia etməmişdi.

Digər bir “unudulmuş qəhrəman” Eleanora Ruzvelt

ABŞ-ın keçmiş prezidenti Franklin Ruzveltin həyat yoldaşı, amma özü də dünya səviyyəli siyasətçi və hüquq müdafiəçisi idi. İkinci Dünya müharibəsi zamanı cəbhədə çalışdı, müharibədən sonra isə İnsan Haqları üzrə BMT Bəyannaməsinin hazırlanmasına rəhbərlik etdi. Onu “dünyanın birinci xanımı” adlandırırdılar. Amma Nobel komitəsi ona mükafat vermədi. Əvəzində ölümündən sonra BMT onu insan haqları üzrə mükafata layiq gördü.

Bəzən komitənin qərarları açıq-aşkar siyasi xarakter daşıyır. Məsələn: 2009-cu ildə Barak Obama prezidentlik səlahiyyətlərinin icrasına yenicə başlamışkən Nobel sülh mükafatı aldı. Nəyə görə? “Diplomatik səylərinə görə”, amma nəticə yox idi. Bu, sadəcə, siyasi jest idi. 2012-ci ildə Avropa İttifaqı mükafat aldı - yəni şəxs yox, təşkilat. Bu da bir simvol idi, “sülhün layihəsi” kimi qələmə verilirdi. Nobel tarixində daha bir maraqlı fakt: alman fiziki Arnold Zommerfeld 80 dəfə  mükafata namizəd göstərilib, hər dəfə də mükafatı onun tələbələrinə veriblər. Bu, həm ədalətsizlikdir, həm də Nobel komitəsinin qərarlarının çox vaxt emosional və simvolik olduğunu sübut edir. Sonda bir həqiqəti qəbul etmək lazımdır: Nobel sülh mükafatı əslində bir güzgüdür. O, dünyanı necə görmək istədiyimizi əks etdirir. Komitə konkret nəticələrdən çox ictimai əhval-ruhiyyəyə, siyasi trendlərə, zamanın ruhuna uyğun hərəkət edir. Bəzən bu, möhtəşəm qərarların qəbulu ilə nəticələnir, sülhə təkan verir. Bəzən isə böyük tarixi şəxsiyyətlərin unudulması ilə nəticələnir. Bununla belə, Nobel mükafatı hələ də dünyanın ən prestijli və ən çox mübahisə doğuran mükafatı olaraq qalır.

Kimin haqqı çatır?

Nobel sülh mükafatı dünyada sülh, dialoq və humanizm ideyalarını təşviq edən ən nüfuzlu mükafat sayılır. Amma bu mükafatın kimə verildiyi, kimdən əsirgəndiyi, kimin layiq görülmədiyi illərdir bəşəriyyətin vicdanını narahat edən əsas suallardandır.

Dövlətçilik tariximizin memarı olan Heydər Əliyev xüsusilə 1990-cı illərin ağır, xaotik keçid dövründə Azərbaycanı parçalanmaqdan, vətəndaş müharibəsindən, anarxiyadan xilas edən şəxsiyyət oldu. Onun liderliyi ilə:

* Dövlətin əsas institutları bərpa edildi.

* Ordu formalaşdırıldı.

* Xarici siyasətdə balanslı kurs başlandı.

* Neft müqavilələri imzalandı - “Əsrin müqaviləsi” Azərbaycanın müstəqilliyini iqtisadi zəminlə möhkəmləndirdi.

* Ən əsası, ölkədə sabitlik və sülh şəraiti bərpa olundu.

Bu faktlar Nobel sülh mükafatı üçün real əsaslar yaradırdı. Əgər bu mükafat həqiqətən də sülh və sabitliyə töhfə kimi verilsəydi, Heydər Əliyev bu mükafata tamamilə layiq idi. Qorbaçova verildi, Əliyevə yox - bu, ədalətdirmi? 1990-cı ildə Mixail Qorbaçov Nobel sülh mükafatına layiq görüldü. Rəsmi arqument bu idi: “Soyuq müharibəyə son qoymaqda və silahsızlanma prosesində roluna görə”. Amma eyni Qorbaçov dövründə:

* SSRİ-nin tərkibindəki onlarla respublikada qanlı toqquşmalar baş verdi.

* Bakı, Tbilisi, Vilnüsdə dinc əhaliyə qarşı ordu yeridildi.

* Dağlıq Qarabağda separatizmin təməli qoyuldu.

* Qorbaçovun passiv və ziddiyyətli siyasəti Qafqazda müharibələrin başlanmasına zəmin yaratdı.

Bütün bunların fonunda ona Nobel vermək tarixi ədalətsizlikdir.

İlham Əliyev - yeni əsrdə Qafqaza sülh gətirən lider

Prezident İlham Əliyev xüsusilə 2020-ci ildən sonra Cənubi Qafqazda real sülh və inkişaf gündəliyini masaya gətirən, onu tərif yox, konkret nəticə ilə təsdiqləyən nadir liderdir. O həm də:

* İşğala son qoydu, ərazi bütövlüyünü bərpa etdi.

* Ermənistana qarşı hərbi yox, siyasi-mədəni sülh gündəliyi təklif etdi.

* Zəngəzur dəhlizi, yeni kommunikasiya xətləri, regional əməkdaşlıq kimi inteqrasiya layihələrini gündəmə gətirdi.

* İndi Rusiya, İran, Avropa, Türkiyə, Orta Asiya və Çin arasında strateji körpü funksiyasını yerinə yetirir.

Bu gün Cənubi Qafqazda sabitlik varsa, bu sabitlikdə İlham Əliyevin praqmatik, cəsarətli və qətiyyətli liderliyinin birbaşa rolu var. Nobel komitəsi nəyi unudur? Əməli nəticələrə yox, tezislərə üstünlük verilir. İlham Əliyev isə sadəcə danışan deyil, icra edən, reallığı dəyişən liderdir. Tarix və bəşəriyyət qarşısında bir çağırış olmalıdır: sülhü təkcə propaqanda ilə yox, əməli nəticə ilə bərqərar edən liderlər - Nobel sülh mükafatına real, layiqli namizədlərdir.

Mehriban Əliyeva - sülh, humanizm və mədəniyyətin qlobal elçisi

Mehriban Əliyeva birinci xanım olmaqla yanaşı, həm də beynəlxalq humanitar siyasətin simalarından biridir. O, müasir qlobal humanitar diplomatiyanın memarıdır, real nəticələrə imza atan, dünya miqyasında hörmət qazanmış şəxsiyyətdir. Onun fəaliyyəti yalnız ölkə sərhədləri ilə məhdudlaşmır, insanlıq haradadırsa, Mehriban Əliyeva da oradadır. Mehriban xanım həmçinin dünya mədəni irsinin qoruyucusudur. O, respublikamızda və dünyanın bir çox ölkəsində onlarla mədəniyyət abidəsinin bərpasına dəstək göstərib. Bu, sadəcə mədəni irsin qorunması deyil, dinindən və irqindən asılı olmayaraq insanlığın ortaq yaddaşına verilən töhfədir. Mehriban Əliyeva rəhbərlik etdiyi Heydər Əliyev Fondu vasitəsilə talasemiya xəstəsi olan uşaqların müalicə və transplantasiya xərclərini qarşılayıb, uşaq evləri və internat məktəblərini yenidən qurub, əmək və müharibə veteranlarına, şəhid ailələrinə və qazilərə xüsusi proqramlar ayırıb. Fondun qanvermə aksiyaları, orqan transplantasiyası təşəbbüsləri, xüsusi məktəb və sağlamlıq mərkəzləri artıq bir çox ölkədə örnək kimi təqdim olunur.

Bütün bunlardan başqa Mehriban Əliyevanın beynəlxalq dialoqun təşviqinə və dinlərarası əməkdaşlığa verdiyi töhfələr də əvəzsizdir. Mehriban xanım bu kimi fəaliyyətləri ilə dinlər və sivilizasiyalar arası sülh mesajı verir. Bu isə Nobel Komitəsinin əsas meyarlarından biridir.

COVID-19 pandemiyası zamanı Mehriban Əliyeva və Heydər Əliyev Fondu 20-dən çox ölkəyə tibbi yardım göndərdi, vaksinlərin ədalətli bölüşdürülməsinə çağırış etdi, Azərbaycanın özündə isə xəstəxanalar, test mərkəzləri tikilib istifadəyə verildi. Bunlar qlobal həmrəylik və insan həyatına verilən dəyər baxımından çox önəmli addımlardır. Mehriban Əliyeva Nobel sülh mükafatı üçün layiqli və nümunəvi namizəddir. Mehriban Əliyevanın fəaliyyəti humanizmə əsaslanır, insani motivasiyaya dayanır, sadəcə xeyriyyə deyil, sistemli və davamlı humanitar diplomatiya modelidir. O, bu dövrün sülh, mədəniyyət və insanlıq uğrunda mübarizə aparan nadir qadın liderlərindəndir. Bu səbəbdən Mehriban Əliyevanın Nobel sülh mükafatına namizədliyi irəli sürülərsə, bu, təkcə Azərbaycanın yox, bütün dünyanın qazanacağı mənəvi dəyər olar.

Kəramət QƏNBƏROV,

Beynəlxalq hüquq üzrə ekspert

Paylaş:
Baxılıb: 142 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31