Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İstiqlal şairinin qəhrəman oğlu

İstiqlal şairinin qəhrəman oğlu

13.02.2024 [11:25]

Qoy sənə doğulan

günəş deyim ki,

Nurunla açılan

al səhərəm mən.

Yeddi il yol gələn,

a mənim ilkim,

Gəldiyin yollara gül

düzərəm mən.

Onun doğuluşunu şair atası belə vəsf etmişdi. Gözünün ilki, könlünün sevinci- balası qədəm basırdı bu dünyaya. Vətən həsrətli, yurd yanğılı ata övladına ən böyük həsrətinin- Təbrizinin adını qoydu, vətən Təbrizinin təsəllisini bala Təbrizindən aldı. Tək arzusu isə bu iki Təbrizi qovuşdurmaq idi:

Ey bala Təbrizim,

gün o gün olsun

Ana Təbrizimə mən

azad deyim,

Ustad Şəhriyarla

görüşüm olsun.

Təbrizi Təbrizə

qol-qanad deyim.

Bəli, onlar Azərbaycanın Xalq şairi, istiqlal şairimiz Xəlil Rza Ulutürk və bu yurdu ən az atası qədər sevən, uğruna canını əsirgəməyən can parası, Milli Qəhrəman Təbriz Xəlilbəylidir.

12 fevral Təbriz Xəlilbəylinin doğulduğu gündür. Əgər yaşasaydı, 60 illik yubileyini qeyd edəcəkdi. O isə Vətənin azadlığı uğrunda canını fəda etməyi, şəhadət zirvəsinə ucalmağı seçdi. Özü də cəmi 28 yaşında

****

Təbriz Xəlil oğlu Xəlilbəyli 1964-cü il 12 fevralda Bakı şəhərində anadan olub. 1981-ci ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirib. 1982-ci ildə o, Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsinin “Kütləvi tədbirlər və bayramlar rejissorluğu” ixtisasına daxil olur. Təhsilini davam etdirərkən həm də C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında işıqçı işləyib.

Təbriz Xəlilbəyli 1991-ci ilin sonunda könüllü olaraq cəbhəyə yollanıb. Ağdam rayonunun Xromord və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmanlıq nümunəsi göstərib. Döyüş şücaətinə görə DİN-nin “Boz qurd” mükafatına layiq görülüb. 1992-ci il 31 yanvar Təbriz Xəlilbəylinin son döyüşü olur. O, Şuşanın mühasirədən çıxarılması üçün təşkil edilən Daşaltı əməliyyatı zamanı qəhrəmancasına həlak olub. Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Ailəli idi. İki qız övladı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Təbriz Xəlil Rza oğlu Xəlilbəyliyə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.

Bakı şəhərində və Salyan rayonunda küçələrdən biri onun adını daşıyır. Xüsusi məqsədlər üçün istifadə olunan bir gəmi onun şərəfinə adlandırılıb. Yaşadığı evin qarşısına xatirə lövhəsi vurulub.

*****

“Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram, Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram...”- deyən şair atanın övladı da Təbriz kimi azadlıq təşnəsi, vətən sevdalısı olmalı idi, şübhəsiz. Axı o, arzuların Təbrizi idi... Necə ki, atası hələ o, körpə ikən yazmışdı:

Arzular, könlümdə

çeşmə-çeşmədir,

Arzular qoynunda

boy atmış könül.

Səni arzum üçün,

amalım üçün,

Səni döyüş üçün

yaratmış könül.

Ata qəlbi idi duyan, yoxsa şair fəhmi?! Bəlkə də öz verdiyi tərbiyəyə güvən idi dilləndirirdi şair atanın mübariz qələmini. Onun Təbrizi təkcə ona deyil, bütöv Azərbaycana oğul kimi, arxa-dayaq kimi doğulmuşdu. O, dünyaya gələndə Ulutürk təkcə ata olduğu üçün sevinməmişdi, həm də gələcəkdə vətəninə sipər olacaq, keşiyində duracaq əsgər bəxş etməyin qürurunu, xoşbəxtliyini yaşayırdı.

“Niyyətin hara, mənzilin ora” deyib atalarımız. Ya da kim bilir, bəlkə damarında axan qan, əmdiyi süd idi onu II Qarabağ müharibəsinə könüllü qatılmağa məcbur edən... Amma bütün hallarda Təbriz getdi, özü də bir də qayıtmamaq üçün, xalqına, torpağına qurban olmaq üçün getdi... Bunu şair ata da hiss eləmişdi. Bilirdi ki, oğlunun bu səfərdən dönüşü olmayacaq. O getdimi, dönməyəcək. Amma yenə də su səpdi göz nurunun arxasınca, xeyir-dua verdi balasına. Necə ki, bir zamanlar Xalq şairi Səməd Vurğunun qəhrəmanı əsgər anası öz balasını müharibəyə “Get, düşmənin qabağında igid tərpən, vüqarla...”- demişdi. İstiqlal şairi isə igid oğlunun gedişini belə təsvir edirdi:

Qara bığlar şəvə kimi...

kürək enli, qamət uca.

Könüllüydü... ön cəbhəyə varıb getdi uça-uça.

Kimsə sütül köçəcəkdir

bu dünyadan, kimsə qoca.

28 yaşa məgər çatdı

Təbriz Xəlilbəyli?

Bəli, bu gedişin dönüşü olmadı. İstiqlal şairinin istiqlal təşnəsi övladı Qarabağ uğrunda, bayraq yolunda könüllü fəda etdi canını. Əlbəttə, nə şair qəlbi, nə də ata ürəyi barışa bilərdi bu gənc ölümlə. Xəlil Rza Ulutürkün də Təbriz yanğılı sözləri ağıya dönüb süzüldü qəlbindən qələmin:

Məqbərənə gül düzərək,

Gülüm, Təbrizim, Təbrizim!

Doğrudanmı səni tapdı

Ölüm, Təbrizim, Təbrizim!

Ulutürkün Təbrizini ölüm tapmışdı. Yox, bu, ölüm deyildi. Bu ölümsüzlük idi, əbədiyyət ucalığı idi ki, hər kəsə nəsib olmur. Bu gün Təbriz Xəlibəylidən Xalq şairinin oğlu kimi deyil, Azərbaycanın I Qarabağ müharibəsinin şəhidi, Milli Qəhrəman kimi danışırıqsa, deməli, o, öz şəhidliyi ilə ölümü də öldürməyi bacarıb.

“Xalq şairi” demiş, Təbrizin şəhadətindən az sonra- elə həmin ildə Xəlil Rza Ulutürkə “Xalq şairi” fəxri adı verilir. Bu böyük titul onun şəxsiyyətini, qələmini, yaradıcılığını, mübarizəsini sevən hər kəsi sevindirir, xoşbəxt edir. Bircə şairin özü göz yaşı ilə əsl həqiqəti etiraf edir: “Deyirəm: - Balamın qan bahasıdır Başıma qoyulan bu qızıl çələng”.

Nə xoş ki, bu misraların yazıldığı zamanda artıq Qarabağ problem, suverenlik dərdi yoxdur. Mübariz xalqımız Müzəffər Ali Baş Komandanın rəhbərliyi və rəşadətli ordumuzun gücü, qüvvəti sayəsində Xəlil Rza Ulutürkün ürək ağrısına, Təbriz Xəlilbəylinin şəhadətinə səbəb olan işğala “dur” deməyi bacardı, məhz müharibə ilə döyüşərək torpaqlarını azad edib qələbə qazandı. İnanıram ki, Milli Qəhrəman Təbriz Xəlilbəylinin də, istiqlal şairimiz Xəlil Rza Ulutürkün də ruhları şaddır.

Allah rəhmət eləsin!

Şahanə MÜŞFİQ

Paylaş:
Baxılıb: 556 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30