Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bir sorğunun izi ilə...

Bir sorğunun izi ilə...

24.09.2022 [10:30]

Amerika Azərbaycanın dostudurmu?

Nicat DİLQƏMLİ

Dünənki sayımızda “Amerika Birləşmiş Ştatlarını Azərbaycanın dostu hesab edirsinizmi?” başlıqlı yazı dərc olunub. Eyni sual ilə paytaxt sakinləri arasında keçirdiyimiz sorğunun nəticələrindən məlum olub ki, ABŞ-ı ölkəmizə dost hesab edənlərin sayı xeyli azalıb.

Xatırladaq ki, fərqli yaş qruplarından olan və müxtəlif sosial təbəqələri təmsil edən 750 respondentin 76 faizi sualımıza “Yox”, 15 faizi “Hə” cavabını verdi. Respondentlərin 9 faizi isə suala cavab verməkdə çətinlik çəkdiyini bildirdi.

Maraqlıdır, respondentlərin 76 faizinin sualımıza optimist yanaşmaması və bu ölkəni respublikamızın dostu hesab etməməsi hansı amillərlə bağlıdır?

Mövzu ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan politoloq Qabil Hüseynli bildirdi ki, bunun əsas səbəbi Amerikanın regiondakı problemlərə subyektiv yanaşma sərgiləməsindən irəli gəlir: “Elə ki, 44 günlük müharibə bitdi, sülhyaratma prosesi başladı Amerika bəzi problemləri yenidən qaldırmağa və sülhyaratma prosesinə mane olmağa çalışdı. Bu problemlərdən biri ATƏT-in Minsk qrupunun yenidən canlandırılması və bu məqsədlə də Amerika tərəfindən buraya yeni həmsədrin təyin edilməsi idi. Daha sonra isə Amerika Qarabağın dağlıq bölgəsində separatçılar yaşayan hissəyə status məsələsini gündəmə gətirdi. Halbuki köhnə status-kvo aradan qalxmışdır, yeni status-kvo formalaşmışdır ki, bu status-kvoda da, orada yaşayan insanlar üçün status məsələsi də gündəmdə deyildi. ATƏT-in Minsk qrupu isə bütövlükdə gündəmdən çıxmışdır, Minsk qrupunun bu bölgədə görə biləcəyi işlər yox idi. Onu Azərbaycan əsgəri görmüşdü. Yəni BMT-nin 4 qətnaməsinin yerinə yetirilməsi, iki ölkə arasında sülhə nail olunması, yolların açılması məsələləri - bütün bu məsələləri Azərbaycan əsgəri həll edib. Bundan sonra sülhyaratma prosesi başladı. Əvvəl sülhyaratma prosesinə Rusiya vasitəçilik edirdi, Moskva, Soçi görüşləri - prosesdə ayrı-ayrı epizodlar oldu.  Proseslərin daha da sürətləndirilməsi üçün Avropa İttifaqı da öz vasitəçilik təşəbbüsünü təklif etdi. Aİ Şurasının prezidenti Şarl Mişel Azərbaycan Prezidentini və Ermənistanın baş nazirini Brüsselə dəvət etdi, bir neçə dəfə görüşlər keçirildi. Görüşlərdə pozitiv nəticələr əldə edildi. Sonuncu görüşün - bu ilin 31 avqustunda keçirilən görüşdə - nəticələri daha çox diqqətçəkən idi”.

Q.Hüseynli Avropa İttifaqının vasitəçiliyinin də Amerikanı qane etmədiyini və onların yenə də proseslərə müdaxilə etməyə, işin içindən iş çıxarmağa çalışdıqlarını da diqqətə çatdırdı: “Xüsusilə, Konqressin aşağı palatasının, Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin bölgəyə (Ermənistana) gəlməsi və burada müxtəlif provokativ, əsasən də anti-Azərbaycan fikirlər səsləndirməsi gündəmi xeyli qarışdırdı. Azərbaycan xalqı da 30 ildir ki, Amerikanın hərəkətlərini müşahidə edir. Torpaqlarımız 30 ildən artıq əsarət altında oldu və bu müddət ərzində nə Nensi Pelosi, nə Bayden Azərbaycanın problemləri ilə qətiyyən maraqlanmadılar. İşğal edilmiş ərazilərdən erməni qoşunlarının çıxarılması məsələsində hər hansı bir təsir göstərilmədi. Azərbaycan xalqı da Amerikanın bu hərəkətlərindən çox narazı idi, üstəlik də sülhyaratma prosesi yenicə relsə düşən vaxtı yenidən aranı qarışdırmağa və bu məsələlərdə qeyri-konstruktiv rol oynamağa başladılar. Buna görə də Azərbaycan xalqı haqlı olaraq Amerikanın bölgədə yürütdüyü siyasəti pisləyir və hesab edir ki, bu siyasət bölgəyə sülh yox, qarşıdurma, müharibə ab-havası gətirir. Mənfi münasibətin çalarları hər gün bir az da artır”.

“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin sözlərinə görə, keçirilən rəy sorğusundakı bu rəqəmlər müəyyən qədər şərti olsa da, onun real olan tərəfləri də var: “Azərbaycan ictimai rəyində ABŞ-ın həm Azərbaycanla, həm də Cənubi Qafqaz bölgəsi ilə bağlı siyasətində yeni təzahürlər var. Bu təzahürlər Amerikanın özü üçün o qədər də xoş olmayan əlamətlərə malikdir. Keçirilən rəy sorğusundakı bu rəqəmlər müəyyən qədər şərti olsa da, onun real olan tərəfləri də var. Mütləq şəkildə Azərbaycan ictimaiyyətinin 75 faizinin Amerikaya belə münasibət göstərməsinin mütləq həqiqət olduğunu iddia etməsəm də, tam razılaşıram ki, Azərbaycan ictimai rəyində Amerikaya münasibət neqativ tərəfə dəyişməkdədir”.

A.Quliyev ictimai rəyin dəyişməsinə təsir göstərən səbəblərdən söz açarkən bildirib ki, Amerikaya münasibətin neqativ tərəfə dəyişməsi son bir neçə ildə iki amillə bağlıdır: “Birincisi, Amerika ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və Qarabağ münaqişəsinin yekun həlli üçün imkanları çərçivəsində olan hər şeydən heç də sona qədər istifadə etmədi. Və bəlkə də digər həmsədrlər kimi - Rusiya və Fransa kimi - ümumiyyətlə istifadə etmədi desək, daha doğru olar. Əksinə, digər həmsədrlər kimi Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə yox, işğalın nəticələrinin rəsmiləşdirilməsinə müəyyən formalarda dözümlü yanaşmaqda davam etdi. Əlbəttə, birdən-birə demək ki, Amerika Azərbaycan torpaqlarının işğalının rəsmiləşdirilməsi üçün açıq fəaliyyət göstərdi kimi fikir doğru olmazdı. Torpaqlarımızın işğalının qanuniləşdirilməsi istiqamətində Ermənistanın və onun müttəfiqlərinin apardığı siyasətə dözümlü münasibət göstərdi. Məhz bu yanaşma ölkədə Amerikaya münasibətin dəyişməsində mühüm rol oynadı. İkinci isə son həftələrdə Amerika rəsmilərinin müharibədən sonra yaranmış reallıqların qəbul olunmasında o qədər də real mövqe tutmamaları ilə bağlıdır. Xüsusilə də Qarabağ münaqişəsinin artıq həll olunması fikri ilə tam şəkildə şərik olmamaq və müharibədən sonrakı reallıqları tam şəkildə qəbul etməmək, eləcə də əldə olunmuş razılaşmaların icrası üçün Ermənistanı məcbur etməmək bu sahədə ikinci səbəb kimi nəzərdən keçirilə bilər”.

Baş redaktor hesab edir ki, bu məsələ ilk olaraq ABŞ rəsmilərini düşündürməlidir: “Yəni Amerika Ermənistanı sülh sazişi imzalamaq, sərhədləri dəqiqləşdirmək istiqamətində müəyyən addımlara sövq etməyin əvəzində Ermənistana lüzumsuz dəstək ifadə edən jestlərə üstünlük verir ki, bu da bölgəmizdə davamlı sülhün tələblərinə cavab vermir. Bu gün Amerikanın xüsusilə sırf özünün dövlət maraqlarına daha çox cavab verən ATƏT-in Minsk qrupu həmsədrlər formatının yenidən dirçəldilməsi üzərində təkid etməsi təbii ki, Azərbaycanın dövlət maraqlarına uyğun deyil və buna görə də bu yöndə atılan addımlar Amerikaya Azərbaycanda ictimai rəyin neqativ istiqamətə yönəlməsinə təsir göstərir. Əlbəttə, Azərbaycan açıq və çoxvektorlu siyasət aparan bir ölkə kimi dünyanın bütün qütbləri ilə yüksək əməkdaşlıq və yüksək qarşılıqlı anlaşma içində olmağı istəyərdi, o cümlədən də Azərbaycan istəyərdi ki, ölkə ictimaiyyətinin Rusiyaya da, Amerikaya da, Avropa ölkələrinə də münasibəti normal və tolerant olsun. Amma təəssüf ki, bəzi böyük ölkələrdən, o cümlədən də Amerikadan ictimaiyyətin gözləntiləri tam doğrulmadığına görə ictimai rəydə müəyyən neqativ meyillər baş qaldırır. Təkcə belə bir müqayisə aparılmalıdır ki, 1992-93-cü illərdə, yəni müstəqilliyimizin ilk illərində Azərbaycanda Amerikaya olan ictimai münasibətlə indiki münasibəti müqayisə etmək olduqca ibrətamiz nəticələri ortaya qoya bilər. Bu nəticələr birinci növbədə Amerika rəsmiləri üçün maraqlı olmalıdır ki, nədən 90-cı illərin əvvəllərində Azərbaycan ictimai rəyində Amerikaya olan rəy indi olduğu səviyyədə qalmayıb və əhəmiyyətli dərəcədə zəifləyib? Bu sual Amerika rəsmilərini düşündürməlidir”.

Sorğunun nəticələrindən danışan politoloq Zaur Məmmədov isə qeyd edib ki, bu, cəmiyyətin məsələyə ciddi yanaşdığını göstərir: “Əlbəttə ki, əgər onlar informasiya alarkən Amerikanın Azərbaycanın yanında olmasını yox, Ermənistana dəstək verməsini görürlərsə, bu, istər-istəməz ABŞ nüfuzunun aşağı düşməsinə səbəb olur. Azərbaycan vətəndaşı 30 ildir Amerikanın həmsədr kimi fəaliyyətsizliyini görürdü. Hazırkı dövrdə Azərbaycanı Ermənistanın sərhədlərini pozmaqda günahlandırdığını görürlər. Hal-hazırda Qarabağın Azərbaycanın tərkib hissəsi olması ilə bağlı Paşinyanın sülh müqaviləsinə imza atması üçün Ermənistana heç bir təzyiq göstərmədiyini görürlər. Bu kontekstdə sosioloji sorğular tam olaraq real vəziyyəti əks etdirmiş olur. Və bu, bir daha onu göstərir ki, politoloji informasiya, siyasi sahədəki proseslər birbaşa olaraq cəmiyyətin hər bir təbəqəsinin baxış bucağına təsir edir”.

“Ümid edək ki, Amerikanın bundan sonrakı siyasəti Azərbaycanda imicinin qaldırılması istiqamətində olacaq və eyni zamanda, diplomatlar, müvafiq strukturlar bunu Dövlət Departamentinə, ABŞ Prezidentinə demiş olacaqlar. Azərbaycan xalqı bir daha ədalətsizliklə üzləşmək istəmir. Əgər kimlərsə düşmənçiliklərini davam etdirəcəklərsə, o zaman ABŞ da başa düşsün ki, Azərbaycan öz tarixi torpaqlarının tarixi sərhədlərini bərpa edəcək. Bizim sərhədimizi tanımayanın sərhədlərini biz də tanımayacağıq”, - deyə Z.Məmmədov fikirlərinə yekun vurub.

Paylaş:
Baxılıb: 186 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xarici siyasət

Siyasət

Prezident bu gün

Prezident bu gün

07 Dekabr 10:10

Xəbər lenti

Xəbər lenti

Sabahın hava proqnozu

06 Dekabr 12:28

Xarici siyasət

Prezident bu gün

Prezident bu gün

06 Dekabr 10:20

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31