Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qanunsuz ağac kəsimi, yoxsa məmurların “yaşıl soyqırımı”...

Qanunsuz ağac kəsimi, yoxsa məmurların “yaşıl soyqırımı”...

15.05.2024 [10:34]

Qusar rayonunda ağacların qanunsuz kəsilməsi barədə daxil olmuş məlumatlar əsasında Baş Prokurorluq tərəfindən aparılmış araşdırmalar nəticəsində təbiətə vurulmuş zərərlə bağlı cinayət işi başlanılıb. Belə ki, araşdırmalara əsasən, vəzifəli şəxslər tərəfindən səlahiyyətlərindən sui-istifadə edilərək çoxillik ağaclarla əhatə olunmuş meşə fonduna aid 22,3 hektar torpaq sahəsinin təyinatının əsassız şəkildə dəyişdirilib yaşayış məntəqələrinin torpaqları kimi Qusar şəhər bələdiyyəsinin balansına verilməsinə, meşə fondunun ziyan və itkisinin natamam və qeyri-dəqiq hesablanmasına, vəzifə saxtakarlığına yol verilərək torpaq sahəsinin qanunsuz olaraq müxtəlif vətəndaşlara satılmasına, habelə torpaq sahələrində müxtəlif diametrli və cinsli ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə külli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib. Toplanmış material əsasında Cinayət Məcəlləsinin 259.2.4 (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı) və 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Bu hal ətraf mühitə vurulan zərər olmaqla yanaşı, olduqca ağır bir cinayət hadisəsinin baş verməsinin göstəricisidir. Azərbaycanın ekoloji siyasətinə, təmiz ətraf mühit quruculuğu proqramına qarşı yönəlmiş sui-qəsd, “yaşıl cinayətdir”. Azərbaycan beynəlxalq ekoloji ailənin etibarlı və etimadlı üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir, ətraf mühitin qorunmasına milyonlarla dollar sərmayə yatırır, 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “təmiz ətraf mühit və yaşıl artım ölkəsi” hədəfidir. Eləcə də digər mühüm dövlət proqramları çərçivəsində ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması əsas milli prioritet elan edilib və bu istiqamətdə aramsız sürətli işlər həyata keçirilir.

Azərbaycan Prezidenti, Birinci Vitse-Prezident, Heydər Əliyev Fondu ölkənin ərazilərində yorulmadan yaşıllıqlar və yeni meşə zolaqları salır, ölkənin yaşıllıqlar zolağını genişləndirir, təbiətə xüsusi diqqət və qayğı göstərir, dövlət idarələrini bu nəcib təşəbbüsə səfərbər edir və davamlı xarakter daşıyan iməciliklər keçirilir. Bütün bu kimi təqdirolunası və qüruruverici hadisələrin fonunda hansısa harınlamış və məsuliyyət hissini itirmiş məmur dövlətin bu ekoloji strateji maraqlarına zərbə vurur. Bu, açıq-aşkar “yaşıl soyqırımdır”.

Meşə ehtiyatları ekoloji tarazlığın bərpasında ən təminatlı resursdur, ekosistemin sütunlarından biridir. 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib və həmin il çərçivəsində kompeks dövlət tədbirlərindən biri kimi yaşıl ehtiyatların artırılması, o cümlədən meşə fondunun genişləndirilməsi ilə bağlı tədbirlər planı müəyyən edilib və icra oluunmaqdadır. Azərbaycan dövlətinin ekoloji siyasətində ətraf mühitə həssas qayğının milli prioritetlərdən birinə çevrildiyi vaxtda Qusardakı bu cür bağışlanmaz hadisənin baş verməsi ümumdövlət siyasətinə qarşı çıxmaq deməkdir.

Azərbaycan COP29-a sədrliyi öz üzərinə götürmüş və böyük bir qlobal məsuliyyətin altına girmiş ölkədir, beynəlxalq ictimaiyyətin diqqəti hazırda ölkəmizin üzərinə cəmləşib. Azərbaycanın il başlayanadan başlatdığı “yaşıl layihələr” dünya ətraf mühit icması tərəfindən hörmət və etimadla qarşılanır, ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunmasında qətiyyətini və iradəsini bir çox ölkələr nümunə hesab edir. Belə bir uğurgətirici siyasətin davam etdiyi bir şəraitdə hansısa məmurun bu özbaşınalığı dövlətin “yaşıl həmrəylik” siyasətinə zərbə vurur və kənardakılara ölkəmiz haqqında mənfi rəy formalaşdırır. Hansısa məmur tayfasının öz şəxsi mənfəəti və varlanmaq ehtirası dövlətin ekoloji siyasətlə bağlı ortaya qoyduğu sarsılmaz iradəsinin əksinə yönələn təxribat kimi də qiymətləndirilə bilər. 

Bu hadisə həm də ona dəlalət edir ki, bəzi məmurlar yenə də vəzifələrindən sui-istifadə edir, ələlxüsus da özünü faktiki olaraq əksər sahələrdə doğrultmayan, vətəndaşlardan sadəcə vergi toplayaraq kabinetdə vaxt öldürməklə məşğul olan bəzi bələdiyyələr dövlətin şəffaflıq və anti-korrupsiya islahatlarının ahəngini və ritmini pozur, dövlətin hesabatlılıq və dürüstlük siyasətinə qarşı çıxır. Xüsusilə də hansısa icra orqanı ilə şəhər bələdiyyəsinin hələ də işbirliyi, birgə qanunsuz fəaliyyətinin kəsilməməsi, onların dövlət sərvətlərini talamaqdan çəkinməyərək vərdişlərini davam etdirməsi qanunun aliliyinə hörmətsizlikdir. Dövlət meşə fonduna aid torpaqların təyinatının dəyişdirilməsi, torpaq sahəsinin qanunsuz olaraq müxtəlif vətəndaşlara satılması nəinki ağır cinayətdir, eyni zamanda, “Yaşıllıqların mühafizəsi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, Torpaq və Meşə Məcəlləsinin, İnzibati Xətalar Məcəlləsinin, ümumilikdə, 10-dan artıq qanunun pozulması deməkdir.

Meşə Fonduna vurulan zərəri bəlkə də bərpa etmək olar, ancaq dövlətin qlobal ekoloji təşəbbüslərinə və “yaşıl quruculuğa” vurulan zərbəni isə bərpa etmək mümkün deyil. Ona görə də bu cür hallara yol verənlər CM-nin ən ağır maddələri ilə cəzalandırılmalı, onların bu əməlləri digərlərinə görk olmalı, meşələri qıran, meşə torpaqlarını satan dələduzlar barəsində ən sərt addımlar atılmalıdır.

Elbrus

Paylaş:
Baxılıb: 131 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Maraqlı

Fədakar alim...

25 May 11:30

Ədəbiyyat

Qadının kəşfi

25 May 11:20

Gündəm

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31