Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Geosiyasi reallıqlar qlobal xəritəni dəyişir

Geosiyasi reallıqlar qlobal xəritəni dəyişir

25.04.2026 [11:13]

Avropa Komissiyası təmiz enerjiyə keçiddə Azərbaycanla həmrəydir

Avropa Komissiyası geosiyasi risklər fonunda enerji bazarlarındakı qiymət artımı və yanacaq tədarükündəki fasilələrin yaranması səbəbindən Avropa İttifaqı (Aİ) ölkələrinin enerji siyasətini əlaqələndirməyə və təmiz enerjiyə keçidi sürətləndirməyə çağırıb. Komissiya neft və mayeləşdirilmiş təbii qaz tədarükünün əhəmiyyətli hissəsinin keçdiyi Hörmüz boğazının bağlanmasından sonra dünya bazarlarında vəziyyətin kəskin şəkildə gərginləşməsi fonunda bu ssenarinin Aİ üçün olduqca vacib əhəmiyyət daşıdığını bəyan edib. Təhlillərə görə, Yaxın Şərqdə münaqişə başlayandan bəri Aİ-nin qazıntı yanacağı idxalı xərcləri artıq hər gün 500 milyon avrodan çox artmaqla 24 milyard dollara çatıb. Təşkilat bu cür riskləri nəzərə alaraq, “AccelerateEU” planını qabaqlayıcı konsepsiya kimi təqdim edib. Avropa Komissiyasının vitse-prezident Teresa Ribera və enerji məsələləri üzrə komissar Dan Yorgensen tərəfindən təqdim edilən plan Aİ tərəfindən dəstəklənib.

Hörmüz təhdidi Avropanı alternativlər axtarmağa vadar edir

Mövcud vəziyyət və regionda proqnozlaşdırlması mürəkkəb olan fraqmentasiyalar bir çox qitə ölkələri, o cümlədən Avropa üçün Şərqdən gələn yüklərin, ələlxüsus da enerji daşıyıcılarının sabit və dayanıqlı nəqlinin istənilən dövrdə pozulmasına işarə edir. Hörmüz boğazının artıq qlobal təchizat logistikası kimi siyasi təhdid vasitəsinə çevrilməsi dünya ölkələrini və iri korporasiyaları dərindən narahat etməkdədir. Rusiya və Ukrayna arasında davam edən müharibə fonunda pozulmuş nəqliyyat-logistika zəncirinin ardınca, Hörmüz təchizatındakı tıxanmalar Aİ və digər region ölkələrini çıxış yolları axtarmağa vadar etməkdədir. Eləcə də Asiya ölkələri də ağır xammal xərclərindən əziyyət çəkir.

ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) məlumatlarına görə, Hörmüz boğazından gündəlik orta hesabla 21 milyon barel xam neft və kondensat daşınır. Bu həcm dünya üzrə dəniz yolu ilə daşınan neftin təxminən beşdə birini təşkil edir. Daşınan neftin 83 faizi Asiya bazarlarına (əsasən Çin, Hindistan, Yaponiya və Cənubi Koreya) yönəlir. Dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz ixracatçılarından biri olan Qətərin Avropaya mayeləşdirilmiş təbii qaz tədarükünün demək olar ki, hamısı bu keçid üzərindən aparılır. İranın Hörmüz boğazından keçən neft tankerlərindən hər biri üçün 2 milyon dollar rüsum tələb etməsi qiymətlərə kəskin təsir edir. Belə ki, bir kiçik tankerdə təxminən 10 min - 30.000 ton arası neft daşınır. İri həcmli “Aframax” tipli tankerlər isə təxminən 80.000 -120.000 ton arası neft daşıyır. Ümumilikdə, bu “rüsum” təkcə neftin bir barelini təxminən 20-30 dollar bahalaşdırır. Bura təchizatdakı ləngimələr, tankerlərin limanlara və tədarük məntəqlərinə müəyyən edilmiş vaxtdan bir neçə gün sonra çatması əlavə xərclər yaradır. Ona görə də, Aİ kritik enerji asılılığı yaşadığı mayeləşdirilmiş qaz nəqli üçün alternativlər axtarmağa məcbur olur.

Pan-Avropa enerji təchizatçısı

Mövcud vəziyyət Avropanın etibarlı qaz təchizatçılarından biri olan Azərbaycana olan ehtiyacları da artırmış olur. Respublikamızın yürütdüyü enerji siyasəti birbaşa yaxın tərəfdaşlıq və həmrəylik konseptinə əsaslanır ki, bu da enerji sıxıntısı ilə üzləşən ölkələrin xüsusi diqqətindədir. Bu, özünü ötən illər ərzində qonşu Gürcüstanın, Ukrayna, Belarus və digər dövlətlərin timsalında təsdiqləyib. Ötən il Azərbaycan Suriyada geoiqtisadi tablonu nəzərə alaraq bu ölkənin də enerji problemlərinin həllinə dəstək göstərən ilk dövlətlərdən biri oldu.

Beləliklə, Azərbaycan qaz istehsalının həcmi artdıqca enerji həmrəyliyinin halqasını böyüdərək digər ölkələrin də yanacaq sıxıntılarını həll etməyə çalışır. SOCAR 2026-cı ildə Avstriya və Almaniyaya qaz tədarükünə başlamaqla, nəql coğrafiyasını bir qədər də genişləndirdi. Bu ixrac addımı sayəsində Azərbaycan qazını alan ölkələrin sayı 16-ya çatıb. Həmin ölkələrin 12-si birbaşa Avropa İttifaqı (Aİ) ölkələridir. Bu isə Azərbaycanın Avropa regionunda ən güclü təchizatçı və Pan-Avropa təminatçısı olduğunu bir daha təsdiqləyir.

Aİ bölgəsinə qaz ixracı 20 milyard kubmetrə çataçaq

Hazırda Azərbaycan 25 milyard kubmetrdən çox qaz ixrac edir və yanacağın nəqli dayanmadan artır. Ötən il ölkəmizdə 51,5 milyard kubmetr təbii qaz hasil edilib ki, bu da 2024-cü illə müqayisədə 1,2 milyard kubmetr və ya 2,4 faiz çoxdur. Qaz ixracının 12,8 milyard kubmetri Avropaya, 9,6 milyard kubmetri Türkiyəyə, 2,3 milyard kubmetri Gürcüstana, 0,5 milyard kubmetr isə Suriyaya ixrac edilib.

Azərbaycanda qaz hasilatında əsas mənbə olan “Şahdəniz -2” layihəsi üzrə hasilat hər il artır və təkcə bu mənbədən hazırda illik 16 milyard kubmetr qaz istehsal edilir. “Şahdəniz”in əlavə ehtiyatlarından başqa Xəzərdə kəşf edilmiş “Abşeron” və “Ümid” yataqları, “Azəri-Çıraq-Günəşli” yataqlar blokundakı dərin qaz ehtiyatları, olduqca perspektivli “Şəfəq-Asiman”, “Babək”, “Zəfər-Məşəl” və başqa strukturlar da ölkəmizin potensialının artmasında mühüm rol oynamaqdadır. Əsas perspektivli yataqlardan biri olan “Abşeron” yatağında da hasilatın həcmində əhəmiyyətli artımlar müşahidə edilməkdədir. 2025-cü ildə bu yataqdan 1,5 milyard kubmetrdən çox qaz hasil edilib ki, bu, əvvəlki illə nisbətdə 2 dəfəyə yaxın artım deməkdir. Yataqda 350-360 milyard kubmetr qaz ehtiyatları ehtimal edilir. Digər qiymətləndirmələr bu yatağın ehtiyatlarının 400 milyard kubmetrdən də çox olduğunu deməyə əsas verir. Bu isə təkcə, “Abşeron”un Aİ-yə ən azı 20-25 qaz nəqlində perspektiv mənbə olacağını təsdiqləyir.

Mövcud proqnozlara görə, 2026-2028-ci illərdə ölkəmzin Avropa regionuna ixracı 20 milyard kubmetrə çata bilər. Növbəti illərdə ixracın artırılması üçün digər mənbələr də səfərbər olunacaq. Bu isə “Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nda nəzərdə tutulmuş hədəflərə çatmağı təmin edəcək.

Mərkəzi Asiya ölkələri TAP-a qoşulur

Xəzər regionuna zəngin yanacaq mənbəyi kimi xüsusi önəm verən Avropa İttifaqı məhz Azərbaycanın liderliyi sayəsində bölgənin digər ölkələrini - Türkmənistan, Özbəkistan, Qazaxıstanın da Cənub Qaz Dəhlizinə qoşulmasnı və bununla da təkcə bu mənbədən Avropaya illik 100 milyard kubmetrə yaxın qaz nəqlinin əldə olunmasına çalışır. Aİ Mərkəzi Asiya-Xəzər regionlarından çoxşaxəli qaz nəqli tranziti şəbəkəsi yaratmaq niyyətindədir. Mərkəzi Asiyanın ehtiyatlarının Avropa bazarına çatdırılması istisna deyil. Türkmənistan qazının Avropaya nəqli üçün Azərbaycanın müəllifi olduğu TAP kəməri və Cənubi Qaz Dəhlizi marşrutu mövcuddur və işləkdir. Qalır türkmən qazını bu dəhlizə cəlb edərək Avropaya çatdırmaq. Bunun üçün hüquqi mexanizm və beynəlxaql sazişlər olmalıdır. Artıq bu istiqamətdə də hüquqi-iqtisadi təminatlar yaradılır və bu beynəlxalq öhdəliyi isə ilk növbədə Azərbaycan və Türkiyə öz üzərinə götürüb. Ötən ay Bakıda Azərbaycan və Türkiyə arasında təbii qaz sahəsində imzalanan saziş çərçivəsində Türkmənistan qazının Gürcüstan ərazisi ilə Türkiyəyə tədarükü ilə bağlı əldə olunmuş razılaşmaya əsasən, Türkmənistan qazı Bakı-Tbilisi-Ərzurum-TANAP vasitəsilə nəql olunacaq, gələcəkdə isə TAP-la Avropaya ixracı nəzədə tutulur.

Xəzər bölgəsində qaz ixracını artırması Azərbaycanın Avropa və dünya enerji bazarında qaz ixracını böyütməklə regionun ən qüdrətli təchizatçısına çevirəcək. Bu amil isə Azərbaycan və Avropa İttifaqı ölkələri arasında iqtisadi və siyasi münasibətlərin də gündəliyini yeniləməklə sıx əməkdaşlıq platformasını möhkəmləndirəcək.

TAP həm də “yaşıl enerji” dəhlizinə çevrilir

Avropa Komissiyasının “AccelerateEU” planında yer alan prioritetlərdən biri təmiz enerjiyə keçidin sürətləndirilməsidir ki, bu amil də Azərbaycanla əməkdaşlıq üçün dərin iqisadi zəmin yaradır. Belə ki, Avropa Birliyinin dəstəklədiyi strateji planlardan biri kimi Trans-Adriatik Boru Kəməri (TAP) növbəti mərhələdə təbii qazla qarışıq hidrogen nəqli də nəzərdə tutulur. Bu, enerjinin de-kabonizasiyası  və ya təmiz enerji dövrünə hazırlıq deməkdir. Hazırda Avropa Komissiyası təmiz enerjiyə keçid strategiyasına uyğun olaraq TAP konsorsiumunun tərəfdaşları, təchizatçı və alıcılarla bu istiqamətdə fəal məsləhətləşmələr aparır. TAP-ın icraçı direktoru Luka Skyeppati bildirib ki, kəmərlə təbii qazla bərabər, yaşıl hidrogenin nəqli üçün hazırlıq görülür.

Hidrogen tədarükü Cənub Qaz Dəhlizi Məşvərət Şurası Nazirlərinin son ildə keçirilən iclaslarında mütəmadi olaraq müzakirə olunub, istehsal olunacaq hidrogenin Avropaya ixracı təşəbbüsləri irəli sürülüb. Bunun ardınca, TAP konsorsiumu tərəfindən bir neçə ay əvvəl hidrogen daşınmasına hazırlıq məqəsdilə boru kəməri sınaqdan keçirilib. Sınağın ilkin nəticələri ümidverici olub və ümumi rəy texniki imkanların və infrastrukturun hidrogen tədarükünə cavab verdiyini təsdiqləyib. Ancaq bununla yanaşı, kəmərin fiziki imkanlarının gücləndirilməsi, ötürücü stansiyalar və qurğularda, digər infrastrukturlarda zəruri modernləşdirmə işlərinin aparılması tövsiyə olunub. Bu məqsədlə tərəfdaşlar yeni enerji nəqli şəbəkəsinin yaradılmasına və inkişafına sərmayə qoyuluşlarını vacib hesab edirlər.

Qeyd edək ki, hidrogen və bioqaz perspektivli və daha təmiz yanacaq növlərindən hesab olunur. Hidrogen (H2) kainatda ən çox yayılmış maddə və enerji mənbəyi olmaqla, öz yüngüllüyünə görə yer kürəsində molekulyar surətdə nadir rast gəlinir. Hazırda dünyada istehsal olunan hidrogenin əsas hissəsi təbii qazdan alınır. Bu proses zamanı atmosferə karbon qazı emissiyası daha təmiz texnologiya ilə aparılır.

Araşdırmalara görə, hidrogen təbii qazla birlikdə borular vasitəsi ilə ötürülə bilər. Bu baxımdan TAP-la hidrogenin daşınması ilkin mərhələdə qazla birlikdə həyata keçiriləcək. İlkin ssenariyə əsasən, hidrogenin nəqli TAP-la ötürülən təbii qazın 10 faizini təşkil edəcək. Bu, indiki həcm göstəcisi ilə ildə 1,1-1,2 milyard kub.metrə yaxın hidrogen deməkdir.

Hidrogen nəqli Azərbaycanın “yaşıl strategiyası”na uyğundur

TAP-la hidrogen nəqli Azərbaycan hökumətinin də maraqlarına və müasir enerji strategiyasına uyğundur. Respublikamızda həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir. Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinin 5-ci bəndində (“Təmiz ətraf mühit” və “Yaşıl artım ölkəsi”) iqlim dəyişikliyi və onunla mübarizə istiqamətində, eləcə də ölkəmizdə “yaşıl enerji” məkanı prinsiplərinə əsaslanan bərpa olunan enerjidən iqtisadiyyatın bütün sahələrində tətbiqi məsələləri öz əksini tapıb. Həmin hədəf prinsiplərinə uyğun olaraq, hazırda bərpa olunan enerji mənbələrindən istifadə, “yaşıl texnologiyalar”ın tətbiqinin genişləndirilməsi nəzərdə tutulur. Bu baxımdan Azərbaycan hidrogen istehsalında daha çox su resurslarına üstünlük vermək niyyətindədir.

Beləliklə, Azərbaycan TAP-la yaxın illərdə Avropaya ekoloji təmiz enerjinin - hidrogenin nəqlini də təmin etməklə dünyanın müasir enerji təhlükəsizliyində ən məsuliyyətli və etibarlı ölkə olmasını bir daha təsdiqləyəcək.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 101 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30