Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Uşaqlar üçün seçim: Dini xurafat, yoxsa təhsil?

Uşaqlar üçün seçim: Dini xurafat, yoxsa təhsil?

08.02.2023 [10:55]

Uşaqların gələcək həyat yolunun düzgün müəyyənləşdirilməsi dövlət və cəmiyyət üçün çox vacib bir məsələdir. Bəs gələcəyimiz sandığımız uşaqlar hansı yolu tutsunlar? Məscidlərə gedib ibadət öyrənsinlər, yoxsa məktəblərdə təhsil alsınlar? Həmişə aktual olan bu sual həssas yanaşma tələb edir.

Qanunvericilik nə deyir?

Dünyəvi dövlət olan Azərbaycanda uşaqların, gənclərin təhsil hüquqları qanunvericiliklə tənzimlənir. Konstitusiyanın 18-ci maddəsində dövlət-din münasibətlərinə aydınlıq gətirilib. Burada dinin dövlətdən ayrı olduğu, bütün dini etiqadların qanun qarşısında bərabərliyi qeyd olunur. Həmçinin bu maddənin ikinci bəndində insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağan edilir. Nəhayət, üçüncü bənddə dövlət təhsil sisteminin dünyəvi xarakter daşıdığı qeyd edilir.

İndi isə “Dini etiqad azadlığı haqqında” Qanuna nəzər salaq. Burada qeyd olunub ki, uşaqların dinə etiqad göstərməyə məcbur edilməsi qadağandır. Uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir. Sözügedən Qanunun 6-cı maddəsində dövlət təhsil sisteminin dindən ayrı olduğu, eyni zamanda “Dinşünaslıq, dini-idraki, dini-fəlsəfi fənlər, müqəddəs dini kitabların əsasları ilə tanışlıq dövlət təhsil müəssisələrinin tədris proqramına daxil edilə bilər”, -  deyə qeyd olunur. Sözügedən Qanunun 10-cu maddəsində isə vurğulanır ki, din xadimləri və dini ixtisaslar üzrə digər kadrlar hazırlanması üçün dini təhsil müəssisələrini yalnız dini mərkəz və idarələr yarada bilərlər. Dini tədris müəssisələrinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərdiyi qeyd olunur. Bundan başqa, Qanuna 2009-cu ildə edilmiş dəyişikliyə əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə dini təhsil müəssisələrinin proqramlarını təhlil və təsdiq edir, dini tədrisin keyfiyyətinin müəyyən edilməsi üçün rəy verir.

Hazırda Azərbaycanda dini təhsil və ya məlumatlandırma bir neçə səviyyədə aparılır. İlkin mərhələ orta məktəblərdə “Həyat bilgisi” dərsliyində məktəblilərə müəyyən dini bilgilər aşılanır. Bundan başqa, respublikamızda müxtəlif səviyyələrdə dini təhsil almaq mümkündür. Prezident İlham Əliyevin 2018-ci il 9 fevral tarixində imzaladığı müvafiq Sərəncama əsasən respublikamızda dövlət ali dini təhsil ocağı - Azərbaycan İlahiyyat İnstitutu yaradılıb. Gələcəkdə bu təhsil ocağının daha da genişləndirilməsi nəzərdə tutulub. İlahiyyat İnstitutunda Azərbaycan dili, Azərbaycan tarixi, xarici dil kimi fənlərlə yanaşı, gənclərə fundamental dini təhsil verilir.

Hazırda respublikamızda dini mərasimlərin aparılmasında böyük qüsurlarla üzləşirik. Bir sıra hallarda məclislərdə başda əyləşən din “xadimləri” ağızlarını açıb danışan kimi onların dindən uzaq olduqları dərhal başa düşülür. Belələri danışdıqları cəfəngiyyatlarla heç bir halda müqəddəs dinimizi ucaltmırlar. Yaxşı haldır ki, İlahiyyat İnstitutunun müdavimləri bu boşluğu doldururlar. Heç bir halda yol vermək olmaz ki, dindən bixəbər olanlar, xurafat aşiqləri məclislərimizdə önə keçsinlər.

Qadağaların əks-təsir effekti

Rəylərini soruşduğumuz valideynlərin böyük əksəriyyəti birmənalı olaraq seçimlərini təhsillə bağladıqlarını bildirdilər. İfadə olunan ümumi qənaət belə oldu: XXI yüzillik elm, təhsil əsridir. İndiki dövrdə dini biliklərlə uşaqları gələcəyə hazırlamaq mümkün deyil. Azərbaycanın gələcəyi bugünkü uşaqların, gənclərin əlində olacaq. Dünyada texnologiyalar sahəsində sərt rəqabət aparılır və bu rəqabət dərinləşəcək. Uşaqlarımız, gənclərimiz  məhz buna hazır olmalıdırlar.

Bu kimi fikirləri bölüşən valideynlər uşaqların kütləvi şəkildə ibadət yerlərinə cəlb olunmalarından narahatlıqlarını ifadə etdilər. Xüsusilə də uşaqların məscidlərdə  şaxsey-vaxsey, təziyə, Aşura tədbirlərinə qatılmalarının yolverilməz olduğunu bildirdilər. Hətta uşaqların ibadət yerlərinə aparılmasının qanunla qadağan edilməsinin vacibliyini söyləyənlərin sayı da az deyil.

Əlbəttə, burada hər hansı qadağalardan söhbət belə gedə bilməz. Qadağalar bir qayda olaraq əks-təsir effekti verir. Biz bunu keçmiş sovet dönəmində yaşamışıq. Həmin dövrdə uşaqları demirik, yaşlıların belə ibadət etmələrinə müəyyən məhdudiyyətlər yaradılırdı, şəhər və kəndlərdə məscidlərin, digər ibadət yerlərinin sayı barmaqla sayılacaq qədər az idi. Bunun da nəticəsi olaraq insanlarda dinə münasibətdə bir təşnəlik,  “aclıq” yaranmışdı. Müstəqil Azərbaycanda isə müqəddəs dinimizə münasibətdə hər hansı bir qadağa yoxdur və ola da bilməz. Əksinə, respublikamızda tarixi dini abidələr dövlət tərəfindən qorunur. Müstəqillik illərində ölkə ərazisindəki bütün tarixi dini abidələrimiz dövlət vəsaiti, eləcə də Heydər Əliyev Fondunun dəstəyi ilə yüksək səviyyədə təmir-bərpa edilərək insanların istifadəsinə verilib. Eləcə də paytaxt Bakıda və bölgələrdə çoxlu sayda yeni məscidlər və digər dinlərə aid olan ibadət yerləri tikilib. Bütün bunlar dövlətimizin dini dəyərlərə yüksək dəyər verməsinin ifadəsidir.

Təhsilə və uşaqların tərbiyəsinə isə tamam fərqli müstəvidə yanaşılmalıdır. Burada cəmiyyətin, valideynlərin üzərinə böyük məsuliyyət düşür. Bizim hər birimiz övladlarımızın və dövlətimizin qarşısında cavabdehlik daşıyırıq. Uşaqlarımız, gənclərimiz ilk növbədə təhsildə, startaplarda, innovasiyalarda fərqlənməli və uğur qazanmalıdırlar. Göz önündə məscidlərdə zəncir vurub əzalarına xətər yetirməklə bədənindən qan çıxaran uşaqları canlandıraq. Bu gün məktəb partası arxasında əyləşməli olan bu uşaqlar 10-15 ildən sonra cəmiyyətə, dövlətə hansı faydanı verə bilərlər? Sualın cavabı yoxdur.

Dini cərəyanlara qoşulma təhlükəsi

Son vaxtlarda uşaqların kollektiv şəkildə müxtəlif dini ibadət yerlərinə “ekskursiyaya” aparıldığının şahidi oluruq. Bu, hər hansı bir qanunla qadağan edilmir. Sual isə başqadır: Uşaqlar nə üçün kitabxanalara, muzeylərə ekskursiyalara az cəlb olunurlar və yaxud heç cəlb olunmurlar? Təəssüf doğuran haldır ki, bir sıra hallarda məhz valideynlər öz uşaqlarının əllərindən tutaraq onları məscidlərdə təşkil olunan Aşura  tədbirlərinə aparırlar.  Burada udan bir tərəf isə ümumiyyətlə yoxdur. Hələ dünyanı tam dərk etməyən uşağın kiçik yaşlarından məhz valideyninin himayəsi ilə dini xurafata sürüklənməsi sonradan böyük faciələrə yol açır.

Biz yuxarıda respublikamızda qurulan dini təhsil barədə bəhs etdik. Bəli, din də bir elmdir və sistemli şəkildə öyrənilməlidir. Ancaq etiraf edək ki, uşaqlara heç də həmişə lazımi dini biliklər aşılanmır. Ölkə üzrə dini “tədris” edən çoxsaylı kursların mövcud olduğunu inkar etmək mümkün deyil. Həmin kurslarda uşaqlara din yox, xurafat öyrədilir.

Etiraf edək ki, həmin kurslarda uşaqların müxtəlif dini cərəyanlara cəlb edilməsi ehtimalı da kifayət qədər yüksəkdir. Bir neçə gün bundan əvvəl respublikanın hüquq-mühafizə orqanları İrana casusluq fəaliyyəti ilə məşğul olan geniş şəbəkənin daha 40-a yaxın üzvünü aşkarlayaraq saxlayıb. Onların böyük əksəriyyəti dini xurafata uyumuş gənclərdirlər. Din pərdəsi altında gizlənən müəyyən antimilli dairələr üçün belə gəncləri İranla casusluğa, Yaxın Şərqdə “cihad müharibələrinə” cəlb etmək çox asandır. Təkcə son vaxtlarda çoxsaylı belə faktların aşkarlanması valideynlər üçün ciddi siqnal olmalıdır. Valideynlər öz uşaqlarının taleyi ilə oynamamalıdırlar. Uşaqların əlindən tutub onları ibadət yerlərinə yox, məktəblərə, muzeylərə, kitabxanalara daşımaq lazımdır. Müqəddəs dinimizdə buyurulan da elə budur!

Həm təhsil, həm də milli-mənəvi dəyərlər

Milli Məclisin deputatı Ceyhun Məmmədov “Yeni Azərbaycan”a açıqlamasında məsələyə birtərəfli yanaşmanın əleyhinə olduğunu bildirib. Onun qənaətinə görə, din və təhsil anlayışlarını bir-biri ilə qarışdırmaq olmaz, bunlar tamamilə ayrı-ayrı məsələlərdirlər. Fikirlərinə davam edən Ceyhun Məmmədov vurğulayıb: “Əlbəttə, bizim gənclərimiz öncə təhsil ocaqlarına getməlidirlər, məktəbdə bilik, savad almalıdırlar, eyni zamanda xalqımızın milli-mənəvi dəyərlərinə sahiblənməlidirlər. Burada biz elə bir yanaşma ortaya qoymalıyıq ki, həm gənclərimizin təhsil almalarına mane olmamalıyıq, eyni zamanda onların milli-mənəvi dəyərlərimizə bağlılıqlarını təmin etmək üçün addımlarımızı atmalıyıq. Bəzi hallarda Azərbaycan cəmiyyətində bu iki məsələ qarşı-qarşıya gətirilir. Sual bəzən elə qoyulur ki, biz sanki bu iki seçimdən birini etməliyik. Halbuki belə yanaşma düzgün deyil. Bəli, bizim gənclərimiz öncə bilik almalıdırlar, savadlı olmalıdırlar, ancaq milli-mənəvi dəyərlərimizdən də uzaq düşməməlidirlər”.

Mübariz

Paylaş:
Baxılıb: 516 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30