Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Prezident İlham Əliyev təhsilə və təhsil işçilərinə xüsusi qayğı göstərir

Prezident İlham Əliyev təhsilə və təhsil işçilərinə xüsusi qayğı göstərir

03.10.2009 [12:10]

Dövlətimizin başçısı tərəfindən mükafatlandırılan bir qrup təhsil işçisi “Yeni Azərbaycan” qəzetinin qonağı olub
5 oktyabr - Beynəlxalq Müəllim Günüdür. Bütün dünyada olduğu kimi, ölkəmizdə də bu tarix xüsusi olaraq qeyd edilir. O da hər kəsə məlumdur ki, ölkəmizdə elmə və təhsilə, eyni zamanda, bu elmi bizə çatdıran müəllimlərə böyük hörmət və ehtiram göstərilir. Bütün bunları nəzərə alaraq məhz növbəti Müəllim Günü ərəfəsində Dəyirmi masa keçirməyə qərar verdik. ölkəmizdə təhsilin inkişafı və ortaya çıxan bəzi problemlər, dərsliklərimiz, təhsil müəssisələrində həyata keçirilən yeniliklər, elmimizin müasir səviyyəsi, həmçinin, müəllim-şagird münasibətləri və digər məsələlərin müzakirəsinin nəzərdə tutulduğu Dəyirmi masanın qonaqları isə “Ən yaxşı müəllim” müsabiqəsinin qaliblərindən olan Arifə Rəsulova (164 saylı məktəbdə xarici dil müəllimi), Fatma Hacıyeva (83 saylı məktəb-liseydə informatika müəllimi), Vəli Əliyev (İlyas Əfəndiyev adına Elitar gimnaziyanın kimya müəllimi), Bikə Nəcəfova (Nəsimi rayon 23 saylı məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi), Rüfət Rzayev (Akademik Zərifə Əliyeva adına məktəbdə tarix müəllimi), həmçinin, “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibləri arasında olan 20 saylı məktəb-liseyin direktoru Əkbər Qocayev, 3 saylı məktəbin direktoru Nizami Novruzov, Natiq Tağıyev adına 212 saylı orta məktəbin direktoru Qurban Həsənov və Abdulla Şaiq adına 54 saylı məktəbin direktoru Sahibə Abbasovadır.
Şagirdlərə öyrənməyi öyrətmək lazımdır
- ümumiyyətlə, ölkəmizdə təhsilin səviyyəsi, bu sahənin mütəxəssisləri olaraq, sizi qane edirmi?
Vəli Əliyev (V.Ə): Əvvəlki standartlarda şagirdin hansı yaşda nəyi bilməli olduğu qeyd edilirdisə, indiki standartlarda şagirdin bacarıqları önə çəkilir. Tələb dəyişib və şagirdin biliyini tətbiq etməsi vacib sayılır. Azərbaycan məktəbləri bilik verir və bizim şagirdlər, tutaq ki, Türkiyə şagirdləri ilə müqayisədə daha biliklidir. Ancaq təqdimatda onlar bizim uşaqları qabaqlayırlar. Odur ki, bacarıqları vərdişə çevirmək və istifadə etməyi öyrətmək vacibdir. Bəzən uşaqlar 11 il öyrəndiyi fənni sonradan unudur. Elə bil heç bu dərsi keçməyib. Ancaq tədris prosesində aparılan təcrübəni ömrüboyu unutmur. Təbii ki, insanın hər öyrəndiyini ömrüboyu yadda saxlaması mümkün deyil. Lakin, elə etmək olar ki, şagird elmi, biliyi daha çox mənimsəsin. Sovet dövründə də bu fikir tez-tez səsləndirilirdi: “öyrənməyi öyrətmək lazımdır”. Ancaq buna əməl etmirdilər. İndi məktəblərdə məhz bunu etməlidirlər. Qorxutmaqla, hədələrlə uşaqlara mövzunu mənimsətmək mümkün deyil. Bu cür tədris metodu uşaqları kitablardan uzaqlaşdırır. Hətta məktəbi qurtaranda özlərini azadlığa çıxmış kimi hiss edirlər. Bir daha kitaba yaxın getmirlər.
- Uzun illər Azərbaycan kimya elminə xüsusi marağın göstərildiyi məkan kimi tanınıb. Bəs, hazırda ölkəmizdə kimya elminə maraq qalırmı?
V.Ə: İndi marağı tələbat yaradır. Hazırda bu elmlə kimya və tibb sahəsinə üstünlük verənlər maraqlanır. Neft müqaviləsi imzalanandan sonra bu fənnə maraq artıb. Bu istiqamətdə ixtisas seçənlər kimya fənnini öyrənməli olurlar. Lakin bu maraq istənilən səviyyədə deyil. Halbuki, Bakı “Neft Akademiyası” adlanıb. Moskvanın aparıcı mütəxəssisləri burada işləyib. Təbii ki, maraq təbliğatla artmır, tələbata uyğun olaraq artır.
Arifə Rəsulova (A.R): Xaricdə təhsilin bir sıra üstünlüyü var. Məsələn, 15 yaşlı uşaqlarda biliyin tətbiqini yoxlayırlar. Uşaqlar sadəcə standart suala cavab vermirlər. Onlara konkret situasiyanın təsviri təqdim edilir və həmin şəraitdə şagirdin hansı hərəkəti edəcəyi soruşulur. Şagird konkret vəziyyətdə kimya, fizika və başqa fənlərdən əldə etdiyi biliklər əsasında çıxış yolunu göstərir. Bununla da imtahanda müəyyənləşdirilir ki, şagird fənləri necə mənimsəyib və ondan istifadə edə bilirmi?
Bikə Nəcəfova (B.N): ölkədə təhsil islahatı beynəlxalq təcrübəyə əsaslanır. Birinci mərhələ yeni müasir yanaşmaların tətbiqi ilə yaddaqalan oldu. Artıq kurikulumların tətbiqi mərhələsindəyik. Yeni kurikulumun tələbinə görə təlim prosesi nəticələrə əsaslanır. Müəllim istiqamətverici, məsləhətçi, şagirdlər isə öyrəndiyini tətbiq edən yaradıcı subyektlər kimi çıxış edir. Ancaq bizim şagirdlərlə bağlı narahatçılıqlarımızdan biri məhz onların yaradıcı olmaması, kitabxanalardan uzaqlaşmasıdır. Məktəbimizdə tez-tez tədbirlər keçiririk. Həm ekskursiyalar, həm də şair və yazıçılarımızla şagirdlərin görüşünü təşkil edirik. Ancaq məktəbimizdə üstünlük verdiyimiz bir amal var ki, biz buna çox diqqət yetiririk. Məsələn, elə şagirdimiz var ki, 2-3 dil bilir, ancaq onda Vətən sevgisi azdır. Əksinə, nisbətən zəif oxuyan şagirdimiz Vətəni ilə bağlı bütün məsələlərdə həssaslıq nümayiş etdirir. Biz ikincilərə üstünlük veririk və şagirdlərimizin hər birində bu hissin çox yüksək olmasına çalışırıq.
Qurban Həsənov (Q.H): Məktəbimizdə hərbi vətənpərvərlik məsələlərinə və idmana xüsusi maraq var. Bizim Zaur Məmmədov adlı şagirdimiz 15 yaşlı oğlanlar arasında dünya çempionudur, şahmat üzrə Azərbaycan komandasının üzvüdür və bu yaxınlarda həmin komanda ilə Hindistanda keçirilən yarışda fərqlənib. 4-cü sinifdə oxuyan Nərmin adlı şagirdimiz artıq şahmat üzrə Avropa çempionudur. Hesab edirəm ki, bu, məktəbimizdə idman və hərbi vətənpərvərlik istiqamətində aparılan işlərin nəticəsidir. Ona görə də düşünürəm ki, təlimin yeni metodikası qurulmalıdır. İndiyədək “təlim-tərbiyə” deyirdik, ancaq artıq tərbiyəyə üstünlük verilməli, bu istiqamət önə keçməlidir. çünki, tərbiyə düzgün qurulanda bu, təlimə öz müsbət təsirini göstərir. Yeni təlim texnologiyalarından danışırıq. Yeni təlim texnologiyaları şagirdlərin fəallığının artırılmasıdır. Əvvəllər müəllimlərin fəaliyyəti əsas təşkil edirdisə, indi fəallıq şagirdlərin üzərinə düşür. Müəllim isə, sadəcə, istiqamətverici, məsləhətçi olur. Yəni, “öyrənməyi öyrətmək” prinsipi, bax, budur-təlim prosesində şagirdin fəallaşdırılması, məntiqinin inkişafı. Azərbaycan məktəblərində ən böyük problem oxu problemidir. Sadə görünsə də, bu, çox böyük problemdir. Şagirdlərə düzgün oxunu öyrətmək lazımdır. Əslində bu problem birinci sinifdə həll edilməlidir. Təbii ki, bu problem gələcəkdə həll ediləcək. Onu da deyim ki, bizim məktəb şagirdinin sonrakı taleyi, yəni, onun hansı sahəni seçməsi, hansı ölkədə, hansı ali məktəbdə təhsil alması ilə də maraqlanır. İnternetlə daim əlaqələr yaradılır. Təlim əsas deyil, məktəbdə həm də vətəndaş yetişdirilməlidir. Yeni qiymətləndirmə konsepsiyası irəli sürülüb. Məktəb rəhbərliyi, müəllimlər bunu öyrənməlidir.
Kadr hazırlığı ən vacib məsələlərdəndir
- Kadr hazırlığı və onların yerləşdirilməsi təhsildə mühüm sahədir. Bu istiqamətdə müəyyən addımlar atılsa da, problemlər də var...
A.R: Hesab edirəm ki, kadr hazırlığı ən vacib məsələlərdəndir. Mən bununla bağlı Təhsil Nazirliyinə öz təkliflərimi göndərmişəm. Hətta “İlin ən yaxşı müəllimi” müsabiqəsində 10 dəqiqəlik təqdimatımda da bu problemə toxunmağı özümə borc bildim. Nazirlikdə də bu istiqamətdə xeyli həyata keçirilməsi nəzərdə tutulan fikirlər, layihələr var. Lakin bunun üçün vaxt lazımdır.
Nizami Novruzov (N.N): Kadr məsələsi təhsilin ən ağrılı yeridir. Yaxşı müəllimlərin sayı çox azdır. Təbii ki, bu gün bu Dəyirmi masada iştirak edən müəllimləri görəndə insanın ürəyi qürur hissi ilə dolur. Belə müəllimlərin ucqarlarda da olmasını istəyirik. 10-20 il əvvəl Gədəbəyin ucqar kənd məktəbində işləyən riyaziyyat müəlliminin yetişdirdiyi şagirdlər 100 faiz ali məktəblərə qəbul olunurdu. Lakin müstəqilliyimizin ilk illərində yaxşı müəllimlərin çoxu müxtəlif problemlər səbəbindən təhsildən ayrıldı. İndi isə vəziyyət dəyişib. Hazırda ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində bütün sahələrdə olduğu kimi təhsil sahəsində də nailiyyətlər əldə edilməkdədir.
Fatma Hacıyeva (F.H): Mən öz sahəm barədə deyə bilərəm ki, burada kadr hazırlığı xüsusilə vacibdir. ötən il mən “İlin ən yaxşı müəllimi” müsabiqəsinə qatıla bilmədim. çünki layihə çərçivəsində direktorlara İKT üzrə təlim keçirdik və iki müəllim idik. Birimiz müsabiqəyə qatıldıq, o birimiz yox. Lakin bu sahədə şagirdlərin səviyyəsi ürəkaçandır. İKT sahəsində dövlətin qoyduğu vəsait, demək olar ki, öz bəhrəsini verib. Hətta məktəblərdə şagirdlərin informasiya texnologiyaları sahəsində biliyi müəllimləri üstələyir. Bütün fənlər üzrə uşaqlar əlaqəli işləyə bilir. Hər hansı fənn müəlliminə internet və kompyuterlə işləməkdə məhz şagirdlər yardımçı olur. Bir informasiya lazım olanda şagirdlər “internetdən bu məlumatı çıxarıb gətirərəm” deyirlər. Bu, artıq irəliləyişdir. Buna da məhz Prezident İlham Əliyevin təhsil siyasəti sayəsində nail ola bilmişik. Məktəblərdə İKT-nin təbiqi ilə bağlı ilkin açıqlamalar verilərkən hər kəs bəlkə də elə hesab edirdi ki, deyilənlər adi vəddir. Lakin sonradan kompüterlərin alındığını, məktəblərin internet şəbəkəsinə qoşulduğunu görəndən sonra bu sahəyə maraqlar daha da artdı. İndi şagirdlərimiz öyrənməyə, təhsil almağa, savadlanmağa daha həvəslidirlər. Ona görə də məktəblərdə müəllimlərin başladığı hər layihə uğurla nəticələnir. Müəllim bir layihəyə başlayıb uşaqlarla hər hansı işə start verəndə şagirdlərindən həvəslə cavab ala bilir. Müəllim nəinki tapşırığının nəticəsini görür, hətta şagirdlər yeni təşəbbüslə çıxış edir. Bu, artıq aparılan təhsil siyasətinin uğurudur.
Azərbaycanda dərslik yazmaq təcrübəsi cəmi 10 ildir formalaşıb
- Dərsliklərlə bağlı tez-tez iradlar səslənir. Burada dərslik müəllifləri də var, istifadəçi müəllimlər də. Necə bilirsiniz, bu sahədə doğrudan da problem?
Əkbər Qocayev (Ə.Q): Heç kəs nəzərə almır ki, Azərbaycanda dərslik yazmaq təcrübəsi cəmi 10 ildir formalaşıb. Ona qədər isə Azərbaycan dili, ədəbiyyatı və tarixi ilə bağlı dərsliklər istisna olmaqla, qalanları tərcümə olub. “Azərbaycan tarixi” və “Dünya tarixi”, həmçinin, “İnsan və cəmiyyət” dərsliklərinin müəllifi kimi hesab edirəm ki, ölkə tarixini yazmaq, dünya tarixini, ümumbəşəri dəyərləri olduğu kimi çatdırmaq çox çətindir. Ən çox tənqid olunanlar da, deyəsən, tarix dərslikləridir. Bu, əvvəllər bir az da çətin idi. Əlimizdə ciddi materiallar olmadan böyük bir dövrü yenidən yazmalı idik. Elə poliqrafik cəhətdən də ortaya keyfiyyətli dərslik çıxara bilmirdik. Artıq vəziyyət dəyişib. Xüsusən, son beş ildə istər poliqrafik, istərsə də digər cəhətdən keyfiyyətli dərsliklər hazırlaya bilirik. Eyni zamanda, özəl nəşriyyatlarda da yüksək səviyyəli avadanlıqlar quraşdırılıb. Bununla istədiyimiz keyfiyyəti əldə edə bilirik. Hətta Türkiyə, Avropa ilə ayaqlaşırıq. Dərsliklər 4-5 ildən bir çap edilir. çapa getməzdən əvvəl qabaqcıl müəlliflər dəvət edilir və Nazirlikdə bu məsələ müzakirə olunur. Aşkar olunan səhvlərin siyahısı təqdim edilir. Hər hansı şəxsin subyektiv fikri ilə dərslik dəyişdirilə bilməz. 10-11-ci siniflərin “Azərbaycan tarixi” dərsliyində əvvəllər qeydə alınan səhvlər artıq yoxdur. Tutaq ki, bayrağın rənglərində hər hansı yanlışlıq texniki səhvdir. İstənilən halda səhvlərin düzəldilməsi isə təqdirəlayiqdir. Cəmiyyətin səhvə reaksiyası da yüksək qiymətləndirilməlidir.
Q.H: Mən də hesab edirəm ki, dərsliklər keyfiyyətcə çox yüksək səviyyədə hazırlanır. Rəngli olmağı xüsusən ibtidai siniflərdə şagirdlərdə kitaba marağı artırır. Səhvlərə gəlincə, fikirləşirəm ki, burada da yanaşma özünü göstərir. Sovet dövründə dərslikləri rus akademiklər tərtib edirdi və onları müzakirə etmək belə heç kimin ağlına gəlmirdi. İndi isə bunu özümüzünkülər edir. Təbii ki, nöqsanlar var və təhsil inkişaf etdikcə bu nöqsanlar tədricən aradan qaldırılacaq. Bir prinsipial məsələ də var: 4 il bu kitabların gigiyenik cəhətdən qorunması çətinlik yaradır. Gələcəkdə bu müddət azaldılmalıdır. Xarab olan dərslikləri əvəz etmək üçün az miqdarda yeniləri də çap olunur. Ancaq gələcəkdə bu, nəzərə alınmalıdır. Başqa bir məsələni də qeyd etmək istəyirəm. Təhsilimizin gələcəyi üçün çox böyük proqramlar qəbul olunub. Hamı onun həyata keçirilməsini gözləməli deyil, bu prosesə qoşulmalıyıq. İnteqrativ təhsildən söhbət gedirsə, inteqrativ dərsliklər də hazırlanmalıdır.
18-20 adda dərsliyə ehtiyac yoxdur. İnteqrasiya getməlidir. Şagirdlərin də yükünü azaltmaq lazımdır. Məsələn, qədim dünya tarixində müxtəlif hökmdarların adlarına ehtiyac yoxdur. Bugünkü elmin inkişafı üçün bu adlar lazımdırmı? Yaxud, okeanın dibindəki bütün prosesləri öyrənmək şagirdə lazımdırmı?
Rüfət Rzayev (R.R): Dərsliklər məsələsində bəlkə də xarici təcrübədən yararlana bilərik. Bəzi ölkələrdə dərsliklər böyük ölçüdə olur. Onu uşaqlar evə aparmırlar. Həmin dərslik üzrə müəllim üçün vəsait də var. Elə suallar olur ki, onların cavabı subyektiv yanaşma ilə verilir. Bir müəllim bir cür, digər müəllim isə başqa cür cavab verir. Hesab edirəm ki, müzakirə olunacaq məsələlər kifayət qədərdir. Mən də hökmdarların hamısının adlarını uşaqların əzbərləməsinin vacib olmadığını düşünürəm. Təbii ki, bunların hamısını dərsliklərə salmağa lüzum yoxdur. Tarixdə vacib adlar, vacib şəxsiyyətlər, vacib hadisələr kifayət qədər çoxdur.
V.Ə: Artıq bir neçə ildir ki, dərsliklərə hər il əl gəzdirilir. Dərsliklərin hazırlanmasında da müəyyən qədər problemlər olur. Tutaq ki, kimya dəqiq elmdir və burada hər hansı mövzu barədə qısa məlumat vermək mümkün olmur. Nazirlikdən isə dərsliklərin həcmi ilə bağlı konkret ölçü qoyulur. Hətta bu ölçüyə əməl etmək bizim üçün çətinlik yaratdı və məcbur olub bəzi məsələləri dərslikdən çıxartdıq. Bir neçə il əvvəl də bizə dərsliklə bağlı iradlar göndərilirdi. Onların da obyektivi, subyektivinə rast gəlirdik. Təbii ki, iradlar nəzərə alınıb. Dəqiq elm olduğundan kimya elə böyük mübahisə doğurmur. Onu da deyim ki, qısqanclıq bu mübahisələrin əsas səbəbidir. Bir zamanlar Moskvadan gələn dərsliklərdə nəinki korrektə, hətta elmi səhvlər də vardı. Ancaq o səhvləri də doğma kimi qəbul edirdilər. Tanıdığımız adamların dərslik tərtib etməsini isə qəbul edə bilmirik. Dərsliklərin tərtibində nəzərə alınmalıdır ki, şagird bütün biliyi məhz buradan əldə etməlidir. Təlim prosesinin müəllimdən asılılığı azalmalıdır. İndi hər bir dərs müəllimdən asılıdır. Dərslər sənədləşməlidir. Kənddəki müəllim bir cür, şəhərdəki müəllim isə başqa cür dərs keçir. Hər kəs ağlına gələn sualı verməməlidir. Kurikulum sadəcə konseptual sənəd deyil ki. Bütün sənədlər, eyni zamanda, dərsliklər kurikulumdur.
F.H: Bizim elə bir problemimiz olmasa da, termin məsələsində narahatlıqlar yaranır. Məcbur olub terminlərdən, sözlərdən üç dildə istifadə edirik. çünki Azərbaycan dilində termini elə vəziyyətə qoyurlar ki, uşaqlar başqa dildən istifadə edib terminə uyğun söz tapa bilmir və çaşıb qalır. Fikrimcə, kitab müəllifləri və mütəxəssislər ayrı-ayrı fənlər, sahələr üzrə lüğətin hazırlanmasında iştirak etməlidir.
V.Ə: İcazə verin, bu məsələyə müdaxilə edim. Hər hansı sözlə bağlı problem olanda Azərbaycan dili lüğətinə müraciət edirdik. Sovet dövründə tərtib edilən lüğət hər hansı sözlə bağlı şübhəyə son qoyurdu. Amma hazırda, məsələn, “Kondensləşmə” sözü lüğətimizdə rus dilindən tərcümə edilərək “kondensasiyalaşma” kimi verilib. Bu tip sözlər çoxdur və bu lüğət yenidən işlənməlidir. Terminə müəllif istədiyi kimi yanaşa bilməz.
A.R: Dərsliklərin tender yolu ilə çapı çox mühümdür. Bu variantla çox uğurlu nəticə əldə etmək olar. Ancaq tender düzgün aparılarsa, nəticə uğurlu ola bilər. Təəssüf ki, dərsliklərin çapına gəlir mənbəyi kimi baxırlar. Nəşriyyatlar, müəlliflər məsələyə maraqları çərçivəsində yanaşdığından müəllimə və şagirdə lazım olmayan dərsliklər meydana çıxır. Müasirlikdən başqa, müqayisəli dərslik olmalıdır. Əlaqəsiz dərslik yazıla bilməz. Xaricdə alternativ dərsliklər olur və hansından istifadə etməyi müəllim özü seçir. Dərslik uşağa bilik, məlumat verməli, cəlbedici olmalıdır.
Ə.Q: Alternativ dərsliklər çox gözəl fikirdir. Ancaq bu, bizdə alınmadı. “Bakı” və “çaşıoğlu” nəşriyyatlarında “ümumi biologiya” dərsliyi buraxıldı. Ancaq bazar formalaşmadığından Nazirlik məcbur olub qərar verdi ki, Bakı və Sumqayıt məktəblərində “Bakı” nəşriyyatının çap etdiyi, rayonlarda isə digər nəşriyyatın çap etdiyi dərslikdən istifadə olunsun. Vacib bir məqamı qeyd etmək istəyirəm. Bəzi problemlərə baxmayaraq, Azərbaycan təhsili çox ölkələrdən irəlidədir. Hətta beynəlxalq tədbirlərdə özümü qane etməyən dərsliklərimiz də heyrətə səbəb olur. Kiyev şəhərində Avropa Şurasının regional tarix dərslikləri üzrə seminarında iştirak edirdim. Bu beynəlxalq tədbirin iştirakçıları dərslikləri diskdə təqdim etməyimizdən heyrətləndilər. Bütün dərsliklərin elektron variantının olması, təhsil portalının fəaliyyət göstərməsi, istənilən müəllimin bu portala daxil olub dərs keçə bilməsi nailiyyətdir və bu nailiyyətlərimz başqa ölkələrdə heyrətə səbəb olanda insan öz ölkəsi, öz təhsili ilə fəxr edir. Bunlar isə məhz Prezident İlham Əliyevin təhsilə qayğısı ilə əldə edilib.
- Şagird sıxlığı, müəllim çoxluğu paytaxt məktəblərinin ən böyük problemlərindən biridir. Bu problemi aradan qaldırmaq üçün həyata keçirilən tədbirləri məktəb direktorları və müəllimlər necə qarşılayır?
Ə.Q: Dediyiniz problemin olması məktəb direktorlarından asılı deyil, son zamanlar şəhərlərə axın və yaranan vəziyyətlə əlaqədardır. İstər məcburi köçkün və qaçqınların, istərsə də şəhərə işləmək məqsədi ilə gələnlərin burada müvəqqəti və ya birdəfəlik məskunlaşması nəticəsində, demək olar ki, şəhər məktəblərinin çoxunda bu vəziyyət yaranıb. Lakin Nazirlik bu istiqamətdə tədbirlər görməyə başlayıb. Artıq müəllimlər Təhsil Nazirliyində müsabiqədən keçib sonra təhsil müəssisəsinə göndərilir. Təbii ki, müsabiqə üçün də vakant yer olmalıdır.
Fənni şagirdlərə sevdirməliyik
- Bu günlərdə məktəblərdə şagirdlərin mənimsəmə qabiliyyətinin aşağı olmasından danışılır. Xüsusən, tələbə qəbulunun nəticələrindən sonra bu barədə fikirlər tez-tez səslənir...
Sahibə Abbasova (S.A): Qeyd etmək istəyirəm ki, şəxsən rəhbərlik etdiyim məktəbdə şagirdlərin mənimsəmə qabiliyyətindən razıyıq. Məsələn, ötən il məktəbimizin cəmi 1 şagirdi mərkəzləşdirilmiş buraxılış imtahanından keçə bilmədi. Eyni zamanda bir faktı da diqqətinizə çatdırım. Bu il ali məktəblərə keçirilən qəbul imtahanlarının nəticələrinə görə, məzunlarımızın 60 faizi tələbə adını qazanıb. Düzdür, müəyyən problemlər də var. Lakin bu bizə əsas vermir ki, ümumilikdə uğurları kölgə altına alaq.
F.H: Müsabiqə zamanı dərs keçdiyim məktəbdə şagirdlərin bilik səviyyəsi və mənimsəmə qabiliyyətindən narazı qalmadım.
- Burada ən yaxşı müəllimlər və ən yaxşı məktəblərin direktorları təmsil olunur. Müəllim-şagird münasibətləri kimi, müəllim-rəhbərlik münasibətləri də vacibdir. Maraqlıdır, müəllimlərin direktorlara, məktəb rəhbərliyinin isə müəllimlərə iradı, məsləhəti, sözü nə ola bilər? Yaxşı müəllimlər yaxşı direktorların, direktorlar isə yaxşı müəllimlərin timsalında bir-birinə nə deyəcək?
N.N: Burada müəllimlərin fəal hissəsi oturub. Lakin müəllimlərin bir çoxu hələ də ətalətdən çıxa bilməyib. Bunların yaşla əlaqəli olanı var, problemləri ilə əlaqədar olan var. Yəqin ki, ətalətdə olanların sayı çox, fəalların sayı az olsaydı, ətalət pozulardı. Ancaq mən müəllimlərə həmişə bir irad tuturam. Məsələn, Azərbaycan dili müəlliminə deyirəm ki, bu dili mənə sevdir. Elə et ki, mən bu fənni sevim və öyrənim. Yəni müəllim şagirddə maraq yaratmalıdır. Məktəbimizin çox yaxşı müəllimləri var. Ancaq mən Azərbaycan dili, ədəbiyyat, tarix müəllimlərinə deməli oluram ki, uşaqları əzbərçiliyə öyrətmək lazım deyil. Müəllimlərin qarşısında bir vəzifə qoyuram - Müəllim adına layiq olaq.
V.Ə: Kimya fənni müəllimlərinin ən böyük problemi texniki təchizatla bağlıdır. Laboratoriyası, texniki avadanlığından başqa müəllimlərin nə problemi ola bilər?
R.R: Burada müəllimlərlə əməkdaşlıq edən, onlar üçün şərait quran direktorlar oturub. Hesab edirəm ki, bütün direktorlar belə olmalıdır. Hamı buradakı direktorlar kimi olmağa çalışsın.
A.R: Direktor hərtərəfli olmalıdır. Savadlı, bacarıqlı olmalıdır. öz üzərində işləməyi bacarmalıdır ki, irad tutanda əvəzində “sən özün kimsən?” cavabını almasın.
Ruhiyyə DAŞSALAHLI
Nadir AZƏRİ
P.S. “Yeni Azərbaycan” qəzeti olaraq “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin qaliblərini redaksiyamıza dəvət etmək, onlarla bağlı mütəmadi reportajlar hazırlamaq və bu yolla Prezident fəaliyyətindən mükafatlandırılanları ictimaiyyətə də tanıtmaq niyyətindəyik. Bu istiqamətdə ilk yazımızı növbəti saylarımızda oxuya bilərsiniz.

Paylaş:
Baxılıb: 1425 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30