Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Məftunedici gözəlliyi və səxavətli təbiətilə müasirləşən Balakən...

Məftunedici gözəlliyi və səxavətli təbiətilə müasirləşən Balakən...

26.08.2009 [01:22]

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın (2004-2008) uğurlu icrası nəticəsində rayonun siması tamamilə dəyişib
Azərbaycan Respublikasının şimal-qərbində yerləşir. Balakən rayonu Gürcüstan və Rusiya ilə həmsərhəddir və 923 km2 ərazisi var. Rayon ərazisinin 46,4 min hektarını meşələr, 16,5 min hektarını dövlət qoruğu, 18 min hektarını əkin sahələri, 6,1 min hektarını bağlar təşkil edir. Dağlar qoynunda yerləşən Balakənin 33,1 min hektar sahəsi kənd təsərrüfatına yararlıdır. Rayonun relyefi şimal və şimal-qərbdə dağlıq, cənubda isə düzənlikdir. 90 min nəfər əhalisi olan Balakəndə 24 xalqın nümayəndəsi yaşayır.
Balakən rayonu əsrarəngiz təbiətə malik rayonlardan biridir. Rayon gəzməli, görməli yerlərlə çox zəngindir. Katexçay şəlaləsi, İmambulaq, Arılıq, Qaraçay-Razvedka, Mazımqara, Mirovoy Voda, Sərif kəndində Bağman Bulağı və s. belə yerlərdəndir. Böyük rekreasiya-turizm resurslarına malikdir. Zəngin meşə örtüyü ölkənin meşə ehtiyatlarının 5 faizini təşkil edir. Meşələrində palıd, vələs, fıstıq, qızılağac, akasiya və s. ağaclar bitir. Qanıx (Alazan) çayı boyunca tuğay meşələri var. Dərman bitkiləri ilə zəngindir. Maraqlıdır ki, dünyada Şuşadan başqa heç yerdə bitməyən Xarı Bülbül adlı məşhur gül Balakən rayonunda bitir.
Heyvanat aləmi də zəngindir. Dağ və düzənlik meşələrində qonur ayı, dağ keçisi, canavar, çaqqal, tülkü, qaban, dovşan, cüyür və s. heyvanlar yaşayır. Böyüklüyünə görə Azərbaycanda ikinci olan Zaqatala qoruğunun 3/4-ü Balakən rayonunun ərazisinə düşür. Ən iri çayları Qanıx (Alazan), Balakənçay, Katexçay və Mazımçaydır.
Ballı məkandan Balakənədək...
Balakənin tarixinə keçid almamışdan öncə, rayonun adı ilə bağlı məsələyə aydınlıq gətirmək istərdik. Əlbəttə ki, bu toponim haqqında konkret olaraq, araşdırmanın nəticəsi əlimizdə olmadığı üçün yerli insanlar arasında sorğu apardıq. Təbii ki, müxtəlif fikirlər olsa da, yaşlı insanların böyük bir hissəsi bir versiya üzərində dayandı. Bu da “ballı məkan”dır...
Balakən dağ rayonu olduğu üçün burada hər şeydən əvvəl arıçılıq təsərrüfatı inkişaf edib. Bu səbəbdən də bu rayon xalq arasında “ballı məkan” kimi tanınıb və yavaş-yavaş Balakən kimi formalaşıb.
Tarixi keçmişi: Antik yunan coğrafiyaçısı Strabon qədim Balakən ərazisini “Məbədlər diyarı” adlandırıb. Balakən rayonu 1930-cu ildə təşkil olunub, 1963-cü ildə ləğv edilərək Zaqatala rayonuna verilib, 1965-ci ildə yenidən müstəqil rayon olub...
Müəyyən dövrlərdə aparılan arxeoloji qazıntılar zamanı tapılan əşyalar, bu günə kimi qalmış bəzi tikinti abidələri və kurqanlar onu deməyə əsas verir ki, Balakən qədim yaşayış məskənidir. Yazılı qaynaqların verdiyi məlumatlara görə, Balakən qədim Albaniya dövlətinin ərazisinə daxil olub. Eramızdan əvvəl 65-ci ildə Roma və alban qoşunları arasında Alazan (Qanıx) çayı sahilində baş verən döyüşdə iştirak edən qədim yunan tarixçisi Plutarx yazırdı ki, bu yerlərin əhalisi sakit təbiətli, məğrur, döyüşdə cəsarətli və cəsurdur. Bu gün də işlədilən Hetovlar (Hetlər), Hunbulçay (Hunlar), inqiloylar (Qerlər) və s. toponimlərin tətqiqi sübut edir ki, ən qədim zamanlardan başlayaraq türkdilli tayfalar bu bölgənin daimi sakinləri olublar.
Azərbaycanın ən gözəl guşələrindən olan Balakən ölkəmizin dağlar qoynunda yerləşən, məftunedici gözəlliyi və səxavətli təbiəti ilə seçilən bir parçasıdır. Dağların sərtliyi və gözəlliyinin insanların təbiətinə hopduğu bu bölgənin indiki sakit və firavan həyatından fərqli olaraq heç də sakit olmayan mürəkkəb bir keçmişi olub. XI əsrə qədər bu bölgə Qədim Qafqaz Albaniyasının şimal-qərbində yaşayan türklərin, inqiloyların və avarların əcdadları hesab olunan lek, ipin və s. tayfaların məskəni olub. Bu ərazi bol təbii sərvətlərə, münbit torpaqlara malik olduğuna və mühüm əhəmiyyət kəsb etdiyinə görə həmişə xarici qüvvələrin, yad dövlətlərin maraq dairəsində olub, ayrı-ayrı vaxtlarda mübarizə və müharibə meydanına çevrilib. Eyni zamanda, bu ərazi həmişə qəsbkarlara qarşı sipər rolunu oynayıb, işğalçıların Azərbaycanın içərisinə doğru irəliləməsi zamanı ilk zərbəni də çox vaxt məhz buranın yerli sakinləri qarşılamalı olublar...
Balakən rayonunun sosial-iqtisadi mənzərəsi...
Balakən çoxsahəli təsərrüfata malikdir. Burada tütünçülük, baramaçılıq, arıçılıq, meyvəçilik daha çox inkişaf edib. İqtisadiyyatında heyvandarlıq və taxılçılıq da mühüm yer tutur. Balakən ölkənin ən çox qarğıdalı tədarük edən rayonudur. Sənayesi əsasən kənd təsərrüfatı məhsullarını emal edir. Rayonda tütün fermentləşdirmə, konserv zavodları, fındıq emalı müəssisəsi, kərpic zavodu, istehsalat və meşə kombinatları var.
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008) təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2004-cü il tarixli Fərmanının və “Azərbaycan Respublikasının Şəki şəhərinin, Balakən, Qax və Zaqatala rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 1 iyun 2006-cı il tarixli Sərəncamının icrası məqsədilə 2004-2008-ci illər üzrə müəyyənləşdirilmiş iş planına uyğun nəzərdə tutulan tədbirlər icra edilib. Eyni zamanda, hesabat dövründə rayon ərazisində abadlaşdırma, tikinti, təmir və quruculuq işləri geniş vüsət alıb və yeni tikintilərə başlanılıb.
Elektrik enerjisi ilə təminat: Dövlət Proqramının qəbulundan sonra keçən dövr ərzində elektrik enerjisi ilə təminatın yaxşılaşdırılması sahəsində güc transformatorları əsaslı və cari təmir edilib, 10 kv-luq və 0,4 kv-luq xətlərdə 100-lərlə ağac dayaq dəmir-beton dayaqlarla əvəz edilib, 10 km-lərlə naqillər dəyişdirilib, yarımstansiyalarda gərginlik transformatorları quraşdırılıb. 2006-cı ildə şəhər ərazisində 0,4 kv-luq şəbəkənin “SİP” kabeli ilə çəkilməsinə başlanılıb. 2008-ci ilin sonuna 48,5 km məsafədə “SİP” kabeli ilə çəkilib, 39 km-i şəbəkəyə qoşulub. 2007-ci ilin sonuna sayğaclaşma başa çatdırılıb, 17865 abonentə elektrik sayğacı quraşdırılıb. Sayğaclaşmanın nəticələri özünü çox gözlətməyib, 2007-ci ildən etibarən əhali tərəfindən istehlak edilən elektrik enerjisinin dəyəri 100 faiz ödənilib.
Qaz: Əhalinin qazla təminatının yaxşılaşdırılması sahəsində görülən işlər nəticəsində 2004-cü ilin əvvəlində qaz abonentlərinin sayının 1070 olduğu halda 2008-ci ilin sonunda bu rəqəm 3000-ə çatıb. Keçən dövr ərzində 7540 m aşağı təzyiqli, 11150 m orta təzyiqli qaz xətləri çəkilib. Şəhərin qazlaşdırılması əsasən başa çatdırılıb, Tülü, Hənifə, Gərəkli, Qullar, Püştətala kəndlərinin qazlaşdırılmasına başlanılıb. 310 qaztənzimləyici quraşdırılıb. Qaz abonentləri tamamilə sayğaclaşdırılıb. Son 3 ildə istehlak edilən qazın dəyəri bütün istehlakçı qruplar tərəfindən 100 faiz ödənilib. İstilik təchizatının yaxşılaşdırılması sahəsində rayon mərkəzi xəstəxanasının, şəhər 1 saylı Nizami və 2 saylı Nəsimi adına orta məktəblərin qazanxanaları əsaslı təmir edilərək işlək vəziyyətə gətirilib. Qazanxanaların işə salınması üçün xarici və daxili istilik, su, işıq, qaz xətləri çəkilib, başqa zəruri işlər görülüb.
Mənzil-kommunal işləri: İçməli su təminatının yaxşılaşdırılması məqsədilə 2004-cü ildə 2, 2005-ci ildə 3, 2006-cı ildə 13, 2007-ci ildə 14, 2008-ci ildə 6 quyu olmaqla, ümumilikdə, 38 artezian və subartezian quyusu qazılıb. Şəhərin küçələrinə və kəndlərə, ümumilikdə, 26 km məsafədə yeni su xətləri çəkilib, 2 km su xətti dəyişdirilib, 190 km su xətləri cari təmir edilib. 2007-ci ildə Hunbulçay su mənbəyindən Qullar və Gərəkli kəndlərinə 4,5 km məsafədə, Mazımçay kəndinə 4 km məsafədə yeni su xətti çəkilib, kənddə “Heydər bulağı” inşa edilib. Mahamalar kəndində hər birinin 640 m3 tutumu olan 2 su qəbuledici anbarın tikintisi başa çatdırılıb. 2008-ci ildə Siltikçay su mənbəyindən şəhərə 7,7 km uzunluğunda yeni su xətti çəkilib.
Hesabat dövründə şəhər ərazisində istismarda olan kanalizasiya ötürücü xətlərdə və kanalizasiya hopdurucu quyularda əsaslı və cari təmir işləri aparılıb, şəhərin Füzuli, Z.Əliyeva küçələrində kanalizasiya boruları dəyişdirilib, S.Gözəlov küçəsində kanalizasiya xətti inşa edilib.
Yol-körpü tikintisi: 2004-cü ildə şəhərdaxili yollarda 12462 m2 asfalt örtüyü tikilib, 5210 m2 sahəyə tamet plitə döşənib. Kənddaxili və kəndarası yollarda asfalt örtüyü 4,7 km məsafədə cari təmir edilib, 115,3 km yol çınqılla təmir edilib və hamarlanıb. 2005-ci ildə şəhərdaxili yollarda 20174 m2, Qabaqçöl qəsəbəsində 10000 m2 sahə asfaltlaşdırılıb. Kənddaxili və kəndarası yollar 106,1 km məsafədə asfalt betonla və ya çınqılla cari təmir edilib. 2006-cı ildə şəhərdaxili yollarda 14501 m2, Balakən-Aeroport yolunda 7400 m2 asfalt örtüyü tikilib.
Respublika əhəmiyyətli Zaqatala-Balakən asfalt yolunda 3792 m2, yerli əhəmiyyətli yollarda 5237 m2 asfalt-beton qarışığı ilə, 30290 m2 çınqıl materialı ilə yol örtüyü cari təmir edilib.
Mazımqaray, Roçəhməd, Poştbinə, Şərif-Qabaqçöl-Qaysa yolunda və başqa yollarda 157,3 km məsafədə qum-çınqıl qarışığı ilə cari təmir aparılıb.
2007-ci ildə Zaqatala-Balakən avtomobil yolunun Balakən şəhərinə aid hissəsində yol genişləndirmə işləri aparılıb, 1000 m uzunluğunda 2 tərəfli hərəkət hissəsi olan asfalt örtük quraşdırılıb. Şəhərdaxili yollarda 27789 m2 asfaltlama işləri görülüb. ümumilikdə, 2007-ci ildə bütün yollarda 10 km asfalt örtüyü tikilib. 109 km məsafədə kənddaxili və kəndarası yollara qum-çınqıl döşənib.
Yerli əhəmiyyətli yollarda 2734 m2 asfalt-beton qarışığı ilə 56860 m2 çınqılla təmir işləri aparılıb. Yerli əhəmiyyətli Poştbinə yolunda 6000 m2 çınqıl örtük quraşdırılıb. 2008-ci ildə Mazımçayın Şərif kəndi ərazisində 24 m uzunluğunda körpü istifadəyə verilib, Püştətala və Kortala kəndini birləşdirən 22 m uzunluğunda qəza vəziyyətindəki körpü daxili imkanlar hesabına yenidən tikilib. Mazımçayın Poştbinə kəndi ərazisindən keçən hissəsində yeni körpünün tikintisinə başlanılıb.
Kənd təsərrüfatı: Kənd təsərrüfatı sahələri üzrə görülmüş işlərin nəticəsində taxıl istehsalının ilbəil artırılması mümkün olub. 2008-ci ildə 5903 ha sahədə dənli bitkilər əkilib və 23125 ton məhsul istehsal edilib. ötən il 2004-cü ilə nisbətən 280 ha sahədə dənli bitkilər artıq əkilib və eyni zamanda, məhsuldarlığın artırılması hesabına 2113 ton məhsul istehsalının artırılması təmin olunub. İstehsal olunmuş məhsulun 1607 tonu taxıl, qalan 21518 tonu qarğıdalı olub. İstehsalın artırılmasına Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 yanvar 2006-cı il tarixli 1907 nömrəli “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət dəstəyi haqqında” Sərəncamının icrası ilə əlaqədar hər hektar əkin sahəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların və mineral gübrələrin güzəştli verilməsi təsir göstərib. Eyni zamanda, “Aqrotexservis” xidmətinin təşkili və yeni kənd təsərrüfatı texnikasının gətirilməsi də aqrar sahədə texniki təchizatın və görülən xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına imkan verib. 2008-ci ildə əkin sahələrinə, ümumilikdə 56 ton fosfor və 277 ton azot gübrəsi verilib ki, bu da öz növbəsində məhsuldarlığın artmasına səbəb olub.
Emal sahəsinin inkişaf etdirilməsi sahəsində 2004-cü ildə “Dərya-R” fındıq emalı müəssisəsi, Konserv zavodu və 2008-ci ildə “AzərYemSənaye” MMC-nin yem istehsalı fabriki tikilib və istifadəyə verilib. Fabrikin istehsal gücü sutkada 200 ton olmaqla heyvandarlıq sahəsi üçün yüksək keyfiyyətli qüvvəli yem istehsal edir. Eyni zamanda, “AzərYemSənaye” MMC tərəfindən rayona 6,5 ton yüksək məhsuldarlığa malik qarğıdalı toxumu xaricdən gətirilərək 299 ha sahədə əkilməsi və məhsul istehsalı da təmin edilib.
Rayonda taxılçılığın inkişaf etdirilməsi daim diqqət mərkəzində saxlanılır. 2008-ci ildə 1480 ha sahədə payızlıq taxıl, o cümlədən, 1092 ha sahədə buğda, 388 ha sahədə arpa əkilib. Rayonda 2008-ci ildə 36 ha sahədə tütün əkilib və 61,2 ton məhsul istehsal olunub.
Heyvandarlıq: Bu ilin əvvəlində rayonda iribuynuzlu mal-qaranın sayı 37309-a, xırda buynuzlu mal-qaranın sayı isə 32880-ə başa çatıb. 2004-cü ilə nisbətən 2051 baş iribuynuzlu və 2340 baş xırda buynuzlu mal-qaranın sayı artıb. ötən il 4044 ton ət, 14107 ton süd, 27 ton bal, 64,5 ton yun, 16 ton balıq istehsal edilib. 2004-cü ilə nisbətən 230 ton ət, 207 ton süd, 15 ton bal, 6,5 ton yun artıq istehsal olunub. Heyvandarlığın daha da inkişaf etdirilməsi və qaramalın cins tərkibinin yaxşılaşdırılması üçün əhəmiyyətli işlər görülüb. Belə ki, qaramalın cins tərkibinin yaxşılaşdırılması işinin təşkili üçün dövlət hesabına kursa göndərilərək 3 nəfər süni mayalandırma operatoru hazırlanıb və fəaliyyətə başlayıb. Rayonda arıçılıq üzrə 3 damazlıq və toxumçuluq üzrə 1 təsərrüfat yaradılıb, bu sahənin inkişafına xüsusi diqqət verilir. Yem istehsalı fabrikinin fəaliyyət göstərməsi rayonda gələcəkdə heyvandarlığın və heyvandarlıq məhsulları istehsalının inkişaf etdirilməsinə geniş imkanlar açıb. Rayonda 2008-ci ilin sonuna quşların sayı 198600 baş olub və il ərzində 6834 min ədəd yumurta istehsal edilib. Əvvəlki ilə nisbətən quşların sayı 800 baş və yumurta istehsalı 134 min ədəd artıb.
Baramaçılıq: Dövlət Proqramının qəbul edilməsindən sonra ipəkçiliyin inkişafına da diqqət verilməyə başlanılıb. Bu sahənin inkişaf etdirilməsi üçün rayonda əvvəllər fəaliyyət göstərmiş barama toxumu zavodunun fəaliyyəti bərpa edilib. 2008-ci ildə 220 qutu çin növündən ipəkqurdu toxumu gətirilərək kümçülərə paylanıb və 4,2 ton barama istehsal edilib. İpəkçiliyin gələcəkdə də inkişaf etdirilməsi və onun yem bazasının yaradılması məqsədilə 30 min ədəd tut ağacı rayona gətirilib və kəndlərdə əkilməsi təmin olunub. Tut ağaclarına aqrotexniki xidmət göstərilir.
Təhsil: “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)” icrası ilə əlaqədar təhsil sahəsində bir sıra tədbirlər həyata keçirilib. Belə ki, 2005-ci ildə 360 şagird yerlik Qullar kənd orta məktəbi, 2006-cı ildə 240 şagird yerlik Talalar 1 saylı kənd orta məktəbi, 240 şagird yerlik humanitar və texniki təmayüllü liseyi, Gərəkli kənd orta məktəbində 200 şagird yerlik 10 sinif otağı, 120 şagird yerlik Mazımçay əsas məktəbi, 2007-ci ildə 600 şagird yerlik 3 saylı şəhər orta məktəbi, Qazma 2 saylı kənd orta məktəbində 200 şagird yerlik 10 sinif otağı, 240 şagird yerlik Katex 3 saylı kənd orta məktəbi, 200 şagird yerlik Beretbinə əsas məktəbi, 480 şagird yerlik İtitala kənd orta məktəbi, 2008-ci ildə 360 şagird yerlik Qaravəli kənd orta məktəbi, 180 şagird yerlik Gülüzanbinə kənd əsas məktəbi, 480 şagird yerlik Mahamalar kənd orta məktəbi, 480 şagird yerlik Qaysa kənd orta məktəbi tikilərək istifadəyə verilib. 2008-ci ildə, həmçinin, Poştbinə kənd orta məktəbinin tikintisinə başlanıb.
2007-ci ildə Nəsimi adına şəhər 2 saylı orta məktəbi, 2008-ci ildə Nizami adına şəhər 1 saylı orta məktəbinin istilik sistemi əsaslı təmir olunub.
Turizm: 2007-ci ilin may ayında RİH-i tərəfindən “Balakən rayonunda turizmin inkişafı planı” hazırlanıb. Rayonda 5 turizm zonaları üzrə 12 turist marşrutları müəyyən edilib. 2008-ci ildə müəyyən olunmuş turist marşrutları üzrə rekreasiya zonaları müəyyənləşdirilib, rekreasiya zonalarının xəritəsi hazırlanaraq Mədəniyyət və Turizm Nazirliyinə təqdim edilib. Hazırda Balakən rayonunda qədim tarixi abidələrin təmir işi həyata keçirilir. 2006-2007-ci ildə rayonun mərkəzində yerləşən XVII-XIX əsrlərə aid Minarəli məsciddə təmir- bərpa işləri aparılıb. 2006-cı ildə rayonda yeni tarix-diyarşünaslıq muzeyi tikilərək istifadəyə verilib. Rayonun mərkəzində yerləşən 7,5 hektar sahəsi olan Heydər Əliyev adına mədəniyyət və istirahət parkı yenidən qurularaq ərazisi 26 ha çatdırılıb, 1200 m uzunluğunda kanat yolu çəkilib. Parkın dağüstü hissəsində Ulu öndər Heydər Əliyevin tuncdan hazırlanmış heykəli ucaldılıb.
2008-ci ildə rayonda turizmin inkişafı ilə bağlı tarix və mədəniyyət abidələri, təbiət və digər görməli yerlər, eləcə də, bəzi el sənətkarlığı nümunələrinin hazırlanma qaydaları barədə məlumatlar dəqiqləşdirilib, dövlət mühafizəsinə götürülüb, tarix və mədəniyyət abidələrinin inventar nömrəsi, tarixi də əks olunmaqla adı yazılmış lövhələr üzərinə vurulub.
Turistlərin istifadəsinə veriləcək çox mərtəbəli “Qubek” otelində son tamamlanma işləri aparılır. “Şabalıdlıq” və “Katex” restoranları milli xüsusiyyətləri nəzərə alınmaqla yenidən təmir olunub.
Səhiyyə: Dövlət Proqramında əhalinin bütün təbəqələrinin yüksək ixtisaslı tibbi xidmətlə əhatə olunmasına xüsusi yer verilib. 2006-cı ildə bünövrəsi qoyulmuş 235 çarpayılıq mərkəzi xəstəxananın binasının tikintisində tamamlanma işləri aparılır. Bu xəstəxana zonada ən müasir təchizatlı tibb ocağı olacaq. 2006-cı ildə Qabaqçöl xəstəxanası, 2007-ci ildə Kortala kənd xəstəxanası, 2008-ci ildə Qazma kənd xəstəxanaları əsaslı təmir olunub.
2008-ci ilin sonunda Gərəkli kəndində həkim məntəqəsinin, Mazımçay kəndində tibb məntəqəsinin tikintisi üçün lazım olan sənədlər tərtib edilib, Talalar kəndində Yaponiyanın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə həkim məntəqəsinin tikintisi üçün müqavilə bağlanıb.
Səhiyyə Nazirliyinin 5 sentyabr 2007-ci il tarixli 82 saylı əmrinə əsasən xəstələrin elektron kart sisteminə keçirilməsi ilə əlaqədar 3 səhiyyə obyektində-doğum şöbəsi, uşaq poliklinikası və uşaq xəstəxanasında kompüterlər quraşdırılıb. 4 ədəd təcili yardım maşını alınaraq istifadəyə verilib. Əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi yüksəlib, 2008-ci ildə 400 nəfər şəkərli diabet xəstəsinə qlükomer aparatı paylanıb, profilaktik peyvəndlər 98-99 faiz yerinə yetirilib, imtiyazlı xəstələrə pulsuz dərmanların verilməsi təmin edilib. Ana və uşaq ölümünün faizi aşağı düşüb.
Gənclər və idman: Gənclər və idman sahələrinin inkişafına yönəlmiş tədbirlər sahəsində gənclərin məşğulluğunun artırılması məqsədilə gənc sahibkarlara iqtisadi-hüquqi və informasiya yardımı göstərilib, biznes kursları və treninq məşğələləri təşkil edilib. Dövlət Proqramının icrası ilə əlaqədar təlim-tərbiyə müəssisələrində idman qurğularının və avadanlığının vəziyyəti öyrənilib, həmin müəssisələr Dövlət Neft Şirkətinin yaxından köməyi sayəsində lazım olan idman avadanlığı ilə təmin edilib. 20 idman zalı gənc idmançıların istifadəsinə verilib, idman gimnastikası bölməsi yaradılaraq bu növün rayonda inkişafına xüsusi diqqət yetirilib. Uşaq futbolunun inkişafı ön plana çəkilib. Bunun nəticəsində yeniyetmələrdən ibarət futbol komandası respublika çempionatının oyunlarına qoşulub. 2007-ci ildə Olimpiya İdman Kompleksinin tikintisinə başlanıb.
2007-ci ilin “Gənclər ili” elan olunması ilə əlaqədar istedadlı və yaradıcı gənclərə dövlət qayğısı artırılaraq müxtəlif elmi-yaradıcı klublar fəaliyyət göstərib, gənclərin asudə vaxtlarının təşkilinə diqqət verilib. 2007-2008-ci illərdə rayonda 6 respublika səviyyəli idman yarışı keçirilib.
2008-ci ildə çunayev Rəsul yunan-Roma güləşi üzrə yeniyetmələr arasında Avropa çempionu, 2008-ci ilin sonunda isə yaşlılar arasında Azərbaycan çempionu olaraq yığma komandanın tərkibinə daxil edilib. Həmçinin, rayonun yeniyetmə idmançıları 2004-2008-ci illər ərzində respublika səviyyəli yarışlarda 62 dəfə I, 62 dəfə II və 96 dəfə III yerləri tutublar.
Tikinti-quruculuq: Dövlət Proqramının qəbulundan keçən 5 il ərzində rayonda tikinti, abadlıq və quruculuq işləri geniş vüsət alıb, görülən işlər rayonun simasını əhəmiyyətli dərəcədə dəyişib. 2004-cü ildə rayon mərkəzində və kəndlərdə sahibkarlar tərəfindən ümumi sahəsi 2186 m2, 2005-ci ildə 1363,5 m2 olan ticarət, məişət və digər xidmət obyektləri tikilib.
2006-cı il rayona səfər edən Prezident İlham Əliyev 235 çarpayılıq xəstəxana kompleksinin təməlini qoyub. Bununla yanaşı, şəhər ərazisində Heydər Əliyev adına mədəniyyət və istirahət parkının, parkda ümummilli liderin abidə kompleksinin, Heydər Əliyev muzeyinin, park hasarının, dağüstü kafenin, rayonun girişindəki simvolik “Qala qapıları”nın, Şəhidlər Xiyabanının, rayon Diyarşünaslıq Muzeyinin, “Veteranlar evi”nin, əlil və şəhid ailələri üçün 8 mənzilli yaşayış evinin, mədəniyyət və istirahət parkında 1,2 km uzunluğunda “Kanat yolu”nun tikintisinə başlanılıb. Həmin tikintilərin bir qismi tamamlanıb və istifadəyə verilib, bir qisminin tikintisi isə davam etdirilib. 7 idarə və müəssisənin inzibati binasının tikintisi üçün torpaq sahəsi ayrılıb, 2-nin tikintisinə başlanılıb.
2007-ci ildə xəstəxana kompleksinin, mədəniyyət və istirahət parkının və parkdakı digər obyektlərin tikintisi davam edib. Yeni su xəttinin və təmizləyici qurğunun, şəhər kitabxanasının, 13 saylı Ərazi Vergilər İdarəsinin xidmət terminalının, 109 saylı DSK-nın, DSMF-nun, qaz istismarı idarəsinin, su-kanalizasiya idarəsinin, qeydiyyat şöbəsinin inzibati binalarının, 12 mərtəbəli yaşayış evinin, şəhərin girişində ünvan lövhəsinin tikintisinə başlanıb və həmin obyektlər istifadəyə verilib. Şəhərin N.Nərimanov küçəsində Nərimanov parkı salınıb və parkda dahi mütəfəkkirin abidəsi qoyulub. Şəhər küçələrinin gecə işıqlanması həll edilib. 2007-ci ildə rayonun Qabaqçöl qəsəbəsində ümummilli lider Heydər Əliyevin abidə kompleksi inşa edilib, qəsəbə mərkəzi başdan-başa abadlaşdırılıb, 300 m2 əraziyə tamet plitə döşənib.
Dağüstü ərazidə Qonaq evinin, rayon avtovağzalının, ticarət mərkəzinin tikintisi tamamlanıb, sərhəd gömrük keçid məntəqəsinin tikintisinə başlanılıb.
Rayonda fiziki və hüquqi şəxslər tərəfindən ümumi sahəsi 4640 m2 olan 116 ədəd xidmət və ticarət obyektləri tikilib. ölkə Prezidentinin rayona 19 sentyabr 2008-ci il tarixli ikinci səfəri zamanı 7,7 km uzunluğunda su xəttinin, kitabxananın, Kanat yolunun, Heydər Əliyev adına mədəniyyət və istirahət parkının, rayon avtovağzalının, ticarət mərkəzinin, Heydər Əliyev muzeyinin, yem zavodunun, Konserv zavodunun açılışı olub.
2008-ci ildə Heydər Əliyev meydanının yenidən qurulması başa çatdırılıb, İtitala kəndində mədəniyyət evi və Axundov bağı, suvarma sistemləri idarəsinin inzibati binası istifadəyə verilib. Əlil və şəhid ailələri üçün 36 mənzilli yaşayış evinin, statistika və baytarlıq idarələrinin inzibati binalarının tikintisinə başlanılıb.
2008-ci ildə rayonda 11 hüquqi, 270 fiziki şəxs yaradılaraq qeydiyyatdan keçib.
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın qəbulundan sonra qeydiyyatdan keçən hüquqi şəxslərin sayı 95, fiziki şəxslərin sayı 1313 olub. 2008-ci ildə 482 daimi, 668 müvəqqəti, 1800-dən çox mövsümi iş yeri açılıb. Proqramın qəbulundan sonra keçən dövr ərzində rayonda 8062 iş yeri açılıb ki, ondan da 2975 iş yeri daimidir.
Balakənlilər Ulu öndərin siyasi kursuna sadiqdirlər...
Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatı 1993-cü ildə mart ayının 7-də təsis konfransını keçirib. 3069 üzvü öz ətrafında birləşdirən rayon təşkilatının ötən dövr ərzində 65 ilk ərazi təşkilatı yaradılıb. Partiyanın rayon təşkilatının tərkibini əsasən gənclər və qadınlar təşkil edir. 2008-ci ilin prezident seçkilərində, həmçinin, 2009-cu ildə Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklərlə bağlı keçirilən referendumda rayon təşkilatı seçicilər arasında məqsədyönlü və istiqamətverici iş aparıb.
YAP rayon təşkilatının ötən müddət ərzində 8 konfransı keçirilib. Rayon təşkilatının tərkibində Qadınlar Şurası, Gənclər Birliyi fəaliyyət göstərir. 2009-cu ilin bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar YAP mərkəzi qərargahının tədbirlər planına uyğun olaraq rayon təşkilatında da müvafiq qrafik hazırlanıb. Bütün ilk ərazi təşkilatlarında yığıncaqlar keçirilib, gənclərin, qadınların yerli idarəetmə orqanlarında sayının artırılması, seçkilərdə gənclərin iştirakı və yeni tərkibə seçilməsi ilə əlaqədar olaraq YAP üzvlərinə tövsiyələr verilib.
Rayon təşkilatında yaradılmış qərargah hər bir mövcud bələdiyyənin tərkibini diqqətlə araşdırıb, yerli özünüidarəetmə orqanlarında yeni namizədlərin siyahısını təsdiq etmək üçün ərazi ilk təşkilatlarına öz tövsiyələrini verib. Partiya üzvlərinin sayının artması daim diqqət mərkəzində saxlanılıb, 2009-cu ilin I yarısında 65 nəfər üzvlüyə qəbul edilib.
Ramil VƏLİBƏYOV

Paylaş:
Baxılıb: 1802 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30