Hər bir Naxçıvan sakini əldə edilmiş uğurlarla fəxr edə bilər
18.08.2009 [11:54]
Keçən əsrin 90-cı illərinin ortalarından Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə başlanmış demokratik dövlət quruculuğu sahəsində genişmiqyaslı islahatlar nəticəsində ölkədə iqtisadi və siyasi sabitlik təmin edilib, beynəlxalq aləmdə Azərbaycan Respublikasının nüfuzu əhəmiyyətli dərəcədə yüksəlib, iqtisadiyyatın dinamik inkişafının əsası qoyulub. Həyata keçirilən islahatların başlıca məqsədi demokratik və güclü iqtisadiyyata malik müstəqil dövlətin qurulmasından ibarət olub. İqtisadi sahədə həyata keçirilən tədbirlər bazar iqtisadiyyatı mexanizmləri əsasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yerli və xarici investisiyaları, müasir texnologiyaları cəlb etməklə və qabaqcıl idarəetmə təcrübəsindən faydalanmaqla rəqabətədavamlı məhsul istehsal edən müəssisələrin, yeni iş yerlərinin yaradılmasına və nəticə etibarilə ölkənin iqtisadi qüdrətinin artmasına əsaslı zəmin yaradıb.
Milli qurtuluşu təmin edən ümummilli liderimiz ölkəmizin demokratik tərəqqisi üçün zəruri inkişaf kursunu irəli sürərək onun alternativsizliyini real addımlar, əməli nəticələrlə sübuta yetirməklə bərabər, banisi olduğu dövlətçilik irsinin əbədiliyini təmin edəcək qüdrətli varisi də yetişdirib. Bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin müəllifliyilə Azərbaycanın çağdaş tarixinin şanlı səhifələri yazılır.
Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamızın son 6 ildə qazandığı yüksək nailiyyətlər dövlət idarəçiliyinin çevik və işlək mexanizmlər əsasında həyata keçirilməsi ilə bağlıdır. Bir sıra qabaqcıl dövlətlərin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini qısa zaman kəsiyində sürətlə adlayan Azərbaycan azad və mütərəqqi düşüncə tərzinin diktə etdiyi bazar iqtisadiyyatı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu yoluna, Avroatlantik məkana inteqrasiya kursuna, sivil Qərb dəyərlərinə, demokratikləşmə proseslərinə sadiqliyini sübuta yetirib.
Naxçıvan Muxtar Respublikasında da ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyasının reallaşdırılması istiqamətində həyata keçirilən irimiqyaslı tədbirlər real sektorun davamlı inkişafına, yeni iş yerlərinin yaradılmasına, şəhər və rayonlarda kommunal xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan verib. Bu işlər Muxtar Respublikada sahibkarlıq mühitinin daha da yaxşılaşmasında, iqtisadiyyata investisiya qoyuluşlarının artmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində mühüm rol oynayıb.
Cari ilin ilk yarısında da müşahidə olunan yüksək iqtisadi inkişaf - aparılan məqsədyönlü siyasət və ona müvafiq həyata keçirilən islahatlar, Muxtar Respublika iqtisadiyyatının potensial imkanlarından daha səmərəli istifadə nəticəsində əldə olunub.
Blokada şəraitində yaşamasına baxmayaraq, Muxtar Respublika öz iqtisadi inkişaf templərinə görə ölkənin digər regionlarından geri qalmayıb, hətta bir çox sahələr üzrə lider mövqeyə çıxıb. Burada həyata keçirilən quruculuq tədbirlərini cari ilin avqust ayında Muxtar Respublikaya səfəri zamanı yüksək qiymətləndirən ölkə başçısı İlham Əliyev deyib: “Naxçıvanda çox geniş quruculuq, abadlıq işləri aparılır, şəhər gözəlləşir, yeni binalar tikilir, köhnə binalar təmir edilir. Bir sözlə, hər bir Naxçıvan sakini əldə edilmiş bu uğurlarla fəxr edə bilər. Mən bütün naxçıvanlıları bu böyük uğurlar münasibətilə təbrik etmək istəyirəm. Naxçıvan rəhbərliyinə və Naxçıvanın rəhbəri Vasif Talıbova öz minnətdarlığımı bildirmək istəyirəm”.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov Muxtar Respublikasının yaranmasının 85 illiyilə bağlı keçirilmiş tədbirdə Naxçıvanın son beş ildə keçdiyi inkişaf yolundan bəhs edərkən bildirib ki, bu inkişaf dövlətimizin başçısının qayğısının nəticəsidir: “ölkə Prezidentinin Naxçıvan Muxtar Respublikasına etdiyi səfərlər zamanı 40-dan çox mühüm əhəmiyyətli obyektin istifadəyə verilməsi, uzun fasilədən sonra Muxtar Respublikaya təbii qazın nəqlinin bərpa olunması Muxtar Respublikanın inkişafına göstərilən dövlət qayğısının ifadəsidir”.
Belə ki, 2009-cu ilin yanvar-iyun aylarında Muxtar Respublikanın iqtisadi və sosial sahələrində baş verən dəyişiklikləri əks etdirən makroiqtisadi göstəricilər artıb, istehsal sahələrində məhsul istehsalının, xidmət sahələrində göstərilən xidmətlərin həcmi daha da genişlənib. 2008-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2009-cu ilin yanvar-iyun aylarında Muxtar Respublikada ümumi Daxili Məhsul istehsalı 31,1 faiz artaraq 417 milyon 433 min 100 manat həcmində olub. Cari ilin ilk altı ayı ərzində ümumi Daxili Məhsulun adambaşına düşən həcmi isə 1303,3 ABŞ dolları səviyyəsində olmaqla bir il öncəki göstəricini 34,9 faiz üstələyib.
2008-ci ilin müvafıq dövrünə nisbətən cari ilin ilk yarısında sənaye məhsulunun həcmi 22,7 faiz, əsas kapitala yönəldilən investisiyalar 76,3 faiz, kənd təsərrüfatının ümumi məhsulu 3,8 faiz, nəqliyyat sektorunda yük daşınması 9,6 faiz, poçt və rabitə xidmətlərinin həcmi 31,1 faiz, pərakəndə əmtəə dövriyyəsi 22,4 faiz, əhaliyə göstərilən pullu xidmətlər 16,6 faiz, əhalinin gəlirləri 42,1 faiz, adambaşına düşən gəlirlər 37,4 faiz, orta aylıq nominal əməkhaqqı isə 19 faiz artıb.
Sənayedə tərəqqi...
Rəqabətədavamlı sənaye məhsullarının istehsalının dəstəklənməsi və ixracyönümlü istehsal sahələrinin yaradılmasının təşviqi, dövlət mülkiyyətində olan və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan sənaye müəssisələrinin sağlamlaşdırılması, özəlləşdirmədən sonrakı mərhələdə müəssisələrin fəaliyyətinin dəstəklənməsi, kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin geniş şəbəkəsinin təşkili və bu tip müəssisələrin ixrac potensialının artırılması Muxtar Respublikada sənaye sahəsində əsas strateji istiqamət kimi saxlanılmaqdadır. 2009-cu ilin yanvar-iyun ayları ərzində 105 milyon 629 min 800 manatlıq sənaye məhsulu istehsal edilib. Sənayenin dövlət sektorunda 15 milyon 718 min 700 manatlıq, qeyri-dövlət sektorunda isə 89 milyon 911 min 100 manatlıq məhsul istehsalı qeydə alınıb. Sənaye potensialının müntəzəm əsasda gücləndirilməsi məqsədilə həyata keçirilən sistemli tədbirlərin nəticəsidir ki, cari ilin ilk yarısında Naxçıvan Muxtar Respublikası sənaye məhsulu istehsalının 22,7 faizlik artım tempinə görə, sənayenin qeyri-dövlət sektorundakı 85,1 faizlik artım tempinə görə və hazır məhsul qalığının minimum həddə, xüsusilə satış problemi olmayan məhsul qalığı kateqoriyasında olmasına görə Azərbaycan Respublikasının 10 iqtisadi rayonu arasında ilk yerdə təmsil olunub. Son dövrlər ərzində reallaşdırılmasına başlanılmış bir sıra mühüm sənaye təmayüllü istehsal-infrastruktur layihələri Muxtar Respublikada sənaye məhsulunun strukturunda müsbət meyilli ciddi dəyişikliklərə əsaslı zəmin yaratmaqdadır. 2009-cu ilin ötən altı ayı ərzində Muxtar Respublikada dövlət texniki, maliyyə və innovasiya dəstəyi ilə 17 layihə üzrə istehsal və xidmət obyektləri istifadəyə verilib, 54 layihənin isə icrası davam etdirilməkdədir.
Muxtar Respublikada sənaye potensialının davamlı yüksəlişini və yerli məhsulların ixracına göstərilən xüsusi dövlət dəstəyini sübuta yetirən mühüm bir göstərici ondan ibarətdir ki, cari ilin ilk altı ayı ərzində daxili tələbatdan artıq istehsal olunmuş 22 milyon 265 min 400 ABŞ dolları dəyərində 35 növdə sənaye məhsulları qonşu xarici ölkələrə və respublikamızın digər bölgələrinə ixrac olunub. Sənaye sahəsində mövcud inkişaf templərinin dayanıqlılığı dəstəklənib və 2009-cu ilin yanvar-iyun aylarında sənaye profilli təsərrüfat subyektlərinə 5 milyon 720 min manat həcmində kreditlər verilib.
İnvestisiya qoyuluşu artır...
Sosial-iqtisadi proseslərin intensivliyini təmin etmək, idarəetmənin və iqtisadiyyatın müxtəlif sahələrində çalışan işçilərin əmək şəraitini müasir standartlar səviyyəsində yaxşılaşdırmaq üçün mütəmadi olaraq əsas fondların yaradılması, yeniləşdirilməsi işi Muxtar Respublikada üstün istiqamət kimi saxlanılıb. 2009-cu ilin yanvar-iyun ayları ərzində Muxtar Respublikada bütün maliyyə mənbələri hesabına əsas kapitala 202 milyon 226 min 500 manat həcmində investisiya yönəldilib. 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə istifadə edilmiş investisiyanın həcmi 76,3 faiz və ya 87 milyon 549 min 600 manat artıb. Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 75,9 faiz artaraq 174 milyon 507 min 700 manat olub. Bu isə əsas kapitala yönəldilmiş investisiyanın 86,3 faizini təşkil edir.
2009-cu ilin yanvar-iyun ayları ərzində Muxtar Respublikanın tikinti təşkilatları tərəfindən görülən işlərin həcmi 156 milyon 947 min 200 manat olub ki, bu da 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 80,7 faiz çoxdur.
Sosial obyektlərin tikintisi sürətlə gedir...
İlin əvvəlindən ötən altı ay ərzində Naxçıvan Muxtar Respublikasında tikinti və ya əsaslı təmirdən sonra ümumilikdə 204 obyekt istifadəyə verilib, 242 obyektin isə tikintisi və ya əsaslı təmiri davam etdirilməkdədir.
Təhsil: Müasir tələblər səviyyəsində qurulmuş təhsil xidmətlərinin göstərilməsini təmin edə biləcək maddi-texniki və tədris metodiki şəraitin yaradılması və bu zəmində təhsil sisteminin yüksək ictimai səmərəliliyinə nail olunması Muxtar Respublikanın sosial siyasətinin əsas istiqamətlərindəndir. Muxtar Respublikada yeni məktəblərin inşası, onların texniki və kadr təminatının yaxşılaşdırılması, təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları üzrə maddi-texniki bazasının təkmilləşdirilməsi, kompyuter avadanlığı və digər zəruri rəqəmsal avadanlıqlarla təminatının yaxşılaşdırılması, şagirdlərin pulsuz dərsliklərlə təmin edilməsi və məktəb kitabxanalarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətlərində mühüm işlər görülüb. Bu tədbirlərin davamı kimi 2009-cu ilin yanvar-iyun aylarında Naxçıvan şəhərində 1008 şagird yerlik 8 saylı orta məktəb binasının yenidən qurulması, Şərur rayonunun Havuş kəndində məktəb binasının əsaslı təmiri başa çatdırılıb, Naxçıvan şəhərində Türk Liseyinin, 2 və 4 saylı məktəblərin, Şərur rayonunun Aşağı Daşarx, Tumaslı, Culfa rayonunun Ərəzin, Babək rayonunun Zeynəddin, Kəngərli rayonunun Qarabağlar, Şahbuz rayonunun Badamlı kəndlərində məktəb binalarının inşası davam etdirilib. Eyni zamanda, bu dövr ərzində Naxçıvan şəhərində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin yenidən qurulması başa çatdırılıb, Texniki Peşə Məktəbi binasının yenidən qurulması, Şərur şəhərində Kompyuter Təlim-Tədris Mərkəzinin təmiri davam etdirilib. Naxçıvan şəhərində 100 yerlik 15 saylı, 200 yerlik 12 saylı uşaq bağçaları binalarının tikintisi başa çatdırılıb, Şərur şəhərində uşaq bağçası binasının tikintisi davam etdirilib. Naxçıvan şəhərinin Əliabad qəsəbəsində 320 yerlik uşaq musiqi məktəbi binası tikilərək istifadəyə verilib, Ordubad şəhərində uşaq musiqi məktəbi binasının tikintisi, Babək rayonunun Zeynəddin kəndində uşaq musiqi məktəbi binasının yenidən qurulması davam etdirilib.
Ali təhsil ocaqlarının və elmi-tədqiqat mərkəzlərinin də tikintisi diqqətdən kənarda qalmayıb. Belə ki, Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Xarici Dillər fakültəsinin, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin, Bioresurslar İnstitutunun Biokimyəvi Tədqiqatlar Laboratoriyası binalarının tikintisi, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin Tarix, Etnoqrafiya, Arxeologiya, İncəsənət, Dil və Ədəbiyyat İnstitutları binasının təmiri davam etdirilib.
Səhiyyə: Həyata keçirilən sistemli tədbirlər əhalinin sağlamlığının səmərəli qorunmasına, tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsinə, tibbi-profilaktika işinin təkmilləşməsinə təminat verməkdədir. İlin əvvəlindən ötən altı ay ərzində Naxçıvan Muxtar Respublikası Onkoloji Dispanserinin, Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin, Şahbuz Rayon Mərkəzi Xəstəxanası binalarının tikintisi başa çatdırılıb, Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin bakterioloji laboratoriya binasının, Naxçıvan Muxtar Respublikası Duzdağ Fizioterapiya Xəstəxanası üçün yeni sahələrin, Sədərək Rayon Mərkəzi Xəstəxanasının, Şərur rayonunun Tumaslı və Babək rayonunun Sirab kəndlərində həkim ambulatoriyası binalarının tikintisi davam etdirilib.
Abadlıq-quruculuq: Muxtar Respublikada mədəniyyət sahəsində dövlət siyasətinin strateji məqsədlərindən biri tarixi-mədəni irsin və mədəni potensialın qorunmasından, daşınar mədəniyyət sərvətlərinin, muzey fondlarının sayının artırılmasından və bu məqsədlə muzey işi sahəsində sistemli islahatların aparılmasından, kitabxana fondlarında müasir komplektləşdirmə mexanizminin və informasiya şəbəkəsinin yaradılmasından ibarətdir. İlin əvvəlindən ötən altı ay ərzində Şərur şəhərində Heydər Parkının tikintisi, Naxçıvan şəhərində Heydər Əliyev Mədəniyyət və İstirahət Parkının yenidən qurulması başa çatdırılıb. Şərur şəhərində “İmam Hüseyn” məscidinin tikintisi, Ordubad şəhərində tarixi abidə olan hamam binasının yenidən qurulması, Naxçıvan şəhərində Fəxri Xiyabanın tikintisi, “Heydər” məscidinin və “Buzxana” abidəsinin təmiri işləri davam etdirilib. Bu dövr ərzində Heydər Əliyev Sarayının və C.Məmmədquluzadənin ev-muzeyinin yenidən qurulması başa çatdırılıb, Ordubad şəhərində M.S.Ordubadinin ev-muzeyinin təmiri davam etdirilib.
İdman: Muxtar Respublikada əhalinin sağlam həyat tərzinin, xüsusən böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafının təmin edilməsi məqsədilə bədən tərbiyəsi və idman sahəsində dövlət siyasətinin strateji istiqamətlərindən biri şəhər və rayonlarımızda bədən tərbiyəsi və idmanın maddi-texniki bazasının inkişaf etdirilməsindən və beynəlxalq standartlara uyğunlaşdırılmasından ibarətdir. Bu tədbirlərə uyğun olaraq carı ilin ilk yarısında Naxçıvan və Şərur şəhərlərində Uşaq-Gənclər İdman Məktəblərinin inşası, üzgüçülük Mərkəzinin təmiri davam etdirilib, Şərur şəhərində Olimpiya İdman Kompleksinin, Naxçıvan şəhərində Şahmat Mərkəzinin, Sədərək rayonunda mini-futbol və voleybol meydançasının tikintisi başa çatdırılıb.
Nəqliyyat: Muxtar Respublikada nəqliyyat kompleksinin mühüm tərkib hissəsi olan dəmir yolu nəqliyyatının inkişafı perspektivləri nəzərə alınaraq onun infrastrukturu yeniləşdirilir. Bu tədbirlərin davamı kimi Ordubad dəmir yolu sərnişin vağzalı binasının və Şahtaxtı stansiyası ərazisində sərnişin platformasının tikintisi, Ordubad, Şərur və Qara-Börk Stansiya İdarəetmə Mərkəzlərinin, Culfa Vaqon Müayinə Məntəqəsinin, 5 saylı Naxçıvan Elektrik Təchizatı Distansiyasının 15 nömrəli Culfa Elektrik Şəbəkəsinin inzibati binalarının, 6 saylı Culfa Lokomotiv Deposunun yardımçı binasının və təmir sexinin əsaslı təmiri davam etdirilib.
Muxtar Respublikada nəqliyyat sisteminin səmərəli inkişafının təşkili, yeni müasir yolların və yol qurğularının, körpülərin inşası, təsərrüfatlararası mal mübadiləsini gerçəkləşdirən yükdaşıma nəqliyyatının və ictimai nəqliyyatın fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir. Cari ilin ilk altı ayı ərzində Şərur rayonunun Qarxun kəndində gücü saatda 60 ton olan asfalt-beton zavodu istifadəyə verilib, Muxtar Respublikada 98,4 kilometr uzunluğunda yeni yollar salınıb və ya əsaslı təmir olunub. Bu müddət ərzində 1 yeni körpü tikilib, 1 körpü əsaslı təmir edilib, 1 körpünün isə əsaslı təmiri davam etdirilib. Nəqliyyat kompleksimizin aktiv magistrallarından olan Naxçıvan-Sədərək avtomobil yolunun tikintisi davam etdirilməkdədir.
Mənzil-kommunal işləri: Muxtar Respublikada mənzil-kommunal təsərrüfatı sektorunda xidmətlərin səviyyəsinin müasir standartlara uyğunlaşdırılması, kommunal xidmətlər sahəsində restrukturizasiya tədbirlərinin sürətləndirilməsi, mövcud istilik sistemlərinin bərpası, modernləşdirilməsi və yenidən qurulması, etibarlı su təchizatının təşkili, su və kanalizasiya sistemlərinin yenilənməsi üzrə mobil mexanizmlər formalaşdırılıb. İlin əvvəlindən ötən altı ay ərzində Muxtar Respublikada 2 yeni yaşayış binasının tikintisi davam etdirilib, 41 yaşayış binasında təmir və bərpa işləri aparılıb, 35 yaşayış binasında televiziya verilişlərinin qəbulu üçün antennalar quraşdırılıb, 24 yaşayış binasında istilik xətləri yeniləri ilə əvəzlənib.
Yaşayış mənzillərində dövlət vəsaiti hesabına daxili istilik xətlərinin çəkilişi və vətəndaşlardan hər hansı bir ödəniş tələb olunmadan panel radiatorların quraşdırılması prosesi davam etdirilməkdədir. Son 3 il ərzində Muxtar Respublikada bu layihədən yararlanmış ailələrin sayı 7860-a çatıb.
Azərbaycan Hökuməti ilə Asiya İnkişaf Bankı arasında bağlanmış kredit sazişinə uyğun olaraq “Şəhər su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində 2009-cu ilin ilk altı ayı ərzində Naxçıvan şəhərinə su çəkilişi davam etdirilib. Bu məqsədlə inzibati idarə binası və bazanın tikintisi başa çatdırılıb, 18 ədəd müxtəlif markalı maşın və mexanizmlər alınıb, 10 min kubmetr həcmində suqəbuledici kaptajın və magistral xəttin tikintisi davam etdirilib. Dünya Bankının krediti ilə maliyyələşdirilən “Birinci və ikinci milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi” üzrə Muxtar Respublikanın yeddi rayonunda geoloji-geotexniki işlər aparılıb və topoqrafik xəritələr hazırlanıb.
Əhalinin yaşayış şəraitinin daha da yüksə
ldilməsi məqsədilə məişət və ticarət xidmətinin səviyyəsi hazırda ardıcıl olaraq təkmilləşdirilməkdədir. Bu istiqamətdə reallaşdırılan tədbirlərə uyğun olaraq 2009-cu ilin ötən altı ayı ərzində Ordubad şəhərində bazar, ticarət və məişət kompleksinin tikintisi başa çatdırılıb, Şərur şəhərində bazar kompleksinin tikintisi davam etdirilib. Şərur rayonunun Qarxun kəndində məişət evinin, Yuxarı Aralıq kəndində ticarət mərkəzinin tikintisi, Qıvraq qəsəbəsində ticarət və məişət evinin yenidən qurulması başa çatdırılıb, Naxçıvan şəhərində Kənd Təsərrüfatı Məhsullarının Satış Yarmarkası üçün binanın, Şərur rayonunun Tumaslı, Culfa rayonunun Ərəzin və Şahbuz rayonunun Badamlı kəndlərində yeni məişət evlərinin inşası davam etdirilib.
Təbii qaz təminatının bərpası layihəsi çərçivəsində Muxtar Respublika üzrə əhali təsərrüfatına qaz çəkilişi prosesi başa çatdırılıb. 2009-cu ilin yanvar-iyun ayları ərzində Muxtar Respublikada əhalinin şəxsi vəsaiti hesabına ümumilikdə 66 min 692 kvadratmetr yaşayış sahəsi tikilib ki, bu da 2008-ci ilin müvafiq dövründəki 49 min 789 kvadratmetr səviyyəsindəki göstəricidən 16 min 903 kvadratmetr və ya 33,9 faiz çoxdur.
Kənd təsərrüfatı sahəsində irəliləyişlər...
Əkinçilik: Muxtar Respublikanın iqtisadiyyatının vacib sahələrindən olan aqrar bölmənin inkişaf etdirilməsi prioritet məsələlərdən biridir. Əhalinin xeyli hissəsinin kənd təsərrüfatı ilə məşğul olmasını və bu sahənin məhsullarına olan tələbatın daxili istehsal hesabına ödənişi məqsədini nəzərə alaraq kənd təsərrüfatı məhsulları istehsalçılarının dəstəklənməsi siyasəti daha da gücləndirilib. Əkilən torpaqların daha da səmərəli istifadəsinə, toxumçuluq və damazlıq işinin inkişafına, bu sahəyə sərmayə qoyuluşunun artırılmasına, yeni emal müəssisələrinin yaradılmasına, yetişdirilən məhsulun saxlanılması üçün soyuducu qurğu və anbarların tikintisinə, kəndin sosial məsələlərinin yaxşılaşdırılmasına, həmçinin, meliorasiya və irriqasiya sistemlərinin etibarlı işləməsinə, genişmiqyaslı və güzəştli kreditləşmə məsələlərinə xüsusi əhəmiyyət verilərək mühüm tədbirlər həyata keçirilməkdədir.
Qeyd olunanların nəticəsidir ki, 2009-cu ildə Naxçıvan Muxtar Respublikasında 59 min 200 hektar sahədə əkin aparılıb. Bu isə 2008-ci ildəki müvafiq göstəricini 0,5 faiz və ya 291,4 hektar üstələyir.
Yeni emal müəssisələrinin, un dəyirmanlarının işə salınması, taxıl istehsalçılarına dövlət maliyyə dəstəyinin göstərilməsi taxılçılığa olan marağı daha da artırıb. 2009-cu il üçün Muxtar Respublikada 33 min 592 hektar sahədə taxıl əkilib. Bunun 27 min 719 hektarı payızlıq, 5 min 873 hektarı isə yazlıq taxıldır. ötən illə nisbətdə taxıl əkini sahələrinin həcmi 166 hektar artıb. Taxıl zəmilərinin 28 min 294 hektarında buğda, 5 min 298 hektarında arpa əkilib. Bu işlərin daha da təkmilləşdirilməsi üçün məhsul istehsalçılarına cari ilin ilk yarısında 497 min 900 manat həcmində kredit verilməsi təmin olunub.
Cari ilin iyun ayının 13-də Muxtar Respublikada taxıl biçininə başlanılıb. Operativ məlumatlara əsasən, 27 iyul 2009-cu il tarixədək 32 min 860 hektar sahədə, yaxud cəmi taxıl zəmilərinin 97,8 faizində biçin aparılıb, sahələrdən 92 min 602 ton məhsul götürülüb. Hər hektardan məhsuldarlıq orta hesabla 28,2 sentner olub. Yığılan məhsulun 78 min 826 tonu buğda, 13 min 776 tonu isə arpadır. Hazırda məhsuldarlıq buğda zəmilərində hər hektardan orta hesabla 28,6 sentner, arpa zəmilərində isə 26 sentnerdir.
Strateji ərzaq məhsullarından biri də kartofdur. Daxili bazarın kartofla təminatında idxaldan asılılığın azaldılmasını, əhalinin tələbatının yerli məhsul hesabına ödənilməsini təmin etmək məqsədi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 aprel 2005-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində kartof əkini üçün əlverişli torpaq sahələri müəyyənləşdirilib, məhsul istehsalçılarına güzəştli şərtlərlə kredit verilməsi təmin olunub. Həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq carı ildə 2720 hektar sahədə kartof əkini aparılıb ki, bu da 2008-ci illə müqayisədə 207 hektar, yaxud 8,2 faiz çoxdur. Kartof istehsalçılarına maliyyə dəstəyi olaraq 2009-cu ilin birinci yarısında 838 min 600 manat həcmində kreditlər verilib.
Əkin sahələrinə yüksək aqrotexniki qulluq göstərmək və məhsuldarlığı yüksəltmək məqsədilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 55 ədədi 2009-cu ilin yanvar-iyun aylarında olmaqla cəmi 403 ədəd müxtəlif kənd təsərrüfatı texnikası alınaraq Muxtar Respublikaya gətirilib.
Heyvandarlıq: Bu sahədə inkişafın dinamikasını təmin edən mühüm amillərdən biri baytarlıq tədbirlərinin müntəzəm əsasda gücləndirilməsidir. Cari ilin ilk yarısında 255 min ABŞ dolları dəyərində vaksinlər və dərman preparatları Rusiya Federasiyasından alınaraq Muxtar Respublikaya gətirilib və hazırda genişmiqyaslı profilaktiki tədbirlər aparılmaqdadır. Bu sahədə xidmətin təkmilləşdirilməsi istiqamətində atılan mühüm addımlardan biri isə ondan ibarətdir ki, yeni inşa olunan Kənd Mərkəzlərində baytarlıq məntəqəsi və aqrar məsləhət mərkəzləri üçün xüsusi otaqlar ayrılır və bu sahədə normal fəaliyyət təmin edilir. Heyvandarlıqda mal-qaranın baş sayının artımı öz növbəsində heyvandarlıq məhsulları həcminin artmasını şərtləndirib. İlin əvvəlindən 9 min 78 ton ət, 42 min 218 ton süd istehsal olunub və 2008-ci ilin analoji dövrünə nisbətdə müvafiq olaraq 2,6 və 2,5 faizlik artım templəri əldə edilib. 2009-cu ilin yanvar-iyun aylarında heyvandarlığın inkişafına kömək məqsədilə Muxtar Respublikanın bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 1 milyon 962 min 242 manat kredit verilib.
Quşçuluq: Muxtar Respublikada maldarlıqla yanaşı, quşçuluğun da inkişafı istiqamətində müvafiq tədbirlər görülüb. 2009-cu ilin ilk altı ayı ərzində quşçuluq sahəsində fəaliyyət göstərən iki təsərrüfat subyekti fəaliyyətə başlayıb, bundan başqa, ətlik və yumurtalıq istiqamətində daha 7 müxtəlif quşçuluq təsərrüfatının yaradılması istiqamətində işlər davam etdirilib. Quşçuluğun inkişafına yardım məqsədilə sahibkarlara 574 min manat məbləğində kredit verilib.
Arıçılıq: Muxtar Respublikada qədim ənənələrə malik olan perspektivli sahələrdən biri də arıçılıqdır. Bu sahənin inkişafı məqsədilə cari ilin yanvar-iyun aylarında arıçılıqla məşğul olan təsərrüfat subyektlərinə 93 min manat həcmində kredit verilib.
Energetika...
Muxtar Respublikanın elektroenergetika sahəsində də genişmiqyaslı yenidənqurma tədbirləri həyata keçirilir. Belə ki, 2009-cu ilin yanvar-iyun ayları ərzində Ordubad rayonunda Gilançay üzərində 20 meqavat gücündə su elektrik stansiyalarının tikintisi davam etdirilib, 36 ədəd transformator yarımstansiyası quraşdırılıb, 65,6 kilometr uzunluğunda yeni elektrik verilişi xətləri çəkilib. Naxçıvan şəhərində 110/10 kilovoltluq “Koroğlu” yarımstansiyasının başqa əraziyə köçürülməsi üçün tikinti işləri başa çatdırılıb. İstehsalçıların fasiləsiz elektrik enerjisi ilə təmin olunması, infrastrukturun təkmilləşdirilməsi enerjidən istifadə haqlarının tam həcmdə yığılmasına da müsbət təsir göstərib. Belə ki, cari ilin birinci yarısında istehlak olunan 8 milyon 635 min manat dəyərində 143 milyon 925 min kilovatsaat elektrik enerjisinin müqabilində 8 milyon 773 min manat vəsait toplanıb, ödəniş faizi 101,6 faiz olub. ötən ilin müvafiq dövründə isə bu göstərici 94,4 faiz təşkil edib.
Sahibkarlıq fəaliyyəti, əhalinin gəlirləri və məşğulluq...
Sahibkarlığın inkişafı iqtisadiyyatının diversifikasiyası baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edir. Muxtar Respublikada sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması siyasəti sahibkarlığa dövlət himayəsinin sistem şəklində həyata keçirilməsinə, sahibkarlara dövlət dəstəyi tədbirlərinin səmərəsinin yüksəldilməsinə yönəldilib. Bu strateji xəttin reallaşdırılması istiqamətində ardıcıl tədbiriər həyata keçirilməkdədir. Məlum olduğu kimi, sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, mövcud maneələri aradan qaldırmaq məqsədilə ölkə başçısının 2007-ci il 25 oktyabr tarixli Sərəncamına əsasən 2008-ci ilin yanvar ayının 1-dən etibarən sahibkarlıq subyektlərinin qeydə alınmasında “bir pəncərə” prinsipi tətbiq olunub. 2009-cu ilin yanvar-iyun ayları ərzində Muxtar Respublika üzrə 28 hüquqi və 929 fiziki şəxs qeydiyyata alınıb.
Sahibkarlığa dövlət maliyyə köməkliyi mexanizmi formalaşdırılıb ki, bu mexanizm əsasən kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə vəsaitlərinə olan tələbatının ödənilməsinin real mənbəyi kimi çıxış edir. Təkcə cari ilin ilk altı ayı ərzində Muxtar Respublikada sahibkarlara 17 milyon 152 min 15 manat həcmində güzəştli kreditlər verilib ki, bu da 2008-ci ilin ilk yarısındakı müvafiq göstəricini 72,8 faiz və ya 7 milyon 227 min 40 manat üstələyir.
Cari ilin ilk yarısında Muxtar Respublikada əhalinin gəlirləri 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 42,1 faiz artaraq 401 milyon 993 min 600 manat, onun adambaşına düşən həcmi isə 37 faiz yüksələrək 1009 manat təşkil edib. 2009-cu ilin 8 may tarixində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişiklik və əlavələrə uyğun olaraq qorunan əmanətlərin məbləğinin xeyli artırılması əmanət qoyuluşlarına stimulu daha da gücləndirib. Əgər 1 iyul 2008-ci il tarixə Muxtar Respublika ərazisində fəaliyyət göstərən bank strukturlarında 1 milyon 847 min 200 manat əhali əmanəti mövcud idisə, bir il sonra - yəni 1 iyul 2009-cu il tarixə bu göstərici 776 min 200 manat artaraq 2 milyon 623 min 400 manata çatıb.
Aparılan məqsədyönlü iqtisadi siyasət Muxtar Respublikada əhalinin rifahının davamlı yüksəlişinə əsaslı zəmin yaradıb. 2009-cu ilin yanvar-iyun aylarında Muxtar Respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 260,5 manat təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 19 faiz artıb.
Dövlət büdcəsi...
İlin əvvəlindən Muxtar Respublikanın sosial-iqtisadi həyatında baş verən dinamik artım tempi büdcə daxilolmalarının da həcminə müsbət təsir göstərib. Naxçıvan Muxtar Respublikasının Dövlət büdcəsinin gəlirləri 2009-cu ilin yanvar-iyun ayları ərzində 30 milyon 262 min 900 manat olub ki, bu da 2008-ci ilin müvafiq dövründə daxil olan 23 milyon 233 min 800 manat gəlirdən 7 milyon 29 min 100 manat və ya 30,3 faiz çoxdur.
Xarici ticarət...
Muxtar Respublikada real sektorun inkişafına yönəldilmiş islahatlar ixracyönümlü məhsulların istehsalını sürətləndirən müvafiq iqtisadi mexanizmlərin tətbiqi ilə dəstəklənməkdədir. İxrac potensialının inkişaf etdirilməsi, Muxtar Respublika ərazisində istehsal olunan Azərbaycan mallarının xarici bazarlara çıxarılması, bunun üçün əlverişli şəraitin yaradılması, qonşu xarici ölkələrin iqtisadiyyatlarına səmərəli inteqrasiyanın təşviqi ötən dövr ərzində də prioritet istiqamətlərdən olub. 2009-cu ilin yanvar-iyun aylarında Muxtar Respublikada fəaliyyət göstərən müəssisə və təşkilatlar, fiziki şəxslər tərəfindən xarici dövlətlərlə aparılan ticarət əməliyyatları nəticəsində 91 milyon 697 min 300 Amerika Birləşmiş Ştatları dolları həcmində xarici ticarət dövriyyəsi yaranıb ki, bu da bir il əvvəlki müvafiq göstəricini 2,5 dəfə üstələyir. özəl sektorda ixracın stimullaşdırılması və buna uyğun olaraq ixrac mallarının çeşidinin artırılması, yerli istehsalçıların xarici bazarlarda mövqelərinin möhkəmləndirilməsi, maraqlarının müdafiəsinin gücləndirilməsi istiqamətlərində həyata keçirilən kompleks tədbirlər növbəti ciddi iqtisadi uğurumuzu təmin edib. Muxtar Respublikanın xarici ticarət dövriyyəsində ilk dəfə olaraq cari ilin yanvar-iyun ayları üzrə ixracın həcmi idxalı üstələyib və 7 milyon 12 min 500 ABŞ dolları həcmində müsbət saldo yaranıb. Belə ki, xarici ticarət dövriyyəsinin 42 milyon 342 min 400 dollarını və ya 46,2 faizini idxal, 49 milyon 354 min 900 dollarını və ya 53,8 faizini isə ixrac təşkil edib. İxracın həcmi son bir il ərzində 4,5 dəfə artıb.
Bir sözlə, göstərilən faktlar bir daha sübut edir ki, Naxçıvan Muxtar Respublikası blokada şəraitində yaşamasına baxmayaraq, inkişaf edir, çiçəklənir. Bütün bunlar, əlbəttə ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kursun, kadr siyasətinin məntiqi nəticəsidir.
əsasında hazırladı: Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52

YAP xəbərləri
19 Sentyabr 10:50

Analitik
19 Sentyabr 10:45

YAP xəbərləri
19 Sentyabr 10:41

YAP xəbərləri
19 Sentyabr 10:39

Siyasət
19 Sentyabr 10:37

Hadisə
19 Sentyabr 10:36
