Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Üç ölkəni bir araya gətirən ortaq maraqlar

Üç ölkəni bir araya gətirən ortaq maraqlar

06.12.2022 [10:03]

Tarixi zəmin üzərində qurulan Azərbaycan- Türkiyə-Türkmənistan üçtərəfli formatı

Mübariz FEYİZLİ

Azərbaycan əksər region dövlətləri ilə yüksək səviyyəli ikitərəfli münasibətlər qurub və bu əlaqələr getdikcə daha da möhkəmlənir. Respublikamız Xəzər-Qara dəniz hövzələri boyunca yerləşən dövlətlərlə qardaş Türkiyənin iştirakı ilə üçtərəfli formatların yaranmasına və onların funksionallığının təmin olunmasına da böyük önəm verir. İndiyədək Gürcüstanın, Özbəkistanın, Qazaxıstanın iştirakı ilə formalaşan üçtərəfli formatlarda regional əməkdaşlıq perspektivləri ilə bağlı intensiv görüşlər keçirilir və müzakirələr aparılır. Böyük perspektiv vəd edən belə üçtərəfli formatlardan biri də dost Türkmənistanın iştirakı ilə formalaşmaqdadır.

Prezidentlər bir araya gələcəklər

Hər üç ölkənin siyasi rəhbərliyi ölkələrimiz arasında dialoqun yüksək dinamika ilə irəliləməsinə böyük önəm verir. İndiyədək üç dövlətin prezidentləri və digər yüksək səviyyəli rəsmiləri müxtəlif tədbirlərdə və platformalarda çoxsaylı görüşlər keçirərək bir-birlərinə dəstəklərini ifadə ediblər. Qarşıda isə üç ölkənin prezidentlərinin - İlham Əliyevin, Rəcəb Tayyib Ərdoğanın və  Sərdar Berdıməhəmmədovun üçtərəfli görüşünün keçiriləcəyi gözlənilir. Görüşün dekabrın 13-14-də Türkmənbaşı şəhərində yerləşən “Avaza” milli turizm zonasında baş tutacağı ehtimal olunur. Türkmənistanın dövlət başçısının imzaladığı sənədə əsasən, Prezident Administrasiyasına ölkənin Xarici İşlər Nazirliyi ilə birlikdə yüksək səviyyədə üçtərəfli Zirvə görüşünün keçirilməsi tapşırılıb. Verilən məlumatda bildirilir ki, görüş zamanı bir sıra sazişlərin imzalanması nəzərdə tutulur. Həmçinin üçtərəfli görüş ərəfəsində Türkmənistanda energetika, nəqliyyat və xarici işlər nazirlərinin toplantısı baş tutacaq.

Qeyd edək ki, noyabrın 28-də Ankarada Türkiyə və Türkmənistanın xarici işlər nazirliklərinin yüksək səviyyəli nümayəndələri arasında siyasi məsləhətləşmələr keçirilib. “Avazada Azərbaycan, Türkiyə və Türkmənistan dövlət başçılarının üçtərəfli Zirvə görüşünə hazırlıq gedir”. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada türkmənistanlı həmkarı ilə birgə mətbuat konfransında deyib. Türkmənistanın xarici işlər naziri Rəşid Meredov da dövlət başçılarının üçtərəfli Zirvə görüşünə hazırlıq getdiyini qeyd edib. “Bu, çox faydalı olacaq. Qardaş xalqlar - türkmənlər, azərbaycanlılar və türkiyəlilər birlikdə böyük işlər həyata keçirə bilərik”, - Rəşid Meredov vurğulayıb.

Eyni zamanda, 30 noyabr 2022-ci il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Polşada keçirilən 29-cu iclası çərçivəsində Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. Xarici işlər nazirləri Azərbaycanla Türkiyə arasında ikitərəfli və regional əməkdaşlıq gündəliyinin aktual məsələlərini müzakirə ediblər. Nazirlər, həmçinin ATƏT-in Nazirlər Şurasının 29-cu iclasında və çoxtərəfli platformalarda əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bir qədər bundan əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkmənistanın ölkəmizdə yeni təyin olunmuş səfiri Qurbanməmmet Elyasovu qəbul edərkən Azərbaycanla Türkmənistan arasında tarixi köklərə malik dost və qardaşlıq münasibətlərinin yeni inkişaf mərhələsinə çatdığını, ölkələrimiz arasında son illərdə həyata keçirilən ali səviyyəli qarşılıqlı səfərlərin, aparılan dialoqun və imzalanmış normativ-hüquqi sənədlərin əhəmiyyətini qeyd edib. Qəbulda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın təsdiq edilməsindən irəli gələn işlər, bu xüsusda iki ölkə arasında inkişaf edən tərəfdaşlığın vacibliyi vurğulanıb.

Üçtərəfli görüşün gündəliyi

Azərbaycan, Türkiyə və Türkmənistanın üçtərəfli platformada bir araya gəlmələrini şərtləndirən çox sayda amillər var. Hər üç ölkənin xalqları eyni tarixi köklərə, oxşar dil, mədəniyyət və mənəvi dəyərlərə malikdirlər. İslam dini üç dövlətin yaxınlığını şərtləndirən digər bir mühüm amildir. Bugünkü əməkdaşlıq da məhz tarixi köklər üzərində qurulur və inkişaf etdirilir. Üçtərəfli əməkdaşlığın siyasi aspektləri barədə yuxarıda bəhs etdik. Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq perspektivləri də kifayət qədər genişdir. Xatırladaq ki, Türkiyə 761.4, Azərbaycan 48, Türkmənistan 48 milyard dollar nominal ÜDM-ə malikdirlər. Eyni zamanda, coğrafi yerləşmə ölkələrimiz arasında iqtisadi inteqrasiyanın dərinləşməsini mümkün və zəruri edir.

Prezidentlərin dekabrın 13-14-də Türkmənbaşıda keçirilməsi nəzərdə tutulan görüşlərindən gözləntilər böyükdür. Türkmənistan KİV-nin məlumatına görə, Prezident Sərdar Berdiməhəmmədov Zirvə tədbirinin gündəliyi barədə müəyyən məlumatlar verib. Onun sözlərinə görə, üçtərəfli Zirvə görüşündə ilk növbədə enerji, nəqliyyat, kommunikasiya və digər strateji istiqamətlərdə müzakirələr aparılacaq. Berdiməhəmmədov qeyd edib ki, Türkmənistan, Azərbaycan və Türkiyə Şərq-Qərb istiqamətində  nəqliyyat və enerji körpüsünün yaradılması üzərində fəal iş aparırlar.

Üçtərəfli formatda baş tutacaq Zirvə görüşündə imzalanacaq sənədlərdən birinin enerji əməkdaşlığı ilə bağlı olacağı ehtimal edilir. Son illərdə enerji sektoru üçtərəfli əməkdaşlığın mühüm seqmentinə çevrilib. Türkmənistan enerji resursları ilə zəngin olan bir məkandır. Ancaq geosiyasi gərginliklərlə əlaqədar bu ölkə enerji resurslarının ixracında müəyyən çətinliklərlə üzləşib. Əvvəllər Türkmənistan neft-qaz ixracını əsasən Rusiya üzərindən həyata keçirirdi. Qərbin şimal qonşumuza qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən indi bu mexanizm pozulub. Buna görə də Türkmənistan Azərbaycan və Türkiyədən keçməklə Avropaya qədər uzanan Bakı-Tbilisi Ceyhan kəməri ilə neft ixracını artırmağa çalışır. İndiyədək Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə 32 milyon ton Türkmənistan neftinin dünya bazarlarına çıxarılması təmin edilib. Ölkənin ixrac potensialı isə bundan xeyli çoxdur. Eyni zamanda, Azərbaycan və Türkiyə Türkmənistandan daha böyük həcmlərdə neft qəbul edib onun tranzitini həyata keçirməyə hazırdırlar.

Enerji sektorunda əməkdaşlığın digər bir mühüm istiqaməti qaz ixracı ilə bağlıdır. Bu sahədə də zəngin potensialı olan dost ölkə çətinliklərlə üz-üzədir. Səbəblər eynidir. Vəziyyətdən real çıxış yolu Transxəzər boru kəmərinin çəkilməsidir. Bu boru kəməri Türkmənistanın mavi yanacaq şəbəkəsi ilə yenə də Azərbaycan və Türkiyədən keçib Avropanın mərkəzi hissəsinədək uzanan Cənub Qaz Dəhlizi ilə birləşdirəcək. Hazırda Azərbaycanla Avropa Komissiyası arasında Cənub Qaz Dəhlizinin TANAP və TAP seqmentlərinin genişləndirilməsi üzrə müzakirələr aparılır. Azərbaycan Transxəzər kəmərinin çəkilməsinə siyasi dəstək göstərir. Bu barədə Prezident İlham Əliyev bildirib. “Bu layihə Türkmənistanın resurslarına əsaslanır. Ona görə də əgər Türkmənistan hökuməti Transxəzər kəmərini tikmək qərarına gələrsə, bu, onların qərarı olacaq. Əgər onlar belə bir qərar verərlərsə, əlbəttə ki, biz onları dəstəkləyəcəyik. Ancaq burada biz təşəbbüskar olmayacağıq”, - deyə dövlətimizin başçısı İtaliyanın “Il Sole 24 Ore” qəzetinə müsahibəsində bildirib.

Onu da vurğulayaq ki, Azərbaycan və Türkmənistan arasında enerji əməkdaşlığı həm də Xəzərdəki “Dostluq” yatağını əhatə edir. 21 yanvar 2021-ci il tarixində Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb və bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib. Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı yataq zəngin neft-qaz ehtiyatlarına malikdir. Sonradan rəmzi olaraq “Dostluq” adı verilən bu yataq iki ölkənin dəniz sərhədində yerləşir. Yataq keçmiş SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb.

Prezidentlərin üçtərəfli formatda keçiriləcək görüşlərinin gündəliyində həmçinin nəqliyyat və logistika məsələlərinin dayanacağı da istisna edilmir. Yenə də məlum geosiyasi gərginliklər fonunda regionda nəqliyyat-tranzit məsələlərinin önəmi artıb. Yeni reallıqlar fonunda bu istiqamətdə də üç ölkənin səylərinin əlaqələndirilməsi bir növ zərurətə çevrilib. Azərbaycan, Türkiyə və Türkmənistan Avrasiyada çox mühüm nəqliyyat bağlantısını təmin edə bilərlər. Bunun üçün hazır infrastruktur da mövcuddur. Azərbaycanın Xəzər sahilində yaratdığı ən böyük dəniz limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub, Şərq-Qərb dəhlizləri üzrə qurulan müasir infra­struktur tranzit daşımaları üçün geniş perspektivlər açır. Türkmənistan Prezidenti nəqliyyat sahəsində Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu üzrə layihənin həyata keçirilməsi perspektivlərinin mövcud olduğunu bildirib. Gələcəkdə Orta Dəhlizin funksionallığının artması, Zəngəzur dəhlizinin açılması ilə bu imkanlar daha da genişlənəcək.

Paylaş:
Baxılıb: 154 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Neft ucuzlaşıb

30 Yanvar 09:45

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31