Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Fransa hakimiyyəti köhnə stereotiplərin əsiridir və yeni reallığı qəbul edə bilmir

Fransa hakimiyyəti köhnə stereotiplərin əsiridir və yeni reallığı qəbul edə bilmir

19.11.2020 [08:39]

Məlum olduğu kimi, yaxın günlərdə Paris meriyası qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa hazırlaşır. Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa qurumun fəaliyyəti dövründə davamlı şəkildə ermənipərəst mövqeyi ilə seçilib, həmsədr ölkə mandatının prinsiplərini pozaraq işğalçı Ermənistana hərtərəfli dəstək verib. Erməni lobbisinin ciddi təsiri altında olan Fransa hökuməti və şəxsən prezident Makron ermənilərin dəstəyini əldə etmək üçün müharibə dövründə işğalçı ölkəyə siyasi, iqtisadi və hərbi dəstək göstərib.
Fransa məsələni ATƏT-in Minsk qrupu çərçivəsində mənasız müzakirələr müstəvisinə qaytarmaq niyyəti güdür
Qeyd edək ki, Fransa hakimiyyəti bu addımı sanksiyalaşdırmaqla qondarma rejimin ləğv olunmuş statusu məsələsini aktuallaşdırmaq, məsələnin həllini ölü qurum kimi tanınan ATƏT-in Minsk qrupu çərçivəsində mənasız müzakirələr müstəvisinə qaytarmaq niyyəti güdür. Bu da onu göstərir ki, Fransa hakimiyyəti hələ də köhnə stereotiplərin əsiridir və yeni reallığı qəbul edə bilmir. Fransa hakimiyyətinin mövqeyi və cəhdləri onsuz da ölü qurum olan ATƏT-in Minsk qrupunun həmsədrlik institutunun tam məhv edilməsinə istiqamətlənib.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Cavid Osmanov bildirib ki, Fransa ermənilərin çoxluq təşkil etdiyi ölkələrdən biridir. Hətta erməni lobbisinin Fransada dövlət strukturlarına və hakimiyyətin müxtəlif nümayəndələrinə belə təsir etmək imkanlarının olması bəlli bir məsələdir. Onun sözlərinə görə, bütün beynəlxalq sənədlərdə təsdiq olunur ki, Qarabağ əzəli Azərbaycan ərazisidir və dünya dövlətləri də Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Fransanın müəyyən rəsmi dairələrindən isə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə təhdid xarakteri daşıyan sərsəm fikirlərin səsləndirilməsi, sadəcə, təəssüf doğurur.
Bu addım Azərbaycan-Fransa münasibətlərinə ciddi zərbə vurur
Millət vəkili qeyd edib ki, bu, Fransada yaşayan ermənilərin və ölkədə mövcud olan erməni lobbisinin əməlləridir. Paris meriyasının qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımağa hazırlaşması ilə bağlı merin fikirləri Azərbaycan-Fransa münasibətlərinə ciddi zərbə vurur. 44 günlük Vətən müharibəsi ərzində də biz Fransanın mövqeyini, daha doğrusu, işğalçı Ermənistanı müdafiə etmək maraqlarının olduğunu gördük. Baxmayaraq ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir və həmsədr olan ölkələrin tərəfkeşlik etmək cəhdləri onların mandatlarına ziddir. Bütün bu hallar Fransada olan erməni lobbisinin Fransa hökumətinə olan təsirindən irəli gəlir. Lakin bu kimi cəhdlər tamamilə mənasızdır, Azərbaycan üçün heç nə dəyişən deyil.
“Sadəcə, Fransa rəsmilərinin bu cür fikirlər səsləndirməsi, ilk növbədə, bu ölkənin öz nüfuzuna xələl gətirmiş olur. Çünki Qarabağda olan separatçı rejim bir terror təşkilatıdır və Ermənistanın 30 il öncə işğal etdiyi torpaqlarımızda qeyri-qanuni fəaliyyət göstərməyə çalışırdı. Erməni lobbisinə yaxınlığı ilə tanınan Paris meri Ann İdalqo anlamalıdır ki, həmin separatçı rejimi heç Ermənistanın özü tanıya bilməyib. Çünki bu, beynəlxalq hüquqa zidd bir məsələdir və əksi Ermənistan üçün çox ağır nəticələrlə başa gələ bilərdi. Ann İdalqo kimi Fransa rəsmilərinin bu cür absurd fikirdə olmaları dolayısı ilə bu adamların dünyada terrora dəstək verməkdə maraqlı olmalarını təzahür etdirir”, - deyə C.Osmanov vurğulayıb.
“Sentyabrın 27-də Ermənistanın davamlı təxribatları nəticəsində başlanmış müharibə dövründə Fransa bu günə kimi pərdələdiyi ermənipərəst siyasətini tam açıq nümayiş etdirməyə başlayıb. Fransa prezidenti Emmanuel Makron hərbi əməliyyatların dayandırılması, Azərbaycana qarşı beynəlxalq rəy formalaşdırılması və cəza tədbirləri həyata keçirilməsi məqsədilə ciddi səylərlə çıxış edib. Bütün bunlar azmış kimi, Fransanın hərbi kəşfiyyatı davamlı şəkildə əldə etdiyi məlumatları Ermənistana ötürüb, hətta bəzi məlumatlara görə Fransa ən yüksək səviyyədə Ermənistan hakimiyyətinə Azərbaycanın münaqişədə üstünlük əldə etməsinə imkan verməyəcəyini vəd edib”. Bu fikirləri isə politoloq Şəbnəm Həsənova deyib.
Fransa diplomatları Avropa paytaxtlarında Ermənistanın xeyrinə iş aparıb
Politoloq bildirib ki, əldə olunan məlumatlara görə isə yaxın günlərdə Paris meriyası qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımağa hazırlaşır. Heç şübhəsiz ki, proses Fransa hakimiyyəti tərəfindən sanksiyalaşdırılır. Nəzərə alsaq ki, Parisin meri Ann İdalqo erməni lobbisinin tam nəzarəti altında olmaqla yanaşı, qatı ermənipərəst mövqeyə malikdir və onun Fransa erməniləri ilə sıx münasibəti var, hətta müavinlərindən biri ermənidir, o zaman bütün suallara cavab tapmaq olur ki, məsələ hardan və kimlərdən qaynaqlanır. Bundan əvvəl də İdalqonun ermənilərə yaxınlığına dair konkret faktlar mövcud idi. Belə ki, o, Fransada erməni kilsəsinin açılışında iştirak edib, qondarma “erməni soyqırımı” ilə bağlı tvitlər paylaşıb, eyni zamanda, separatçı Dağlıq Qarabağ rejimini dəstəkləyən təşəbbüslər edib və marafonlar təşkil edib, belə olan halda hər şey aydın olur. Lakin bütün bu qatı ermənipərəst cəhdlərə baxmayaraq, İdalqonun erməni sevgisi gülüş obyektinə çevrilərək məsxərəyə qoyulur. Makronun yaratdığı və rəhbərlik etdiyi “İrəli Fransa” partiyasının Paris Şurasında geniş şəkildə təmsil olunmasını nəzərə aldıqda, deyə bilərik ki, bu proses Makronun ermənilərə növbəti sadiqliyindən irəli gəlir. Düşünürəm ki, məsələ Fransanın son dövrlər, eləcə də sentyabrın 27-dən sonra aparılan hərbi əməliyyatlar zamanı sərgilədiyi ermənipərəst siyasətin tərkib hissəsi kimi başa düşülməlidir. Paris şəhərinin Dağlıq Qarabağdakı qondarma qurumu tanıması da heç bir nəticə verməyəcək.
“Fransa diplomatları Avropa paytaxtlarında Ermənistanın xeyrinə iş aparıb, bu fəaliyyəti indi də davam etdirdikləri halda, bu gün Fransa müxtəlif Avropa dairələrində Azərbaycanın mənfi imicinin formalaşdırılması istiqamətində fəal addımlar atılır. Lakin düşünürəm ki, Fransa öz tarixi keçmişinə nəzər salsa, daha məntiqli olar, çünki bu ölkə əli milyonlarla insanın qanına batmış, ayrı-ayrı xalqlara qarşı soyqırımı törətmiş bir ölkədir”, - deyə politoloq qeyd edib.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 369 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30