Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Populizm fenomenin mutasiyası - ŞƏRH

Populizm fenomenin mutasiyası - ŞƏRH

29.07.2026 [14:35]

Qlobal informasiya məkanında reklamın payı çoxaldıqca həqiqətə ayrılan yer daha da darlaşır. Xatırladaq ki, reklamın strateji hədəfi şərti alıcı tərəfindən qəbul olunacaq konkret qərarın məzmununu həmin an yaşanacaq emosiyadan asılı etməkdən ibarətdir. Qeyd olunan fikirdə heç bir yeni kəşf yoxdur. Bu bəsit iqtisadi və psixoloji qanunauyğunluğu hər bir marketoloq çox yaxşı bilir. Şərti alıcının istehlakçı təfəkküründə istənilən bir emosiya yaşanan kimi hətta qiyabi şəkildə qəbul olunmuş qərarın şüuraltı səviyyəsində “icraatı” mexanizmi dərhal hərəkətə keçir. Bundan sonra alıcının beyni artıq “niyə almalıyam?” yox “necə alım?” sualı ətrafında düşünməyə başlayır.   

Bu cür sosial-psixoloji qanunauyğunluqlar artıq siyasi münasibətlər sistemində də geniş şəkildə nəzərə alınır. Məhz mövcud kontekstin inkişafında biz populizm fenomenin son dövrlərdə sürətlə yayılmasının əsl səbəblərini axtara bilərik. Burada kifayət qədər oxşarlıq və paralellik var. Misal üçün siyasi populizmin məqsədi emosional alətlər vasitəsilə vətəndaşın ictimai-siyasi təfəkküründə müəyyən stereotipləri formalaşdırmaq və atılacaq konkret addımların məzmununu həmin şəxsin emosional durumundan asılı etməkdən ibarətdir. Bunun üçün manipulyator öncə yaratdığı süni qalmaqal vasitəsilə ictimai maraq yaradır və bununla da passiv auditoriyanı oyandırır. Sonra isə həmin auditoriyanın siyasi təfəkküründə konkret şəxs və ya hadisə ilə bağlı neqativ stereotipləri formalaşdırır. Bəzən bu və ya digər konkret siyasi məsələ ilə əlaqədar ictimai fikrin məzmunu həmin məsələ ilə bağlı rəsmi informasiyanın cəmiyyətdə yayılmasından daha tez formalaşır. Sözügedən hal yaşanan kimi adətən gecikən tərəf yanlışlıqla informasiya məkanında məlumatın artırılması ilə məşğul olur. Nəticədə, öncədən müəyyən edilmiş informasiya strategiyası pozulur və müdafiə olunan tərəf manipulyativ tələyə düşmüş olur.

Təsadüfi deyil ki, “quru” faktların siyasi münasibətlərə təsiri ildən-ilə azalır, əvəzinə siyasətin emosiyalardan asılılığı dayanmadan artır. Hətta süni zəkanın məhsulu olan müxtəlif formatlı materiallar belə emosional manipulyasiyalar üçün istifadə olunur. Yəni, süni zəka artıq emosiya istehsalı prosesinə aktiv şəkildə “girişib”. Altından xətt çəkərək deyə bilərik ki, sözügedən tendensiya olduqca təhlükəlidir. Şübhəsiz ki, qeyd olunan təzahürlərin tendensiya halına çevrilməsində sosial şəbəkələrin payı böyükdür. Siyasətə pənah gətirən alverçi təfəkkürlü demaqoqlar sanki bazarda piştaxtanın arxasında dayanan satıcı kimi sadəcə ucadan qışqırmaqla alıcının diqqətini çəkmək istəyirlər.  

Müasir insan artıq bazara getmədən də internet vasitəsilə rahatlıqla öz alış-verişini edə bilir. Odur ki, rəqəmsal texnologiyalar dövründə sosial şəbəkələr həmin şərti “bazarları” çox böyük uğurla əvəzləyib. Əlbəttə ki, sosial şəbəkələrin adı çəkilən kimi ilk növbədə yada düşən məfhum məhz bloggerlik olur. Özümüzü aldatmayaq, konkret tərəflərin sifarişlərini yerinə yetirən, habelə saxta məlumat və emosiya satan siyasi bloggerlər əslində “kirli” siyasət ilə məşğul olurlar. Ən azından ona görə ki, əgər hər-hansı bir fəaliyyət növü insanların siyasi baxış və qərarlarına təsir edə bilirsə, o zaman bu fəaliyyəti məhz “siyasət” adlandırılması daha doğru olardı. Sadəcə bu cür şəxslər məsuliyyətdən yayınmaq üçün özlərini “siyasi fəal” yox məhz “blogger” kimi tanıtdırmağa çalışırlar.

Bu məqamda daha bir həssas məsələnin üzərinə gəlib çıxmış oluruq. Tarixə nəzər salaraq çəkinmədən deyə bilərik ki, təsadüfi və qeyri-peşəkar insanların kütləvi şəkildə siyasət ilə məşğul olması dövlət və cəmiyyət üçün təhlükəli hesab olunan tendensiyaların yaranması ilə yekunlaşa bilir. Sosial şəbəkələr isə həmin kütləviliyi təmin edən universal alətdir. Bəli, qlobal internet siyasəti yanlışlıqla əlçatan fəaliyyət növünə çevirir. “Yanlış həqiqətləri” tirajlayan informasiya mənbələrinin sayı sürətlə artır. Oxşar proseslərin inkişafı nəticəsində populizm artıq bizlərə siyasi oratorluq kimi sırınır.

İnternet məkanında aparılan emosional manipulyasiyalar vasitəsilə “ucuz populizm” əhalinin ictimai şüurunda demokratik münasibətlərin əlaməti kimi həkk olunur. Həqiqətdə isə bu cür sosial-siyasi anomaliyanın əsl demokratiya və ya peşəkarlıq ilə heç bir əlaqəsi yoxdur. Əksinə, demaqogiya sağlam demokratik münasibətləri “parazit” keyfiyyətlər ilə yoluxdurur. Məlumat çox, məsuliyyət hissi və peşəkarlıq məhdud olan yerdə qərəzli şərhlər artır, həmçinin emosional manipulyasiya adi hala çevrilir. Təkəbbürə yoluxmuş xəstə siyasi ambisiya sağlam fikri əvəz edə bilməz, əksinə, o hətta ən gözəl fikrin dərinliyini azaldar. Odur ki, müşahidə olunan informasiya bolluğuna rəğmən sosial şəbəkələrdə yaşanan fikir kasadlığı qaçılmaz olaraq siyasəti cılızlaşdırır. Nəzarətsiz sosial şəbəkələr populist demaqoqların xəstə ambisiyalarına “sığal çəkən” nəhəng platformaya çevrilir.

Ucuz və məsuliyyətsiz populizmin “qibtəedici inkişafı” artıq elə bir səviyyəyə gəlib çatıb ki, elmi diskussiyalar darıxdırıcıdır, peşəkar debatlar maraqsızdır, mədəni insanlar isə zamanında oynadıqları sosial oriyentir funksiyasından məhrum olublar. Populyar informasiya resurslarına “elm”, “peşəkarlıq” və “yüksək mədəniyyət nümunələri” heç bir reytinq gətirmədiyi üçün böyük ehtimal ilə bu cür xoşagəlməz tendensiyaların tədricən artmasına şahidlik etməyə məcbur qalacağıq. Dünyada cərəyan edən prosesləri nəzərə alaraq, yaxın gələcəkdə sosial şəbəkələr sayəsində daha betər mənzərələrin yaşanması istisna olunmur.

Adını çəkdiyimiz bu qibtəedici “inkişaf” cəmiyyəti elə bir dərin “quyuya” sürükləyir ki, insanların siyasi baxışı və “düşüncə dəhlizi” getdikcə daralır. Dar düşüncə isə ucuz populizmin inkişafı üçün münbit mühit yaradır. Təsəvvür edin rəsmi statistikaya əsasən əhalinin 90%-dan arıq hissəsi internet istifadəçisi olan bir ölkə üçün təsvir etdiyimiz tendensiyanın inkişafı nə dərəcədə təhlükəlidir?! Ciddi sosial bazaya malik olmayan radikal təfəkkürlü demaqoqların sosial şəbəkələrə qonmalarının əsas səbəbi də məhz qeyd olunan statistikanın arxasında gizlənib.

Sosial şəbəkələrin müəllifləri mükəmməl sosial mühəndis və marketoloq olduqları üçün elə bir mexanizm qurublar ki, orada siyasət manipulyasiya ilə aparılır və internet istifadəçisi könüllü şəkildə təslim olaraq böyük oyunun alətinə çevrilir. Qlobal süni zəkanın iş alqoritmi elə qurulub ki, zamanla vətəndaşın düşünməyə nə marağı, nə də ki, ehtiyacı qalır. Hazır düşünmə modelləri vətəndaşın ictimai təfəkkürünə sözün hərfi mənasında yeridilir. Bu cür proseslərdə emosional populizmin payı heç də az deyil.

Əlbəttə ki, hadisələrin mövcud gedişatı populizm fenomenin mutasiyasını qaçılmaz edir. Müasir seçici daha hazırlıqlı, daha məlumatlı və daha təcrübəli olduğu üçün populizm artıq sadəcə seçicinin rəğbətini qazanmaq üçün istifadə olunmur. Mutasiyaya uğramış radikal populizm nifrət qusur, düşmənçiliyi adi hala çevirir, ümidsizlik toxumu səpir, peşəkarlığı mənasızlaşdırır və ənənəvi dəyərlər sistemini eybəcər hala salır. Populizmin mutasiyası və kütləviləşməsi hətta az sayda qalmış intellektualları belə mühitə adaptasiya olmağa məcbur edir.

Beləliklə, mutasiyaya uğramış populizm alternativ həqiqət yaradaraq vətəndaşı sadəcə aldatmır, o qəbul olunmuş ənənəvi münasibətlər sistemini iflic edir. Böyük ehtimal ilə mutasiyaya uğramış populizmin sadalanan meyarlarını oxuyan zaman hər kəsin düşüncəsində müəyyən bir “mutant qəhrəman” canlanmış oldu. İnternet və sosial şəbəkələr fərdi məsuliyyət hissini tədricən itirir. Məsuliyyət hissi olmayan cəmiyyətdə isə sağlam münasibətlərin qorunması çox çətindir. Unutmayaq ki, məhz məsuliyyətli cəmiyyət milli identikliyin toxunulmazlığına və dayanıqlı inkişafa iddialı ola bilər.

 

Asif Adil

politoloq 

Paylaş:
Baxılıb: 175 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Analitik

Analitik

Analitik

Dron müharibələri

29 İyul 09:31  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31