Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Strateji hədəflər reallığa çevrilir

Strateji hədəflər reallığa çevrilir

29.07.2026 [10:54]

Müəyyənləşdirilən kurs, səsləndirilən mesajlar, əldə olunan nəticələr: Azərbaycanın 2026-cı ilin ilk yarısına baxış Prezident İlham Əliyevin bu ilin 6 ayında səsləndirdiyi prioritetlər...

2026-cı ilin ilk altı ayı Azərbaycanın siyasi, iqtisadi və xarici siyasət gündəliyində mühüm hadisələr, strateji qərarlar və beynəlxalq miqyasda artan fəallıqla yadda qaldı. Qlobal geosiyasi gərginliyin, iqtisadi çağırışların və yeni təhlükəsizlik risklərinin müşahidə olunduğu bir dövrdə Azərbaycan milli maraqlara söykənən, uzunmüddətli inkişaf hədəflərinə hesablanmış siyasətini ardıcıl şəkildə davam etdirdi. Dövlətin qarşıya qoyduğu prioritetlər - dayanıqlı sülhün təmin olunması, regional təhlükəsizlik mühitinin möhkəmləndirilməsi, iqtisadi inkişafın sürətləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlar ilk yarımilin əsas siyasi xəttini təşkil etdi.

2020-ci ildə Vətən müharibəsində əldə edilən tarixi Qələbədən sonra yaranmış yeni geosiyasi reallıqlar fonunda Azərbaycanın əsas məqsədlərindən biri Cənubi Qafqazda davamlı sülhün bərqərar olması, dövlətlər arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin formalaşdırılması və regionun əməkdaşlıq məkanına çevrilməsidir. Son altı ay ərzində bu istiqamətdə həyata keçirilən diplomatik təşəbbüslər, beynəlxalq platformalarda irəli sürülən çağırışlar və aparılan danışıqlar Azərbaycanın sülh gündəliyinə sadiqliyini bir daha nümayiş etdirdi.

İlin əvvəlində Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirdi ki, keçən 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu və artıq biz bir neçə aydır ki, sülh şəraitində yaşayırıq. Sülh şəraitində yaşamaq nə deməkdir, bunu öyrənirik. Çünki müstəqillik əldə ediləndən sonra, hətta ondan da əvvəl Azərbaycan xalqı və dövləti müharibə şəraitində yaşamışdır: “Biz artıq cəmi beş ay bu şəraitdə yaşamağımıza baxmayaraq, bunun bəhrəsini görürük - həm siyasi, həm iqtisadi müstəvidə. Cəmiyyətdə mövcud olan xoş əhvali-ruhiyyə, sabitliyə və təhlükəsizliyə olan inamın artması, bütün bu amillər, əlbəttə, bizə imkan verir ki, uğurla irəliyə addımlayaq və ölkə qarşısında duran bütün vəzifələri bundan sonra da həll edək”.

Bəli, son 6 ayda bu istiqamətdə mühüm addımlar atılıb. Azərbaycan artıq bölgədə fərqli münasibətlər sisteminin oturuşması üçün bir sıra məsələlərə imza atıb:

- Bölgənin transkontinental münasibətlər sisteminə daxil olması, orada özünün potensialına uyğun yer tapması;

- Ermənistana enerji məhsullarının ixracı və ərazimizdən tranzit olaraq Ermənistana yüklərin daşınmasına icazə verilməsi;

- Zəngəzur dəhlizinin (TR?PP) konturlarının daha aydın sezilməsi, praktik perspektivin inkişafının verəcəyi müsbət dividendlərin ştrixlərinin anlaşılması...

Bütün bunlar kompleks halda Bakının son 6 ildə yürütdüyü sülh prosesinin ortaya çıxardığı mənzərədir.

Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələ: Strateji tərəfdaşlıqdan qlobal əməkdaşlığa

Azərbaycanın milli maraqlara əsaslanan xarici siyasəti beynəlxalq münasibətlər sistemində milli maraqlara əsaslanan və praqmatik əməkdaşlıq modelini gücləndirməkdə davam edir. Bu baxımdan ABŞ ilə əlaqələrin son dövrdə yeni mərhələyə qədəm qoyması ölkəmizin qlobal mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verib. 2025-ci ildən etibarən Vaşinqtonla siyasi dialoqun intensivləşməsi, yüksək səviyyəli qarşılıqlı təmasların artması və strateji əməkdaşlığın genişlənməsi ikitərəfli münasibətlərə yeni dinamika qazandırıb.

2025-ci ilin avqustunda keçirilən üçtərəfli Vaşinqton sammiti regionda sabitliyin və əməkdaşlığın təşviqi baxımından mühüm platformaya çevrildi. Bunun ardınca 2026-cı ilin əvvəlində imzalanan Strateji Tərəfdaşlıq haqqında Xartiya isə Azərbaycan-ABŞ münasibətlərində yeni eranın əsasını qoydu. Sənəd siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri və regional təhlükəsizlik sahələrində qarşılıqlı fəaliyyətin daha da dərinləşdirilməsini nəzərdə tutur. Bütün bunlar Azərbaycanın beynəlxalq aləmdə etibarlı və məsuliyyətli tərəfdaş kimi nüfuzunun daha da artdığını, ölkənin qlobal proseslərdə rolunun gücləndiyini nümayiş etdirir. Bu isə ilin əvvəlində verilən siyasi mesajların çevik şəkildə həyata keçməsinin praktiki nəticələri idi. Belə ki, ilin əvvəlində yerli televiziyalara müsahibəsində Prezident İlham Əliyev bildirmişdi ki, Azərbaycan kimi bölgədə güclü potensialı və nüfuz dairəsi olan ölkə ilə əməkdaşlıq Amerika Birləşmiş Ştatları üçün də önəmlidir: “Bu gün çox fəal diplomatik hərəkət var. Azərbaycanla Amerika arasındakı əlaqələr çox praktik və nəticəyə hesablanmış istiqamətdə cərəyan edir. Oktyabr ayından bu yana mənim tərəfimdən Amerikaya nazirlərdən və özəl sektor nümayəndələrindən, digər məsul şəxslərdən ibarət dörd rəsmi heyət ezam edilmişdir. Demək olar ki, əsas istiqamətlər üzrə strateji xartiyanın hazırlanması və qarşılıqlı sərmayə qoyuluşu, onun təşkili və münasibətlərimizin iqtisadiyyat, ticarət, nəqliyyat, hərbi-sənaye istiqamətlərinin əhatə edilməsi məsələləri müzakirə olunur. Yəni ümidlərimiz böyükdür, nəticələr də kifayət qədər təsirlidir”.

Fevralın 10-da ABŞ-ın vitse-prezidenti Cey. Di. Vensin Bakıya səfəri çərçivəsində imzalanan Strateji Tərəfdaşlıq haqqında Xartiya iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilir. Bu isə 2026-cı ilin əvvəlində səsləndirilən hədəflərə doğru mühüm bir addımdır. Xartiya özündə bir sıra mühüm məqamları ehtiva edir - diplomatik əlaqələrin genişlənməsi, strateji iqtisadi münasibətlər sisteminin formalaşdırılması, müasir çağırışlara əsasən dialoqun daha da gücləndirilməsi ilə yanaşı, sənəd həm də Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı yeni siyasi reallıqların beynəlxalq müstəvidə qəbulunun göstəricisi sayıla bilər. Qarabağ müharibəsində əldə olunan zəfərdən sonra regionda yaranmış geosiyasi vəziyyət Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpası ilə xarakterizə olunur. Xartiyanın preambulasında əksini tapan müddəalar Vaşinqtonun bu reallığı nəzərə aldığını və Bakı ilə münasibətləri yeni status və yeni əməkdaşlıq müstəvilərində inkişaf etdirmək niyyətində olduğunu göstərir. Belə ki, regional bağlantılar, iqtisadi sərmayə və təhlükəsizlik əməkdaşlığı da daxil olmaqla, qarşılıqlı maraq və ortaq fayda doğuran sahələrdə strateji tərəfdaşlıqların əhəmiyyəti hər iki ölkə tərəfindən təsdiqlənib. Eləcə də diplomatik, iqtisadi, enerji, texnoloji və təhlükəsizlik sahələri də daxil olmaqla, qarşılıqlı maraq doğuran məsələlərdə münasibətləri gücləndirmək üçün birgə niyyətlər, strateji tərəfdaşlığın və genişləndirilmiş əməkdaşlığın planlaşdırılması və həyata keçirilməsinə yalnız dövlət qurumlarının deyil, həm də hər iki ölkənin özəl sektorlarının cəlb edilməsinin mühüm əhəmiyyəti vurğulanıb. Bütün bunlar kompleks şəkildə Azərbaycan-ABŞ münasibətlərinin yeni keyfiyyət mərhələsidir. Başqa sözlə, Bakının strateji tərəfdaş olaraq rəsmən müqavilə bağladığı ABŞ ilə 2026-cı ildən sonrakı əlaqələri artıq yeni status qazanıb.

Güclü dövlət konsepsiyası praktik siyasətdə: Azərbaycanın son 6 ayda təhlükəsizlik və müdafiə istiqamətində atdığı addımlar

İlin əvvəlində Prezident İlham Əliyevin “bugünkü dünya belədir: kim güclüdür, o da haqlıdır” fikri son illərdə beynəlxalq münasibətlər sistemində baş verən geosiyasi dəyişikliklərin mahiyyətini ifadə edir. Sitat: “Çünki bilirəm və görürəm, dünyadakı proseslər o istiqamətdə gedir ki, hər bir ölkə ilk növbədə öz hərbi potensialını gücləndirməlidir, təhlükəsizliyini gücləndirməlidir. Hətta Yeni il bayramı ilə əlaqədar Azərbaycan xalqına təbrikimdə də demişdim, bugünkü dünya belədir: kim güclüdür, o da haqlıdır. Mənim sözlərim indi demək olar ki, həftəlik formatda bu və ya digər bölgələrdə təsdiqlənir”.

Son altı ay ərzində Azərbaycanın həyata keçirdiyi siyasət də məhz bu yanaşmanın praktik müstəvidə davamı kimi qiymətləndirilə bilər. 2026-cı ilin ilk yarısında ölkənin müdafiə qabiliyyətinin daha da gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri olub. Müdafiə sənayesinin inkişafı, Silahlı Qüvvələrin müasir silah və texnologiyalarla təchiz edilməsi, peşəkar kadr hazırlığının genişləndirilməsi və döyüş hazırlığının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Müxtəlif qoşun növlərinin iştirakı ilə keçirilən təlimlər ordunun çevikliyinin və operativ imkanlarının yüksəldilməsinə xidmət edib.

Eyni zamanda, Azərbaycanın beynəlxalq hərbi əməkdaşlıq əlaqələri də genişlənib. Strateji tərəfdaş ölkələrlə birgə təlimlərin keçirilməsi, müdafiə sənayesi sahəsində yeni əməkdaşlıq layihələrinin reallaşdırılması və təhlükəsizlik məsələləri üzrə intensiv siyasi dialoq ölkənin regional təhlükəsizlik sistemində rolunu daha da möhkəmləndirib.

Sərhəd təhlükəsizliyinin gücləndirilməsi, azad edilmiş ərazilərdə hərbi və mühəndis infrastrukturunun inkişaf etdirilməsi, müasir müşahidə və nəzarət sistemlərinin tətbiqi də görülən işlərin mühüm istiqamətlərindən olub. Bu addımlar yalnız hərbi potensialın artırılmasına deyil, həm də uzunmüddətli sabitliyin və milli təhlükəsizliyin təmin edilməsinə xidmət edir.

Qlobal təhlükəsizlik mühitinin getdikcə mürəkkəbləşdiyi bir dövrdə Azərbaycanın son altı ayda həyata keçirdiyi tədbirlər göstərir ki, dövlət təhlükəsizlik məsələlərini strateji prioritet kimi müəyyənləşdirib. Prezident İlham Əliyevin səsləndirdiyi yanaşma fonunda atılan addımlar ölkənin müdafiə imkanlarının gücləndirilməsinə, regional çəkisinin artmasına və milli maraqların etibarlı şəkildə qorunmasına yönəlmiş ardıcıl siyasətin davamı kimi qiymətləndirilə bilər. Bu siyasət Azərbaycanın dəyişən beynəlxalq nizamda güclü, etibarlı və öz təhlükəsizliyini müstəqil şəkildə təmin edən dövlət kimi mövqeyini daha da möhkəmləndirir. Azərbaycan bu gün bölgədə orta güc statusunda aparıcı söz sahibidir - istər hərbi gücünə, istər iqtisadi dayanıqlığına, istərsə də siyasi n?fuzuna görə, coğrafiyamızın əsas dayağıdır.

Azərbaycanın yeni inkişaf prioriteti - rəqəmsal inkişafın yol xəritəsi

Müasir çağırışların ən mühüm predmetinə çevrilən rəqəmsal gələcək reallığı Azərbaycanın da əsas aparıcı hədəflərindən biridir. Azərbaycan rəqəmsal inkişafın yeni mərhələsinə daxil olub. Prezident ilin əvvəlində bildirmişdi ki, “Azərbaycanın hədəflərindən biri də regional süni zəka qovşağına, IT mərkəzinə çevrilməkdir və hesab edirəm ki, bizim buna nail olmaq üçün potensialımız var. Biz indi tərəfdaşlarımızla məlumat mərkəzlərinin yaradılması üzərində çalışırıq”.

Dövlət başçısı vurğulamışdı ki, “Kibertəhlükəsizlik mərkəzinin yaradılması, mütəxəssislərimizin təlimi ilə bağlı planlarımız və artıq icra olunmuş layihələrimiz var - biz bir çox mütəxəssislərimizi xaricə təlimlərə göndəririk və eyni zamanda, Azərbaycanda təlimlər təşkil edirik - hədəfimiz, bağlılıqla yanaşı, süni zəka və IT üçün bir haba çevrilməkdir. Potensial mövcuddur. Güclü siyasi iradə mövcuddur”.

Bəli, yeni innovasiya cəmiyyətində öz layiqli yerini tutmaq üçün ölkəmiz mühüm dövlət konseptini - “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya”nı təsdiq edib və sənədin icrası istiqamətində çoxistiqamətli tədbirlər həyata keçirilməkdədir. Strategiya rəqəmsal transformasiyanın strateji əhəmiyyətini nəzərə alaraq dövlət idarəetməsi, infrastruktur, innovasiya ekosistemi və kibertəhlükəsizlik sahələrində prioritet tədbirlər müəyyən edir. Bu il iyunun 29-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasında vurğulandığı kimi, qarşıdakı üç il üçün rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin inkişafını təmin edən yol xəritəsi müəyyən olunub və yeni yaradılan şuranın əsas vəzifəsi bu istiqamətdə əlaqələndirici rol oynamaqdır. Şura müxtəlif dövlət qurumlarının fəaliyyətini əlaqələndirməkdən, vahid yanaşma formalaşdırmaqdan və qəbul edilən qərarların vaxtında və səmərəli həyata keçirilməsinin icra olunmasını təmin etməkdən ibarətdir. “Bizim məqsədimiz yalnız yeni texnologiyaları tətbiq etmək deyil, eyni zamanda, ölkə iqtisadiyyatına güclü təkan verilməsi, yeni müasir innovasiya ekosisteminin formalaşdırılması, yerli və xarici investisiyaların ölkəyə cəlb olunması, yerli startaplara dəstək göstərilməsi və daha səmərəli dövlət idarəetmə sisteminin yaradılmasıdır”.

Dövlət başçısının da bildirdiyi kimi, qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün Azərbaycanda güclü rəqəmsal arxitektura mövcuddur. Son illər ərzində “Elektron hökumət”in formalaşması, dövlət orqanlarının informasiya sistemləri arasında xüsusi infrastruktur vasitəsilə informasiya mübadiləsinin aparılması, “Elektron hökumət”in fəaliyyəti üçün vacib əhəmiyyət kəsb edən dövlət informasiya sistemləri və ehtiyatlarının yaradılması istiqamətində mühüm işlər görülüb, müasir informasiya-kommunikasiya texnologiyalarının, telekommunikasiya qurğularının və innovasiyaların geniş tətbiqi nəticəsində qabaqcıl texnoloji infrastruktur qurulub. “Mygov” platformasının xidmət dairəsi genişləndirilir, son üç ayda istifadəçilərin sayı 2,7 milyondan 3,5 milyona çatdırılıb. Dövlət idarəçiliyində rəqəmsallaşmanın genişləndirilməsi məqsədilə “Hökumət buludu” yaradılıb, dövlət informasiya sistemlərinin və elektron xidmətlərin vahid platforma üzərindən inteqrasiyası təmin edilib.

Azərbaycan neft-qaz bağlantıları sahələrində böyük təcrübəsindən istifadə edərək beynəlxalq şirkətlərlə olan əlaqələrin səmtini indi yeni texnoloji cəmiyyət quruculuğuna yönəldir, sərmayə tərəfdaşlıqları qurur. Bir çox ölkələrlə icra edilmiş  nəhəng layihələrin davamı indi bilik, bacarıq, texniki keyfiyyətlər sahələrini əhatə edir və geniş beynəlxalq əlaqələrin qurulması nəzərdə tutulur. Bu sərmayə əməkdaşlığı nəqliyyat, energetika dəhlizləri fonunda regional fiber-optik dəhlizlərin yaradılmasını təmin edir.

Eyni zamanda, ölkəmizin coğrafi vəziyyətinin əlverişliliyi də rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması istiqamətində töhfəverici rol oynayır. Ölkəmizin Asiya ilə Avropa arasında yerləşməsi, Şimal-Cənub dəhlizi üzərində qərar tutması və yaradılmış logistika infrastrukturu texnoloji tranzitə keçiddə üstünlüyü təmin edir.

Ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması məqsədilə ən qabaqcıl rəqəmsal şirkətlərlə təcrübə mübadilələri həyata keçirilir, rəqəmsal sənayeyə sərmayələr yatırılır. Bu məqsədlə ali təhsil müəssisələrində rəqəmsal bacarıqlara və qlobal səviyyədə tanınan rəqəmsal yönümlü sertifikatlaşdırma standartlarına əsaslanan təhsil proqramlarının hazırlanması, İKT üzrə karyera quran kadrları həvəsləndirmək üçün illik İKT təqaüd proqramlarının təsis edilməsi, rəqəmsallaşma istiqaməti üzrə elmi tədqiqat işlərinin doktorantura səviyyəsində dəstəklənməsi üçün əhatəli tədbirlər həyata keçiriləcək. “Yeni Nəsil Texnologiyalar Mərkəzi” və “Rəqəmsal həllər və xidmətlər platforması” yaradılacaq, “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” hazırlanacaq.

Süni intellekt (Sİ) sahəsində fəaliyyətin gücləndirilməsi üçün infrastrukturun və insan resurslarının inkişafı nəzərdə tutulur. Məqsəd Sİ-nin bütün sahələrdə (təhsil, səhiyyə, nəqliyyat və s.) tətbiqini genişləndirməkdir. Sİ layihələrinə dövlət investisiyasının stimullaşdırılması üçün vergi, gömrük və sosial sığorta güzəştləri tətbiq olunacaq. Bununla yanaşı, yüksək hesablama güclərinə malik superkompüter mərkəzlərinin yaradılması nəzərdə tutulur (məsələn, milli GPU əsaslı Mərkəz). Dövlət vəsaiti ilə bu infrastruktur təmin ediləcək, startaplar və tədqiqatçılar üçün istifadəyə kvota ayrılacaq. Rəqəmsal İnkişaf Şurasının Sədri Mehriban Əliyevanın bəyan etdiyi kimi, “Məqsədimiz Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahələrində regionun aparıcı dövlətlərindən birinə çevirməkdir. Biz xarici, beynəlxalq təcrübəni öyrənməli, uğurlu modellərdən istifadə etməliyik”.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 119 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Analitik

Analitik

Analitik

Dron müharibələri

29 İyul 09:31  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31