Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / BMT-nin Baş katibi Kipr adasında...

BMT-nin Baş katibi Kipr adasında...

29.07.2026 [11:35]

“Vida səfəri”, yoxsa Quterreşin adanı vahid dövlət kimi birləşdirmək arzusu?

BMT-nin Baş katibi Antonio Quterreş rəhbərlik etdiyi təşkilatın onilliklər boyu davam edən Kipr probleminin davamlı həllinə nail olmaq öhdəliyini bir daha təsdiqləmək üçün iyulun 28-də adaya səfərə gəlib. A. Quterreş “X” sosial media platformasında bildirib: “Mən Kipr məsələsinin hərtərəfli və davamlı həlli axtarışında adanın icmalarına dəstək verməyə sadiq olduğumu bildirmək üçün Kiprə gəlmişəm. BMT tərəfləri sülhə məcbur edə bilməz. Yalnız kiprlilər öz liderləri vasitəsilə sülhü qura bilərlər”. Hərtərəfli həll yoluna nail olmaq üçün indiyədək BMT-nin diplomatik səylərinə baxmayaraq, Kipr türkləri və yunan kiprliləri arasında onilliklərdir davam edən mübahisə həll olunmamış qalır.

Üçtərəfli görüş...

Antonio Quterreşin Şimali Kiprin Prezidenti Tufan Erhürman və Kipr prezidenti Nikos Xristodulidis ilə ayrı-ayrılıqda görüşləri planlaşdırılıb. Qeyd edilib ki, BMT-nin Baş katibi çərşənbə günü liderləri Lefkoşadakı bufer zonasında BMT-nin Xoşməramlı Missiyasının ofisində bir araya gətirəcək. Üçtərəfli görüşdən sonra Baş katibin mətbuat konfransı keçirməsi planlaşdırılır. Məlumatda həmçinin vurğulanıb ki, bu səfər vəzifədə olan BMT Baş katibinin təxminən 16 ildən sonra Kiprə ilk səfəri kimi tarixə düşəcək.

Səfər zamanı Quterreşi BMT-nin Siyasi və Sülh Quruculuğu Məsələləri üzrə Baş katibinin müavini Rozmari Dikarlo, Sülhməramlı Əməliyyatlar üzrə Baş katibinin müavini Jan-Pyer Lakrua və Kipr üzrə şəxsi nümayəndəsi Mariya Anxela Holquin müşayiət edəcək. Quterreşin digər maraqlı tərəflərlə görüşəcəyi bildirilir. O, sülh prosesini irəli aparmaq və adada sabitliyi dəstəkləmək səylərini, o cümlədən BMT-nin Kiprdəki Sülhməramlı Qüvvələrinin (UNFICYP) bu məsələdə rolunu müzakirə edəcək. BMT-nin uzun müddətdir davam edən sülhməramlı missiyalarından biri olan UNFICYP 1964-cü ildən bəri adada yerləşir.

“Uğurlu danışıqlar prosesi üçün lazımi təməl hələ qurulmayıb”

Lakin Kipr türkləri A.Quterreşin adaya səfərinə o qədər də nikbin yanaşmır. Onun səfərindən bir neçə gün əvvəl Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Tufan Erhürman yerli televiziya kanalında bildirib ki, BMT-nin Baş katibi Antonio Quterreşin Kiprə səfəri adadakı münaqişənin qəti həlli istiqamətində sanballı addım kimi qəbul edilə bilməz. Kipr türklərinin lideri izah edib ki, Kiprlə bağlı uğurlu danışıqlar prosesi üçün lazımi təməl hələ qurulmayıb. Prezident bildirib: “BMT Baş katibinin 16 ildən sonra Kiprə ilk səfəri yalnız adada etimad atmosferini gücləndirmək üçün konkret addımlara gətirib çıxaracağı və ya bu istiqamətdə əlavə tədbirlər üçün təməl qoyacağı təqdirdə əhəmiyyətli olacaq”.

Eyni zamanda, T. Erhürman səlahiyyət müddəti 2026-cı il dekabrın 31-də başa çatacaq A. Quterreşin səfərinin rəsmi “vida səfəri” olacağı iddialarını rədd edib. “BMT Baş katibinin gündəliyinin intensivliyi Kiprdə etimad quruculuğu tədbirlərinin BMT gündəliyindən kənarda qalmadığını göstərir. BMT Baş katibi Lefkoşanın mövqeyini yaxşı bilən ciddi fiqurdur. A. Quterreşin nümayəndə heyətinə tanınmış siyasətçilər və ekspertlər daxildir. Hər şey BMT-nin Kiprlə bağlı gündəliyindən imtina etmədiyini göstərir”, - deyə ŞKTC Prezidenti bildirib. Yeni “5+1” dialoq platformasının (iki Kipr icması, üç qarant dövlət - Türkiyə, Böyük Britaniya, Yunanıstan və BMT) formalaşdırılması ehtimalını şərh edən T. Erhürman qeyd edib ki, bu məsələ BMT Baş katibi ilə danışıqlar üçün ilkin şərt deyil, lakin konkret nəticələr üçün zəmin mütləq lazımdır. “Əgər bu, “5+1” formatıdırsa, onda hansı konkret məsələlərin razılaşdırıla biləcəyini əvvəlcədən bilməliyik. Məncə, əsas maraqlı tərəflər Kiprdə yaşayan türklər və yunanlar olaraq qalırlar. Qarant dövlətlər onlara təsir edən ayrı-ayrı məsələlər üzrə prosesdə iştirak edə bilər, lakin “5+1” formatı Kipr icmalarının liderlərinin görüşlərini arxa plana atmamalıdır”, - deyə o söyləyib. T. Erhürman müsahibəsinin sonunda ŞKTC və Türkiyənin Kiprlə bağlı mövqelərinin üst-üstə düşdüyünü bildirib.

Türklər “Annan planı”nın nəticələrini unutmayıb

ŞKTC-nin Baş naziri Ünal Üstel isə deyib ki, Kiprlə bağlı yeni və uzunmüddətli danışıqlar prosesinin açarı Kipr türklərinin suveren bərabərlik və həmin əsasda beynəlxalq statusunun tanınmasıdır. ŞKTC hökumətinin başçısı Ankaranın Kipr məsələsi üçün iki dövlətli həll yolu mövqeyini alqışlayıb: “Ziddiyyətlərin həlli yolu adadakı mövcud reallıqların və iki icmanın suveren bərabərliyinin tanınmasından keçir. Bu, təkcə Ankaranın deyil, həm də Lefkoşanın mövqeyidir. Bu formuldan heç bir sapma ola bilməz”. O xatırladıb ki, 1960-cı ildə vahid Kipr Respublikasının yaradılmasının əsasını təşkil edən müqavilələrə əsasən, Kipr türkləri yunan kiprlilərlə bərabər statusa malik olublar. Şimali Kipr hökumətinin başçısı vurğulayıb: “Kipr türkləri ilə bağlı milli azlıq anlayışı kontekstində heç bir müzakirə aparılmayıb və ola da bilməz. Bu, tarixi və hüquqi faktdır”.

O, BMT-nin Baş katibi Antonio Quterreşin adaya səfərini vurğulayaraq, beynəlxalq ictimaiyyətə müraciət edib: “Yarım əsrdən çoxdur ki, nəticəsiz müzakirə olunan Kiprin federal quruluşu əvəzinə, adanın siyasi və praktik reallıqlarına əsaslanan yeni bir yanaşma qəbul edilməlidir. Ədalətli və davamlı həll yolu yalnız iki dövlət arasında qarşılıqlı hörmətə və tərəflərin bərabər statusuna əsaslanan əməkdaşlıq modeli çərçivəsində mümkündür”.

Əslində, Kipr türklərinin müstəqil dövlət olmaq mövqeyi anlaşılandır. Çünki uzun illər danışıqlar aparılsa da, yunan Kiprinin qeyri-konstruktiv yanaşması nəticəsində razılaşma baş tutmayıb. Hələ 2004-cü ildə BMT-nin o vaxtkı baş katibi K.Annanın adanın birləşdirilməsi ilə bağlı planı hər iki tərəfdə referenduma çıxarılmışdı. “Annan planı”a əsasən, bölünmüş Kipr adasının birləşdirilməsi Birləşmiş Kipr Respublikasının qurulması təklif olunurdu. Belə ki, adanın iki icmalı (türk və yunan) və iki zonalı federal dövlət kimi birləşdirilməsi nəzərdə tutulurdu. 24 aprel 2004-cü ildə keçirilmiş referendumda Kipr türklərinin 65 faizi bu plana “hə” demişdi. Ancaq Kipr yunanları isə 75,38 faiz səslə “Annan planı”nı rədd edib.

Bütün bunların fonunda Kipr türklərinin hazırda müstəqillik tərəfdarı olmaları tamamilə məntiqlidir. Çünki yeni dünya düzəninin formalaşdığı bir zamanda  yaranmış tarixi fürsət qaçırılmamalıdır.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 103 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Analitik

Dron müharibələri

29 İyul 09:31  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31