Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İctimai və dövlət maraqlarının müdafiəsi milli inkişafı təmin edən strateji faktor kimi

İctimai və dövlət maraqlarının müdafiəsi milli inkişafı təmin edən strateji faktor kimi

11.07.2018 [09:01]

Tarixi təcrübədən aydındır ki, hər bir xalqın və cəmiyyətin öz mövcudluğunu qoruyub saxlaması və inkişafı sistematik səciyyə daşıyan bir sıra fundamental amillərlə bağlıdır. Bu amillər sırasında ictimai və dövlət maraqlarının müdafiəsi xüsusi yer tutur. Şübhəsiz ki, ictimai və dövlət maraqlarının qorunmasını təmin edən başlıca institusional vasitə, yaxud mexanizm milli dövlətdir. Ona görə də, dövlət tərəfindən həyata keçirilən strateji kursun səmərəliliyi bu kontekstdə xüsusi əhəmiyyət kəsb edir.
Etibarlı sabitlik mühiti ictimai və dövlət maraqlarının təmin olunmasını şərtləndirir
Siyasət nəzəriyyəçiləri və ekspertlər ictimai və dövlət maraqlarının qorunmasını təmin edən strateji faktorlar sırasında sabitlik amilinə xüsusi diqqət yetirirlər. Ümumiyyətlə, hər bir siyasi cəmiyyətin (oxu: milli dövlətin-N.Q.) qarşısında duran ən mühüm strateji vəzifələrdən biri məhz ictimai-siyasi sabitliyin təmin edilməsidir. Başqa sözlə, siyasi sabitlik və ümummilli inkişaf milli dövlətlərin həyata keçirdiyi rasional, praqmatik daxili və xarici siyasət kursunun qanunauyğun nəticələrindəndir. Təcrübi gerçəklikdir ki, milli dövlətlərin gücünü müəyyənləşdirən başlıca keyfiyyət ünsürlərindən biri həyata keçirilən idarəetmə strategiyasının, başqa sözlə, daxili və xarici siyasət kursunun səmərəlilik səviyyəsidir (bir çox araşdırmaçılar bunu milli hökumətin keyfiyyəti kimi səciyyələndirir). Bu, eyni zamanda, ictimai və dövlət maraqlarını təmin edən strateji faktorlardandır. Bu baxımdan, idarəetmə strategiyasını rasional və praqmatik prinsiplər, meyarlar əsasında reallaşdıran milli dövlətlər ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin olunmasına nail olurlar. İdarəetmə strategiyasının səmərəliliyi dedikdə isə, təbii ki, iqtisadi, siyasi, mədəni, sosial, humanitar və digər sahələrdə ümummilli mənafenin təmin olunmasına istiqamətlənmiş siyasi kursun həyata keçirilməsi sayəsində əldə edilmiş tərəqqi və effektiv nəticələr nəzərdə tutulur. Daha da dəqiqləşdirsək, vətəndaşların maddi rifah halının, həyat şəraitinin daim yaxşılaşdırılması istiqamətində görülən fundamental tədbirlər, o cümlədən sosial müdafiə sisteminin gücləndirilməsi və məşğulluq səviyyəsinin artırılması, eləcə də təsisatlanma prosesinin konstitusion əsasda reallaşdırılması, siyasi-hüquqi islahatların mütəmadi surətdə həyata keçirilməsi kimi təməl faktorlar ictimai-siyasi sabitliyin və milli inkişafın qarantı qismində çıxış edir.
Yuxarıda sadalanan faktorları və meyarları nəzərə alaraq qeyd edə bilərik ki, bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi səciyyələndirilə bilər. Bu məsələdə yerli və xarici ekspertlərin ümumi, yekun rəyi odur ki, Azərbaycanda hökm sürən və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca faktor hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara, ümummilli mənafeyə tam cavab verməsidir. Başqa sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional strateji kursun fonunda əhalinin maddi rifah halının mütəmadi olaraq yaxşılaşdırılması, sosial müdafiə və təminat sisteminin daha da gücləndirilməsi, iqtisadiyyatın inkişaf etdirilməsi kimi fundamental göstəricilər ümummilli inkişafın əsaslarını təşkil edir. Məqsədini inkişaf və sabitlik, yolunu isə demokratiya və qanunçuluq prinsipləri əsasında müəyyənləşdirən Azərbaycanda möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyi şərtləndirən digər bir faktor mütəmadi surətdə siyasi-hüquqi islahatların həyata keçirilməsidir. Belə ki, insan və vətəndaş hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin edilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, sosial-siyasi təsisatların legitimləşdirilməsi, vətəndaşların siyasi həyatda iştirakına maksimum şərait yaradılması kimi göstəricilər və nəticələr deyilənləri təsdiq edir. Ölkəmizdə vətəndaş cəmiyyətinin mütləq komponentlərinin bərqərar olunması və hüquqi dövlətin əsaslarının daha da möhkəmləndirilməsi də bu kontekstdə xüsusi qeyd edilməlidir.
Beləliklə, sadalananları ümumiləşdirərək qeyd edə bilərik ki, Azərbaycan bu gün ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkələr sırasında avanqard yerlərdən birini tutur. Bu isə, qeyd etdiyimiz kimi, ictimai və dövlət maraqlarının təmin olunmasını şərtləndirir.
Həyata keçirilən demokratik islahatlar ölkəmizin milli maraqlarına uyğundur
Ölkəmizdə ictimai və dövlət maraqlarının müdafiəsi işinə mühüm töhfələr verən strateji amillərdən biri demokratik inkişaf istiqamətində mühüm nailiyyətlərin əldə edilməsi, o cümlədən bütün azadlıqların təmin olunmasıdır. Bəllidir ki, ölkəmizdə reallaşdırılan çoxistiqamətli islahatlar siyasi sistemin təkmilləşməsinə mühüm töhfələr verir. Mövcud reallıqlar onu deməyə əsas verir ki, Azərbaycan siyasi, hüquqi, iqtisadi və institusional islahatları davam etdirmək əzmindədir və həyata keçirilən bütün tədbirlər ölkəmizin davamlı inkişafına xidmət edir. Azərbaycanın demokratik inkişafının təqdirəlayiq olduğunu vurğulayan ekspertlər bildirirlər ki, ölkəmiz dünyaya spesifik xüsusiyyətlərə malik davamlı inkişaf modeli təqdim edib. Əlamətdar haldır ki, Azərbaycanda iqtisadi və siyasi islahatlar paralel şəkildə aparılır və bir-birini tamamlayır. Bu gün əminliklə demək mümkündür ki, müstəqilliyinin ilk illərində bir sıra ciddi çətinliklərlə üzləşən Azərbaycan qısa müddətdə həm iqtisadi, həm də siyasi sahədə qarşıya qoyduğu əsas hədəflərə çatıb. Azad, demokratik cəmiyyət quruculuğuna nail olunması ölkəmizin müstəqillik illərində əldə etdiyi ən böyük uğurlardan biri kimi dəyərləndirilir.
Digər tərəfdən, demokratik inkişaf yolunda həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi, Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub. Xüsusilə də, hüququn aliliyi, ictimai həyatın bütün sahələrində qanunun hökmranlığı prinsiplərinin mühafizə olunması dövlətin və vətəndaşların qarşılıqlı məsuliyyətinin güclənməsini təmin etməklə yanaşı, hüquqi dövlətin təməllərini də möhkəmləndirib. Hüquqi dövlət quruculuğu kontekstində şəffaflıq və bərabərlik həm də söz, fikir, vicdan azadlığı məsələlərində də təmin olunub. Ölkəmizdə söz, fikir və özünüifadə azadlığı konstitusion əsasda təsbit edilib və hər bir media təsisatı özünün hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir. Məhz bu amil Azərbaycan mətbuatının inkişafına mühüm töhfələr verməklə yanaşı, medianın fəaliyyətində əsaslı keyfiyyət dəyişikliklərinin meydana gəlməsini şərtləndirir. Ölkəmizdə KİV-in inkişafı naminə müvafiq qanun və qərarların qəbul olunması, strateji xarakterli addımların atılması mövcud hüquqi əsasları gücləndirir, media təsisatının funksionallığının artmasına səbəb olur. Bütün bunlar nəticə etibarilə ictimai və dövlət maraqlarının müdafiəsini təmin etmiş olur.
Rasional iqtisadi strategiya Azərbaycanın milli gücünün artmasını şərtləndirib
Dinamik iqtisadi inkişafın təmin olunmasına xidmət edən strateji əhəmiyyətli tədbirlər də ictimai və dövlət maraqlarının müdafiəsi baxımından mühüm əhəmiyyətə malikdir. Dünya ölkələrinin təcrübəsinə nəzər saldıqda görürük ki, müasir trendlər və çağırışlara uyğun siyasi-iqtisadi kurs həyata keçirən, paralel islahatlar aparan dövlətlər bütün sahələrin tərəqqisini təmin edərək dayanıqlı inkişafa nail ola bilirlər. Bu mənada, Azərbaycan da istisna deyil. Ölkəmizdə həyata keçirilən yeni nəsil islahatlar, uğurlu strategiya bütün sahələrin dayanıqlı inkişafını şərtləndirib.
Əlbəttə, Azərbaycanın sürətli inkişafı və əldə edilmiş nailiyyətlər, ilk növbədə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin məntiqi nəticəsidir. Hazırda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi Azərbaycanın sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin fonunda böyük inkişaf yolu keçib. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, Azərbaycanın iqtisadi gücünün artmasını təmin edib. Həyata keçirilən iqtisadi siyasətin nəticəsi kimi, ötən illər ərzində ölkəmizin valyuta ehtiyatları artıb, müxtəlif sahələri əhatə edən layihələr uğurla reallaşdırılıb, islahatlar davam etdirilib. İqtisadiyyatın şaxələndirilməsinə nail olmaq üçün reallaşdırılan islahat xarakterli tədbirlər yeni inkişaf perspektivlərinin meydana çıxmasını şərtləndirib.
Bütövlükdə, yeni mərhələdə qarşıya çıxan qlobal çağırışlar və tələblərə müvafiq strateji yol xəritəsi formalaşdıran Azərbaycan bütün sahələrin tərəqqisini nəzərdə tutan kompleks tədbirlər vasitəsilə uzunmüddətli hədəflərə çatmağı inkişaf strategiyasının ana xətti kimi müəyyənləşdirib. Şübhəsiz ki, postneft dövründə həyata keçirilən islahat xarakterli məqsədyönlü tədbirlər qarşıya qoyulan bütün inkişaf hədəflərinə çatmağa imkan verəcək. Ölkə iqtisadiyyatının perspektivləri ilə bağlı tədqiqatlar aparan ekspertlərin qənaəti budur ki, ayrı-ayrı sahələrdə həyata keçirilən tədbirlər nəticəsində qarşıdakı dövrdə də Azərbaycanda dayanıqlı iqtisadi inkişaf təmin ediləcək. Həyata keçirilən yeni iqtisadi siyasət nəticəsində Azərbaycanda iqtisadi islahatlar dərinləşəcək, iqtisadi və maliyyə sisteminin sabitliyi təmin olunacaq, biznes mühiti daha da yaxşılaşacaq, işgüzar sferada fəallaşma, investisiya qoyuluşunun davamlılığı təmin edilmiş olacaq, islahat xarakterli kompleks tədbirlərin səmərəliliyi daha da artacaq, əhalinin sosial rifahının yüksəldilməsinə yönəlik işlər səmərəli nəticələr verəcək. Yəni milli iqtisadi inkişafa xidmət edən bütün məqsəd və hədəflərin yerinə yetirilməsi mümkün olacaq ki, bu da ölkənin milli gücünün artması, o cümlədən ictimai və dövlət maraqlarının müdafiəsi baxımından böyük önəmə malikdir.
Nurlan QƏLƏNDƏRLİ
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Paylaş:
Baxılıb: 588 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Elm

Ədəbiyyat

Şənbə üçün nəzm

13 İyun 08:30  

Sosial

Dünya

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30