Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda kənd tikinti sahəsinin inkişafı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

Azərbaycanda kənd tikinti sahəsinin inkişafı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

11.08.2009 [00:21]

Bütün ömrünü Azərbaycan xalqının firavan həyatına, dövlətimizin möhkəmlənməsinə həsr edən Ulu öndər Heydər Əliyev öz əməli, atdığı addımları, fəaliyyəti, tariximiz və dövlətçiliyimiz qarşısındakı titanik xidmətləri ilə əsil dövlət xadimi, dahi şəxsiyyət, vətənini, xalqını sevən ümummilli lider olduğunu sübuta yetirmişdir
Təkzibolunmaz bir həqiqətdir ki, Azərbaycanın dövlətçilik tarixində çox böyük şəxslər, dövlət xadimləri olmuşlar. Onların hər biri bu və ya başqa şəkildə Azərbaycan dövlətinin daha da möhkəmlənməsinə, xalqımızın firavan gələcəyinə yönəlmiş xidmətlər göstərmişlər. Amma onların heç birini Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevlə müqayisə etmək mümkün deyildir. Ona görə yox ki, olduqca mürəkkəb bir dövrdə hakimiyyət olimpinin zirvəsində dayanan Ulu öndər Heydər Əliyev yalnız millətinin maraqları naminə fəaliyyət göstərmiş, xalqın xidmətində dayandığını nümayiş etdirmiş və bir çox siyasi xadimin edə bilmədiyini və edə bilməyəcəyini gerçəkləşdirmişdir. Həm də ona görə ki, təbiətin Ona bəxş etdiyi bir çox nadir keyfiyyətlər, dərin zəkası və dünyagörüşü, səriştəsi sayəsində Heydər Əliyev uzaqgörən şəxsiyyət kimi tarixi hadisələrin gedişini əvvəlcədən təhlil edərək müəyyən qənaətlər əldə edə bilir, milli dövlətçiliyimiz üçün olduqca böyük əhəmiyyət daşıyan qərarlar qəbul edilən zaman əsl vətənpərvər mövqeyi nümayiş etdirir, tam qətiyyətlə hərəkət etməyi bacarırdı. Ulu öndər Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin və iki minilliyin qovuşuğundakı Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq, üçüncü minilliyə inamla qədəm qoymuşdur. Heydər Əliyev zəkası bütün sədləri yararaq və qarşıya çıxan bütün çətinliklərə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarıb ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırmışdır.
Bütün ömrünü Azərbaycan xalqının firavan həyatına, dövlətimizin möhkəmlənməsinə həsr edən Ulu öndər Heydər Əliyev öz əməli, atdığı addımları, fəaliyyəti, tariximiz və dövlətçiliyimiz qarşısındakı titanik xidmətləri ilə əsil dövlət xadimi, dahi şəxsiyyət, vətənini, xalqını sevən ümummilli lider olduğunu sübuta yetirmişdir. Bəlkə də bu bir alın yazısı, taleyin qismətidir ki, xalqımızın ən çətin günlərində, tariximizin ən mürəkkəb dövrlərində məhz Ulu öndər Heydər Əliyev məsuliyyəti öz üzərinə götürərək süqutun astanasında olan bir dövləti yenidən inkişaf yollarına çıxarmış, çox çətin bir situasiyada təhvil aldığı estafeti parlaq, işıqlı günlərdə təhvil vermişdir. Tariximizi qısaca vərəqləmək, həmin məşəqqətli günlərə yenidən nəzər salmaq nə dərəcədə haqlı olduğumuzu təsdiq edəcəkdir.
1969-cu ildə Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayanda, ölkəmiz iqtisadi göstəriciləri baxımından keçmiş Sovet respublikaları sırasında ən geridə qalmışlarından biri idi. SSRİ-nin əyalətlərindən biri kimi baxıldığından 1960-cı illərin sonlarına doğru sosial-iqtisadi həyatın bütün sahələrinin gerilədiyi, mənfi meyillərin güclənərək getdikcə daha dərin kök saldığı, hakimiyyət uğrunda gizli rəqabətin artdığı, bütün bunların isə xalqın milli-mənəvi birliyinə ziyan vurduğu Azərbaycanda hakimiyyətə gələn Ulu öndər Heydər Əliyevin birinci işi respublikada iqtisadi potensialın dağılmasının, ictimai-siyasi həyatda yaranmış tənəzzülün xalqın mənəvi-psixoloji vəziyyətinə mənfi təsir göstərə bilməsinin qarşısını almaqdan ibarət oldu.
Həmin dövrə qısaca nəzər salmaq, tarixi yenidən vərəqləmək o dövr haqqında daha dərin bilgi sahibi olmağa, Ulu öndərin dövründə Azərbaycanın necə dəyişdiyinə, hansı problemlərin aradan qalxdığına şahid ola bilərik. İlk olaraq qeyd etməliyik ki, 1969-cu ilədək Azərbaycan milli gəlirin inkişaf templərinə, sənaye və kənd təsərrüfatı istehsalının həcminə, elmi-texniki tərəqqinin nailiyyətlərinin mənimsənilməsinə görə, ictimai əməyin məhsuldarlığına görə ümumittifaq göstəricilərindən geri qalırdı. 1965-ci ildə 1940-cı ilə nisbətən respublikada məcmu ictimai məhsul yalnız 3,6 dəfə, sənaye məhsullarının həcmi 4 dəfə artmışdı, halbuki, ölkə üzrə bu göstəricilər müvafiq surətdə 5,7 və 7,9 dəfəyə çatırdı. Azərbaycan milli gəlirin həcminə görə ümumittifaq səviyyəsindən 2 dəfə, əsas fondlara görə 1,8 dəfə, kapital qoyuluşu üzrə 1,7 dəfə, əmək məhsuldarlığına görə 1,5 dəfə geri qalırdı. Heydər Əliyev çox gözəl bilirdi ki, bütün bu problemlərin həllinə müəyyən vaxt lazımdır. Ona görə də bütün işlərin planlı şəkildə, əvvəlcədən hazırlanmış qrafikə uyğun olaraq həyata keçirilməsi vacib idi. Dahi şəxsiyyətin rəhbərliyi və birbaşa iştirakı ilə Azərbaycanda bütün sahələrdə titanik inkişafı təmin etmək məqsədilə ayrı-ayrı proqramlar, planlar hazırlanaraq icrasına başlanıldı. Və 1982-ci ildə respublikamız artıq SSRİ-nin ən inkişaf etmiş respublikalarından birinə çevrilmişdi. 1969-82-ci illərdə yaradılmış çoxsaylı sənaye müəssisələri, həmin dövr üçün ən müasir texnologiyalara əsaslanan istehsal sahələri respublikanın iqtisadi infrastrukturunu köklü surətdə dəyişdirmiş, onun aqraryönümlü respublikadan daha çox sənayeyönümlü respublikaya çevrilməsinə zəmin yaratmışdı. Respublikanın bütün şəhərlərində və rayon mərkəzlərində bir sıra sənaye istehsalı sahələri yaranmışdır.
Həmin illərdə analoqu olmayan istehsal sahələri inşa edilərək istifadəyə verildi. Bunlardan ölkənin iqtisadi həyatında mühüm rol oynayan Bakı Kondisionerləri Zavodu, “Ozon” Elmi İstehsalat Birliyi, Elektron hesablayıcı maşınlar Zavodu, Dərin özüllər Zavodu, Azərbaycan DRES, Sumqayıt Kompressor Zavodu, üst trikotaj Fabriki, Bakı Tikiş və Ayaqqabı Fabriki, Gəncə Əlvan metallar emalı Zavodu, Naxçıvan Şüşə qablar Zavodu, Əli-Bayramlı Məişət cihazları Zavodu və s. istehsal müəssisəsinin adını çəkmək olar. Bütün bunlar isə Heydər Əliyev iqtisadi siyasətinin əvəzsiz bəhrələridir.
IX və X beşilliklərdə dövlətə 5 milyon tondan çox pambıq satılmışdır ki, bu da əvvəlki 10 illikdəkinə nisbətən 1 milyon 790 min ton çox idi. 1980-ci ildə respublikada pambığın rentabelliyi 1969-cu ildəki 12 faizdən 42 faizə yüksəlmişdir. Bu dövrdə pambıq lifi çıxımı 51 faizə çatdırılmışdır, halbuki, 1969-cu ildə bu göstərici cəmi 3 faiz olmuşdur.
Bir sözlə, iki beşillik ərzində qazanılmış nailiyyətlər nəticəsində SSRİ-nin kənd təsərrüfatının ümumi məhsul artımında Azərbaycanın payı 2 dəfə artmışdır. 11 il ərzində kənd təsərrüfatında rentabellik 18-19 dəfə yüksəlmişdir. Bu nəhəng və böyük zəhmət tələb edən tədbirlərin reallaşmasına nail olmağa Heydər Əliyev kimi böyük şəxsiyyət qadir idi.
Qeyd etmək yerinə düşər ki, bütün digər sahələrdə olduğu kimi, kənd tikinti sahəsində də böyük potensial olmasına baxmayaraq, görülən tədbirlər yetərincə deyildi. 1965-ci il noyabrın 19-da Azərbaycan SSR-nin qərarı ilə bu sahədə vəziyyəti yaxşılaşdırmaq məqsədilə Kənd Tikinti Nazirliyi yaradılsa da, 4 il ərzində 90 milyon manatlıq iş görülmüşdür. O zaman üçün Azərbaycan kəndlərinin böyük əksəriyyətinin yenidən qurulmasına ehtiyac duyulduğunu nəzərə alsaq, bu rəqəmin elə də böyük olmadığı gerçəkliyi ortaya çıxır. Amma Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyi yuxarıda sadalanan bütün digər sahələrdə olduğu kimi, bu sahədə də geniş nailiyyətlərə imza atılmasına stimul vermişdir. Bu sahənin inkişafı Ulu öndər üçün böyük əhəmiyyət daşıyırdı. Məhz elə bu səbəbdən idi ki, Onun ölkəmizə ilk dəfə rəhbərlik etdiyi 14 il ərzində elə bir il olmamışdır ki, respublika səviyyəsində keçirilən müşavirə, plenum və yığıncaqlarda kənd tikintisinin vəziyyəti müzakirə olunmasın, dəyərli fikir və məsləhətlər səsləndirilməsin. Ulu öndər hər çıxışında, dəyərli nitqlərində kənd inşaatçıları haqqında yüksək fikirlər səsləndirərək onları daha effektiv və çevik işləməyə sövq edirdi. Və bu müzakirələr həmişə fayda vermişdir. Bu, statistik göstəricilərdə də özünü açıq-aşkar göstərmişdir. Təkcə 1969-cu ildə kənd inşaatçıları respublikamızın 24 rayonunda o vaxtkı pulla 40 milyon manatlıqdan çox iş görmüşlər. 1970-ci ildə isə respublikanın kəndlərində 50 min kvadratmetrə yaxın mənzil tikilib istifadəyə verilmişdir. Ağdaş, Beyləqan, Mingəçevir, Zaqatala rayonlarının hər birində 904 yerlik, Bərdə, Neftçala, Sabirabad rayonlarının hər birində 480 yerlik məktəblər, Biləsuvar quşçuluq Fabriki, Xaçmaz konserv Zavodu, Füzuli rayonunda 125 yerlik xəstəxana kompleksi, Kürdəmirdə Mədəniyyət Evi, Qubadlıda klub, Tərtərdə texniki-peşə məktəbi və s. obyektlər tikilərək təhvil verilmişdir. Bu il ərzində kənd inşaatçıları görülən işlərin artım həcmini 5,4 milyon manat və ya 15,6 faiz təmin etmişlər. Podrat işlərinin həcmi bir ildə 12,4 faiz artmışdır. Və 1970-cı ildə Azərbaycanın kənd inşaatçıları ilk dəfə olaraq, kənd təsərrüfatı və müəssisələri üçün podrat işlərinin planını 100 faiz yerinə yetirmişlər. Bu artım tempi sonralar daha da artırılaraq davam etdirilmiş, 1979-cu ildə, yəni Heydər Əliyevin respublikaya rəhbərliyinin 10-cu ilində tikintiyə və podrat işlərinə ayrılan vəsaitlər və görülən işlər 10 dəfələrlə artmışdır.
Bu dövrlər ərzində inşaatçılar respublika əhəmiyyətli böyük müəssisələr tikib istifadəyə vermişlər. Hansı ki, o müəssisələrin həmin dövrdə Azərbaycanın inkişafında, iqtisadi, sənaye potensialının artırılmasında, kənd təsərrüfatının maddi-texniki bazasının möhkəmlənməsində və bu sahə üzrə böyük sıçrayışın əldə olunmasında xüsusi xidməti olmuşdur. Bu illər ərzində tikilərək istifadəyə verilən Mingəçevir Yol maşınları Zavodu, Ağdaş çörək Zavodu, Xudatda Konserv Zavodu, Tovuzda iki şərab zavodu, Bakıda və Cəlilabadda broyler fabrikləri, Lənkəran Konserv Zavodu, Giləzi Yem Zavodu, Tərtər, Ucar, Füzuli və Cəlilabadda mineral gübrə anbarları, Masallıda Keramzit Zavodu, Goranboy rayonu ərazisində inşa olunan, o zaman respublikamızın ən mühüm buraxılış obyektlərindən biri olan 10 min tonluq yeni gübrə anbarı, Salyan rayonunda inşa olunan gübrə anbarı, Göyçayda böyük çörək zavodu, Lənkəranda çay Fabriki, Ağdaşda “Bakı” istilikxana kombinatının buraxılış kompleksi, Biləsuvar Quşçuluq Fabriki, Bərdədə kənd təsərrüfatı texnikasının təmiri üzrə xüsusi emalatxana, Qəbələdə tütün - fermentasiya və Masallıda iripanelli evtikmə zavodları, həmçinin, digər müəssisələr xalq təsərrüfatının inkişafında müstəsna rol oynamışdır. Eyni zamanda, kənd inşaatçıları tərəfindən tikilərək istifadəyə verilən böyük yaşayış obyektləri, məktəb və baxçalar, yeni evlər Azərbaycanın rayonlarında həyat səviyyəsinin kökündən dəyişməsinə, yeniləşməsinə yönəlmişdir.
1982-ci ildə Ulu öndər Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunmuş və Azərbaycana rəhbərlikdən getmişdir. Və bu hadisədən sonra kənd inşaatçıları yenə də öz vəzifələrinin icrasını davam etdirsələr də, 1969-82-ci illərdə əldə olunmuş iş ritmi və effektivliyi yox idi.
1991-ci ildə Azərbaycan SSRİ-dən ayrılaraq öz müstəqilliyini elan etdi. Bu hadisə eyni zamanda bir sistemin çöküşü və yeni bir eranın başlanğıcı idi. Artıq Azərbaycanda idarəçilik formasından tutmuş, iqtisadi inkişaf potensialına, insanların şüuruna qədər hər şey dəyişmişdir. Və buna görə də ölkəyə rəhbərlik etməyə bütün bu çağırışlara cavab vermək iqtidarında olan bacarıqlı bir dövlət xadimi gərək idi. çox təəssüflər olsun ki, müstəqilliyimizin ilk illərində dövlət idarəçilik sükanında məhz belə bir liderin olmaması Azərbaycan üçün baha başa gəlmişdir. Hər halda çox da uzaq keçmiş olmayan 1991-93-cü illər ərzində ölkəmizdə baş verən olaylar hamının hafizəsindədir. İqtisadiyyat çökmüş, dövlətdə sabitlikdən əsər - əlamət qalmamış, bir yanda da Dağlıq Qarabağda Ermənistanın işğalçı siyasəti ölkəyə böyük ziyan vurmuşdur. Bunlarla yanaşı, müxtəlif cinayətkar qruplaşmalar silahlı dəstələr yaradaraq ölkəni parçalamağa cəhd etmişdirlər. Məhz belə bir şəraitdə, Azərbaycan xalqının nəzər-diqqəti yenidən xalqımızın böyük oğlu Heydər Əliyevə yönəlmişdir. Bu dəfə də xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu öndər xalqın tələb və təkidlərinə müsbət cavab verərək ölkəmizdə növbəti dəfə hakimiyyətə gəlmişdir. Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın dövlətçilik tarixində yeni bir eranın - yüksəliş, inkişaf, sabitlik erasının əsasını qoymuşdur.
Kənd inşaatçıları üçün də Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı bir başlanğıc - yarımçıq qalan işlərin icrasına yenidən başlamaq demək idi. Fərəhlə qeyd etmək lazımdır ki, 1993-cü ildən sonra keçən bir neçə il ərzində inşaatçılar Azərbaycanın 48 rayonunda 9,402 milyard manatlıq (köhnə manatla) iş görə bilmiş, 4 milyard manatdan çox dəyəri olan obyektləri istifadəyə vermişdir. Lakin Heydər Əliyev bunu da yetərli saymayaraq bu sahədəki işlərin masştabını daha da böyütmək və sürətləndirmək məqsədilə 1999-cu il aprel ayının 13-də “Azərkəndtikinti” Açıq tipli Səhmdar Cəmiyyətinin və digər ATSC-lərin yaradılması haqqında Sərəncam imzaladı. Bu isə ümumən tikinti kompleksinə diqqət və qayğı kimi qəbul olunmalıdır. Bu Sərəncam kənd inşaatçılarının işində də inqilabi dönüş yaratdı.
Bu gün bəziləri Ulu öndərin böyük şəxsiyyət olması, Onun çox dərin və əhatəli bilgiyə, zəngin dünyagörüşünə sahib olması faktından çıxış edərək düşünə bilərlər ki, Azərbaycanı sözün həqiqi mənasında inkişaf etdirmək, yoxdan var etmək, yaşatmaq Heydər Əliyev üçün asan bir iş olmuşdur. Amma bu, qətiyyən belə deyildir. Ulu öndər bütün bu işləri görmək, yalnız bir amala yetmək-xalqını xoşbəxt görmək üçün bəzən bütün günü çalışmış, öz bacarığını heç vaxt əsirgəməmişdir. Sadə bir epizodu danışaraq əslində, bugünkü uğurların hansı zəhmət və əziyyət bahasına başa gəldiyini göstərmək yerinə düşərdi.
Bir gün Arif Rəhimzadə mənə zəng edərək dedi ki, Ulu öndər Heydər Əliyev səni gözləyir. Açığı, bu çağırışı heç vaxt gözləmədiyimdən, ilk olaraq nə cür reaksiya verəcəyimi bilmirdim. Axı O, dahi idi və bu şəxsiyyətlə görüşmək, Onun sualları qarşısında cavab vermək elə də asan məsələ olmamalı idi. Ulu öndərin qəbuluna da elə bu fikirlərlə getmişdim. Görəsən Heydər Əliyev məni niyə çağırmışdı?
Qəbul otağında bir qədər gözlədikdən sonra O, bizi qəbul etdi. Onu çox görmüşdüm, o vaxt keçirilən iclaslarda da, müxtəlif müəssisələrin açılışında da. Amma bu dəfə fərqli idi.
Mənə sual verdi ki, Xaçmazın deputatı sənsən?
Mən cavab verdim ki, bəli, Cənab Heydər Əliyev.
Cavabım bitən kimi “Xaçmazda vəziyyət yaxşı deyil. Orada xoş olmayan hadisələr yaşanır. Səni ora göndərirəm. Get araşdır, işləri qaydasına sal və mənə məlumat ver. Kömək etmək üçün Milli Təhlükəsizlik Nazirliyinin və Daxili İşlər Nazirliyinin əməkdaşları da səninlə birgə ora gedəcəklər”- dedi.
Vaxt itirmədən Xaçmaza getdik. Rayonda vəziyyət həqiqətən çox mürəkkəb idi. Müəyyən qüvvələr rayon icra hakimiyyətinin başçısını öz vəzifəsindən uzaqlaşdırıb, onu işləməyə qoymurdular. Eyni vaxtda rayonun prokuroru da vəzifəsindən kənarlaşdırılmışdı. İnsanlar İcra Hakimiyyətinin önünə toplaşmışdı.
Gedib əvvəlcə camaatla görüşdük, sonra bir toplantı keçirdik. Heydər Əliyevin adı gələn kimi, hamı İcra Hakimiyyətini, binanın önünü tərk etdi, ətrafda heç kəs qalmamışdı. Ona görə yox ki, Ondan hamı qorxurdu, sadəcə, ona görə ki, hamı Heydər Əliyevi sevirdi, Ona inanırdı və əgər tapşırığı Heydər Əliyev vermişdisə, deməli icra etmək lazım idi.
Beləliklə, vəziyyəti qaydasına salandan sonra ümummilli liderə məruzə etdik. O da bizi Bakıda gözləyəcəyini və daha ətraflı məlumat almaq istədiyini söylədi. Elə həmin gün gecə saat 3-də Ulu öndər bizi qəbul etdi. Təsəvvür edin ki, gecə saat 3 idi və O, hələ də iş otağında, iş başında idi. Heydər Əliyev Azərbaycanı bax bu cür gərgin işləyərək, yorulmaz fəaliyyəti ilə yenidən qurdu. Məhz elə buna görədir ki, bu gün dövlətini, millətini sevən hər bir vətəndaşımız Heydər Əliyev haqqında danışanda fərəhlə, qürur hissi ilə Ulu öndər, ümummilli lider kimi dahi şəxsiyyətin cizgilərini özündə ehtiva edən ifadələrə müraciət edirlər.
Qürurverici faktdır ki, əsasını Ulu öndər Heydər Əliyevin qoyduğu və Azərbaycanı böyük qələbələrə, nurlu sabahlara, firavan və güclü gələcəyə aparan siyasət kursu bu gün dahi şəxsiyyətin layiqli davamçısı Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının ölkə iqtisadiyyatının möhkəmləndirilməsi, regionların sosial-iqtisadi inkişafı sahəsində gördüyü işlər Azərbaycanın inkişafına, xalqımızın firavan həyatına, xoş gün-güzəranına verilmiş yüksək töhfədir.
Paylaş:
Baxılıb: 1103 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30