Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ulu öndər Heydər Əliyev: İnsan öz tarixi ilə güclüdür

Ulu öndər Heydər Əliyev: İnsan öz tarixi ilə güclüdür

07.08.2009 [02:44]

Fikrət Qoca: Ulu öndər həmişə bizimlə bir yerdədir
- Fikrət müəllim, Ulu öndər Heydər Əliyev incəsənət, mədəniyyət xadimlərinin xüsusi diqqət göstərib. Vaxtaşırı bu sahənin adamları ilə görüşlər keçirib, problemləri ilə maraqlanıb. Ulu öndərlə bağlı xatirələriniz oxucularımız üçün də çox maraqlıdır. İstərdik, ilk olaraq bu haqda danışasınız...
- Əvvəla onu deyim ki, iki gün öncə Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyi ilə əlaqədar keçirilən tədbirdən qayıtmışam. İlk dəfə ora Heydər Əliyevlə getmişdim. Bu dəfə gedəndə mənə elə gəldi ki, bu dahi insanın ruhu da bizimlə bərabər Azərbaycanın ayrılmaz parçası olan Naxçıvanı ziyarət etdi, qarış-qarış dolaşdı. Şəhərin bu inkişafına, gözəlliklərlə süslənmiş vəziyyətinə sevindi. İçimdə nostalji baş qaldırmışdı. Heydər Əliyevlə görüşlərimiz xatirimdə canlanırdı. çox diqqətcil, hər bir hadisəyə maraq göstərən şəxsiyyət idi.
1995-ci il avqustun 25-də 60 yaşım tamam olacaqdı. Ulu öndər Heydər Əliyev ölkəmizin üzləşdiyi vətəndaş müharibəsinin ilk ocaqlarını söndürmüşdü. Gərginlik nisbətən sakitləşdiyindən soyulmuş, talanmış bir ölkənin yaralarını sağaltmağa çalışır, eyni zamanda, gələcək layihələrin üzərində işləyirdi. Əslində, yubileyimi keçirmək fikrində deyildim. ölkədə yaşanan gərginlikdə yubiley keçirmək arsızlıq kimi görünərdi.
Xalq yazıçısı Rəsul Rzanın yaradıcılıq gecəsini keçirmək üçün Anara müraciət ediləndə o, mənim gecəmin keçirilməsini məsləhət bilib. Lakin bu təklifin ondan gəldiyini mənim bilməmi istəməyib. Bütün hazırlıqlar görülüb, iyunun 26-da Azərbaycan Dövlət Filarmoniyası Mədəniyyət Nazirliyi tərəfindən Yazıçılar Birliyinin ixtiyarına verilib. Xülasə, gün gəlib çatdı. Səhər Anarla görüşdük, dəvətnamələr paylanmışdı. Anar Prezident Aparatına, Ulu öndər Heydər Əliyevə dəvətnamə göndərməyimi məsləhət gördü. Dedim ki, bu qədər işin-gücün, problemlərin içində mən də durub dəvətnamə göndərim ki, ad günümü qeyd edirəm. Ayıbdı. Anar bir an susdu, sonra dedi: “Bəs sonra biləndə ki, ölümdən qurtardığı bir adam 60 illik yubileyini qeyd edib, ona bir dəvətnamə də göndərməyib, ona necə təsir edər? Sənə, mənə ayıb olmazmı? Biz dəvətnamə göndərək. Onsuz da Heydər Əliyevin işi həddindən artıq çoxdur. Prezidentin vaxtı dəqiqə-dəqiqə hesablanıb. Təbii, gəlməyə vaxtı olmayacaq. Amma bizim dəvətimiz sayğı deməkdir”.
Dəvətnaməni göndərdik. Anar Prezidentin köməkçisinə zəng etdi. Bir saat sonra hər şey dəyişdi. ölkə başçısı tədbirə gələcəyini bildirmişdi. Heydər Əliyev kimi bir dahinin məntiqi də, təsəvvürü də çaşdırıb mat qoyması təbiidir. Belə olmasa, o, Ulu öndər Heydər Əliyev olmazdı.
Fasilədə Heydər Əliyev bir qrup şair və yazıçıyla söhbətləşməyə başladı. O zaman Balaş Azəroğlu bir az nasazlamışdı. Ulu öndər ona üzünü tutdu: “Sən, deyəsən, xəstəlikdən qorxursan? Amma xəstəlikdən qorxmaq lazım deyil. O vaxt Fikrət Qoca da, yadımdadı, gəldi Moskvada yanıma. Telefonla danışdıq və nə lazımdı elədik. Orada nə qədər qaldın, iki ay qaldın, yoxsa üç ay qaldın?”
Mənim Moskvada müalicəm bir ay çəkmişdi. Heydər Əliyev onları elə tələsdirmişdi ki, müalicəni bir aya başa vurdular. Mənim müalicəm Ulu öndərin xüsusi nəzarəti altındaydı. Həm səhiyyə naziri, həm də akademik Bloxin müalicəmə cəlb olunmuşdu. Vətənə qayıdandan sonra Onun şərəfinə yazdığım şeiri “Azərbaycan gəncləri” qəzetində çap etdirdim.
Heydər Əliyev bunu həmin hadisənin üstündən 10 ilə yaxın vaxt keçəndən sonra - yubiley gecəmin sonunda bildi. Mənə üzünü tutdu: Bəs o qəzeti niyə mənə verməmisiniz? Mən də cavab verdim ki, Sizə əziyyət vermək istəmədim.
- Bəs, qələm adamlarımız necə? Onlar da həmişə Ulu öndərə qayğı ilə yanaşıblar?
- Əlbəttə. Ədəbiyyat, yazı-pozu adamları həmişə Ulu öndərin diqqətindən, qayğısından stimul alırdılar. Eyni zamanda, Onu dahi bir şəxsiyyət kimi sevirdilər. Onunla bircə dəfə görüşmək, söhbət etmək kifayət edirdi ki, müsbət aurasına düşəsən, sadəcə, bu şəxsiyyətin böyüklüyü qarşısında heyrətlənəsən. Amma bu həqiqəti də danmaq olmaz ki, Ulu öndərin qayıdışı hamı tərəfindən xoş qarşılanmadı. Bu adamlar öz hakimiyyətlərini, vəzifəsini itirməkdən qorxanlar idi. 1991-ci il, Ali Sovetin fevralın 5-də baş tutan sessiyası zamanı Heydər Əliyev bəzi qələm adamları tərəfindən ədalətsiz təpki ilə qarşılaşdı. Amma O, heç kimdən çəkinən adam deyildi və hər kəsin nöqsanını üzünə deyirdi. Həmin sessiya zamanı da belə oldu.
Mart ayının 7-də bir də sessiya keçiriləcəkdi və bu dəfə Sovet İttifaqının saxlanmasına dair referendumun keçirilməsi məsələsi müzakirə ediləcəkdi. Bu sessiya zamanı da Heydər Əliyev sərt danışdı. Dedi ki, SSRİ qalmamalıdır, dağılmalıdır. İki cəbhə yaranmışdı. Əksəriyyət Onu müdafiə edirdi. Bir qismi də hakimiyyətdə olanlar idi, onlar da deyirdilər Sovet hakimiyyətini saxlamaq lazımdır. Sessiyadan az sonra Naxçıvana Heydər Əliyevin görüşünə gedən Elmira Axundova Onu Yazıçılar İttifaqının qurultayına dəvət etməyimizi də çatdırdı. Yazıçılar İttifaqının rəhbərliyindən - Anardan rəsmi dəvət alan Ulu öndər yenidən Bakıya gəldi. Hiss edirdik ki, Heydər Əliyev narahatdır. Sonra izah etdi ki, özünə görə yox, biz yazıçılara görə narahatlıq keçirir. Fikirləşirdi ki, hakimiyyətdə olanlar Heydər Əliyevi qurultaya dəvət etdikləri üçün bizi incidəcəklər. Yazıçılarla çox mehriban görüşdü. Hər kəs öz yerini tutanda gördük ki, Ulu öndər heç kimin yanında əyləşmədi. Boş sırada oturdu. Biz fikir vermişdik ki, O, sessiyada da oturanda nə sağında, nə solunda heç kəs oturmur. Bilirdik ki, çəkinirlər. Heydər Əliyev isə özü yox, ancaq başqaları haqqında düşünürdü. Düşünürdü ki, sonra Ona görə kimisə incidə bilərlər. Onun tək oturduğunu görəndə Rəfiq Zəka ilə Xəlil Rza keçib sağında və solunda oturdular. Qurultay başa çatanda Onu çıxışa qədər ötürdülər. Gələndə də Elçin qarşılamışdı. Biz yazarlara Ulu öndərə göstərilən münasibət çox toxunurdu. İstəyirdik O, hiss etsin ki, biz ziyalılar həmişə Onun yanındayıq. 1970-ci ildən 1982-ci ilə qədər Yazıçılar İttifaqının qurultaylarının hamısında Heydər Əliyev iştirak edirdi, çıxış üçün söz alırdı. Bütün problemlərimizin həllinə çalışırdı. Bu qurultayda da Onun aşağıda oturması bizi narahat edirdi. Məmməd Aslan aşağıdan durdu, gur səslə dedi ki, təklif edirik Heydər Əliyev prezidiuma dəvət olunsun. Gurultulu alqışlar qopdu. Anar dedi ki, bəli, Heydər Əliyev prezidiuma seçildi, dəvət olunsun buraya. Heydər Əliyev isə dedi ki, bilirsiniz, mən həmişə, o keçmiş vaxtlarda yuxarıda oturub aşağıya baxmışam, indi isə icazə verin aşağıdan yuxarı baxım. Salon gurultulu alqışlardan titrədi. Hər kəs ürəyində yaxşı bilirdi ki, Ulu öndər bizi incitməsinlər deyə belə addım atdı. Salonu titrədən alqışlar Onun alicənablığından riqqətə gələn ürəklərin sevincini ifadə edirdi. Bu, həm də yazıçıların Ulu öndərə məhəbbətinin tərənnümü idi.
- Ulu öndər Azərbaycan Yazıçılar İttifaqının dəvəti ilə Cəfər Cabbarlının yubileyində də iştirak etdi.
- Cəfər Cabbarlının 80 illiyi şəxsən Ulu öndərin təşəbbüsü ilə keçrilmişdi, böyük abidəsini qoydurmuşdu, ev muzeyinin açılması üçün tapşırıq vermişdi. Ədibin heykəlini hazırlayan Mirəli Mirqasımov məsələ qoymuşdu ki, heykəl böyük qranit parçasından yonulmalıdır. Belə bir daşı tapmaq, onu Bakıya gətirmək əsl problemə çevrilmişdi. Mirqasımov bir neçə dəfə Heydər Əliyevin qəbulunda olmuşdu. Heydər Əliyev axırda Nazirlər Sovetinin məsul işçilərini yığıb tapşırmışdı ki, Bakıya M.Mirqasımov istədiyi boyda qranit gətirilməlidir, başqa söhbət ola bilməz. Daş gətirildi. Amma hekəltəraşa mane olmaq istəyənlər, bu işin baş tutmaması üçün çalışanlar da vardı. Abidənin qoyulduğu yerə görə irad tuturdular. Amma o heykəl qoyulandan sonra ətraf abadlaşdırıldı, gözəlləşdirildi. Cəfər Cabbarlının yubileyi Opera və Balet Teatrında keçirilirdi. Orada da Heydər Əliyev keçib bir kənarda oturdu. Rəsmi hissə qurtarandan sonra Cəfər Cabbarlının qızı, qohumları, yazıçılar Onu əhatəyə aldılar. Orada Heydər Əliyev çox səmimi söhbətlər etdi. Dedi ki, ədəbiyyatımız, mədəniyyətimiz yaşamalıdır. Sonra bu binaya gələn şəxsiyyətləri sadaladı. üzeyir Hacıbəyovu, Niyazini, Qara Qarayevi, Fikrət Əmirovu, Səməd Vurğunu, Süleyman Rüstəmi, Rəsul Rzanı xatırladı.
- Ulu öndər həm də yazıçılara fəxri adların verilməsinə böyük diqqət yetirib.
- Rəsul Rzanın 70 illiyi qeyd olunarkən ona Sosialist Əməyi Qəhrəmanı fəxri adı verildi. İndi bu adlara bir qədər fərqli yanaşırlar. Amma o zaman bu, çox böyük qiymət idi və öz dövrünün ən böyük atributlarından biri sayılırdı. Ukrayna kimi böyük bir respublikada o zaman cəmi iki nəfər mədəniyyət xadimi Sosialist Əməyi Qəhrəmanı adı almışdı. Amma bizdə 10-dan çox mədəniyyət xadimi bu ada layiq görülmüşdü... Məhz bu məsələyə görə Mixail Qorbaçovla Heydər Əliyev arasında söz atışması olmuşdu. Rəsul Rzaya Sosialist Əməyi Qəhrəmanı mükafatını şəxsən Heydər Əliyev özü təqdim etmişdi. Rəsul Rza çıxışında Məhəmməd Hadinin sözlərini misal gətirdi ki, bəs böyük şair deyib: “Yox millətimin imzası imzalar içində”.
Sonra əlavə etdi ki, artıq indi vardır millətimin imzası imzalar içində. Heydər Əliyev Rəsul Rzanın yaradıcılığını gözəl bilirdi, əsərlərini, məqalələrini diqqətlə izləyirdi.
- ümumiyyətlə, Heydər Əliyev Azərbaycan ədəbiyyatını diqqətlə izləyirdi.
- Elədir. Hər dəfə də öz münasibəti ilə bizi heyrətləndirirdi. 90-cı illərdə bizdə bir sıra adamlar cidd-cəhdlə klassiklərimizi tənqid atəşinə tutur, onlardan imtina etməyə çağırırdılar. Sovet quruluşunun çökməsi isə onlara yeni ideya vermişdi: sovet yazıçılarını ədəbiyyatdan silmək, ləkələmək üçün dəridən-qabıqdan çıxırdılar. Ən çox da Rəsul Rzanın “Lenin” poeması müzakirə obyektinə çevrilmişdi. Bir dəfə yazıçılarla görüşlərinin birində bu məsələyə toxunan Ulu öndər konkret olaraq söylədi ki, bu mövzudakı yazılara görə kimisə ittiham etmək olmaz, Rəsul Rzanı isə qətiyyən yaramaz: “Şair inanıb, yazıb! İnamla yazıb, başa düşürsünüzmü? Heç kəsi günahlandırmaq olmaz. Heç kəsi... Amma şair kimi onun şeirləri dəyərlidir. Onun şeirlərinin görün nə qədər yüksək dəyəri var. O cürə şeiriyyət zirvəsinə çatmaq hünərdir. Ola bilər Lenin haqqında yazasan, ola bilər, nə bilim, başqa bir padşah haqqında yazasan, ola bilər böyük bir sərkərdə haqqında yazasan. Nizami Gəncəvi Makedoniyalı İsgəndər haqqında “İsgəndərnamə” poeması yazmışdı. Şərt onda deyil ki, o, İsgəndərin qəhrəmanlığını göstərirdi. Biz Nizamini şeirinə görə, şairlik dühasına görə qiymətləndiririk.”
Bu sözlərin yazıldığı lent yazısı indiyə qədər qorunub saxlanır. Sonra elə ordaca Firdovsinin “Şahnamə”sindən söhbət açdı. 30-cu illərin ikinci yarısında “Şahnamə”nin çox geniş təbliğ olunduğunu dedi. Məşhədə gedərkən Firdovsinin qəbrini çox böyük ehtiramla yad etdiyindən danışdı. Sonda Ulu öndərin dediyi sözlər indiyə qədər yaddaşımda olduğu kimi qalıb: “Tariximizin heç bir nöqtəsini unutmaq olmaz. İnsan öz tarixi ilə güclüdür”. Bu kəlmələri Heydər Əliyev tez-tez təkrar edirdi.
- Köhnə sistem dağılanda ədəbiyyat adamlarının vəziyyəti də pisləşdi. Kitab nəşri sahəsində böyük çətinliklər yaşanmışdı. Ədəbi orqanlar bağlanmaq təhlükəsi ilə üzləşmişdi. Ulu öndər bu problemlərin aradan qaldırılması üçün hansı tədbirləri gördü?
- Heydər Əliyev AYB-nin ədəbi orqanlarının çap xərclərini öz üzərinə götürdü və onları bağlanmaq təhlükəsindən qurtardı. Sonra humanitar sahənin problemlərini həll etmək üçün fond yaratmaq təklifləri ilə prezidentə müraciətlər olundu və razılıqla qarşılandı. Biz təklif etdik ki, yaradılacaq fondu Heydər Əliyev Fondu adlandırsınlar. çox keçmədi ki, Heydər Əliyev Fondu yaradıldı. İlk əvvəllər bu fondun hesabına yazıçıların, mədəniyyət xadimlərinin həyat şəraitinin yaxşılaşdırılmasına yardımlar edildi. Amma artıq Heydər Əliyev Fondu beynəlxalq layihələrə uğurla imza atır. Son olaraq Heydər Əliyevin mənim 60 illik yubileyimdə bizim yazıçı və şairlərlə söhbəti zamanı söylədiyi sözləri olduğu kimi xatırlatmaq istəyirəm:”Mən sizin hamınıza hörmət və ehtiramımı bildirirəm və yazıçılarla, şairlərlə, mədəniyyət xadimlərilə axıra qədər bir yerdə olacağam.” Heydər Əliyev bütün hallarda olduğu kimi burda da sözünə, vədinə əməl etdi. Mən Naxçıvan səfərində bunu bir daha duydum, canımla, qanımla yaşadım. Ulu öndər həmişə bizimlə bir yerdədir.
KƏBUTƏR


Paylaş:
Baxılıb: 1118 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30