Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / "Barış" dənizində "tufan" olmayacaq...

"Barış" dənizində "tufan" olmayacaq...

28.07.2009 [11:32]

Xəzər dənizi hövzəsi ölkələri arasındakı münasibətlər problemlərin tezliklə aradan qaldırılmasına yol açır
Dünyada ilk neft quyularının qazıldığı məkanlardan biri olan Xəzər dənizi müasir dövrdə də cərəyan edən siyasi proseslərin mərkəzində duran əsas coğrafi məkanlardandır. Hazırda isə malik olduğu karbohidrogen qaynaqları ilə dünyanın güc mərkəzlərinin enerji təchizatını həyata keçirən Xəzərdə sabitlik hökm sürür... Amma görünür yenidən bu vəziyyəti dəyişməyə meyil göstərənlər var...
Azərbaycan ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ilk dəfə 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə hövzədə möhkəm əməkdaşlıq, təhlükəsizlik və sabitliyin əsasını qoymuş oldu. Beynəlxalq münasibətlər sistemində aktor rolunu oynayan transmilli şirkətlər bu dənizə sərmayə yatırmaqla böyük bir bölgənin qarşılıqlı, faydalı əməkdaşlıq etməsi üçün güclü zəmin yaratdı. Monopolistin rıçaqlarından yan qaçmaq üçün ilk dəfə olaraq, Türkmənistanın və Qazaxıstanın enerji ehtiyatlarının məhdud çərçivədən çıxarılaraq, dünya bazarlarına daşınması kimi ideyalar ortaya atıldı. Eyni zamanda, Azərbaycanın Bakı-Tbilisi-Ceyhan (BTC) və Bakı-Tbilisi-Ərzurum (BTƏ) kimi irimiqyaslı və qlobal əhəmiyyətli neft-qaz kəmərlərini inşa edərək istismara verməsi həmin ideyanın reallığa çevrilməsinə zəmin hazırladı. Bu gün də Azərbaycan Transxəzər layihəsinin həyata keçirilməsilə bağlı tranzit ölkə kimi üzərinə düşən bütün vəzifələrin öhdəsindən gəlmək üçün səylərini artırır. Bununla əlaqədar olaraq, Azərbaycan ötən günlərdə ağır tonnajlı tankerlər almaqla bir daha Xəzərdə barış, sağlam rəqabət mühiti çərçivəsində əməkdaşlığın genişləndirilməsində israrlı olduğunu sübut etdi...
Status və delimitasiya məsələsi... sabitliyi pozan amil kimi
öncə qeyd edildiyi kimi, Azərbaycanın hövzə ölkələrilə birgə həyata keçirdiyi işlər nəticəsində dənizdə yaranmış əməkdaşlıq mühitini, sabitliyi yenidən pozmağa cəhd edən qüvvələr var. Onlar hər zaman olduğu kimi, Xəzərin statusu və delimitasiyası məsələsini ortaya atmaqla aranı qarışdırmaq və qonşu dövlətlər arasında narazılıqlar yaratmaq fikrindədirlər.
Xatırladaq ki, ümummilli lider Heydər Əliyevin 90-cı illərdə Xəzərdə mövcud olmuş ağır durumu aradan qaldırmaq üçün həyata keçirdiyi işlərin effektliliyini əvvəlcədən bilən bəzi qüvvələr məhz status, delimitasiya məsələlərindən istifadə edərək, Türkmənistanla Azərbaycanı qarşı-qarşıya qoymağa çalışırdılar. Bu gün də artıq həmin ssenari işə salınır. Amma düşünürük ki, bu dəfə Azərbaycanla Türkmənistan arasında istiləşən və digər hövzə ölkələrilə olan sıx münasibətlərin fonunda hər hansı bir narazılıq ortaya çıxmayacaq...
Problemin aradan qaldırılması üçün nümunə var
Əslində, Xəzər dənizinin statusuna və delimitasiyasına dair yaranmış vəziyyətdən çıxış yolunun tapılmasına görə çox fikirləşmək lazım deyil. çünki bu problemin aradan qaldırılması üçün həm ikitərəfli sazişlər mövcuddur, həm xarici ölkələrin təcrübəsi,  həm də qlobal miqyasda işlənən beynəlxalq hüquq və normalar var. Prezident İlham Əliyev Rusiya Dövlət Televiziya kanalının “Vesti v subbotu” verilişinə verdiyi müsahibəsində məhz bu məsələyə toxunaraq söyləmişdi ki, Xəzər dənizinin delimitasiyası məsələsinin tənzimlənməsinə nail olmaq üçün yaxşı baza var: “Biz həmişə bu fikirdə olmuşuq və indi də belə düşünürük ki, Xəzər dənizi bizim üçün təbiətdir, çimərliklərdir, istirahətdir. Lakin iş elə gətirib ki, Xəzərin enerji ehtiyatları, ekoloji təhlükəsizliyi, Xəzərdə milli sektorların müəyyən edilməsi məsələləri təkcə Xəzəryanı dövlətləri deyil, daha geniş formatda bir sıra başqa ölkələri də narahat edən məsələlərdir. Əlbəttə, biz istərdik ki, Xəzər dənizinin delimitasiyası məsələsinin tam tənzimlənməsinə nail olaq. Bunun üçün yaxşı baza vardır. Mən hesab edirəm ki, bunun üçün zəmin artıq mövcuddur. Məsələn, Azərbaycan və Rusiya, Azərbaycan və Qazaxıstan, Rusiya və Qazaxıstan arasında ikitərəfli sazişlər imzalanmışdır. Bu müqavilələr həm də çoxtərəfli, beştərəfli sazişin əsası olmalıdır.
Mənim fikrimcə, Rusiya, Qazaxıstan və Azərbaycan öz aralarında bu müqavilələri bağlayarkən beynəlxalq hüquq normalarını, öz milli maraqlarını əsas götürmüşlər. Biz onu əsas götürmüşük ki, Xəzər hər ölkəyə 20 faiz olmaqla deyil, milli sektorlara uyğun bölünməlidir. Əgər belə olsaydı, Rusiya bəlkə də qane olmazdı ki, ona 20 faiz deyil, daha az pay düşür. Buna görə də, hər ölkəyə 20 faiz olmaqla bölgü yanaşmasının heç bir əsası yoxdur və bu, sadəcə, məsələni dolaşdırmaq deməkdir. Əlbəttə, mənim fikrimcə, bütün mövqeləri öz aralarında artıq razılaşdırmış, bütün sərhədləri müəyyən etmiş ölkələrin öz mövqelərini müdafiə etməyə daha çox haqqı vardır. çünki bu mövqe beynəlxalq miqyasda tanınmışdır. İstərdik ki, Xəzər regionundakı bütün ölkələr bu mövqedən çıxış etsinlər. Əlbəttə, hər bir ölkənin öz mövqeyi vardır. Lakin Xəzərin statusunun müəyyən edilməsi məsələsinin uzadılması istər ekoloji təhlükəsizlik baxımından, istərsə də təbii ehtiyatların istifadəsi üçün böyük problem deyildir. Biz öz neftimizin və qazımızın çox hissəsini Xəzərdən çıxarırıq. Xəzərin statusunun tənzimlənməmiş qalması bizə mane olmur. Ancaq istərdik ki, bu mövzu havadan asılı qalmasın, hər hansı spekulyasiyaların mövzusuna çevrilməsin, belə qeyri-müəyyən vəziyyətdə qalmasın. Bundan əvvəl Tehran sammitində qərara alınmışdır ki, növbəti sammit Bakıda keçiriləcəkdir. Biz həmin sammiti keçirməyə hazırıq. Lakin, əlbəttə, bu sammitin, sadəcə, söhbət edib dağılışmaq üçün görüşə çevrilməməsindən ötrü müəyyən qərarlar hazırlanmalıdır”.
“Kəpəz” yatağı uzunmüddətli iş birliyi üçün zəmin yaradır
Məlum olduğu kimi, Azərbaycan neftinin və qazının böyük bir hissəsini Xəzər dənizindən hasil edir. Əlbəttə ki, rəsmi Bakı bütün beynəlxalq hüquq və normalara, qarşılıqlı münasibətlərə, ünsiyyətə hörmət etməklə, digər hövzə ölkələrinin də dənizdə iş aparmasına mane olmur.
Təbiidir ki, dənizdə mövcud olan ehtiyatlar müxtəlif istiqamətlərdə paylana və ya yerləşə bilər. Amma bu o demək deyil ki, bir və ya bir neçə neft-qaz yatağı iki dövlət arasında münasibətlərin gərginləşməsinə gətirib çıxarmalıdır. Dünyada birgə işbirliyi qurmaq üzrə kifayət qədər təcrübə var və məhz “Kəpəz” yatağı ətrafında yaranmış vəziyyəti də Azərbaycanla Türkmənistan belə təcrübələrə əsaslanaraq aradan qaldırmaq gücündədirlər. Konkret olaraq, bu məsələ ilə bağlı Prezident  İlham Əliyev öz mövqeyini artıq ortaya qoyub: “Biz öz türkmən dostlarımıza təklif etdik ki, bu yatağın işlənməsi üçün birgə əməliyyat şirkəti yaradaq. çünki bizim infrastrukturumuz və boru kəmərlərimiz bu yatağa çox yaxındır və əgər lazım gələrsə, birlikdə beynəlxalq əməliyyatçıları dəvət edək və onlar gəlib sərmayə qoya bilərlər. Biz payların da müxtəlif proporsiyalarına baxmağa hazırıq və bu da həmin yataqdan keçən sərhədə uyğun olan bir pay bölümü olacaqdır. Əgər türkmən dostlarımız bu yanaşmaya razılaşarsa, hesab edirəm ki, biz məsələnin, Xəzər dənizinin ümumi hüquqi statusunun müəyyən edilməsini daha da asanlaşdıracağıq”.
Göründüyü kimi, dövlət başçısı İlham Əliyev Türkmənistan tərəfinə olduqca sərfəli təkliflər verir və təsadüfi deyil ki, ekspertlər bunların türkmənlər tərəfindən qəbul ediləcəyinə dair müsbət rəy verirlər. çünki “Kəpəz” yatağı ilə bağlı məsələnin həlli həm delimitasiya işinin aparılmasının tezləşdirilməsinə, həm İranla anlaşmağa, həm də hüquqi statusun müəyyənləşdirilməsinə geniş imkanlar açacaq.
Bir sözlə, Türkmənistanın və Qazaxıstanın karbohidrogen ehtiyatlarını təhlükəsiz şəkildə dünya bazarına çıxaracaq əsas və sərfəli tranzit ölkə Azərbaycan, Xəzər - “barış” dənizində “tufan”ın olmaması üçün məqsədyönlu və düşünülmüş fəal siyasət yürüdür. Elə bir siyasət ki, burada bütün dövlətlərin maraqları nəzərə alınır.
Ramil VƏLİBƏYOV

Paylaş:
Baxılıb: 1113 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30