Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Çalışacam ki, seçicilərimin, partiyamın, dövlətimin etimadını doğruldum

Çalışacam ki, seçicilərimin, partiyamın, dövlətimin etimadını doğruldum

13.04.2016 [09:58]

Mirzəcan Xəlilov: Seçicilərlə görüşlərim zamanı şəhər sakinlərinin dövlətimizə, möhtərəm Prezidentimizə nə qədər bağlı olduqlarının bir daha şahidi oldum

 

*** ÖMÜR YOLU ***
Xəlilov Mirzəcan Mərzəmməd oğlu 1954-cü il aprelin 19-da Sabirabad rayonu, Kovlar kəndində anadan olub. 1970-ci ildə S.Vurğun adına 3 saylı Sabirabad şəhər orta məktəbini bitirib, Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutuna (Azərbaycan Texniki Universiteti) daxil olub. 1974-76-cı illərdə hərbi xidmət keçmiş M.Xəlilov 1976-cı ildə, Azərbaycan Mühəndis İnşaat İnstitutunun Politexnik İnstitutundan ayrılmasından sonra təhsilini Mühəndis İnşaat İnstitutunda davam etdirib və 1979-cu ildə “Çay qurğularının və Su Elektrik Stansiyalarının hidrotexniki tikintisi” ixtisası üzrə həmin institutu bitirib. 1978-ci ildə “Azərkəndsutəchizattikinti” Konserninin Sabirabad-Saatlı Qrup Su Kəmərinin tikintisi üçün yaradılan 20 saylı SMD-də əmək fəaliyyətinə başlayıb. Ayrı-ayrı vaxtlarda həmin təşkilatda briqadir, usta, iş icraçısı və baş mühəndis vəzifələrində çalışıb, daha sonra rəis vəzifəsinə yüksəlib. 1997-ci ildə Konsernin ləğv edilməsi ilə tabeliyində olan təşkilatlar səhmdar cəmiyyətlərə çevrilib. 1998-ci ilin sentyabrından “Sabirabad-Su-Təchizat-Tikinti” ATSC-nin sədri vəzifəsini icra edən M.Xəlilov 2003-cü ilin avqustundan “Azərsutəchizattikinti” ASC-nin İdarə Heyətinin sədri seçilib. Hazırda “Azərsutəchizattikinti” ASC-nin Müşahidə Şurasının sədridir.
M.Xəlilov 1997-ci ildən YAP-ın üzvüdür, 2006-cı ildən isə YAP Sabirabad rayon təşkilatının idarə heyətinin üzvüdür. YAP-ın IV və V qurultayının nümayəndəsi olub. Ailəlidir, 6 övladı var.

 

Məlum olduğu kimi, ötən il noyabrın 1-də keçirilən beşinci çağırış Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) növbəti möhtəşəm qələbəyə imza atdı. YAP-ın irəli sürdüyü namizədlərdən 71 nəfəri seçicilərin etimadını qazanaraq Milli Məclisdə təmsil olunmaq hüququ əldə etdi. Təbii ki, YAP-dan seçilmiş millət vəkilləri sırasında bu haqqı ilk dəfə qazanmış üzvlər də var. “Deputat kürsüsü” rubrikasında da Milli Məclisin yeni üzvlərini oxucularımıza təqdim edir, onların həyat və fəaliyyəti, hadisələrə baxışları, ictimai-siyasi proseslərdə rolu barədə məlumat veririk. Rubrikamızın növbəti qonağı 41 saylı Sumqayıt Birinci Seçki Dairəsindən Milli Məclis üzvlüyünə seçilmiş Mirzəcan Xəlilovdur.
- Mirzəcan müəllim, sizcə, millət vəkili statusu hansı mühüm məsuliyyəti üzərinə götürmək deməkdir?
- Hər bir vətəndaşın üzərinə düşən əsas məsuliyyət dövlətinə xidmət etmək, onun inkişafı üçün çalışmaqdır. Möhtərəm Prezidentimiz İlham Əliyev “Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı konfransdakı çıxışında çox mühüm bir məsələyə toxunmuşdu. Cənab Prezident hər bir vəzifəli şəxsin ilkin qayəsinin xalqın xidmətində dayanmaq olduğunu vurğulamışdı. Bu tezis bir millət vəkili olaraq mənim fəaliyyətimin ana xəttini təşkil edir.
Təbii ki, Azərbaycan Respublikasının qanunverici orqanında təmsil olunmaq olduqca şərəfli və məsuliyyətli bir işdir. Qanunvericilik bazası hər bir fəaliyyət istiqamətinin təməl prinsipini təşkil edir. Yəni hər bir fəaliyyətin, işin, biznesin və ya digər fəaliyyət növlərinin kökündə təkmil qanunverici təməl dayanmalıdır. Bu mənada, qanun layihələrinin müzakirəsində hər bir bəndə, hər bir abzasa çox diqqətlə baxılır, necə deyərlər, “yüz ölçülür, bir biçilir”. Deputat onun seçilməsində mühüm rol oynayan seçicilər toplusunu təmsil edir. Düzdür, bəzən seçicilərimiz deputat statusuna daxil olmayan məsələlərlə bağlı da müraciətlər ünvanlayırlar ki, lazımi icra strukturlarına bununla bağlı müraciətlər edirik. Necə deyərlər, millət vəkili, adından da bəlli olduğu kimi seçicilərin təmsilçisi deməkdir. Beş il müddətində bu təmsilçiliyi layiqincə yerinə yetirmək çətin, məsuliyyətli və şərəfli bir işdir. Çalışacam ki, qarşıdakı illərdə öz seçicilərimin, partiyamın, dövlətimin etimadını doğruldum.
- Deputat seçildiyiniz region ölkəmizin böyük şəhərlərindən biridir. Sumqayıt həm də sənaye şəhəri hesab olunur. Ümumiyyətlə, Sumqayıtın sizin üçün nə kimi özəlliyi var? Yəqin ki, deputatlığa namizədliyinizi bu şəhərdən irəli sürməyiniz üçün ciddi əsaslarınız olub...
- Bəli, hazırda Sumqayıtda mühüm işlər görülür, abadlıq-quruculuq işləri geniş vüsət alıb. Çox möhtəşəm, Ulu öndər Heydər Əliyevin adına layiq mərkəz inşa olunur. Bu mərkəz həm tikinti sahəsinə, həm də gözəlliyinə görə fərqlənəcək. Dənizkənarı parkın genişlənməsi və yenidən qurulması işi sürətlə davam etdirilir. Sumqayıtın giriş yolu genişləndirilir. Yeni Şahmat Məktəbi tikilir. Evlərin dam örtükləri yenilənir, yaşayış binalarının liftləri yeniləri ilə əvəz edilir. Bundan başqa, binalar üzlük daşları ilə üzlənir. Küçələrə yeni asfalt örtükləri çəkilir. Əminəm ki, çox yaxın müddətdə hər birimiz yeni, daha da gözəlləşmiş bir Sumqayıt görəcəyik.
Sumqayıt şəhəri Azərbaycanın sənaye mərkəzlərindən biri olmaqla yanaşı onun əhalisi hər zaman dövlətçiliyin keşiyində dayanması, Ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiqliyi ilə seçiliib. Bu şəhər qurulduğu vaxtdan “gənclər şəhəri”, “sənaye şəhəri” adlandırılıb. Eyni zamanda, mən deyim ki, dostluq və tolerantlıq nümunəsi sayılacaq şəhərdir. Bu gün də ölkəmizin inkişafında xüsusi yerə və əhəmiyyətə malikdir. Bu şəhər hər bir insan üçün çox doğmadır və bununla yanaşı onu sevən hər kəsə qucaq açır. Eləcə də mənə. Seçicilərlə görüşlərim zamanı da şəhər sakinlərinin dövlətimizə, möhtərəm Prezidentimizə nə qədər bağlı olduqlarının bir daha şahidi oldum.
- Yəqin ki, şəhər sakinləri, seçiciləriniz müxtəlif məsələlərlə bağlı təkliflərlə çıxış edirlər, onlarla müxtəlif mövzularla bağlı müzakirələr aparırsınız. Təəssüratlarınız necədir?
- İnsanlarda istər siyasi aktivlik, istərsə də dövlətə bağlılıq olduqca yüksək səviyyədədir. Bu çox sevindiricidir. Bu gün Sumqayıt öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Turizm imkanlarının daha da genişləndirilməsi, yeni sənaye komplekslərinin fəaliyyətə başlaması yönündə mühüm addımlar atılır. Eləcə də, qeyd etdiyim kimi, şəhərin gözəlləşdirilməsi, abadlaşdırılması, sakinlərin istirahətlərinin daha səmərəli şəkildə təşkil edilməsi istiqamətində tədbirlər görülür.
Təbii ki, müəyyən problemlər də mövcuddur və zaman-zaman bu problemlərlə bağlı seçicilərim tərəfindən mənə də müraciətlər olur. Mən də millət vəkili olaraq statusuma aid olan məsələlərlə bağlı şəxsən məşğul oluram, digər məsələləri isə aidiyyəti qurumların qarşısında qaldırıram.
- Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, eləcə də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin üzvüsünüz. Bu komitələrin fəaliyyəti və iş planı haqqında nə deyə bilərsiniz?
- Nəzərə alsaq ki, bu gün də enerji məsələsi dünyada ən çox müzakirə edilən məsələlərdəndir, onda təmsil olunduğum komitənin üzərindəki məsuliyyəti açıq şəkildə görmək mümkündür. Bilirsiniz ki, iqtisadi cəhətdən inkişaf ictimai-siyasi sabitliklə bilavasitə sıx bağlıdır.
Bu gün dünyada bir çox hərbi-siyasi qarşıdurmaların kökündə məhz iqtisadi maraqlar dayanır. Bu iqtisadi maraqların mühüm əksəriyyəti isə enerji məsələsi ilə bağlıdır. Çox uzağa getməyək. Son bir ildə dünya birjalarında neftin qiymətinin kəskin ucuzlaşması qlobal xarakter daşıyan maliyyə böhranı yaradıb. Bu böhran isə iqtisadiyyatı neftlə bağlı olan ölkələrlə yanaşı digər dövlətlərə də öz təsirini göstərməkdədir. Bir çox ölkələrdə milli valyutaların devalvasiyaya uğraması, idxal məhsullarında qiymət artımının müşahidə edilməsi kimi hallar ortaya çıxır. Bizə yaxın ölkələrin valyutaları 100 fazdən artıq devalvasiyaya uğrayıb. Bir sıra neft ixracatçısı olan Cənubi Amerika ölkələrində inflyasiya 275 faizə çatıb. Bu olduqca mühüm siqnaldır.
- Mirzəcan müəllim, əsas hədəflərdən biri yerli istehsalı artırmaq, yeni sənaye zonaları yaratmaqdır. Bu baxımdan, ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımları necə dəyərləndirirsiniz?
- Ölkəmizin dünyada yaşanan qlobal çətinliklərin fonunda öz iqtisadi təhlükəsizliyini təmin etmək üçün ilk növbədə daxili resurslara istinad edərək müəyyənləşdirdiyi iqtisadi inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri respublikada qeyri-neft sektorunun üstün inkişafının təmin olunması və yerli istehsalın güclü şəkildə təşviq edilməsi ilə bağlıdır. Son 12 ildə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq yerli istehsalın davamlı şəkildə dəstəklənməsi sayəsində ölkədə çoxlu sayda yeni istehsalat müəssisələri yaradılıb. Respublikamızda daxili istehsalın genişlənməsindən söhbət açarkən geniş potensiala malik aqrar sektorun imkanlarından daha səmərəli istifadə olunmasını xüsusi qeyd etmək lazımdır. Eyni zamanda, sənayedə və digər sahələrdə də daxili istehsalı artırmaq imkanları kifayət qədər genişdir. Sevindirici haldır ki, bu ilin ilk rübündə ölkəmizdə qeyri-neft sektoru 5 faiz artıb. Bu, dünyada baş verənlərin fonunda mühüm bir göstəricidir.
- Sizcə, bu, ölkəmizin ixrac qabiliyyətinin də əhəmiyyətli dərəcədə artmasına yol aça bilərmi?
- Əlbəttə. Azərbaycan əlverişli coğrafi məkanda yerləşir. Son illərdə yaradılan infrastruktur sayəsində ölkəmiz geniş tranzit imkanları əldə edib. Bundan başqa, respublikamız cəlbedici ixrac bazarları ilə əhatə olunub. Həmin bazarlarda müştərilər ənənəvi Azərbaycan mallarını yaxşı tanıyırlar və gözləyirlər. Təbii ki, respublikanın güclü iqtisadi və intellektual potensialı Azərbaycan brendi ilə buraxılan məhsulların siyahısını daha da zənginləşdirməyə imkan verir. Onu da nəzərə almaq lazımdır ki, son illərdə xarici ölkələrdə milli məhsullarımızın tanıdılması, satış və logistik mərkəzlərin yaradılması istiqamətində məqsədyönlü iş aparılır.
Bütün bunlar ölkəmizdə yerli istehsalın stimullaşdırılmasına xidmət göstərən müsbət məqamlardır. Daxili istehsalın genişləndirilməsi, eyni zamanda, əlverişli investisiya mühitinin yaradılması və investisiya qoyuluşunun təşviq edilməsi də mühüm məsələlərdəndir. Ölkədə müsbət investisiya iqlimi mövcuddur. Möhkəm daxili sabitlik və dövlətin güclü siyasi iradəsi Azərbaycanı yüksək investisiya cəlbediciliyinə malik ölkəyə çevirib. Son 12 ildə respublikamıza müxtəlif mənbələrdən 200 milyard dollardan çox sərmayə yönəldilməsi bunu bir daha təsdiqləyir.
- Sonda hansı fikirlərinizi dilə gətirmək istərdiniz?
- Bir daha “Yeni Azərbaycan” qəzetinə öz təşəkkürümü bildirirəm. Qeyd etdiyim kimi, Sumqayıtı təmsil edən deputatlar olaraq şəhərin ziyalıları, sahibkarlar, idman ictimaiyyətinin nümayəndələri ilə görüşlər keçiririk. Orada da öz fikirlərimizi bildiririk. Əminəm ki, Azərbaycan xalqı Prezident İlham Əliyev cənablarının rəhbərliyi altında mühüm uğurlar əldə edəcək. Qətiyyətli lideri olan ölkədə problemlərin həlli asan olur.
Pərviz Sadayoğlu
Nardar Bayramlı

Paylaş:
Baxılıb: 665 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31