Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyev yeni iqtisadi kursu müəyyənləşdirdi

Prezident İlham Əliyev yeni iqtisadi kursu müəyyənləşdirdi

20.01.2016 [09:53]

Prezident İlham Əliyev: Tapşırıqların yerinə yetirilməsi nəticəsində ölkə iqtisadiyyatı yeni nəfəs alacaq, iqtisadi fəallıq artacaq, insanların sosial müdafiəsi lazımi səviyyədə təmin ediləcək
2015-ci ildə Azərbaycanın da daxil olduğu regionda və bütövlükdə, qlobal miqyasda bir sıra kifayət qədər ciddi, eyni zamanda, arzuolunmaz tendensiyalar müşahidə edilib. Bütövlükdə, dünya ölkələrinin sosial-iqtisadi inkişaf istiqamətlərini dəyişən, qlobal miqyasda yeni böhran meyilləri yaradan belə arzuolunmaz proseslər sırasında, heç şübhəsiz, birjalarda neftin qiymətinin 2014-cü ilin yayından başlayan ucuzlaşmasının ötən ildə də davam etməsini xüsusi vurğulamaq lazımdır. Neftin bütün proqnozları alt-üst edərək kəskin şəkildə - 4 dəfəyədək ucuzlaşması bütövlükdə qlobal iqtisadiyyat üçün şok effekti yaradıb. Arzuolunmaz tendensiya yeni ilin ilk günlərində də davam edərək beynəlxalq aləmdə iqtisadi və psixoloji gərginliyi daha da artırıb.
Enerji resurslarının qiymətinin kəskin aşağı düşməsi təbii proses deyil və süni şəkildə stimullaşdırılır
Şübhəsiz, enerji resurslarının qiymətinin kəskin aşağı düşməsi təbii proses deyil və süni şəkildə stimullaşdırılır. Bu məqama toxunan Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, hətta güclü iqtisadiyyata və maliyyə resurslarına malik ölkələr belə bundan ciddi əziyyət çəkirlər: “Hazırda ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanının üzləşdiyi problemlər, həmçinin dünyanın aparıcı iqtisadiyyatlarından olan Fransada fövqəladə iqtisadi vəziyyətin elan olunması bunu əyani şəkildə təsdiq edir”.
Bu yerdə məntiqi sual ortaya çıxır: son vaxtlaradək dünya iqtisadiyyatının əsas hərəkətverici komponentlərindən olan neftin qiymətindəki əvvəllər proqnozlaşdırılmayan şok enmələr hansı amillərlə şərtlənir? Yeri gəlmişkən, Prezident İlham Əliyev istər Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı, istərsə də bu günlərdə dövlət başçısının yanında keçirilən iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədəki nitqlərində dünyada getdikcə artan hərbi-siyasi gərginliklərin fonunda neftin kəskin şəkildə dəyər itirməsinin də kifayət qədər əsaslandırılmış səbəblərini açıqlayıb: “Deyə bilərəm ki, indiki dünya iqtisadi böhranını heç kim təsəvvür edə bilməzdi. Heç kimin ağlına gələ bilməzdi ki, bir il ərzində neftin qiyməti 4 dəfə aşağı düşsün. Bir daha demək istəyirəm, dünya iqtisadiyyatı indi böhran içindədir, böyük ölkələrdə iqtisadi sahədə çox ağır proseslər gedir. Ancaq bununla belə, dünya iqtisadiyyatı bu qədər tənəzzülə uğramayıb ki, neftin qiyməti 4 dəfə aşağı düşsün. Burada, təbii ki, başqa səbəblər, geosiyasi səbəblər də var”.
Ümumiyyətlə, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, həmçinin iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə ümumdünya iqtisadi böhranının Azərbaycana mənfi təsirlərinin müşahidə olunduğu və enerji resurslarının qiymətlərinin kəskin şəkildə aşağı düşdüyü hazırkı dövrdə həyata keçiriləcək yeni iqtisadi siyasətin əsas konturlarını müəyyən edib. Dövlət başçısı qarşıdan gələn dövrdə görüləcək işlərlə bağlı dövlət strukturlarına müvafiq tapşırıqlar verib. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər deməyə əsas verir ki, iqtisadi böhran və enerji resurslarının qiymətinin aşağı düşməsi bütün ölkələrin iqtisadiyyatına mənfi təsir göstərir. Bütövlükdə isə, dövlət başçısının məlum müşavirədəki nitqinin təhlili ona dəlalət edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni iqtisadi kursunun başlıca istiqamətləri müəyyənləşdirilib.
Azərbaycan qeyri-neft sektorunu inkişaf etdirməklə ölkə iqtisadiyyatının neftdən asılılığını azaltmağa müəyyən qədər müvəffəq olub
Şübhəsiz, Azərbaycan büdcəsinin əhəmiyyətli hissəsi enerji resurslarının satışından əldə olunan gəlirlər hesabına formalaşdığına görə neftin qiymətinin aşağı düşməsi ölkə iqtisadiyyatına və maliyyə sisteminə mənfi təsir göstərir. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun qeyd etdiyi kimi, Azərbaycan son 10 ildə iqtisadiyyatın qeyri-neft sektorunu inkişaf etdirməklə ölkə iqtisadiyyatının neftdən asılılığını azaltmağa müəyyən dərəcədə müvəffəq olub. Buna görə də həm Azərbaycan ümumdünya iqtisadi böhranından ən az əziyyət çəkən ölkə olub, həm də Azərbaycanın milli valyutası mənfi meyillərə ciddi və uzunmüddətli müqavimət göstərməyi bacarıb. Hər halda, bir sıra qonşu ölkələrdə, o cümlədən Rusiya və Qazaxıstanda devalvasiyanın Azərbaycandan xeyli əvvəl baş verməsi və milli valyutaların “üzən məzənnə”yə buraxılması bunu deməyə tam əsas verir. Onun sözlərinə görə, sözügedən müşavirədə Azərbaycan Prezidenti bəyan etmişdir ki, ölkəmiz nefti unutmalı və inkişafı məhz qeyri-neft sektoru üzərində qurmalıdır. Qeyri-neft sektorunun inkişafı birmənalı şəkildə Azərbaycan iqtisadiyyatının neftdən asılılığının tamamilə aradan qaldırılmasına və böhrana dayanıqlı iqtisadi sistemin formalaşmasına imkan verəcək.
Hazırda Azərbaycanda qeyri-neft sektoru inkişaf dövrünü yaşasa da, neftin qiymətinin aşağı düşməsi şəraitində ölkənin mövcud tələbatını təmin etmək iqtidarında deyil. Azərbaycan Prezidenti hesab edir ki, hazırkı dövrdə, bir tərəfdən, yaranmış vəziyyətin ölkəyə mənfi təsirinin qarşısını almaq üçün çevik tədbirlər həyata keçirilməli, digər tərəfdən də, prioritet sahə hesab olunan qeyri-neft sektorunun daha sürətli inkişafını təmin etmək üçün əlavə təsirli mexanizmlər işə salınmalıdır. Dövlət başçısı bəhs olunan müşavirədə vurğulayıb ki, indiki şəraitdə qeyri-neft sektorunun inkişafı daha da böyük prioritet olmalıdır: “Mən qeyri-neft sektorunun inkişafı haqqında artıq neçə ildir ki, həm deyirəm, həm də praktiki addımlar atılır. Regionların inkişafı, regionlarda infrastrukturun, sosial infrastruktur yaradılması, yolların, qaz xətlərinin, elektrik stansiyalarının, məktəblərin, xəstəxanaların, kənd yollarının tikintisi, müəssisələrin, iş yerlərinin yaradılması - bütün bunlar son illər Azərbaycan reallıqlarını əks etdirir. Əgər vaxtilə qeyri-neft sektorunun inkişafı ilə məşğul olmasaydıq, bu gün biz ölkə daxilində olan tələbatı heç ödəyə də bilməzdik”.
İqtisadi sektorda ardıcıl islahatlar müəyyən olunmuş hədəflərə çatmağa imkan verəcək
Bu məqama toxunan ekspertlərin qənaətinə görə, iqtisadi sektorda ardıcıl islahatlar müəyyən olunmuş hədəflərə çatmağa imkan verəcək. Məsələn, Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, ötən dövr ərzində qeyri-neft sektorunun inkişaf etdirilməsi, paytaxtda və regionlarda sosial və iqtisadi infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün tam şərait yaradır: “Bu da, öz növbəsində, Azərbaycan Prezidentinin praqmatik və uzaqgörən siyasət yürütdüyünü təsdiq edir. 2004-cü ildə iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsi və müasir cəmiyyət quruculuğuna dair mühüm qərar qəbul olunması, həmçinin son 10 il ərzində müxtəlif istiqamətlər üzrə zəruri tədbirlər həyata keçirilməsi hazırkı dövrdə effektiv iqtisadi-maliyyə və sosial siyasətin yürüdülməsinə etibarlı zəmin yaradır”.
Bununla yanaşı, Prezident İlham Əliyevin müşavirədə diqqət çəkdiyi məsələlərdən biri də idxaldan asılılığın aradan qaldırılması olub. Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycan böyük dərəcədə öz ehtiyaclarını ödəyir - həm tikinti materialları, həm ərzaq malları sahələrində: “Ancaq bu yerli istehsal mallarının tərkibində xarici komponent var. Biz növbəti illərdə çalışmalıyıq ki, bu xarici komponenti də aradan götürək, Azərbaycanda istehsal olunan bütün ərzaq məhsullarının xammalı da məhz Azərbaycan mənşəli olsun. Ona görə qeyri-neft sektorunun inkişafı sürətlə gedir və gedəcəkdir”.
Beləliklə, ümumi qənaət budur ki, idxaldan asılılıq aradan qaldırılmalıdır. Prioritet addımlardan biri isə yerli malların tərkibində işlədilən xarici komponentlərin daxildə istehsalını təşkil etməkdir. Belə olduqda həmin məhsulların qiyməti xeyli aşağı düşəcək. Ekspertlər belə bir fikir səsləndirirlər ki, həmin komponentlərin daxildə istehsalı başlanana qədər ilkin addım kimi onların idxalına vergi və gömrük güzəştləri tətbiq oluna bilər.
Bunlarla yanaşı, yeni iqtisadi kursun fonunda sahibkarlığın inkişafına davamlı dəstək verilməsi, Azərbaycanın iş adamlarının, ilk növbədə, Azərbaycana sərmayə qoymalarının stimullaşdırılması və təmin olunması, daxili bazarda istehsal məhsullarının qiymətlərinin təbii yolla tənzimlənməsi üçün tədbirlər görülməsi, bank sektorunun tənzimlənməsi prosesinin başa çatdırılması, bu sektorun qeyri-neft sektoruna xüsusi diqqət göstərməsi, iqtisadi fəallığın artırılması, geniş özəlləşdirmə proqramının hazırlanması və həyata keçirilməsi, həm xarici, həm yerli investorların bu işə cəlb edilməsi və bu kimi qarşıda duran digər vəzifələri xüsusi qeyd etmək lazımdır. Bununla bağlı Vüqar Bayramov deyib ki, sahibkarlığın inkişafı baxımından hazırda Prezidentin qarşıya qoyduğu məsələ idxal-ixrac prosesinin şəffaflaşdırılması, ölkəyə xarici investisiyanın, xüsusilə qeyri-neft sektoruna xarici kapitalın qoyulmasıdır: “Dünya praktikasını nəzərə alaraq qeyd etmək lazımdır ki, yalnız məhsulların qeydiyyatında elektronlanlaşma olarsa və bu sistem ölkədə şəffaflıq, keyfiyyətli xidmət reputasiyasını özündə birləşdirən “ASAN xidmət”ə verilərsə, qarşıdakı müddətdə müəyyən nəticələr almaq olar. Sahibkarlıq subyektlərinin qarşısında dayanan süni baryerlərdən sayılan lisenziya verilmə xidməti sahəsində aparılan islahatlar sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin qarşısından bürokratik amilləri aradan qaldırdı. Yəni sahibkar bir dəfə lisenziya alacaq və lisenziya müddətsiz olaraq veriləcək”.
Maliyyə sisteminin və valyuta bazarının tənzimlənməsi ilə bağlı ciddi addımlar atılacaq
Eyni zamanda, yeni iqtisadi siyasət kontekstində davamlı islahatlara paralel olaraq qarşıda duran əsas vəzifələrdən biri də maliyyə sisteminin və valyuta bazarının tənzimlənməsi ilə bağlı ciddi addımların atılmasıdır. Əlbəttə, bunun üçün əlverişli iqtisadi zəmin mövcuddur. Bütövlükdə isə ekspertlər son 10 ildə Azərbaycan iqtisadiyyatının inkişafına dair həyata keçirilən tədbirləri şərh edərək iqtisadiyyatın hazırkı vəziyyətini müsbət qiymətləndirirlər. Milli Məclisin deputatı Aydın Hüseynov hesab edir ki, Azərbaycan güclü maliyyə imkanına, yaxşı investisiya şəraitinə malikdir ki, bu da həm iqtisadiyyatın, həm də maliyyə bazarının kifayət qədər canlanması üçün mühüm şərtlərdir.
Bütövlükdə, xarici maliyyə bazarlarından lazım olan həcmdə valyuta resurslarının Azərbaycana cəlb olunması da diqqət mərkəzindədir. Ekspertlər hesab edirlər ki, Azərbaycanın xarici borcu kifayət qədər aşağıdır və ÜDM-in cəmi 11-12 faizini təşkil edir. Əksər dünya ölkələrində bu göstərici çox yüksəkdir, hətta bəzi ölkələrin xarici borclanması 100-150 faiz təşkil edir. Belə bir vəziyyətdə Azərbaycan hökuməti xarici valyuta bazarlarından əlavə valyuta resursları cəlb edə bilər və bunun ölkənin iqtisadi-maliyyə sistemi üçün təhlükəsi minimal səviyyədədir.
Paralel olaraq, milli valyutaya etimadın bərpa olunması da diqqət mərkəzindədir. Prezident İlham Əliyev bu məsələ ilə bağlı qeyd edib ki, indiki vəziyyətdə milli valyutamıza etimad müəyyən qədər azalıb: “Biz bu etimadı bərpa etməliyik. Manat sabit valyutadır. On il ərzində - 2005-ci ildə pul islahatı aparılandan sonra on il ərzində manat nəinki öz məzənnəsini saxlayıb, hətta dollara qarşı 30 faiz bahalaşıb. Əslində, əgər biz on ilin dinamikasına baxsaq, pul islahatı aparılandan sonra manat elə bil ki hər il 5 faiz qiymətini itirib. Ancaq bu, bir il ərzində olduğu üçün, əlbəttə ki, bunun təsiri daha da ciddi olubdur. Ona görə indiki şəraitdə biz manata olan inamı bərpa etməliyik. Biz deyəndə, əlbəttə, mən dövləti, hökuməti, iqtisadi bloku, bank sektorunu və vətəndaşları nəzərdə tuturam. Biz hamımız bu istiqamətdə iş aparmalıyıq”.
Öz növbəsində ekspertlər hesab edirlər ki, devalvasiyadan sonra valyuta bazarında yaranmış ajiotaj artıq aradan qalxmaqdadır. Millət vəkili Aydın Hüseynovun fikrincə, hazırda Azərbaycan hökuməti pul siyasətinin çevikliyinin artırılmasına, milli iqtisadiyyatın maliyyə dayanıqlılığının və beynəlxalq rəqabət qabiliyyətinin təmin olunmasına imkan verən siyasət həyata keçirir. Mərkəzi Bankın bəyan etdiyi kimi, 2016-cı ildə məzənnə siyasəti “üzən məzənnə” rejiminin tələblərinə uyğun olaraq məzənnədə kəskin tərəddüdlərin hamarlanmasına yönəlib. Eyni zamanda, bank sektorunda maliyyə sabitliyinin qorunması da mühüm hədəflərdən biridir. Banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bank sektorunun maliyyə dayanıqlılığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlər görüləcək. Maliyyə infrastrukturunun inkişafı, nağdsız hesablaşmaların və elektron ödəniş sistemlərinin genişləndirilməsi istiqamətində fəaliyyət davam etdiriləcək.
Azərbaycanda sosial layihələr uğurla həyata keçirilir
Azərbaycanda sürətli inkişaf təbii olaraq dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Əlbəttə, ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Azərbaycanın dövlət büdcəsi də yuxarıda göstərilən prinsiplərə uyğun olaraq formalaşdırılır. Bir sözlə, sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Yeri gəlmişkən, bir neçə gün öncə pensiya və əmək haqlarının 10 faiz artırılması bu istiqamətdə həyata keçirilən zəruri tədbir olmaqla yanaşı, vətəndaşların sosial rifahının yaxşılaşmasına da xidmət edir.
Dövlətimizin başçısı sözügedən müşavirədə bu məsələlərlə bağlı deyib ki, indiki şəraitdə, ilk növbədə, insanların sosial müdafiəsi məsələləri öz həllini tapmalıdır və tapır: “Qeyd etməliyəm ki, pensiyaların və əmək haqlarının 10 faiz qaldırılması bu istiqamətdə atılan önəmli addımdır. Bizim imkanımız hələlik buna çatır. Bir daha demək istəyirəm ki, hər bir dövlət ayağını yorğanına görə uzatmalıdır. Onu da qeyd etmək istəyirəm ki, neftlə zəngin olan ölkələrin böyük əksəriyyətində və bu gün bu neftin qiymətinin düşməsindən əziyyət çəkən ölkələrin böyük əksəriyyətində buna oxşar addımları biz müşahidə etmirik. Hər halda bu barədə məndə məlumat yoxdur ki, hansısa bir ölkə indiki böhran şəraitində əmək haqlarını, pensiyaları qaldırsın. Bu, çox ciddi sosial addımdır. Bir daha demək istəyirəm ki, bizim güclü sosial siyasətimizin təzahürüdür. Bu təşəbbüsü reallaşdırmaq üçün dövlət büdcəsindən 100 milyonlarla manat vəsait xərclənəcəkdir. İndiki şəraitdə bu, nə deməkdir, hesab edirəm ki, bunu izah etməyə ehtiyac yoxdur. İstisna edilmir ki, il ərzində bu məsələyə yenidən baxılacaq. Əlbəttə ki, bu, bizim imkanlarımıza bağlı olan məsələdir”.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Aydın Hüseynov deyib ki, hazırkı vəziyyətdə atılan bu addım ciddi sosial təşəbbüsdür: “Hakimiyyət insanları düşünür və ilk növbədə əhalinin rifah halının yüksəldilməsi üçün addımlar atır. Qeyd edilməlidir ki, neft hasil edən və ya mövcud durumdan əziyyət çəkən heç bir ölkədə belə sosialyönümlü addımlar atılmır. Bu fakt bir daha əyani şəkildə təsdiq edir ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.
Struktur islahatları və neqativ hallara qarşı mübarizənin gücləndirilməsi diqqət mərkəzindədir
Ölkəmizdə, eyni zamanda, qarşıdakı dönəmdə struktur islahatları və neqativ hallara qarşı mübarizənin gücləndirilməsi də diqqət mərkəzindədir. Milli Məclisin deputatı Elman Nəsirovun fikrincə, dövlət idarəçiliyi sahəsində həyata keçirilən struktur islahatları təqdir edilir. Bu addımlar, bir tərəfdən, izafi xərclərin qarşısını alacaq, digər tərəfdən də, dövlət idarəçiliyi sisteminin çevikliyini, səmərəliliyini artıracaq.
Bütün bunlarla yanaşı neqativ hallara qarşı mübarizə çərçivəsində bir məqam da diqqət mərkəzindədir. Belə ki, ölkəmizdə süni bahalaşmaya qarşı çox ciddi mübarizə aparılır. Prezident İlham Əliyev bu barədə qeyd edib ki, süni bahalaşmaya qarşı çox ciddi mübarizə aparılmalıdır və aparılır: “Əfsuslar olsun ki, bəzi hallarda natəmiz insanlar, işbazlar bu vəziyyətdən istifadə edərək qiymətləri süni şəkildə bahalaşdırmağa çalışırlar. Dövlət orqanları, prokurorluq, istehlak bazarına nəzarət edən orqanlar bu məsələ ilə ciddi məşğuldurlar”.
Milli Məclisin deputatı Elman Nəsirov onu da deyib ki, hüquq-mühafizə orqanlarının, aidiyyəti qurumların süni bahalaşmanın qarşısının alınması üçün həyata keçirdiyi tədbirlər qənaətbəxşdır. Onun sözlərinə görə, dövlət bu sahədə üzərinə düşən vəzifələri tam həcmdə icra edir: “Bu addımla ciddi qiymət artımı və daxili bazarda ajiotajın yaranmasının qarşısı alınmış və fürsətdən istifadə edərək əlavə dividendlər qazanmaq niyyətinə düşənlərə təsirli siqnal olmuşdur”.
2016-cı ildə də Azərbaycanda dayanıqlı iqtisadi inkişaf təmin ediləcək
Beləliklə, ekspertlərin də ümumi qənaəti bu yöndədir ki, ayrı-ayrı sahələrdə həyata keçirilən tədbirlər nəticəsində 2016-cı ildə də Azərbaycanda dayanıqlı iqtisadi inkişaf təmin ediləcək. Həyata keçirilən yeni iqtisadi siyasətin nəticəsində Azərbaycanda iqtisadi islahatlar dərinləşəcək, iqtisadi və maliyyə sistemi sabitləşəcək və şəffaflaşacaq, bank sektoru mövcud durumdan çıxacaq və onun davamlı inkişafı təmin ediləcək, milli manata etimad bərpa olunacaq, biznes mühiti daha da yaxşılaşacaq və işgüzar sferada fəallaşma baş verəcək, bütün bürokratik əngəllər maksimum aradan qaldırılacaq və iş adamlarına daha da yaxşı şərait yaradılacaq, dövlət idarəçilik sistemi daha da təkmilləşəcək və onun səmərəliliyi artacaq, əhalinin sosial rifahı yüksələcək. Bir sözlə Prezident İlham Əliyevin bəyan etdiyi kimi, “Tapşırıqların yerinə yetirilməsi nəticəsində ölkə iqtisadiyyatı yeni nəfəs alacaq, iqtisadi fəallıq artacaq, insanların sosial müdafiəsi lazımi səviyyədə təmin ediləcək”.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 736 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31