Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / HİDAYƏT ORUCOV: ULU ÖNDƏRİN DAHİLİYİ QƏRBİ AZƏRBAYCANDAN DAHA AYDIN GÖRÜNÜRDÜ

HİDAYƏT ORUCOV: ULU ÖNDƏRİN DAHİLİYİ QƏRBİ AZƏRBAYCANDAN DAHA AYDIN GÖRÜNÜRDÜ

31.01.2024 [10:44]

Müsahibimiz görkəmli şair, dramaturq, nasir və publisist, ictimai və dövlət xadimi, Azərbaycan Respublikasının birinci dərəcəli dövlət müşaviri, fövqəladə və səlahiyyətli səfir, Əməkdar incəsənət xadimi Hidayət Orucovdur:

“Heydər Əliyevin gəlişi erməni aqressiyası içində yaşayan xalqa erməni millətçiliyinə sinə gərmək üçün çox müsbət təsir etdi”

- Hidayət müəllim, “İrəvana 7 məktub” roman-essenizdə Ulu Öndər Heydər Əliyev haqqında yazırsınız ki, 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərkən ona qarşı Ermənistanda bir heyranlıq vardı, haqqında əfsanələr dolaşırdı. Bu əfsanələr nə idi və haradan qaynaqlanırdı?

- O vaxt Ermənistan bataqlıq içərisində idi. 1965-ci ildə uydurma genosidin 50 illiyini dövlət səviyyəsində qeyd etdilər, o vaxtki Ermənistan Kommunist Partiyası Mərkəz Komitəsinin birinci katibinin təşəbbüsü ilə çoxlu tədbirlər keçirildi. Ondan sonra onları yalnız əsassız millətçilik düşündürürdü. Buna görə də ölkənin vəziyyəti iqtisadi cəhətdən çox ağır idi. Rüşvətxorluq, korrupsiya artırdı. 1966-cı ildə İrəvanda işləməyə başlayandan mən bunu açıq şəkildə hiss edirdim. Ona görə də Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə Mərkəzi Komitənin birinci katibi seçilməsi və ilk aylardanca çox fəal, o vaxt bütün SSRİ-də bənzəri olmayan fəaliyyəti Ermənistanda çox ciddi əks-səda doğurdu. Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən Azərbaycan həqiqətləri bir əfsanə kimi qarşılandı. Məsələn, deyirdilər ki, Heydər Əliyev mühafizə olmadan özü mağazalara gedir, təkbaşına şəhəri gəzir, vəziyyəti öyrənir, sadə insanlarla görüşür. Bunlar Azərbaycanın həqiqətləri idi, amma orada bir əfsanə kimi danışılırdı.

1969-cu ilin oktyabr ayında Cəfər Cabbarlının yubiley tədbirində Ermənistandan da nümayəndə heyəti iştirak edirdi. Mən də həmin nümayəndə heyətinin tərkibində idim. O zaman Ulu Öndərin birinci katib seçilməsindən təxminən 3 ay keçirdi. Ermənistan nümayəndə heyətinin üzvü olan gənc sənətşünas, professor Luiza Samvelyan Heydər Əliyevlə görüşdə onun əlini buraxmadı və dedi ki, Heydər Əlirzaoğlu, Sizin barənizdə Ermənistanda əfsanələr dolaşır. Ona görə də bura gəlməyə hazırlaşanda rəfiqələrim, dostlarım mənə tapşırıblar ki, Sizə doyunca baxım və təəssüratlarımı qayıdandan sonra onlarla bölüşüm.

Heydər Əlirzaoğlu cavabında dedi ki, mən də onlara hörmət edirəm. Mənim valideynlərim Ermənistandandırlar.

Nümayəndə heyətinin rəhbəri məni təqdim edəndə dedi, “istedadlı şair, Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Teatrının direktoru”. Onda mənim 25 yaşım var idi. Heydər Əlirzaoğlu əlimi möhkəm sıxaraq düz gözlərimin içinə baxdı: “Belə gənc?! Çox şadam!”

Vidalaşanda Luiza yenidən Onun əlini sıxdı, sən demə, “qara qızın dərdi var imiş”. O, məni göstərərək dedi: “Heydər Əlirzaoğlu, görürsünüz, İrəvan Dövlət Azərbaycan Teatrının direktoru Hidayət Orucov da buradadır. O, çox gənc yaşında qüdrətli bir teatr kollektivinə başçılıq edir. Bakıda da erməni teatrının yaxşı ənənələri olub. Bu sənət ocağını bərpa etmək məsələsi isə ildən-ilə keçir. Biz ümid edirik ki, Siz bu məsələni tez bir zamanda həll edəcəksiniz.

Heydər Əliyev isə nə “açarıq” dedi, nə də “həll edərik”, dedi ki, tapşırıq verərəm, məsələni öyrənərlər.

Oradan qayıdandan üç gün sonra Azərbaycanın Mədəniyyət naziri Zakir Bağırov mənə zəng elədi və dedi ki, vəziyyəti öyrənmək üçün Gənc Tamaşaçılar Teatrının direktoru Bala Qasımovu İrəvana göndəririk. Bala Qasımov gəldi, üç gün ərzində bizim teatrı dərindən öyrəndi və mən dedim ki, Bakıda erməni teatrını açmağa ehtiyac yoxdur, çünki Xankəndindəki Erməni Dövlət Dram Teatrı respublikada kifayət qədər tamaşaçı toplaya bilmir. O teatrın hərdən Bakıya qastrol səfərini təşkil etmək olar.

- Ancaq sonradan Heydər Əliyevə qarşı ən böyük nifrət, qısqanclıq da elə Ermənistanda yaranır. Bunun səbəbi nə idi?

- Bəli, Ona qarşı rəğbət təxminən bir il davam etdi. 1970-ci ilin noyabrın 29-da Ermənistanın sovetləşməsinin 50 illiyinə Leonid Brejnev və qonşu respublikaların birinci katibləri gəlmişdilər. Həmin tədbirdə Brejnevdən sonra ən çox alqış Heydər

Əliyevin çıxışına oldu. Onda mənim ürəyimə damdı ki, bu, Heydər Əliyevə sonuncu sürəkli alqışlardır. Çünki Heydər Əliyevin nüfuzu artmışdı və gün keçdikcə də onun, Azərbaycanın nüfuzu artmaqda idi. Erməni paxıllığı buna tab gətirə bilməzdi. Həqiqətən də elə oldu.

Həmçinin, Heydər Əliyev Azərbaycan torpaqlarının növbəti dəfə Ermənistana pay verilməsi məsələsinin qarşısını almışdı. O, Ermənistan KP MK-nın birinci katibi Anton Koçinyanla Qazaxda, Dilicanda görüşündə demişdi ki, mən səni dəstəkləyəcəyəm. Çünki o, dəqiq bilirdi ki, Koçinyandan sonra gələcək birinci katib ondan betər millətçi olacaq. Həqiqətən də Karen Demirçyan bu baxımdan bütün ölçülər üzrə Koçinyandan betər oldu. Amma Koçinyan Azərbaycanın yeni rəhbərindən nəinki yeni torpaq qoparmaq, heç ondan öncə qəbul edilmiş qərarları belə yerinə yetirə bilmədi. Heydər Əliyev birmənalı şəkildə bildirdi ki, o qərarların kifayət qədər əsası yoxdur və mən bununla bağlı Moskvada nə lazımdırsa, edəcəyəm.

Ermənistan ictimaiyyəti də bunu hiss edirdi. Buna görə də gün keçdikcə Heydər Əliyevə qarşı qısqanclıq, paxıllıq artırdı, hətta xuliqanlığa qədər gedib çıxırdı.

Heydər Əliyevin böyüklüyü, dahiliyi Qərbi Azərbaycandan daha aydın görünürdü. Xüsusilə, Qərbi Azərbaycandakı soydaşlarımız tərəfindən daha yüksək qəbul olunurdu. Ermənilər paxıllıq hissindən alışıb yanırdılar, dəridən, qabıqdan çıxırdılar. Amma azərbaycanlılar sevinirdilər, qürur hissi keçirirdilər, mənən sakitləşmişdilər, özlərində yeni güc hiss edirdilər. Çünki Heydər Əliyevin gəlişi erməni aqressiyası içində yaşayan xalqa erməni millətçiliyinə sinə gərmək üçün çox müsbət təsir etdi. Heydər Əliyev oradakı soydaşlarımızın mədəniyyətinin, təhsilinin inkişafına, sosial problemlərinə son dərəcə diqqət yetirirdi. Bizim teatra da diqqəti, qayğısı böyük idi. O, bizim teatrımızın bütün problemləri ilə məşğul oldu və çox düzgün olaraq, Bakıda erməni teatrı açmadı. O vaxt mən Zakir Bağırovla ikinci dəfə telefonla danışanda ona dedim ki, bu, erməni millətçiliyinin ideologiya mərkəzinə çevriləcək. Mən onda gənc idim, yaşımdan gələn emosionallıq vardı. Zakir müəllim isə yetkin, yaşlı nazir, son dərəcə ehtiyatlı bir insan idi. Mən danışdıqca hiss edirdim ki, hətta sözlərimdən çəkinir. Çünki mən İrəvandan zəng edirdim, bizim telefon danışığımızı eşidə bilərdilər. Amma fikirlərimi axıracan dedim. Çox yaxşı ki, həmin teatr açılmadı.

Sonralar- 1988-ci ilin fevral ayında-mitinqlərin ən ağır günlərində Mərkəzi Komitə tərəfindən Xankəndinə göndərildim, bir həftə orada işlədim. Orada gördüm ki, sanki mitinqçilər uzun müddət məşq keçiblər, hər bir detalına hazırlaşıblar. Sonra məlum oldu ki, həqiqətən də onlar mitinqlərdən qabaq Xankəndindəki erməni teatrında məşq ediblər. Sən demə, onların ideoloji mərkəzi həmin teatr imiş. Ulu Öndər həmin zamanda onların Azərbaycanda ikinci ideoloji mərkəzinin açılmasına icazə vermədi.

Heydər Əliyevi 1987-ci ilin noyabrında, Oktyabr inqilabının 70 illiyində istefaya getməyə məcbur etdikdən iki həftə sonra Mixail Qorbaçovun köməkçisi Aqanbekyanın Fransanın “Humanite” qəzetindəki məlum müsahibəsində  “banladı” ki, bəs “Dağlıq Qarabağ Ermənistanın imiş...” və bu müsahibə Ermənistanın Azərbaycana qarşı bütün cəbhə boyu hücuma keçməsinə sanki bir işarə oldu.

1974-cü ilin noyabrında Anton Koçinyan istefaya göndəriləndən xeyli sonra - 1988-ci ildə Qarabağda separatizm baş qaldıranda, “Qarun” (Azərbaycan dilində “Bahar”) jurnalına müsahibə verir. Orada müxbir ona sual verir ki, “8 il Ermənistana rəhbərlik etmisiniz. Bu müddətdə Qarabağ məsələsi heç qaldırılmadımı?” Koçinyan cavab verir: “Niyə qaldırılmadı, qaldırıldı. Hətta 1969-70-ci illərdə bunu həll etməyə yaxın idik. O vaxt bunu reallaşdırmaq daha asan idi. Amma Heydər Əliyevin hakimiyyətə gəlişi və onun Moskvada yüksək hakimiyyət pilləsində nüfuzu bunu həyata keçirməyə imkan vermədi”.

Ermənilər Heydər Əliyevə nifrət edirdilər, amma azərbaycanlılar çəkinmədən ona olan sevgisini göstərirdilər. Məsələn, 1988-ci ildə soydaşlarımız öz ana torpaqlarından deportasiya ediləndə bir neçə dəfə Mığrıya gedərkən gördüm, sadə insanlar öz maşınlarının qabaq şüşəsinə Heydər Əliyevin şəklini vururdular. Bu, böyük risk idi, ermənilər hücum edə bilərdilər, amma onlar çəkinmirdilər, Onunla fəxr edirdilər.

- Ulu Öndər həmin zaman istefaya getməsə idi, bu deportasiyalar, qırğınlar baş verə bilərdimi?

- Ulu Öndər istefaya getməsəydi, bu proseslərin heç biri olmayacaqdı. Onun Siyasi Büroda olması erməniləri çox narahat edirdi. Erməni millətçiliyinin birinci proqramı Heydər Əliyevi siyasi arenadan uzaqlaşdırmaq idi.

Heydər Əliyev Azərbaycanın rəhbəri kimi qalsaydı, o deportasiyalar ola bilməzdi! Ulu Öndərin özü mənə dedi ki, Bakıdan gedəndə Kamran Bağırova üç məsələni ciddi tapşırıb. Əsas məsələ isə Qarabağla bağlı imiş. Sözləri də olduğu kimi yadımdadır: “Əlində aşın da daşsa, həftədə 3-4 saat Qarabağla məşğul ol. Lakin Kamran bu məsələlərin heç birini həll edə bilmədi”.

Ermənilər özləri də yaxşı bilirdilər ki, əgər Heydər Əliyev Azərbaycanda olsaydı, o özbaşınalıqları, repressiyaları edə bilməzdilər.

Mən Xankəndində olanda Bakıda yaşayan erməni yazıçı Levon Adyan mənə dedi: “Heydər Əlirzaoğlu indi burada olsaydı, mikrofon önünə çıxıb bir çıxışla bütün bu mitinqi dağıdardı”. Əslində isə Heydər Əlirzaoğlu Bakıda olsaydı, belə mitinqlər, xəyanətlər baş tutmazdı. 

“Bu gün daha ümidli, daha nikbinəm”

- Bu proseslərin üzərindən üç onillik keçəndən sonra Heydər Əliyevin oğlu cənab Prezident İlham Əliyevin başçılığı ilə torpaqlarımız işğaldan azad edildi. İndi Qarabağlı, Xankəndili Azərbaycanda özünüzü necə hiss edirsiniz?

- Ulu Öndərin rəhbərliyi altında işləyərkən bir məqamın şahidi olmuşdum ki, O, Azərbaycanın ərazi bütövlüyünün bərpa olacağına bütün qəlbi ilə inanırdı, buna heç bir şübhəsi yox idi. İşğal olunmuş rayonların məcburi köçkün düşmüş əhalisi ilə görüşlərdə də o, bu inamını dilə gətirirdi. Sonralar biz bütün qaçqınlarla görüşləri, materialları bir kitab halında nəşr etdik. Həmin kitabın adı belə idi: “Biz öz yurdumuza qayıdacağıq”.

Bunun ən böyük reallığı artıq xeyli vaxtdır yaşanıb, 44 günlük Vətən müharibəsində baş verib. Bu, Azərbaycan tarixinin azı son 300 illik tarixinin ən böyük hadisəsidir. Son 300 ildə tariximizdə bundan böyük hadisə olmayıb. Əksinə, bu tarix boyunca biz yalnız torpaq itirmişik. Nəhayət, indi biz ən möhtəşəm qələbəni, zəfəri yaşadıq. Bu, Heydər Əliyev ideyalarının ən böyük təntənəsidir. Möhtərəm Prezidentin həm ölkə başçısı, həm də Ali Baş Komandan kimi çox dəqiq, ölçülü-biçili, strateji siyasətinin sonluğudur. Buna görə də mən bir vətəndaş olaraq, ziyalı olaraq ona son dərəcə minnətdaram.

Söhbətimizin bu yerində bir məsələni də qeyd etməyə bilmərəm: mən siyasi vəzifələrdə və diplomatik fəaliyyətimdə Müstəqil Dövlətlər Birliyinə daxil olan və bölgənin çox ali rəhbərlərini görmüşəm, dinləmişəm. Bəziləri ilə təmasda olmuşam. Qətiyyətlə bildirirəm: yalnız ölkəmizdə deyil, bu böyük coğrafi məkanda Onun alternativi yoxdur. Ona görə də yaxınlaşan seçkilərdə mütləq qələbəsi şəksizdir!

Qərbi Azərbaycana qayıdış ideyası da çox düzgün ideyadır. Bunun üçün zaman tələb oluna bilər, amma inanıram ki, o da həqiqətə çevriləcək.

- “Zəngəzurda doğuldum, İrəvanda yaşadım, Bakıda öləcəyəm” misraları ilə bir zamanlar ümidsizliyə qapılan şair indi daha ümidli görünür. Elədirmi?

- O şeir Praqada yazılıb. O vaxt mənim təhlillərim göstərirdi ki, bizim torpaqları itirmək təhlükəmiz var. O zaman erməni millətçiliyi imkan vermirdi ki, Bakıda, Gəncədə, başqa şəhərlərimizdə təhsil alan gənclərimiz Qərbi Azərbaycana qayıdıb öz rayonlarında, kəndlərində işləsinlər. Hətta İrəvanda oxuyanlara belə öz kəndlərində şərait yaradılmırdı. Buna görə də Bakıya axın vardı. Bu axın məni son dərəcə narahat edirdi. Ona görə də belə misralar yarandı.

İndi isə ərazi bütövlüyümüzün bərpa olunması mənə çox ümid verib. Bu gün həmin şeiri yazdığım illərdən daha ümidli, daha nikbinəm. Azərbaycan güclənir, dünyada sözünü deyə bilir. Dünyanın ən böyük dövlətlərinin başçıları, qabaqcıl liderləri bizim Prezidentimizin siyasətini dəstəkləyirlər.

- “Gərək kəndimizdən çıxmayaydım heç” peşmanlığınız var. Kəndinizdən çıxmasaydınız, nələr olardı, həyatınız necə yön alardı?

- Bu da həmin qorxunun, narahatlığın növbəti təzahürü idi. Erməni millətçiliyinin absurdluğunun və dəhşətinin bilavasitə şahidi olduğum üçün içimdə o qorxu qalırdı. Çıxmasaydım, necə olardı, bilmirəm.

Şahanə MÜŞFİQ

Paylaş:
Baxılıb: 232 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Saxta üz kremləri...

21 Fevral 11:14

Xəbər lenti

Mənəviyyat bayrağı

21 Fevral 10:44

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29