Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Mübariz Qurbanlı: Azərbaycanın ən böyük güzəşti hərbi əməliyyatlara başlamamasıdır, problemin sülh yolu ilə həllinə çağırışıdır

Mübariz Qurbanlı: Azərbaycanın ən böyük güzəşti hərbi əməliyyatlara başlamamasıdır, problemin sülh yolu ilə həllinə çağırışıdır

13.03.2010 [12:21]

Mübariz Qurbanlı: Azərbaycanın ən böyük güzəşti hərbi əməliyyatlara başlamamasıdır, problemin sülh yolu ilə həllinə çağırışıdır
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar prosesində intensivlik artmaqdadır. Məlum oluğu kimi Azərbaycanın xarici işlər naziri bugünlərdə Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşərək yenilənmiş Madrid prinsiplərini müzakirə edib. Eyni zamanda, ATƏT Parlament Assambleyasının prezidenti Joao Suareş və qurumun Dağlıq Qarabağ problemi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker  bölgədə səfərdədir. Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı ilə söhbətimiz bu haqdadır:
- Son dövrlər Ermənistan-Azərbaycan, Dağılq Qarabağ münaqişəsi ilə bağlı  danışıqlar prosesində intensivliyin artmasını müşahidə etməkdəyik. Bu da təsadüfi deyil. Bütün bunların əsasında Azərbaycan Prezidenti İlham Əliyevin çevik və hücumçu xarakter daşıyan siyasəti dayanır. Prezident İlham Əliyevin bu yaxınlarda status-kvonun dəyişilməsi ilə bağlı söylədiyi fikirlər təbii olaraq münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirməyə borclu olan ATƏT tərəfindən diqqətlə izlənir. Ermənistanın rəhbərləri müxtəlif dəvətlər alaraq ölkələrə gedir və Qarabağ məsələsi ilə bağlı onlara təsirlər göstərilməkdədir. Münaqişənin uzanması əslində regionda maraqları olan dövlətlər üçün də əlverişli deyil. Cənubi Qafqaz bu gün Avropa Birliyinin diqqət mərkəzində olan bölgələrdən biridir. Cənubi Qafqaz Şərqlə Qərb, Şimalla Cənub arasında böyük bir nəqliyyat dəhlizini əhatə edən bölgədir. Avropa Birliyinin Şərqlə ticari-iqtisadi əlaqələrində bizim bölgənin əhəmiyyəti xüsusi qeyd olunmalıdır. Ona görə də, Avropa Birliyinə daxil olan ölkələrin bu münaqişənin həllində, həm siyasi, həm geopolitik, həm də iqtisadi baxımdan maraqlı olduğu özünü büruzə verir.
- ATƏT Parlament Assambleyasının prezidenti və qurumun Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi bölgədə səfərdədir. Sizcə, bu səfər münaqişənin həlli istiqamətində aparılan danışıqlara nə dərəcədə təsir göstərə bilər?
- Münaqişənin uzanması təhlükəli vəziyyət yaradır. Yəni problemin uzanmasının böyük müharibəyə çevrilməsi qorxusu var. Bütün bunlar ATƏT-i hərəkətə gətirib. ATƏT Parlament Assambleyasının prezidentinin və qurumun Dağlıq Qarabağ məsələsi üzrə xüsusi nümayəndəsinin bölgəyə səfəri bu intensiv diplomatiyanın nəticəsidir. Azərbaycan nümayəndələri ATƏT-in bütün tədbirlərində bu məsələni gündəmdə saxlayırlar. Bu səfər ATƏT rəsmiləri tərəfindən bölgədə münaqişəyə dair mövcud vəziyyətin dəqiq öyrənilməsi baxımdan önəmlidir. Xüsusi nümayəndə Qoran Lenmarkerin “Qarabağ problemi tezliklə həll edilməlidir, əks təqdirdə bölgədə bu münaqişənin böyüməsi bölgədə böyük müharibəyə gətirib çıxara bilər” fikri bir xəbərdarlıq rolunu oynayır. Bölgədə sülhün pozulması, müharibənin başlaması ATƏT-in söykəndiyi təməl prinsiplərinə ziddir, bütövlükdə, beynəlxalq aləmdə mövcud olan sülh və təhlükəsizliyin yaradılması istiqamətində atılan addımlara uyğun deyil. Ona görə də, beynəlxalq birlik Ermənistanın işğalçılıq siyasətinə son qoyulması istiqamətində ciddi addımlar atmalıdır.
- ATƏT təmsilçilərinin Yerevana səfəri zamanı xüsusi nümayəndə Q.Lenmarker deyib ki, Ermənistan artıq siyasi iradə nümayiş etdirir və prosesi izləyənlərdə buna ümid yaranır. Onun sözlərindən belə çıxmırmı ki, guya Ermənistan münaqişənin həllinə hazırdır?
- Hesab edirəm ki, cənab Qoran Lenmarkerin fikri o qədər də dəqiq deyil. Hamıya bəllidir ki, danışıqlar prosesində qeyri-konstrukiv mövqeyi Ermənistan tərəfi nümayiş etdirir. Azərbaycan tərəfi bütün səviyyələrdə gedən danışıqlarda   həmişə konstruktivlik nümayiş etdirib, münaqişənin həlli üçün nə lazımdırsa həyata keçirib. Dəfələrlə qeyd edildiyi kimi erməni tərəfi danışıqlarda həmişə bu prosesi pozmağa çalışıb. Danışıqların gedişi ilə əlaqədar bəzi faktları yada salaq. Məgər, Rambuyedə danışıqlar zamanı prosesi yarımçıq qoyaraq ölkəsinə qayıdan Ermənistan prezidenti deyildimi? Məgər, əvvəlcədən əldə olunmuş razılaşmaları təkrarən gündəmə gətirən ermənilər deyildimi? Hamıya bəllidir ki, Ermənistan bu danışıqlarda vassal ölkə olaraq, kənardan tapşırıqları gözləyir və ona görə də danışıqları səmimi aparmır. ATƏT-in Parlament Assambleyasının Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Q.Lenmarkerin belə bir fikir səsləndirməsi obyektivlikdən uzaqdır.
- Xüsusi nümayəndə “Azərbaycan müharibə bəyanatı verməməlidir” bəyanatı ilə də çıxış edib...
- çox qəribə fikirdir. Ərazisinin 20 faizi işğal altında olan, bir milyondan çox qaçqını olan Azərbaycanın torpaqlarını qaytarmaq, ərazi bütövlüyünü bərpa etmək üçün atdığı addımlar hansı beynəlxalq hüquqa ziddir? Məgər, beynəlxalq hüququn norma və prinsipləri işğala məruz qalmış ölkənin öz ərazisini azad etmək hüququnu vermirmi? BMT-nin Nizamnaməsinin 51-ci maddəsi və digər müddəaları təcavüzə məruz qalmış ölkənin öz ərazisini azad etmək hüququnu tanıyıb. Bunu Q.Lenmarker də dəqiq bilir. Azərbaycan tərəfi müharibə bəyanatları yox, öz torpaqlarını azad etmək çağırışı ilə əlaqədar bəyanatlar səsləndirir. Bu bizim haqqımızdır. Əgər bu və ya digər ölkə işğala məruz qalıbsa, öz torpaqlarını azad etmək çağırışını səsləndirirsə, bu müharibəyə çağırış yox, torpaqları azad etməyə çağırışdır. Hesab edirəm ki, Azərbaycanın irəli sürdüyü fikirlər tamamilə hüquqa, məqtiqə söykənir və ölkəmizi bununla bağlı hansısa formada qınamaq tamamilə ədalətsizlikdir. Azərbaycan işğala məruz qalıb, öz torpaqlarını azad etmək istəyir. Sülh yolu ilə aparılan danışıqlarda vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu, başqa beynəlxalq təşkilatlar təcavüzkara təzyiq etmirsə, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün çağırışlar etməməlidir? Təbii ki, etməlidir və bu haqqı da özündə saxlayır.
- Bəs Q.Lenmarkerin “Azərbaycan hərbi büdcəsini azaltmalıdır” fikrinə münasibətiniz necədir?
- Birincisi, Azərbaycanın hərbi büdcəsi beynəlxalq münasibətlər sistemində təsbit olunmuş normala uyğundur. Yəni, ümumi Daxili Məhsulun (üDM) müəyyən həcmi çərçivəsində ölkəmizin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün vəsaitini istifadə etmək hüququ var. Azərbaycan da üDM həcmini nəzərə alaraq müdafiə xərclərinə vəsait ayırıb. Bu vəsait də bu gün Ermənistanın dövlət büdcəsinə yaxınlaşıb. Bu bizim üDM-yə uyğun müəyyənləşdirdiyimiz hərbi büdcədir. Biz Ermənistan hərbi büdcəsinə uyğun olan büdcə müəyyənləşdirməli deyilik ki?! Buna qalsa, ABŞ-ın hərbi büdcəsinin böyük olduğuna görə başqa dövlətlər səs-küy qaldırmalıdır? ABŞ-ın, Rusiyanın, Böyük Britaniyanın hərbi büdcələri öz dövlətlərinin üDM həcminə uyğun formalaşıb. Ermənistanın hərbi büdcəsinin səviyyəsi də onun üDM-nə və gəlirlərinə uyğun qurulub. Lenmarker nəyi nəzərdə tutur? Digər tərəfdən, Azərbaycan təcavüzə məruz qalan ölkədir. Təbii ki, təcavüzə məruz qalan ölkə hərbi büdcəsini azaltmalı deyil. Lenmarker bildirir ki, bütün Avropa ölkələri öz hərbi büdcələrini azaldır. Əvvəla, Avropa dövlətlərində hərdi büdcənin azalma tendensiyası üDM-yə uyğun şəkildə müəyyən edilib və bu tendensiya hər yerdə özünü göstərir. Eyni zamanda, Azərbaycan adi silahlara dair əldə olunmuş razılaşmalara və digər beynəlxalq sənədlərə əməl edir. Əgər bu gün torpaqlarımız erməni işğalından azad olunsaydı və sülh müqaviləsi imzalansaydı, əlbəttə ki, hərbi büdcəmiz indiki səviyyədən aşağı ola bilərdi. Bunu gərək ATƏT-də oturan mütəxəssislər fikirləşsinlər ki, Azərbaycan hərbi büdcəsini niyə azaltmır və nədən azaltmalıdır? Qoran Lenmarkerin Yerevanda söylədiyi fikirlər obyektiv deyil. Düşünürəm ki, bu bəyanatların səsləndirilməsi Azərbaycanın ədalətli mövqeyi ilə üst-üstə düşmür. Biz ədalətli mövqe sərgiləmişik və bu mövqe dünya tərəfindən müdafiə olunmalıdır. Qarabağla bağlı siyasi qərarların qəbul edilməsinin məsuliyyəti Ermənistanın üzərindədir. Azərbaycan üzərinə düşən vəzifələri yerinə yetirib. Azərbaycanın ən böyük güzəşti hərbi əməliyyatlara başlamamasıdır, problemin sülh yolu ilə həllinə çağırışıdır. Əslində, ölkəmizin haqqıdır ki, məsələni hərbi yolla həll etsin. Güzəşt məsələsinə gəlincə, Qərb dövlətləri tərəfindən Ermənistanın təcavüzkar dövlət olmasını söyləməmək, təcavüzkarı öz adı ilə çağırmamaq Ermənistan üçün böyük güzəştlərdir. Ermənistan işğalçıdır və işğalçı yerində oturdulmalıdır. ATƏT PA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi də bu məqamları tam ciddiyyəti ilə nəzərə almalıdır.    
- Mübariz müəllim, sizcə, münaqişənin həlli prosesinə Türkiyə-Ermənistan sərhədlərinin açılması mövzusu nə dərəcədə təsir göstərir?
- Son dövrlərdə danışıqlarda intensivliyin artmasına təsir göstərən daha bir amil uydurma “erməni soyqırımı” məsələsinin ABŞ Konqresində müzakirəyə çıxarılması gedişində Birləşmiş Ştatların özünün siyasi həyatında debatların geniş xarakter almasıdır. ABŞ mətbuatında bu mövzu ətrafında müzakirələr gedərkən, istər-istəməz müzakirələrdə Dağlıq Qarabağ məsələsi də diqqət mərkəzinə gəlir. Həmçinin, ABŞ və Avropa ölkələri Ermənistanın Türkiyə ilə sərhədlərinin açılmasına çalışmaqdadır. Ermənistan-Türkiyə sərhədlərinin açılmasında başlıca maneələrdən biri də Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsidir. Ona görə də, münaqişə həll olunmalıdır. Məsələ ondan ibarətdir ki, hazırda Ermənistanla Türkiyənin sərhədinin açılmasını istəyən qüvvələr bu prosesin qarşısında duran maneələri də dəf etməlidirlər. Bu maneələr Ermənistanın təcavüzkar siyasət həyata keçirirərək Azərbaycanın 17 min kvadrat kilometr ərazisini işğal altında saxlaması, Ermənistanın qondarma “erməni soyqırımı”nı gündəmə gətirərək həmin məsələsini müxtəlif parlamentlərdə və beynəlxalq təşkilatlarda tanıtmaq cəhdləri, Ermənistanın Konstitusiyasında və digər qəbul etdiyi sənədlərdə Türkiyənin torpaqlarına qarşı iddiaların olmasıdır. Bu maneələr aradan qalxmadıqca, təbii ki, Türkiyə sərhədləri açmayacaq. Maneələri aradan qaldırmaq üçün Ermənistana lazımi səviyyədə təzyiq edilməli, təsir göstərilməlidir.
 Nardar BAYRAMLI
Paylaş:
Baxılıb: 1179 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30