Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Mətbuatın "reket qəzetlər"dən təmizlənməsi ictimai sifarişdir

Mətbuatın "reket qəzetlər"dən təmizlənməsi ictimai sifarişdir

30.07.2009 [09:43]

Vüqar Rəhimzadə: ölkəmizin beynəlxalq aləmdə nüfuzunun daha da artması peşəkar jurnalistlərimiz üçün, sözün əsl mənasında, geniş yaradıcılıq imkanları açır
Mətbuat obyektiv, jurnalist müstəqil, peşəkar olmalıdır. ölkədə söz, mətbuat azadlığının inkişafı üçün  demokratik şərait yaradılıb.  Lakin  bəzi qüvvələrin bu imkandan  sui-istifadə etməsi cəmiyyətdə birmənalı qarşılanmır. Buna görə də 2003-cü ildə yaradılan Mətbuat Şurası KİV-lərdə rast gəlinən neqativ halların aradan qaldırılmasına çalışır. Mətbuat Şurasının  qarşısında dayanan əsas məqsədlərdən biri  də jurnalistlərin peşə etikası Kodeksinin tələblərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, “reket jurnalistika”sına qarşı mübarizədir. Mətbuat Şurası fəaliyyətə başladığı gündən  KİV-lərin  saflaşdırılması istiqamətində mühüm addımlar atmış, yüksək nəticələr əldə etmişdir. Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Reket jurnalistika”ya qarşı mübarizə komissiyasının sədri, əməkdar jurnalist Vüqar Rəhimzadə ilə söhbətimiz də məhz bu barədədir.
- “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyası nə məqsədlə yaranıb?
- Azərbaycan Mətbuat Şurasında bu komissiya cəmi bir il əvvəl yaradılıb. Necə deyərlər, Şuranın İdarə Heyəti ölkə jurnalistlərinin V qurultayının qətnaməsindən irəli gələn vəzifəni icra edib. Təklif həm media, həm də ictimaiyyət nümayəndələrinə məxsus olduğundan onun bütövlükdə cəmiyyətin baxış və maraqlarını əks etdirməsinin geniş təhlilini verməyə ehtiyac qalmır. Lakin çoxları güman edir ki, məsələnin reallaşdırılmasında 5 il itirmişik. Bunu ölkə jurnalistlərinin 15 mart 2003-cü ildə keçirilən təsis qurultayı da edə bilərdi. Yəni mahiyyətcə, “reket” nəşrlərin qol-budaq atmasının qarşısı vaxtında alınardı. Bax, burada istərdim ki, məsələnin məntiqi tərəfinə baş vurmaqla “gecikmə” qınağının heç də tam əsaslı olmadığına diqqəti yönəldək.
Müstəqil Azərbaycan Respublikasında bəşəri dəyərlərə söykənən vətəndaş cəmiyyəti quruculuğu başlıca məramdır. Burada dördüncü hakimiyyət sayılan mətbuatın da özünəməxsus yeri, məsuliyyəti var. Mətbuatı cəmiyyətin güzgüsü adlandıran, bu sahədə çalışan qələm sahiblərinə yüksək peşə prinsiplərindən irəli gələn tələblərin layiqli daşıyıcıları olmağı təlqin edən Ulu öndərimiz Heydər Əliyev həmin təməl prinsiplərinin elmi şərhini verməklə kifayətlənməmiş, bunun hüquqi, iqtisadi bazasının yaradılması qayğısına da qalmışdır. Mətbuatın üzərindən senzuranın götürülməsi, beynəlxalq tələblərə cavab verən “Kütləvi informasiya vasitələri haqqında” Qanunun, digər fərman və sərəncamların imzalanması, Mətbuat və İnformasiya Nazirliyinin ləğvi və sair əməli işlər dövlət müstəqilliyimizin memarı olan bu görkəmli şəxsiyyətin müdrik, qətiyyətli, uzaqgörən siyasətinin nümunələridir. Ulu öndər söz və mətbuat azadlığı sahəsində məhdudiyyətlərin aradan qaldırılmasını təmin etməklə cəmiyyətdə qarşılıqlı anlaşmanın, səmimiyyətin dərinləşməsini, insanların öz fikir və mülahizələrini azad, maneəsiz çatdırma imkanlarının genişləndirilməsini başlıca məqsəd saymışdır. Xüsusi diqqəti çəkən yenilik isə mətbuata özünütənzimləmə imkanlarının yaradılması idi. Altı il əvvəl ölkənin müntəzəm yayımlanan, ictimai fikrə təsir göstərən 180 kütləvi informasiya vasitəsi - qəzet, jurnal, informasiya agentliyi, jurnalist təşkilatı bir araya gələrək media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurumu - Azərbaycan Mətbuat Şurasını yaratdı. Qeyd edək ki, təsisçilər sırasında indi adları “reket nəşrlər” sırasında çəkilən bir sıra qəzetlər də var idi. Əslində peşə prinsipləri əsasında fəaliyyət göstərməyi öhdələrinə götürən həmin KİV-lər sağlam mətbu mühitə qayıtmaq imkanı əldə etmişdilər. Nəticə çıxaranları da oldu, əməlinə müvafiq ölçü götürüləni də! Müqayisə üçün deyim ki, ötən müddətdə Şura sıralarına 30-a yaxın KİV qəbul olunsa da, ümumi say təxminən başlanğıc dövründəki qədərdir.
Qaldı komissiyanın yaradılması zərurətinə, bunu Şuranın həmin sahədəki fəaliyyətinin tələblərə cavab verməməsi ilə yox, daha da gücləndirilməsi istəyi ilə bağlamaq gərəkdir. 5 il ərzində həmin işlə əsasən Şura Katibliyi məşğul olub, İdarə Heyətinin üzvləri isə dəstək veriblər. Bölgələrdə araşdırmalar aparılıb, tematik tədbirlər həyata keçirilib, hər il “reket” nəşrlər”in siyahısı açıqlanıb. Nəzərə alsaq ki, KİV-lərimizin sayı 6 il əvvəllə müqayisədə 4-5 dəfə artaraq 4 minə yaxınlaşıb, bunların böyük əksəriyyəti jurnalistika ilə bağlı olmayan məqsədlərin təminatı üçün ortadadır, Mətbuat Şurasına onların hər gün peşə fəaliyyəti ilə bir araya sığmayan hərəkətləri barədə azı 7-8 şikayət daxil olur, bu qədər gərginliyi aradan qaldırmaq üçün belə komissiyanın vacibliyi təsdiqini tapır.
ötən bir ildə bunun effektivliyini faktların dili ilə də söyləmək mümkündür. 3 dəfə “reket nəşrlər”in siyahısı açıqlanıb. Həmin siyahıda 71 qəzet və jurnalın adı yer alıb. Şuranın İdarə Heyətinin 21 iyul 2009-cu il tarixli iclasında yenidən komissiyamızın təqdimatı əsasında müzakirə keçirildi. Beləliklə, növbəti dəfə həmin siyahıya daxil ediləcək nəşrlərin adları müəyyənləşdirildi.
- “Reket jurnalistika” və “reket qəzetlər” nədir və bu ifadələri nə üçün dırnaqda işlədirsiniz?
- Adətən, “reketçilik” anlamı işlədiləndə çoxlarının yadına insanların silah, zor gücünə təzyiqə məruz qalması düşür. Ağır cinayətlərdir və təbii ki, bunun media müstəvisinə gətirilməsi o qədər də arzu edilən deyil. Amma gəlin görək mətbuata xoşagəlməz təmənnalarının təminatı üçün gələn, əslində mediaya aidiyyəti olmayan, peşəkarlığın həndəvərinə yaxınlaşmağa cəsarəti çatmayan bu şəxslərin əməllərinə başqa necə ad vermək olar? Onlar adamlardan pul qoparmaq, hansısa sifarişi icra etmək üçün qanunlarla bir araya sığmayan hansı hərəkətlərə baş vurmurlar?! Şər, böhtan, hədə işə salınır. Nəticədə insanlar mənəvi zərbəyə məruz qalır, kollektivlərdəki ab-havaya, işgüzar mühitə ziyan dəyir... Bütün bunların baiskarları rahatca, maneəsiz KİV-lərini təsis edən, fəqət jurnalistikadan başqa nə işlə desən məşğul olan şəxslərdir. Bu vəsiqəlilər özlərini şəstlə jurnalist adlandırır, daha iddialı görünürlər. Jurnalistika və qəzet ifadələrinin yanında “reket” sözü ona görə dırnaqda işlədilir ki, bu isti, yaxud soyuq silahla qorxudulmaqla yox, sözlə törədilən reketlikdir.
Yeri gəlmişkən haşiyə çıxım ki, “reket jurnalistika”, yaxud “reket qəzet” ifadələrinin Mətbuat Şurasındakı təxəyyülün məhsulu olduğunu güman edənlər yanılırlar. Bizə, adətən, inkişaf etmiş ölkələrin mediasını, model kimi misal çəkirlər. Etiraf edək ki, onlardan öyrənilməli cəhətlər az deyil. Bunu səfərlərdə, görüşlərdə, tədbirlərdə də dəyərləndirmişik. Yada salaq ki, həmin ölkələrdə də media birdən-birə indiki aparıcı mövqeyə sahib olmayıb. Onlar da keçid dövrünü, mətbu məkanın “reket”lərdən təmizlənməsi qayğısını yaşayıblar.
- Belə nəşrlərin meydana çıxmasının səbəbləri nədir?
- Bunu bir neçə cəhətlə bağlayırlar. Bəziləri hesab edir ki, “Kütləvi informasiya vasitələri haqqında” Qanunun həddən artıq liberallığından, KİV təsisinin çox sadələşdirildiyindən irəli gəlir. Bildiyiniz kimi, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət edən hər bir şəxs həftə ərzində razılıq alınmasını gözləmədən öz mətbu nəşrini çıxara bilər. Ona görə də təsisçilərin və baş redaktorların tərkibində istənilən peşə sahibinə, hətta kriminal keçmişə malik şəxslərə rast gəlinir. Onlardan hansı peşə etikasını gözləyəsən?! Sevindirici haldır ki, bu Qanuna əlavə və düzəlişlər edilməsi ilə bağlı təkliflərimiz nəzərə alınmaqdadır. Məsələn, əlavələrin biri ali təhsili olmayan şəxsin baş redaktor işləməsinə yol vermir. çox yaxşıdır, lakin ən ümdə cəhət insanın özünün əxlaqıdır. Onu isə qanunlar deyil, vicdan tənzimləyir.
ölkəmizdə KİV-lərin sayı ilə keyfiyyəti tərs-mütənasibdir. Sözün əsl mənasında, oturuşmuş, iqtisadi cəhətdən güclü mətbuatın yeri görünür. Azərbaycanda mətbuatın inkişafına bilavasitə yardım göstərəcək dövlət qurumu - Azərbaycan Respublikası Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Fondun fəlsəfəsi budur ki, ölkədə müstəqil, iqtisadi cəhətdən güclü media formalaşsın. Bunun sayəsində jurnalistlərin də maddi, sosial problemləri həllini tapsın. Nəticədə jurnalistlərin məhz ehtiyac ucbatından üzdəniraq nəşrlərə üz tutma halları minimuma enəcək, tədricən tamamilə yox olacaq. Onda biz də Avropa ölkələrindəki kimi “reket jurnalistika” anlamını arxivə göndərəcəyik.
- Mətbuat Şurasının “reket qəzet” və “reket jurnalistika” ilə mübarizəyə bu qədər vaxt sərf etməsinə dəyərmi?
- Yenə də bildirmək istəyirəm ki, Mətbuat Şurasının problemləri çoxdur! Onların həlli ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir. Mətbuat Şurasının nəzdində müxtəlif komissiyalar fəaliyyət göstərir. Şikayətlər üzrə Komissiya, mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyası, Hüquq, Dil, Sosial məsələlər, bölgə mətbuatı ilə iş üzrə və digər komissiyalar mövcuddur.
“Reket jurnalistika” isə artıq elə bir səviyyəyə çatıb ki, jurnalistikanın özünü nüfuzdan salır, “jurnalist” adına ləkə gətirir. Təbii ki, qələmi ilə mətbuatda özünü təsdiqləyən, kəsərli yazıları ilə nüfuz qazanan jurnalistlərimiz az deyil. Lakin “jurnalist” adına xələl gətirənlərin çirkin əməlləri sayəsində həmin jurnalistlərə də şübhəli nəzərlərlə baxılır. Digər tərəfdən, ictimaiyyət, “reket nəşrlər”in təsirinə məruz qalan insanlar belə bir mübarizənin aparılmasını bizdən təkidlə tələb edirlər. Bütün bunları nəzərə alaraq Mətbuat Şurasının bu sahəyə xüsusi diqqət yetirməsini, vaxt sərf etməsini düzgün hesab edirəm. İctimai sifarişi nəzərə almaqla, mətbuatın ümumi səviyyəsini yüksəltmək, nüfuzunu artırmaq, oxucu-qəzet münasibətlərini normada saxlamaq məqsədilə bu sahəyə vaxt ayırmağa dəyər.
- Qəzetlər hansı qayda və prinsiplərlə “reket” elan edilir?
- Təkcə qəzetlər deyil, jurnallar barədə də eyni ölçü götürülür. Hələlik informasiya agentlikləri ilə bağlı belə bir praktika yoxdur. Mətbuat Şurasının İdarə Heyəti hansısa nəşrin “qara siyahı”ya daxil edilməsi üçün şikayətlərin və konkret faktların mövcudluğunu əsas götürür. Belə səpkili müraciətlər Mətbuat Şurasının Katibliyinə daxil olduqdan sonra qeydə alınır, araşdırılmaq üçün “Reket” jurnalistikaya qarşı mübarizə komissiyasına təqdim edilir. Araşdırmalar zamanı hər iki tərəf - həm şikayətçi, həm də şikayət olunan qəzetin məsul nümayəndəsi əvvəlcə komissiya iclasındakı, sonra isə İdarə Heyətindəki müzakirəyə dəvət edilir, dinlənilir. Əsas məsələ arqumentlərin yerli-yerində olmasıdır. Yekun qərar vermək isə İdarə Heyətinin səlahiyyətindədir. Bütün qərarlar “reket nəşrlər”in elan olunması ilə bağlı tərəfimizdən hazırlanıb təsdiq edilmiş Təlimatın bəndlərinə uyğun olaraq qəbul edilir. Prosedur açıq səsvermə yolu ilə həyata keçirilir. İdarə Heyətinin son iclasında qərara alınıb ki, dəfələrlə çağırışlara gəlməyən, irad və tövsiyələrə məhəl qoymayan nəşrlər barədə birtərəfli qaydada dinləmələr keçirməklə qərar verilə bilər.
- Bu addımın hüquqi əsası varmı?
- Azərbaycan Mətbuat Şurasının qərarları ictimai qınağa hesablanır. Əgər həmin şəxslərlə bağlı məsələlər hüquqi müstəviyə çıxarılsa, onlarca qəzet, jurnal rəhbəri, vəzifəsindən, peşəsindən sui-istifadə edən “həmkarlarımız” daha ağır cəza alarlar. Bizim müstəvi anlatma, doğru yola dəvət müstəvisidir. çoxları Mətbuat Şurasına onları zərərli vərdişlərdən çəkindirdiyinə, düz yola dəvət etdiyinə görə minnətdarlığını bildirir. “Qara siyahı” əslində belələrinə qara sonluq barədə xəbərdarlıqdır! Bir neçə gün öncə məhkəmə “Kadr və tərəqqi” qəzetinin təsisçisi və baş redaktorunu azadlıqdan məhrum edib. Vaxtilə baş çoban kimi yaxşı təsərrüfatçı sayılanın öz peşəsini dəyişməsi uğurla qurtarmadı. Həqiqətən, düşündürücü faktdır. Jurnalist “reketçiliyi” onu doğma peşəsindən də ayırdı, ailəsindən də!
- Bəs “reket” elan edilən qəzetin sahibi özünün təsis etdiyi başqa qəzetdə eyni əməlini davam etdirəndə necə olur?
- Azərbaycan mətbuatında üzdəniraq işbazlar şəbəkəsi var ki, öhdələrində azı 5-6 qəzet saxlayırlar. Bəziləri xam xəyalla yaşayanları şirnikləndirib pul qoparmaq məqsədilə onlar üçün nəşr təsis edirlər. İldə bir-iki dəfə işıq üzü görən qəzetlər mövcuddur ki, əməkdaşlarının sayı 50-80 arasındadır. “Müasir Naxçıvan”, “Xalq vəkili”, “Müfəttiş” qəzetlərinin adları “qara siyahı”dadır. Təsisçi və baş redaktor eyni dəst-xətti “İrəvan press”ə transfer edib. “Doğma respublika” qəzetinin təsisçisi və baş redaktoru Baloğlan Mirzə “İynə” jurnalında da bu yolu davam etdirdiyi üçün barəsində müvafiq ölçü götürülüb.
Belə nəşrlərin total hücumunun qarşısının alınması üçün “reket nəşrlər”in müəyyənləşdirilməsi üzrə Təlimata edilən yeni dəyişikliyin səmərə verəcəyinə inanıram. İndi siyahıda yalnız nəşrlərin deyil, təsisçi və baş redaktorların da adları yazılacaq, ictimaiyyətə çatdırılacaq. Prosesin gələcəkdə davamı və inkişafı məqsədilə digər addımların da atılacağı istisna deyil.
- Necə bilirsiniz, Mətbuat Şurası bu fəaliyyəti ilə Azərbaycan mətbuatını saflaşdıra və sağlamlaşdıra biləcəkmi?
- Mətbuat və söz azadlığının inkişafı və dərinləşməsi prosesində bütün jurnalitstlərin səyləri birləşdirilməlidir. Azərbaycan cəmiyyətinin, ziyalılarının dəstəyi vacibdir. İlkin mərhələ göstərir ki, atılan addımlar ölkə ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir. ümumən Azərbaycan mətbuatı inkişaf edir. ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən azad mətbuatın inkişafına diqqət və qayğını daha da artırdı. ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişafı naminə atdığı addımların nəticələri və bu kursun Prezident İlham Əliyev tərəfindən uğurlu davamı, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun daha da artması peşəkar jurnalistlərimiz üçün, sözün əsl mənasında, geniş yaradıcılıq imkanları açır. Bu isə o deməkdir ki, mediamızın saflaşması və təmizlənməsi istiqamətində fəaliyyət təkcə Mətbuat Şurasının deyil, ümumilikdə Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Buna görə də səylərimizin müsbət sonluqlarla tamamlanacağına əminəm!

Paylaş:
Baxılıb: 1355 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30