Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanın bölgələri əhəmiyyətli dərəcədə inkişaf edib

Azərbaycanın bölgələri əhəmiyyətli dərəcədə inkişaf edib

26.01.2016 [10:14]

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla icrası bu inkişafda əsas baza rolunu oynayır
Ölkəmizdə bütün sahələrin dinamik inkişafı üçün uğurlu siyasət həyata keçirilir. Son illərdə qlobal miqyasda iqtisadi inkişafın zəifləməsi fonunda Azərbaycan dünyaya dinamik sosial-iqtisadi inkişaf göstəriciləri ilə səciyyələnən fərqli və nümunəvi model təqdim edir. Bütövlükdə, son 12 ildə ölkəmizin iqtisadiyyatı 3 dəfədən çox genişlənib ki, bu da kifayət qədər yaxşı göstəricidir. Azərbaycanın qlobal risklər şəraitində dinamik inkişaf templərini qoruyub saxlaması unikal hadisə olmaqla yanaşı, eyni zamanda, son illərdə ölkəmizdə reallaşdırılan məqsədyönlü siyasətin bəhrəsidir. Respublikamızın müasir dünya çağırışları və ölkənin reallıqları nəzərə alınmaqla müəyyənləşdirilən yeni inkişaf hədəfləri sırasında innovativ sənaye, kənd təsərrüfatı istehsalının artırılması, İKT sektorunun genişləndirilməsi mühüm yer tutur. Hazırda ÜDM-də qeyri-neft sektorunun payı 70 faizə çatıb. Qeyri-neft sektorunun ahəngdar inkişafı 2015-ci ildə də davam edib.
Eyni zamanda, regionların inkişafı Azərbaycanın iqtisadi diversifikasiya siyasətinin ön komponenti olmaqla yanaşı, yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern reformalar, innovativ iqtisadiyyata hazırlıq, kreativ quruculuq və digər sistemli hədəflərin reallaşmasında mühüm dövlət siyasətinin tərkib hissəsini təşkil edir. Regionların inkişafı ilə bağlı 2004-cü ildən başlayaraq həyata keçirilən təsirli və kompleks tədbirlərin icrasının mövcud tendensiyası, qazanılmış misilsiz nailiyyətlər tam əsasla bir real tezisi meydana çıxarır: son 12 ildə Azərbaycan iqtisadi, sosial, siyasi, ictimai, humanitar, elmi-mədəni cəhətdən əsaslı dönüşə və yüksək indikatorlara nail olan, iqtisadiyyatını bir neçə dəfə inkişaf etdirməklə dünya üzrə ən proqressiv meyarlara malik olan tam modernləşən dövlətə çevrilib.
Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” (2004-2008, 2009-2013 və 2014-2018-ci illərə dair) respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının yaxşılaşması, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynayıb. İstehsal müəssisələrinin fəaliyyətinin bərpası və yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, aqrar sektorda intensiv metodlardan istifadə, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə dəstək məqsədilə müxtəlif servis mərkəzlərinin, investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması və digər kompleks tədbirlərin görülməsi nəticəsində regionların sosial-iqtisadi inkişafında dönüş yaranıb. Şübhəsiz, regionların inkişafı bütövlükdə respublikanın ümuminkişaf göstəricilərinə təsir edən mühüm faktordur. Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyev 2003-cü ildə vəzifəsinin icrasına başlayarkən regionların sosial-iqtisadi inkişafını Özünün fəaliyyətinin əsas istiqamətlərindən biri kimi elan etdi. Bu hədəfə çatmaq üçün ötən dövrdə regionların sosial-iqtisadi inkişafına dair 2 çoxşaxəli Dövlət Proqramı uğurla həyata keçirilib və hazırda 3-cü Dövlət Proqramı icra olunmaqdadır. 2004-cü il fevralın 11-də təsdiqlənmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı bölgələri dirçəldən mühüm ilkin konsepsiya adlandırmaq olar. 2004-2008-ci illəri əhatə edən ilk proqramda qarşıya qoyulan hədəflərə vaxtından tez çatmaq mümkün olub.
Regionların inkişafına dair birinci Dövlət Proqramının uğurla həyata keçirilməsinin ardınca 2009-cu il aprelin 14-də “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqləndi. Həmin proqramda qarşıya qoyulan vəzifələr də uğurla yerinə yetirildi. Nəticədə, yerlərdə istehsal və emal potensialı gücləndirildi. 10 il ərzində ümumi daxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru 2,6 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə artdı.
Hazırda isə 2014-2018-ci illəri əhatə edən Dövlət Proqramı icra olunmaqdadır. Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etməklə yanaşı, işsizliyin aradan qaldırılması prosesinə əhəmiyyətli zəmin yaradıb. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul edilən inkişaf proqramlarının əsas hədəflərindən biri regionlarda işsizlik probleminin aradan qaldırılmasıdır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla həyata keçirilməsinin nəticəsi olaraq ötən müddət ərzində respublika ərazisində yüz minlərlə yeni iş yeri yaradılıb. Yaradılan yeni iş yerlərinin mütləq əksəriyyəti daimidir. Belə ki, ötən illər ərzində regionlarda 500-dən çox sənaye müəssisəsi, o cümlədən Sumqayıtda texnologiyalar və tekstil parkları, Naxçıvanda sement, mərmər və avtomobil, Qazaxda sement, Gəncədə alüminium, Goranboyda gips və gips məhsulları, Mingəçevirdə polietilen borular, elektron avadanlıqlar, Sumqayıtda kağız emalı, bitki yağları, günəş panelləri, Masallıda və Abşeronda kərpic, Hacıqabulda seramik plitələr, Gədəbəy və Daşkəsəndə qızıl emalı, Oğuzda qarğıdalı emalı və qlükoza, İmişlidə şəkər, bitki yağları və qarışıq yem zavodları, Masallıda mebel fabriki, yüzlərlə tikinti materialı, mebel, emal, çörək zavodu və digər müasir müəssisələr fəaliyyətə başlayıb. Ötən 12 ildə respublikada açılan yeni iş yerlərinin mütləq əksəriyyəti bölgələrin payına düşüb ki, bu da ölkənin əmək bazarında qeyri-proporsional vəziyyətin radikal şəkildə dəyişməsinə gətirib çıxarıb. Şübhəsiz, regionların sosial-iqtisadi inkişafını əsaslandıran Dövlət proqramlarının ən mühüm tədbirlərindən biri yoxsulluğun azalmasına yönəlib. Yoxsulluğa qarşı mübarizənin vacib şərtlərindən birini bölgələrdə yaşayış şəraitini yaxşılaşdırmaq və çoxlu sayda yeni iş yerləri yaratmaq təşkil edir. Bölgələrdə yeni iş yerlərinin açılması və işsizlik probleminin, demək olar ki, həlli ölkəmizdə yoxsulluğun aradan qaldırılmasına əhəmiyyətli təsir edib. Ötən dövrdə yoxsulluq təqribən 50 faizdən 5 faizə düşüb, işsizlik də 5 faiz təşkil edir. Bu göstəricilərə görə Azərbaycan hətta inkişaf etmiş ölkələri qabaqlayır. Belə ki, bəzi inkişaf etmiş ölkələrdə bu rəqəm 10 faiz, 15 faiz, 25 faiz səviyyəsinə qalxıb.
Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına təkan verən addımlarından biri də sahibkarlara güzəştli kreditlərin ayrılmasıdır. Dövlət başçısının müvafiq göstərişlərindən sonra respublikada sahibkarlığın inkişaf etdirilməsi, sahibkarlara güzəştli kreditlərlə maliyyə dəstəyinin verilməsi, müasir texnologiyalara əsaslanan istehsal və emal sahələrinin inkişafını stimullaşdıran infrastruktur layihələrinin maliyyələşdirilməsi, yüksəkkeyfiyyətli, idxalı əvəz edən, rəqabətədavamlı, ixrac qabiliyyətli məhsullar istehsalının stimullaşdırılması istiqamətində işlər görülüb. Xüsusən bölgələrdə kiçik sahibkarlığın inkişafı iqtisadiyyatın qeyri-neft sahəsində yeni iş yerlərinin açılmasına imkan yaradıb.
Təqdirəlayiq haldır ki, son illərdə respublikamızda qeyri-neft sektoru əsasən sahibkarlığın inkişafı hesabına genişlənib. Prezident İlham Əliyev respublikamızda sahibkarlığın inkişafının prioritet olduğunu bildirib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın bölgələrində və Bakıda sahibkarlığın inkişafı üçün yaxşı imkanlar var: “Gələcək inkişafımızın uğurlu və dayanıqlı davamı üçün sahibkarlığın inkişafı prioritet olaraq qalır. Bu gün özəl sektor inkişaf edir, o cümlədən dövlət dəstəyi hesabına güzəştli kreditlər verilir. Bu kreditlər iqtisadiyyatın real sektoruna verilir. Biz gələcəkdə bu sahədə daha da fəal işlər aparmalıyıq ki, sahibkarlığı maksimum dərəcədə inkişaf etdirək. Sahibkarlara həm siyasi dəstək, həm metodik tövsiyələr, eyni zamanda, əlbəttə, maliyyə resursları verilir ki, onlar iş qursunlar. İndi bölgələrdə əsas infrastruktur layihələri, demək olar, başa çatır, yollar, kommunikasiyalar salınır, elektrik, qaz, su xətləri çəkilir. Ona görə biznesin inkişafı üçün bölgələrdə və Bakıda yaxşı imkanlar var”.
Respublikamızda qeyri-neft sektorunda xüsusi çəkiyə malik özəl bölmənin inkişafı məqsədyönlü şəkildə stimullaşdırılır və geniş təşviq olunur. Ölkədə sahibkarlığın inkişaf etdirilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində sistemli tədbirlər ardıcıl surətdə davam etdirilir, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla daha mütərəqqi normativ-hüquqi baza formalaşdırılır. Sahibkarlıq subyektlərinin elektron qeydiyyatı, xarici ticarət əməliyyatlarının aparılması, daşınmaz əmlaka hüquqların qeydiyyatı sahəsində keçirilən islahatların davamı olaraq tikintiyə icazələrin verilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi, investorların maraqlarının qorunması və müflisləşmə üzrə qanunvericiliyə zəruri dəyişikliklər edilib. Hazırda elektrik təchizatı şəbəkəsinə qoşulma və kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilməkdədir. Ölkədə sahibkarlığın inkişafından söhbət açarkən bu sahə ilə bağlı hüquqi bazanın ardıcıl olaraq təkmilləşdirilməsini xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyevin 2014-cü il martın 3-də imzaladığı “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Fərman özəl bölmənin yeni mərhələsinin hüquqi təminatlarını özündə əks etdirir. Prezidentin imzaladığı bu Fərman ölkəmizdə özəl bölməyə dövlət dəstəyinin ardıcıllığını bir daha təsdiqləyir.
Respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq özəl bölməyə göstərilən dövlət dəstəyi bu sahədə diqqətəlayiq uğurların əldə olunması ilə nəticələnib. Son 12 ildə respublikamızda məşğulluqda və vergi daxilolmalarında özəl bölmənin çəkisi 70 faizi ötüb. Ölkəmizdə sahibkarlıq subyektlərinin sayı 2004-cü illə müqayisədə 2,5 dəfə artaraq 386 minə çatıb. Özəl bölmədə inkişaf tendensiyası 2015-ci ildə də davam edib. Özəl sektora maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ötən il ərzində 5243 sahibkara 248,5 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər hesabına 9900-dək yeni iş yerinin yaradılması nəzərdə tutulub. Kreditlərin 47 faizi büdcə, 53 faizi isə qaytarılmış vəsaitlər hesabına verilib. Ayrılan kreditlərin 64 faizi regionların, 36 faizi Bakı şəhərinin qəsəbələrinin payına düşür.
Ölkədə sahibkarlığın dəstəklənməsinin güclü potensiala malik aqrar sektorun və bütövlükdə regionların inkişafında mühüm rol oynadığını ayrıca qeyd etmək lazımdır. Regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramının icrasının birinci ilində bölgələrdə sahibkarlıq subyektlərinin sayının artması nəticəsində regionlardan vergi daxilolmaları əvvəlki ilə nisbətən 9,8 faiz artıb, xərclərini yerli gəlirlər hesabına maliyyələşdirən şəhər və rayonların sayı 6-ya çatıb. Ölkəmizdə yaradılan aqrar-sənaye müəssisələri uğurla fəaliyyət göstərir. Respublikamızda indiyədək dövlətin ayırdığı güzəştli kreditlər hesabına 13 quşçuluq fabriki, 2 heyvandarlıq kompleksi, 12 soyuducu və taxıl anbarı, 8 istixana kompleksi, 3 ət emalı, 2 konserv, 7 çörək zavodu tikilib istifadəyə verilib. İri fermer təsərrüfatlarının yaradılması ilə ölkəmizdə kənd təsərrüfatının yeni effektiv sistemi formalaşır. İndiyədək respublikamızda 30 iri fermer təsərrüfatı yaradılıb. Təsərrüfatlarda müasir texnologiyanın tətbiqi nəticəsində torpağın münbitliyinin artırılmasına, suvarma suyuna qənaət olunmasına, torpağın şoranlaşması və eroziyaya uğraması proseslərinin qarşısının alınmasına və ən əsası, orta məhsuldarlığın ən azı iki dəfə artırılmasına şərait yaradılıb.
Ölkəmizdə özəl bölmənin inkişafından söhbət açarkən bu sahədə daha böyük uğurların əldə olunmasına maneçilik törədən bir sıra amilləri də xüsusi qeyd etmək lazımdır. Açıq demək lazımdır ki, bu və ya digər neqativ hallar özəl bölmənin bütün potensialından səmərəli istifadə olunmasına imkan vermir. Məsələn, sahibkarlıq subyektlərində yoxlamaların sayı kifayət qədər çox idi.
İndiki mərhələdə ölkədə ayrı-ayrı fəaliyyət növlərinə tətbiq edilən xüsusi icazələrin - lisenziyaların sayının həddindən artıq çox olması da milli iqtisadiyyatımızın, o cümlədən də özəl sektorun inkişafına müəyyən maneçilik törədirdi. Ayrı-ayrı dövlət qurumlarının bəzi hallarda öz maraqlarını önə çəkmələri respublikamızda lisenziyaların sayının əsassız yerə artması ilə nəticələnib. Açıq etiraf edilməlidir ki, bir sıra hallarda bu lisenziyaların arxasında da maddi maraq, sahibkarlardan pul tələbi dayanır. Halbuki lisenziyalar qanunsuz varlanma metodu olmamalıdır. Ölkədə bu və ya digər fəaliyyət növünün lisenziyalaşdırılması sahəsində qayda-qanun yaradılmalıdır.
Bütün bunlar nəzərə alınaraq, Prezident İlham Əliyev tərəfindən 2015-ci il 19 oktyabr tarixində “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” Fərman imzalanıb. Həmin Fərmanla respublikamızda sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan bütün növləri üzrə (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) lisenziya verilməsi İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edilib. Qeyd edək ki, dövlət başçısının bu Fərmanı sahibkarlar tərəfindən rəğbətlə qarşılanıb.
Məsələ ilə bağlı iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, Prezident İlham Əliyev tərəfindən sahibkarlığın inkişafı və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində növbəti addımlar atılıb. Ümumiyyətlə, Azərbaycan Prezidenti sahibkarlığın inkişafına böyük diqqətlə yanaşır. “Oktyabrın 19-da Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə növbəti qərarlar qəbul edilib. Bunlardan birincisi sahibkarlıq subyektlərində aparılan yoxlamalarla bağlı qəbul olunan qərardır. Noyabrın 1-dən sonra iki il müddətinə sahibkarlıq subyektlərində yoxlamalar dayandırılıb. İkincisi isə xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərmandır. Bu Fərmana uyğun olaraq bütün xüsusi lisenziyalar İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” vasitəsilə veriləcək. Dövlət başçısı tərəfindən göstəriş verilib ki, bir ay ərzində bu lisenziyaların verilməsi qaydaları sadələşdirilsin. Beləliklə, həm lisenziyaların sayı kəskin şəkildə azalacaq, həm də verilmə prosedurları əhəmiyyətli dərəcədə sadələşəcək”.
Azərbaycanda hər bir sahədə müşahidə edilən yüksək inkişaf tendensiyası nəqliyyat sektorunda da nəzərə çarpmaqdadır. Təsadüfi deyil ki, nəqliyyat infrastrukturunun şaxələndirilməsi və inkişafı istiqamətində ardıcıl və yüksək göstəricilərə əsaslanan uğurlu addımlar atılmaqdadır. Belə ki, atılan bu addımlarla mövcud zəngin potensialdan səmərəli şəkildə istifadə edilərək yol infrastrukturunun və bununla yanaşı sahələrin inkişafı istiqamətində uğurlu nəticələr əldə edilir. Bununla da nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi istiqamətində qarşıda duran bütün vəzifələr uğurla reallaşdırılır. Bu isə onu deməyə əsas verir ki, bu sahə davamlı iqtisadi inkişafın başlıca strateji istiqamətlərindən və göstəricilərindən birini təşkil etməkdədir. Ölkəmizdə aparılan abadlıq və yenidənqurma işləri, eləcə də nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi sosial, iqtisadi, mədəni, ekoloji və digər sahələr baxımından mühüm əhəmiyyət kəsb etməkdədir. Belə ki, nəqliyyat sisteminin təkmilləşdirilməsi və bu yöndə aparılan abadlıq-quruculuq işlərinin daha da intensivləşdirilməsi vətəndaşlara daha təhlükəsiz, iqtisadi cəhətdən əlverişli və rahat nəqliyyat əlaqəsi yaratmağa imkan verir.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarına uyğun olaraq bütün ölkə boyu yaradılan müasir infrastruktur sayəsində son illərdə Azərbaycanın tranzit imkanları əhəmiyyətli dərəcədə artıb və respublikamız bütövlükdə regionun nəqliyyat mərkəzinə çevrilməkdədir. Son 12 ildə Azərbaycanda yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı statistika kifayət qədər zəngindir. Dövlət proqramlarında dəmir yolu, hava, su nəqliyyatı və avtomobil yolları ilə bağlı 64 tədbir nəzərdə tutulub. Artıq nəzərdə tutulan layihələrin bir çoxu yüksək səviyyədə tamamlanıb. Belə ki, ilk 2 Dövlət Proqramının həyata keçirildiyi 2004-2013-cü illərdə respublikada yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yolların uzunluğu 9 min kilometri ötüb, bu müddətdə 250 yeni körpü, tunel və yol ötürücüsü inşa edilib. Haqqında bəhs olunan dövrdə Azərbaycanın bölgələrində 6 aeroport tikilib ki, onlardan da 4-ü beynəlxalq səviyyəlidir. Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi isə 2014-cü ildə istifadəyə verilib. Bütün bunların nəticəsidir ki, indi respublikanın bölgələrindən də beynəlxalq uçuşlar həyata keçirilir və bu amil Azərbaycanın regionlarının inkişafına əlavə impuls verir.
Nəticə etibarilə, ölkəmizin ümumi iqtisadi, sosial inkişafını şərtləndirən əsas amillər arasında mütləq şəkildə regionların inkişafını nəzərdə tutan konkret proqram və layihələrin rolu əvəzsizdir. Bunun nəticəsidir ki, ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafına, bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsinə nail olunub. Hazırda Azərbaycanın bütün rayonlarında böyük infrastruktur layihələri həyata keçirilir, iqtisadiyyatın yeni sektorlarına fəal qaydada sərmayə yatırılır. Prezident İlham Əliyev bildirib ki, bu gün Azərbaycan gələcəyə çox böyük ümidlərlə, nikbinliklə baxır: “Birinci beşillik proqram, demək olar ki, regionlarda böyük dönüş yarada bilmişdir. Ondan sonra ikinci proqram qəbul edildi. 2009-2013-cü illəri əhatə edən proqram başa çatdı. Deyə bilərəm ki, regionların inkişafında, ümumiyyətlə, Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində bu proqramların çox böyük rolu olmuşdur. Azərbaycanda aparılan islahatlar, düşünülmüş siyasət ölkəmizin hərtərəfli inkişafına təkan verdi”.
Birinci və ikinci Dövlət proqramlarında nəzərdə tutulan məqsədlərin yerinə yetirilməsi, xüsusilə də rayonlardakı mövcud sosial infrastrukturların və kommunal xidmət sektorlarının tam yenidən qurulması qarşıdakı illər üçün başqa hədəflər üzrə tədbirlərə yol açdı, sürətlə inkişaf edən Azərbaycanın qarşısında yeni proqressiv meyillərə uyğun sosial-iqtisadi vəzifələr yaratdı. Yəni regionlarda elektrik enerjisi, qaz, su, kanalizasiya, yol və digər sosial infrastrukturların yaradılması başa çatdırıldıqdan sonra əsas məqsədlər birbaşa rayonların iqtisadi potensialının səfərbər edilərək tam hərəkətə gətirilməsinə yönəldilib. 2014-2018-ci illərə dair növbəti regional inkişaf proqramının uğurla icra olunması bu reallığı təsdiqləyir. Bu gün bölgələrin hər bir guşəsində quruculuq işlərinin aparılması, yeni yolların çəkilməsi, su və kanalizasiya xətlərinin dəyişdirilməsi, qazlaşdırmanın aparılması, məktəb, xəstəxana və digər sosial obyektlərin istifadəyə verilməsi hazırkı müasir inkişaf mərhələsinin reallıqlarıdır. Onu da nəzərə almaq lazımdır ki, qarşıdakı illərdə yeni dövrün tələbləri başqa cür olacaq. Azərbaycan inkişaf etdikcə ölkə qarşısında yeni proqressiv meyillərə uyğun sosial-iqtisadi məsələlər meydana çıxmaqdadır. Dövlət bütün bu tədbirləri də perspektiv inkişaf planında nəzərə alacaq, gələcəkdə yeni layihələrin hazırlanaraq həyata keçirilməsi istiqamətində müvafiq addımlar atılacaq.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 1184 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30