Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanın regionlarında genişmiqyaslı mədəni-kütləvi tədbirlər keçirilir

Azərbaycanın regionlarında genişmiqyaslı mədəni-kütləvi tədbirlər keçirilir

05.11.2015 [10:18]

Bu isə bölgələrin özünəməxsusluğunun qorunmasına, insanların el-obalarına daha möhkəm bağlanmalarına, böyüməkdə olan nəslin vətənpərvərlik və milli qürur hissinin güclənməsinə səbəb olur
Azərbaycanın dinamik sosial-iqtisadi inkişaf göstəricilərinə nail olması ilə paralel surətdə, bütün ölkəboyu mədəni həyatın canlanması da təqdirəlayiq haldır. Məlumdur ki, hazırda bütün dünyada gedən sürətli qloballaşma prosesi milli mədəniyyətlərin kənar təsirlərdən qorunması zərurətini bütün ciddiliyi ilə gündəmə gətirib. Əlamətdar haldır ki, belə bir şəraitdə Azərbaycan dövləti xalqımızın qədim tarixinin, zəngin mədəniyyətinin, güclü milli ənənələrinin qorunub yaşaması, nəsildən-nəslə ötürülməsi üçün böyük qayğı və qətiyyətli siyasi iradə nümayiş etdirir. Son illərdə ölkəmizin müxtəlif bölgələrində çoxlu sayda tarixi-mədəni-dini abidələrimiz əsaslı şəkildə bərpa olunub, arxeoloji qazıntılar nəticəsində aşkarlanan qədim yaşayış məskənlərimiz elmi cəhətdən araşdırılaraq öyrənilib. Eyni zamanda, yerlərdə əhali, ələlxüsus da gənclər arasında milli mənlik hissinin gücləndirilməsinə xidmət göstərən müxtəlif mədəni-kütləvi tədbirlər həyata keçirilir, kitabxanaların, tarix-diyarşünaslıq muzeylərinin, teatrların fəaliyyəti genişləndirilir. Bütün bunlar isə son nəticədə bir tərəfdən Azərbaycanın sıx vəhdət təşkil etdiyi qədər də bir-birindən fərqlənən bölgələrinin özünəməxsusluğunun qorunmasına, digər tərəfdən isə insanların öz el-obalarına daha möhkəm bağlanmalarına, böyüməkdə olan nəslin vətənpərvərlik və milli qürur hissinin güclənməsinə səbəb olur. Təsadüfi deyil ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində qloballaşma şəraitində tariximizin, mədəniyyətimizin qorunmasının ölkəmizin davamlı, uzunmüddətli inkişafının təmin olunmasında əhəmiyyətinə çəkib. Azərbaycanı müasir, inkişaf edən, ancaq öz köklərinə sıx bağlı olan dövlət və cəmiyyət kimi səciyyələndirən Prezident İlham Əliyev vurğulayıb: “Biz bu illər ərzində bütün əsas tarixi, mədəni, dini abidələrimizi əsaslı şəkildə bərpa etmişik və yenilərini tikmişik. Teatrlar, muzeylər - bu sahəyə də nəinki Bakıda, hər bir yerdə, bütün bölgələrdə böyük diqqət göstərilir. Çünki bu, bizim tariximizdir, mədəniyyətimizdir. Biz bunu gələcək nəsillər üçün qorumalıyıq ki, Azərbaycanın davamlı, uzunmüddətli inkişafı təmin edilsin. Biz öz köklərimizə həmişə bağlı olmalıyıq və gənc nəsil də bu ruhda tərbiyə almalıdır”.
Prezident İlham Əliyev mərkəzi icra hakimiyyəti orqanlarına regionlarda əhali ilə sıx ünsiyyət qurmalarına və yerlərdə müntəzəm görüşlər keçirmələrinə dair tapşırıqlar verdikdən sonra daha regionlarda meydana çıxan bu və ya digər problemlərin, o cümlədən də mədəni həyatla bağlı məsələlərin həllinə nail omaq üçün sakinlərin uzun yol qət edərək paytaxta gəlmələrinə heç bir lüzum yoxdur. Dövlət başçısının tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda əhalinin qəbulu keçirilir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü bu günlərdə Ağsu şəhərində baş tutub. Mədəniyyət və turizm naziri rayon Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzində Ağsu, İsmayıllı, Qəbələ, Qobustan və Şamaxı rayonlarından olan vətəndaşları qəbul edib.
Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda səslənən müraciətlər yerlərdə mədəniyyət ocaqlarının fəaliyyəti, ixtisaslı kadrlarla təminat, tarixi-mədəni abidələrin, qədim tikililərin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı olub.
Şamaxıdan qəbula yazılan vətəndaşlar rayon ərazisində kompleks şəklində arxeoloji qazıntı işlərinin aparılması, bölgədə turizmin müxtəlif növləri üzrə bələdçilik xidməti göstərən şəxslər üçün təlimlərin keçirilməsi ilə bağlı müraciətlər ediblər.
Qəbələ sakinlərinin müraciətləri mədəniyyət müəssisələri və klubların tarixi və əlamətdar günlərə aid metodiki vəsaitlərlə təminatı, ölkəmizin görkəmli ədibləri, sənət adamları ilə görüşlərin təşkili, rəsm qalereyasında tanınmış fırça ustaları tərəfindən ustad dərslərinin, incəsənət məktəbində Bakı məktəblərinin təcrübəli müəllimlərinin açıq dərslərinin təşkili, eləcə də Vəndam və Nic qəsəbələrində incəsənət məktəbinin filiallarının yaradılması barədə olub.
İsmayıllı sakinləri mədəniyyət işçilərinə fəxri adların verilməsi, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin uşaq şöbəsində regional mərkəzin yaradılması, uşaq incəsənət məktəbi binasının inşası ilə bağlı xahişlərini diqqətə çatdırıblar.
Ağsu sakinlərinin müraciətində rayondakı Tarix-Diyarşünaslıq Muzeyinin ekspozisiyasının yenidən qurulması, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitabxana fondlarının yeni nəşrlərlə təminatı, uşaq musiqi məktəbində ixtisaslı kadrların çatışmazlığı, nəzəriyyə dərslərinin keyfiyyətinin artırılması məsələləri səsləndirilib.
“Paytaxtdan bölgələrə” layihəsinə start verilib
Ölkənin regionlarında mədəni həyatın daha rəngarəng təşkili, həmçinin gənclər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi məqsədilə müxtəlif layihələr, proqramlar reallaşdırılır. Mədəniyyət və Turizm Nazirliyi bu günlərdə “Paytaxtdan bölgələrə” adlı yeni layihənin icrasına start verib. Layihənin əsas məqsədi bölgələrdə yaşayan insanları müasir mədəni proseslərə cəlb etmək, bölgələrdə paytaxtın aparıcı muzey və qalereyalarında qorunub saxlanılan sənət incilərinin nümayişini, görkəmli sənətkarların və kollektivlərin çıxışlarını təşkil etməkdir.
Layihə çərçivəsində ilk tədbir oktyabrın 29-da “Azərbaycanın ədəbiyyat paytaxtı” elan edilmiş Şamaxı şəhərində keçirilib. Rayon mədəniyyət sarayında “Milli İncəsənət Muzeyinin kolleksiyasından Azərbaycanın ədəbiyyat korifeyləri” adlı sərgi təqdim olunub.
Tədbiri açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd edib ki, son illər bölgələrimizin mədəni mühitini yeni ideyalarla canlandırmaq üçün çoxsaylı respublika, beynəlxalq səviyyəli festivallar keçirilir, ayrı-ayrı şəhər və rayonlar müxtəlif meyarlara görə mədəniyyət paytaxtları seçilir. Artıq bir neçə aydır ki, Bakı şəhərində Mədəniyyət və Turizm Nazirliyinin “Bölgələrdən paytaxta” layihəsi həyata keçirilir. Yeni layihə isə paytaxtımızdakı mədəniyyət və incəsənət irsini bölgələrdə təqdim etmək məqsədi daşıyır.
Sərginin əhəmiyyətinə toxunan nazir “Paytaxtdan bölgələrə” layihəsinin də davamlı olaraq ölkəmizin müxtəlif regionlarında keçiriləcəyini vurğulayıb.
Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, AMEA-nın Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli çıxış edərək tədbirin əhəmiyyətini yüksək qiymətləndiriblər. Belə sərginin böyük ədiblər yetişdirmiş Şamaxı şəhərində keçirilməsinin təqdirəlayiq olduğu vurğulanıb.
Sonra iştirakçılar sərgi ilə tanış olublar. Sərgidə görkəmli rəssamlar Səttar Bəhlulzadə, Tahir Salahov, Mikayıl Abdullayev, Oqtay Sadıqzadə, Qəzənfər Xalıqov və Sadıq Şərifzadə tərəfindən fırçaya alınmış xalqımızın dahi şair və yazıçılarının portretləri nümayiş etdirilib.
Respublikanın bölgələrində kitabxanaların inkişaf etdirilməsi dövlətimizin mədəniyyət siyasətinin mühüm istiqamətlərindən biridir
Cari il oktyabrın son ongünlüyündə Gəncədəki Məhsəti Gəncəvi Mərkəzində Gəncə-Qazax zonası üzrə fəaliyyət göstərən kitabxana işçiləri üçün keçirilən müşavirədə bu sahədə olan mövcud vəziyyət ətraflı müzakirə edilib.
Gəncə, Mingəçevir, Naftalan, Yevlax şəhərləri, Qazax, Ağstafa, Goranboy, Daşkəsən, Gədəbəy, Göygöl, Kəlbəcər, Samux, Şəmkir və Tovuz rayonları kitabxanaçılarının iştirakı ilə keçirilən müşavirədə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası nəticəsində bölgələrdə çoxlu sayda yeni muzeylərin, musiqi məktəblərinin, mədəniyyət mərkəzlərinin və kitabxanaların istifadəyə verildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, kitabxanaların inkişaf etdirilməsi dövlətimizin mədəniyyət siyasətinin mühüm istiqamətlərindən biridir. Bununla bağlı müvafiq layihələr həyata keçirilir. Lakin təəssüflər olsun ki, hələ də yerlərdə kitabxanaların işinin müasir tələblər səviyyəsində qurulmasında çatışmazlıq və problemlər qalmaqdadır. Elektron informasiya vasitələrinin inkişaf etdiyi bir dövrdə kitabxanalara gələnlərin sayı azalır ki, bu da təkcə Azərbaycan kitabxanalarının deyil, ümumilikdə dünya kitabxanalarının üzləşdiyi problemdir. Bu problemin həlli məqsədilə mərkəzləşdirilmiş kitabxana sistemlərinin vahid elektron şəbəkədə birləşdirilməsi və rahat internetə çıxışı üçün müvafiq proqram həyata keçirilir. Bu gün qloballaşan dünyada informasiya vasitələrinin inkişafı, məlumatların daha sürətlə yayılması ilə bağlı elektron kitabxana sistemləri formalaşır. Ölkəmizdə də bu proses uğurla gedir.
Sonra Mədəniyyət və Turizm Nazirliyi kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin kitabxana sektorunun müdiri Lətifə Məmmədova çıxış edərək Gəncə-Qazax zonasında yerləşən 14 şəhər və rayonun mərkəzləşdirilmiş kitabxana sistemlərində görülən işlər, qarşıda duran vəzifələrlə bağlı ətraflı məlumat verib. O, slayd vasitəsilə mövcud vəziyyəti əyani surətdə təqdim edərək bir sıra çatışmazlıqlardan da danışıb.
Kitabxanalar inventar və texniki avadanlıqla zənginləşdirilir
Yeri gəlmişkən, bölgələrdə fəaliyyət göstərən kitabxanaların yeni ədəbiyyatla zənginləşdirilməsinə xüsusi diqqət yetirilir. Bu baxımdan Qəbələ rayonunun kitabxanaları da istisna deyil. Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamına əsasən hər il müxtəlif mənbələrdən rayonun kitabxanalarına yüzlərlə yeni kitab hədiyyə edilir.
Qəbələ rayon Mərkəzi Kitabxanasının direktoru Ramiz Mirzəyev bildirib ki, hazırda rayonun mərkəzi kitabxana sisteminin ümumi fondunda 145 mindən çox ədəbiyyat var. Həmin kitablar elmin müxtəlif sahələrini və bədii ədəbiyyatı əhatə edir. R.Mirzəyev deyib: “Çalışırıq ki, oxuculara xidmət daha da yaxşılaşdırılsın. Bunun üçün kitabxanamız inventar və texniki avadanlıqla zənginləşdirilib. Hazırda kitabxanamız “İRBİS 64” proqramı ilə işləyir. Bu proqram vasitəsilə kitabxanamızda olan bütün növ ədəbiyyatın elektron kataloqlaşdırılması həyata keçirilir. Bundan başqa, proqramda oxucuların qeydə alınması, qəzet məqalələrinin kortatekası, retro kataloq, diyarşünaslıq, uşaq ədəbiyyatı, CD disklər və başqa bazalar yaradılıb. Bu bazalar üzrə bütün növ elektron resursun həcmi 100 mindən yuxarıdır”.
Həmçinin Qəbələ Mərkəzi Kitabxana Sistemi və internetlə təmin olunan avtomatlaşdırılmış kitabxana-informasiya sistemi də yaradılıb. Mərkəzi Kitabxanaya kompüterlər gətirilib, yeni veb-sayt istifadəyə verilib. Hazırda rayonun kitabxanaları 18 mindən çox oxucuya xidmət göstərir.
Şəkili sənətkarlar daim yeniliyə can atırlar
Şəkini təkəlduz sənətinin vətəni adlandırırlar. Burada bu qədim el sənətini yaşadan onlarla sənətkar fəaliyyət göstərir. Sevindirici haldır ki, son illər gənclərdə də dekorativ sənətin bu zərif növünə maraq artmaqdadır. Belə sənətkarlardan biri də gənc təkəlduz ustası Vəfa Mustafayevadır. Gənc təkəlduz ustası Vəfa Mustafayevanın emalatxanası Şəki şəhərindəki “Sənətkarlar evi”ndə yerləşir. V.Mustafayeva kukla sənətinin incəlikləri, onu bu sənətə bağlayan tellər barədə danışaraq bildirib ki, 12 ildir təkəlduz sənəti ilə məşğuldur. O, atası Natiq müəllimdən təkəlduz sənətinin ilk vərdişlərinə yiyələnib, bacısı Ayseldən isə sənətin incəliklərini, texnikasını öyrənib.
Gənc olmasına baxmayaraq, əl işləri ilə çoxlarını heyran edən Vəfa deyir ki, sənətkar yerində saymamalı, daim yeniliyə can atmalı, inkişaf etməlidir. Məhz bu yenilik həvəsi Vəfanı və bacısı Ayseli yaradıcılıqlarını daha da genişləndirməyə ruhlandırıb. Onda bu sənətə marağın necə yarandığını soruşduqda isə gənc təkəlduz ustası belə cavab verib: “Televiziya ekranlarından, həmçinin internet vasitəsi ilə ölkəmizdə yeni sənətkarlar nəslinin formalaşdığını diqqətlə izləyirdim. Bu sənətkarlar tullantı materiallarından çox gözəl, maraq doğuracaq əsərlər, əl işləri hazırlayırlar. Bacımla qərara gəldik ki, biz də tullantı materiallarından nəsə hazırlayaq, yenilik edək. Beləliklə, kuklalar hazırlamağa başladıq. Tanınmış kukla sənətkarları Elmira Abbaslının, Tamilla Qurbanovanın yaradıcılıqları ilə maraqlandıq. İstəyirdik ki, yeni üslubda işləyək, başqalarını təkrarlamayaq. Beləliklə, bu işə həvəslə girişdik. Evdə qarderobumuza aid köhnə nə var idisə, yəni corab, pambıq, parça və digər materiallar, onlardan müxtəlif formalı kuklalar hazırladıq. İlk işlərimiz qısa müddətdə satıldı. Bu, bizi daha da ruhlandırdı”.
V.Mustafayevanın dediyinə görə, kukla sənəti o qədər də asan peşə deyil. Gərək rəssamlığı, heykəltəraşlığı, dizaynerliyi biləsən. Yaratdığın kuklanı canlandırmağı, ona sifət cizgiləri, mimika, xarakter verməyi bacarasan.
Təkəlduz sənətinin çox çətin bir peşə olduğunu vurğulayan Vəfa Mustafayeva qeyd edir ki, kiçikhəcmli işləri 3-4 günə, bir həftəyə hazırlamaq olur. Turistlərin marağını nəzərə alaraq xırda işlər, məsələn, araxçın, telefon qabı, əl çantaları da hazırlayır. Böyük ölçülü əl işləri isə 5-6 aya ərsəyə gəlir. “Xalça”, “Xanım ceyranla birlikdə” əsərlərimi 5 aya hazırlamışam. Qiymətlər əsərlərin ölçülərinə görə 10 manatdan 1000-1500 manatadək dəyişir. Tanrıya şükürlər olsun, qazancımız pis deyil. Əgər gündəlik çörək pulunu çıxara bilirsənsə, deməli, sənətkarsan”, - deyə Vəfa Mustafayeva əlavə edib.
Qazandığı uğurlar barədə danışan Vəfa Mustafayeva deyir: “Bu il Fransanın paytaxtı Parisin milyonlarla ziyarətçisi olan Luvr muzeyinin qarşısındakı meydanda Heydər Əliyev Fondunun təşkil etdiyi “Azərbaycan şəhərciyi” çərçivəsində keçirilən sərgidə iştirakımı həyatımın ən xoşbəxt anı hesab edirəm. Mənimlə bu sərgidə şəkili həmkarlarım - tanınmış şəbəkə ustası Hüseyn Hacımustafazədə və kəlağayı ustası Əmiraslan Şamilov da iştirak edirdi. Açılışında Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın iştirak etdiyi bu sərgiyə çox böyük maraq var idi. Cavan da, yaşlı da həvəslə gəlib sərgiyə baxır, sənətkarların əl işləri ilə, o cümlədən təkəlduz sənətinin incəlikləri, toxuduğum işlərin texnikası ilə maraqlanırdılar. Sərgidə həm də hazırladığım kuklalar da nümayiş olunurdu”.
Naxçıvanda milli dəyərlərin qorunmasına və təbliğinə böyük önəm verilir
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il fevralın 7-də imzaladığı sərəncama uyğun olaraq muxtar respublikada xalq yaradıcılığının yaşadılması, milli dəyərlərin qorunması, təbliği və gələcək nəsillərə çatdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Bu çərçivədə muxtar respublikanın rayonlarında “Xalq yaradıcılığı günləri” keçirilir.
Muxtar respublikanın Kəngərli rayonunun Qarabağlar, Şərur rayonunun Axura, Babək rayonunun Aşağı Buzqov və Şahbuz rayonunun Aşağı Qışlaq kəndlərində keçirilən “Xalq yaradıcılığı günləri”ndə hər bölgənin özünəməxsus xalq yaradıcılığı nümunələri, milli dəyərlər sistemi nümayiş olunub.
Muxtar respublikada mədəniyyət və incəsənət xadimlərinin yubileylərinin qeyd olunması ənənə halını alıb. Milli musiqi mədəniyyətimizin inkişafında böyük xidmətlər göstərən bəstəkarların, musiqişünasların, ifaçıların xatirəsinə hər zaman yüksək qiymət verilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Vasif Adıgözəlovun 80 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında 2015-ci il 18 fevral tarixli sərəncamına əsasən görkəmli bəstəkarın yubileyi muxtar respublikada geniş qeyd olunur. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında muxtar respublikanın mədəniyyət müəssisələri kollektivlərinin, həmçinin ali və orta ixtisas təhsili müəssisələrində müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrin iştirakı ilə Vasif Adıgözəlovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib, bəstəkarın yaradıcılıq yoluna nəzər salınıb, Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivlərinin ifasında yubilyarın əsərlərindən ibarət nömrələr səsləndirilib. Eyni zamanda, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Əziz Şərifin 120 illik yubileyi ilə bağlı Şərur və Culfa rayon mərkəzləşdirilmiş kitabxana sistemlərində və onların filiallarında oxucu konfransları təşkil edilib.
Muzeylər tariximizin, maddi-mədəni irsimizin saxlanc yeridir. İnsanların muzeylərə cəlbi, onlara qədim tariximiz, mədəniyyətimiz, milli dəyərlərimiz, ədəbiyyatımız, görkəmli şəxsiyyətlərimiz haqqında dolğun məlumat verilməsi qarşıda duran başlıca vəzifələrdəndir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il dekabrın 19-da imzaladığı “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” sərəncama uyğun olaraq, muxtar respublikanın dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişi təmin edilir. Ümumilikdə, 40-dan artıq kollektiv muzeylərdə olub. Bu dövrdə muzey əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi də diqqət mərkəzində saxlanılıb, Naxçıvan Dövlət Tarix Muzeyində muzey bələdçilərinin seminar-ekskursiyası keçirilib, Naxçıvan Dövlət Xalça Muzeyinin, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin, Şərur və Culfa Rayon Tarix-Diyarşünaslıq muzeylərinin bələdçiləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun təşkil etdiyi xarici dil kurslarına cəlb ediliblər. Həmçinin Heydər Əliyev Muzeyində Naxçıvan Tibb Kollecinin tələbələri üçün “Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir” mövzusunda və Naxçıvan Dövlət Tarix Muzeyində Naxçıvan Dövlət Universitetinin tarix-filologiya fakültəsinin tələbələri üçün açıq dərslər keçirilib.
“Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyi ilə əlaqədar Naxçıvan Muxtar Respublika Kitabxanasında, Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında, rayon mərkəzləşdirilmiş kitabxana sistemlərində sərgilər təşkil edilib, Naxçıvan şəhər, Culfa, Sədərək və Şərur rayon mədəniyyət və turizm şöbələrinin təşkilatçılığı ilə “dəyirmi masa”lar keçirilib. Naxçıvan Muxtar Respublika Kitabxanasında “Kitabi-Dədə Qorqud - xalqın yaratdığı və yaşatdığı tarix” mövzusunda keçirilən konfrans maraqla qarşılanıb.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 1539 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30